XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Şənbə, 13 Fevral 2021

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan aşağıdakı dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilsin:

1.1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

1.2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

1.3. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti;

1.4. Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasını

n 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilsin:

Məmmədov Azər Oqtay oğlu - İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi

Şirinov Natiq Telman oğlu - İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 fevral 2021-ci il.

Published in Sərəncam

“Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il   31 iyul tarixli 1565 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 sentyabr tarixli 1151 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 7, maddə 1375) ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 fevral 2021-ci il.

 

 

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 12 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında

ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının İqtisadi Şurası (bundan sonra - Şura) “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 sentyabr tarixli 1151 nömrəli Fərmanına uyğun olaraq, ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasının, makroiqtisadi və maliyyə sabitliyinin möhkəmləndirilməsi, iqtisadi artımın və sosial rifahın yüksəldilməsi, bu sahələrdə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması məqsədilə yaradılmışdır və ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şura öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları), beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

2. Şuranın fəaliyyət istiqamətləri

2.0. Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. ölkədə sosial-iqtisadi inkişafın ümumi strategiyasının formalaşdırılmasına dair təkliflər hazırlamaq;

2.0.2. makroiqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyi, ortamüddətli xərclər çərçivəsinə dair tövsiyələr hazırlamaq;

2.0.3. iqtisadiyyatda struktur və institusional islahatlar proqramlarının hazırlanmasına dair təkliflər vermək;

2.0.4. iqtisadi sahədə normativ hüquqi aktların layihələrinin sosial-iqtisadi inkişaf strategiyası baxımından ekspertizasını keçirmək.

3. Şuranın vəzifələri və hüquqları

3.1. Şuranın vəzifələri aşağıdakılardır:

3.1.1. bu Əsasnamə ilə müəyyən edilən fəaliyyət istiqamətləri üzrə dövlət orqanları (qurumları) arasında məlumat mübadiləsini təmin etmək;

3.1.2. Şuranın fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə hər yarımildə bir dəfə məlumat vermək;

3.1.3. ölkənin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin və sosial-iqtisadi inkişaf strategiyasının, eləcə də həyata keçirilən iqtisadi islahatların ictimai müzakirəsini təşkil etmək və nəticəsindən asılı olaraq Azərbaycan Respublikası Prezidentinə təkliflər vermək;

3.1.4. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini həyata keçirmək üçün Şuranın aşağıdakı hüquqları vardır:

3.2.1. bu Əsasnamə ilə müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərə yerli və xarici ekspertləri, mütəxəssisləri, habelə beynəlxalq təşkilatları, elmi müəssisələri və aidiyyəti dövlət orqanlarını (qurumlarını) cəlb etmək;

3.2.2. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

3.2.3. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı işçi qruplar yaratmaq;

3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müzakirəyə təqdim olunan hüquqi aktların layihələrinə rəy bildirmək;

3.2.5. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, həmçinin beynəlxalq təşkilatlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.6. Şuranın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

3.2.7. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər hüquqları həyata keçirmək.

4. Şuranın fəaliyyətinin təşkili

4.1. Şuranın tərkibini (sədrini və üzvlərini) Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.

4.2. Şuranın sədri aşağıdakı vəzifələri yerinə yetirir:

4.2.1. Şuranın işini təşkil edir və ona rəhbərlik edir;

4.2.2. Şuranın fəaliyyət planını təsdiq edir və onun icrasına nəzarət edir;

4.2.3. Şura üzvlərinin təkliflərini nəzərə almaqla, Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;

4.2.4. Şuranın qərarlarını və onun fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

4.2.5. Şuranın fəaliyyəti ilə bağlı müvafiq işçi qruplar yaradır;

4.2.6. Şuranın fəaliyyəti, o cümlədən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılması və icra vəziyyəti, ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinə hər yarımildən sonrakı ayın 30-dək məlumat verilməsini təmin edir;

4.2.7. Şuranın Katibliyinin və işçi qruplarının iş qaydasını təsdiq edir;

4.2.8. Şuranı təmsil edir;

4.2.9. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər cari işləri görür.

4.3. Şura sədrinin hüquqları aşağıdakılardır:

4.3.1. Şuranın iclaslarını çağırmaq və aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini bu iclaslara dəvət etmək;

4.3.2. Şuranın iclaslarında qəbul edilmiş qərarların, iclasların nəticələrinə dair imzalanmış sənədlərin icrası ilə bağlı tədbirlər görmək;

4.3.3. Şuranın fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.

4.4. Şura üzvlərinin vəzifələri aşağıdakılardır:

4.4.1. Şuranın fəaliyyəti ilə bağlı məlumatları Şura sədrinin sorğularına əsasən, tam və vaxtında təqdim etmək;

4.4.2. Şuranın iclaslarında qəbul edilmiş qərarların, iclasların nəticələrinə dair imzalanmış sənədlərin icrası ilə bağlı tədbirlər görmək;

4.4.3. Şuranın fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirmək.

4.5. Şura üzvlərinin hüquqları aşağıdakılardır:

4.5.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;

4.5.2. Şuranın iclaslarının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olmaq;

4.5.3. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif vermək;

4.5.4. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirmək;

4.5.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olmaq, onlara dair rəy və təkliflər vermək;

4.5.6. təmsil etdikləri qurumun Şura üzrə koordinatorunu müəyyən etmək;

4.5.7. Şuranın fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.

4.6. Şuranın fəaliyyətinin təşkili ilə bağlı işləri Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Şuranın Katibliyi həyata keçirir.

4.7. Şuranın Katibliyinin tərkibini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.

4.8. Şuranın Katibliyi aşağıdakı vəzifələri yerinə yetirir:

4.8.1. Şuranın fəaliyyəti ilə bağlı sədrin tapşırıqlarını icra edir və Şuranın fəaliyyətinin təşkilati təminatını həyata keçirir;

4.8.2. Şura üzvlərinin təklifləri əsasında Şuranın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün Şuranın sədrinə təqdim edir;

4.8.3. Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə azı 3 (üç) iş günü, növbədənkənar iclaslar zamanı isə azı 1 (bir) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə Şuranın üzvlərinə yazılı məlumat verir;

4.8.4. Şura sədrinin tapşırığı ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının), hüquqi şəxslərin nümayəndələrini və mütəxəssisləri Şuranın iclaslarına dəvət edir;

4.8.5. Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şuranın sədrinə təqdim edir;

4.8.6. imzalanmış sənədlərin icrası ilə bağlı görülmüş işlər barədə hesabatları və digər zəruri məlumatları əldə edir, onları təhlil edərək ümumiləşdirir;

4.8.7. Şuranın iclaslarının protokollarının və Şuranın qərarlarının surətlərini Şura üzvlərinə, habelə qərardan çıxarışı aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir;

4.8.8. Şuranın iclaslarında qəbul olunmuş qərarlarının və imzalanmış sənədlərin uçotunu aparır və onların saxlanılmasını təmin edir;

4.8.9. Şuranın qərarı ilə onun fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, iqtisadi sahədə fəaliyyət göstərən subyektlərə aidiyyəti üzrə sorğular verir, məlumatlar, hesabatlar, arayışlar və digər sənədlər alır;

4.8.10. Şuranın fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırır;

4.8.11. Şuranın fəaliyyəti ilə bağlı digər işləri həyata keçirir.

4.9. Şuranın iclasları ayda bir dəfədən az olmayaraq Şuranın sədri tərəfindən çağırılır. Şuranın növbədənkənar iclasları Şura sədrinin və ya Şura üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırılır.

4.10. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici hesab olunur.

4.11. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Şuranın sədri və üzvləri tərəfindən imzalanır.

4.12. Şuranın yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Published in Fərman

Dövlət başçısı deyib: “Baxmayaraq ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb”.

Published in Digər xəbərlər

Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2001-ci il 4 iyul tarixli 526 nömrəli, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” 2002-ci il 24 avqust tarixli 769 nömrəli və “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 12, maddə 844; 2001, N 7, maddə 470, N 10, maddə 640; 2002, N 12, maddə 725; 2003, N 9, maddə 475, N 10, maddələr 569, 585; 2004, N 9, maddə 678; 2005, N 5, maddə 400; 2006, N 7, maddə 590; 2007, N 5, maddə 452, N 6, maddə 599, N 11, maddə 1097; 2008, N 7, maddə 613; 2009, N 3, maddə 163, N 12, maddə 990; 2010, N 6, maddə 498, N 7, maddə 610; 2013, N 10, maddə 1146; 2014, N 5, maddə 477; 2015, N 9, maddə 999; 2016, N 8, maddə 1384; 2019, N 3, maddə 413, N 5, maddə 826, N 6, maddə 1036) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2-ci bəndinin onuncu abzasının ikinci cümləsindən “və Turizm” sözləri çıxarılsın;

1.2. həmin Fərmanla təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 4-cü hissəsinin birinci cümləsindən “və Turizm” sözləri çıxarılsın.

2. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 7, maddə 463; 2005, N 10, maddə 918; 2006, N 9, maddə 743) 1-ci hissəsinin ikinci abzasından “və Turizm” sözləri çıxarılsın.

3. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 8, maddə 489; 2004, N 8, maddə 616; 2005, N 1, maddələr 15, 19; 2006, N 9, maddə 743; 2008, N 7, maddələr 612, 619, N 8, maddə 719; 2009, N 4, maddə 226; 2014, N 10, maddə 1213; 2015, N 9, maddə 977; 2016, N 1, maddə 44; 2017, N 3, maddələr 358, 381; 2018, N 6, maddə 1220, N 10, maddə 1989) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Fərmanla təsdiq edilmiş “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın 4-cü hissəsinin birinci və ikinci cümlələrindən “və Turizm” sözləri çıxarılsın;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın 13-cü hissəsindən “və Turizm” sözləri çıxarılsın;

3.3. həmin Fərmanla təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın 3.8-ci, 5.12-ci və 6.4-cü bəndlərindən “və Turizm” sözləri çıxarılsın;

3.4. həmin Fərmanla təsdiq edilmiş “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın 2.3-cü və 3.10-cu bəndlərindən “və Turizm” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 9, maddə 486; 2007, N 5, maddə 459; 2008, N 6, maddə 498, N 8, maddə 721; 2015, N 7, maddə 837; 2016, N 8, maddə 1384; 2017, N 3, maddə 353; 2019, N 2, maddə 209, N 3, maddə 410, N 11, maddə 1701) ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a 8 nömrəli əlavə - “Geniş protokol nümunəsi”nin adından “və Turizm” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 yanvar 2021-ci il.

Published in Fərman

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli, “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 115 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 376 nömrəli və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 3, maddə 175; 2000, N 8 (III kitab), maddə 615; 2001, N 10, maddə 640, N 12, maddələr 754, 755; 2003, N 10, maddələr 546, 568, 571, 585; 2004, N 12, maddə 1005; 2005, N 2, maddə 69, N 3, maddə 170, N 7, maddə 592, N 8, maddə 720, N 12, maddələr 1104, 1112; 2006, N 9, maddə 743; 2007, N 3, maddə 234, N 8, maddə 766; 2008, N 6, maddə 498, N 9, maddə 798, N 11, maddə 969; 2009, N 2, maddə 70, N 4, maddə 226, N 10, maddələr 776, 779; 2010, N 4, maddə 296, N 5, maddə 389; 2013, N 9, maddə 1056; 2014, N 4, maddə 364, N 5, maddə 477, N 7, maddə 805, N 9, maddə 1027; 2016, N 8, maddə 1384, N 11, maddə 1817; 2017, N 2, maddə 177, N 8, maddə 1521; 2018, N 5, maddə 902, N 9, maddə 1840; 2019, N 2, maddə 248, N 5, maddə 852) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na 2 nömrəli əlavə - “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın “Rəyi tələb olunan dövlət orqanları” sütununun beşinci və yeddinci abzaslarından “və Turizm” sözləri çıxarılsın.

2. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, N 3, maddə 236; 1999, N 8, maddə 493; 2001, N 10, maddə 640; 2002, N 12, maddə 726; 2006, N 7, maddə 590; 2010, N 7, maddə 610; 2014, N 11, maddə 1417; 2015, N 9, maddə 1000; 2018, N 6, maddə 1199; 2019, N 5, maddə 826) 1-ci hissəsinin birinci abzasının ikinci cümləsindən “və Turizm” sözləri çıxarılsın.

3. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 3, maddə 167; 2002, N 8, maddə 482; 2006, N 9, maddə 743; 2007, N 6, maddə 601; 2019, N 12, maddə 1933) 2.4-cü bəndindən “və Turizm” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 7, maddə 511; 2003, N 10, maddə 546; 2004, N 1, maddə 19; 2006, N 9, maddə 743; 2007, N 5, maddə 459; 2017, N 3, maddə 353) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ında aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndin “İcraçı orqan” sütununda “Elmlər Akademiyası, Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Azərbaycan Milli Elmlər Akademiyası, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

4.2. 2.2-ci və 2.19-cu bəndlərinin “İcraçı orqan” sütunundan “və Turizm” sözləri çıxarılsın və həmin bəndlərdə “Dövlət Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

4.3. 2.3-cü və 4.4-cü bəndlərin “İcraçı orqan” sütununda “Elmlər” sözündən əvvəl “Azərbaycan Milli” sözləri əlavə edilsin.

5. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 376 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 7, maddə 516; 2001, N 7, maddə 459; 2006, N 9, maddə 743) üçüncü abzasında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8 (III kitab), maddə 616; 2005, N 12, maddə 1099; 2006, N 5, maddə 400, N 12, maddə 1034; 2007, N 4, maddə 323, N 12, maddə 1225; 2008, N 11, maddə 972; 2009, N 3, maddə 163, N 4, maddə 226, N 10, maddə 780; 2010, N 7, maddə 610; 2011, N 7, maddə 631; 2013, N 7, maddə 805, N 11, maddə 1324; 2014, N 4, maddə 359, N 5, maddə 477, N 9, maddə 1027, N 10, maddə 1198, N 11, maddələr 1390, 1420; 2015, N 1, maddə 12, N 12, maddə 1454; 2016, N 2 (II kitab), maddələr 261, 265, N 3, maddə 450, N 5, maddə 882, N 6, maddələr 1023, 1024, 1042, 1065, N 7, maddə 1257, N 9, maddə 1464, N 11, maddə 1838, N 12, maddə 2089; 2017, N 5, maddələr 760, 811, 845, N 7, maddə 1344, N 8, maddə 1521; 2018, N 9, maddələr 1830, 1843, N 12 (I kitab), maddələr 2571, 2599; 2019, N 8, maddələr 1396, 1407; 2020, N 5, maddə 560; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 noyabr tarixli 1187 nömrəli Fərmanı) 1.31-ci bəndində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 yanvar 2021-ci il.

Published in Fərman

Fevralın 12-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 15 məsələdən ibarət gündəlik təsdiqlənib.

Cari məsələlərin müzakirəsi zamanı deputatlar Zahid Oruc, Əli Məsimli, Naqif Həmzəyev, Azay Quliyev, Elman Nəsirov, Aydın Mirzəzadə, Musa Quliyev, Cavanşir Paşazadə, Fazil Mustafa, Tamam Cəfərova günün aktual məsələlərinə münasibət bildiriblər, bir sıra təkliflər irəli sürüblər.

Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanıb.

“Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə” məsələni şərh edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  bildirib ki, dəyişiklik Prezident İlham Əliyevin 19 yanvar 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərmanı ilə əlaqədardır. 

İclasda qeyd olunub ki, Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra həyata keçirilən idarəetmə islahatlarının ən vacibi həmin ərazilərdə xüsusi nümayəndəlik institutunun təsis olunmasıdır. Bildirilib ki, ötən qısa zaman ərzində xüsusi nümayəndəlik institutunun Əsasnaməsi də hazırlanıb və təsdiq olunub. Əsasnamədən də göründüyü kimi, xüsusi nümayəndələr işğaldan azad olunmuş ərazilərdə Prezident Administrasiyasının struktur bölməsidir. Xüsusi nümayəndəliyin strukturunu və ştat vahidini Azərbaycan Prezidenti müəyyən edir. Bu qurumun işçiləri Prezident Administrasiyasının əməkdaşları və dövlət qulluqçusu sayılırlar. Məhz bu baxımdan da “Dövlət qulluğu haqqında” Qanuna yeni anlayışlar əlavə olunur.

Birinci vitse-spiker bildirib ki, bununla əlaqədar olaraq qanunun 11-ci maddəsinə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri məzmununda əlavələr edilir.

İclasda aparılan fikir mübadiləsində deputatlar Sabir Rüstəmxanlı, Məlahət İbrahimqızı, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Musa Qasımlı, Fazil Mustafa, Kamran Bayramov, Aydın Mirzəzadə rəy və təkliflərini bildiriblər. Xüsusi nümayəndəlik ölkədə aparılan idarəetmə islahatlarının davamı kimi müsbət qiymətləndirilib. Qeyd olunub ki, bu qurum icra hakimiyyətləri ilə paralellik təşkil edən hakimiyyət orqanı deyil.

Sonra Əli Hüseynli deputatları maraqlandıran suallara aydınlıq gətirib. Yeni qanun layihəsi səsə qoyulub və  qəbul edilib.

Sahibə Qafarova bildirib ki, gündəlikdəki növbəti 11 qanun layihəsi ikinci oxunuşda müzakirəyə təqdim olunub.

İclasda “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (ikinci oxunuş) barədə  birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatı dinlənilib.

Layihə əsas kimi qəbul edildikdən sonra deputat Sahib Alıyev sənədə münasibət bildirib. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi ikinci oxunuşun prosedur qaydalarına uyğun olaraq səsə qoyulub və qəbul edilib.

Sonra plenar iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə baxılıb. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bu qanun  birinci oxunuşda müsbət dəyərləndirilib və çox humanist sənəddir. Dəyişikliyin əsas mahiyyəti çağırışçıların hüquqi statusunu bərabərləşdirməkdir. Qanuna əlavə edilən 21.1.4-1-ci maddəyə əsasən “doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə” bir dəfəlik möhlət hüququ verilir. Beləliklə, bakalavriat və magistratura pilləsində təhsil alanlara şamil edilən möhlət hüququ doktorantlara da şamil olunur.

Müzakirə zamanı deputatlar Əziz Ələkbərov, Elman Nəsirov, Musa Quliyev qanuna əlavəni yüksək dəyərləndiriblər. Layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bildirib ki, məcəllədə edilən dəyişikliyin əsas məqsədi Azərbaycanda qida təhlükəsizliyinin möhkəmləndirilməsi, fiskal siyasətdə şəffaflığın artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində daha yeni tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Birinci oxunuş zamanı komitədə və plenar iclasda deputatların verdikləri təkliflərin çoxu ikinci oxunuşda nəzərə alınıb. Məsələn, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı, həmçinin kəpəyin istehsalı və satışı ilə bağlı 1 illik ƏDV-dən azad edilmə müddəti hazırkı oxunuşda 1 ildən 3 ilədək uzadılıb və s.

Müzakirə zamanı deputatlar Bəhruz Məhərrəmov, Etibar Əliyev fikirlərini bildiriblər. Komitə sədri Tahir Mirkişili suallara aydınlıq gətirdikdən sonra layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin spikeri məlumat verib ki, gündəlikdəki növbəti iki məsələ mahiyyətcə bir-biri ilə bağlıdır. İkinci oxunuşda müzakirəyə çıxarılmış hər iki məsələ - Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunları ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında məsələlər barədə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Qeyd edib ki, dəyişikliklərə əsasən, yeni növ narkotik vasitələr və psixotrop maddələr qanunlara və müvafiq siyahılara daxil edilib. Bununla da həmin maddələrin dövriyyəsi qanunsuz hesab ediləcək və cinayət məsuliyyətinə səbəb olacaq. Layihələr komitədə və plenar iclasda dəstəklənib.

Məlumat dinlənildikdən sonra deputatlar Nigar Arpadarai, Aqil Abbas, Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev rəylərini bildiriblər. İclasda hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Fasilədən sonra Milli Məclis işini davam etdirib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov ikinci oxunuşda müzakirəyə çıxarılmış “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi və  İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini təqdim edib. Bildirib ki, hər iki qanunda edilən dəyişikliklərin əsas məqsədi yol hərəkətində təhlükəsizlik qaydalarının təkmilləşdirilməsidir. Deputatların irəli sürdükləri təkliflər əsasən nəzərə alınıb və layihələr təkmilləşdirilib.

Fikir mübadiləsində deputat Qüdrət Həsənquliyev həmkarı Fazil Mustafa ilə birlikdə Milli Məclisin plenar iclasında səsləndirdikləri təkliflərin müvafiq orqanlara çatdırıldığını və həmin qurumlar tərəfindən operativ tədbirlər görüldüyünü vurğulayaraq minnətdarlığını bildirib. Deputatlar Bəxtiyar Əliyev, İltizam Yusifov və Əli Hüseynli fikirlərini açıqladıqdan sonra ayrı-ayrılıqda səsə qoyulan hər iki qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

“Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənovun məlumatı dinlənilib. Müzakirədə deputat Fazil Mustafa qanundakı yeniliyi vətəndaşın vəziyyətini yüngülləşdirən dəyişiklik, vətəndaşa diqqətin göstəricisi kimi müsbət qiymətləndirib. Deputatlar qanun layihəsini ikinci oxunuşda təsdiqləyiblər.

Sonra “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) məsələsinə baxılıb. Layihəni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli notariat xidmətlərinin göstərilməsi sahəsində sözü gedən rüsumların azaldılmasının və ya ləğv edilməsinin çox müsbət addım olduğunu vurğulayıb. Layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Milli Məclisdə “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. Bildirib ki, təklif olunan qanunun mahiyyəti bundan sonra işsizlikdən sığorta haqqı təyin edilərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki  məlumatlara istinad olunmasıdır.

Layihə səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”  Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) layihəni Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib. Bildirib ki, qanuna edilən  dəyişikliklər   ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması və dövlət qeydiyyatına alınmış əsərlərdən istifadəyə görə hesablanan qonorarın  müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi kimi  mühüm məsələləri nəzərdə tutur.

Layihə barədə danışan deputat Etibar Əliyev qanunun 27-ci maddəsinə edilən dəyişikliyin əhəmiyyətindən danışıb. Sonra layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Gündəlikdəki növbəti üç məsələ birinci oxunuşda müzakirəyə təqdim olunub. İclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov ətraflı məlumat verib. Qeyd edib ki, 2020-ci ildə dünyanı bürüyən pandemiyanın sahibkarlara vurduğu ziyanı yumşaltmaq məqsədilə ölkəmizdə bir sıra tədbirlər həyata keçirilib. Qanunda edilən dəyişiklik Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il - 2022-ci il yanvarın 1-dək uzadılmasını və yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da sahibkarların həmin dövrdəki fəaliyyəti ilə bağlı yoxlamaların aparılmasının qadağan edilməsini ehtiva edir.

Geniş müzakirədə deputatlardan Razi Nurullayev, Azər Badamov, Fazil Mustafa, Etibar Əliyev, Naqif Həmzəyev, Tahir Mirkişili rəy və təkliflərini diqqətə çatdırıblar. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində dəyişiklik edilməsinə dair (birinci oxunuş) məsələ barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycan Prezidentinin 10 dekabr 2018-ci il tarixli “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmana əsasən Ailə Məcəlləsində övladlığa götürmə ilə bağlı müddəalar təkmilləşdirilib və  bu sahədə xidmətlərin elektron qaydada aparılması üçün elektron idarəetmə sistemi yaradılıb. Hazırda  təklif edilən dəyişikliklər  isə  övladlığa götürmə ilə bağlı qanunvericilikdəki boşluqları aradan qaldırmaq və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır. Uşaqları övladlığa götürmək istəyən qohumları üçün bu prosedur asanlaşdırılır.

Müzakirədə komitənin sədr müavini Jalə Əliyevanın fikirləri dinlənilib. Sonra qanun layihəsi səsə qoyulub və birinci oxunuşda qəbul olunub.

İclasın yekununda Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) müzakirəyə təqdim olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov bildirib ki,  Mülki Prosessual Məcəllədə edilən dəyişiklik  də övladlığa götürmə ilə bağlıdır və Ailə Məcəlləsindəki dəyişikliklə əlaqədardır, qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir.

Plenar iclasda bu qanun da birinci oxunuşda təsdiqlənib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

 

 

AZƏRTAC

Published in Siyasət
Şənbə, 13 Fevral 2021 09:42

Şuşa qalasının bərpasına başlanılıb

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bərpa prosesinə 22 mütəxəssis cəlb olunub.

İlkin mərhələdə görülən işlərin gələn ayın sonlarına yekunlaşacağı gözlənilir. İşlər yekunlaşdıqdan sonra növbəti mərhələdə daha geniş bərpaya başlanılacaq.

Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının tikintisinə qərar verib və Qarabağ xanlığının mərkəzi bura köçürülüb. Qala sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.

Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 3

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər886759

Currently are 59 guests and no members online