XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Bazar, 07 May 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nazir Nabi Avcı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışıldı, tədbirin mədəniyyətlərin və xalqların bir-birinə yaxınlaşması və bu sahədə əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulandı.

Dövlətimizin başçısı IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Türkiyənin bu səviyyədə təmsil olunmasının önəmini qeyd etdi.

Nabi Avcı Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı bu yaxınlarda qəbul etdiyi ədalətsiz qərarla əlaqədar Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı bu qərarın ədalətsiz olduğunu bir daha vurğuladı və Azərbaycanın bu qərarı qətiyyətlə pislədiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlarda sıx əməkdaşlığının bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi. 

Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı Azərbaycanda turizmin inkişafının ölkəsində maraqla izlənildiyini dedi.

Azərbaycanda turizm sektorunun inkişafına dövlətin xüsusi diqqət göstərdiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, məqsədimiz turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməkdir.

Görüşdə mədəniyyət və turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olundu və əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi. 

 

 

AZƏRTAC

Published in Siyasət

Hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində öz təcəssümünü tapmışdır. Azərbaycan kimi özünəməxsus dəyərləri, mentaliteti, dövlətçilik ənənələri olan ölkələrdə şəxsiyyət və lider amili hər zaman aktualdır. Bu prizmadan baxdıqda əminliklə demək olar ki, xalqımızın əsrlər boyu formalaşan güclü, qətiyyətli, istiqamətverici milli lider idealı məhz dünya şöhrətli ictimai-siyasi xadim, ulu öndər Heydər Əliyevin parlaq şəxsiyyətində həqiqətə çevrilib. Ulu öndər XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik surətdə gerçəkləşdirmiş lider kimi yox, həm də yaratdığı dövlətin möhkəmliyini təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi və hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi daim xalqın qəlbində yaşayır.
Ulu öndər Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin güclü təməlini yaradan və onu daim möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qurmuş, azərbaycanlıların bir millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir.
Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində və onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatlarında ümummilli liderimiz Heydər Əliyevin rolundan danışılanda bəzən bu islahatların 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə başlanılması vurğulanır. Halbuki həmin islahatlar çox-çox əvvəl, hələ Heydər Əliyevin Sovet Azərbaycanına 1969-1982-ci illərdə rəhbərlik etdiyi vaxtlarda başlamışdır. Onun həmin dövrdə atdığı uzaqgörən və radikal addımların xalqımızın taleyində köklü dəyişikliklərə səbəb olması danılmazdır.
Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu alması təsdiq olundu. Bu məsələ ona görə xüsusi olaraq vurğulanmalıdır ki, o zaman İttifaqın iri respublikaları öz dillərini dövlət dili statusuna qaldıra bilməmişdi.
1981-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikada “Məhkəmə Quruluşu haqqında” yeni qanunun qəbul edilməsi məhkəmə orqanlarının inkişafı və möhkəmlənməsi üçün şərait yaratmışdır. Bu qanun 1960-cı ildə qəbul edilmiş qanuna nisbətən geniş və mütərəqqi sənəd olmaqla Azərbaycan SSR Ali Məhkəməsindən, Naxçıvan MSSR Ali Məhkəməsindən, Bakı Şəhər Məhkəməsindən, DQMV-nin Vilayət Məhkəməsindən, rayon (şəhər) xalq məhkəmələrindən ibarət məhkəmə sistemini formalaşdırmışdır.
Məhz ulu öndərin təşəbbüsü ilə Naxçıvan MSSR-in adından “sovet sosialist” sözləri çıxarılmış, muxtar respublikanın dövlət rəmzləri haqqında tarixi qərar qəbul edilmiş və hazırkı dövlət rəmzlərindən olan üçrəngli bayrağımız dalğalanmağa başlamışdır. Eyni zamanda muxtar respublikanın Ali Məclisi bu bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsini Azərbaycan Respublikasının Ali Sovetinə tövsiyə etdi. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda atılan bu addım Qafqazda və Orta Asiyada SSRİ bayrağından imtina edilməsi yolunda ilk fakt idi.
Azərbaycan müstəqillik qazandıqdan sonra həyatımızın bütün sahələrində olduğu kimi, hüquq sistemində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə uyğun meydana çıxdı. Ancaq müstəqilliyimizin ilk dövründə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi üzündən ölkədə heç bir islahat aparılmadı, sovet dövründən miras qalmış əski Konstitusiya saxlanıldı. Bu istiqamətdə sistemli işlərə 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə respublika rəhbərliyinə yenidən qayıtdıqdan sonra başlanmışdır.
Müstəqil dövlətin həyatında Konstitusiyanın oynadığı rolu yüksək qiymətləndirən Heydər Əliyev səlahiyyətli tərkibdə Konstitusiya Komissiyası yaratdı və layihə ulu öndərin rəhbərliyi ilə geniş ictimaiyyətin müzakirəsinə verildi. 12 noyabr 1995-ci ildə Azərbaycanda çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildi və eyni vaxtda referendum yolu ilə müstəqil Azərbaycanın Əsas Qanunu-Konstitusiyası qəbul olundu. Əsas Qanunda Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilməsi; vətəndaş cəmiyyətinin qurulması; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən dünyəvi-hüquqi dövlətin bərqərar olunması, ədalətli sosial nizamın yaradılması və ən əsası, hakimiyyətin üç müstəqil qola – qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi öz əksini tapmışdır. Qəbul edilmiş bu Konstitusiya köklü məhkəmə-hüquq islahatlarının aparılmasının da əsasını qoydu.
Hüquq islahatlarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə 1996-cı ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Hüquq İslahat Komissiyası, 1998-ci ildə isə dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış və 1997-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin müstəqil, yalnız qanun çərçivəsində fəaliyyət göstərməsinə imkan yaratdı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış vacib qanunlardan biri də Azərbaycan Konstitusiyasının aliliyinin təmin edilməsinə yönəlmiş “Konstitusiya Məhkəməsi haqqında” qanunun qəbul edilməsi oldu. Konstitusiya Məhkəməsinin təşkil olunması isə hüquqi-demokratik dövlət qurmaq amalı ilə yaşayan Azərbaycan xalqının müasir tarixində mühüm bir hadisə sayılmalıdır. Komissiya tərəfindən hazırlanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Notariat haqqında” və sairə qanunların qəbulu xüsusi əhəmiyyətə malikdir.
Ölkəmiz 1996-1997-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “insan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandumudur.
1998-ci ilin 22 fevralında ümummilli liderimiz Heydər Əliyev tərəfindən qanunvericilikdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası dəqiq müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixində Azərbaycan Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi və “məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” 1 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə məhkəmələrin təşkil edilməsi, hakim vəzifələrinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyətləri dairəsində həyata keçirən məşvərətçi orqan kimi Məhkəmə-Hüquq Şurası yaradılmış və ölkə tarixində ilk dəfə olaraq hakim vəzifəsinə namizədin peşə hazırlığını, bilik səviyyəsini, hakim vəzifəsinə layiq olduğunu müəyyən etmək məqsədilə test üsulu ilə imtahan və müsahibə aparılması yolu ilə təyin edilməsi qərara alınmışdır. Təcrübədə sınanmış bu qaydaların nə dərəcədə effektiv olması özünü sübut etdi və 2000-ci ildə keçirilmiş test imtahanları zamanı hakim korpusunun 60 faizə qədəri təzələnmişdir. Təkcə bu fakt seçkinin ədalətli, şəffaf, demokratik prinsiplərə uyğun keçirildiyinə əmin olmaq üçün kifayətdir.
Ölkəmizdə ölüm cəzası 1998-ci il fevralın 10-da ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk dövlət olmuşdur. Yüksək humanizm və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, 2001-ci il yanvarın 25-də müstəqil respublikamız Avropa Şurası kimi mötəbər bir təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın qanunvericiliyinin Avropa standartlarına uyğun təkmilləşdirilməsinə, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.
Ulu öndər Heydər Əliyev demokratik dövlət quruculuğuna xidmət edən mütərəqqi hüquqi-siyasi islahatları davam etdirməklə yanaşı, həm də milli maraqlara xidmət edən siyasət xətti yürütmüş, ölkə və xalqımızın mənafeyini daim uca tutmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev hər zaman dövlət və milli maraqları əsas tutaraq düşünülmüş, çevik xarici siyasət aparmışdır. Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yürüdən müstəqil Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmiş və ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna önəm verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə nüfuzlu tribunalardan böyük, diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin əsasını qoyduğu unikal liderlik institutunu və dövlətçilik sistemini ölkənin beynəlxalq təhlükəsizliyinin, iqtisadi maraqlarının, siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn fəlsəfi dünyagörüşü kimi qəbul edir. Qlobal miqyasda aparıcı dövlətlər, o cümlədən Qərbin demokratik dairələri Azərbaycanın perspektivini bu kursdan kənarda təsəvvür etmirlər. Heydər Əliyevin xarici siyasət doktrinası bu fəlsəfi dünyagörüşün mahiyyəti barədə real təsəvvürlərin ortaya çıxmasını şərtləndirir.
Siyasətdə və dövlət idarəçiliyində mütərəqqi ənənələrin, irs-varislik əlaqələrinin qorunub saxlanılması hər bir xalqın sabit və davamlı inkişafı baxımından vacibdir və böyük əhəmiyyət daşıyır. İrs-varislik əlaqəsi Azərbaycan xalqının milli düşüncə sistemində də möhkəm intişar tapmış, xalqımız tarix boyu inandığı, etibar etdiyi siyasəti ürəkdən dəstəkləyərək öz təminatlı gələcəyinə doğru inamla addımlamışdır. Ümummilli lider Heydər Əliyev bu mənada həm də böyük müdrikliklə müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi varis yetişdirmişdir. Böyük strateq 2003-cü ilin oktyabrında xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində verdiyi bütün vədləri böyük səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir.
Ümumilikdə, hər addımda ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi ölkədə baş verən intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq öz həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun əhəmiyyətini yaxşı dərk edir və bu siyasəti birmənalı şəkildə dəstəkləyir.

İslam ƏLİYEV,
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri.

Published in Digər xəbərlər

Rumıniyanın “Agerpres” milli xəbər agentliyi AZƏRTAC-a istinadən Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məqalə yayıb.

Məqalədə Forumun işi, iştirakçıların sayı, tədbirin məqsədi barədə ətraflı məlumat verilir.

“Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda Forumun UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO-nun tərəfdaşlığı ilə keçirildiyi oxucuların diqqətinə çatdırılır.

AZƏRTAC

Published in Dünya bu gün

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Nassir Abdulaziz Al-Nasser Leyla Əliyevanı Nyu-Yorka, BMT-yə dəvət edib.    

 

 

AZƏRTAC

Published in Siyasət

Mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” mövzusunda ikinci plenar sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş katibi ofisinin attaşesi, moderator Rəşad əl-Xafaci sessiyanın müasir dünya üçün çox əhəmiyyətli bir mövzuya həsr olunduğunu vurğuladı, IV Qlobal Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirdi.
Sonra xoşməramlı səfir Leyla Əliyeva sessiyada çıxış edərək dedi:
-Dünyanın müxtəlif yerlərindən insanların mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı mühüm məsələləri müzakirə etmək üçün Bakıya toplaşması çox sevindiricidir. Mədəniyyətlər və xalqlar arasında dialoq dünyada sülh və çiçəklənmə üçün əsas şərtdir. Bu dialoqun qəbul edilə biləcək alternativi yoxdur. Aramızda nə qədər az dialoq və anlaşma olarsa, bir o qədər ədavət və savadsızlıq üçün boş yer yaranacaq. Əsrlər boyu Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Tarix boyu Azərbaycandakı bütün xalqlar - istər müsəlmanlar, istər yəhudilər, istərsə də xristianlar sülh şəraitində dinc yanaşı yaşayıblar. Faktiki olaraq bunu heç kim “mədəniyyətlərarası dialoq” adlandırmayıb. Bu cür qarşılıqlı əlaqələr sadəcə gündəlik həyatın bir hissəsi olub. Məhz buna görədir ki, doğma şəhərimiz, gözəl Bakı hazırda mədəniyyətlərarası dialoq üzrə mərkəzlərdən birinə çevrilib. Bakı dünyanı daha da kamil etmək üçün planetin bütün yerlərindən gəlmiş müxtəlif mənşəli insanların qovuşduğu məkana çevrilib.

 


Bu plenar sessiyada çıxış etməkdən olduqca məmnunam, onun mövzusu FAO-nun xoşməramlı səfiri və ətraf mühit carçısı kimi mənim üçün çox əhəmiyyətlidir. Sülh və davamlı inkişaf ilə birbaşa əlaqəsi olan ərzaq təhlükəsizliyi ilə bağlı müzakirələr bu tədbiri bu gün olduqca vacib və zəruri edir. Hamımız bilirik ki, mədəniyyətlərarası dialoq irqçilik və zorakılığın qlobal səviyyədə artmasına qarşı mühüm əks-qüvvədir. Bununla belə, onun miqyası tolerantlıq və birgəyaşayış ideyalarının təşviq olunması ilə yanaşı, digər işlərin də görülməsini ehtiva edir. Mədəniyyətlərarası mübadilələr, həmçinin ümumi məqsədlərimizə nail olmaq üçün yeni innovativ yollar axtarılmasının vacibliyini şərtləndirir.
Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyinin qəbul edilməsi planetimizdə yaşayan xalqların rifahını təmin etmək kimi missiyada dünya əhalisi üçün mühüm hadisə oldu. Təsadüfi deyil ki, gündəliyin ilk iki məqsədi məhz yoxsulluğun və aclığın aradan qaldırılmasına yönəlib. Ümumi mövqeyi əks etdirən bu məqsədlərə nail olmaqla biz sülhsevər, inklüziv və dayanıqlı cəmiyyətləri formalaşdıra bilərik.
Əslində, biz çox məyusuq ki, XXI əsrdə bütün dünyada 870 milyon insan hələ də aclıqdan və azqidalanmadan əziyyət çəkir. Bu, elə vaxtda baş verir ki, ərzağın və ərzaq məhsullarının üçdəbir hissəsi qlobal səviyyədə tullantı kimi atılır. İqlim dəyişikliyi bu vəziyyəti daha da çətinləşdirir. Lakin, eyni zamanda, qloballaşma kənd təsərrüfatı sahəsində biomüxtəlifliyə, ənənəvi biliklərə biganəliklə xarakterizə olunur. Bir-birindən həddindən artıq asılılıq və həmçinin məhsulların əldə edilməsi bizim eko-sistemlərimizə zərbə vurub. Tarix boyu mədəniyyətlər və millətlər öz mətbəxləri, mətbəx mədəniyyətləri üzrə əlaqələr yaratmışlar. Onlar öz ənənələrini qoruyub saxlayırlar. Bunun qorunub-saxlanılması ərzaq təhlükəsizliyinə, sülhə və dayanıqlı inkişafa xidmət edir. Təbii ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsi, əslində, ənənəvi kənd təsərrüfatı biliklərinin yayılmasına, onların qorunub saxlanılmasına xidmət edir. Başqa sözlə desək, biz gərək əminliklə səylərimizi birləşdirək ki, məhsullarımız gələcəyimizin məhsulu olsun. Təbii ki, ərzağın bölüşdürülməsi özü-özlüyündə mədəniyyətlərarası dialoqun bir formasıdır. Çünki mətbəx mədəniyyəti insanlara bir-biri ilə bir araya gəlmək, həmçinin stereotipləri aradan qaldırmaq və müxtəlif həyat tərzlərini anlamaq üçün bir vasitədir.
Vaxt artıq yetişib. Beynəlxalq ictimaiyyət öz səylərini ərzaq təhlükəsizliyinin və qidalanmanın, mədəniyyətlərarası dialoqun və rifahın daha da yaxşılaşdırılmasına yönəltməlidir. Bu baxımdan mən Azərbaycanın dəstəyi, BMT-nin Sivilizasiyalar Alyansının və digər tərəfdaşların təşkilatçılığı ilə oktyabrda FAO-nun mənzil qərargahında dinlərarası mədəni identikliyin və fərqliliyin ərzaq təhlükəsizliyi vasitəsilə qorunması mövzusunda tədbirin keçirilməsini alqışlayıram. Bu tədbir, əslində, “Bakı prosesi”ndən irəli gəlir. O, məhz ərzağın tolerantlığın yayılmasına, mədəni fərqliliyin aradan qaldırılmasına xidmət edəcək.

 


Əziz dostlar, heç bir ölkə və ya təşkilat ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, dayanıqlı inkişaf kimi universal məsələlərlə təklikdə məşğul ola bilməz. Dialoq çox vacibdir ki, qlobal inkişafın gündəliyi həyata keçirilsin. Bunu nəzərə alaraq, biz 2011-ci ildə İDEA-nı - “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyini yaratdıq. Məqsədimiz çox sadədir. İstərdik ki, ətraf mühitə daha uyğun, daha təhlükəsiz, daha sağlam gələcəyi təmin etmək üçün ictimai platformaya çevrilək. Bizim şüarımız belədir: “Vahid Yer kürəsi - vahid gələcək”. İDEA-nın layihələrinin miqyasına gəldikdə, biz təhsil, maarifləndirmə, tullantılarla mübarizə, dayanıqlı inkişaf mövzularında işləyirik. Son beş il ərzində bizim gənc təşkilatımız çox gözəl nəticələr əldə edib. Biz bütün ölkə ərazisində beş milyondan çox ağac əkmişik. Nəinki öz ölkəmizdə, digər ölkələrdə də ağac əkmişik. Biz, həmçinin ceyranları məhvolma təhlükəsindən qorumuşuq. Bununla bağlı bir sıra konservasiya layihələri həyata keçirmişik. Biz, həmçinin digər layihələri də həyata keçiririk ki, onların hamısı bizim hazırkı təşəbbüslərimizdən irəli gəlir. Xüsusən də Qafqaz bəbiri və Qafqazda bizonun yenidən artması. Eyni zamanda, biz bu kontekstdə digər addımlar da atırıq. İDEA ötən il Xəzər dənizində qızıl balığın qorunması ilə əlaqədar Kür çayının deltasının təmizlənməsi üzrə çox mühüm layihəsini irəli sürdü. Bu layihənin məqsədi balıq ehtiyatlarının artırılması, suyun keyfiyyətinin daha da yüksəldilməsi və çayların ətrafında ekologiyanın yaxşılaşdırılmasıdır. Mən, həmçinin qeyd etmək istəyirəm ki, bir neçə həftə əvvəl biz Azərbaycanın aztəminatlı ailələri üçün meyvə bağlarının yaradılması təşəbbüsünü irəli sürmüşük. Biz bu layihəni FAO ilə bir yerdə həyata keçiririk. Biz bu layihə çərçivəsində kənd yerlərində meyvə ağaclarının əkilməsini planlaşdırırıq. Bu, həmin ailələr üçün mənfəət mənbəyi olacaq. Mən FAO-ya dərin təşəkkürümü bildirmək istəyirəm. Bu tərəfdaşlığa, göstərdiyi səylərə görə FAO-nun Azərbaycandakı ofisinin rəhbəri xanım Mələk akmaka təşəkkürümü bildirirəm. Biz dinimizdən, irqimizdən, adət-ənənələrimizdən asılı olmayaraq, hamımız eyni planetdə yaşayırıq. Bizim ümumi gələcəyimiz var. Ekologiyanın sərhədləri yoxdur.
Əsl reallıq onu göstərir ki, bu gün insanın fəaliyyəti, antropogen amillər təbiətin qanunlarını pozur və bizə böyük fəlakətlər gətirir. İnsanlar sahib olduqları zənginliklərin dəyərinin qədir-qiymətini bilməlidirlər. Bu baxımdan mən məşhur amerikalı rejissor, prodüser və müəllif Tom Şoydakın sözlərindən sitat gətirmək istəyirəm: “Təbiətdə heç nə ehtiyacından artığını götürmür. Qırmızı ağac torpağın bütün nutrientlərini almır, böyümək üçün lazım olan qədərini götürür. Tox aslan ceyranın dalınca qaçıb onu məhv etmir”. İnsanlar da təbiətin bu qanunlarına riayət etməlidir. Hər kəsin həyat tərzi və onun vərdişləri ekologiyaya təsir edir. Biz vahid planetimizin qorunması üçün böyük dəyişikliklər edə bilərik. Bu da bizim dayanıqlı inkişafımızı təmin edə bilər. Odur ki, ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq daim təşviq olunmalıdır.
Hörmətli qonaqlar, əminəm ki, ölkəmizdə olduğunuz bir neçə gün ərzində bizim ləziz yeməklərimizlə tanış olacaqsınız, mədəniyyət abidələrimizi görəcəksiniz, yerli insanlarla tanış olacaqsınız. Əminəm ki, bu təcrübə sizin müxtəliflik potensialınızı daha da artıracaq.
Müxtəliflik və dialoqa meyilli olmaq müxtəlif qruplar arasında anlaşma körpülərinin salınması deməkdir. Biz münaqişələri, gərginlikləri birgə səylərlə azalda bilərik. Belə körpülər rəsmi danışıqlarda, görüşlərdə qurulmur, əksinə, pərdəarxası işlərlə şərtlənir. Bunları nəzərə alaraq, sizləri dialoqa hər zaman açıq olmağa dəvət edirəm.
Mən sizə xoşbəxtlik və sağlamlıq arzulayıram. Çox sağ olun.
***
BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser çıxışında Azərbaycanda göstərilən qonaqpərvərliyi yüksək dəyərləndirdi, Bakıya gələn qonaqların bir daha paytaxtımıza qayıtmaq arzusunda olduqlarını söylədi. BMT Sivilizasiyalar Alyansında qida məsələsinin prioritetlərdən biri olduğunu qeyd edən Nassir Abdulaziz Al-Nasser bu məsələ ilə bağlı FAO ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırdı. BMT rəsmisi müxtəlif ölkələrdə insanların aclıq təhlükəsi ilə qarşılaşması məsələsinə toxunaraq, ərzaq təhlükəsizliyinin dünya üçün aktuallığını qeyd etdi. Mədəniyyətlərarası dialoqun ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm vasitə olduğunu bildirən ali nümayəndə dedi: “Bizim diqqətimizi, həmçinin insan təhlükəsizliyi məsələsi cəlb edir. Ərzaq təhlükəsizliyi məsələsi kommersiya maraqlarının və mədəniyyətlərarası əlaqələrin yaranmasına təkan verir. Dünyada minlərlə insan aclıqdan həlak olur. Yəməndə, Somalidə, Sudanda uşaqlar aclıqdan əziyyət çəkirlər. Həssas cəmiyyətləri gücləndirərək biz ərzaq təhlükəsizliyinin qarşısını ala bilərik. Müxtəlif mədəniyyətlərə məxsus insanlar bir araya gələrək təcrübələrini ortaya qoyarlarsa, biz nəticələrə nail ola bilərik”.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ərzaq, kulinariya, qidalanma gündəlik həyatımızın bir hissəsidir. “Çox yaxşı haldır ki, FAO bu Forumda iştirak edir və ərzaq təhlükəsizliyi insan təhlükəsizliyi ilə eyni səviyyədə diqqətdə saxlanılır”, - deyən Əbülfəs Qarayev bildirdi ki, qida məhsullarının keyfiyyətsizliyi insanların təhlükəsizliyinə zərbədir. Onun sözlərinə görə, qida, ərzaq, adət-ənənələr, iqlim, ətraf mühit - hər bir millətin təzahürüdür. Mədəniyyət və turizm naziri dedi ki, insanların bir-birini zənginləşdirməsi üçün yalnız qonşu ölkənin kitabını oxumaq kifayət deyil. Kulinariya və milli mətbəx də millətin vacib keyfiyyətlərindəndir. Əbülfəs Qarayev bu baxımdan ölkəmizdə çox çeşiddə qidaların olduğunu söylədi.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Tərəfdaşlıq, Vəkillik və Potensialın İnkişafı ofisinin direktoru Marcela Villarreal FAO-nun bütün tərəfdaşlarının “Bakı prosesi”ndə təmsil olunmasını yüksək dəyərləndirdi. Qeyd etdi ki, hazırda dünyada milyonlarla insan aclıqdan əziyyət çəkir. Bu, ərzaq istehsalı və insanların ərzağa çıxış səviyyəsinin təmin olunması ilə bağlı olan bir problemdir. Gələcəkdə əhalinin artacağını diqqətə çatdıran Marcela Villarreal ərzaq istehsalının 60 faiz artırılmasının vacibliyini qeyd etdi. Bunun üçün isə mədəniyyətlərarası dialoqa qoşulmağı vacib hesab edən Forum iştirakçısı dedi ki, insanlar bir-biri ilə mübadilə aparmalı, bilik və təcrübələrini bölüşməlidirlər.
Sessiyada Forum iştirakçılarına FAO adından ərzaq məsələsi ilə bağlı videomesaj çatdırıldı. Mesajda dünyada yaşayan hər bir kişinin, qadının və uşağın ona lazım olan sağlam qida ilə təmin edilməsinin vacibliyi vurğulanır.
Sessiyanın moderatoru BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş katibinin ofis attaşesi Rəşad Əl-Xavaci mədəniyyətlərarası dialoqun ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolundan danışdı, FAO-ya “Bakı prosesi”ndə iştirak etdiyinə görə minnətdarlığını bildirdi.
Sonra sessiya işini müzakirələrlə davam etdirdi.
Kənd Təsərrüfatının Davamlı İnkişaf üzrə Asiya Fermerlər Birliyinin baş katibi Estrella Penunia kənd təsərrüfatının inkişafında qadınların rolunu qeyd etdi.
İtaliya parlamentinin üzvü Stella Bianki bildirdi ki, digər hüquqlar kimi, ərzaq təhlükəsizliyi hüququ da olmalıdır.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə ərzaq təhlükəsizliyinin strateji prioritet sayıldığını və kənd təsərrüfatına xüsusi önəm verildiyini diqqətə çatdırdı.
Mərkəzi Afrika Respublikasının paytaxtı Bangi şəhərinin meri Emil Qros Nakombo ərzaq təhlükəsizliyi mövzusunun həyatımızın bütün aspektlərinə aid olduğunu söylədi, dünyada kənd təsərrüfatında tərəqqiyə nail olmağın mümkünlüyünü vurğuladı. O dedi: “Leyla xanım ceyranların qorunması üçün həyata keçirilən layihəni xatırlatdı. Bu, çox nəcib bir işdir. Bunu məktəblərdə gənclərə aşılmaq gözəl olardı”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Tərəfdaşlıq, Vəkillik və Potensialın İnkişafı ofisinin direktoru Marcela Villarreal Kolumbiyada torpaq fondunun yaradılması məsələsinə toxundu.
Sessiyanın iştirakçıları dünyada ərzaq təhlükəsizliyinin durumu ətrafında geniş fikir mübadiləsi apardılar.

AZƏRTAC

Published in Mədəniyyət
Bazar, 07 May 2017 16:41

Rəfiqə Əlirza qızı Əliyeva

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyeva 2017-ci il may ayının 6-da ömrünün 85-ci ilində vəfat etmişdir.

Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində almışdır.

Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958-1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır. 1960-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləmiş və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutmuşdur. O, 2001-ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.

Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə professor adına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etmişdir. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunmuşdur. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlmişdir. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini vermişdir.

450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olmuşdur. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilmişdir.

Tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış pedaqoq və alim Rəfiqə Əliyevanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev, Mehriban Əliyeva, Artur Rasizadə, Oqtay Əsədov,

Ramiz Mehdiyev, Vasif Talıbov, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,

Akif Əlizadə, Fatma Abdullazadə, Mikayıl Cabbarov, Hicran Hüseynova,

Abel Məhərrəmov, Tofiq Nağıyev, İbrahim Quliyev, Dilqəm Tağıyev,

İsa Həbibbəyli, İsmayıl Hacıyev, Vaqif Fərzəliyev, Vaqif Abbasov

Published in Digər xəbərlər

Mayın 6-da Azərbaycan və UNESCO arasında əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvlərinin iştirakı ilə iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda fəxri qonaq statusunda UNESCO-nun baş direktoru İrina Bokova iştirak edib.

Xarici işlər naziri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri Elmar Məmmədyarov iclası açaraq 25 il ərzində Azərbaycanın UNESCO ilə faydalı və məhsuldar əlaqələr qurduğunu qeyd edib. Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan-UNESCO əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Bu xüsusda o, Azərbaycanın iki maddi mədəniyyət abidəsinin UNESCO-nun ümumdünya irs siyahısına, səkkiz nominasiyasının təşkilatın qeyri-maddi irs siyahısına, bir nominasiyasının isə təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahına daxil edildiyi barədə məlumat verib.

Elmar Məmmədyarov Azərbaycanın UNESCO-nun dörd komitəsinin fəal üzvü olduğunu, ölkəmizdə UNESCO-nun müxtəlif proqramları üzrə beş milli komitənin fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanın UNESCO-nun donorlarından biri olduğunu qeyd edərək, 2013-cü ildə Azərbaycan və UNESCO arasında imzalanmış Çərçivə Sazişinə uyğun olaraq ölkəmizin UNESCO-nun Afrikada qızların təhsili üzrə layihəni maliyyələşdirdiyini diqqətə çatdırıb.

Nazir UNESCO-nun xətti ilə ölkəmizdə çoxsaylı tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib və əməkdaşlığın bundan sonra uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

UNESCO-nun baş direktoru İrina Bokova UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərini salamlayıb və 25 il ərzində Azərbaycan-UNESCO əməkdaşlığının inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, Azərbaycan və UNESCO arasında əlaqələrin hərtərəfli inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi rolunu qeyd etdi. Baş direktor ölkəmizin UNESCO-nun prinsiplərinə sadiqliyini, təşkilatın məqsəd və məramlarının milli və beynəlxalq səviyyədə təşviq edilməsi, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.

İrina Bokova Bakıda keçirilən və UNESCO-nun da tərəfdaşı olduğu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunaraq, Forumda çağdaş dünya üçün aktual mövzuların müzakirə olunduğunu vurğulayıb.

Görüş UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə müzakirə və fikir mübadiləsi formasında davam edib. 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Keçən il Azərbaycanda “Multikulturalizm İli”, bu il isə “İslam Həmrəyliyi İli” elan olunub. Azərbaycanın yürütdüyü siyasətin məqsədi xalqlar, dövlətlər, millətlər arasında mədəni və dini fərqlərə baxmayaraq, dialoqun gücləndirilməsinə, İslam həmrəyliyinə nail olunmasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi vurğulayıb ki, Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın dini-etnik müxtəlifliyin, multikultural dəyərlərin təşviqinə yönəlmiş siyasətinin əyani təsdiqidir.

Azərbaycanın turizmi inkişaf etdirmək siyasəti yürütdüyünü qeyd edən Əli Həsənov deyib: “Bu Forumda iştirak edən qonaqlar, nümayəndə heyətlərinin üzvləri potensial turistlərdir. Onlar Azərbaycanda inkişafı, sabitliyi, dünyəviliyi, xalqımızın qonaqpərvərliyini görürlər və öz ölkələrinə qayıdanda ailə üzvlərinə, dostlarına bu barədə danışacaqlar. Bu baxımdan bu tədbirin çox böyük əhəmiyyəti var. Azərbaycan Prezidenti Forumun açılış mərasimindəki nitqində ölkəmizə regionda və dünyada nüfuz qazandıran siyasətin prioritetlərini açıqladı. Birinci vitse-prezident Mehriban Əliyevanın Forumdakı çıxışında səsləndirdiyi fikirlər, panel sessiyalarda aparılan müzakirələrdə deyilənlər sübut edir ki, Azərbaycan doğru yoldadır və bu yolla inamla irəliləyir”.

AZƏRTAC

Published in Müsahibələr

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun üçüncü günündə - mayın 6-da təşkil olunan sessiyalardan biri də “Qütbləşmə dövründə inklüziv dialoq” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru, BMT-nin Sivilizasiyalar Alyansının politoloqu xanım Natali Qiyom müzakirə olunan mövzunun aktuallığından danışıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sessiyada çıxış edərək deyib ki, beynəlxalq münasibətlərin müasir inkişaf mərhələsi dünyanın geosiyasi mənzərəsini dəyişən mürəkkəb və ziddiyyətli proseslərlə müşahidə olunur. Çoxqütblü sistemin formalaşması meyilləri sivilizasiyalar və mədəniyyətlərarası münasibətlərin dərinləşməsinə mühüm təsir göstərən inklüziv dialoqun əhəmiyyətini artırır. Təəssüf ki, hazırda onun mahiyyətini obyektiv şəkildə qiymətləndirə bilməyən yanaşmalar da var. Bu fikirdə olanlar hesab edirlər ki, guya inklüziv cəmiyyət və yaxud mədəniyyətlərarası dialoq dövlətin vahid mədəni məkanına, milli identikliyinə xələl gətirən dağıdıcı hadisə və proseslərə rəvac verə, etnik qruplar və miqrantlar isə ictimai-siyasi, kulturoloji problemlər yaratmaqla milli harmoniya və bütövlüyü poza bilər. Lakin danılmaz həqiqətdir ki, bəşəriyyətin mütərəqqi inkişafının əsasında sivilizasiyalararası dialoq dayanır və onun sayəsində dünya mədəniyyəti zənginləşərək bugünkü inkişaf səviyyəsinə çatıb.
Prezidentin köməkçisi vurğulayıb ki, Avropa ilə Asiyanın kəsişdiyi geostrateji məkanda yerləşən Azərbaycan inklüziv dialoqun beynəlxalq hüquq normalarına əsaslanan sivil birgəyaşayışın təmin edilməsində oynadığı rolu yüksək qiymətləndirərək bu istiqamətdə fəal siyasət həyata keçirir. Dünya dövlətləri ilə bərabərhüquqlu qarşılıqlı əməkdaşlıq möhkəmləndirilir, hər bir xalqın dini-etnik və mədəni özünəməxsusluğunun qorunub saxlanılması üçün mədəniyyətlərarası dialoqun yaratdığı əlverişli imkanlardan səmərəli şəkildə istifadə olunur. Azərbaycan dünyada zəngin multikultural dəyərlərə və tolerant ənənələrə malik olan çoxmillətli dövlət kimi tanınır. Ölkənin qədim dövlətçilik tarixində multikulturalizmin özünə xüsusi yer tutması milli-etnik dəyərlərin zənginləşməsinə böyük töhfələr verir. Azsaylı xalqların öz adət-ənənələrini, dini dəyərlərini qoruyub saxlaması polietnik birliyi möhkəmləndirən mühüm amillərdən biri kimi çıxış edir. Bu sahədə aparılan siyasətin nəticəsində dini, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyi təmin olunur.

 


Bu gün dünyada dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi halların insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur etdiyini deyən Əli Həsənov bildirib ki, bu sahədə mövcud olan problemlərin çətinliyini və ağrı-acısını Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinin nəticəsində bir milyondan artıq qaçqını və məcburi köçkünü olan Azərbaycan daha yaxından anlayır. Ona görə də bu qəbildən olan insanların öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi inklüziv dialoqun tərkib hissələrindən biri olmalıdır.
Multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi deyib ki, dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Prezidentin sərəncamları ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm İli”, bu il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bütün bunlar inklüziv dialoqun inkişafı, dünyada mövcud olan multikultural modellərin araşdırılaraq öyrənilməsi baxımından vacib əhəmiyyət daşıyır.
İnklüziv dialoqun təşviq edilməsində Heydər Əliyev Fondunun gördüyü işlər barədə ətraflı məlumat verən Əli Həsənov deyib ki, ötən illər ərzində Fond tərəfindən tarixi abidələrin təmir edilməsi və yeni mədəniyyət ocaqlarının yaradılması məqsədilə çoxsaylı layihələr həyata keçirilib. Layihələr çərçivəsində Fransa, Vatikan, İtaliya, Bolqarıstan kimi dövlətlərdə qədim dini, mədəni abidələr təmir və bərpa olunub. Fondun xətti ilə Azərbaycanda müxtəlif dinlərə sitayiş edən insanların getdikləri ziyarətgahlarda təmir-bərpa işləri aparılıb və etnik qrupların nümayəndələri üçün təhsil, mədəniyyət mərkəzləri yaradılıb. Azərbaycanın rayonlarında tədrisin azsaylı xalqların dilində aparıldığı məktəblər Fond tərəfindən mütəmadi olaraq dərslik və tədris ləvazimatları ilə təmin edilir.
“Azərbaycan dini-etnik müxtəlifliyə, inklüziv cəmiyyətin inkişafına daim dəstək verir və mədəniyyətlərarası, humanitar beynəlxalq forumların keçirilməsinə Bakının ev sahibliyi etməsi bunun əyani sübutudur. Bu mötəbər tədbirlərdə müəyyənləşdirilən fəaliyyət strategiyalarında mədəniyyətlərarası dialoqun möhkəmlənməsini və milli-etnik münasibətlərin tənzimlənməsini nəzərdə tutan prinsiplər öz əksini tapır”, - deyə Prezidentin köməkçisi qeyd edib.
BMT baş katibinin müavininin vəzifəsini icra edən, İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasir çıxışında gənclərin qərarvermə proseslərində fəal iştirakının, gender bərabərliyinin təmin olunmasının inklüziv dialoq baxımından önəmini qeyd edib. Bildirib ki, inklüzivlik üçün cəmiyyətdə qütbləşməyə yol verilməməsi, qarşılıqlı dialoq, bərabər imkanların yaradılması mühüm rol oynayır. Bu baxımdan, təkcə dövlətlər yox, vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük məsuliyyət düşür. Biz elə bir gələcək qurmalıyıq ki, qanunun aliliyi təmin olunsun. Yalnız bu yolla problemləri, münaqişələri həll etmək daha asan olacaq. BMT-nin rəsmisi multikultural dəyərlərin təşviqi, tolerantlığın möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikasının gördüyü işləri yüksək qiymətləndirərək bu məsələni daim diqqətdə saxladığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Mərakeş Krallığının Aqadir Beynəlxalq Universitetinin dosenti, beynəlxalq əlaqələr və əməkdaşlıq kafedrasının müdiri Mohammad Mohiddin Asiya ölkələrində mədəni, etnik müxtəlifliyin digər qitələrə nisbətən daha rəngarəng olduğunu vurğulayıb. O, Asiyanın sürətlə inkişaf edən bir sıra ölkələrində, xüsusən Malayziyada inklüzivliyi təşviq və təbliğ edən müxtəlif institut, təşkilat və cəmiyyətlərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu sahədə uğur qazanmaq üçün dialoq cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir. Biz bunun modelini Azərbaycanda görürük. Azərbaycanın təcrübəsi beynəlxalq birlik üçün örnək ola bilər.
BMT-nin siyasi məsələlər şöbəsinin baş vasitəçilik müşaviri Brendan Makalister çıxışında inklüzivliyin cəmiyyətdə təkcə harmoniyanın və dialoqun deyil, digər problemlərin də həllində mühüm rol oynadığını vurğulayıb. O, ölkəsində - İrlandiyada bu sahədə görülən işlərdən, eləcə də BMT-nin siyasi məsələlər şöbəsinin fəaliyyətindən bəhs edib. Bu cür səmərəli dialoq üçün əlverişli şərait yaradan Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirən Brendan Makalister IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini yüksək qiymətləndirib.
“ONUART” Fondunun vitse-prezidenti, səfir Xuan Antonio Març incəsənətdən istifadə edərək cəmiyyətdə sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi baxımından mühüm nailiyyətlərin əldə olunacağını diqqətə çatdırıb. Qeyd edib ki, incəsənət qarşılıqlı anlayış və hörmət üçün çox gözəl vasitədir. O, bu məqsədlə müxtəlif ölkələrin, xalqların, etnik azlıqların təmsil olunduğu mədəni tədbirlərin, konsertlərin təşkilinin vacibliyini yüksək qiymətləndirib.
Səfir Xuan Antonio Març Azərbaycanda inklüziv cəmiyyətin formalaşması istiqamətində həyata keçirilən tədbirlərin onda xoş təəssürat yaratdığını vurğulayıb.
Sonra auditoriyanın sualları cavablandırılıb.

AZƏRTAC

Published in Digər xəbərlər

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun üçüncü günündə sessiyalardan biri “Mədəniyyətlərarası dialoq yolu ilə sülh münasibətlərinin inkişaf etdirilməsi” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru, “Global Compass” şirkətinin prezidenti Jan-Kristof Bas müzakirə olunan mövzunun xüsusilə son zamanlarda aktuallıq kəsb etdiyini söyləyib. O, Bakı Forumunun mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar yaradacağına əminliyini bildirib.
Sülh naminə “Guerrand-Hermes” Fondunun baş elmi işçisi Şerto Gill dövlətlərarası və xalqlararası münasibətlərdə dialoqun önəmini vurğulayıb. Dialoqun yaranması üçün isə sülhün, sabitliyin olmasını vacib sayan Şerto Gill qeyd edib ki, sülh münasibətlərin düzgün qurulmasına xidmət edən amildir. Sülh həm də düzgünlük, dürüstlük rəmzidir. “Dünyada baş verən münaqişələrə son qoyulmalıdır”, - deyən baş elmi işçinin fikrincə, hər yerdə sülh, sabitlik, qarşılıqlı anlaşma olsa, insanların rifahı daha da yaxşılaşar.
“Beynəlxalq Dəyişiklik Təşəbbüsləri” təşkilatının icraçı direktoru İmad Karam mövzuya münasibət bildirərək deyib ki, dəyişiklik etmək istəyiriksə, o zaman hər kəs ilk növbədə özündən başlamalıdır. Dünyada ekstremizm, yoxsulluq, münaqişələr insanların vəziyyətini o həddə çatdırıb ki, miqrant problemi qloballaşıb. Bütün bunların həlli yolu mədəniyyətlərarası dialoqun düzgün qurulması və sülh hərəkatına investisiya yatırmaqdır.

 


Mədəniyyətlərarası və dinlərarası dialoq üzrə Kral Abdulla Beynəlxalq Mərkəzinin baş məsləhətçisi Patrik Brodo dini dözümlülük haqqında fikirlərini bölüşərək bildirib ki, dini liderlər təkcə icmalararası münasibətlərlə kifayətlənməməli, hökumət rəhbərləri ilə də danışıqlara geniş yer verməlidirlər. Ziddiyyətlər araşdırılmalı, həll edilməlidir. Patrik Brodo sosial mediada bu sahəyə dair təlimlərin keçirilməsini vacib hesab edib. Bildirib ki, məqsəd dindən zorakılıq vasitəsi kimi istifadə olunmamasıdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov sessiyada çıxış edərək sülh münasibətlərinin inkişaf etdirilməsinin və münaqişələrin kökünün tapılmasının zəruri olduğunu söyləyib.
Novruz Məmmədov deyib: “Bir dəfə Azərbaycan Prezidenti ilə bir avropalı nümayəndənin görüşündə iştirak etdim. Avropalı nümayəndə belə bir söz söylədi: Siz böyük dövlətsiniz, elə böyük işlər də görürsünüz. Bu, məni bir az düşündürdü. Əslində Azərbaycan əhalisinin sayına və ərazisinə görə kiçik dövlətdir. Yəni, avropalı nümayəndə demək istəyirdi ki, böyük işlər görmək üçün heç də böyük dövlət olmaq şərt deyil. Doğrudan da son 10 ildə Azərbaycanın həyata keçirdiyi tədbirlər heç bir dövlət tərəfindən keçirilməyib. Biz həm idman, həm mədəniyyət, həm ümumiyyətlə, mədəniyyətlərarası dialoq sahəsində böyük tədbirlər keçiririk, BMT ilə əməkdaşlıqda xüsusilə seçilirik. BMT isə bu gün burada danışdığımız bütün məsələləri tənzimləmək üçün yeganə universal təşkilatdır. Çox təəssüf ki, bu gün bu işlərlə də hələ biz istədiyimiz nəticəyə gəlib çatmamışıq. Son 20-30 ildə qaynar nöqtələrin, münaqişələrin, terror aktlarının, terror təşkilatlarının sayı dəfələrlə artıb. Bəs niyə belə olur? Bu qədər tədbirlər keçirilir, bu qədər işlər görülür, amma qarşılaşdığımız mənzərə tamamilə bunun əksini deyir. Bugünkü dünyada beynəlxalq gərginlik əvvəlki dövrlərdən çox fərqlənir. Nə üçün bu, belə olur? Çünki böyük dövlətlər öz siyasi və iqtisadi maraqlarını güdürlər. Onlar münaqişələrdən, gərginlik ocaqlarından siyasi məqsədlər üçün istifadə edirlər. Bu gün beynəlxalq aktorların sayı çoxalıb. Təkcə böyük dövlətlər deyil, dünya düzənini formalaşdıran media orqanları, qeyri-hökumət təşkilatları var ki, mühüm aktora çevriliblər. Azərbaycanın ərazisinin bir hissəsi 25 ildən çoxdur ki, işğal altındadır. BMT Təhlükəsizlik Şurası işğala son qoyulması üçün dörd qətnamə qəbul edib. Digər beynəlxalq qurumlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Təəssüf ki, bu qətnamə və qərarlar kağız üzərində qalıb, münaqişənin həlli mexanizmləri yoxdur. Təcavüzkar dövlətə təzyiq göstərilmir. Biz ikili standartlardan əziyyət çəkirik. Beynəlxalq münasibətlərdə çatışmayan bir şey varsa, o da ədalətdir. Əgər heç olmasa bir adam da həqiqət uğrunda çalışırsa, deməli, nikbin olmağa dəyər. Ədalətli yanaşma olmasa, beynəlxalq hüquq işləməyəcək, dünyamızda gərginliklər davam edəcək. Bütün bunlara baxmayaraq, biz sülhə, sabitliyə, davamlı inkişafa nail olmaq üçün daha səylə çalışmalıyıq”.
“İnternational İnstitute Life Beyond Tourism” Fondunun baş katibi Alesia Kuş təmsil etdiyi Fond haqqında ətraflı məlumat verib. Bildirib ki, Fondun əsas məqsədi dəyərlər uğrunda səyahətlər reallaşdırmaqdır. İnsanlar səyahət etdikcə, daha çox mədəniyyətlərlə tanış olur, əlaqələr qurur və müxtəlif sahələrə töhfə verə bilirlər. Bu baxımdan Azərbaycan çox gözəl ölkədir. Burada qədimliklə müasirliyin vəhdəti, insanların qonaqpərvərliyi, ölkədəki tolerant mühit bu diyarın gözəl sərvətləridir.
Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının mədəniyyət və yaradıcılıq üzrə rəhbəri Tim Uilliams qurumun reallaşdırdığı layihələr haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan-Avropa İttifaqı əlaqələri xüsusi proqramlar çərçivəsində qurulub və müxtəlif sahələri əhatə edir. Tim Uilliams birgə reallaşdırılan layihələrin bundan sonra da davamlı olacağına əminlik ifadə edib.
Sessiya mövzu ilə bağlı müzakirələrlə davam edib.

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 5