XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Şənbə, 06 May 2017

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib
Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirildi.
Dövlətimizin başçısı Forumun açılış mərasimində nitq söylədi.

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Əvvəlcə, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiklərinə görə qonaqlarımıza təşəkkürümü bildirmək istəyirəm. Altı il bundan əvvəl biz bu təşəbbüsü irəli sürdük və birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakıda keçirilmişdir. O vaxtdan bəri beynəlxalq gündəlikdə duran ən mühüm məsələlərdən olan mədəniyyətlərarası dialoqun müzakirə edildiyi bu Forum qlobal beynəlxalq tədbirə çevrilmişdir. Hər bir beynəlxalq tədbirin, hər bir forumun əhəmiyyəti təkcə müzakirə edilən mövzularla deyil, həm də iştirakçıların sayı ilə ölçülür. Biz çox şadıq ki, 120 ölkədən olan 800-dən artıq qonaq bugünkü Forumda iştirak edir, 50-dən çox beynəlxalq qurum özünün yüksək səviyyəli nümayəndəsini Bakıya göndərmişdir.
Bu, ilk növbədə, Forumun bu gün və sabah aparacağımız müzakirələrin əhəmiyyətini nümayiş etdirir. Biz fəxr edirik ki, Forumun tərəfdaşlarının, həm də təşkilatçı qurumların sayı artmaqdadır. Azərbaycan hökuməti bu Forumu UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, İSESCO, Avropa Şurası, Dünya Turizm Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə təşkil etmişdir.
Əminəm ki, Forum çərçivəsində aparılacaq müzakirələr və fikir mübadiləsi mədəniyyətlərarası dialoqun təşviqinə töhfə verəcəkdir. Azərbaycan əsrlər boyunca sivilizasiyaların və mədəniyyətlərin bir-birinə qovuşduğu məkan olmuşdur. Bizim coğrafiyamız və tariximiz, habelə Azərbaycandakı inkişaf onu nümayiş etdirir ki, mədəniyyətlərarası dialoq həm tarixən, həm də bu gün vacib məsələlərdən biri olaraq qalır. Çünki əks təqdirdə, dünya daha çox təhlükələrə məruz qalacaqdır.
Tarix, ənənələr və coğrafiyamız bizə onu diktə edib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan ola bilər və bu, məhz belə də olmalıdır. Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik.
Bu gün Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir ki, burada bütün etnik qrup və dinlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar. Bizim tarixi abidələrimiz də Azərbaycanın mədəni müxtəlifliyini və onun qədim tarixini aydın şəkildə nümayiş etdirir. Fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə inşa olunan Cümə məscidi Azərbaycanın qədim şəhərlərindən biri sayılan Şamaxıda yerləşir. Dünyanın ən qədim kilsələrindən olan, Qafqaz Albaniyası dövləti dövrünə aid kilsə Azərbaycanın digər qədim şəhəri Şəkidə yerləşir.
Bakının yaxınlığında yerləşən və atəşpərəstlik dininə məxsus olan Atəşgah Məbədi də bizim tarixi və dini müxtəlifliyimizi nümayiş etdirir. Bu gün Azərbaycanda məscid, kilsə və sinaqoqlar dövlət tərəfindən qorunur. Onların bir çoxunun dövlətin maliyyə dəstəyi ilə inşa olunması bizim tariximizi və bu sahədə olan siyasətimizi nümayiş etdirir.
Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur. Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təşviq etmişdir.

 


Əslində, 2011-ci ildə ilk dəfə mədəniyyətlərarası dialoq forumunun təşkil edilməsi ideyası tariximiz, reallığımız və həmçinin belə məsələlərin müzakirəsi üçün geniş formatın yaradılması arzumuzdan qaynaqlanırdı. Bu gün buna əvvəlkindən daha çox ehtiyac var. Təəssüf olsun ki, bu gün dünyada narahatlıq doğuran bəzi tendensiyalar mədəniyyətlərarası dialoqla deyil, özgələşmə ilə nəticələnir. Biz mütəmadi surətdə bunun şahidi oluruq. Dünyanın müxtəlif yerlərində münaqişə, qarşıdurma və vətəndaş müharibələrinin səbəbi müxtəlif din və etnik qrup nümayəndələrinin arasında anlaşmanın olmamasıdır. Bizim multikulturalizm siyasətimiz xalqımız tərəfindən tam dəstəklənir və 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” elan edilmişdi. Bu il isə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycanda gündəlik həyatın bu hər iki çox vacib elementinin birləşməsi, ilk növbədə, cəmiyyətimizin vəziyyətini, dövlət siyasətimizi nümayiş etdirir, eyni zamanda, regionda daha da yaxşı anlaşmaya səbəb olur.
Biz məhz bu məsələlərin müzakirəsinə həsr olunmuş bir neçə beynəlxalq tədbir təşkil etmişik. Azərbaycan artıq 5 dəfə Beynəlxalq Humanitar Forum təşkil edib. Bir neçə il bundan əvvəl Dünya Dini Liderlərinin Zirvə Görüşünü təşkil etmişik. Ötən il Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna uğurla ev sahibliyi etdi. Nəhayət, biz 4-cü dəfədir ki, toplaşaraq mədəniyyətlərarası dialoq məsələsini müzakirə edirik.
Bütün bunlar bizə gərginlik və risklərin azaldılması, müxtəlif xalqlar və dinlər arasında daha yaxşı anlaşmanın təmin olunması yollarını müəyyənləşdirməyə yardım edir. Hesab edirəm ki, Azərbaycanın tarixi və bugünkü inkişafı uğur qazanmağın mümkünlüyünün yaxşı nümunəsidir.
Multikulturalizmə münasibət fərqlidir. Biz bəzən müəyyən ictimai və siyasi xadimdən, habelə dövlət rəhbərlərindən skeptik fikirlər eşidirik. Hesab edirəm ki, biz səylərimizi birləşdirsək, - bu gün burada beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətini təmsil edən nümayəndələr iştirak edirlər, - nümayiş və sübut edə bilərik ki, multikulturalizm yaşayır və onun alternativi yoxdur. Onun alternativi yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər. Multikulturalizm yalnız bir tendensiya deyil, o, eyni zamanda, dünyanı daha təhlükəsiz etməyin yeganə yoludur.
Düşünürəm ki, sizin bu Forumda iştirakınız və müzakirələrin mövzuları bizim vahid iradəmizi və bu dəyərlərin təşviqi ilə bağlı siyasət və yanaşmamızı əyani şəkildə nümayiş etdirir.
Azərbaycan 2008-ci ildə çox vacib prosesin təşəbbüskarı olmuşdur və o, sonradan “Bakı prosesi” adlandırılmışdır. Bu gün həmin təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu təşəbbüs də artıq çıxışımda qeyd etdiyim amillərdən qaynaqlanırdı. Bununla yanaşı, Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan məhdud sayda dövlətlərdən biridir.
Avropa Şurası ölkələrinin nazirlərinin 2008-ci ildə toplantısını təşkil edərkən biz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müvafiq nazirlərini də dəvət etdik. Yəni, ilk dəfə idi ki, belə böyük tədbir təşkil edildi və 100-dən artıq dövlətin nümayəndəsi mədəniyyətlərarası münasibətlər mövzusunu müzakirə etmək üçün bir araya gəldi.
İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan 2009-cu ildə nazirlər səviyyəsində toplantıya ev sahibliyi etdi. O vaxt biz Avropa Şurasına üzv dövlətlərin nazirlərini Bakıya dəvət etdik. Bu təşəbbüs və bu format sonradan “Bakı prosesi” adlandırıldı və biz bununla fərəhlənirik. Birincisi, ona görə ki, bu, bizim təşəbbüsümüz idi. İkincisi isə ona görə ki, Bakı və Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi olmağa layiqdir.
Gələn il biz “Bakı prosesi”nin 10-cu ildönümünü qeyd edəcəyik. Azərbaycan Hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən mədəniyyətlərarası dialoq sahəsində liderlik xidmətlərinə görə “Bakı Prosesi Mükafatı”nın təsis edilməsi təşəbbüsü irəli sürülüb ki, həmin mükafat mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqində olduqca fəal rol oynamış şəxslərə təqdim ediləcəkdir.
Azərbaycan tərəfindən irəli sürülmüş daha bir mühüm təşəbbüs Bakıda Avropa Oyunlarının keçirilməsi idi. Digər qitə oyunlarından fərqli olaraq, Avropada belə oyunlar heç vaxt təşkil edilməmişdi. Avropa Olimpiya Komitəsi belə bir oyunların keçirilməsi qərarını qəbul edəndə onlara ev sahibliyi etmək arzusunda olan ölkələrin sayı az idi. Səmimi desək, Azərbaycan Oyunların təşkilini öz üzərinə götürməyi təklif edən yeganə dövlət idi. Belə olmasaydı, həmin Oyunlar heç vaxt təşkil edilməyəcəkdi.
2015-ci il ilk Avropa Oyunlarının keçirilməsi ili oldu. Oyunlar Bakıda 5 mindən artıq avropalı idmançının iştirakı ilə baş tutdu. Təbii ki, bu Oyunlar bir idman tədbiri idi, lakin hesab edirəm ki, onların rəmzi mənası da var idi. Çünki ilk dəfə təşkil olunan Avropa Oyunları bir müsəlman ölkəsində keçirilirdi. Bu, multikulturalizmin və dini dözümlülüyün göstəricisi idi.
Oyunlar yüksək səviyyədə təşkil edildi. İdmançılar, qonaqlar olduqca məmnun və xoşbəxt idilər - istər təşkilatçılıq səviyyəsi, istərsə də Azərbaycan xalqı tərəfindən qarşılanma baxımından. Xalqımız avropalı qonaqlara özünün ənənəvi qonaqpərvərliyini nümayiş etdirdi.
Bir həftədən sonra biz bütün müsəlman ölkələrini təmsil edən 3 min idmançının iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının açılışını edəcəyik. Yəni, iki il müddətində eyni şəhərdə Avropa Oyunları ilə yanaşı, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim siyasətimizin və niyyətimizin göstəricisidir. Əminəm ki, burada güclü rəqabət olacaqdır. Ancaq bir daha da qeyd etmək istəyirəm ki, bu, sadəcə idman tədbiri deyil. Bu, insanları birləşdirən hadisədir. Bizim İslam aləmində, ilk növbədə, birliyə ehtiyacımız var.
Təəssüf ki, terrorçuluqdan ən çox əziyyət çəkən məhz elə müsəlman dövlətləridir. Azərbaycan İslam dəyərlərinin təbliği baxımından çox vacib rol oynayır. Biz Avropa paytaxtlarında müxtəlif beynəlxalq tədbirlər - təqdimat və sərgilər təşkil edərək qədim İslam mədəniyyətini təbliğ edirik. Azərbaycan islamofobiya və İslamı terrorçuluqla əlaqələndirmə əleyhinə ən fəal mübarizə aparan ölkələrdəndir. Yəni, regionumuzu daha təhlükəsiz etmək üçün bizim müsəlman dünyasında birliyə ehtiyacımız var. Eyni zamanda, gərginliyin azaldılması üçün bizim İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təsisatlar arasında əlaqələndirməyə ehtiyacımız var.
Beləliklə, mədəniyyətlərarası dialoq haqqında danışanda biz aydın şəkildə anlayırıq ki, həmin dialoqun uğurunun təsirini hər bir sahədə - siyasi həyatda, təhlükəsizlik ilə bağlı sahələrdə və iqtisadi əməkdaşlıqda görmək olar. Proqnozlaşdırılan tərəfdaşlığa və qarşılıqlı etimada söykənən münasibətlər olmadığı halda istənilən dövlət üçün qarşıya qoyulan məqsədlərə çatmaq çox çətin olar.
Bu təşəbbüslər və Azərbaycanın uğur hekayəsi, onun multikulturalizmin mərkəzinə çevrilməsi, - yeri gəlmişkən, biz Azərbaycanda Multikulturalizm Mərkəzi yaratmışıq, - onu nümayiş etdirir ki, biz həm doğru yol ilə, həm də uğurla irəli gedirik. Bütün dünyanı əhatə edən bu Forum da bizim niyyətimizin bariz nümunəsidir.
Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Böyük tarix, ənənə və mədəniyyətə malik olmağımıza baxmayaraq, müstəqil dövlət olaraq bizim 25 yaşımız var. Ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik. Bu illər onu nümayiş etdirdi ki, ölkənin taleyi öz əlimizdə olanda böyük uğur əldə etmək olar. Əsrlər boyu Azərbaycan müxtəlif dövlətlərin və imperiyaların tərkibində olub və 25 illik müstəqillik sübut edir ki, yalnız azad olan halda uğur qazanmaq olar. Dövlətimizin tarixində Azərbaycan bugünkü qədər güclü olmayıb.
Biz sosial, iqtisadi və siyasi həyatda mühüm nailiyyətlər əldə etmişik. Bu gün Azərbaycan sürətlə inkişaf edən, müasir və dinamik ölkədir. Bu ölkə öz ənənəvi köklərinə bağlı olmaqla yanaşı, dünyaya açıq olan müasir bir dövlətdir.
Üzləşdiyimiz ən böyük problem erməni işğalıdır. Təəssüf ki, müstəqilliyimizin bərpası erməni işğalı ilə müşayiət edilirdi və bunun nəticəsi olaraq, ərazimizin 20 faizi - Dağlıq Qarabağ və digər yeddi rayonumuz Ermənistan tərəfindən işğal edildi. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımıza qarşı etnik təmizləmə həyata keçirildi. Bu gün işğal olunmuş ərazilərimizdə bütün tarixi abidələr və tikililərimiz Ermənistan tərəfindən dağıdılıb, məscidlərimiz yerlə-yeksan edilib.
Bakıda, şəhərin mərkəzində erməni kilsəsi yerləşir və biz onu təmir etmişik. Ermənistan isə işğal olunmuş ərazilərdə bizim tarixi və dini irsimizi məhv edib. Bu fotoşəkilləri internetdə tapmaq mümkündür. Bununla yanaşı, ATƏT işğal edilmiş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və onların hesabatlarında da ərazilərin viran olunması öz əksini tapıb. BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir ki, orada Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Həmin qətnamələrə 20 ildən artıqdır ki, əməl olunmur. Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və beynəlxalq hüququ kobudcasına pozur. Ancaq təcavüzkarı qətnamələrə əməl etməyə məcbur edən mexanizm mövcud deyil. Bu isə çox mühüm və xalqımızı dərindən narahat edən məsələdir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində icra olunur. Bizə gəldikdə isə 20 ildən artıq bir müddət keçir. Bu, ilk növbədə, ikili standartların və müəyyən mənada qərarların icra mexanizminin səmərəsizliyinin bariz nümunəsidir.
Münaqişənin həlli beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə, Helsinki Yekun Aktına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır.
Bu faciəyə və onun çox böyük iqtisadi yükünə baxmayaraq, - nəzərə alsaq ki, 1990-cı illərin əvvəlində ölkəmiz çox yoxsul olduğu halda bizim 1 milyondan artıq qaçqınımız var idi, yəni, bu, bizim üçün çox ciddi iqtisadi və sosial problem idi, - biz onun öhdəsindən gələ bildik. Səylərimizi səfərbər edərək güclü ölkə yarada bildik. Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit ölkədir. Azərbaycan beynəlxalq birliyin hörmətli üzvüdür. Bunu sübut etmək üçün bir sıra faktlar sadalaya bilərəm. Ancaq düşünürəm ki, yalnız biri kifayət edər.
Bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycana səs verərək onu BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçdi. Dünya dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi nümayiş etdirir ki, Azərbaycan böyük nüfuza malikdir. Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Eyni zamanda, Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb və ya qəbul edilib.
Bu, bizim regionda oynadığımız roldur. Biz coğrafi yerləşməyimizi mühüm infrastruktur imkanlarına çevirməyə müvəffəq olmuşuq. Bizim təşəbbüskarı olduğumuz layihələr bu gün Asiyanı Avropa ilə dəmir yolu vasitəsilə birləşdirir və artıq mənfəət gətirir, eyni zamanda, ölkələr arasında çox vacib əlaqə yaradır.
Bununla bərabər, Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır. Onlardan biri hazırda icra olunan və Avropanın ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsidir. Layihəyə yatırılan sərmayə 40 milyard dollara bərabərdir və o, ilk mərhələdə 7 ölkəni birləşdirərək, regionumuzun, Mərkəzi və Cənubi Avropanın bir çox ölkəsinin enerji şaxələndirilməsini və enerji təhlükəsizliyini təmin edəcək. Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və enerji əməkdaşlığı layihəsidir. Çünki bizim bütün enerji və nəqliyyat layihələrində iştirak edən ölkələr təbii tərəfdaşlara çevrilir və burada birgə qarşılıqlı bağlılıq yaranır. Qarşılıqlı bağlılıq isə iqtisadi əməkdaşlıq və qarşılıqlı hörmət üçün ən vacib amillərdəndir.
Beləliklə, Azərbaycan tərəfindən irəli sürülmüş nəqliyyat və enerji layihələri inkişaf və firavanlığın təmin edilməsi məqsədinə xidmət edir. Eyni zamanda, bu, bizim beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoqa olan sərmayəmizdir.
Bizim iqtisadi göstəricilərimiz də çox yüksək olmuşdur. Son 13 il ərzində ümumi daxili məhsulumuz 3 dəfədən çox artıb. Biz işsizliyin səviyyəsini 5 faizə endirə bilmişik, yoxsulluq 6 faizdən azdır. Xarici borcumuz olduqca aşağı səviyyədədir və ümumi daxili məhsulun 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız isə xarici borcumuzdan 5 dəfə artıqdır. Yəni, iqtisadi göstəricilərimiz həqiqətən də yüksəkdir və bu fakt beynəlxalq təsisatlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Həmin təşkilatın qiymətləndirməsinə əsasən, inkişafda olan ölkələrin inkişaf templərinə görə Azərbaycan siyahıda digər bir ölkə ilə birinci və ikinci yerləri paylaşır.
Bütün bunlar müstəqillik illərində əldə etdiyimiz böyük bir sərvətdir. Biz təhsilə böyük sərmayə qoyuruq. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son on ildə ölkəmizdə 3 mindən artıq yeni məktəb istifadəyə verilib. Bildiyimiz kimi, təhsilə qoyulan sərmayə gələcəyə yatırılan sərmayədir. Eyni zamanda, bu, sabitliyə qoyulan sərmayədir. Çünki radikalizmin, ekstremizmin və fundamentalizmin kökündə savadsızlıq dayanır. Gənc nəslin “beyini yuyulur” və gənclər dəhşətli terror aktlarının törədilməsinə sövq edilir. Savadsızlıq, yoxsulluq, sosial qeyri-bərabərlik və ədalətsizlik radikalizmin əsas mənbəyidir. Buna görə radikalizmi aradan qaldırmaq üçün biz onun fundamental səbəblərini müzakirə etməliyik. Eyni zamanda, mədəniyyətlərarası münasibətlərin dəyərlərini təbliğ etməliyik ki, insanlar sülh şəraitində birgəyaşayışın üstünlüyünü aydın görsünlər.
Burada da biz çox vacib olan məsuliyyət məsələsinə toxunuruq. Siyasətçilərin məsuliyyətini qeyd edirəm. Bəzən radikal kəsimin səslərini əldə etmək üçün siyasətçilər öz proqramlarını milliyyətçilik ideyası üzərində qururlar. Qeyri-hökumət təşkilatlarının məsuliyyəti. Onların bəziləri məqsədyönlü şəkildə dini və etnik zəmində gərginlik yaradır. Nəhayət, medianın məsuliyyəti. Beynəlxalq mediaya nəzər salsaq, əsasən miqrant böhranı, müharibə, dağıntı, toqquşma, dini və etnik münaqişə görürük.
Ancaq bir çox müsbət nümunələr də var və biz onları nümayiş etdirməliyik. Hesab edirəm ki, bu Forumun əhəmiyyəti və məqsədlərindən biri də onu nümayiş etdirməkdir ki, biz bu məsələləri müzakirə edir və səylərimizi səfərbərliyə alırıq. Əminəm ki, Forumun bütün iştirakçılarının burada eyni gündəliyi var - mədəniyyətlərarası dialoqun dəyərlərini təşviq etmək və gücləndirmək.
Ümidvaram ki, Forumun nəticələri uğurlu olacaq və biz onun bütün qərarlarını həyata keçirəcəyik. Bizimlə bir yerdə olduğunuza görə bir daha sizə təşəkkür edir, Forumun işinə uğurlar diləyirəm. Sağ olun.
***
UNESCO-nun baş direktoru xanım İrina Bokova çıxış edərək dedi:
- Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.
Mali Respublikasının Prezidenti İbrahim Boubakar Keita.
Bolqarıstanın vitse-prezidenti xanım İliana İotova.
Hörmətli nazirlər, dini rəhbərlər, səfirlər, xanımlar və cənablar.
Belə bir mötəbər tədbirdə - IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən məmnunluğumu bildirirəm. Zati-aliləri cənab Prezident, mən çıxışımda bizim əvvəlki silsilə tədbirlərimizin uğurlu olduğunu vurğulamaq istəyirəm. Mən mədəniyyətlərarası dialoqa verdiyi töhfəyə, belə bir mötəbər tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə cənab Prezident İlham Əliyevə bir daha minnətdarlığımı bildirirəm. UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya da dərin təşəkkürümü bildirmək istəyirəm.
Xanımlar və cənablar, mən tam əminliklə bildirirəm ki, böyük İpək yolu üzərində yerləşən, qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər bütün dünya üçün örnəkdir. Bildiyiniz kimi, Bakı UNESCO-nun mədəni irs siyahısında olan bir şəhərdir. Azərbaycanın maddi-mədəniyyət abidələri, xalçaları, Novruz bayramı UNESCO-nun irs siyahısında yer alıb. Məhz belə bir ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsindəki təcrübəsinə ehtiyacımız var.
Biz bu gün bir sıra ölkələrdə münaqişələrin baş verdiyinin şahidiyik. Biz ekstremizmin, eləcə də bir sıra dini məbədlərin, kilsələrin, məscidlərin məhv olduğunu görürük və təəssüf ki, mədəni müxtəlifliyin də məhv olduğunu görürük. Uşaqların, eyni zamanda, tədrisdən uzaq qaldığını görürük. Fikir, ifadə azadlığının təhlükə altında olduğunu, jurnalistlərə hücumların sayının artdığını, etnik azlıqların təqib olunduğunu görürük. Eləcə də bəzi ölkələrdə antisemitizm, islamofobiya kimi dini ayrı-seçkiliyin, qeyri-tolerantlığın artdığını görürük. Bu baxımdan cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, multikulturalizmin alternativi yoxdur. Biz multikulturalizm yolu ilə getməliyik, mədəniyyətlər və dinlər arasında harmoniyaya nail olmalıyıq.
Xanımlar və cənablar, bu gün gördüyümüz tədbirlər kifayət etmir. Bizim yumşaq qüvvə gücümüz də mədəniyyət, ünsiyyət, kommunikasiya, elm məhz paylaşdığımız dəyərləri daha da gücləndirməli və birgə taleyimizi həll etməlidir. Bütün mədəniyyətlər bir-birindən fərdidir, amma bəşəriyyət özü bir ailədir. Biz hamını bu məqsədə - ləyaqətli və humanist olmağa çağırırıq. Bu, bizim dünyaya baxışımızdır, bu, UNESCO-nun dünyaya olan bəşəri baxışıdır. Biz bəşəriyyətin paylaşılan mədəniyyətini ümumi zənginliyimiz fonunda mühafizə etməliyik. Bu da bizim baxışımızdır. Eləcə də biz qlobal həmrəyliyi, vətəndaşlıq amallarını, prinsiplərini bizim baxışımız kontekstindən təbliğ edirik. Bizim üçün, konkret olaraq, UNESCO üçün sülh, əmin-amanlıq, eyni zamanda, mənəvi zənginlik bəşəriyyətin həmrəyliyi çərçivəsində təmin olunmalıdır. Bu, bizim Nizamnaməmizdə əksini tapıb.
Bu gün bizim tolerantlığa, birgəyaşayışa, həmrəyliyə, anlaşmaya həmişəkindən daha çox ehtiyacımız var. Biz müxtəlifliyə, rəğbət və hörmətə, insani dəyərlərə xidmət edən innovasiyalara rəvac verməliyik. Cənab Prezident İlham Əliyevin də əminliklə söylədiyi kimi, müxtəliflik bizim gündəlik həyatımızın reallığını əks etdirir. Bizim yeni proqramlarımız da məhz demokratiya prinsipləri əsasında hamının mənafeyinə xidmət etməlidir. Məhz bu məqsəd UNESCO-nun fəaliyyətinin əsas prinsipidir. Bu Forumun tərəfdaşlarını Bakıda bir araya gətirən də məhz bu zərurətdir. UNESCO BMT-nin əsas qurumlarından biridir. Bu gün bu Forumda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı, Dünya Turizm təşkilatlarının, eləcə də bir sıra qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələri iştirak edirlər. Bu da həmrəyliyimizlə bağlı bir mesajdır.
İrina Bokova UNESCO-nun mədəni müxtəlifliyin, sülh naminə tərəfdaşlığın təbliği üçün səylərini əsirgəmədiyini vurğuladı. O, zorakı ekstremizmə qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyini bildirdi. Bunun üçün dialoqun gücləndirilməsinin, savadlılığın maksimum diqqətdə saxlanılmasının, beynəlxalq təşkilatların əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini ətraflı xarakterizə etdi. Təhsil layihələri, irqçiliyə qarşı mübarizə və digər məsələlərdən geniş bəhs edən İrina Bokova mədəni müxtəlifliyə də nail olmağın mühüm əhəmiyyətini xüsusi vurğulayaraq dedi:
- Biz dialoqu, sülhü daha da gücləndirməliyik. Münaqişəli zonalarda mədəni irsin qorunması ilə bağlı olan bu mesaj, eyni zamanda, “Bakı prosesi”nin təməlini təşkil edir. Mədəni müxtəliflik təhdid deyil, bu, hamı üçün şans və imkandır. Mən hətta deyərdim ki, mədəni müxtəliflik qürur mənbəyidir. Bu, bəşəriyyətin qürur mənbəyi olmalıdır. Mədəni müxtəliflik əsrlər boyu Azərbaycanın zəngin tarixi ənənəsini əks etdirən bir amildir.
Xanımlar və cənablar, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın təşəbbüsü olan ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bizim ümumi amalımıza, sülh üçün çağırışlarımıza gözəl bir cavabdır. Diqqətinizə görə təşəkkür edirəm.
***
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser çıxış edərək dedi:
- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.
Çox hörmətli rəhbərlər, qonaqlar, xanımlar və cənablar.
Yenidən Bakıda olmağımdan məmnunluğumu ifadə edirəm. Sizin gözəl şəhərinizdə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsindən təxminən bir ilə yaxın vaxt ötür. Cənab Prezidentin söylədiyi kimi, bu böyük uğur, müvəffəqiyyət tarixdə bir irs kimi qalacaqdır. Biz BMT təşkilatı olaraq Sizinlə və hökumətinizlə öz dəyərlərimizi paylaşırıq. Mən məmnuniyyətlə qeyd etmək istərdim ki, bizim komandalarımız tərəfdaş qismində əməkdaşlıq edir. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu birlikdə keçiririk.
“Bakı prosesi” artıq bir platformaya çevrilib. Bu platformanın artıq bir çox ölkədə mədəniyyətlərarası dialoqa, inklüziv cəmiyyətə rəvac verən bir prosesə çevrildiyini qeyd etməliyik. Sivilizasiyalar Alyansı bu təşəbbüsü ilk vaxtdan dəstəkləməyə qərar vermişdir. Öz növbəsində bunun xalqlar arasında, müxtəlif cəmiyyətlərdə, bir çox ölkələrdə müxtəlifliyə, dialoqa, eləcə də qarşılıqlı anlaşmaya töhfə verən bir proses olduğuna inanırıq. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi də xüsusi əhəmiyyətə malikdir. Bildiyiniz kimi, Forumun məqsədi insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanları axtarmaqdan ibarətdir. Forumun plenar sessiyalarında da insan hüquqları, sülh, təhlükəsizlik, davamlı inkişaf, qarşılıqlı anlaşma müzakirələrimizin əsas mövzuları olacaq. Biz bunları ayrı-ayrılıqda həyata keçirdikdə istədiyimiz məqsədlərə nail ola bilməyəcəyik. Bu məsələlərə kompleks yanaşılmalıdır. Təəssüflər olsun ki, bir çox islahatlarda uğursuzluğa düçar olmuşuq. BMT-nin nizamnaməsi, hamımızın burada müdafiə etdiyimiz nizamnamə, fundamental səviyyədə 3 təməl sütunu ilə sıx əlaqəlidir. Bunlar bizim də əsas rəhbər prinsiplərimiz olmalıdır.
Baş katib Quterreşin də sülhlə bağlı çağırışları hər zaman gündəmdə qalmaqdadır. Biz hamımız birgə əməkdaşlıq edərək əlimizdəki səlahiyyət çərçivəsində vəzifə və öhdəliklərimizi yerinə yetirməli, bu hədəflərə, məqsədlərə nail olmalıyıq.
Nassir Abdulaziz Al-Nasser qarşıya qoyulan məqsədlərə nail olmaqda mədəniyyətlərarası və dinlərarası dialoqun da vacib rolunu vurğulayaraq bildirdi:
- Məhz bu səbəbdən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni sahələr, yeni parametrlər - yüksək səviyyədə beynəlxalq təşkilatların görüşü çox güclü tərəfdaşlarla bir yerdə keçirilir. Bu Forumda sizləri qlobal tərəfdaş kimi təqdir edirik.
Nassir Abdulaziz Al-Nasser dindən sui-istifadənin yolverilməzliyini xüsusi qeyd etdi. O, sülhə və inkişafa nail olunmasında bəşəri həmrəyliyin həlledici rolunu diqqətə çatdırdı. ümumi amallara çatmaqda siyasi liderlərin mövqeyinin mühüm əhəmiyyət daşıdığını bildirən Nassir Abdulaziz Al-Nasser dedi:
- Mən bir daha siyasi liderlərə üz tutaraq nifrət dolu çıxışlardan uzaq durmağa çağırıram ki, bizim bu ali məqsədimiz ekstremistlərin işinə yaramasın. Onlar təəssüflər olsun ki, bizim dəyərlərimizi aşağılamağa çalışırlar. Biz bir çox məsələlərdən agahıq. Eyni zamanda, öz səylərimizlə, təşəbbüslərimizlə mədəniyyətlərarası, dinlərarası dialoqa töhfə verməyə və körpülər qurmağa çalışırıq. Bunlar vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Biz bu hədəflərə nail olunması işində Azərbaycanı özümüz üçün mühüm bir tərəfdaş kimi görürük. Bu əməkdaşlıq gələcəkdə müxtəlif səviyyələrdə davam edəcək. Səmimiyyətlə inanıram ki, mədəniyyətlərarası dialoq, vasitəçilik və barışıq prinsipləri, eyni zamanda, dünyadakı problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcək. Gəlin, bizim vaxtilə söylədiyimiz sözləri xatırlayaq: Dünya o zaman sülh və əmin-amanlıq şəraitində olacaq ki, insanlar öz gündəlik həyatlarında təhlükəsiz yaşaya biləcəklər. Mən bu Forum çərçivəsində kreativ ideyaların mübadiləsinə ümid bəsləyirəm. Hamınıza uğurlar diləyirəm. Təşəkkür edirəm.
***
BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai çıxış edərək dedi:
- Cənab Prezident, bir daha Sizi görməyimdən böyük iftixar və şərəf hissi duyuram. Mən hər dəfə Bakıya gəldiyim zaman Sizin tərəfinizdən qəbul olunmaq şərəfinə nail oluram. Bu, mənim üçün vacibdir. Bu gün səhər mən bu fikrin bir daha şahidi oldum. Mənə elə gəlir ki, biz burada böyük mesajları Sizdən eşitdik və bu mesajın böyük dəyəri var. Çox sağ olun.
Prezident İbrahim Boubakar Keita, çox sağ olun ki, bu gün bizimlə buradasınız.
Hörmətli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Sizi burada görməyimdən çox şadam. Çox sağ olun ki, buraya gəlmisiniz və öz fikirlərinizi bizimlə bölüşəcəksiniz.
Xanımlar və cənablar.
Mən sizin hamınızın burada olmağınızı alqışlayıram. Görürəm, burada çox maraqlı insanlar, dostlarımız əyləşiblər. Biz burada toplaşmışıq ki, yaşadığımız dünyanı daha təhlükəsiz edək. Biz bunu hər zaman yüksək dəyərləndiririk. Çox sağ olun.
Hörmətli dostlarım, böyük şərəf və iftixar hissi ilə bu gün burada sizinləyəm, Bakıdayam. Bakı gözəl şəhərdir. Ötən gecə Bakını seyr etmək, onun gözəlliyini görmək imkanımız oldu. Bir daha şahidi oluruq ki, paytaxtınız daha da gözəlləşir. Bir il əvvəl gəldiyim zamanla indiki vaxtı müqayisə edərək görürəm ki, nə qədər böyük dəyişikliklər olub. Bakının bu gözəl, saf enerjisini duyuram.
Hörmətli cənab Prezident, Albert Eynşteyn deyirdi ki, keçmişlə gələcəyin arasında olan əlaqə əslində bizim beynimizdə illüziya təşkil edən fikirlərdir. Keçmişdə nə baş verirsə, biz onu yaddan çıxara bilmərik, çünki o, sonra yenidən təkrarlanır. Biz gələcəkdən də bunu gözləməliyik. Qlobal liderlər olaraq bizim qarşımızda bir vəzifə dayanır. Biz bu gəmidə davamlı şəkildə mümkün qədər düzgün istiqamətdə irəliyə doğru getməliyik. Bu, çox ağır bir dövrə təsadüf edir. Çünki biz təlatümlü və qeyri-aydın bir dövrdə yaşayırıq. Böyük yazıçı Çarlz Dikens deyirdi ki, biz ağır, eyni zamanda, ən maraqlı dövrdə yaşayırıq. Bu çağırışlar, iqtisadi böhran, terrorçuluq, insan hüquqları üzrə mübarizə, bərabərsizliyin aradan qaldırılması, iqlim dəyişikliyi və eyni zamanda, təcridolunma, divarların çəkilməsi, sədlərin tikilməsi dövründə yaşayırıq. Eyni zamanda, mənim şərəflə təmsil etdiyim sahə adından deyə bilərəm ki, biz insan azadlıqlarını, xüsusən də insanların azad şəkildə yerdəyişmələrini təmin etməliyik. Biz keşməkeşli bir vaxtda yaşayırıq. Görürük ki, bu gün dünya bəzi yerlərdə daha çətin vəziyyətə sürüklənir.
Mən çox şadam ki, siz burada toplaşmısınız. Bu gün siz çalışırsınız göstərəsiniz ki, dünya bir-birindən asılıdır. Əgər biz bir-birimizdən asılıyıqsa bir-birimizə daha böyük hörmətlə, daha böyük mərhəmətlə yanaşmalıyıq.
Taleb Rifai dünyada qarşılıqlı zənginləşmədə və milli iqtisadiyyatların böyük mənfəət əldə etmələrində turizmin də vacib rol oynadığını əsaslandırdı. O, kamil dünyanın formalaşdırılmasında tolerantlığın, qarşılıqlı anlaşmanın təbliğinin və bu sahədə sıx əməkdaşlığın mühüm əhəmiyyətini diqqətə çatdırdı. Bu baxımdan Azərbaycanın nümunəvi rolunu xüsusi vurğulayan Taleb Rifai dedi:
- Cənab Prezident, BMT-nin Baş Məclisi 2015-ci ildə üç əsas vacib sənəd qəbul etmişdir. Birincisi, o, 17 davamlı inkişaf məqsədini qəbul edib. Bu, 193 üzv dövlətə aiddir. İkincisi, 2015-ci ilin dekabrın 2-də Paris sazişi imzalandı. Bu da vacib bir hadisə idi. üçüncüsü, 2015-ci ilin sentyabrında qəbul edilmiş qərara görə, bu il dünyada “Turizm İli” kimi qeyd olunur. Bu, hamımız üçün nadir bir imkan yaradır ki, biz birgə çalışaq və daha kamil dünyanı qorumaq üçün səylərimizi birləşdirək. Mən ümid edirəm ki, XXI əsrdə bundan sonra dünyanın müxtəlif yerlərində insanlar təhlükəsiz və daha yaxşı şəraitdə yaşayacaqlar. Bizim qlobal çağırışlarımız yalnız tərəfdaşlıq yolu ilə aradan qaldıra bilər. Bunun başqa yolu yoxdur. Buna görə IV ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ideal bir fürsətdir ki, biz öz öhdəliklərimiz haqqında düşünək.
Hörmətli dostlar, bəlkə də bu, mənim Dünya Turizm Təşkilatının baş katibi kimi ölkənizə etdiyim sonuncu səfərimdir. İnsanlara, cəmiyyətlərə, mədəniyyətlərə, ətraf mühitə hörmətlə yanaşmalıyıq. Çünki bununla biz özümüzə hörməti təmin edirik. Buna görə cənab Prezident, biz bundan sonra da Azərbaycana gələcəyik. Azərbaycan elə bir diyar, elə bir ölkədir ki, dünyada böyük nüfuza malikdir. Biz Azərbaycanı “Odlar diyarı” adlandırırıq. Əsrlər boyu belə olub. Azərbaycan gözəl bir məkandır. Çox səmimi xalqınız var, cənab Prezident. Bu baxımdan Sizi xoşbəxt hesab edirəm.
Hörmətli dostlar, gəlin, yadda saxlayaq ki, bizim həyatımız məhz bu cür məsələlərə vaxtımızı sərf etməklə qurulmalıdır. Buna görə xanımlar və cənablar, bizim həyatda əsas məramımız bu dünyanı daha da təkmilləşdirmək olmalıdır. Çox sağ olun, təşəkkür edirəm.
***
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin gündəlikdə duran məsələlər barədə fikirlərini bölüşərək dedi:
-Zati-aliləri cənab Prezident İlham Əliyev.
Zati-aliləri Malinin Prezidenti.
Xanımlar və cənablar.
Əvvəla, məni bu tədbirə dəvət etdiyinizə görə dərin təşəkkürümü bildirirəm. Mən bu gözəl Bakı şəhərində ilk dəfədir ki, oluram. Mən burada İslam Əməkdaşlıq Təşkilatının rəhbəri kimi iştirak edirəm. Mən məmnuniyyətlə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə və onun hökumətinə təşəkkürmü bildirirəm ki, onlar məni bu tədbirə dəvət ediblər və buraya gəldiyim andan Sizin səmimi qonaqpərvərliyinizin şahidi oldum.
Siz 8 il əvvəl başladığınız “Bakı prosesi” haqqında danışdınız və mədəni müxtəlifliyin bir həyat tərzi kimi burada daha geniş vüsət aldığını qeyd etdiniz. Biz bilirik ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşir.
Cənab Prezident, Siz çox səylər göstərmisiniz ki, biz elə məkanlar formalaşdıraq ki, orada sivilizasiyalar və xalqlar qovuşsun. Bu baxımdan mən UNESCO-ya və BMT-nin Sivilizasiyalar Alyansına minnətdarlığımı bildirmək istəyirəm. O cümlədən Dünya Turizm Təşkilatına, FAO-ya, İSESCO-ya və bütün digər tərəfdaşlarımıza təşəkkürümü bildirirəm ki, onlar bu Forumun təşkil edilməsinə sadiq olublar və xalqlar, mədəniyyətlər arasında dialoqun təşviq edilməsi istiqamətində çox iş görüblər.
Yusif Əl-Osaymin xalqlar arasında birliyin gücləndirilməsində mədəni müxtəlifliyin vacib rol oynadığını qeyd etdi. O, bu məqsədlə dialoqu, sülh mədəniyyətini təşviq etməyi və bunun üçün səyləri birləşdirməyi xüsusi vurğulayaraq bildirdi:
- Biz ədavətə, ekstremizmə qarşı çıxırıq, qarşılıqlı anlaşmanı, mədəni müxtəlifliyi təşviq edirik və istəyirik ki, sivilizasiyalararası dialoq daha da artsın. Mən bir daha təşkilatımızın sadiqliyini qarşınızda təsdiq edirəm ki, biz bundan sonra da sivilizasiyalararası, dinlərarası dialoqa dəstəyimizi davam etdirəcəyik. Biz bunu özümüzə vacib bir vəzifə hesab edərək gələn illər üçün müvafiq planlarımızı tərtib etmişik. Biz bu planları müxtəlif ölkələrin, üzv dövlətlərin sammitlərində və təşkil etdiyimiz digər tədbirlərdə müzakirə edib təsdiqləmişik. Sizə işinizdə uğurlar arzulayıram. Çox sağ olun.
***
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Forumda qaldırılan məsələlər barədə qənaətini diqqətə çatdıraraq dedi:
- Hörmətli cənab Prezident İlham Əliyev.
Mali Respublikasının Prezidenti cənab Keyta.
Hörmətli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva, xanımlar və cənablar.
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən şərəf hissi duyuram. Əslində mən bundan əvvəl keçirilmiş forumlarda iştirak etmişəm.
Qeyd etməliyəm ki, bu Forum hər zaman uğurlu iş aparıb və Siz burada söylədiniz ki, əslində Forum çərçivəsində artıq mükafat da təsis edilib. Bu mükafatla sülh, dialoq və anlaşma istiqamətində çalışan insanların səyləri qiymətləndiriləcək. Mən Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, o, bütün dünyanın insanlarını bir araya gətirmək, sülh haqqında danışmaq, anlaşmanı artırmaq üçün səylərini əsirgəmir.
Gördüyümüz kimi, Bakı sülhün, inkişafın, mədəniyyətlərarası, dinlərarası dialoqun, müxtəlifliyin mövcud olduğu məkandır. Sözün əsl mənasında, - mən burada heç bir sözü özümdən artırmıram, - bu, belədir. Çünki ədavət, münaqişə, toqquşma olan bir dünyada Azərbaycan ahəngdarlıq ölkəsidir və biz bunun şahidiyik. Müxtəlif ölkələrdə oluram, 2005-ci ildən etibarən bir çox ölkələrə səfər etmişəm və görürəm ki, Azərbaycan müasir, demokratiya, inkişaf, mədəniyyətlərarası dialoq və sülh ölkəsidir. Bir sözlə, cənab Prezident, göstərdiyiniz bütün səylərə görə təşəkkür edirik ki, dünyanın müxtəlif insanlarını bir araya gətirmisiniz. Eyni zamanda, mən İSESCO adından mədəniyyətlərarası dialoqun möhkəmlənməsi istiqamətində aparılan işə görə də təşəkkürümü bildirirəm. Mən burada öz çıxışımı oxumaq istəyirdim. Lakin bilirəm ki, bunların hamısını oxusam bu, daha çox vaxt tələb edəcək. İstəməzdim ki, daha çox vaxtınızı alım.
Dörd məqamı bildirmək istəyirəm. Birincisi, dünyaya sülh lazımdır. Lakin sülh ədavətin, fobiyanın, müharibələrin və ədalətsizliyin yayıldığı şəraitdə mümkün deyil. Zənnimcə, bunun yeganə səbəbi ondan ibarətdir ki, super dövlətlər öz üzərilərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmirlər. Onlar yalnız öz maraqları uğrunda mübarizə aparırlar. Onlar BMT-nin Təhlükəsizlik Şurasında əyləşirlər və onların əsas işi əslində dünyada sülhün qorunması olmalıdır. Biz Zati-aliləri cənab Prezidentin nitqinə diqqət yetirdik və Dağlıq Qarabağ bunun bir misalıdır. Yəni, 20 ildən artıqdır ki, işğal mövcuddur. Dağlıq Qarabağ və yeddi rayon işğal altındadır. Azərbaycan Respublikasının ərazi bütövlüyü pozulub. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, digər beynəlxalq təşkilatlar qərarlar qəbul edib. Amma problem yenə də qalmaqdadır. Dünyanın digər yerlərində - Suriyada, Misirdə, Somalidə, Əfqanıstanda, İraqda insanlar müharibələrdən, münaqişələrdən, terrordan əziyyət çəkirlər. Mədəniyyət abidələri məhv edilir. Dünyadakı böyük güclər buna görə məsuliyyət daşıyır və onlar özləri bu müharibələri dayandıra bilmirlər. Bizə istəyirik ki, Təhlükəsizlik Şurası öz işini lazımi səviyyədə görsün. Mən bunu uca səslə bəyan etməliyəm, vaxt artıq yetişib. Biz gözləmə mövqeyində olmalı deyilik, biz tədbirlər görməliyik.
Dünyanın böyük dövlətlərinin üzərilərinə düşən vəzifələri düzgün dərk etməsinin həlledici əhəmiyyətini ətraflı xarakterizə edən Əbdüləziz bin Osman əl-Tuveycri ədalətin başlıca meyar olması üçün İSESCO-nun da səylərini əsirgəmədiyini diqqətə çatdıraraq söylədi:
- Gördüyümüz bütün işlər anlaşmanın, dialoqun və bu cür tədbirlərin həyata keçirilməsinə, bütün dünyada xalqların dinc şəraitdə yaşamasının gücləndirilməsinə yönəlməlidir. Mən xanım Bokovaya burada, bu prosesdə bizə verdiyi dəstəyə görə minnətdaram. Avropa Şurasındakı bütün tərəfdaşlarımıza, həmçinin UNİCEF, Dünya Bankı, Afrika İnkişaf Bankı və digər bütün tərəfdaşlarımıza minnətdarıq ki, onlar daha təhlükəsiz dünyanın qurulması işinə sadiqdirlər. Biz yalnız birgə səylərlə sülh və təhlükəsizliyi təmin edə bilərik. İSESCO bunu belə görür. Cənab Prezident, Sizi əmin edirəm ki, biz Sizin uğrunda mübarizə apardığınız məramı tam həyata keçirilməsinə öz töhfəmizi verəcəyik. Çox sağ olun.
***
Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battaini Draqoni çıxış edərək dedi:
-Cənab Prezident.
Xanım Mehriban Əliyeva.
Əziz qonaqlar, xanımlar və cənablar.
Mən bu gün burada Avropa Şurasının adından qətiyyətlə bizim üzv dövlətlərə üz tutaraq Azərbaycana və onun rəhbərliyinə belə bir mühüm Forumun təşkilatçılığını üzərilərinə götürdüyünə görə minnətdarlığımı bir daha çatdırıram. Qeyd etmək istərdim ki, mən 2008-ci ildə həqiqətən çox gözəl və dinamik inkişaf edən Bakı şəhərində olmuşam. O zaman Avropa Şurasının üzvü olan bütün ölkələrin mədəniyyət nazirləri qonşu ölkələrin mədəniyyət nazirləri ilə birlikdə Azərbaycana təşrif buyurmuşdular. O vaxt həmin nazirlər “Bakı prosesi”nin yekun qətnaməsini qəbul etmişdilər. O qətnamə mədəniyyətlərarası dialoqu təşviq edən bir sənəddir.
Cənab Prezident, Sizə və komandanıza sülh prosesinə, mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına verdiyiniz töhfəyə görə xüsusi təşəkkür edirəm. Qeyd etdiyiniz kimi, “Bakı prosesi” artıq xəyal deyil, bir reallıqdır. Bəli, 2008-ci ildə bu, bir xəyal idisə, indi “Bakı prosesi” bir reallığa çevrilib. “Bakı prosesi” və mədəniyyətlərarası dialoq forumları bizlərə çox mükəmməl bir fürsət yaratmışdır ki, bir yerə toplaşıb dünyamızı narahat edən məsələləri müzakirə edək.
Qabriella Battaini Draqoni mədəni müxtəlifliklə, mədəniyyətlərarası dialoq və bu qəbildən olan digər məsələlərlə bağlı Avropada həyata keçirilən işləri ətraflı diqqətə çatdırdı. O, bu baxımdan maarifləndirmənin mühüm əhəmiyyət daşıdığını bildirdi. Qabriella Battaini Draqoni yaxın iki ildə Avropada islamofobiyaya qarşı mübarizə ilə əlaqədar ardıcıl iş aparılacağını dedi və qarşıda duran məsələlərin öhdəsindən bacarıqla gəlməkdə beynəlxalq təşkilatların da sıx əməkdaşlıq etməsinin vacibliyini diqqətə çatdıraraq vurğuladı:
-Heç zaman unutmamalıyıq ki, biz uğurla və səmərəli şəkildə əməkdaşlıq edə bilərik. Beləliklə, keçmişdə gördüyümüz işlərin fonunda mən də, həmçinin hamımız bu xoş notlarla bizim Forumun nəticələrinə böyük ümidlər bəsləyirik.
Cənab Prezident, Sizə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya üz tutaraq xahiş edirəm ki, “Bakı prosesi”nin məşəlini heç zaman sönməyə qoymayaq. Çünki indi dünyanın sülhə, harmoniyaya, birgəyaşayışa daha çox ehtiyacı var. Diqqətinizə görə təşəkkür edirəm.
***
Sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silvanın müraciəti səsləndirən FAO-nun aparat rəhbəri Mario Lubetkin dedi:
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.
Malinin Prezidenti cənab İbrahim Boubakar Keyta.
BMT-nin ali nümayəndəsi, baş direktorlar, baş katiblər.
Bizim sədarətin çox mötəbər və mühüm Forumun iştirakçıları.
İcazənizlə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzrə baş direktoru Joze Qratsiano da Silvanın salamlarını çatdırım. Əfsuslar olsun ki, özü başqa işləri olduğuna görə bura gələ bilmədi.
Mən əvvəlki məruzəçilərə də, çox səxavətli Azərbaycan Respublikasının xalqına da onların başladığı bu çox önəmli missiyaya görə minnətdarlığımı bildirmək istəyirəm. FAO-nun baş direktorunun müraciətində deyilir: “Xanımlar və cənablar, keçən il Bakıda Sivilizasiyalar Alyansının ilk tədbiri keçirildi. Biz çox şadıq ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu insanların təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanların axtarılması məsələlərinə həsr olunub. Bunlar çox vacib hədəflərdir”. Daha sonra müraciətdə bu Forumun insanlar arasında mədəni körpülərin qurulmasına xidmət etdiyi bildirilir, dünyada kənd təsərrüfatının inkişaf etdirilməsinin, insanların ərzaq və qida ehtiyacının ödənilməsinin əhəmiyyəti vurğulanır. Azərbaycanın ev sahibliyi etdiyi bu Forumun təşəbbüslərinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən dəstəkləndiyinin bəyan edildiyi müraciətdə qeyd olunur: “Bakı prosesi” öz növbəsində bir çox ali məqsədlərə çatmağa kömək edə bilər. Ona görə də bir daha qeyd edim ki, mən sözügedən “Bakı prosesi”nin məntiqi davamı olaraq BMT-nin Sivilizasiyalar Alyansı, eləcə də Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı “Mədəniyyətlərarası ərzaq təhlükəsizliyi və sülh” mövzusunda böyük bir tədbir keçirəcəkdir. Tədbir FAO-nun qərargahında elan ediləcək. Orada digər tərəfdaşlar da iştirak edəcəklər. Eləcə də bu tədbir məhz Azərbaycanın dəstəyi ilə keçiriləcək. FAO-nun üzv dövlətlər və təşkilatlarla, BMT ailəsi ilə, vətəndaş cəmiyyətləri, eləcə də özəl sektorla birlikdə keçirəcəyi tədbirin məqsədi planetimizdə mövcud problemlərə qarşı mübarizə aparmaqdır. Əminik ki, biz qlobal çağırışların həlli yollarını yalnız birlikdə tapa bilərik. Mən FAO-nun gələcək təşəbbüslərimizdə fəal rol oynayacağını bir daha qeyd etmək istərdim. Mən ev sahibi Azərbaycan Respublikasına minnətdarlığımı bildirir, müxtəlif ölkələrin nümayəndələrini, liderlərini müntəzəm surətdə dəvət edib öz təcrübələrini paylaşdıqları üçün ölkə rəhbərliyinə təşəkkür edirəm”.
***
Sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən yüksək səviyyəli qonaqların şərəfinə nahar verildi.

AZƏRTAC

Published in Siyasət

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva görüşdə iştirak edib

Mayın 5-də Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşü olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva görüşdə çıxış edib.

 

Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı

-Zati-aliləri.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar, əziz dostlar.

Əvvəlcə, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli toplantısında sizi salamlamaq istərdim.

Mən, həmçinin bu cür mühüm tədbirin ilk dəfə təşkilində Forum tərəfdaşlarımızın verdiyi çox fəal dəstəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bu tədbirin sessiyalarından mövzulara keçməzdən əvvəl ölkəmiz haqqında bir neçə söz söyləmək istərdim.

 

 

Azərbaycan dünyanın coğrafi və mədəni müxtəlifliyinin qovuşduğu nadir ölkələrdən biridir. Azərbaycanın paytaxtı Bakı Şərq ilə Qərbin, eləcə də müasir və tarixi dövrlərin harmonik birləşməsidir.

Öz tarixi boyu Azərbaycan qarşılıqlı əməkdaşlıq və dostluq şəraitində yaşayan müxtəlif mənşəyi və dini olan fərqli icmaların və millətlərin yaşadıqları məkan olub. Şərqin Qapısı kimi tanınan, müxtəlif mədəniyyət və sivilizasiyaların, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən və nəhayət, həm İslam, həm Avropa təşkilatlarının üzvü olan Azərbaycan çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir.

Azərbaycanda yaşayan müxtəlif xalqların ölkəmizin ictimai və siyasi həyatında oynadıqları mühüm rol ilə bərabər, biz onlar tərəfindən öz etnik dəyələrini, dinlərini və ənənələrini tam şəkildə necə qoruyub saxladıqlarını aydın şəkildə görürük. Azərbaycanda etnik və dini tolerantlıqla yanaşı, milli və mədəni müxtəliflik ab-havası ölkəmizi bir çox millətlərin və dinlərin olduğu məkana, o cümlədən qlobal səviyyədə mədəniyyətlərarası dialoq platformasına çevirib.

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla məhsuldar və səmərəli əməkdaşlıq tarixi var. Biz beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın artan rolunu ön plana çəkən bu cür ilk toplantını keçiririk.

Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli toplantısı Azərbaycan hökuməti, Avropa Şurası, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı və FAO ilə tərəfdaşlığı əsasında təşkil olunur. Həmin təşkilatların fəal üzvü olan Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlər keçirib.

Azərbaycan nadir ölkələrdən biridir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Fərəhlənirik ki, həmin iki aparıcı beynəlxalq təşkilat arasında fəal əməkdaşlıq 2008-ci ildə “Bakı prosesi” ilə başladı. Bu gün “Bakı prosesi” olduqca mühüm və nadir beynəlxalq təşəbbüsdür.

Böyük rəmzi mənası var ki, Bakı 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edib və gələn həftə isə IV İslam Həmrəyliyi Oyunları başlayacaq. Hər iki tədbir nəticəsində Bakıya 100-dən artıq ölkənin nümayəndələri gəlib və gələcəklər. Biz bunu “Bakı prosesi”nin bir hissəsi hesab edirik. Millətləri və dinləri bir-birinə daha yaxın edən mühüm siyasi təşəbbüslərdən başqa, Azərbaycan dünyanın müxtəlif yerlərində müxtəlif humanitar və xeyriyyə layihələri həyata keçirib. İcazə verin, onlardan bəzilərini qeyd edim:

-Pakistanın Müzəffərabad regionunda 2005-ci ildə zəlzələ nəticəsində dağılmış qızlar üçün məktəbin yenidən tikilməsi;

-Romada qədim Marçellinio və Pietro katakombalarının bərpası;

-Versal Sarayının parkında tarixi abidələrin bərpası;

-Bosniya və Herseqovina, Gürcüstan, Macarıstan, Rumıniya, Rusiya və Serbiyanın bir sıra şəhərlərində məktəblərin, məscid və kilsələrin, reabilitasiya mərkəzlərinin, tibb ocaqlarının və istirahət parklarının tikintisi;

-Fransanın Aşağı Normandiya regionunda 20-yə yaxın yerli kilsənin, Strasburq Soborunda şüşə vitrajların bərpası;

-Vatikanın Apostol Kitabxanasında qədim əlyazmaların bərpası və rəqəmsal formata salınması, Vatikan muzeylərində bir sıra abidələrin bərpası;

-Luvr muzeyində İslam incəsənəti şöbəsinin yaradılmasında iştirak;

-Bolqarıstanın Veliko Tırnovo şəhərində Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpası;

-Almaniyanın Berlin kiləsinin bərpasında iştirak;

-İtaliyada, Romada Kapitoli Muzeyində filosoflar zalının bərpası.

Bu misallar mədəniyyətlərarası dialoqun potensialına və mövcudluğuna olan güclü inamımızı aydın şəkildə göstərir. Qlobal mədəni irsin qorunmasına verdiyimiz töhfə Azərbaycanın multikulturalizm dəyərlərinə birmənalı bağlılığını nümayiş etdirir.

 

 

Əziz dostlar, bu gün dünya qarşılıqlı anlaşma əsasında sivilizasiyaların dəyərlərinin qorunmasına və təşviq olunmasına ciddi ehtiyac duyur. Bu proses çərçivəsində hökumətlərin, siyasətçilərin, beynəlxalq təşkilatların və medianın üzərinə böyük məsuliyyət düşür. Bu proses hazırda hələ də böyük çağırışlarla üzləşir.

Dünyada milyonlarla insan hələ də yoxsulluqdan, aclıqdan, sosial bərabərsizlikdən, sağlamlığa təhdidlərdən əziyyət çəkir. Digərləri isə təbii və antropogen fəlakətlərdən, zorakı ekstremizmdən, terrorçuluqdan və humanitar böhranlardan əziyyət çəkirlər.

Biz praktiki olaraq söyləyə bilərik ki, bəzi hallarda beynəlxalq hüquqa riayət edilmir və ya onun normaları ikili standartlar nəticəsində pozulur. Əslində insan həyatına aid məsələlər və hər kəsin təhlükəsiz həyata hüququ ən ali prinsiplərdən biridir və qorunmalıdır. Bu baxımdan mədəniyyətlərarası, dinlərarası dialoq və əməkdaşlıq anlaşma və hörmət prinsipləri ilə birgə cəmiyyətin inkişafının mərkəzində dayanır.

Məqsədlərimizə nail olmaq üçün bəşəriyyət millətlər arasında qarşılıqlı əlaqəni quraraq, daha güclü münasibətləri yaradaraq ekstremizm və ksenofobiya kimi maneələri aradan qaldırmalıdır. Biz beynəlxalq təşkilatların, maliyyə və iqtisadi təsisatların göstərdikləri yardımı yüksək dəyərləndiririk və etiraf edirik ki, bu, həmin prosesin ayrılmaz hissəsidir.

Yüksək səviyyəli bu toplantının keçirilməsində məqsəd dünyanın siyasi, iqtisadi, mədəni, sosial, maliyyə və digər beynəlxalq təşkilatlarının insanların təhlükəsizliyi, davamlı inkişafı və inklüziv cəmiyyətlə bağlı qarşısında duran məsələləri müzakirə etməkdən ibarətdir. Biz, həmçinin çalışırıq birgə tədbirlər görək ki, mədəniyyətlər və sivilizasiyalar arasındakı gərginliklər aradan qalxsın. Çünki onlar bəzi hallarda dini, mədəni və sosial məhdudiyyətlər yaradır. Bu təşəbbüs resursları səfərbərliyə almaq, o cümlədən dünyanı daha təhlükəsiz etmək üçün birgə səylərin göstərilməsində əlavə platforma olacaq. Ona görə, beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə birinci yüksək səviyyəli toplantının keçirilməsi mədəniyyətlərarası anlaşmanı, tolerantlığı, qarşılıqlı hörməti, qlobal vətəndaşlıq etikasını, müştərək məsuliyyətimizi təmin edəcək.

Bizim hamımız dünyada mədəni müxtəlifliyi tanıyırıq. Bütün mədəniyyətlərə və sivilizasiyalara gəldikdə, onlar davamlı inkişafa töhfə verməlidir. Bütün bu işlərin həll olunması asan deyil. Bizim hamımızın müxtəlif mədəni mənşəyi var. Biz hesab edirik və ən azı etiraf etməliyik ki, müxtəlif perspektivlər mövcuddur və onlar açıq qalır.

Yekun olaraq, əlbəttə, qeyd edirik ki, dialoq dərhal razılaşma, sadə anlaşma və yaxud başqa məsələlərin həlli demək deyil. Çünki bu, müxtəlif ideyalar və stereotiplər arasında olan boşluğun aradan qaldırılmasına göstərilən cəhddir. Bu, təbii ki, münaqişədən daha yaxşıdır. Mən sizə maraqlı diskussiyalar arzulayıram. Hesab edirəm ki, bizim məramımız bununla daha da güclənəcək. Biz dialoqu davam etdirəcəyik və bir çox çağırışları aradan qaldırmağa nail olacağıq. Çox sağ olun, Bakıya gəldiyinizə görə sizə təşəkkür edirəm. Diqqətinizə görə minnətdaram.      

***

Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün birinci sessiyası “İnsanların təhlükəsizliyi üzrə müştərək məsuliyyət: davamlı inkişaf üzrə dayanıqlı və inklüziv cəmiyyətlərin qurulması” mövzusuna həsr edilib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser sessiyanın mövzusunun aktual olduğunu bildirərək deyib: “İcazə verin, mən bu sahədə Azərbaycanın ön cərgələrdə getdiyini xüsusilə qeyd edim. Bu ölkənin hökuməti insanlar arasında mədəniyyətlərarası dialoqun təşviqi sahəsində çox böyük işlər görür. Xatırlatmaq istərdim ki, BMT-nin Xartiyasının 8-ci bölümündə deyilir: BMT Beynəlxalq sülhün və təhlükəsizliyin saxlanılmasında mədəni irsi qorumalı və onun üçün imkanlar yaratmalıdır”.

Son dörd il ərzində Sivilizasiyalar Alyansının genişləndiyini diqqətə çatdıran Nassir Abdulaziz Al-Nasser həm də inklüziv dialoqun qurulmasında davamlı inkişafın təmini istiqamətində görülən işlərdən və əldə edilən nailiyyətlərdən danışıb. “Mədəniyyətlərarası dialoq insan təhlükəsizliyinin əsasını təşkil edir. İnsan ləyaqəti, insan hüquqlarının vacibliyi bizim əsas amalımızdır. İstərdik ki, insanlar, bu işin əsasında dayansınlar. Məsələn, 2015-ci ildə “Ədavətə yox deyək” kampaniyasına başladıq və insanları səfərbər etməyə müvəffəq olduq. Miqrantların, qaçqınların problemlərini internet vasitəsilə geniş ictimaiyyətə çatdırdıq. Habelə gənclər arasında bir sıra layihələr həyata keçirdik. Məsələn, Qərbi Afrikada 12 regional ölkədən 20 gənc bizim təşkil etdiyimiz kurslarda iştirak etdi. Vətəndaş cəmiyyəti təşkilatları da bu işə fəal qoşulmalıdır”, - deyən Nassir Abdulaziz Al-Nasser insan təhlükəsizliyini və sülhü bərqərar etməyin mümkünlüyünü diqqətə çatdırıb. O, çıxışının sonunda təşkilatın bundan sonra da mədəniyyətlərarası dialoqa dəstək verəcəyini bildirib.

 

 

UNESCO-nun baş direktoru İrina Bokova 2008-ci ildə Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş “Bakı prosesi”ni zamanında verilmiş qərar kimi dəyərləndirib.

Mədəniyyətlərarası dialoqa hər yerdə və cəmiyyətin hər təbəqəsində ehtiyac olduğunu, bu dialoqun 2030-cu il proqramı üçün də vacibliyini qeyd edən İrina Bokova deyib: “Mədəniyyətlərin bir araya gəlməsində Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban Əliyeva bizi dəfələrlə konkret olmağa çağırıb. Bu gün mən sizin diqqətinizi UNESCO-nun xüsusi nəşrinə yönəldirəm. Ekstremizmə qarşı mübarizədən danışarkən qeyd etməliyəm ki, sülh çağırışları ilə bağlı məktəblərdə təbliğat aparılmalıdır. Biz təşkilat olaraq üzv dövlətlərlə əməkdaşlıq çərçivəsində proqram hazırlayırıq”.

“Biz öz fəaliyyətimizlə göstərməliyik ki, dünyada müxtəliflik mövcuddur. Eləcə də İslam mədəniyyəti, İslam irsi bütün dünya üçün vacibdir. Bu sivilizasiya, sülhlə bağlı bir məsələdir. Bu, UNESCO adından mesajdır”, - deyən İrina Bokova bu məsələlərə hər zaman xüsusi diqqət ayıran Azərbaycan hökumətinə təşəkkür edib.

BMT Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai turizm sektorunun mədəniyyətlərarası dialoqda rolundan danışaraq deyib ki, ən yaxşı dialoq insanların bir-biri ilə görüşüdür. İnsanlar özlərini real həyatda olduğu kimi görürlər. Azərbaycanda təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu baxımdan geniş imkanlar yaradır.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri qeyd edib ki, mədəni irs bəşəriyyətin ən vacib resursudur. Ortaq dəyərlərə xidmət etmək hamı üçün vacibdir. Mədəni abidələr qorunmalıdır. “Biz məhəbbətin, eşqin, sülhün elçiləri olmalıyıq. Habelə gənclərimizə daha diqqətli olmalı, onları dəstəkləməli, onlara ilham verməliyik. Biz onlara nəyisə diktə etməməliyik. Biz onları dəstəkləməliyik. Çünki bir çox ölkələrdə gənclər irqçilik, miqrant olmaq arzusu ilə yaşayırlar. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün bu problemlərin həlli yollarının birgə araşdırılması baxımından əhəmiyyətlidir”, - deyə İSESCO-nun baş direktoru vurğulayıb. 

Təhlükəsizliyin təkcə ölkə daxilində deyil, kənarda, qonşu ölkələrdə baş verən hadisələrlə bağlı olduğunu söyləyən NATO-nun İctimai Diplomatiya üzrə baş katibinin müavini Tacan İldem deyib: “Azərbaycan bizim təşəbbüslərimizi dəstəkləyir və konkret addımlar atır”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kabinet rəhbəri Mario Lubetkin IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycan xalqına, hökumətinə təşəkkür edib və tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O deyib: “FAO üçün “Bakı prosesi”ndə çıxış etmək şərəfdir. Burada təhlükəsizlik və sülh məsələləri haqqında danışılır və bu, 2030-cu ilə qədər Davamlı İnkişaf Məqsədləri üçün çox vacibdir. Biz bütün insanları, icmaları bir araya gətirməliyik. Bu, bəşəriyyət üçün vacibdir. FAO Azərbaycan hökuməti ilə bir sıra tədbirlər keçirməyi planlaşdırır. Təşkilatımız mədəniyyətlərarası dialoqa dəstək verməyə hər zaman hazırdır”.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov təşkilatın gördüyü işlərdən danışıb. Bildirib ki, təmsil etdiyi qurumun məqsədlərindən biri dayanıqlı inkişafa dəstək verməkdir. Şuranın beynəlxalq əlaqələrindən danışan R.Həsənov vurğulayıb ki, birgə ümumi maraqlarımız və həll variantlarımız var. İnklüziv və hərtərəfli cəmiyyətlərin qurulması olduqca vacibdir və biz aktiv şəkildə öz səylərimizi səfərbər etməliyik.

Bakıya ilk dəfə gəldiyini və ölkəmiz haqqında xoş təəssüratlarını qeyd edən BMT-nin Nayrobi Ofisinin baş direktoru Sahle Zevde Azərbaycanın zəngin mədəniyyəti və tarixinin önəmli rolunu vurğulayıb.

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai deyib: “Forum imkan yaradır ki, biz maraqlı dialoq aparaq, sülhü təşviq edək. Çox şadıq ki, Azərbaycan hökuməti ilə əməkdaşlıq edirik. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Azərbaycan iyul ayında dayanıqlı inkişafla bağlı öz hesabatını Nyu-Yorkda təqdim etməyə hazırlaşır. Biz bunu dəstəkləyirik”, - deyə Qulam İshaqzai qeyd edib.

Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün ikinci sessiyası isə “İqtisadi, maliyyə institutları və inkişaf agentlikləri arasında 2030-cu il Gündəliyinə doğru mədəniyyətlərarası dialoq üçün qarşılıqlı əməkdaşlığın qurulması: problemlər və imkanlar” mövzusuna həsr edilib.

Bu sessiyada Ərəb Maqreb Birliyi, Afrika Birliyi Komissiyası, Qırmızı Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Parlamentlərarası Birlik, Dünya Bankı, İslam İnkişaf Bankı, KAİCİİD, OECD, UNEP, USAİD, TİKA, KOİCA, GİZ, Fransa İnkişaf Agentliyi və digər nüfuzlu qurumların təmsilçiləri çıxış ediblər.

 

 

Yoxsulluğa qarşı mübarizədə əməkdaşlığın vacibliyindən danışan Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Naqvi deyib ki, belə nüfuzlu forumlar vacib məsələlərə birgə yanaşmalar üçün yeni imkanlar yaradır. Forumda çıxışçıları diqqətlə dinlədiyini söyləyən natiq Azərbaycan dövlətinə belə bir beynəlxalq platformanı reallığa çevirdiyi üçün təşəkkür edib.

Bakıda olmasından qürur duyduğunu deyən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının  baş katibinin müavini Rintaro Tamaki aparılan müzakirələri və səsləndirilən təklifləri yüksək qiymətləndirib. Vurğulayıb ki, Forumda səslənən təkliflər nəinki dövlət qurumlarının, həm də özəl sektorun gələcək əməkdaşlığına yeni yanaşmalar gətirəcək.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Mişel Kristides bildirib ki, belə əməkdaşlıq mədəni irsin mühafizəsində çox mühüm amildir. Bu Forum bir daha göstərir ki, mədəniyyət sahəsində əməkdaşlığın təşviq olunması mühüm amildir. Biz buna xüsusi diqqət yetirməliyik.

Təmsil etdiyi qurumun gördüyü işlər və həyata keçirdiyi layihələrdən söz açan İslam İnkişaf Bankının regional iqtisadçısı Rustam Eşonkhujayev Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini bildirib. Aparılan müzakirələr bir daha göstərir ki, yaxın gələcəkdə əlaqələrimiz daha da genişlənəcək və əsas hədəflərimizi müəyyən edəcəyik.

UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib: “Forumda daha əmin oldum ki, biz müzakirələri təkcə öz aramızda aparmamalıyıq. İnsanları proqramlara cəlb etməklə, daha yaxşı qərarların qəbul edilməsinə nail olmaq mümkündür. Məhz buna görə də birgə əməkdaşlığa üstünlük verməliyik”.

Təbiətin mühafizəsinin ən mühüm amillərdən biri olduğunu söyləyən UNEP-in icraçı direktorunun müavini İbrahima Thiau bildirib ki, ətraf mühitin qorunması mənəvi, qlobal məsuliyyətdir. Hər il 30 milyona yaxın insan ətraf mühitin deqradasiyası səbəbindən vəfat edir. Bu gündə 35 min adam deməkdir, hər dəqiqə 25 adam çirklənmə və ekologiyadan dünyasını dəyişir. Təbiətin bizə deyil, bizim təbiətə ehtiyacımız var. Planetimiz məhv olunmamalıdır. Biz elə etməliyik ki, planeti qoruyaq.

“Bu beynəlxalq tədbir bir daha göstərir ki,  qloballaşan mühitdə terrorizmə meydan verməməliyik. Beynəlmiləlçilik, gənc nəsli maarifləndirmək və çiyin-çiyinə davamlı inkişaf hədəflərinə doğru getmək ən başlıca vəzifələrimizdən biri olmalıdır”, - deyə Ərəb Maqreb Birliyinin baş katibi Taieb Bakkuş vurğulayıb.

Azərbaycan hökuməti ilə 25 ildən artıqdır əməkdaşlıq etdiklərini deyən USAİD missiyasının direktoru Mikaela Meredit ötən müddət ərzində bir sıra müştərək layihələrin həyata keçirildiyini söyləyib. Azərbaycanın son illər qazandığı uğurları yüksək qiymətləndirən natiq ABŞ-ın ölkəmizlə  əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Tədbirdə “ASAN xidmət”in aparat rəhbəri Azad Cəfərov qurumun gördüyü işlərdən, əldə etdiyi uğurlardan və gələcək planlardan söz açıb. O deyib ki, “ASAN xidmət” yarandığı gündən böyük uğurlara imza atıb. Təqdirəlayiq haldır ki, xidmət BMT-nin mükafatına layiq görülüb.

Tədbirdə çıxış edən digər natiqlər Forumun işini yüksək qiymətləndirərək bu tədbiri təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildiriblər. 

AZƏRTAC

Published in Siyasət

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Mali Respublikasının Prezidenti İbrahim Boubakar Keita ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi xüsusi vurğulandı. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edildi, iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd olundu.

Azərbaycanda yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Mali Prezidenti dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illər sürətli inkişaf yolu keçərək dünyada böyük nüfuz qazandığını diqqətə çatdırdı. Prezident İbrahim Boubakar Keita ölkəmizdə keçirilən seçkilərdə dövlətimizin başçısının yüksək səs qazanmasının xalqın Azərbaycan Prezidentinə inamının və etimadının göstəricisi olduğunu diqqətə çatdırdı. Azərbaycanın sürətli inkişafından məmnunluğunu ifadə edən Mali Prezidenti Bakının dünyada mədəniyyətlərarası dialoq mərkəzinə çevrildiyini vurğuladı.

Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirən ali qonaq iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində Azərbaycanın təcrübəsinə, texniki imkanlarına, eləcə də idarəçilik təcrübəsinin öyrənilməsinə ehtiyac duyduqlarını bildirdi. Mali Prezidenti hərbi-texniki, enerji sahələrində də Azərbaycan ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu, terrorçuluğa qarşı mübarizədə ölkəmizin təcrübəsinin öyrənilməsinə maraq göstərdiklərini bildirdi.

Azərbaycan ilə Mali arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiklərini vurğuladı. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, qarşılıqlı ticarət və sərmayə qoyuluşu imkanlarının araşdırılmasının önəmini qeyd etdi.

 

 

AZƏRTAC

Published in Siyasət

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu, bu baxımdan dünyada böyük nüfuz qazanan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti yüksək qiymətləndirildi.

UNESCO-nun Foruma böyük önəm verməsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirdi ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna maraq ildən-ilə artır və bu tədbir artıq qlobal hadisəyə çevrilib. 

İrina Bokova UNESCO-nun bu Forumun əsas tərəfdaşlarından biri olmasından məmnunluq duyduqlarını bildirdi. Qeyd etdi ki, bu mötəbər tədbirə böyük əhəmiyyət verən UNESCO tərəfindən Forumda 15 müxtəlif layihə təqdim olunur. Xanım İrina Bokova dedi: “UNESCO regionda böyük nüfuz sahibi olan Azərbaycanın mövqeyini, bütün qonşu ölkələrlə dost və mehriban münasibətlərini yüksək dəyərləndirir”.

Forumun dünyada böyük uğur qazanması münasibətilə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbriklərini çatdıran UNESCO-nun baş direktoru Bakının dünyada mədəniyyətlərarası dialoq məkanı kimi tanındığını vurğuladı.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olundu, belə mötəbər tədbirlərin keçirilməsinin xalqların və ölkələrin bir-biri ilə daha da yaxınlaşması işinə xidmət etdiyi vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Azərbaycanın turizmin inkişafı ilə bağlı Dünya Turizm Təşkilatının tövsiyələrindən uğurla bəhrələndiyi, ölkəmizdə bu sahənin sürətlə inkişaf etdiyi qeyd olundu. Həmçinin yeni turizm marşrutlarının açılmasının, viza rejiminin sadələşdirilməsinin, gələcəkdə Azərbaycan vasitəsilə xüsusi tranzit reyslərin təşkilinə dair təkliflər müzakirə olundu.

Dövlətimizin başçısı son illər ölkəmizdə turizmin sürətlə inkişaf etdiyini, bu baxımdan geniş imkanların olduğunu vurğuladı. Prezident İlham Əliyev turistlərin ölkəmizə rahat gələ bilmələri üçün hər cür şəraitin yaradıldığını qeyd edərək, son dörd ayda artımın 26 faiz təşkil etdiyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti bildirdi ki, ölkəmizdə turist artımı bir sıra sahələrin inkişafına mühüm töhfə verir.

 

 

AZƏRTAC

Published in Siyasət

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa Şurası baş katibinin müavini Qabriella Battaini Draqoninin görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edildi.

Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunan Qabriella Battaini Draqoni bildirdi ki, bu tədbir Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verməklə ölkəmizin bu sahədə rolunu daha da gücləndirir.

Bu cür mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirən Qabriella Battaini Draqoni qeyd etdi ki, Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır. Bu Forum Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi yüksək dəyərin göstəricisidir. “Bakı prosesi” artıq dünyada böyük nüfuz qazanıb”, - deyən Avropa Şurasının rəsmisi təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və əlaqələri daha da möhkəmləndirmək istədiklərini dedi. Qabriella Battaini Draqoni vurğuladı ki, Azərbaycan Avropa Şurasının çox mühüm üzvlərindən biridir və Azərbaycan ilə əməkdaşlıq bizim üçün çox faydalıdır.

Avropa Şurası ilə əməkdaşlığın ölkəmiz üçün də faydalı olduğunu deyən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan bu əlaqələrə böyük əhəmiyyət verir. Dövlətimizin başçısı dedi ki, müəyyən məsələlərdə biz də bu əməkdaşlıqdan faydalanırıq və ona görə bu əlaqələrin inkişafına əhəmiyyət veririk. Biz Avropa Şurası ilə konstruktiv əməkdaşlığı davam etdirmək istəyirik.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan demokratik, dünyəvi, müasir dövlət qurur və bununla bağlı bütün tədbirləri həyata keçirir. Azərbaycanda bütün azadlıqlar, o cümlədən siyasi, ifadə, sərbəst toplaşma, mətbuat və internet azadlıqları hərtərəfli təmin edilib.

Dövlətimizin başçısı dedi ki, Azərbaycan təkcə Avropa Şurası ilə deyil, eyni zamanda, Avropa İttifaqı, NATO ilə, həmçinin digər Avropa və beynəlxalq strukturlarla da əməkdaşlıq edir. 

Söhbət zamanı qarşılıqlı etimadın təmin olunması ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyi bildirildi.

 

 

AZƏRTAC

Published in Siyasət

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstanın vitse-prezidenti İliana İotova ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Bolqarıstanın vitse-prezidenti İliana İotova beş il bundan əvvəl Bolqarıstan parlamentinin üzvü, indi isə ölkəsinin vitse-prezidenti qismində Azərbaycana səfər etməsindən böyük məmnunluq hissi duyduğunu bildirdi. O, hələ Avropa Parlamentinin deputatı olarkən Azərbaycanla fəal işlədiyini vurğuladı. Bolqarıstanın vitse-prezidenti dedi: “İcazə verin, Bolqarıstan Prezidenti Rumen Radevin çox xoş sözləri və səmimi arzularını özündə əks etdirən və diplomatik əlaqələrimizin qurulmasının 25 illiyinə həsr olunan məktubunu Sizə təqdim edim. Bolqarıstanda bizim münasibətlərimizin dəyərli tarixi çox yaxşı məlumdur və əminəm ki, münasibətlərimizin gələcəyi də çox gözəl olacaq”.

Məktubdakı xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ən xoş arzularını və salamlarını Bolqarıstan Prezidentinə çatdırmağı xahiş etdi. Bolqarıstan Prezidenti Rumen Radevlə Münxen Təhlükəsizlik Konfransında qısa görüşünü xatırlayan dövlətimizin başçısı iki ölkənin prezidentləri arasında bundan sonra da yaxşı əməkdaşlığın olacağına əminliyini bildirdi. Prezident İlham Əliyev İliana İotovanı Bolqarıstanın vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. Dövlətimizin başçısı qeyd etdi ki, onun vitse-prezident vəzifəsində ilk səfərini Azərbaycana etməsi ölkələrimiz arasında yaxın münasibətlərin yaxşı göstəricisidir. İkitərəfli münasibətlərimizin müxtəlif sahələri, o cümlədən siyasi, energetika, mədəniyyət sahələrini əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevanın Veliko Tırnovo mədəni layihəsində fəal iştirakının ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə töhfə verdiyini dedi. Prezident İlham Əliyev vitse-prezident İliana İotovanın IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını Bolqarıstanın bu tədbirə verdiyi əhəmiyyətin göstəricisi kimi dəyərləndirdi.

Bolqarıstanın vitse-prezidenti İliana İotova dedi: “Xanım Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik etmək istəyirəm. Mən hələ tələbə olarkən ilk elmi işim Trapezitsa ilə bağlı idi. Xanım Mehriban Əliyeva, Siz mənim ümdə arzularımı həyata keçirdiniz. Siz Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpasında fəal iştirak etmisiniz”.

Birinci xanım Mehriban Əliyeva xoş sözlərə görə minnətdarlıq edərək dedi: “Çox sağ olun. Mən böyük məmnunluqla əməkdaşlığımızı və birgə fəaliyyətimizi davam etdirəcəyəm. Xahiş edirəm Veliko Tırnovodakı bütün dostlarıma mənim salamlarımı çatdırın”.

Bolqarıstanın vitse-prezidenti İliana İotova Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

AZƏRTAC

Published in Siyasət

Hörmətli cənab Prezident,

Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 4 may 2017-ci il.

Published in Məktublar

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 426-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 5, maddə 327, N 12, maddə 983; 2011, N 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.24-1-ci yarımbənd əlavə edilsin:

“8.24-1. xaricdə yaşayan aztəminatlı azərbaycanlılara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada sosial yardım göstərmək;”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 may 2017-ci il.

Published in Fərman

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da çıxış edən Mehriban ƏLİYEVA dedi:

- Sizi Azərbaycanda salamlayıram, ölkəmizə, paytaxtımıza xoş gəlmisiniz. Böyük və vacib toplantıda iştirakınıza görə sizə dərin minnətdarlığımı bildirirəm. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti haqqında bu gün çox sözlər söyləndi. Biz çox şadıq ki, bu Forum artıq hər dəfə daha da genişlənir. Forumda 100-dən çox ölkənin nümayəndəsi iştirak edir. Mövzu bütün dünya üçün çox vacibdir. Mən çox şadam ki, biz Forum çərçivəsində digər vacib görüşlər də keçiririk. Bu gün xanım İrina Bokovanın təşəbbüsü ilə biz qızlar üçün təhsil məsələsindən danışırıq. Əlbəttə, təhsil sisteminin inkişafı hər bir dövlət üçün, hər bir ölkənin gələcəyi üçün ən vacib məsələdir. Azərbaycanda müstəqillik bərpa olunandan sonra təhsil sahəsinə diqqət ən vacib, ən prioritet istiqamətlərdən biridir. Yəni, bu gün biz fəxr hissi ilə deyirik ki, ölkəmizdə savadlılıq 100 faizə yaxındır. Bizim bu sahədə böyük təcrübəmiz və tariximiz var. Eyni zamanda, biz dünyanın aparıcı ölkələrinin təcrübəsini öyrənirik və beynəlxalq təşkilatlarla bu sahədə fəal işləməyə hazırıq.  

***

“Dəyirmi masa”da iştirak edən UNESCO-nun baş direktoru xanım İrina Bokova, Efiopiyanın birinci xanımı Roman Tesfaye, Malinin birinci xanımı Keita Aminata Maiqa, İordaniya şahzadəsi Dana Firas qızlara təhsil verilməsinin əhəmiyyətini qeyd edərək, mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bununla bağlı keçiriləcək sessiyada bu mövzu ətrafında fəal müzakirələrin aparılacağını bildirdilər.

Görüşdə qaçqın və məcburi köçkün ailələrindən olan qızların təhsilə cəlb edilməsi ilə bağlı Azərbaycanın müsbət təcrübəsi vurğulandı. “Dəyirmi masa” iştirakçıları bildirdilər ki, ölkəmizin bu sahədə təcrübəsi digər ölkələr üçün maraqlı ola bilər. Görüş zamanı xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərdən söhbət açıldı, Fond tərəfindən Pakistanda qızlar üçün məktəbin yenidən qurulması yüksək dəyərləndirildi. 

 

 

AZƏRTAC

Published in Siyasət
1 -dən səhifə 3