XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə, 05 May 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Tacan İldem NATO baş katibinin ictimai məsələlər üzrə müavini vəzifəsində Azərbaycana ilk dəfə gəldiyindən məmnunluğunu ifadə etdi, ölkəmizə sonuncu səfərindən iki il keçməsinə baxmayaraq, böyük bir inkişaf prosesinin şahidi olduğunu vurğuladı. Tacan İldem NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemin Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunda iştirakından məmnunluğunu ifadə etdi. NATO ilə əlaqələrə toxunan dövlətimizin başçısı ölkəmizin bu təşkilatla uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyini bildirdi, Azərbaycanın müxtəlif proqramlar, o cümlədən “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində sülhməramlı əməliyyatlarda həmişə etibarlı tərəfdaş kimi çıxış etdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verir, eyni zamanda, Azərbaycan hərbçiləri Əfqanıstanda təhlükəsizliyin təmin olunması işində iştirak edir, həmçinin Azərbaycan Əfqanıstanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirir.

Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti qeyd olundu, bu tədbirin ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində rolu vurğulandı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş etdi.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulandı.

Söhbət zamanı Azərbaycanda müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin mehriban qardaşlıq şəraitində yaşamaları məmnunluqla qeyd edildi, yüksək səviyyədə tolerantlığın mövcudluğu bir nümunə kimi vurğulandı.

Görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunularaq iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi bildirildi.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd edildi.

Nassir Abdulaziz Al-Nasser dedi: “BMT Sizin liderliyinizi yüksək qiymətləndirir. Bu liderlik özünü xüsusilə mədəniyyət, dinlərarası dialoqda və qarşılıqlı anlaşmada göstərir. Bu, çox önəmli məsələdir. Dünya çətin bir dövrü yaşayır. Biz digər ölkələrlə müqayisədə Azərbaycana baxanda burada Sizin rəhbərliyinizlə sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğunu görürük. Dünyada Sizin kimi liderlərə böyük ehtiyac var, biz bunu yüksək qiymətləndiririk”.

Dövlətimizin başçısı xoş sözlərə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Nassir Abdulaziz Al-Nasserin dünyada sivilizasiyalararası dialoqun inkişafı və möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini vurğuladı, ötən il Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, həmçinin IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində onun rolunu və verdiyi dəstəyi yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirdi.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd edildi, ISESCO-nun ilk gündən Forumun təsisçisi və fəal iştirakçısı olduğu, Forumun keçirilməsinə böyük dəstək verdiyi bildirildi. 

Söhbət zamanı Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi töhfənin önəmi vurğulandı, ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin müsəlman ölkələrinin bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyi qeyd olundu. 

Görüşdə, həmçinin Azərbaycan ilə ISESCO arasında uzun illər səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, ISESCO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi yüksək qiymətləndirildi, əməkdaşlığımızın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

Baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri ISESCO tərəfindən həyata keçirilən işlər və nəzərdə tutulan planlar barədə Prezident İlham Əliyevə məlumat verdi.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 12,  maddə 972; 2010, N 4, maddə 273, N 5, maddə 385; 2011, N 4, maddə 271; 2012, N 5, maddə 412, N 11, maddələr 1042, 1050; 2013, N 3, maddə 228, N 12, maddə 1468; 2016, N 6, maddə 985) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 90-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci cümlədə “miqrasiya orqanları işçilərinin” sözləri “müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin” sözləri ilə, “müvafiq icra hakimiyyəti orqanının hesabına” sözləri “müvafiq icra hakimiyyəti orqanlarının hesablarına” sözləri ilə əvəz edilsin;

1.2. ikinci cümlədə “vəsaitdən” sözü “vəsaitlərin bölgüsü və onlardan” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2017-ci il mayın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 25 aprel 2017-ci il.

Published in Qanun

Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak edib

Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva açılışda iştirak edib.

AZƏRTAC xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov və universitetin rektoru, professor Fərəh Əliyeva əsaslı təmirdən sonra tədris korpusunda yaradılan şərait barədə xanım Mehriban Əliyevaya məlumat verdilər.

Bildirildi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti əsasını 1923-cü ildə yaradılan Bakı Teatr Məktəbindən götürüb. Universitet dördmərtəbəli binaya 1997-ci ildə köçüb. İndiyədək burada heç vaxt əsaslı təmir işləri aparılmamışdı. Bu ali məktəbin tədris korpusu əsaslı təmirdən sonra müəllimləri və tələbələri qəbul etməyə hazırdır. Ali təhsil ocağında təmir işlərinə düz bir il əvvəl - 2016-cı ilin mayında başlanılıb. Universitetdə 2 mindən çox tələbə təhsil alır, 300-ə yaxın pedaqoq çalışır. Ali təhsil ocağının beş - rəssamlıq, kulturologiya, musiqi sənəti, kino və televiziya, teatr fakültəsi var. Bu korpusda isə üç fakültə fəaliyyət göstərir.

Xanım Mehriban Əliyeva korpusun foyesində quraşdırılan “Rəşadətli Azərbaycan Ordusu” adlı stendə baxdı. Burada 2016-cı ilin 2-5 və 27-28 aprel tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dağılan evləri və dinc əhaliyə dəyən ziyanı əks etdirən fotolar yer alıb. Stenddə Prezident, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cəbhə bölgəsinə səfərləri, həmçinin düşmənin darmadağın edilməsini əks etdirən fotolar təqdim olunur.

Birinci vitse-prezident Mehriban Əliyeva tədris korpusundakı “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə yaradılan şəraitlə də maraqlandı.

Heydər Əliyev Mərkəzi 2015-ci ildən etibarən Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, irsinin dərindən öyrənilməsi, inkişaf etdirilməsi, tədqiqi və daha geniş auditoriyalarda təbliği, gənclərin tarixi keçmişinə bağlı ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Heydər Əliyev məktəblərinin yaradılması layihəsini həyata keçirir. Layihə çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi” yaradılıb. Bu Məktəbdə nümayiş olunan ekspozisiyalar və məlumatlar üzrə foto, video və çap materiallarının toplanması, sistemləşdirilməsi və müvafiq bölmələrdə yerləşdirilməsi ilə bağlı kompleks işlər görülüb. Bununla əlaqədar Azərbaycan Dövlət Kino-Foto Sənədlər Arxivindən, Azərbaycan Dövlət İnformasiya Agentliyindən (AZƏRTAC), Prezident Administrasiyasının foto-arxiv şöbəsindən ulu öndər Heydər Əliyevə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin yeni dövrünə aid 150-yə yaxın foto seçilərək müvafiq bölmələrdə yerləşdirilib və xüsusi elektron lövhələrdə interaktiv şəkildə təqdim edilir.

Universitetdə kitabxana-informasiya mərkəzi də qurulub. Ali təhsil müəssisəsinin kitabxana fondunda 40 mindən çox ixtisas ədəbiyyatı var. Onlardan 21 mini məhz bu mərkəzdə yerləşir. Universitetin kitabxanasında Heydər Əliyevin zəngin irsini, Prezident İlham Əliyevin siyasi fəaliyyətini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətə və incəsənətə diqqət və qayğısını əks etdirən 70-ə yaxın kitab var.

Azərbaycanın Birinci vitse-prezidenti universitetdəki kiçik səhnə ilə də tanış oldu. Məlumat verildi ki, əvvəllər burada normativlərə uyğun olmayan zal var idi. İndi isə ən müasir avadanlıqla təchiz edilən səhnə qurulub. Təmirdən sonra tədris korpusu ən müasir işıq və səs avadanlığı ilə təchiz olunub, 10-a yaxın yaradıcılıq otağı yaradılıb. Zirzəmidə inventar otaqları, səsyazma studiyaları, operator otaqları, musiqi zalı yerləşir.

Universitetdə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “SABAH” qrupları da fəaliyyət göstərir. “SABAH” qrupları layihəsindən məqsəd xüsusi istedadı ilə seçilən və təhsildə göstəricilərinə görə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasıdır. Universitetin 31 tələbədən ibarət bu qrupu artıq qastrol səfərlərinə də gedir. Onlar Lənkəranda, Mingəçevirdə və Polşada olublar. “SABAH” qrupu üçün mütəmadi olaraq ustad dərsləri də təşkil edilir.

Məlumat verildi ki, korpusun müxtəlif mərtəbələrində kino və televiziya ixtisasları üzrə xüsusi işıq və səs avadanlıqları ilə təchiz olunan səhnəli 11 auditoriya, televiziya ixtisası üzrə tədris studiyası, auditoriyalar, zallar, iş və dərs otaqları var. Burada tələbələr müxtəlif əsərləri səhnələşdirəcək, çəkilişlər aparacaqlar. Tələbələr yaratdıqları əsərlərə sonradan elə həmin otaqlarda qurulan ekranlar vasitəsilə baxıb, onları müzakirə edə biləcəklər.

Əsaslı təmirdən sonra ali təhsil ocağında yaradılan şəraitdən məmnunluğunu bildirən Birinci vitse-prezident xanım Mehriban Əliyeva universitetə fəaliyyətində uğurlar arzuladı.

 

 

 

 

 

AZƏRTAC

Published in Elm və təhsil

Mayın 4-də Milli Məclisin sədri Oqtay Əsədov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Böyük Britaniya Lordlar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin müavini Baronessa Zahida Manzur ilə görüşüb.

Oqtay Əsədov deyib ki, Baronessa Zahida Manzurun Azərbaycanın dostu olaraq Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü kimi ölkəmizə səfəri bizim üçün böyük əhəmiyyət kəsb edir.

Milli Məclisin sədri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfələr verdiyini söyləyib. O, Baronessa Zahida Manzurun Forumda iştirakından məmnunluğunu qeyd edib. Milli Məclisin sədri belə səfərlərin parlamentlərarası əlaqələrin daha da inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb, bu tendensiyanın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycan xalqının yaxın dostu olduğunu deyən Baronessa Zahida Manzur ölkəmizə səfərindən və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından şad olduğunu söyləyib. O, ölkəmizin Böyük Britaniyadakı səfirliyi ilə yaxından əməkdaşlıq etdiklərini deyib və Böyük Britaniya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi.  

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan NATO üçün dəyərli tərəfdaşdır. NATO Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir. Azərbaycanın bu əməliyyatlarda iştirakı Avratlantik çağırışların həllinə böyük töhfədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldem deyib.

Tacan İldem ilk dəfə olaraq bu vəzifədə Azərbaycana səfərindən məmnun olduğunu vurğulayıb. O, Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” sülhməramlı missiyasında fəal iştirakını yüksək qiymətləndirib. Baş katibin müavini deyib ki, NATO və Azərbaycan müdafiə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq edir.

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən bəhs edən Tacan İldem çoxsaylı ölkələri və beynəlxalq təşkilatları bir araya toplayan bu tədbiri müasir dünyamızın üzləşdiyi bir sıra problemlərin həllində çox vacib təşəbbüs kimi dəyərləndirib.

AZƏRTAC

Published in Müsahibələr

Multikulturalizm anlayışı müxtəlif şəkildə şərh edilir. Bu, sadəcə tolerantlıq və dözümlülük deyil. Dözümlülük çox vaxt laqeydlikdən irəli gələ bilər. Qərbdə multikulturalizm məhz gəlmələrə münasibətdə laqeydlik kimi başa düşülür. Əslində isə bu, tamam başqa məsələdir. Bu, eyni bir şəraitdə mövcud olan müxtəlif xalqların, müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı sevgi, qarşılıqlı anlaşma deməkdir.

Müasir Azərbaycanda multikulturalizm  sahəsində çox böyük uğurlar qazanılıb. Ona görə də mənə belə gəlir ki, Azərbaycanda müxtəlif xalqların və müxtəlif mədəniyyətlərin qarşılıqlı sevgi və qarşılıqlı anlaşma şəraitində birgə yaşaması bu prosesin təbii və üzvi şəkildə necə baş verməli olduğunu göstərən nümunədir. Əlbəttə, burada siyasət və rəhbərliyin iradəsi də böyük əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, rusiyalı məşhur ictimai-siyasi xadim, filosof, tərcüməçi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bu fikirləri jurnalistlərə müsahibəsində söyləyib.

Rusiyalı politoloq deyib: “Əlbəttə, xalqın müəyyən bənzərsiz xüsusiyyətləri olur, lakin çox şey siyasətdən asılıdır. Buna görə də İlham Heydər oğlunun tutduğu yol, onun öz atası, müasir Azərbaycanın qurucusu Heydər Əliyevdən aldığı siyasi vəsiyyət - bütün bunlar öz bəhrəsini verir”.

A.Duqinin sözlərinə görə, Azərbaycan və rus xalqları arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri var. O deyib: “Məsələn, Azərbaycan xeyriyyəçisi, müsəlman Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilmiş məbədi görürük. Bu şəxs rus xalqına öz münasibətini bu şəkildə ifadə edib. Bu fakt mədəniyyətlərin dostluğunun təzahürüdür. Biz azərbaycanlılarla rusların, pravoslavlarla müsəlmanların əsrlərboyu birgə yaşamasının, bir-birinə sevgi və hörmətlə yanaşmasının, öz bənzərsiz xüsusiyyətlərini qoruyub saxlamasının, bayramlarda birgə iştirak etməsinin  şahidiyik. Bu, əsl uğurlu multikulturalizm nümunəsidir. Özü də bu, təkcə ruslara - Cənubi Qafqazda ən böyük icması Azərbaycanda olan xalqa aid  deyil. Dünən mən İsmayıllı rayonunun İvanovka kəndinə səfər etdim və orada Azərbaycan rəhbərliyinin, yerli əhalinin, yerli hakimiyyətin və adi siravi azərbaycanlıların molokanlara necə hörmət bəsləməsinin şahidi oldum. Buna görə də mənə elə gəlir ki, Azərbaycanda ənənələrə və tarixə üzvi hörmət zəfər çalıb”.

Rusiyalı filosof jurnalistlərlə söhbətində Azərbaycanda rus dilinə marağın qorunub saxlanması ilə əlaqədar müsbət təəssüratlarını da bölüşüb. A.Duqin sonda deyib: “Açığını deyim ki, rus insanının Bakıda özünü bu dərəcədə rahat hiss edəcəyini gözləmirdim. Buna görə də çox şadam və sevinirəm. Biz Qarabağın azərbaycanlılar icmasının nümayəndələri ilə görüşdük. Onlar rus dilində çox yaxşı danışırlar. Bu baxımdan mənə belə gəlir ki, Azərbaycan firavanlasan uğurlu dövlətdir, burada mədəniyyətə və ənənələrə çox böyük diqqət yetirilir. Bütün bunlar belə deməyə əsas verir ki, bizim münasibətlərimiz daha da inkişaf edəcək, regional siyasətdə, digər dövlətlər, xalqlar və bütöv sivilizasiyalarla dialoqda Azərbaycanın rolu daha da artacaq”.

 

AZƏRTAC

Published in Müsahibələr

Mayın 4-də Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı əvəzsiz tarixi xidmətlərindən danışıb.

Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında ulu öndər Heydər Əliyevin müstəsna rolunu vurğulayan rektor Ümummilli Liderin siyasətinin əhəmiyyətindən bəhs edib, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. 

Ulu öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu və Fəxri doktoru olduğunu qürur hissləri ilə qeyd edən akademik A.Məhərrəmov onun elmə, təhsilə daim xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Rektor vurğulayıb ki, bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Bütün bunlar dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsidir. Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Azərbaycan xalqı xoşbəxtdir ki, onun müdrik şəxsiyyət Heydər Əliyev kimi ümummilli lideri var.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolundan danışıb. Qeyd edilib ki, doğma Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, inkişafı yalnız və yalnız Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır.

Azərbaycanda qazanılan nailiyyətlərdən bəhs edən Əli Əhmədov ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub.

Akademik Vasim Məmmədəliyev ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. 

Digər çıxış edən alimlər də ümummilli lider Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən danışıb, Ulu Öndərin ideyalarının əbədi yaşayacağını vurğulayıblar.

Tədbirdə BDU-nun bir qrup əməkdaşı və tələbəsi Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub.

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 4