XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə, 19 May 2017

Mayın 18-də Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev və “Caspian Drilling” Şirkətinin baş direktoru Fərid Axundov dövlətimizin başçısına qurumun 1996-2016-cı illər ərzində fəaliyyəti, əməliyyatlar üzrə səmərəli vaxt cədvəlinin dünyanın digər qazma şirkətləri ilə müqayisəsi, həmçinin Heydər Əliyev adına yarımdalma qazma qurğusu barədə məlumat verdilər.

Qurğunun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıması xüsusilə əhəmiyyətə malikdir. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyev Xəzər dənizində qazma işlərinin sürətləndirilməsi məqsədilə müasir qurğulardan istifadə olunmasını daim diqqət mərkəzində saxlayıb. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1970-1980-ci illərdə ölkəyə “Şelf” tipli qazma qurğuları gətirilib, müstəqillik illərində onlar yenidən qurularaq “Dədə Qorqud” və “İstiqlal” kimi üzən qazma qurğuları yaradılıb. Sonralar dənizin dərin hissələrində kəşfiyyat-qazma işlərinin həyata keçirilməsi məqsədilə “Dədə Qorqud” və “İstiqlal” yarımdalma qazma qurğularında yenidənqurma işləri aparılıb, dənizdə suyun dərinliyinin 700 metr olan hissəsində qazma işlərinin aparılması üçün imkan yaradılıb. 2000-ci ildə inşa edilmiş “Lider” qazma qurğusu isə dənizdə suyun dərinliyinin min metr olan hissələrində kəşfiyyat quyuları qazmağa imkan yaradıb.

Prezident İlham Əliyev SOCAR-ın və “Caspian Drilling” Şirkətinin rəhbərliyi, layihədə çalışanlar, həmçinin ölkədə pay bölgüsü sazişlərində iştirak edən xarici şirkətlərin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

 

 

Prezident İlham Əliyevin çıxışı

- Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik. Bu hadisə münasibətilə sizi, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir. Çünki bu günə qədər Azərbaycanda bu böyüklükdə qazma qurğusu tikilməmişdir. Bu qazma qurğusunun inşaatında iştirak etmiş bütün işçiləri, əməkdaşları təbrik edirəm, onlara minnətdarlığımı bildirirəm. Şadam ki, belə bir nəhəng qurğu Azərbaycanda inşa edilib. Bu qurğunun inşasında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Burada biz xarici tərəfdaşlarla növbəti əməkdaşlıq layihəsinin uğurla icra edilməsini görürük. Əlbəttə, bu, reallıqdır. Çünki uzun illərdir Azərbaycan xarici tərəfdaşlarla uğurla əməkdaşlıq edir. Xarici şirkətlər Azərbaycana investisiyalar yatırırlar. Bu qurğuya isə investisiyalar Azərbaycan dövləti tərəfindən qoyulub.

Biz neftdən əldə edilmiş gəlirləri, o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətindən qoyulan vəsait təqribən 1 milyard dollara yaxındır. Yəni, bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də onu göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər tərəfindən Azərbaycana sərmayə qoyulanda bizim əsas şərtlərimizdən biri o idi ki, Azərbaycanda bu sərmayələr, eyni zamanda, neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, bizim işçilər yaxşı maaş alsınlar, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin və bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər və həm özlərinə, həm də ölkəyə böyük fayda verirlər.

Bu qazma qurğusunun yaradılması tarixi hadisədir. Təsadüfi deyil ki, bu qazma qurğusuna ulu öndər Heydər Əliyevin adı verilmişdir. Heydər Əliyev Azərbaycanın müasir neft sənayesinin banisidir. Heydər Əliyevin neft strategiyası bu gün uğurla icra edilir. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması ilə Azərbaycanın neft sənayesində yeni dövr başlamışdır. Bununla bərabər, hələ 1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın neft sənayesi üçün çox önəmli addımlar atılmışdır. O cümlədən dərin özüllər zavodunun tikintisi Ulu Öndərin təşəbbüsü ilə 1970-ci illərdə başlamışdı. Əgər o vaxt bu zavod Azərbaycanda tikilməsəydi, - yəqin, siz də eşitmişiniz ki, başqa variantlar da var idi, - Xəzərin digər sahillərində belə zavodun tikintisi nəzərdə tutulurdu. Heydər Əliyevin müdaxiləsi və səyləri nəticəsində dərin özüllər zavodunun tikintisi üçün yer Bakı seçildi. O zavodun bu gün neft sənayemizin, ümumiyyətlə, ölkəmizin inkişafı üçün əvəzolunmaz rolu var. Yəni, hələ 1970-ci illərdə neftayırma zavodlarının modernləşdirilməsi, digər layihələrin icrası Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərirdi. O ki qaldı, müstəqillik dövrünə, əgər 1994-cü ildə biz xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün Azərbaycanın, ümumiyyətlə, iqtisadi vəziyyəti tam fərqli ola bilərdi. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması tarixi hadisə idi və mən o günləri yaxşı xatırlayıram.

Bu mərasimdə iştirak edən hörmətli Xoşbəxt müəllimlə birlikdə biz danışıqlarda iştirak etmişik. Biz 1994-cü ilin may ayında İstanbulda və iyul-avqust aylarında isə Amerikanın Hyuston şəhərində danışıqlar aparırdıq ki, Azərbaycan üçün ən məqbul şərtləri təmin edək. Eyni zamanda, elə edək ki, xarici investorlar da qaçmasın və onlar üçün də yaxşı şərait yaradılsın. Hesab edirəm ki, biz hər iki tərəf üçün məqbul variantı əldə etdik. Gərgin danışıqlar nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin kontraktı” imzalandı və bu gün uğurla icra edilir. “Əsrin kontraktı” imzalanmasaydı, indi Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi. Bunu hamı bilməlidir.

Bizim uğurlu inkişafımızın əsas mənbəyi “Əsrin kontraktı”dır və o layihədən əldə olunan gəlirlərdir. Biz gəlirləri uğurla digər sahələrə yönəltdik. Əlbəttə ki, neft-qaz əməliyyatlarının davam etdirilməsi prosesi getmişdir, “Şahdəniz” layihəsi 1996-cı ildən başlayaraq uğurla icra olunur. Hazırda biz digər layihələr üzərində işləyirik. Heydər Əliyev yarımdalma qazma qurğusu çox perspektivli “Abşeron” qaz-kondensat yatağında işləyəcək. Əminəm ki, biz tezliklə - bir neçə ilə “Abşeron” yatağından da yaxşı nəticələr görəcəyik.

Digər perspektivli layihələrimiz də gündəlikdədir. “Ümid”, artıq orada işlər gedir. “Babək”, “Qarabağ” layihələrinə xarici şirkətlər yenə də maraq göstərirlər. Vaxtilə kontrakt imzalanmışdı, sonra ona xitam verildi. Ancaq indi biz bilirik və xarici tərəfdaşlar da görürlər ki, “Qarabağ” yatağında da böyük ehtiyatlar var. Yəni, bütün bu işləri biz ardıcıllıqla edirik ki, ölkəmiz daha da güclənsin və ölkəmizə daha da çox gəlir gəlsin. O ki qaldı, icra edilmiş neft layihələrinə, indi onların hamısı uğurla işləyir. Bakı-Tbilisi-Ceyhan neft kəməri 11 ildir ki, fəaliyyət göstərir, Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur. Əminəm ki, biz bu layihənin də icrasına vaxtında nail olacağıq. Biz bu layihənin əsas hissəsi olan TANAP-ın gələn il istifadəyə verilməsini qeyd etməliyik. Əminəm ki, biz buna nail olacağıq.

Mən bu gün, eyni zamanda, xarici tərəfdaşlarla əməkdaşlığımızı da qeyd etmək istəyirəm. Bu əməkdaşlıq çox sağlam təməl üzərində qurulubdur. Həm investor, həm də kontraktor şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, onların öz korporativ maraqları var. Bizim isə dövlət maraqlarımız var və bu maraqlar üst-üstə düşür. Hesab edirəm ki, Azərbaycanda xarici investorlar üçün çox gözəl şərait yaradılıb. Bütün kontraktlar qanunla təsdiqlənir ki, bu da investorlarda inam yaradır.

Beləliklə, bu gün biz ölkəmizin tarixində yeni gözəl hadisəni birlikdə qeyd edirik. Bu, nəhəng qurğu istənilən yerdə qazma işlərini apara bilər. Yəqin ki, neftçilər yaxşı bilirlər, sovet dövründə suyun dərinliyinin 200 metrdən çox olan yerlərinə getmək imkanı yox idi. Bəlkə məhz buna görə biz “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarını bu gün müstəqil Azərbaycan üçün qoruya bilmişik. Əgər o vaxt belə imkanlar olsaydı, həmin yataqlar da artıq əlimizdən çıxacaqdı. Necə ki, bizim qurudakı əsas yataqlarımızın böyük əksəriyyətinin neft ehtiyatları çar Rusiyası zamanı və sovet dövründə tükəndi. Amma bu qurğu ilə biz istənilən yerdə qazma işləri apara bilərik. Bu qurğu suyun min metr dərinliyində işləyə bilər. Mənə verilən məlumata görə, qurğunun qazma dərinliyi 12 min metrə bərabərdir, çəkisi isə 26 min tondur. Bax, bu rəqəmlər özlüyündə göstərir ki, biz nə qədər böyük bir layihəyə start verdik. Eyni zamanda, göstərir ki, bizim işçilərimiz, mühəndislər, fəhlələr nə qədər yaxşı iş görüblər. Sizi bu münasibətlə bir daha təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.

***

Dövlətimizin başçısı Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışını bildirən düyməni basdı.

Prezident İlham Əliyev tədbirin iştirakçıları ilə söhbət etdi.

Sonra dövlətimizin başçısı qurğu ilə tanış oldu.

Prezident İlham Əliyevə burada quraşdırılacaq sualtı əməliyyat aparatı barədə məlumat verildi. Bu aparat sualtı görüntüləri əldə edəcək və baş verə biləcək qəza zamanı zəruri funksiyaları yerinə yetirəcək.

Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən yeni neft-qaz layihələri ilə əlaqədar yaranmış tələbatı nəzərə alaraq Xəzər dənizində analoqu olmayan 6-cı nəsil qazma qurğusunun yaradılması haqqında göstəriş verib və bu layihənin icrasını daim dəstəkləyib.  Azərbaycanın iqtisadi və sənaye potensialının daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq bu qurğunun tikintisi respublikamızda həyata keçirilən iri infrastruktur layihələrindən biridir. Qurğunun tikintisi 2013-cü il iyunun 4-də “Caspian Drilling” və Sinqapurun “Keppel FELS” şirkətləri arasında podrat müqaviləsi çərçivəsində aparılıb. Layihənin iqtisadi əhəmiyyəti nəzərə alınaraq, maliyyələşmənin 90 faizi Dövlət Neft Fondu və 10 faizi isə SOCAR tərəfindən icra edilib. Qurğunun inşaat işlərinin idarə edilməsi, dizayn-mühəndislik işlərinə nəzarət, müvafiq təchizatlar və alqı-satqıların təşkil edilməsi isə SOCAR-a məxsus “Caspian Drilling” Şirkəti tərəfindən həyata keçirilib. 2013-cü il sentyabrın 20-də - Neftçilər Günündə Prezident İlham Əliyevin iştirakı ilə Bakı gəmiqayırma zavodunda qurğunun aşağı üzən gövdəsinin - pantonlarının inşasına başlanması ilə bağlı mərasim olub. Həmin ilin dekabrında isə Bibiheybət ərazisindəki tərsanədə qurğunun yuxarı gövdəsinin inşasına başlanılıb. Qurğunun tikintisi 2017-ci ilin mayında tam yekunlaşıb. İstismara verilən yeni qurğunun imkanları əvvəlkilərlə müqayisədə daha genişdir. Dünyada öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikallığı ilə fərqlənən bu qurğu qazma əməliyyatları üçün ən müasir avadanlıqla, o cümlədən böyük həcmdə avtomatik idarəetmə sistemi ilə təchiz edilib. Ümumi uzunluğu 106,5, eni 69,5, hündürlüyü isə 130 metr olan qurğunun ümumi çəkisi 26 min tondur. Dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə bilən qurğu ilə qazılacaq quyunun maksimal dərinliyi 12,2 min metrdir. Bu göstərici ən dərin quyuları belə qazmağa imkan verir. Bundan əlavə, qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir.

Dövlətimizin başçısı yarımdalma qazma qurğusunun yaşayış blokunda da oldu. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdikləri neft strategiyasından bəhs edən fotostend var. Yaşayış blokunda ofis, yataq, istirahət və kompüter otaqları yaradılıb. Blok yeməkxana, camaşırxana, idman otaqları, kinoteatr, kitabxana və konfrans zalı ilə də təchiz olunub.

Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 5600, su tutumu isə 47500 tondur. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər. Altıncı nəsil yarımdalma qazma qurğusunun tikintisində 2400-ə yaxın insan çalışıb ki, onların da təxminən 80 faizi Azərbaycan Respublikasının vətəndaşları olub.

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC

Published in İqtisadiyyat

Azərbaycan Prezidenti İlham Əliyev boks yarışlarının final görüşünə baxıb

IV İslam Həmrəyliyi Oyunlarının “Baku Crystal Hall”da keçirilən boks yarışları mayın 18-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan boksçuları İslamiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

İslamiadada boks üzrə Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev yazdırıb. Həlledici görüşdə iraqlı Ammar Kərbəlayiyə 5:0 hesabı ilə qalib gələn boksçumuz “Bakı-2017”nin çempionu olub. Bu çəki dərəcəsində bürünc medallara türkmənistanlı Hursad İmankuliyev və Qazaxıstan təmsilçisi Sultan Zaurbəy layiq görülüblər.

Qalib idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

İslamiadada Azərbaycanın 55-ci qızıl medalını boks yarışlarında 91 kiloqram çəki dərəcəsində çıxış edən Teymur Məmmədov qazanıb. T.Məmmədov həlledici görüşdə türkiyəli Burak Akşinə 3:2 hesabı ilə qalib gəlib. Bu çəki dərəcəsində bürünc medallara suriyalı Eldin Alaa Qhoussoun və mərakeşli Abdelcalil Abuhamda layiq görülüblər.

Boks üzrə Azərbaycan millisinin aktivinə üçüncü qızıl medalı Məhəmmədrəsul Məcidov yazdırıb. Yarışlarda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizənin finalında idmançımız suriyalı Manaf Asaadı 4:1 hesabı ilə məğlub edib. Bu çəki dərəcəsində bürünc medallara mərakeşli Mohammed Arjaoui və iordaniyalı Hüsseyn İaşaiş sahib olublar.

Yarışlarda 69 kiloqram çəki dərəcəsində rinqə çıxan boksçumuz Tamerlan Abdullayev gümüş medalla kifayətlənməli olub. İdmançımız həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturov ilə görüşdən məğlub ayrılıb. Bu çəki dərəcəsində qazaxıstanlı İlya Oçkin və Suriya təmsilçisi Ahmad Qhosson bürünc medallarla kifayətləniblər.

Olimpiya mükafatçımız Kamran Şahsuvarlı (75 kq) isə finalda qazaxıstanlı Tursunbay Kulahmet ilə rinqə çıxıb. Gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə Kamran Şahsuvarlı məğlub olaraq ikinci yeri tutub. Bu çəki dərəcəsində bürünc medallara kamerunlu Vilfred Dieudonne Seyi Ntsenue və mərakeşli Youness Qarroumi sahib olublar.

Boks komandamızın aktivinə üçüncü gümüş medalı Rauf Rəhimov (81 kq) yazdırıb. Qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbek Açilov ilə üz-üzə gələn R.Rəhimov məğlub olaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Misirli Abdelrahman Abdelqavvad və Türkiyə boksçusu Cem Karlıdağ bu yarışda bürünc medallara layiq görülüblər.

Azərbaycan boksçusu Tayfur Əliyev (56 kq) yarışları bürünc medalla başa çatdırıb.

Beləliklə, Azərbaycan boksçuları IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq İslamiadada komanda hesabında birinci yeri tutublar.

 

 

 

 

 

AZƏRTAC

Published in İdman

Azərbaycan Prezidenti İlham Əliyev yarışların final görüşünə baxıb

Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Azərbaycan pəhləvanları Oyunları 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa çatdırıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

Heydər Əliyev adına İdman Arenasında keçirilən yunan-Roma güləşi yarışlarının ikinci günündə dörd çəki dərəcəsində qaliblər müəyyənləşib.

Güləşçimiz Kamran Məmmədov (66 kq) finalda Qırğızıstan idmançısı Janat Kilibayev ilə qarşılaşıb. Görüş vaxtından əvvəl 9:0 hesabı ilə Azərbaycan pəhləvanının xeyrinə başa çatıb. Bu çəki dərəcəsində bürünc medallara türkiyəli Abdulsamet Günal və iranlı Mehdi Zeidvand sahib olublar.

Qalib idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Yarışlarda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev finalda Türkiyə təmsilçisi Furkan Bayrak üzərində 1:0 hesabı ilə qələbə qazanaraq millimizin aktivinə 54-cü qızıl medalı yazdırıb. Bu çəki dərəcəsində türkmənistanlı Şermet Permanov və Qırğızıstan idmançısı Kayratbek Tuqolbayev bürünc medallara sahib olublar.

Digər güləşçimiz İslam Abbasov (85 kq) isə finalda Türkiyə təmsilçisi Ali Cengizi məğlub edərək “Bakı-2017”nin qızıl medalını qazanıb. Bu çəki dərəcəsində bürünc medallara qırğızıstanlı Azat Bişebekov və iranlı Mahdi Fallah Hamidabadi layiq görülüblər.

Yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Sabah Şəriəti bürünc medal uğrunda görüşdə suriyalı Raja Alkrada qalib gələrək üçüncü yeri tutub.

Beləliklə, İslamiadada yunan-Roma güləşi üzrə yarışlarda 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yerdə qərarlaşıb.

 

 

 

 

 

 

AZƏRTAC

Published in İdman

Rusiyada çıxan “Sobesednik” həftəliyində nəşrin müxbiri Alina Sokolovanın Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına həsr edilmiş xüsusi reportajı dərc olunub. “Həmrəylik oyunları” sərlövhəli materialın müəllifi yazır: MDB-nin ən gözəl paytaxtlarından biri olan Bakıda qeyri-adi formatlı iri beynəlxalq tədbir - İslamiada və ya İslam Həmrəyliyi Oyunları keçirilir. Bu Oyunlarda rusiyalı idmançılar iştirak etmirlər, lakin tamaşaçı tribunalarında xeyli rusiyalı azarkeş görmək olar.

Qonaqpərvər Bakının beynəlxalq idman tədbirləri arenasına çevrilməsi  birinci dəfə deyil. Burada Avropa Oyunları, Şahmat Olimpiadası, “Formula-1” yürüşləri keçirilib. Ona görə də Xəzər sahilindəki şəhər dünyanın 54 ölkəsindən İslamiadanın 4000 iştirakçısının və üstəlik, sayı bundan az olmayan turistlərin gəlişinə hazır idi. Əyinlərində “Bakı-2017” emblemi çəkilmiş yaşıl rəngli futbol köynəkləri olan könüllülərə şəhərin hər yerində rast gəlmək olar. Onların əksəriyyəti üç dildə - Azərbaycan, rus və ingilis dillərində danışır. Dizayner ixtisası üzrə təhsil alan 19 yaşlı tələbə Ayan Vəhdətli “Sobesednik”in müxbiri ilə söhbətində deyib: “Biz 8 min nəfərik. Bütün şəhərdə, bütün idman obyektlərində çalışırıq, qonaqlara və idmançılara kömək edirik”. Oyunlar ərəfəsində xüsusi müsahibə və təlim keçmiş Ayan Oyunlar müddətində hər gün iki növbə könüllü kimi xidmət edir. Bu işi maraqlı hesab edir: doğrudan da, Səudiyyə Ərəbistanı, Banqladeş, İran, İndoneziya, Bəhreyn, Türkiyə və digər ölkələrdən olan idmançıları bir də haçan eyni yerdə görmək mümkün olacaq! Builki oyunlara hətta Suriya, Fələstin və Somalidən də iştirakçılar gəlib. Hərçənd, onların gəlib-gəlməyəcəyi lap son ana qədər şübhə altında idi. Bakıda könüllü olmaq prestijli sayılır. Bunun üçün hətta müsabiqə keçirilir. Oyunlar başa çatanda tələbələrə sertifikatlar, xatirə hədiyyələri və özlərinin gələcək rezümelərində daha bir sətir əldə edəcəklər. Əvvəlki yarışlarda könüllülərə mükafatları - fərmanları, saatları və üzərində xatirə simvolikası olan kompüter fləşlərini şəxsən Azərbaycanın indiki Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib. Buna görə də könüllülər deyirlər ki, Oyunların keçiriləcəyi bu on günü heç vaxt unutmayacaqlar.

Dünyanın 50-dən çox ölkəsindən gəlmiş idmançılar Bakının mərkəzindəki Olimpiya kəndində yerləşdirilib. Əslində bu “kənd” 13 müasir çoxmərtəbəli binadan ibarətdir. Bu binaların pəncərələrində müxtəlif ölkələrin bayraqları asılıb. Bayraqların sayına əsasən gözəyarı müəyyən etmək olar ki, ən vətənpərvər və çoxsaylı nümayəndə heyəti Türkiyədən gəlib.

Əlbəttə, jurnalistlər idmançılarla söhbət etmək istəyir, amma könüllülər xahiş edirlər ki, yarış ərəfəsində iştirakçıların fikrini yayındırmayaq, axı bütün beynəlxalq yarışlarda olduğu kimi, burada da idmançıların hər dəqiqəsi ciddi planlaşdırılıb. Buna baxmayaraq bəzi iştirakçılar, ayaqüstü də olsa, fotokameraların və videokameraların obyektivlərinə baxıb gülümsəməyə, azarkeşləri salamlamağa macal tapırlar.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov rusiyalı jurnalistlərə müsahibəsində deyib: “Həmrəylik Oyunları bizim üçün mühüm hadisədir. İdmançılarımız üçün bu oyunlar Avropa çempionatında və digər yarışlarda görməyəcəkləri iştirakçılarla görüşmək və yarışmaq imkanıdır. Bizə 3 000 idmançı və onları müşayiət edən daha 1000 nəfər gəlib. Maraqlıdır ki, Oyunların rəmzləri Qarabağ atlarıdır. Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Qarabağ xalqımızın mənəviyyatının, tarixinin və ənənələrinin, o cümlədən xalçaçılıq və atçılıq ənənələrinin rəmzidir. Bütün bunlar İslam həmrəyliyi oyunlarının loqotipində öz əksini tapıb. Qarabağ atları zəriflik və cəsurluq rəmzidir. “İnci” və “Cəsur” ləqəbli atlar İslamiadanın rəmzləridir və Oyunların bütün suvenirləri üzərində onların təsviri var. Bizim üçün bu, mədəniyyətin və mənəvi dəyərlərin mühüm tərkib hissəsidir və biz bu dəyərləri bütün qonaqlarımızla bölüşmək istəyirik”.

 

AZƏRTAC

Published in Digər xəbərlər

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının beşinci günündə medal qazanan idmançılarımızla “Zəfər günləri” çərçivəsində növbəti görüş mayın 18-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təşkil olunub.

AZƏRTAC xəbər verir ki, görüşdə MOK-un və müxtəlif idman federasiyalarının rəsmiləri, Milli Məclisin deputatları, qalib idmançılar və onların ailə üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarındakı qələbələrini əks etdirən filmin nümayişi ilə başlayıb. 

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək mayın 17-də Azərbaycan idmançılarının 9 qızıl medal qazandıqlarını və bununla qızıl medalların sayının 50-yə çatdığını bildirib. Atletlərimizin mübarizə ruhunun yüksək olduğunu vurğulayan Ç.Hüseynzadə deyib: “İdmançılarımızın bu uğuru Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılacaq. Yarışlarda əhalisinin sayı bizdən çox olan ölkələr təmsil edilirlər. Ancaq Azərbaycan bu ölkələr sırasında öndədir. Bu amil, eləcə də IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir”.

Azərbaycanın bir çox beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini diqqətə çatdıran Milli Məclisin deputatı Hadi Rəcəbli deyib ki, IV İslam Həmrəyliyi Oyunları da bunlardan biridir. Bu beynəlxalq idman yarışı Azərbaycanın dünyaya göndərdiyi sülh və həmrəylik mesajıdır. Bu, təsdiq edir ki, Azərbaycan əhalisi idmanı çox sevir.

MOK-un baş katibi Ağacan Abıyev isə Azərbaycanda mükəmməl idman infrastrukturunun yaradılmasından danışıb. O, Azərbaycanın Olimpiya hərəkatının inkişafına ən böyük töhfə verən ölkələrdən biri olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycana qələbə sevinci yaşadan idmançılarımıza MOK-un xüsusi hədiyyələri təqdim olunub. Medal qazanan idmançılar səhnədə quraşdırılmış xüsusi lövhəni imzalayıblar.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib.

Qeyd edək ki, MOK “Zəfər günləri” adlı xüsusi tədbirə mayın 14-də start verib. Mayın 23-dək hər gün MOK-da IV İslam Həmrəyliyi Oyunlarının azərbaycanlı qalibləri ilə görüşlər keçiriləcək.

 

 

 

AZƏRTAC

Published in İdman

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 18-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib, Niderland Krallığının müvafiq strukturları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. 2014-cü ilin noyabrında imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf  Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” qarşılıqlı faydalı əməkdaşlığın inkişafında mühüm addım olub. Hazırda su ehtiyatlarının səmərəli idarə olunması üzrə bir çox işlər başa çatıb, birgə layihə çərçivəsində səylər davam etdirilir.

Rene Van der Linden görüşə görə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Niderlandın müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müəllifi olduğu “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı (Berg-Karabach. Aus den Quellen erforschte Geschichte) İsveçrənin “Publishing Partners” nəşriyyatı tərəfindən alman dilində çap olunub.

 

“Publishing Partners” nəşriyyatı eyni zamanda kitabın İsveçrənin müxtəlif kitabxanaları və kitab mağazaları arasında yayılmasını həyata keçirəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən kitabda problemin yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif qiymətli mənbələr yer alıb. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir. Müəllif çoxsaylı mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki faktlara istinad edərək Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübuta yetirir.

Bu fundamental elmi əsərin alman dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Kitab Dağlıq Qarabağın tarixinə, münaqişənin başvermə səbəblərinə, onun doğurduğu acı nəticələrə dair obyektiv və səhih məlumatlar əldə etmək istəyən almandilli oxucular üçün dəyərli mənbə olacaq. Bu kitabı İsveçrə ilə yanaşı, Almaniya və Avstriyanın onlayn kitab satışı portallarından da əldə etmək mümkün olacaq.

Hazırda kitabı İsveçrədə www.buchhaus.ch, www.orellfuessli.ch, www.lehmanns.ch, www.buch.ch, Almaniyada www.buecher.de, www.hugendubel.de, www.osiander.de, www.buchhandel.de, www.thalia.de, www.amazon.de, Avstriyada isə www.thalia.at, www.buchhandlung-frick-webshop.at, www.herder.at saytlarından sifariş etmək mümkündür.

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan xarici investisiyalar, eləcə də Qətər sərmayələri üçün əlverişli məkandır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Bakıda Qətər Dövlətinin “Barva Bank”ının sədri Şeyx Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, SOCAR-ın, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan İnvestisiya Şirkətinin, “Xəzər” Beynəlxalq İnvestisiya Şirkətinin, “PAŞA Holding”in, “Gilan Holding”in və “Synergy Group”un rəhbər vəzifəli şəxsləri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığı, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyəti vurğulanıb. Qətər Dövləti nümayəndə heyətinin Azərbaycana səfəri də məhz dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi barədə verdikləri tapşırıqların icrası ilə bağlıdır.

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib. Bildirilib ki, son 10 ildə üDM 1,7 dəfə, valyuta ehtiyatları 9,7 dəfə, qeyri-neft sektoru 2 dəfə, sənaye 1,5 dəfə, turizm 6,2 dəfə, tikinti 2,2 dəfə artıb. Vurğulanıb ki, hazırda əlverişsiz xarici siyasi və iqtisadi amillər, xüsusilə dünya enerji bazarındakı qeyri-sabitliyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir.

Bu ilin birinci rübü üzrə qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faizə yaxın, qeyri-neft ixracı 10 faiz artıb. Azərbaycan regionun əlverişli mövqeyə malik olan tranzit mərkəzidir. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri çərçivəsində yolların yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və bu ərazidə azad ticarət rejimli xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanın tranzit imkanlarını daha da gücləndirir.

Azərbaycanın siyasi cəhətdən tam sabit ölkə olması, yaradılmış güclü iqtisadi potensial, əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri xarici investorlar üçün geniş imkanlar açır, Azərbaycanın investisiya cəlbediciliyini daha da artırır. Təsadüfi deyildir ki, müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan çox investisiya qoyulub, bunun yarısı xarici sərmayələrdir. Azərbaycan xarici investisiyalar, eləcə də Qətər sərmayələri üçün əlverişli məkandır.

 

 

Azərbaycan Qətər Dövləti ilə uğurlu iqtisadi əməkdaşlıq edir, birgə biznes-forumlar, işgüzar görüşlər təşkil olunur. Bu il Qətərə Azərbaycanın ixrac missiyası təşkil edilib və bir sıra razılaşmalar əldə olunub. 2017-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsində ciddi artım müşahidə edilir.

Qətər Dövləti nümayəndə heyətinin rəhbəri, “Barva Bank”ın sədri Şeyx Məhəmməd Qətər iqtisadiyyatı barədə məlumat verib, qarşılıqlı investisiya qoyuluşu istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə birgə investisiya fondunun yaradılması, Azərbaycanda daşınmaz əmlak sahəsinə, xüsusilə otellərin və ticarət mərkəzlərinin tikintisi layihələrinə investisiya qoyuluşu, logistika, kənd təsərrüfatı  sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

 

AZƏRTAC

Published in Digər xəbərlər

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.

AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov mayın 18-də Kürdəmir rayonunda bölgə vətəndaşlarını qəbul edib.

Qəbulda Şirvan şəhərinin, Hacıqabul, Salyan, Kürdəmir, Neftçala, Saatlı və Sabirabad rayonlarının sakinləri iştirak edib. Vətəndaşların müraciətləri əsasən, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıqları ərazilərə yaxın hərbi hissələrdə xidmət keçmələri, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə baxılması məqsədilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbulda, ümumilikdə, 24 vətəndaş iştirak edib.

 

 

AZƏRTAC

Published in Region

Qurumun İctimayətlə Əlaqələr Şöbəsindən aldığımız məkumata görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Vyanaya səfəri çərçivəsində Avstriya Federal Daxili İşlər Nazirliyinin Sığınacaq, Miqrasiya, Vətəndaşlıq, Vətəndaşlıq vəziyyəti məsələləri və İnsan Hüquqları üzrə Baş direktorluğunun,  həmçinin Polis, mülki müdafiə və böhran vəziyyətlərinin idarəolunması üzrə Baş direktorluğunun, o cümlədən İmmiqrasiya və Sığınacaq üzrə Federal Ofisin və Dublin və Beynəlxalq əlaqələr üzrə departamentin rəhbərləri ilə keçirdiyi görüşlərdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşlərdə F.Nəbiyev Azərbaycanla Avstriya arasında dostluq münasibətləri barədə ətraflı söhbət açıb. Xidmət rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi tərəqqi, sabitlik, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəticəsində əldə olunmuş nailiyyətlərdən danışıb. Sadalanan bu amillərin respublikamızın miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilməsinə səbəb olduğuna toxunub. Bildirib ki, dünyada və regionda gedən proseslərin əvvəlcədən düzgün proqnozlaşdırılması nəticəsində hələ 10 il əvvəl Azərbaycanda miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət qurumunun yaradılması obyektiv zərurət kimi meydana çıxmış və mərkəzi icra hakimiyyəti orqanı olaraq Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Xidmət əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması, ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud icazələrinin müddətlərinin uzadılması, həmçinin vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin görülməsi ilə bağlı fəaliyyət həyata keçirir. Ölkədə 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsinə başlanılıb və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Miqrasiya Xidmətinə həvalə edilib.

Xidmət rəisi vurğulayıb ki, ötən dövrdə Azərbaycanda miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi ilə bağlı dövlət tərəfindən bir sıra ciddi addımlar atılıb. F.Nəbiyev əlavə edib ki, hazırda dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir. Respublikamızın mütərəqqi miqrasiya qanunvericiliyindən danışan Xidmət rəisi ilk dəfə Azərbaycanda qəbul edilmiş Miqrasiya Məcəlləsində əksini tapmış müvafiq normaların tətbiqinin sadələşdirilməsindən bəhs edib. Bildirib ki, bütün bunlar Azərbaycan dövlətinin humanist mahiyyətinin nümunəsidir. Xidmət rəisi söyləyib ki, ölkəmizdə qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış şəxslərə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınması tələb olunmur. Bununla belə, qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət edən və qaçqın statusu alan şəxslər Xidmətin müasir standartlara cavab verən qanunsuz miqrantların saxlanılması mərkəzlərinə könüllü yerləşdirilirlər.

Xidmət rəisi ölkəmizdə multikultural dəyərlərə verilən önəmdən bəhs edib və bu günə qədər  miqrantlara münasibətdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusunun qeydə alınmadığına diqqət çəkib.

F.Nəbiyev Xidmətin Vahid Miqrasiya Məlumat Sisteminin əcnəbinin ölkəyə gəldiyi vaxtdan ölkəni tərk edənə qədər harada qalması, yaşaması, işləməsi və s. məsələlərinin tam nəzarətdə saxlanılmasına imkan verdiyini deyib.

Xidmət rəisi Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində bir milyon qaçqın və məcburi köçkün axını ilə üzləşdiyini qeyd edib. Bu gün də təcavüzün davam etdirildiyini bildirib və Azərbaycan hökumətinin hələ də qaçqın və məcburi köçkün həyatı yaşayan həmin insanların problemlərinin həlli üçün gördüyü işlər barədə danışıb.

Görüşlərdə miqrasiya məsələləri və digər qarşılıqlı maraq doğuran mövzular barədə ətraflı fikir mübadiləsi aparılıb.

Nurəngiz ADİLQIZI,

“Respublika”.

Published in Digər xəbərlər
1 -dən səhifə 3