XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə axşamı, 18 May 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sərgilərlə bağlı məlumat verdi. Bildirildi ki, sərgilərdə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir. Sərgilərin iştirakçılarının 70 faizi xarici şirkətlərdir. Belarus, Çin, Gürcüstan, Macarıstan, Niderland və Şri-Lanka sərgilərdə milli stendlərini təqdim edirlər.

Prezident İlham Əliyevə məlumat verildi ki, “Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər də sərgidə fəal təmsil olunurlar. Onlardan biri 1991-ci ildən fəaliyyətə başlayan “Azersun Holding”dir.

Dövlətimizin başçısına istehsal müəssisələrinin yerli xammal ilə təmin edilməsi istiqamətində atılan addımlar və reallaşdırılan layihələr barədə məlumat verildi. Qeyd olundu ki, aparılan uğurlu elmi-tədqiqat işlərinin nəticəsi olaraq artıq qışda da şəkər çuğunduru əkinləri həyata keçirilir. Bu il 14 min hektar ərazidə yeni şəkər çuğunduru sahələri salınıb. Sərgidə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azersun Holding” tərəfindən istehsal olunan çay, şəkər, yağ, duz, konserv, süd, sous və digər məhsullar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

Sərgidə öz imkanlarını təqdim edən şirkətlərdən biri də “Grow Group Azərbaycan” MMC-dir. Şirkət müasir istixana komplekslərinin qurulması, idarə edilməsi zamanı lazım olan alətlərin, avadanlıqların satışı və həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı və satışını həyata keçirir. “Grow Group Azərbaycan”ın bacarıqlı, təlim keçmiş işçiləri müasir istixana komplekslərinin tikintisi və idarə olunmasında geniş yerli və beynəlxalq təcrübəyə malikdirlər. Şirkət hollandiyalı tərəfdaşları ilə birgə şüşə örtüklü istixanaların da quraşdırılmasını həyata keçirir.

 

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Netafim” sulama sistemləri stendi ilə də tanış oldular. Şirkətin layihələrinə isti, soyuq, tropik və mülayim hava şəraiti daxil olmaqla hər yerdə rast gəlmək mümkündür.

Bu layihələrdə bütün müasir istixana texnologiyalarından istifadə olunur. Şirkət damla sulama və mikroirriqasiya sistemləri üzrə dünyada ən yaxşılardandır.

“Maschio Gaspardo” şirkətinin məhsulları da sərgidə böyük maraqla qarşılanır. 1964-cü ildə yaradılan bu şirkət müxtəlif kənd təsərrüfatı avadanlıqlarının istehsalı ilə dünyada məşhurdur. Şirkətin kultivatorları, müxtəlif ölçülü dərmansəpənləri və kotanları yüksək keyfiyyəti ilə fərqlənir. İtaliyada yeddi, həmçinin Avropa, Asiya və ABŞ-da üç istehsal sahəsi və 13 filialı olan şirkət rəqabətədavamlı məhsulları ilə seçilir. Şirkətin məhsulları ətraf mühitin qorunması ilə bağlı nəzərdə tutulan bütün tələblərə cavab verir.

Budəfəki sərgidə İtaliyanın “Landini” şirkəti də təmsil olunur. Uzun illərdir kənd təsərrüfatı texnikası istehsal edən şirkətin məhsullarına dünyanın əksər ölkələrində tələbat var. Hazırda bu istehsalçı “Landini” markalı traktorları ölkəmizdə fəaliyyət göstərən fermerlərə təklif edir.

Sərgilərdə Gürcüstanın milli stendi də məhsulun çeşidinin çoxluğu və müxtəlifliyi ilə diqqəti cəlb edir. Burada Gürcüstanda istehsal edilən müxtəlif kənd təsərrüfatı məhsulları nümayiş olunur. Onların arasında mineral sular, təbii şirələr, bal və digər məhsullar var. Kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşan doqquz müxtəlif şirkətin nümayiş etdirdiyi məhsullar təbiiliyi və keyfiyyəti ilə seçilir. Gürcüstan artıq Bakı sərgisində üçüncü dəfədir ki, milli stendlə təmsil olunur. Amerikanın “John Deere” şirkəti dünyada ən etibarlı istehsalçılardandır. Şirkətin fəaliyyətində innovasiyaların tətbiqinə və keyfiyyətə xüsusi diqqət yetirilir. Bu şirkətin məhsulları da Bakı sərgisində geniş nümayiş olunur.

Türkiyənin “CANSA” şirkətinin stendi ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, bu müəssisə kənd təsərrüfatı avadanlıqlarının istehsalı ilə məşğuldur. Sərgidə şirkətin istehsalı olan müxtəlif kənd təsərrüfatı avadanlıqları nümayiş etdirilir.

Sərgilərdə öz imkanlarını təqdim edən yerli şirkətlərdən biri də “Kaspi Yıldız Azər-Türk” müəssisəsidir. Prezident İlham Əliyevə müəssisə barədə məlumat verildi. Bildirildi ki, özəl sektorda 20 ildir uğurla təmsil olunan bu şirkət ölkə iqtisadiyyatının inkişafına töhfələr verir.

2012-ci ildə təsis edilən “Lerik broyler” müəssisəsi artıq ölkənin kənd təsərrüfatı sektorunda kifayət qədər tanınıb. Bu yaxınlarda isə şirkət ölkəmizdə kənd təsərrüfatı texnikasının və avadanlıqlarının istehsalına başlayıb.

“A-SERA-Azərbaycan” MMC-nin pavilyonu ilə tanışlıq zamanı məlumat verildi ki, şirkət istixana tikintisi sektorunda ilk və innovativ müəssisədir. “A-SERA-Azərbaycan”ın əsas məqsədi iqtisadi şəraiti nəzərə alaraq dünya ölkələrini keyfiyyətli istixanalarla təmin etməkdir. Şirkət Hollandiya, Türkiyə, Rusiya və MDB ölkələrində böyük bazar payına sahibdir.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Binə-Aqro” MMC-nin stendi ilə tanış oldular. 2012-ci ildə fəaliyyətə başlayan şirkət Binə kəndində 42 hektar ərazidə istixana kompleksi qurub və öz fəaliyyətində bütün standartlara cavab verən meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün yalnız müasir texnologiya tətbiq edir.

Sərgidə iştirak edən yerli şirkətlərdən biri də “Meyvəli” Logistik Mərkəzidir. “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamın icrası məqsədi ilə yaranan mərkəz Qafqazın ən böyük logistik subyektidir. Logistik mərkəz 54 hektar ərazidə yaradılıb. Burada müxtəlif təyinatlı anbarlar, soyuducular, açıq ticarət yerləri və çoxsaylı mağazalar var. “Meyvəli” Logistik Mərkəzi  kənd təsərrüfatı şirkətlərinin iri və orta biznes üçün əlverişli investisiya meydançasıdır. Mərkəzin əsas tərəfdaşları ölkənin iri ticarət şəbəkələridir.

Dövlətimizin başçısı “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin stendi ilə də tanış oldu. Bildirildi ki, sərgidə nümayiş etdirilən yeni traktorlar “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə “YTO GROUP” tərəfindən Qusar rayonunda yerləşən istehsal müəssisəsində yığılacaq. İlkin olaraq ildə 800 orta ölçülü traktorun yığılması həyata keçiriləcək. İstehsalın ikinci ilindən etibarən traktorların mühərrikləri və ötürücü qurğuları istisna olmaqla, digər ehtiyat hissələri ölkəmizdə fəaliyyət göstərən müxtəlif müəssisələrdə hazırlanacaq. “Made in Azerbaijan” brendi altında istehsal olunan bu traktorlardan kənd təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunacaq.

Azərbaycanda keçirilən bu sərgiyə böyük maraq göstərən ölkələrdən biri də Belarusdur. Belarus da builki sərgidə 11 şirkətlə təmsil olunur. “Belaruski” ticarət şəbəkəsi ölkənin ən yaxşı ərzaq zavodlarının məhsullarını Azərbaycan bazarında təmsil edir. Hazırda Belarusun 30-dan çox zavodu ilə əməkdaşlıq edən ticarət şəbəkəsinin əsas məqsədi yerli əhali arasında məhsulların tanınması və fəaliyyətin daha da inkişaf etdirilməsidir. Bu gün ticarət şəbəkəsinin Azərbaycanda dörd mağazası fəaliyyət göstərir və şəbəkənin ölkəmizin ərazisində daha da genişləndirilməsi planlaşdırılır.

“Azərpambıq” MMC-nin stendi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu qurum əsasən pambıq istehsalı, onun tədarükü və emalı ilə məşğuldur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sumqayıt Tekstil və Trikotaj” MMC və “Şəki-İpək” ASC-nin stendlərinə də baxdılar. Təbii ipəkdən müxtəlif məhsullar istehsal edən “Şəki-İpək” ASC fəaliyyətini getdikcə genişləndirir və məhsulun çeşidini artırır. Şirkətin məhsulları arasında ipək parçalar, kəlağayılar, əllə toxunan Azərbaycan xalçaları diqqəti cəlb edir. “Sumqayıt Tekstil və Trikotaj” şirkətinin məhsulları da keyfiyyəti ilə seçilir. Müəssisə müxtəlif çeşiddə məhsullar buraxır.

Şəki, Zaqatala və Qaxda istehsal sahələri fəaliyyət göstərən “İntertobacco” müəssisəsi 2006-cı ildə yaradılıb və indiyədək bir sıra iqtisadi uğurlara imza atıb. Şirkət öz məhsullarını xarici ölkələrə ixrac edir.

“Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi” ən müasir texnoloji avadanlıq və yeni istehsal sahələri ilə təchiz edilmiş müəssisədir. Burada istehsal edilən qlükoza, fruktoza, quru nişasta qida sənayesi sektorunda, kəpək, qarğıdalı qırıntısı heyvandarlıq, quşçuluq və balıqçılıqda istifadə olunur.

Azərbaycanda keçirilən bu sərgilərə böyük maraq göstərən ölkələrdən biri də Hollandiyadır. Bu ölkənin Bakı sərgisindəki milli stendində bir neçə şirkət təmsil olunub. Prezident İlham Əliyevə məlumat verildi ki, bu şirkətlər istehsalda innovativ texnologiyalardan istifadə etməklə ənənəvi keyfiyyəti qoruyub saxlayırlar. Buna görə də onların məhsullarına beynəlxalq bazarlarda böyük tələbat var.

Yerli brend olan “Balxurma” da sərgidə ilk dəfədir iştirak edir. Müəssisə SOCAR-ın və regionlarda ailə təsərrüfatına yardım məqsədilə “ASAN xidmət”in nəzdində yaradılan “ABAD” mərkəzinin dəstəyi ilə qurulub.

Dövlətimizin başçısı və birinci xanım “Astaraçay” MMC-nin stendi ilə tanış oldular. Şirkət 2010-cu ildə yaradılıb. Çay istehsalı üçün istifadə edilən xammal yalnız Azərbaycanın subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarındakı çay plantasiyalarından tədarük edilir. Fabrik gündə 10 ton yaşıl çay emal etmək gücünə malikdir.

Sərgidə iştirak edən yerli şirkətlərdən biri də “METAK”dır. İntensiv bağçılıq üçün nəzərdə tutulan məhsullarını təqdim edən bu şirkət öz peşəkar mühəndislik və qəlibçilik ənənələrinə güvənərək xüsusi kənd təsərrüfatı avadanlıqlarının istehsalına başlayıb.

Azərbaycanda keçirilən bu sərgilərə böyük maraq göstərən şirkətlərdən biri də Qazaxıstanın “RAXAT” Açıq Səhmdar Cəmiyyətidir. 75 illik tarixi olan şirkət Qazaxıstanda fəaliyyət göstərən ən böyük şirniyyat istehsalçılarından biridir. Şirkət tərəfindən istehsal edilən məhsulun çeşidinə 300-dən çox adda müxtəlif şirniyyat daxildir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Gilan Holding”in kənd təsərrüfatı stendi ilə tanış oldular. Bildirildi ki, Qəbələnin Vəndam qəsəbəsində “Gilan Holding”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi formalaşır. Bu kompleks Avropanın ən nəhəng heyvandarlıq müəssisələrindən biridir. Burada çalışan aparıcı mütəxəssislər Hollandiyada və Almaniyada ixtisasartırma kursu keçiblər.

Sonra dövlətimizin başçısı “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin sərgidə nümayiş etdirilən traktorlarına baxdı. Burada müəssisənin istehsalı olan 10 müxtəlif modeldə traktor, otbiçən və kotanlar nümayiş etdirilir. Traktor modellərindən bəziləri ilk dəfə olaraq təqdim edilir. Onların arasında pambıq əkini və kəskin isti hava şəraitində məhsul yığımı üçün nəzərdə tutulan kondisionerli traktorlar da var.

Bundan başqa, sərgidə ilk dəfə Almaniya istehsalı olan “Holmer” kombaynı da nümayiş etdirilir. Hazırda bu kombaynlar dünyada ən çox tələb olunan texnikalardan biridir və ən müasir texnoloji yeniliklərə cavab verir.

Prezident İlham Əliyev kombaynı işə saldı.

“Azərtexnika” MMC ölkəmizə Avropa və Türkiyədən kənd təsərrüfatı texnikası idxal edir. Onların arasında müxtəlif markalı traktorlar da var. Şirkətin südsağan aqreqatları və südsoyudan çənləri, buğda, arpa, qarğıdalı, kartof və pambıq toxumu səpən avadanlığı, ağacları dərmanlayan qurğuları, kiçik və iri inkubatorları böyük maraqla qarşılanır.

Sərgidə kənd təsərrüfatı sahəsində dünya liderlərindən olan Almaniyanın “CLAAS” brendinin məhsulları da nümayiş olunur. Şirkətin taxıl və qarğıdalıyığan kombaynları, həmçinin traktorları yüksək keyfiyyəti ilə seçilir.

Bütün bunlar kifayət qədər maraq doğuran və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, “İteca Caspian” və “İTE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilən bu sərgilərin artıq yeni məhsul və texnologiyaların təqdimatı üçün nadir platformaya çevrildiyini təsdiqləyir.

 

AZƏRTAC

Published in Siyasət

Qalib idmançıya medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib

Mayın 17-də IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarının ikinci günündə Azərbaycan idmançıları dörd qızıl və bir gümüş medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, qızıl medalları Azərbaycanın aktivinə Patimat Abakarova, Ayxan Tağızadə, Milad Beigi Hərçəqani və Radik İsayev yazdırıblar. Gümüş medala isə Fəridə Əzizova layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmalarına baxıblar.

Bakı İdman Sarayında kişilər arasında 68, 80 kiloqram və 87 kiloqramdan yuxarı, qadınların mübarizəsində 49, 67, 73 kiloqram çəki dərəcələrində idmançılar tatami üzərinə çıxıblar. Azərbaycanın beş idmançısı medallar uğrunda mübarizə aparıb.

Qadın taekvandoçumuz Patimat Abakarova (49 kq) final görüşündə qazaxıstanlı Aynur Yesbergenovanı 14:4 hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Bürünc medalları isə İran təmsilçisi Şalmei Sudabe Poursadiqi və türkiyəli Çidem İpek qazanıblar.

Kişi taekvandoçuların yarışlarında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə final görüşündə iranlı Seyedhossein Ehsanipetroudi üzərində 9:8 hesabı ilə qalib gəlib. Bu çəki dərəcəsində bürünc medalları isə Səudiyyə Ərəbistanı təmsilçisi Səud Al Muvallad və indoneziyalı Dinqo Prayoqo əldə ediblər.

 

 

Digər taekvandoçumuz Milad Beigi Hərçəqani (80 kq) finalda türkiyəli Yunus Sarı ilə qarşılaşıb. Həlledici görüşdə 9:5 hesabı ilə qalib gələn idmançımız IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Bürünc medalları isə iranlı Əlireza Dərvişpur və özbəkistanlı Maksim Rafaloviç qazanıblar.

Azərbaycan taekvandoçusu Radik İsayev (+87 kq) isə final görüşündə özbəkistanlı Dmitri Şokin ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı 8:8 hesabı ilə yekunlaşıb. Qalibi müəyyən etmək üçün oynanılan əlavə vaxtda rəqibini “qızıl xal”la məğlubiyyətə uğradan R.İsayev IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu çəki dərəcəsində bürünc medalları iordaniyalı Hamza Kattan və iranlı Hossein Qorbanzadə aktivlərinə yazıblar.

Yarışlarda 80 və +87 kiloqram çəki dərəcələrində çempion olan Milad Beigi Hərçəqaniyə və Radik İsayevə, həmçinin fəxri kürsüdə yer alan digər idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Qalib idmançılarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Taekvandoçumuz Fəridə Əzizova isə İslamiadanın gümüş medalı ilə kifayətlənməli olub. O, finalda türkiyəli Nur Tatara 2:8 hesabı ilə məğlub olaraq gümüş medalla mükafatlandırılıb. Bu çəki dərəcəsində bürünc medalları özbəkistanlı Niqora Tursunkulova və iordaniyalı Julyana Əl Sadiq qazanıblar. 

Xatırladaq ki, taekvando yarışlarının ilk günündə - mayın 16-da 57 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçilərimiz Yaprak Eriş qızıl, Qaşım Maqomedov (-54 kq) isə gümüş medal qazanıblar.

AZƏRTAC      

Published in İdman

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanını “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 4, maddə 324, N 10, maddə 849; 2008, N 7, maddə 612, N 8, maddə 715, N 11, maddə 970; 2009, N 12, maddə 983; 2010, N 2, maddə 83, N 10, maddə 851; 2011, N 2, maddə 85; 2012, N 9, maddə 856; 2014, N 4, maddə 362) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 8.39-cu bənd ləğv edilsin.

2. Aşağıdakı məzmunda 9.5-1-ci və 9.5-2-ci bəndlər əlavə edilsin:

“9.5-1. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, milli antidopinq qurumu yaradır və onun müşahidə şurasının tərkibini müəyyən edir;

9.5-2. “İdmanda dopinq  vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaradır və onların əsasnamələrini təsdiq edir;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 17 may 2017-ci il.

Published in Fərman

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindeni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Rene Van der Linden Niderland Krallığı ilə Azərbaycan arasında həyata keçirilən birgə iqtisadi fəaliyyətin Azərbaycanın dünyada təqdim olunması işinə töhfə verdiyini vurğuladı və bunun Niderlandın yerləşdiyi regionda digər ölkələr üçün də səmərəli əməkdaşlığın bir nümunəsi ola biləcəyini dedi.

Prezident İlham Əliyev xoş sözlərə görə  minnətdarlığını bildirərək qeyd etdi ki, Rene Van der Lindenin əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində səyləri ikitərəfli münasibətlərimizin inkişafında mühüm rol oynayır. Azərbaycan-Niderland əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu bildirən dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif səviyyəli səfərlərin önəmini qeyd etdi.

Prezident İlham Əliyev Niderland Krallığının Azərbaycanın mühüm layihələrində daha çox şirkətinin  iştirakını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Niderland Krallığının Bakıda keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində ənənəvi olaraq fəal iştirak etdiyini dedi, kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirdi.

Dövlətimizin başçısı Azərbaycanın ixracat potensialının genişləndiyini vurğulayaraq son 4 ayda ölkəmizin qeyri-neft ixracının 22 faiz artdığını dedi.

Söhbət zamanı təhsil, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Linden xatirə hədiyyəsini dövlətimizin başçısına təqdim etdi.

 

 

 

AZƏRTAC

Published in Siyasət

Möhtərəm cənab Prezident.

Biz - dünyanın müxtəlif ölkələrindən olan Azərbaycanın Gənc Dostları 2017-ci il mayın 10-11-də Almaniyanın multikulturalizm mərkəzlərindən biri olan Auqsburqda unudulmaz xoş günlər keçirdik, bir-birimizi daha yaxından tanıdıq, ulu öndər Heydər Əliyevin xatirəsini anmaq üçün öz təşəbbüs və istəyimizlə beynəlxalq nəzəri-praktik konfransa toplaşdıq.

Azərbaycanın və dünyanın 17 ölkəsinin universitetlərini təmsil edən, Azərbaycanın Gənc Dostları Klubunun üzvü olan onlarca tələbə Azərbaycanın multikulturalizm modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikirlərini, eyni zamanda, təəssüratlarını bir-biri ilə bölüşdülər. Bu konfransın keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın Gənc Dostlarının növbəti mənəvi birliyinin parlaq təcəssümü oldu.

Sizin Sərəncamınızla 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bir daha göstərir ki, günəşli ölkənizdə fərqli mədəniyyətlərə mənsub insanlar arasında heç bir ayrı-seçkilik yoxdur. Sizin təşviqinizlə həyata keçirilən Beynəlxalq Multikulturalizm Qış və Yay Məktəbinin iştirakçıları kimi qatıldığımız tədbirlər, ölkənizdəki müxtəlif ibadət evlərini ziyarət Azərbaycanın multikultural və tolerantlıq məkanı olması barədə universitet auditoriyalarında eşitdiklərimizin əyani təsdiqi oldu.

“Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən tələbələrin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı İİİ Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində yaradılıb. Bu gün birliyin 200-dən çox üzvü var. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi və bütövlükdə, haqq işinin dəstəklənməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərir, müxtəlif tədbirlər həyata keçirir. Biz hamıya çatdırmağa çalışırıq ki, Azərbaycan xalqı və dövləti ölkə ərazisində əsrlərdən bəri mövcudluğunu sürən etnik, dini fərqliliyə bəslədiyi şəfqət, sevgi və qayğıya görə, ümumiyyətlə, misilsiz multikultural dəyərləri, nadir multikulturalizm modeli ilə dərin ehtirama layiqdir. Beləliklə, BBMM və Auqsburq Universitetinin təşkilatçılığı ilə bu konfransı keçirməklə biz - Azərbaycanın Gənc Dostları bir daha Azərbaycan xalqına və dövlətinə öz sayğımızı ifadə etmiş olduq.

Cənab Prezident, Sizə bildirmək istəyirik ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu konfransdan zəngin təəssüratla ayrılır, yenə də qəlbimizdə özümüzlə Azərbaycan sevgisi aparırıq. Sizə və Prezidenti olduğunuz Odlar Diyarına sonsuz sevgi ilə,

Azərbaycanın Gənc Dostları Klubu adından:

litvalı həmsədr - Salomeya Lukayte

yunanıstanlı həmsədr - Dimitrios Asproulis

 

Müraciət Azərbaycanın Gənc Dostları Klubunun üzvlərinin iştirakı ilə 2017-ci il mayın 10-11-də Almaniyanın Auqsburq şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı keçirilən “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda beynəlxalq nəzəri-praktik konfransda qəbul edilmişdir.

Published in Məktublar

Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edir. Oyunlara maraq çox böyükdür. Arenalarda yarışları yüzlərlə tamaşaçı izləyir. Milli komandamız yüksək nailiyyət əldə edərək 41 qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov mayın 17-də Oyunlarla bağlı keçirilən mətbuat konfransında deyib.

İslamiadanın beşinci günündə komandamızın artıq 81 medala sahib olduğunu bildirən Azad Rəhimov daha 27 ölkənin medal qazandığını diqqətə çatdırıb. Oyunlarda gərgin mübarizənin aparıldığını söyləyən gənclər və idman naziri atletlərə artıq 131 medal dəstinin təqdim edildiyini vurğulayaraq deyib: “Medal sıralamasında ilk iki yeri Türkiyə və Azərbaycan bölüşür. Müxtəlif idman növlərində yarışlar davam edir. Yeddi boksçumuz artıq yarımfinaldadır. Bu, əlavə 7 medal deməkdir. Voleybol üzrə kişilərdən ibarət yığma komandamız Türkmənistan ilə qarşılaşır. Taekvandoda 4 idmançi mübarizə aparacaq. Bu gündən yunan-Roma güləşi üzrə yarışlar başlayır və dörd idmançımız mübarizəyə qoşulub. Ağır atletikada isə iki idmançımız çıxış edir”.

Yerli və əcnəbi tamaşaçıların möhtəşəm açılış mərasiminə heyran qaldıqlarını söyləyən Azad Rəhimov məhz bu mərasim ilə bağlı dünya mediasında çoxlu sayda məqalələrin yerləşdirildiyini vurğulayıb: “İtaliyanın eləcə də digər ölkələrin mətbuatında açılış mərasimi ilə bağlı silsilə məqalələr dərc edilib. Açılış mərasimi həqiqətən də İslam mədəniyyətinin, elminin təntənəsi idi. Gözəl şou hər kəsi heyran etdi. Oyunların gedişi, yüksək ab-hava, zallarda olan gözəllik, idmançıların əhval-ruhiyyəsi daha böyük nailiyyətlər əldə edəcəyimizdən xəbər verir”.

IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı Anastasiya İbrahimli ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Azərbaycan bayrağını doğma divarlar arasında qaldırmağın unudulmaz hiss olduğunu deyən A.İbrahimli bütün azarkeşlərə, idmansevərlərə təşəkkür edərək bildirib: “Tamaşaçıların dəstəyi mənə əlavə stimul verdi. Məşqçilərimə hədsiz minnətdaram. Biz çətinlikləri ram etdik. Digər mükafatçıları təbrik edir, qarşıdakı yarışlarda idmançılarımıza qızıl medallar arzulayıram. Oyunlarda çıxış etmək bizim üçün şərəfdir. Bu yarışlar mənim üçün çox əhəmiyyətli oldu. İslam Həmrəyliyi Oyunlarının qalibi olduğum üçün çox sevinirəm”.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

 

 

AZƏRTAC

Published in Müsahibələr

Soros Fondu tərəfindən maliyyələşdirilən “Eurasianet.org” portalında mayın 15-də Joşua Kuçeranın müəllifi olduğu “İslam Oyunlarının açılışı oldu, Azərbaycan müsəlman kimliyi ilə mübarizədə” adlı məqalə dərc edilib. Məqalədə Azərbaycanda mövcud olan dini vəziyyət, ölkəmizin dünyəvilik ənənələri və İslam Həmrəyliyi Oyunları ilə əlaqədar məsələlər təhrif olunub, müəllif guya ölkəmizdə məscidlərin dağıdıldığını iddia edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mayın 17-də “Eurasianet.org” da cavab məqaləsi ilə çıxış edib. XİN rəsmisi Joşua Kuçeranın məqaləsində ölkəmizdə dini vəziyyətin düzgün əks olunmadığını bildirib və müəllifin yanlış olaraq müsəlman mənsubiyyəti və dünyəvilik anlayışlarını, ölkəmizdəki dini azadlıq və radikalizmə qarşı mübarizəni bir-birinə zidd kontekstdə təqdim etdiyini bildirib.

H.Hacıyev qeyd edib ki, əsrlərboyu Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər sülh şəraitində və şərəflə yanaşı yaşayıblar və bu Azərbaycan cəmiyyətinin xarakterik xüsusiyyəti və xalqımızın həyat tərzidir.

Müəllifin Azərbaycanda məscidlərin dağıdılması ilə əlaqədar iddiasına cavab olaraq H.Hacıyev Sovet İttifaqı zamanı ölkəmizdə 17 məscid olduğu halda, 2017-ci ilin əvvəlində ölkədə olan məscidlərin sayının 2166-ya çatdığını, Cənubi Qafqazın ən böyük sinaqoqunun Azərbaycanda tikildiyini vurğulayıb. O, Roma Papası Fransisin Azərbaycana səfəri zamanı ölkəmizi dinlər və sivilizasiyalar arasında körpü adlandırdığını qeyd edib.

Müəllifin əsassız iddiasına cavab olaraq, H.Hacıyev Azərbaycanda müsəlman kimliyi və dünyəvilik arasında heç bir ziddiyyətin olmadığını yazaraq, dünyəviliyin Azərbaycanda yalnız konstitusional norma deyil, həyat tərzi olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycanda dünyəvilik dini dəyərlərə dərin hörmətlə müşayiət olunur və Azərbaycanda dünyəviliyi başa düşmək üçün XIX əsrin sonu, XX əsrin əvvəlində yaşamış Azərbaycan mütəfəkkirlərinin və yazıçılarının əsərlərini oxumaq lazımdır. 

Radikalizm və ekstremizmin bütün dünya, o cümlədən İslam ölkələri üçün ciddi narahatlıq doğuran məsələ olduğunu yazan XİN-in sözçüsü bu kimi ideologiyaların Azərbaycandan da uzaq olmadığını qeyd edib. O, bu qəbildən olan ideologiyaların diqqətdən kənar saxlandığı halda terrorizm üçün münbit şərait yaratdığını yazaraq müəllifin yanlış şəkildə Azərbaycanın radikalizm və terrorizmə qarşı mübarizəsini dini azadlıqların pozulması kimi təqdim etdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanda tam şəkildə bütün dini azadlıqlar təmin olunub.

XİN rəsmisi Azərbaycanın uğurlu milli təcrübəsindən çıxış edərək İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə radikal ideologiyaların kənarlaşdırılması, məzhəb ayrı-seçkiliyinə son qoyulması və İslam ölkələri gəncləri arasında idmanın kütləviləşdirilməsinə töhfə verdiyini diqqətə çatdırıb. Bunun, həmçinin artmaqda olan islamofobiya meyillərinə qarşı effektiv vasitə olduğunu bildirərək İslam Oyunlarının təntənəli açılış mərasiminin İslamın sülh, anlaşma, mədəniyyət, elm, bilik dini olduğunu nümayiş etdirdiyini vurğulayıb.

Çox qısa zaman kəsiyində Azərbaycanın Avropa Oyunları və onun ardınca İslam Oyunlarına ev sahibliyi etməsinin rəmzi məna daşıdığını yazan mətbuat xidmətinin rəhbəri bunun Azərbaycanın sivilizasiyalar və dinlərin dialoq mərkəzinə çevrilməsinin daha bir nümunəsi olduğunu vurğulayıb.

H.Hacıyev cavab məqaləsini bu sözlərlə bitirib: “Dünyəvi təfəkkürlü müsəlman kimi İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edərək ölkəm Azərbaycanla bir daha fəxr etdim”.           

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Mən İslam müəllimi 40 ildən artıqdır ki, tanıyıram. Özünün savadı, mədəniyyəti, qabiliyyəti ilə seçilən bu insan 1975-76-cı illərdə bu gün həsrətlə xatırladığımız İrəvan yaxınlığındakı Zəngibasar mahalının Dəmirçi kənd orta məktəbində mən müəllim işləyərkən o, həmin məktəbin direktoru idi. Sonralar tale elə gətirdi ki, biz qohum olduq.

Həyat qəribədir. İslam müəllim dünyaya göz açandan sonra iki ay tamam olmamış atası vəfat edir. Təəssüflər olsun ki, atasının şəkli də qalmır. Ancaq anasından, kəndin yaşlı nəslindən eşidir ki, onun atası Mahmud Hacı Abbas oğlu Qasımov uzun illər Şöllü Mehmandar (sonralar Dəmirçi adlanmışdı - Ə.Z.) Kənd Şurasının (sonralar Kənd Soveti adlanırdı - Ə.Z.) sədri vəzifəsində çalışmışdır. İslam müəllim eşitmişdi ki, onun atasının haqqında nə zamansa “Zəngi”, yaxud “Rəncbər” və ya “Qızıl Şəfəq”mi qəzetində məqalə dərs olunmuşdu. O, 40 ildən artıq axtarış apardı. İrəvan, Tiflis, Bakı, Sankt-Peterburq, Moskva arxivləri ilə əlaqə saxladı, məktublaşdı. Müsbət cavab ala bilməsə də, axtarışlarını davam etdirdi. Hətta ən yaxınları, övladları da onun bu işdən əl çəkməsini məsləhət bilsə də, o, öz inadından dönmədi. İslam müəllimin bir söhbətini xatırlamaq istərdik: “Bir dəfə təxminən 1980-ci illərin ortalarında tanınmış ziyalı, lüğətşünas, şair, publisist İbrahim Xəlilovla Bakıya ədəbiyyatşünas alim Teymur Əhmədovun yanına gəldik, məsələni ona danışdım. O, həmin saat bir məktub hazırlayıb Leninqrad arxiv idarəsinə göndərdi. Müsbət cavab alınmadı.”

Nəhayət, neçə onillik axtarışından sonra o, M.F.Axundov adına kitabxananın arxivindən “Rəncbər” qəzetinin 1928-ci ilin yanvar nömrəsindən atasının şəklini və onun haqqında yazılmış məqaləni əldə etmişdir. Həmin məqaləni oxuculara təqdim edirik.

Məqalə bu rubrika altında dərc olunmuşdur: “Müvəffəqiyyət və nöqsanlarımız”. Çalışqan Kənd Şura sədri Zəngibasar rayonunun Şöllü Mehmandar kəndinin Şura sədri yoldaş Mahmud Qasımov eyni zamanda Şorlu Dəmirçi kəndinin pambıq şirkətinin sədridir. O, sədrlik etdiyi üç kənddə dövləti sığortanın gəlirlərini hələ noyabr ayında yüz faizlə toplayıb başa çatdırmışdı.

Kənddə saxlanılan heyvanların səksən faizi könüllü olaraq sığorta edilmişdi. Kəndlilərə onların təsərrüfatlarını yüksəltmək məqsədilə dövləti sığortanın əhəmiyyətini izah etmişdi. Bütün nöqsanlar aradan qaldırılıb, dövləti sığortanın əsasları möhkəm təməllər üzərində qurulmuşdur.

Yoldaş Mahmudovun gördüyü işlər diqqətə layiqdir. Digər əməkçilər həmin şura sədrindən ibrət götürüb çalışmalıdırlar.

Eçmiadzin (Üçkilsə) qəzasının dövləti sığorta agenti. Məqaləni ərəb əlifbasından latın qrafikasına çevirən: Azərbaycan Əlyazmalar İnstitutunun əməkdaşı: “Ramazanov Arif. Məqalə ilə yanaşı qəzetdə kənd sovetinin sədri Mahmud Qasımovun şəkli də öz əksini tapmışdı.

Xatırladaq ki, “Sovet Ermənistanı” qəzeti 1921-ci ildən 1939-cu ilə kimi “Zəngi”, “Rəncbər”, “Kommunist, “Qızıl Şəfəq” adı ilə nəşr olunmuşdur.

Mahmud Hacı Abbas oğlu Qasımov 1885-ci ildə İrəvan yaxınlığındakı Zəngibasar rayonunun Şöllü Mehmandar kəndində (sonrakı Dəmirçi) anadan olmuş, Şöllü Mehmandar kəndində Şura sədri işləmiş, 1935-ci ildə dünyasını dəyişmişdi. Onun üç qızı, bir oğlu olmuşdur. Zəngibasar, Amasiya rayonlarının birinci katibi, Vedibasar rayonunun İcraiyyə komitəsinin sədri vəzifəsində çalışmış, dəfələrlə Ermənistanın Ali Sovetinin deputatı olmuş Hüseyn Məmmədov Hacı Mahmudun Böyük qızı Cülüs xanımla ailə qurmuş, bu izdivacdan üç qız, bir oğul olmuşdur. Bu qızlardan biri—tibb elmləri namizədi Asiya Məmmədova uzun illər akad. M.Mirqasımov adına Respublika Xəstəxanasının homotologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Qızı Gülçöhrə xanım memarlıq elmləri doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur. Dəfələrlə Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir.

Hacı Mahmud Qasımovun qızı Qəmər uzun illər Zəngibasar rayonunun maarif şöbəsində mühasib işləmiş Əhməd Mustafayevlə ailə qurmuşdur

Qızı Xədicə isə Zəngibasar rayonunda təhsilin inkişafında xüsusi xidmətləri olan, rayon maarif şöbəsinin inspektoru vəzifəsində çalışmış Mirabbas Heydərovla ailə qurmuşdur.  Onların altı övladı olmuşdur.

M.Qasımovun oğlu İslam Abbasov Gəncə Pedaqoji İnstitutunu bitirmiş, 20 ilə qədər məktəb direktoru vəzifəsində çalışmışdır.  Övladlarının hamısı yüksək təhsilə malikdir.

Mən İslam müəllimin direktor olduğu vaxt Dəmirçi kənd orta məktəbində fransız dili müəllimi işləmişəm. Mən də onun atası Mahmudun necə xeyirxah insan olduğu barədə söhbətləri eşitmişəm. Kəndin o zamankı yaşlı sakinlərindən ailəlikcə yaxın olduğumuz Ənnağı Məmmədovun M.Qasımovun xeyirxahlığından, imkansız adamlara necə əl tutmasının söhbətlərinin canlı şahidiyəm. M.Qasımov erkən dünyasını dəyişəndən sonra onun həyat yoldaşı Həcər xanım bu səxavəti davam etdirmişdir. Uluxanlıda rus dili müəllimim işləmiş Məmməd Nəsirov söhbət edirdi ki, aclığın içində idik. Gəlib Həcər xalaya dedim ki, bir az taxıl, ya un versin - təxminən yarım kisə. Dedim ki, bir şkafımız var. Əvəzində onu verirəm. Həcər xala nə qədər lazım idi, artıqlaması ilə taxılı verdi. Dedi taxılı apar, sonra şkafı gətirərsən. Biz taxılı istifadə etdik və bir gün gəlib dedim ki, bəs şkafı nə vaxt gətirim? Cavab verdi ki, şkaf qoy evinizdə qalsın, onu sizə bağışlayıram. Əgər mən əvvəldən şkafdan imtina etsəydim, bəlkə də sən o taxılı aparmayacaqdın. Özüm elə demişdim.

Dəmirçi məktəbində işləyəndə mən bu xeyirxahlığı dəfələrlə İslam müəllimdən də görmüşəm. Bu ocağın övladları öz davranışları ilə həmişə nümunə olmuşlar.

Əsgər ZEYNALOV,

professor.

Published in Digər xəbərlər
Cümə axşamı, 18 May 2017 07:03

Azərbaycan urologiyasında Cavadzadə fenomeni

“Xəstəni həyata qaytaran həkim onun üçün ən doğma adamdır”. Bu sözlərin müəllifi, şəxsiyyəti və xatirəsi onun əllərindən şəfa tapmış yüzlərlə insan üçün əziz olan məşhur cərrah akademik Mirməmməd Cavadzadə Azərbaycan tibb elminin korifeyləri sırasında özünəməxsus yer tutur.

O, 1927-ci il mayın 18-də Azərbaycanın cənub bölgəsinin mədəniyyət mərkəzi Lənkəranda anadan olmuş, burada orta məktəbi bitirmiş, sonra Azərbaycan Dövlət Tibb İnstitutunda və İkinci Moskva Dövlət Tibb İnstitutunun urologiya kafedrasında təhsil almışdı. Hələ gənc yaşlarında həkimlik istedadı ilə həmkarları arasında seçilirdi və çox keçmədən uroloq-alim kimi şöhrət qazandı.

AZƏRTAC bu görkəmli alimin həyat yolundan və elmi fəaliyyətindən, Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərindən bəhs edən məqaləni oxuculara təqdim edir.

 

Uroloji cərrahiyyədə

bir çox yeniliklər Cavadzadənin adı ilə bağlıdır

Təsadüfi deyil ki, Azərbaycan səhiyyəsində böyrək xəstəliklərinin profilaktikası problemlərinin həllindən, urologiyanın inkişafından söz düşəndə, ilk növbədə, mərhum akademik Mirməmməd Cavadzadə xatırlanır. Təbabətin bu sahəsində institut və elmi mərkəz yaradılması, kafedra və şöbələrin açılması, hemodializ, mürəkkəb  böyrək əməliyyatlarının aparılması məhz onun elmi axtarışlarının və misilsiz zəhmətinin bəhrəsidir.

Ötən əsrin 50-ci illərindən urologiyanın qlobal və təxirəsalınmaz problemlərinin həlli yollarının axtarışına çıxan gənc alim bu sahənin inkişafını anesteziologiya-reanimotologiya ilə əlaqələndirirdi. O, urologiya təcrübəsində ilk dəfə olaraq prostat vəzi və sidik kisəsində cərrahi əməliyyat zamanı çanaq sümükdaxili anesteziya tətbiq edib. Gərgin  axtarışlar nəticəsində belə bır qənaətə gəlib ki, uroloji əməliyyatların geniş spektrinə yalnız birdəfəlik seçilmiş anestezioloji təminat vermək mümkün deyil. Xəstələrin vəziyyətindən və cərrahi müdaxilənin spesifik xüsusiyyətlərindən asılı olaraq, ağrısızlaşdırmanın daha əlverişli üsullarından istifadə edilə bilər.

1958-ci ildə keçmiş Sovet İttifaqında hemodializ əməliyyatının ilk seansında iştirak edən həkimlərdən biri olan Mirməmməd Cavadzadə sonralar Azərbaycanda həmin əməliyyatın əsasını qoyub. 1965-ci ildə ilk dəfə xəstənin aydın olmayan diaqnozunun aortoqrafiyasını aparıb. Bundan bir il sonra isə onun təşəbbüsü və rəhbərliyi ilə keçmiş SSRİ-də ilk dəfə məhz Bakıda ixtisaslaşdırılmış uroloji müalicə müəssisəsi - Respublika Kliniki Uroloji Xəstəxanası yaradılıb.

Cənubi Qafqazda ilk böyrək

köçürməsini Cavadzadə aparıb

1971-ci ildə Mirməmməd Cavadzadənin rəhbərliyi ilə Cənubi Qafqazda ilk dəfə terminal böyrək çatışmazlığı zamanı böyrək köçürülməsi əməliyyatı həyata keçirilib. Ölmüş insandan götürülmüş böyrəyin xəstəyə köçürülməsi urologiyada yeni bir mərhələ kimi qiymətləndirilib. O, 1971-1984-cü illərdə 30 böyrək köçürülməsi əməliyyatı aparıb...

Dünya şöhrətli cərrah-uroloq, keçmiş SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor Mirməmməd Cavadzadə həkimlik fəaliyyətində çox belə yeniliklərə imza atıb. Onun müəllimi məşhur uroloq A.Y.Pitel Cavadzadənin işlədiyi xəstəxananı “uroloji fikirlər ocağı” adlandırmışdı.

Görkəmli böyrək cərrahının şöhrəti keçmiş Sovet İttifaqının hər yerinə yayılır və yüzlərlə xəstə şəfa tapmaq ümidi ilə ona üz tuturdu. Cavadzadə onların hər birinə diqqətlə, son dərəcə həssaslıqla yanaşırdı. Onun zəngin təcrübəsi və hərtərəfli dərin biliyi xəstəyə operativ diaqnoz qoymağa, vəziyyətin ağırlaşmasının əsas amillərini düzgün təyin etməyə imkan verirdi. Professorla ünsiyyətdən sonra ən ağır vəziyyətdə olan xəstələrin də qəlbində ümid qığılcımları parlayırdı.

Dərin elmi intuisiyaya, analitik təfəkkürə, fenomenal yaddaşa, heyrətamiz əməksevərliyə və xüsusi təşkilatçılıq bacarığına malik olan Mirməmməd Cavadzadə ölkəmizdə böyrək xəstəliklərinin geniş yayılmasının səbəbləri haqqında danışarkən deyirdi ki, buna bir çox amillər - ekologiya, qidalanma, suyun tərkibi, iqlim, xüsusən milli mətbəx və digər amillər təsir göstərir. İrsi xəstəliklər, qohum nikahlardan dünyaya gələn uşaqlarda da xəstəliyə daha tez-tez təsadüf edilir.

1974-cü ilin dekabrında ümummilli lider Heydər Əliyev onu Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin etdi. M.Cavadzadənin rəhbərliyi dövründə institutun maddi-texniki bazası möhkəmləndirildi, tədris-pedaqoji hazırlığın səviyyəsi yüksəldildi, kadr potensialı əsaslı şəkildə gücləndirildi. Məhz onun təşəbbüsü ilə ixtisasdəyişmə və yenidən hazırlıq kursları dövrün tələblərinə uyğunlaşdırıldı, tədris proqramları təkmilləşdirldi, müdavimlərin praktik vərdişlərə yiyələnməsinə diqqət artırıldı. Tədris prosesini daim nəzarətdə saxlayan rektor müdavimlərlə görüşərək onların problemləri ilə maraqlanır, dəyərli məsləhətlər verirdi. Eyni zamanda, institutda aparılan elmi-tədqiqat işlərinin miqyası ilbəil genişləndirilirdi. Bütün bunların nəticəsində tibb ocağı istər kadrların ixtisaslarını artırılması, istərsə də elmi axtarışlar baxımından öncül mövqeyə çıxdı.

Cavadzadənin rəhbərliyi ilə

50-dən çox elmlər doktoru yetişib

Akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə institutda nefrologiya, anesteziologiya və reanimatologiya kafedrası yaradıldı. Həmin dövrdə 51 nəfər elmlər doktoru və 152 nəfər isə elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etdi, bir çox monoqrafiya, dərslik, metodiki tövsiyə və 700-dən artıq elmi məqalə dərc olundu.

Respublika Uroloji Klinikasının bazasında 1972-ci ildə Uroloqların I Ümumittifaq qurultayı, 1976-cı ildə Ümumittifaq Nefroloqlar Cəmiyyətinin İdarə Heyətinin III plenumu, 1979-cu ildə orqan və toxumaların transplantasiyası üzrə VIII Ümumittifaq qurultay-konfransı, 1980-ci ildə nefroloqların VIII Ümumittifaq qurultayı, 1984-cü ildə hemodializ üzrə Sovet - Yapon Simpoziumu, 1987-ci ildə isə gənc alim uroloqların Ümumittifaq məktəb-seminarı keçirildi.

Onun xalqımızın ümummilli lideri Heydər Əliyevlə münasibətləri ötən əsrin 60-cı illərindən başlayıb. Heydər Əliyev respublika rəhbəri seçiləndən sonra daha tez-tez ünsiyyət saxlayıblar və Ulu Öndər onun təşəbbüs və fikirlərini həyata keçirməsi üçün hərtərəfli şərait yaradıb. Müxtəlif vaxtlarda Azərbaycanda keçirilən uroloji qurultay, konfrans və tədbirlər məhz Heydər Əliyevin xeyir-duası ilə baş tutub. Uroloqların Bakıda keçirilən I qurultayından sonra respublika rəhbərinin qurultay iştirakçılarından bir qrupunu qəbul etməsini Mirməmməd müəllim həmişə xatırlayırdı:

- Qurultaydan sonra Heydər Əliyev bizi qəbul etdi. O, uroloq deyildi, nefroloq da deyildi. Mən isə onun üçün heç bir çıxış hazırlamamışdım. Ancaq o, bizi dinləyəndən sonra keçmiş SSRİ-də və dünyada urologiyanın vəziyyətini elə təhlil etdi ki, hamımız heyran qaldıq. Heydər Əliyevin kabinetindən çıxandan sonra müxtəlif ölkədən olan akademik dostlarım məni qucaqlayıb dedilər: sənin bəxtin gətirib ki, belə bir katiblə işləyirsən. Mən onda bir daha yəqin etdim ki, Heydər Əliyev doğrudan da fenomen şəxsiyyətdir.

Sonralar böyük liderlə böyük alimin əməkdaşlığı nəticəsində ölkə səhiyyəsi üçün çox gərəkli və vacib işlər görüldü. 1980-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitutunun 450 yerlik mehmanxana tipli müasir çoxmərtəbəli yataqxanasının tikilməsi, həmin il Bakıda nefroloqların VIII Ümumittifaq qurultayının keçirilməsi, 1998-ci ildə institutda tibb fakültəsinin açılması - bunların hamısı Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib.

SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Avropa və  Beynəlxalq  uroloqlar cəmiyyətinin üzvü, Çexiyanın Tibb və Bolqarıstanın Uroloqlar cəmiyyətlərinin fəxri üzvü seçilən Miməmməd Cavadzadənin şəxsi rəhbərliyi ilə 17 elmlər doktoru, 71 elmlər namizədi yetişib.

Cavadzadə 15 min xəstəni

ölümün astanasından qaytarıb

Urologiya və operativ nefrologiyanın müxtəlif sahələrində aparılmış elmi işlərə görə ona SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları verilib. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə  tibb elminin inkişafındakı böyük xidmətlərinə görə Mirməmməd Cavad oğlu Cavadzadə “İstiqlal” ordeni ilə təltif edilib, Respublika Klinik Uroloji Xəstəxanasına onun adı verilib, yaşadığı binaya (Tərlan Əliyarbəyov küçəsi, 2) xatirə lövhəsi vurulub.

Urologiya elminə bir sıra yeniliklər gətirmiş Mirməmməd Cavadzadənin övladları ata yolunun layiqli davamçılarıdır. Samir tibb elmləri doktoru, professordur, Mirriyad isə dəri-zöhrəvi xəstəlikləri sahəsini seçib, tibb elmləri doktorudur. Böyük nəvəsi Mirməmməd İngiltərədə tibbi təhsil alır.

Akademik Mirməmməd Cavadzadə, öz sözləri ilə desək, 15 min xəstə üçün “doğma adama” çevrilmişdi. Onun yoxluğundan 9 il ötür. Amma şəfa verdiyi yüzlərlə, minlərlə insanın ömründə yaşayır. Əsl insan ömrünün mənası, xüsusən həkim xoşbəxtliyi də elə budur.

AZƏRTAC

Published in Digər xəbərlər

Mayın 16-da Azərbaycanın və Gürcüstanın ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə Vaşinqtonda Hərbi Dəniz Qüvvələrinin Xatirə və İrs Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş “Əli və Nino” filminin paytaxt premyerası keçirilib.

ABŞ administrasiyasının və Konqresinin rəsmilərinin, Vaşinqtonda akkreditə olunmuş səfirlərin və yüksək rütbəli diplomatların, beyin mərkəzlərinin təmsilçilərinin, ictimai xadimlərin iştirak etdikləri tədbir ziyafətlə başlanıb. Daha sonra səfir Elin Süleymanov və David Bakradze nitq söyləyiblər.

Səfir David Bakradze Gürcüstan ilə Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə toxunub, hər iki ölkəni bir-birinə yaxın edən əlaqələrdən danışıb. Filmin mahiyyətinə toxunan D.Bakradze bu əsərdə hər iki xalqın birgə tarixinin əks olunduğunu qeyd edib.

Səfir Elin Süleymanov Azərbaycan ilə Gürcüstan arasından dostluq və qardaşlıq əlaqələrinə toxunub. O, nümayiş etdiriləcək əsərin tarixi əhəmiyyətindən danışıb. E.Süleymanov, həmçinin bu filmin çəkilməsinə böyük səylər göstərmiş yaradıcı heyətə təşəkkürünü bildirib və icraçı prodüser Leyla Əliyevanın böyük zəhmətini xüsusi vurğulayıb. 

Qeyd edək ki, hər iki ölkənin mədəniyyəti və tarixi barədə dolğun təsəvvürlər yaradan bu film iştirakçılar tərəfindən olduqca müsbət qarşılanıb.

 

 

 

AZƏRTAC

Published in Dünya bu gün
1 -dən səhifə 2