XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə, 17 May 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn ulu öndər Heydər Əliyev ilə görüşünü və Ümummilli Liderin onunla apardığı çox maraqlı söhbəti məmnunluqla xatırladı. O, Amerika yəhudi icmasının Azərbaycanda yəhudi məktəbinin inşasına investisiya qoymağı planlaşdırdığını diqqətə çatdırdı.

Malkolm Honlayn Azərbaycan-ABŞ əlaqələrindən, o cümlədən Amerika yəhudiləri ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə etdi və bu əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğuladı.

Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynın ölkəmizə böyük nümayəndə heyəti ilə bundan əvvəlki səfəri zamanı onunla görüşünü xatırladı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın yəhudi icması ölkəmizdə digər xalqların nümayəndələri ilə birlikdə dinc və əmin-amanlıq şəraitində yaşayır.

Söhbət zamanı Azərbaycanda bu ilin “İslam Həmrəyliyi İli” elan olunması, hazırda Bakıda İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi və yüksək səviyyədə təşkil edilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoqun gücləndirilməsi işinə ölkəmizin töhfəsi kimi dəyərləndirildi, Azərbaycanda multikulturalizm mühitinin təmin olunmasının əhəmiyyətindən danışıldı və bu istiqamətdə görülən tədbirlərin maraqla izlənildiyi qeyd olundu. 

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

 

 

AZƏRTAC

Published in Siyasət

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 may 2017-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Afaq Süleyman qızı Məlikova “Şərəf” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 may 2017-ci il.    

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabah “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 11 may 2017-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar Şəhidi” fəxri adı haqqında Əsasnamə”yə uyğun olaraq qərara alıram:

1. 1990-cı il 20 Yanvar hadisələri nəticəsində aldıqları xəsarətlərdən vəfat etmiş aşağıdakı şəxslərə “20 Yanvar Şəhidi” fəxri adı verilsin:

Adilov Musa Ramazan oğlu

Məmmədova Rəna Təyyar qızı.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 may 2017-ci il.

Published in Sərəncam
Çərşənbə, 17 May 2017 09:10

Norveçin Kralı Əlahəzrət V Haralda

Əlahəzrət,

Ölkənizin milli bayramı - Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 15 may 2017-ci il.

Published in Məktublar

Zati-aliləri.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Pakistan Hökuməti və xalqı adından Sizə səmimi və xoş arzularımı çatdırmaq istərdim.

Bizim ölkələrimiz sıx tarixi, dini və mədəni əlaqələrlə bir-birinə bağlıdır. Pakistan bu əməkdaşlığı siyasi, mədəni, enerji və müdafiə sahələrində daha da genişləndirməyin tərəfdarıdır.

Pakistan regional sülh, əlaqələndirmə və inteqrasiya prinsipinə sadiqdir. İqtisadi Əməkdaşlıq Təşkilatı, digər regional və beynəlxalq forumlar çərçivəsində birgə səylərimiz bizə bu dəyərli məqsədlərə çatmağa kömək edəcək. 

Mən bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı sülh və rifah arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Məmnun Hüseyn

Pakistan İslam Respublikasının Prezidenti.

Published in Məktublar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə qərara alıram:

1. “Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 may 2017-ci il.

Published in Fərman

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, N 1, maddə 23; 1999, N 4, maddə 228; 2007, N 5, maddə 401) 5-ci maddəsinin üçüncü hissəsində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyini” sözləri “müvafiq icra hakimiyyəti orqanını” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 aprel 2017-ci il.

Published in Qanun

“Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 554-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 554-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə”  Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə”  Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında”  Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirirlər.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 16 may 2017-ci il.

Published in Fərman
1 -dən səhifə 4