XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Bazar, 14 May 2017

Azərbaycan Prezidenti İlham Əliyev qaliblərə medalları təqdim edib

Mayın 13-də Bakı İdman Sarayında IV İslam Həmrəyliyi Oyunlarının karate yarışları başlayıb. Azərbaycan karateçiləri yarışların birinci günündə iki qızıl, bir gümüş və iki bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmalarına baxıblar.

Yarışlarda Azərbaycanı qadın idmançılardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) və Fəridə Abiyeva (61), kişi karateçilərdən isə Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq) və Rəfael Ağayev (75 kq) təmsil ediblər.

Azərbaycan idmançısı Rəfael Ağayev finalda Pakistan təmsilçisi Qulam Abbas ilə qarşılaşıb. O, rəqibini 4:0 hesabı ilə məğlub edərək birinci yeri tutub.

İdmançımız Fəridə Abiyeva (61 kq) isə finalda iranlı Rozita Əlipurkaşkalesadı 3:0 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qalibi olub.

Sonra mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qaliblərə medalları təqdim edib.

Qalib idmançıların şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağımız qaldırılıb.

Yarışa səkkizdəbir finaldan qoşulan Rəfael Ağayev Türkiyə təmsilçisi Erman Eltemur üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb. Karateçimiz dörddəbir finalda Səudiyyə Ərəbistanının idmançısı Sultan Əl Zəhranini 7:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. R.Ağayev yarımfinalda Malayziya təmsilçisi Şarmendran Raqonathanı 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Fəridə Abiyeva isə səkkizdəbir final mərhələsində Çad təmsilçisi Viktorine Koro üzərində 8:0 hesabı ilə inamlı qələbə əldə edib. O, yarışın dörddəbir finalında Kot-d,İvuar idmançısı Koussai Ahia Aurelie Estelleni 2:0 hesabı ilə məğlub edib. İdmançımız yarımfinalda özbəkistanlı rəqibi üzərində 3:2 hesablı qələbə qazanaraq finala adlayıb.

 

 

“Bakı-2017”də 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı İlahə Qasımova yarışda gümüş medalla kifayətlənməli olub. İ.Qasımova səkkizdəbir final mərhələsində fələstinli Saja Abbasini 8:1 hesabı ilə məğlub edib. Dörddəbir finalda isə idmançımız İndoneziya təmsilçisi Sanistyarani Cok İstri Aqunq üzərində 7:0 hesabı ilə inamlı qələbə qazanıb. İ.Qasımova yarışın yarımfinal mərhələsində İordaniya təmsilçisi Majedah Albasareni 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. İdmançımız finalda Misir karateçisi Yasmin Attiyaniyə məğlub olub.

Yarışda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Nuranə Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb. İdmançımız N.Əliyeva indoneziyalı Srunita Sukatendel ilə gərgin keçən görüşdə rəqibinə qalib gəlib.

Azərbaycan karateçilərinin “Bakı-2017”də ikinci bürünc medalını isə Firdovsi Fərzəliyev qazanıb. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medal uğrunda görüşdə indoneziyalı Suryadi Suryadi ilə qarşılaşıb. Rəqibi üzərində 6:0 hesabı ilə inamlı qələbə qazanan Firdovsi Fərzəliyev IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına yiyələnib.

Mayın 14-də “Bakı-2017” çərçivəsində karatenin kumite növü üzrə digər çəki dərəcələrində yarışlar keçiriləcək. Həmçinin karatenin kata növündə qaliblər məlum olacaq.

 

AZƏRTAC

Published in İdman

Medalları qaliblərə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib

Mayın 13-də bədii gimnastika üzrə Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub. 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva gimnastların yarışlarına baxıb.

Paytaxtımız 23 idman növünün təmsil olunduğu IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Həm dünya, həm İslam aləmi üçün önəmli olan bu Oyunların proqramına ilk dəfə olaraq gimnastika idman növü də daxil edilib. Oyunlar çərçivəsində gimnastikanın 3 növü üzrə - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil olunur.

Yarışda iştirak edən ölkələr növbə ilə Milli Gimnastika Arenasının səhnəsini bölüşdülər. Rəqs elementləri, balet və musiqinin incəsənət və idmanla vəhdətindən ibarət olan bədii gimnastika idmanın ən cəlbedici və gözəl növlərindən hesab edilir. Kompozisiyalı idman növü olan bədii gimnastikanın əsas xüsusiyyəti çox yüksək bədən çevikliyi və fəallıq tələb edən və gimnastların çıxış üçün seçdikləri musiqi ilə mükəmməl ahənglə təqdim etdikləri ən çətin akrobatik hərəkət elementlərinin bir-biri ilə birləşməsidir. Bu idman növündə incəlik və zəriflik var. Fərdi yarışlarda çıxışın ümumi müddəti 1 dəqiqə 15 saniyədən 1 dəqiqə 30 saniyəyədək, qrup yarışlarında isə 2 dəqiqə 15 saniyədən 2 dəqiqə 30 saniyəyədək çəkir.

Azərbaycanda son illərdə bədii gimnastikanın inkişafına xüsusi diqqət yetirilib. Bunun nəticəsində bu idman növündə ölkəmiz qələbələr qazanıb. Mayın 12-də - Oyunların möhtəşəm açılış mərasimi günü Milli Gimnastika Arenasında start verilən gimnastika yarışlarına ayın 15-də yekun vurulacaq.

 

 

Yığma komandamızın üzvləri Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirovanın iki yarış günü ərzində 4 hərəkətin - halqa, top, gürzlər, lent hərəkətlərinin cəmində göstərdikləri nəticə 128.200 bal ilə qiymətləndirilərək komandamıza İslamiadanın çempionluğunu qazandırıb. Komandamız bu xalların 65.250-sini mayın 12-də top və halqa ilə yarışlarda toplayıb.

İkinci yerdə 123.850 balla Özbəkistan, üçüncü yerdə isə 101.650 balla Türkiyə milli komandaları qərarlaşdılar.

Yarışlar başa çatandan sonra mükafatlandırma mərasimi oldu.

Medalları qaliblərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim etdi.

“Bakı-2017”nin çempionu olan bədii gimnastika komandamızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirildi, dövlət bayrağı qaldırıldı.

Mayın 14-də müxtəlif alətlər üzrə fərdi yarışlarda final mərhələsi keçiriləcək.

Xatırladaq ki, Marina Durunda və Jalə Piriyeva lent və gürzlərlə hərəkətlərdə finala yüksəliblər.

AZƏRTAC

Published in İdman

Prezident İlham Əliyev qalib idmançılara medalları təqdim edib

Mayın 13-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları başlayıb. Azərbaycan idmançıları yarışlarda 6 qızıl və 7 gümüş medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmalarına baxıblar.

Cüdo yarışlarının ilk günündə fərdi mübarizədə kişilər arasında 60, 66, 73 kiloqram, qadınların yarışında isə 48, 52, 57, 63 kiloqram, eləcə də paracüdoçu qadınlar arasında 57, 70 kiloqram çəki dərəcələrində idmançılar tatami üzərinə çıxıblar.

Əvvəlcə 48 kiloqram çəki dərəcəsində qadınların yarışında mübarizə aparan Erdenebat Bazarraqça ölkəmizə ilk qızıl medalı qazandırıb. Onun finaldakı rəqibi digər təmsilçimiz Aişə Qurbanlı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə E.Bazarraqça 1:0 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu adına layiq görülüb. Bu çəkidə üçüncü pilləni Mərakeş idmançısı Vəfa İdrissi Şorfi tutub.

Yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən paracüdoçumuz Afaq Sultanova Azərbaycanın digər təmsilçisi Sevda Vəliyevanı ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Altmış kiloqram çəki dərəcəsində kişilərin yarışında Azərbaycanı təmsil edən Orxan Səfərov da ümidləri doğruldub. Finalda türkiyəli Bəkir Özlünü 2:1 hesabı ilə məğlub edən cüdoçumuz qızıl medal qazanıb.

Kişi idmançıların mübarizəsində 66 kiloqram çəki dərəcəsində Nicat Şıxəlizadə finalda Əlcəzair təmsilçisi Houd Zourdani ilə görüşdə rəqibinə ipponla qalib gəlib və IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

 

 

Cüdo yarışlarında ölkəmizə daha bir qızıl medalı qadın paracüdoçumuz Ramilə Kaştayeva (70 kq) qazandırıb. O, finalda digər idmançımız Turanə Ağayevaya ipponla qalib gələrək qızıl medala sahib olub.

Kişilər arasında 73 kiloqram çəki dərəcəsində yarışın finalında Azərbaycanın iki cüdoçusu üz-üzə gəlib. Rüstəm Orucova qalib gələn Hidayət Heydərov IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün birinci pilləsinə qalxıb.

Qalib idmançıların mükafatlandırılması mərasimlərində medalları atletlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təqdim ediblər.

Çempion idmançılarımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağımız qaldırılıb.

Cüdo yarışlarının birinci günündə Azərbaycanın yeddi idmançısı gümüş medalla kifayətlənməli olub.

Qadınların mübarizəsində Nəzakət Əzizova (52 kq) finaladək inamla irəliləsə də, həlledici qarşılaşmada Türkiyə təmsilçisi İrem Korkmaza məğlub olaraq İslamiadanı ikinci pillədə başa vurub.

Kifayət Qasımova (57 kq) isə final görüşündə Əlcəzair idmançısı Ratiba Tariketə uduzaraq gümüş medalla kifayətlənməli olub.

Qadınların yarışında 63 kiloqram çəki dərəcəsində çıxış edən Xanım Hüseynova həlledici qarşılaşmada Türkiyə idmançısı Busra Katıpoqluya məğlub olaraq yarışı ikinci pillədə tamamlayıb.

Digər gümüş medalçılarımız isə finalda azərbaycanlı rəqiblərinə məğlub olaraq ikinci yeri tutublar. Onlar Aişə Qurbanlı (48 kq), Sevda Vəliyeva (57 kq), Turanə Ağayeva (70 kq) və Orxan Səfərovdur (73).

AZƏRTAC

Published in İdman

Sovet televiziyasının əfsanəsi sayılan Kaleriya Venediktovna Kislova həyatının yarım əsrdən çox hissəsini bu sahəyə həsr edib. O, çoxlu populyar verilişlərin yaradılması üzərində çalışıb, 1974-cü ildə informasiya baş redaksiyasında - “Vremya” proqramında işləməyə başlayıb. SSRİ Dövlət Mükafatı laureatı, RF Əməkdar İncəsənət Xadimidir. “Şərəf nişanı” ordeni, “Vətən qarşısında xidmətlərinə görə” ordeninin II dərəcəli medalı, RF Prezidentinin təşəkkürnaməsi ilə təltif olunub.
Çoxillik peşəkar fəaliyyəti dövründə Kaleriya Venediktovna SSRİ-nin və Rusiyanın birinci şəxsləri - L.Brejnev, Y.Andropov, M.Qorbaçov, B.Yeltsin ilə işləyib. Lakin məhz Heydər Əliyev onun məxsusi rəisi, sonradan isə həm də xeyirxah dostu olub. Kaleriya Kislova “Moskva-Baku” portalına eksklüziv müsahibəsində Azərbaycan xalqının Ümummilli Lideri haqqında xatirələrini bölüşüb. AZƏRTAC müsahibənin xülasəsini təqdim edir.
“Heydər Əliyev haqqında çox danışa bilərəm, - K.Kislova söhbətinə belə başladı, - ömrümdə Heydər Əliyev qədər səmimi insan görməmişəm. Bakıya ilk dəfə 1978-ci ildə gəlmişəm. O vaxt mən “Vremya” proqramının baş rejissoru və Leonid Brejnevin şəxsi rejissoru idim. Baş katib Azərbaycana təyyarə ilə gəlməli və Bakı şəhərini təltif etməli idi. V.İ.Lenin adına sarayda (indiki Heydər Əliyev Sarayı) Heydər Əliyev mənə yaxınlaşdı və aparatların hazır olması barədə məlumat verməyimi xahiş etdi. Kameralar artıq yerləşdirilmişdi və mən Heydər Əliyevi bütün kameraların yanına apararaq hər şeyi ona göstərdim. Mən bütün birinci katiblərlə tanış idim, demək olar ki, bütün müttəfiq respublikalarda olmuşdum və istər bu hadisədən əvvəl, istərsə də ondan sonra heç vaxt heç kəs kameraların düzülüşünə və çəkilişlərə bu cür diqqət yetirmirdi.
Bu səfər müddətində SSRİ Mərkəzi Televiziyasının çəkiliş qrupu düz bir ay Azərbaycanda qaldı. Bu, əfsanəvi ay idi. Biz çox işləyirdik, hətta Heydər Əliyevlə bərabər respublikanın səması üzərində uçmuşam. Leonid İliç Azərbaycanı çox sevir və orada özünü çox sərbəst hiss edirdi. Heydər Əliyevlə onun arasında qarşılıqlı anlaşma və yaxşı insani münasibətlər vardı”.
K.Kislova 1981-ci ili ürəkağrısı ilə xatırlayır. Həmin il onun valideynləri Novosibirskdə bir-birinin ardınca dünyasını dəyişdi. Kaleriya Venediktovnanın həyatının bu ağır günlərində Heydər Əliyev ona zəng edib: “Kaleriya, zəng etmişəm ki, sizə dərin hüznlə başsağlığı verim. Deyin, sizə nə kömək edə bilərəm? Başa düşürəm ki, siz o şəhərdə təksiniz, üstünüzə çox qayğı düşüb. Mən oraya adamları göndərə bilərəm, sizə kömək edərlər”.
Mən dedim: “Təşəkkür edirəm Heydər Əliyeviç. Çox sağ olun. Bu telefon zəngi və bu başsağlığı mənim üçün çox əlamətdar oldu, ona görə ki, mənim dostluq etdiyim və Novosibirskdə olduğumu yaxşı bilən moskvalı rəhbərlərimdən heç biri mənə zəng etməmiş və belə sözlər deməmişdi”.
Növbəti dəfə K.Kislova Bakıya 1982-ci ildə L.Brejnev ilə bərabər gəlmişdi. Baş katib Azərbaycana ağır xəstəlikdən sonra gəlmişdi - Daşkənddə səfərdə olarkən körpücük sümüyünü sındırmış və uzun müddət müalicə olunmuşdu. Bakı aeroportunda L.Brejnevin qarşılanmasından sonra ali qonağı müşayiət edən kortej şəhərə yola düşdü, orada Sovet İttifaqının birinci şəxsinin çıxış etməsi üçün tribuna düzəldilmişdi.
Əfsanəvi rejissor xatırlayır: “Brejnev maşından çıxdı, yuxarıdakı tribunaya baxdı, “Ora? Yox. Mən yorulmuşam”, - dedi və qayıdıb maşında əyləşdi. Heydər Əliyevin də həmin maşına əyləşməkdən başqa çarəsi qalmadı. Maşın dönüb getdi. Biz isə artıq efirdə idik və mən göstəriş verdim ki, işi davam etdirsinlər. Mənim səyyar televiziya stansiyalarım yolboyu ta iqamətgaha qədər düzülmüşdü. Qərara aldıq ki, meydanda hər şey davam edəcək - rəqslər, mahnılar... Bütün meydan insanla dolu idi. Mən də belə bir mənzərə montaj etdim: maşın gəlir, insanlar meydanda rəqs edirlər. Elə təsəvvür yaranmışdı ki, sanki bütün şəhər böyük bir meydandır. Axşam “Vremya” proqramını göstərəndə hər şey təkrarlandı. Leonid İliç baxıb demişdi: “Əcəb qəşəng idi. Amma mən görməmişəm”.
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçiləndən sonra K.Kislova tez-tez onunla ezamiyyətə getdiyini bildirərək deyir: “Bu ezamiyyətlərdə məni ən çox heyrətləndirən onun maşından çıxıb insanlarla söhbət etməsi idi. Sonralar Qorbaçov və başqaları da maşından çıxmağa başladılar, amma bu işi başlayan Heydər Əliyev olub. Voloqdada baş vermiş bir hadisə yadıma düşür. O, insanlarla söhbət edirdi, bu arada bir qadın ona yaxınlaşdı. Qadın onunla Azərbaycan dilində danışmağa başladı, lakin Heydər Əliyev onun rus dilinə keçməsini xahiş etdi: qoy heç kəs fikirləşməsin ki, onlar nə isə məxfi bir məsələni müzakirə edirlər. Heydər Əliyev qadının əslən haradan olmasını, Voloqdaya necə gəlib çıxmasını, rus ərinin onu incidib-incitmədiyini soruşdu, ona salam göndərdi - tamamilə sərbəst şəkildə”.
K.Kislova xatırlayır ki, Heydər Əliyev keçmiş Sovet İttifaqının yeganə rəhbəri idi ki, ezamiyyətlərdə onu müşayiət edən jurnalistlərlə ünsiyyətdə olur, hətta onlarla bərabər nahar və şam yeməyi yeyirdi: “O, həmişə insanların arasında olmağa çalışırdı. Belə vaxtlarda biz hətta müəyyən məsələləri müzakirə etməyə başlayırdıq: ya axşamçağı iş günü barədə öz təəssüratlarımızı, ya da səhər qarşıda bizi nələr gözləməsi barədə planlarımızı”.
Məşhur rejissor “Moskva-Baku” portalına müsahibəsində Heydər Əliyevin Moskvada ona mənzil ayırması barədə də danışıb. Bir dəfə Kaleriya Venediktovnanın xəstələnməsindən xəbər tutan Heydər Əliyev öz şəxsi həkimini onun yanına göndərmişdi: “Mən işə çıxanda isə Nazirlər Sovetinin İşlər İdarəsindən mənə zəng vurub dedilər ki, mənim üçün mənzil ayrılıb. Fikirləşdim ki, mənimlə zarafat edirlər, axı mən mənzil almaq üçün heç bir ərizə yazmamışdım. Məlum oldu ki, həkim mənim yanımdan qayıdanda Heydər Əliyev soruşub: “O qadın hansı şəraitdə yaşayır?” Həkim isə demişdi ki, mənim ümumi sahəsi 38,76 kvadratmetrə bərabər olan üç balaca otağım var”.
“1985-ci il Heydər Əliyev üçün çox çətin il oldu. Həmin dövrdə Zərifə Əziz qızı özünü pis hiss edirdi. Mən onu səfərdən əvvəl görmüşdüm. Biz iki dəfə görüşmüşdük - Leninskiye Qorıda qadınları qəbul edərkən, sonra isə Böyük Teatrda, Heydər Əliyev 8 mart münasibətilə orada məruzə ilə çıxış edirdi. Zərifə xanım məni çağırıb dedi: “Bilirəm ki, siz Altaya uçacaqsınız, orada Heydər Əlirza oğlunun qaldığı yerdə yaşayacaqsınız. Fikir verin ki, ona soyuq dəyməsin. O, papaq qoymağı və şərf bağlamağı xoşlamır, o yerlər soyuqdur, o isə cənub adamıdır”. Zərifə xanım onun qayğısına elə qalırdı”.
1985-ci il aprelin 15-də Zərifə Əliyeva dünyasını dəyişdi.
“Mən Heydər Əliyevin yanına getdim. Onun kabinetinə girəndə Heydər Əliyevin üzünə baxanda ürəyim ağrıdı - bu, tamam başqa adam olmuşdu. Təxminən səhər saat 11-in yarısı idi. O, xəstəxanadan təzəcə gəlmişdi. Bütün gecə orada olmuş, yatmamışdı. Çox sarsılmışdı, rəngi qapqara idi. Mən yaxınlaşıb ona bəzi sözlər dedim, amma belə vəziyyətdə bu sözlərin nə xeyri vardı. O, göz yaşlarını saxlaya bilmədi. Mən də onunla bərabər hönkürdüm. O mənə dedi: “Başa düşürsənmi mən təkcə xanımımı yox, dostumu itirmişəm. O, çox yaxşı dost idi...”
Sonra dəfn mərasimi oldu, Zərifə Əziz qızını Novodeviçye qəbiristanlığında dəfn etdilər. Qohumlar və siyasi büronun bütün üzvləri toplaşmışdı. Təkcə Mixail Qorbaçov gəlməmişdi...”
“Hələ Əliyevlərin bütün ailəsi Bakıda yaşayanda İlham Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi idi və Moskvada yaşayırdı. Yayın axırlarında məhsul yığımı dövrü idi. Biz müxbirlərdən materiallar alırdıq. Mən onları gözdən keçirib münasib olanları seçirdim. Bir də belə bir plyonka gördüm: “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi rayonlara səfər edir”. Əvvəlcə buna fikir vermədim, şəkillərə və mətnə nəzər saldım, sonra diqqətlə baxanda gördüm ki, Heydər Əliyevi müşayiət edən qrupda onun oğlu İlham da var. Əvvəlcə gözlərimə inanmadım, sonra iri planda baxıb yəqin etdim. Bu, həqiqətən o idi. Axı avqust ayı yay tətilinin sonu idi, bütün “qızıl” gənclik haradasa çimərlikdə dincəlirdi... O isə kolxozlara və tarlalara səfər edən atasını müşayiət edirdi”.
K.Kislova müsahibəsinin sonunda deyir: “Onu əbəs yerə Azərbaycanın xilaskarı adlandırmırlar. Ona görə ki, həmin vaxt onun 70 yaşı olmasına və bir neçə dəfə infarkt keçirməsinə baxmayaraq, özündə qüvvə tapmışdı. O, çox müdrik insan idi, cəsarətli qərarlar qəbul etməyi bacarırdı. Məhz o, vətəndaş müharibəsinin qarşısını aldı və ölkəni ən ağır vəziyyətdən çıxardı”.

AZƏRTAC

Published in Digər xəbərlər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xalqımızın ümummilli lideri Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.
“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” söyləyən Ulu öndərin anadan olmasının 94 illiyi ilə əlaqədar bu günlərdə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində keçirilən tədbirlərdə bu dahi insanın əziz xatirəsi böyük hörmət və ehtiramla anılır, yad edilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində ABŞ-ın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərlərində Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə silsilə tədbirlər keçirilmişdir. Bu məqsədlə 2017-ci ilin may ayının 5-dən Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovun rəhbərliyi ilə 20 nəfərdən ibarət nümayəndə heyəti Kaliforniyada səfərdədir.
Proqrama Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər, ilk növbədə Los Anceles və San Dieqo şəhərlərində muğam triosunun, opera ifaçılarının, eləcə də nağara, balaban, piano və qarmon ifaçılarından ibarət heyətin iştirakı ilə konsertlər keçirilmiş, “Əli və Nino” filmi nümayiş etdirilmiş, “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərgi və Los Anceles və San Dieqo şəhərlərinin rəsmi dairələrində görüşlər keçirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 6-da Los Anceles şəhərində keçirilmiş geniş konsert böyük mədəniyyət hadisəsi kimi tədbir iştirakçılarında xoş hisslər yaratmışdır.
Los Ancelesin ən qədim və nüfuzlu incəsənət məkanlarından olan Orfeum Teatrında təşkil olunmuş konsertdə Azərbaycanın tanınmış incəsənət ustaları tərəfindən təqdim olunan milli musiqi və rəqslərimizdən ibarət əvəzsiz nümunələr 2 minə yaxın tamaşaçı tərəfindən böyük rəğbət və gurultulu alqışlarla qarşılanmışdır.
Tədbirin əvvəlində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış etmişlər.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək Ulu Öndərin həyat yolu və müasir Azərbaycanın qurulmasında, eləcə də ölkəmizin tərəqqisində oynadığı əvəzsiz tarixi xidmətləri barədə danışaraq qeyd etmişdir ki, dahi dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın israrlı çağırışlarından sonra Bakıya qayıtmış, qısa vaxt ərzində ölkədə sabitliyin yaradılmasına nail olmuş, bütün istiqamətlərdə yeni təşəbbüslərə start verərək, müasir Azərbaycanın tərəqqisinin təməlini qoymuşdur.
Sonra Heydər Əliyevin həyatını əks etdirən video-çarx nümayiş olunmuşdur.
Daha sonra incəsənət ustalarımızın möhtəşəm konsert proqramı təqdim olunub. Xalq artisti, professor Siyavuş Kəriminin musiqi rəhbərliyi altında nümayiş etdirilən geniş repertuarda xalq mahnılarımızdan, muğamlarımızdan, dahi bəstəkarlarımızın ölməz əsərlərindən, solo ifaçılıq sənətimizdən və milli rəqslərimizdən ən gözəl nümunələrinə yer verilib. Bu səpkidə xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, əməkdar artist Aygün Zeynalova və gənc müğənni Arzu Əliyeva tərəfindən səsləndirilən rəngarəng mahnı və muğam təsnifləri , simfonik musiqi əsərləri, eləcə də gənc rəqqasə Röya Əliyevanın təqdim etdiyi şux rəqslər geniş tamaşaçı kütləsinin sözün əsl mənasında zövqünü oxşayıb. Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (nəfəsli alətlər), tanınmış ifaçılar Aydın Əliyev (qarmon), Elşən Qasımov (nağara) və Nərgiz Əliyeva (royal) tərəfindən böyük məharətlə səslandirilən instrumental əsərlər isə böyük rəğbətlə qarşılanıb.
Konsertin sonunda bəstəkar Rauf Hacıyevin ölməz əsərlərindən olan məşhur “Azərbaycan” mahnısının sədaları altında rəqqasə Röya Əliyevanın Azərbaycan bayrağı ilə təntənəli rəqsi xüsusilə yadda qalıb. Konsert tamaşaçıların sürəkli və gurultulu alqışları ilə qarşılanıb.
Konsertdən sonra Los Ancelesin siyasi - ictimai xadimlərinin, tanınmış mətbuat nümayəndələrinin, eləcə də xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsul və fəxri konsullarının, həmçinin Azərbaycan diasporu və digər dost icmaların aparıcı təmsilçilərinin iştirakı ilə geniş qəbul keçirilib.
Nəsimi Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə silsilə tədbirlər ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində davam etdirilmişdir.
Növbəti tədbir may ayının 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın San Dieqo şəhərinin mərkəzində yerləşən Regal Cinema Mərkəzində nümayiş olunmuşdur. Filmin nümayişində San Dieqo şəhəri ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, professorlar, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər iştirak etmişlər.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov “Əli və Nino” əsərinin yüksək tarixi və mənəvi dəyərlərindən danışaraq bildirib ki, bu əsər nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və ölkəmizin qədim tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edir.
Sonra film nümayiş etdirilib, yüksək rəğbətlə və sürəkli alqışlarla qarşılanmışdır.
San Dieqoda növbəti tədbir Azərbaycanın paytaxtı Bakı şəhərinə həsr olunmuş fotosərgi tanınmış sənət mərkəzlərindən olan Meyer İncəsənət Qalereyasında açılmışdır. “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı sərgidə mart ayında Bakıya səfər etmiş Nikolas Agelidis tərəfindən çəkilmiş fotoşəkillər nümayiş etdirildi. Nümayiş olunan fotoşəkillər Bakının tarixi və müasir memarlıq, onun multikulturalizm, etnik və dini müxtəlifliyin, eləcə də son bir neçə il ərzində Bakının sürətli inkişafını əks etdirir. Foto sərgidə Bakının memarlıq inciləri, o cümlədən Heydər Əliyev Mərkəzi, Qız Qalası, “Alov qüllələri” kompleksi, həmçinin tarixi-mədəni abidələri əks olunur.
May ayının 10-da Nəsimi Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə San Dieqonun ən tanınmış və qədim incəsənət mərkəzlərindən hesab olunan Balboa Teatrında keçirilmiş konsertə 1300 nəfərdən çox şəhər sakini tamaşa edib.
Tədbirdə çıxış edən San Dieqo Vilayətinin Nəzarətçilər Şurasının üzvü Ron Roberts belə bir gözəl mədəniyyət gecəsinin təşkilinə görə təşəkkürünü bildirmişdir. O, Azərbaycanın inkişafını və güclənməsini son illərdə yaxından izlədiyini qeyd edərək, Bakı ilə San Dieqo arasındakı münasibətlərin getdikcə daha da yaxınlaşmasından məmnun olduğunu diqqətə çatdırmışdır. R.Roberts çıxışının sonunda 10 mayın San Dieqo Vilayətində “Azərbaycan Musiqisi Günü” elan edilməsinə dair bəyannaməni təqdim etmişdir.
Sonra Heydər Əliyevin ömür yolunu əks etdirən video-material tamaşaçıların diqqətinə təqdim olunub.
Daha sonra Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında nümayiş etdirilən proqramda Azərbaycan musiqisinin müxtəlif janrları təqdim olunmuşdur.
Həmçinin Qara Qarayevin “Yeddi Gözəl” baletindən valsın Kaliforniyanın San Dieqo Baleti tərəfindən ifası böyük maraq doğurmuşdur.
Keçirilən görüşlərdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2011-ci ildən San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə qardaşlaşmasını qeyd edərək, Bakı ilə San Dieqo arasında 6 il öncə yaradılmış tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsinin iki xalq arasındakı əlaqələrin gücləndirilməsi baxımından yüksək önəm daşıdığını qeyd edib. Azərbaycanın sosial-iqtisadi inkişafı çərçivəsində Bakı şəhərinin son illərdə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirərək Asif Əsgərov Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələri barədə danışmış, Azərbaycanın bu modelinin bir sıra ölkələr üçün gözəl bir nümunə təşkil etdiyini diqqətə çatdırmışdır.
San Dieqo ilə tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da dərinləşdiriməsinin zəruriliyini vurğulayan Asif Əsgərov San Dieqodakı Azərbaycan dostlarını bu münasibətlərin inkişafında yaxından iştirak etmək üçün ölkəmizə dəvət etmişdir.
Nəsimi rayon nümayəndə heyəti tərəfindən keçirilən bütün rəsmi görüşlərin sonunda Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Məhəmməd VƏLİYEV,
“Respublika”.

Published in Diaspora

Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı MMC və Bakı Mühəndislik Universiteti ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, innovasiya sahəsində fəaliyyəti genişləndirməklə elmin inkişafını təmin etmək məqsədinə əsaslanan birgə elmi və elmi-texniki proqram, layihə və konfransların həyata keçirilməsində qarşılıqlı marağı nəzərə alaraq saziş bağlayıb.

Müqaviləni Bakı Mühəndislik Universitetində universitetin rektoru, professor Havar Məmmədov və “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Vüqar Babayev imzalayıb.

Rektor Havar Məmmədov “AMEA Yüksək Texnologiyalar Parkı”nın nümayəndə heyətinə universitet haqqında geniş məlumat verərək bildirdi ki, 20-dən çox mühəndislik laboratoriyalarının və texnoparkın mövcudluğu əməkdaşlığımızın əməli fəaliyyətində mühüm rol oynayacaq. Əlavə edib ki, əməkdaşlıq yollarının genişləndirilməsi məqsədi ilə və təcrübə mübadiləsi imkanlarının yaradılması üçün birgə tədbirlərin, konfransların, layihələrin, müsabiqələrin və elmi proqramların, BMU nəzdində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti Texnoparkı və AMEA YTP birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və səmərəli hesab olunduğu təqdirdə həyata keçirilməsi məqsədəuyğun olardı.

“AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Vüqar Babayev qeyd edib ki, 5 il müddətinə bağlanan müqaviləyə əsasən innovasiya xarakterli elmi nailiyyətlərin BMU Texnopark və AMEA YTP-nin dəstəyi ilə kommersiya istiqamətinə yönəldilməsi və formalaşmasına dəstəyin verilməsi, elmi nailiyyətlərin artırılması, mütəmadi təşəbbüslərin təşkili, elmi nailiyyətlərin müasir texnoloji layihələrə inteqrasiya edilməsinə şəraitin yaradılması, ölkədə innovasiya fəaliyyətinin genişləndirilməsi məqsədi ilə innovasiya xarakterli elmi-tədqiqat işlərinin aparılması, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların, birgə elmi tədbirlərin təşkili həyata keçiriləcəkdir.

 

Mustafa KAMAL,

“Respublika”.

Published in Digər xəbərlər

Bakı Mühəndislik Universiteti (BMU) universitet-iş dünyası əlaqələrinin inkişafına xüsusi diqqət yetirir. Universitet yarandığı qısa müddət ərzində 20-dək şirkətlə əlaqə qurub əməkdaşlıq edir. Mütəxəssis hazırlığında nəzəri biliklərlə yanaşı, təcrübi biliklərin də xüsusi əhəmiyyəti vardır.

Ölkəmizdə tanınmış, dünyanın 20-dən artıq ölkəsinin 100-dən çox fabrikindən məhsul idxal edən, eyni zamanda istehsal sahələri ilə məşğul olan və pərakəndə sektorda əhaliyə xidmət göstərən “Veysəloğlu” şirkəti  Bakı Mühəndislik Universitetilə  əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən tərəflər birgə tədbirlər, treninqlər keçirəcək, universitet tələbələri şirkətdə ixtisaslarına uyğun təcrübə keçəcək, istehsalat prosesi ilə tanış olacaqlar.

Universitetin rektoru, professor Havar Məmmədov universitetin maddi-texniki bazasının, müəllim heyətinin yüksək səviyyədə olduğunu,  mühəndislik fakültəsi ilə yanaşı, iqtisadiyyat fakültəsinin də yüksəkixtisaslı kadr hazırladığını şirkət rəhbərliyinin diqqətinə çatdırıb. Universitet rəsmisi, həmçinin hazırda universitetdə yüksək balla qəbul olunmuş tələbələrin və çox sayda Prezident təqaüdçülərinin təhsil aldığını da bildirib. Gələcək planlardan danışan rektor ölkəmiz üçün ehtiyac olan yeni ixtisaslar üzrə də kadr hazırlığının aparılacağını qeyd edib.

Şirkətin fəaliyyəti haqqında geniş məlumat verən “Veysəloğlu” Şirkətlər Qrupunun  nümayəndələri əsas məqsədlərinin ölkəmizin milli iqtisadiyyatının inkişafına töhfə vermək olduğunu bildiriblər.

B.BƏYBALAYEV,

“Respublika”. 

Published in Digər xəbərlər

Buenos-Ayres şəhərində Argentina Kino və Audiovizual Sənət Milli İnstitutunun nəzdində fəaliyyət göstərən “Gaumont” kinoteatrında Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunmuş və Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş etdirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayişdə Argentinada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, deputatlar, müxtəlif dövlət qurumlarının rəsmiləri, ali məktəblərin müəllim-tələbə heyəti, mətbuat nümayəndələri, habelə ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Filmin nümayişindən əvvəl çıxış edən Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov İkinci Dünya müharibəsində SSRİ tərəfindən qazanılmış qələbədə Azərbaycan xalqının əhəmiyyətli töhfəsindən bəhs edib. Bildirib ki, müharibə illərində 700 min azərbaycanlı cəbhəyə yola salınıb, onlardan 300 mini döyüşlərdə həlak olub. Eyni zamanda, Azərbaycan zavodlarında istehsal olunan hərbi texnika sovet ordusuna əvəzsiz xidmət edib.

Diplomat qeyd edib ki, İkinci Dünya müharibəsi zamanı Azərbaycan neftçiləri sovet ordusunun yanacaqla təmin edilməsində misilsiz xidmətlər göstərib və Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Belə ki, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşüb.

Səfir Rəşad Aslanov nümayişin təşkilində göstərilmiş dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkür edib. R.Aslanov qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunmuş, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin çəkilməsində əsas məqsəd İkinci Dünya müharibəsində Azərbaycan xalqının rolu, Qələbənin təmin edilməsində Bakı neftinin strateji əhəmiyyəti barədə tamaşaçıları məlumatlandırmaqdan ibarətdir.

Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

 

AZƏRTAC

Published in Mədəniyyət

“Aysan Pərvaz” İranda fəaliyyət göstərən tanınmış turizm şirkətlərdəndir. Bu şirkət Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Tailand, Rusiya və dünyanın bir çox turizm məkanlarına səyahətlər təşkil edir.

Şirkət İranın “ATA Airlines” aviaşirkəti ilə müqavilə bağlayaraq Tehran-Bakı-Tehran, Təbriz-Bakı-Təbriz çarter təyyarə reysləri açıb.

Şirkətin fəaliyyəti, iranlı turistlərin Azərbaycanın paytaxtına səfərlərini təşkil etməsi və gələcək planları haqqında məlumat almaq üçün baş direktor Seyid Məhəmməd Mirrezayi ilə görüşüb söhbət etmək qərarına gəldik.

Şirkətin Tehranın mərkəzində yerləşən ofisinin qarşısında qələbəlik müşahidə edilirdi. Buraya gələnlərdən qələbəliyin səbəbini soruşduq. Əlində Tehran-Bakı-Tehran reysinə təyyarə bileti və səyahət vauçeri olan Purməhəmmədi adlı Tehran sakini dedi: “Qarşıdan yay tətilləri gəlir. “Aysan Pərvaz” şirkəti isə Bakıya turist səyahətləri həyata keçirir. Mən də ailəmlə birlikdə Azərbaycanın paytaxtını gəzib görmək istəyirəm”.

“Bakının dəniz kənarında yerləşən çox gözəl, eyni zamanda, təhlükəsiz şəhər olduğunu eşitmişəm”, - deyən Purməhəmmədi məhz buna görə ailəsi ilə birlikdə Bakıya səyahət etmək istəyində olduğunu nəzərə çatdırdı.

O bildirdi ki, böyük oğlu Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarını izləmək üçün ailəsi ilə birlikdə Bakıya gedib: “Onunla telefon əlaqəsi saxlayıb oyunların və istirahətinin necə keçdiyini soruşduq. Oğlum bizə birmənalı şəkildə məsləhət gördü ki, yay tətilini mütləq Bakıda keçirək. Otellərinin rahat, şəhərin gözəlliyi haqqında çox danışdı. Biz də qərara gəldik ki, yayda istirahətimizi Bakıda keçirək”.

Şirkətin baş direktoru Seyid Məhəmməd Mirrezayi bizimlə söhbət zamanı bildirib ki, bu işə başlamazdan əvvəl Bakıda olub və gördüklərindən heyran qalıb: “Əvvəla onu deyim ki, Bakı ictimai-siyasi baxımdan çox sabit şəhərdir və bu da turistlər üçün olduqca vacibdir. Bu gün region ölkələri arasında Azərbaycan öz sabitliyi ilə seçilir. Digər tərəfdən, Bakı Avropa şəhərləri kimi çox təmiz və gözəldir. Burada fəaliyyət göstərən otel və iaşə obyektlərindəki qiymətlər də sərfəlidir”.

O vurğulayıb ki, dövlətlərin qarşılıqlı əlaqələrinin genişlənməsi özəl sektorun da işini yaxşılaşdırıb.

Baş direktor ötən əsrin 90-cı illərinin əvvəllərində də Bakıda olduğunu bildirərək söylədi ki, şəhər tamamilə dəyişib, gözəlləşib və müasirləşib. Köhnə şəhərdən əsər-əlamət qalmayıb. Dəniz kənarındakı Milli Park yenidən qurulub və dünyanın müxtəlif ölkələrindən gətirilən nadir ağaclar əkilib. Bakının bir çox yerlərində gecə ilə gündüzün fərqi bilinmir. Bunlardan başqa, şəhər sakinləri çox mehriban və qonaqpərvərdirlər. Tarixi abidələr, möhtəşəm tikililər turistlərin görmək istədikləri məkanlardandır. Son vaxtlar Bakıda keçirilən beynəlxalq miqyaslı tədbirlər dünyaya səs salıb. İranlılar da Bakını gəzmək və görmək istəyirlər.

S.M.Mirrezayi bildirib ki, Azərbaycan və İran xalqlarının din, dil, adət-ənənə yaxınlığı Bakını iranlılar üçün daha cəlbedici edir. Bakının tanıdılması üçün şirkət tərəfindən xüsusi buklet də hazırlanıb və müştərilərə paylanır.

Baş direktor reysin açılması, səyahətlərin təşkil olunmasında və turistlərin viza məsələlərinin həllində göstərdiyi köməyə görə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynova minnətdarlıq edib.

Gələcək planlarından danışan baş direktor bildirib ki, hələlik Bakıya həftədə 2 reys yola salınır. İyun ayından isə reyslərin sayı 3-ə çatdırılacaq. Yaxın zamanlarda Bakı-Məşhəd reysinin açılması istiqamətində çalışdıqlarını söyləyən S.M.Mirrezayi Azərbaycandan İrana turistlərin cəlb edilməsindən də danışıb. O, İranın İsfahan, Şiraz, Kiş adası, Ramsar kimi gözəl guşələrində azərbaycanlı turistlərin istirahət etməsinin təşkili üçün işlər aparıldığını bildirib. O, həmçinin iranlı turistlərin yalnız Bakıya deyil, Azərbaycanın rayonlarına da səfərlərinin təşkil ediləcəyini vurğulayıb.

Qəbələdə, Gəncədə, Qubada olduğunu deyən S.M.Mirrezayi Tehran-Qəbələ-Bakı-Tehran, Təbriz-Qəbələ-Bakı-Təbriz səyahət reyslərinin açılması üzərində də işlədiklərini nəzərə çatdırıb. Qış aylarında “Şahdağ” istirahət mərkəzinin də maraqlı olduğunu qeyd edib.

 

 

AZƏRTAC

Published in Sosial həyat

Türkiyənin aparıcı kütləvi informasiya vasitələri “Bakı-2017” İslam Həmrəyliyi Oyunları barədə geniş məlumatlar yayır.

Məlumatlarda Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osayminin Oyunların açılış mərasimindəki çıxışlarında səslənən mühüm çağırışlara müraciət olunub.

Bundan başqa, yazılarda peşəkar təşkilatçılıq işlərindən, idmançılara və azarkeşlərə göstərilən qonaqpərvərlikdən bəhs olunur.

Anadolu Agentliyi mayın 11-12-də mövzu ilə bağlı 20-dən artıq operativ məlumat yayıb. IV İslam Həmrəyliyi Oyunları mövzusu agentliyin Türk Dünyası Xəbərləri blokunda əsas və davamlı informasiya mənbəyi olaraq qorunmaqdadır.

Qardaş ölkə mediası “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının peşəkarlıqla təşkilini Azərbaycanın növbəti uğuru kimi dəyərləndirir.

AZƏRTAC

Published in Dünya bu gün
1 -dən səhifə 2