XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Şənbə, 13 May 2017

Azərbaycan Prezidenti İlham Əliyev Oyunları açıq elan edib
Azərbaycan və onun paytaxtı Bakı səbirsizliklə gözlənilən anın - IV İslam Həmrəyliyi Oyunlarının açılışının həyəcan və sevincini yaşadı.
Tamaşaçılar açılış mərasiminin keçirildiyi Bakı Olimpiya Stadionuna daxil olaraq yerlərini tutdular.
AZƏRTAC xəbər verir ki, stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və digər rəsmi şəxslər əyləşmişdilər.
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub. 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara geniş hazırlıq işləri görülüb. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib. Tam əminliklə demək olar ki, “Bakı-2017” İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.
Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Odlar Yurdu dünyada artıq idman ölkəsi kimi tanınır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən digər amil məhz bu sahədə qazanılan zəngin təcrübədir.
Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.
İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu Oyunlarda 425 atlet təmsil edir. Qaliblərə ümumilikdə 1600 medal təqdim ediləcək.
IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçib. AZƏRTAC Oyunların rəsmi media tərəfdaşıdır. “Bakı-2017”nin işıqlandırılmasına agentliyin 70-dən çox əməkdaşı cəlb olunub.
Oyunların proqramına daxil edilmiş 165 idman yarışı üçün 500 mindən çox bilet satışa çıxarılıb. Oyunların su səyahətinin, təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə 31 ölkədən 5 mindən çox mütəxəssis cəlb olunub. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə ediləcək. “Bakı-2017”nin 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5 beynəlxalq sponsoru var. Rəsmi talismanlar - “İncə” və “Cəsur” Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının rəmzləridir.

 


IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilib. Xəzərdən başlayan su səyahəti Azərbaycanın 15 regionunu əhatə etdi.
Prezident İlham Əliyev İƏT-in rəsmi mətbu orqanı olan “OIC Journal” jurnalında dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində Oyunların əhəmiyyətini belə xarakterizə edib: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır”.
IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib: “Oyunların ölkəmizdə uğurla keçməsinə tam şəkildə hazırıq. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik”.
Dörd əsas dəyər - “Birlik”, “Sülh”, “Hörmət”, “Mükəmməllik” dəyərləri üzərində qurulan Oyunlar “Gücümüz həmrəylikdədir” devizi altında keçirilir.
İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək deyib: “Mən ev sahibliyi edən gözəl ölkənin xalqına və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan idmana çox vurğundur və tədbirə ən yüksək standartlar səviyyəsində ev sahibliyi etməkdə qətiyyətini nümayiş etdirdi. Şübhə etmirəm ki, bu Oyunlar “Bakı-2017”nin təşkilatçılarının və könüllülərinin yorulmaz fəaliyyətinin və sadiqliyinin göstəricisidir və idmançılara öz ustalıqlarını nümayiş etdirmək üçün ən yaxşı şərait yaradılıb”.
Azərbaycanın gənclər və idman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun sözlərinə görə, bu axşam keçirilən mərasim unudulmaz birlik və həmrəylik bayramıdır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları 20 aydan artıq müddət ərzində təfərrüatlı planlaşdırma və hazırlığın zirvə nöqtəsidir. Bakının 16 müasir idman məkanı artıq minlərlə atletin ixtiyarındadır”.
Mərasimlər direktoru və icraçı prodüseri Katrin Uqvu açılış mərasiminin diqqəti dövlətlər və xalqları bir araya gətirən meyarlara yönəltməyə xidmət etdiyini bildirərək deyib: “Bu axşam bəşəriyyətə söyləyəcəyimiz sülh hekayətinin Azərbaycanın mədəniyyətində və adət-ənənələrində dərin kökləri var. İslam sivilizasiyasının vaxtilə bəşəriyyətə verdiyi böyük töhfələr bu gün hər bir istiqamətdə hiss olunur. Bu, ümumi sabahımız üçün nikbinliklə dolu həmrəylik və ümid müjdəsidir. Dünyanın müxtəlif yerlərindən gələn minlərlə insan bu mərasimi reallaşdırmaq üçün uzun aylar çalışıb. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya ən səmimi minnətdarlığımı ifadə edirəm. Onların etimadı və dəstəyi olmadan bu işlərin heç biri mümkün olmazdı. Nəhayət, Azərbaycan xalqına ən dərin minnətdarlığımı bildirirəm. Bu ölkə həqiqətən insan ruhunu ən yaxşı təcəssüm etdirən parlaq ulduzlar ölkəsidir”.
Mərasimin proqramına bədii rəhbər Neytan M.Rayt aydınlıq gətirərək deyib: “Mərasimimizin mərkəzində bakılı qızcığaz - Mina dayanır. Biz Mina və onun dostu çərpələngin köməyi ilə dünyanı kəşf etmək üçün səyahətə çıxırıq. O, yolboyu insanların özünəməxsusluğu və irsi, inancları və arzuları ilə tanış olur. Sonda onun gələcəyə ümidi bütövləşir və artır. Minanın hekayəti insanların qüdrətinin, birliyinin mücəssəməsidir. Onun arzusu sülh və harmoniyanın hökm sürdüyü daha yaxşı dünyadır. Artıq bir ildən çoxdur ki, mən Azərbaycan xalqının xeyirxahlığını və səmimiyyətini hiss edirəm, məni onun bu keyfiyyətləri ilhamlandırır”.
İki il əvvəl keçirilən ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilən möhtəşəm Bakı Olimpiya Stadionu bu axşam ən müasir proyeksiya sistemi ilə təchiz olunmuş böyük səhnəyə çevrilib. Nəhəng səhnənin quraşdırılması altı həftəyə başa gəlib. Açılış mərasiminin hazırlanmasında 31 ölkədən 5 minədək insan, o cümlədən səhnə mütəxəssisləri, texniki heyət və aktyorlar qrupu iştirak edib.
Stadionda hündürlüyü 28 metr olan iki minarə diqqəti ilk baxışda cəlb edirdi. Minarələrin üzərində İslam incəsənətinə xas həndəsi elementlərdən istifadə edilməklə, mərkəzdəki altıbucaqlını bir-biri ilə bağlayan dairələr əks olunub.
Eni 85 metr, hündürlüyü 35 metr olan böyük ekranda real animasiyalardan tutmuş böyük maraq doğuran kinokadrlara qədər bir neçə ay ərzində tərtib edilmiş məzmunca zəngin videoçarxlar nümayiş etdirilirdi.
Nəhəng monitorda İçərişəhərdən havaya qalxan çərpələng görünürdü. Balaca qız Mina və dostları bütün şəhər boyu çərpələngin arxasınca qaçaraq stadiona tərəf gəldilər. Ekranda Alov Qüllələri, Qız Qalası, Filarmoniya Bağı, Heydər Əliyev Mərkəzi, nəhayət Olimpiya Stadionu canlandı.
Stadionda əllərində çərpələng tutan uşaqlar 10-dan 1-ə geriyə saymağa başladılar. Geriyə sayımın bitməsi ilə açılış mərasiminə start verildi.
Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymini və digər qonaqları sürəkli alqışlarla salamladılar.
Stadionda bəstəkar Eldar Mansurovun “Yallı”sı səsləndi. Musiqi sədaları altında səhnəyə 700 könüllü çıxdı. Onlar əllərində parıldayan altıbucaqlı tutmuşdular. Azərbaycan Dövlət Rəqs Ansamblının 10 rəqqasəsi onlara qoşuldu.
Səhnədə aypara və ulduzlar formalaşdırıldı, “Bakı-2017”nin loqosu nümayiş etdirildi. Altıbucaqlar Azərbaycan bayrağına çevrildi.
Aypara İslam təqvimində hər yeni ayın başlanmasını bildirir. Bu, həm də İslam həmrəyliyinin və əməkdaşlığının tarixində yeni fəslin başlanmasına işarədir.
Azərbaycan bayrağı dövlət himninin sədaları altında stadiona gətirildi, Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının hərbçiləri tərəfindən dirəyə qaldırıldı.
Bununla eyni vaxtda stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başladı.
Monitorlarda İslam Həmrəyliyi Oyunları münasibətilə Xəzərdən başlayan su səyahətini və Azərbaycanın gözəl təbiətə malik müxtəlif yerlərindən suyun toplanması mərasimlərini əks etdirən kadrlar göstərildi.
Suları toplayan 16 uşaq səhnəyə çıxdı.
Onlar mis səhənglərdəki suları səhnənin mərkəzindəki böyük siniyə boşaltdılar. Bu zaman uşaqların arxasında pirotexniki şəlalə çağlamağa başladı.
Beləliklə, 2017-ci il aprelin 5-də Bakıda Xəzərdən başlayan su səyahəti Olimpiya Stadionunda başa çatdı.
Xatırladaq ki, 40 gün əvvəl Xəzərdən götürülmüş su Oyunların ruhunu hamıya yaxın etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəmzi olaraq ölkənin bütün guşələrinə göndərilmişdi. Bu müddətdə səyahətçilər 3000 kilometrdən artıq məsafə qət edib, 16 məkandakı 5 göldən, 1 su anbarından, 3 çaydan, 1 bulaqdan, 3 şəlalədən və Xəzər dənizinin ayrı-ayrı sahillərindən su götürərək Bakıya qayıdıblar. Həmin sular bu axşam Bakı Olimpiya Stadionunda qovuşdu.
Nəhayət, atletlərin paradı başladı. Hər bir komanda stadiona öz ölkəsinin bayrağı altında əlifba sırası ilə daxil oldu. İdmançıları əlində lövhə tutan oğlan və mis qabda su daşıyan qız müşayiət edirdi.
Tribunaların önündən ilk olaraq Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adalarının komandaları keçdilər.
Komandaların paradını Kot d’İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran idmançıları davam etdirdilər.
Stadiona İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş komandaları daxil oldular.
Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone idmançıları tribunaların önündən keçdilər.
Növbə Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən komandalarına çatdı.
Tamaşaçılar qardaş Türkiyə idmançılarını xüsusi coşqu ilə salamladılar.
Nəhayət, stadiona Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının sədaları altında ev sahibi - Azərbaycan komandası daxil oldu. Ölkəmizi Oyunlarda 425 idmançı təmsil edir. Azərbaycan bayrağını beşqat dünya çempionu Rəfael Ağayev aparırdı.
İdmançılarımızın tribunaların önündən keçidi Natiq Şirinov və digər 19 nağaraçının ifası ilə müşayiət olunurdu.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idmançılarımızı hərarətlə salamladılar.
Bununla da, idmançıların paradı başa çatdı.
Stadiona İslam Həmrəyliyi İdman Federasiyasının bayrağının gətirilməsi mərasimi başladı. Bayrağı stadiona Azərbaycanın Olimpiya, dünya çempionları və mükafatçıları gətirdilər. Onların arasında Sidney, Barselona, Pekin, Afina Olimpiya oyunlarının çempionları Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Fərid Mansurov, Zemfira Meftahətdinova və başqaları var idi.
Hərbçilər İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını Azərbaycan bayrağının yanında qaldırdılar.
İdmançılar və hakimlər adından taekvandoçu, “Rio-2016” Olimpiya Oyunlarının qızıl mükafatçısı Radik İsayev və boks hakimi, “Afina-2004” Olimpiya Oyunlarının bürünc mükafatçısı Fuad Aslanov and içdilər.
Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin çıxış üçün səhnəyə dəvət olundular.

 

Xanım Mehriban Əliyevanın çıxışı
-Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi, Zati-aliləri doktor Yusif Əl-Osaymin.
İslam Həmrəyliyi İdman Federasiyasının hörmətli üzvləri.
Zati-aliləri.
İslam aləminin idmançıları.
Xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Azərbaycana xoş gəlmisiniz!
“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarına xoş gəlmisiniz!
Əziz həmvətənlər, biz birliyin və idmanın təntənəsi olan IV İslam Həmrəyliyi Oyunlarını bu axşam fərəh hissi ilə qəbul edirik. Oyunlara ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Bu gün Azərbaycan bütün İslam aləmini qəbul edir. Dörd qitədən gəlmiş minlərlə idmançını və paytaxtımızın qonaqlarını səmimi qəlbdən salamlayır, onlara “Xoş gəlmisiniz” deyirəm! Bütün bu uğurlar münasibətilə gözəl Vətənimizin hər bir vətəndaşını təbrik edirəm və minnətdarlığımı bildirirəm. Qoy, Ulu Tanrı Azərbaycanı qorusun!
Əziz dostlar, 50-dən artıq ölkənin nümayəndəsi bu axşam Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimini qeyd edir. Sizin burada olmağınız bizim üçün şərəfdir. Qardaşlarımız və bacılarımız, Azərbaycan Sizi səmimiyyətlə salamlayır. Mən IV Oyunların keçirilməsini Bakıya həvalə etdiyinə görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlığımı bildirmək istəyirəm.
“Bakı-2017” İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir. İdmana yatırdığımız böyük sərmayə dünya səviyyəsində bacarıqları mənimsəməklə, qurğuları və infrastrukturları yaratmaqla gələcək üçün böyük irsi təmin etdi.
Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur. Biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq. Eyni zamanda, biz gənc, müasir və sürətlə inkişaf edən ölkəyik. Ötən il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd etdi. Ölkəmizin multikultural tarixi açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsidir. Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini bölüşməkdən fərəhlənirik.
Bu Oyunların qələbə qazanacaq atletlərinin təltif olunacağı medallardan tutmuş möhtəşəm açılış və bağlanış mərasimləri kimi yaradıcı elementləri zəngin mədəniyyətimizi ilhamlandıracaq. Odlar Diyarı Azərbaycan həm də büllur sular ölkəsidir. Bənzərsiz göllərimiz və çaylarımız, şəlalələrimiz və bulaqlarımız, Xəzər dənizimiz əsrlər boyu həyatımızın mənbəyi olub. Ortaq İslam irsimizdə əsas yer tutan və həyat mənbəyi olan bu element Qafqaz dağlarından Xəzər dənizinə qədər ölkəmizin təbii gözəlliyinin və özünəməxsusluğunun mühüm hissəsini formalaşdırır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının rəmzi - su son beş həftə ərzində Xəzərdən başlayan böyük səyahətdə oldu. O, Azərbaycanın bənzərsiz təbiətini dünyaya nümayiş etdirdi, hər kəsə sülh və dostluq müjdəsi gətirərək, insanları ilhamlandırdı.
Əziz dostlar, mən gözəl gənc könüllülərimizin hamısını salamlayıram. Biz sizinlə fəxr edirik. Sizin fədakarlığınız və vurğunluğunuz, xeyirxahlığınız və qətiyyətiniz bu Oyunları mümkün etdi. Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm.
İslam aləminin idmançıları, sizi burada qonağımız kimi görmək olduqca sevindiricidir. Bütün Azərbaycan sizinlədir və sizə böyük uğurlar arzulayır. Bu, sizin Oyunlarınızdır. Gələn on gün ərzində ölkəmiz sizin eviniz olacaq.
Bu axşam mən ölkəmizin bütün nailiyyətlərinə görə qarşınızda fərəh hissi ilə çıxış edirəm. Xalqımızın tərəqqiyə bağlılığı məni ilhamlandırır. Hamımız birgə əldə etdiyimiz nailiyyətlərlə fərəhlənə bilərik. Azərbaycan iki il öncə birinci Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazdı. İndi isə biz dörd qitənin İslam dünyasının insanlarını Bakıda - IV İslam Həmrəyliyi Oyunlarında birləşdiririk.
2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları və idmanın qüdrəti xalqlarımızı İslamın dostluq, sülh, tolerantlıq və mərhəmət ruhu altında bir araya gətirib. Gücümüz həmrəylikdədir! Bu ruhlandırıcı mesajı Oyunlarımız Azərbaycanın hüdudlarından çox uzaqlara göndərəcək.
İslam aləminin atletləri, xanımlar və cənablar, əziz dostlar.
“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarına xoş gəlmisiniz!
Azərbaycana xoş gəlmisiniz!
***
Sonra mikrofonun önünə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin keçdi.

 

Yusif Əl-Osayminin çıxışı
-Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Zati-aliləri xanım Mehriban Əliyeva.
Zati-aliləri, nümayəndə heyətlərinin rəhbərləri.
Hörmətli iştirakçılar, hörmətli qonaqlar, xanımlar və cənablar.
Burada - Azərbaycan Respublikasının paytaxtı Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılışında çıxış etməkdən böyük şərəf hissi duyuram.
Mən bu möhtəşəm tədbirin təşkilində göstərdikləri səylərinə görə Azərbaycan xalqına, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə və onun hökumətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz əminik ki, bu tədbir İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə idmanın təşviq olunmasına töhfə verəcək, İslam aləmində gənclərə dəstək olacaq.
Gənclərin inkişafı və idmanın təşviqi sahəsində yorulmaz fəaliyyətinə və səylərinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Zati-aliləri xanım Mehriban Əliyevaya dərin təşəkkürümü və ehtiramımı ifadə edirəm.
Mən, həmçinin IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsində xüsusi işləri ilə fərqlənmiş İslam Həmrəyliyi İdman Federasiyasına təşəkkürümü bildirmək istəyirəm və onlara çoxlu uğurlar arzulayıram.
Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə üst-üstə düşür və bu, Azərbaycanın nəinki üzv dövlətlərdə gənclər və idmanın inkişaf işinə sadiqliyini göstərir, o cümlədən bu ölkənin multikulturalizmin gücləndirilməsində, eləcə də mədəniyyətlərarası dialoqun və sivilizasiyalararası ünsiyyətin möhkəmləndirilməsində, idman vasitəsilə İslam dəyərləri barədə biliklərin qlobal səviyyədə yayılmasında fəal iştirakını nümayiş etdirir.
Zati-aliləri, hörmətli qonaqlar, İslam Həmrəyliyi Oyunları dünyada ən iri idman tədbirlərindən biridir. Çünki bu oyunlar müxtəlif mədəniyyətlərə malik fərqli ölkələrdən gəlmiş təxminən 4000 atleti bir araya gətirir. Bu, İslam həmrəyliyini əyani şəkildə nümayiş etdirir. Bu, İslamın əsl mahiyyətini, onun sülh və tolerantlıq dini olduğunu əks etdirir. Bu, mədəniyyətlərindən və fərqlərindən asılı olmayaraq, xalqlar arasında birlik, harmoniya, dostluq tellərini və dinc şəraitdə yanaşı yaşamaq tərzini gücləndirir.
Zati-aliləri, hörmətli qonaqlar, İslam aləmi zorakı ekstremizmin, radikallaşmanın, islamofobiyanın artması və cəmiyyətlərimizin bəzi hissələrinin təcrid olunması kimi çətin çağırışlarla üzləşir. Güclü və sağlam cəmiyyətlər gənclərin bacarıqlarının, potensialının gücləndirilməsi əsasında qurulur. Faktiki olaraq, biz məhz idman vasitəsilə daha yaxşı çalışırıq. İslam idmana, fiziki və mənəvi tərbiyəyə böyük əhəmiyyət verir.
İslam Əməkdaşlıq Təşkilatı gənclərə və idmana böyük əhəmiyyət verir və verməkdə davam edəcək. 2016-cı ildə İstanbulda keçirilmiş 13-cü İslam Sammitində İslam aləmində gənclər və idman məsələlərinə xüsusi diqqət yetirən İƏT-in Onillik Tədbirlər Planı (İƏT-2025) qəbul olundu.
Bu Oyunlar 2016-cı il oktyabrın 5-7-də gənclər və idman nazirlərinin İstanbulda keçirilmiş İslam Konfransının 3-cü sessiyasında İƏT-in üzvü olan dövlətlərdə idmanın inkişafı sahəsində İƏT-in Strategiyasının (2017-2025-ci illər üçün) qəbul olunmasından sonra ilk tədbirdir.
Əminəm ki, İƏT-in üzvü olan dövlətlərin Milli Olimpiya Komitələri vasitəsilə İslam Həmrəyliyi İdman Federasiyası və İƏT-in Baş Katibliyi arasında əməkdaşlıq daha da güclənəcək və İslam aləmində gənclərə aid ülvi məqsədlər təmin ediləcək. Sağ olun.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan etdi.
Sonra atəşfəşanlıq başladı və gecə səmasında fişənglərin yazdığı “Bakı-2017” sözləri bərq vurdu.
Əlində mis səhəng tutan qadın səhnəyə daxil oldu. Sonra su daşıyan 56 qadın da ona qoşuldu. Onlar bir yerdə İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzvünü təmsil edirlər.
Qadınlar suyu siniyə tökdülər və nəticədə gözəl fəvvarə alındı. İslam aləmi bununla rəmzi olaraq birləşdi.
Bu səhnə mərasimi Oyunların proqramında “Birlik” adı ilə təqdim olundu.
Stadionda “Harmoniya” adlanan növbəti süjet nümayiş etdirildi. Mina adlı bakılı qız babası ilə səhnəyə çıxdı. Bakının Filarmoniya bağından görüntülər ekrana gəldi. Babası çərpələngin quyruğuna dördüncü zolağı bərkidərək, onu tamamladı. O, gözəl parkı dolanaraq ətrafdakı insanlara təbəssüm və nur bəxş etdi. Sevinc hissi yaşayan bu qız bütün dünyada sülhün və harmoniyanın bərqərar olması barədə düşünürdü.
Baba nəvəsinə deyir: gələcəyimizə aparan yolu dəyişmək üçün əvvəlcə keçmişimizi qavramalıyıq. Beləliklə, o, çərpələngi bələdçi dostu kimi təqdim edərək, Minanı maraqlı bilik və tanışlıq səyahətinə dəvət edir.
Filarmoniya bağında 120 səhnə iştirakçısı, o cümlədən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 20 üzvü Minaya qoşuldu.
Minanın babası rolunu Xalq Artisti Nurəddin Mehdixanlı canlandırırdı.
Eni 85, hündürlüyü 35 metr olan ekran 130 proyektor mütəxəssisi tərəfindən işıqlandırılırdı. Əsl reallığa yaxın animasiyalardan tutmuş, maraqlı kinokadrlara qədər proyeksiyaların işıqlandırılması 12 aya başa gəlib.
Bu səhnələri Fərhad Bədəlbəylinin “Dəniz” əsərinin sədaları müşayiət edirdi.
Minanın hekayəti “Özünəməxsusluq” adlı hissə ilə davam etdi. Qızcığaz öz çərpələngində Bakıdan uzaqlara uçdu. Qobustanın qayaüstü rəsmlərini, Atəşgah məbədini və Yanardağda alovlanan əbədi odu seyr edən Mina əfsanəvi Simurq quşunu görmək üçün əfsanələr dünyasına qədəm qoydu və Simurq cücəsinin yumurtadan çıxmasına kömək etdi.
Simurq lələyinin birini Minaya verdi ki, dara düşəndə bu lələyi yandırsın və bir göz qırpımında yeni sehrli dostu köməyinə yetişsin.
Əllərində od olan 20 səhnə iştirakçısı iki su hovuzunda buta fiquru formasında alov cərgəsi yaratdı.
Niyazinin “Rast” simfonik muğamı bu səhnəyə əlavə rəng qatdı.
Xəzər üzərində Ay göründü, əfsanəvi muğam ustası Alim Qasımovun ecazkar səsi minarənin zirvəsindən ətrafa yayıldı. Bu, azan səsi idi. Mina həmin sədanın təsiri ilə dini dəyərlərin və tolerantlığın möhtəşəm məkanı olan Heydər Məscidinə yollandı. Əllərində fənər tutan yüzlərlə dindar İslamın qüdrəti ilə buraya gəldi. Onların inanc odları kainatdakı ulduzlar kimi Minanın gözləri qarşısında parlayır və dövr edirdi.
Bu süjet “İnanc” adı daşıyırdı.
Stadiondakı ekranda gündəlik həyatın bir hissəsi olan ənənələrə sadiq, İslam dünyasının müxtəlif yaşlarda insanlarını əks etdirən film nümayiş olundu. Filmdə suyun böyük paklıq qüvvəsindən bəhs edilir. İslamda su ibadətin vacib amilidir, cismi və ruhu paklaşdıran vasitədir. Biz hamımız fərqliyik, lakin adət-ənənələrimiz və biliklərimiz bizi bir-birimizə bağlayır, dərimizin rəngindən, inanclarımızdan asılı olmayaraq, su bizi birləşdirən universal vasitədir.
Açılış mərasimi üçün hazırlanmış filmin çəkilişləri Azərbaycan, Avstraliya və Filippində aparılıb.
“Paklıq” adlı bu süjet boyu Ceyn Antoniya Kornişin və Daniel Hesin ifasında “Written in the Stars” mahnısı səsləndi.
Minanın yeni macərası başladı. O, keçmişə yollandı və dünyanı gəzib dolaşaraq cəsur səyyahlarla görüşdü, yaraşıqlı günbəzlərə baxdı, dahi şairləri gördü, planetimizdən kənar kainatı seyr etdi və ilk mexaniki cihazlarla tanış oldu.
Bütün bunlar coğrafiya, memarlıq, ədəbiyyat, astronomiya və ixtira kimi sahələrdə bəşəriyyətin əldə etdiyi möhtəşəm uğurları ilə yadda qalan İslamın Qızıl Dövrünün xəzinələri sırasındadır.
“Bilik” adlanan bölümdə 570 iştirakçı çıxış edirdi. Mərasimin bu hissəsinin canlandırılmasında 40-dan artıq heyvandan - at, dəvə və ulaqlardan istifadə olundu.
İslamın Qızıl Dövründən bəhs edən səhnələr zamanı Fikrət Əmirovun “Min bir gecə” baletindən musiqi səsləndirilirdi.
İslam dünyasının səyyahları Asiya, Şimali Afrika, Avropa və Orta Şərqin geniş coğrafiyasını əhatə edən ticarət yolları şəbəkəsi ilə yayılan mədəniyyət və bilik axını məskəni olmuş izdihamlı karvansaralarda görüşürdülər. Minanın növbəti səyahəti məhz buradan başladı. “Karvansara” adlı bu səhnədə 70-dən çox iştirakçı, böyük tacir arabası, canlı at və dəvələr, habelə qartal və şahin fiqurları diqqət çəkdi.
Oyunlarda təmsil olunan hər bir xalqın mədəni irsindən götürülmüş elementlər - personajlar, tematik əşyalar, rekvizitlər və geyimlər səhnəyə çıxarılır və ekranda göstərilirdi. Eyni zamanda, Azərbaycanın üç ənənəvi musiqi aləti - balaban, kamança və nağara nümayiş etdirildi. Üç yüzdən çox səhnə rekviziti zaman və məkan haqqında təsəvvür yaradırdı. Onların arasında xalçalar, parçalar, musiqi alətləri, miniatürlər, kitablar, çay, qəhvə, fənərlər, meyvələr, zinət əşyaları və s. var idi.
Mina ağ atın belində səhnəyə daxil oldu. On altı at eyni ritmlə addımlayaraq dövr edən çarx yaratdı. Sonra atlar paralel olaraq yan-yana keçdilər. Mina karvansaralarda tacir və səyyahlarla söhbət etdi. O, Azərbaycan xalçalarının və musiqi alətlərinin qarşısında ayaq saxlayıb onlara baxdı.
Çərpələngin üstündə oturaraq səmada uçan Minanın öyrənəcəyi hələ çox şey var. Növbəti ünvan kəşflər dünyasıdır.
İslamın Qızıl Dövründə insanlar səyahətə çıxmağı, bilik əldə etməyi sevərdilər. Dəniz səyyahları xəritələr tərtib etmiş, istiqaməti müəyyənləşdirən alətlər yaratmış və dünyanı daha yaxşı tanımaq, eləcə də güclü ticarət yolları qurmaq üçün vacib olan naviqasiya ustalarına çevrilmişdilər.
İslamın astronomiya elminə verdiyi ən böyük töhfələrindən biri armillyar sferanın təkmilləşdirilməsi olub. Ondan vaxtı müəyyənləşdirmək, Günəşin çıxmasını və batmasını əvvəlcədən bilmək, torpaqları tədqiq etmək və binaların hündürlüyünü hesablamaq üçün istifadə edilirdi.
İslam memarlığının günbəz və minarələrinin səmada həkk olunan cizgiləri olduqca fərqlidir. Bu axşam tamaşaçılar Bakı Olimpiya Stadionunun səhnəsində iki minarənin əhatəsində hündürlüyü 9 metr olan böyük göy günbəz gördülər. Kiçikölçülü digər günbəzlər və tağlar incə kəsim naxışlardan ibarət idi və İslam memarlığında tez-tez rast gəlinən bir-biri ilə bağlı həndəsi elementləri nümayiş etdirirdi.
Mərasimin “Ədəbiyyat” bölümündə səhnəyə üç böyük kitab fiquru çıxarıldı. IX-XIII əsrlərdə biliyin yayılması və inkişafında mühüm rol oynamış düşüncə və fikir mərkəzi olan Bağdaddakı “Hikmətlər Evi” barədə məlumatlar silsilə kitablarda qeyd olunur.
Səhnədə nümayiş etdirilən həmin kitablar İslam sivilizasiyasının dahi ədiblərinə hörmət əlamətinin ifadəsi idi.
Sonra səhnədə Günəş, Yer kürəsi, Ay və digər beş planetdən ibarət Günəş sisteminin böyük modeli yaradıldı. Azərbaycan Dövlət Rəqs Ansamblının 24 rəqqası üzərində ulduz xəritələri təsvir edilmiş geyimlərdə səhnəyə çıxdı. Səhnə üzərində hündürlüyü 8,5 metr olan Günəş doğdu.
Səhnəyə çıxarılan velosiped kvadrantdan xəbər verirdi. Kvadrant alimlər və elm adamları tərəfindən İslam mədəniyyətində ən çox istifadə olunan astronomik və naviqasiya alətlərindən biri idi. İri çarxlar Ayın fazalarını nümayiş etdirirdi. İslam təqvimi Ayın dövr etməsinə əsaslanır.
Stadionun səhnəsində 90 çarx, o cümlədən velosiped çarxları göründü, hündürlüyü 9 metr olan fil saatı nümayiş etdirildi. Bu çarxlar Qızıl Dövrün mexaniki ixtiralarına və turbin texnologiyasına işarə idi. XI əsrə qədər bütün İslam dünyasında su dəyirmanları işləyirdi. Su turbinlərinin ixtirası bir çox sənaye əməliyyatlarının mexanikləşdirilməsinə imkan yaratdı.
Fil saatı səhnədə görünəndə bütün hərəkət bir anlıq dayandı. Uçan çərpələngində oturmuş Mina Ay mənasını daşıyan topu ilanın ağzına atdı və fil saatı işə düşdü. Bununla da “Bilik” mərasimi yekunlaşdı.
Azərbaycan Dövlət Rəqs Ansamblının 24 rəqqası Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin musiqisi altında xüsusi geyimlərdə çıxış etdi. Qəfildən qopan qum fırtınası səhnədəki hər şeyi süpürüb apardı.
Mina yolu azdı və səyahəti zamanı ilk dəfə qorxmağa başladı. Lakin Simurqun lələyi Minanın köməyinə gəldi və onun sehrli dostu ildırım sürəti ilə şığıyaraq qızcığazın imdadına yetişdi. Mina fırtınadan, buludlardan yuxarıya, təhlükəsiz səmaya qalxaraq ulduzlara çatdı.
“Arzu” adlı bu süjetin mənası belədir: Biz bir-birimizə yardım etdikdə mümkün qədər kamilləşirik və bu yolla ulduzlu səmaya qalxa bilirik.
Simurqun qanadlarının uzunluğu 15 metr, çəkisi 750 kiloqramdır. Onun üzərində ulduz kimi parlayan 785 kiçik lampa yanırdı.
Mədəniyyət və inanc, irs və biliklər Minanın qəlbini sevinc hissləri ilə doldurur - bütün bunlar bu macəra zamanı onun daimi yol-yoldaşı gözəl çərpələng sayəsində mümkün olur. Bu cütlük mehribancasına rəqs etdikcə, Mina babası haqqında düşünür və onun üçün darıxmağa başlayırdı, çünki evə qayıtmaq vaxtı artıq yetişmişdi.
“Sevinc” adlı bu səhnə Üzeyir Hacıbəylinin “Aşıqsayağı” simfoniyasının sədaları ilə müşayiət olundu.
Mina çərpələngində Bakı üzərindən uçaraq, doğma şəhərinin yeni simasını seyr etdi. Oynadığı gözəl şəhər parklarından başqa, Mina bir çox digər tarixi və yeni möhtəşəm binalara baxdı. Şəhərin mərkəzindəki möhtəşəm tarixi saraylar və qüllələr, eləcə də müasir mədəniyyət, idman və əyləncə məkanları göz önündən gəlib keçdi. Onun gələcəyi buradır. Bura Minanın evi - ümid yeridir.
“Ümid” adlı bu səhnənin nümayişi zamanı Qara Qarayevin “Yeddi Gözəl” valsı səsləndi.
Mina əllərində çərpələng tutan 700 səhnə iştirakçısının üzərindən uçdu. Azərbaycan bayrağının rənglərində - yaşıl, qırmızı və göy çalarlarda olan kiçik altıbucaq çərpələnglər auditoriyanın başı üzərində dalğalandı. İyirmi nəfər odla hərəkətlər edirdi. “Yanar çarx”da 10 səhnə iştirakçısı fırlanırdı.
Səhnədə quraşdırılmış iki nəhəng hovuzdan hündürlüyü 10 metr olan su fəvvarəsi yüksəldi. Yerdə və havada “yanar çarx” fırlandı, stadion üzərində atəşfəşanlıq başladı.
Tanış olduğu insanların bəxş etdiyi nurdan ilhamlanan Mina çərpələngin gözəl nümunəsini bütün dünyaya göstərdi. Beləliklə, hər kəs üçün kifayət qədər böyük ilhamlandırma nümunəsi yarandı.
Minlərlə kiçik altıbucaq çərpələng Vasif Adıgözəlovun “4-cü piano konserti” musiqisinin sədaları altında tamaşaçıların üzərinə səpələndi.
Möhtəşəm və bənzərsiz, dərin mənalı açılış mərasimi “Sülh” səhnəsi ilə başa çatdı. Mina bu hekayətin başladığı məkana - sakit Filarmoniya bağına qayıtdı.
Mina ürəkdolusu sevinclə babası ilə görüşdü. Yeni əldə etdiyi biliklərinə görə babasına təşəkkür edən Mina öz bələdçi dostunu - çərpələngini növbəti səyahətə yolladı ki, bütün dünyaya sülh və harmoniya yaysın. Çərpələng yerdən qalxaraq yenidən səmaya pərvazlandı.
Tamaşaçılar Fərhad Bədəlbəylinin “Dəniz” əsərinin sədaları altında Mina və onun babası ilə vidalaşdılar.
IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi Bakı Olimpiya Stadionu və Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitdi. Bakının bahar səması əlvan rənglərə boyandı.
Beləliklə, Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən bu mərasimlə IV İslam Həmrəyliyi Oyunlarının tarixə çevriləcək ilk parlaq səhifəsini yazdı.

AZƏRTAC

Published in İdman

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası  Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 6, maddə 409, N 12, maddə 753; 2005, N 3, maddə 160; 2011, N 10, maddə 903) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənd üzrə:

1.1. ikinci halda “xərclər” sözü “xərclərin aparılması üçün konvertasiya edilərək manat hesablarına köçürülmüş vəsait” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İnvestisiya portfelinin məcmu dəyəri Neft Fondunun investisiya portfelinə daxil olan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi əsasında müəyyən edilir.”.

2. 1.4-cü bənd ləğv edilsin.

3. 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərin birinci abzaslarında “AA-” işarələri “A-” işarələri ilə, “Aa3” işarələri “A3” işarələri ilə əvəz edilsin və ikinci abzaslarından “və bu vəziyyət 60 təqvim günündən çox müddətdə davam etdikdə” sözləri çıxarılsın.

4. 2.1.3-cü yarımbənddə “bu Qaydaların 2.2-ci bəndinə uyğun olaraq müəyyən edilən məcmu dəyərin” sözləri “məcmu dəyərinin” sözləri ilə əvəz edilsin.

5. 2.1.6-cı yarımbənddən “saxlanıldığı və ya” sözləri çıxarılsın və həmin yarımbənddə “60” rəqəmləri “90” rəqəmləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 2.1.7-ci yarımbənd əlavə edilsin:

“2.1.7. Bu Qaydaların 3.3-cü bəndinin səkkizinci yarımbəndi ilə müəyyən edilən hallarda Neft Fondunun valyuta vəsaiti üzrə hesabların açıldığı, beynəlxalq maliyyə bazarlarında tərəf müqabili olan və Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətləri göstərən banklar və digər maliyyə təsisatları qeyri-investisiya reytinqinə (reytinqi “BB-” (Standart ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmamaq şərtilə) malik ola bilər.”.

7. 2.2-ci bənd ləğv edilsin.

8. 3.1.3-cü yarımbəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Xarici menecerlər üzrə tələblər və idarəetməyə verilən portfelin hissəsi Neft Fondunun investisiya siyasəti ilə müəyyən olunur.”.

9. 3.1.4-cü yarımbənd üzrə:

9.1. üçüncü abzasda “müddəti” sözündən sonra “də daxil olmaqla xarici menecerlər üzrə tələblər” sözləri əlavə edilsin;

9.2. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“likvidlik və faiz dərəcəsi riski üzrə tələblər;”;

9.3. altıncı abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“investisiya portfelinin aktivlər və valyutalar üzrə tərkibi və bölgü nisbəti.”.

10. 3.2-ci bəndin üçüncü yarımbəndində “müddətinin” sözü “ortaçəkili müddətinin (durasiyasının)” sözləri ilə əvəz edilsin.

11. 3.3-cü bənd üzrə:

11.1. birinci abzasdan “(bu Qaydaların 3.3-cü bəndinin birinci yarımbəndinin səkkizinci abzası ilə müəyyən edilən hallar istisna olmaqla)” sözləri çıxarılsın və həmin abzasa “Fondunun” sözündən sonra “investisiya siyasəti ilə müvafiq alt portfellərə bölünən” sözləri əlavə edilsin;

11.2. beşinci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“səhmlərə, kredit reytinqinə malik olmayan borc öhdəliklərinə və daşınmaz əmlaka investisiya edən pay fondlarında, o cümlədən alternativ investisiya fondlarında iştirak payları;”;

11.3. səkkizinci yarımbəndin birinci cümləsində “qiymətli kağızlar” sözləri “borc öhdəlikləri” sözləri ilə əvəz edilsin və ikinci cümləsi çıxarılsın.

12. 3.4.1-ci yarımbənddən “və bu Qaydaların 2.2. bəndində göstərilənlərdən başqa digər valyutaların alınmasına” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 may 2017-ci il.

Published in Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 1, maddə 33) aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:

“3-1. “2017-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilsin.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 may 2017-ci il.

 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

2017-ci ildə Azərbaycan Respublikası

Dövlət Neft Fondunun vəsaitindən

istifadənin əsas istiqamətləri

(proqramı) və investisiya siyasəti

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri

1.1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;

1.2. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfert;

1.3. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert;

1.4. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;

1.5. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;

1.6. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi;

1.7. Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.

2. Azərbaycan  Respublikası  Dövlət  Neft Fondunun investisiya siyasəti

2.1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya siyasətinin məqsədi

2017-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu   (bundan sonra - Neft Fondu) əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcəkdir.

2.2. Neft Fondunun investisiya portfeli

2.2.1. İnvestisiya portfelinin proqnozlaşdırılan həcmi

2017-ci il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 51,24 milyard manata bərabər götürülür.

2.2.2. İnvestisiya portfelinin valyuta tərkibi

Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standart ənd Purz, Fiç) və ya “A2” (Mudiz) dərəcəsindən aşağı olmayan ölkələrin valyutalarında ifadə olunan aktivlərdə olması şərtilə məcmu dəyərinin:

1. 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə;

2. 35 faizi avroda ifadə olunan aktivlərə;

3. 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə;

4. qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

2.2.3. İnvestisiya portfelinin alt portfelləri

Neft Fondunun investisiya portfeli aşağıdakı alt portfellərdən (bundan sonra - portfel) ibarətdir:

1. borc öhdəlikləri və pul bazarları alətləri portfeli - aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla investisiya portfelinin məcmu dəyərinin 60 faizi (maksimum 5 faizə qədəri kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya edən pay fondları olmaqla);

2. səhm (pay) portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (maksimum 5 faizə qədəri səhmlərə investisiya edən pay fondları olmaqla);

3. daşınmaz əmlak portfeli - yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri;

4. qızıl portfeli - yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri.

2.2.4. İnvestisiya portfelinin hədəf gəlirliliyi

1. Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi Britaniya Bankirlər Assosiasiyası tərəfindən müvafiq valyuta (avro istisna olmaqla) üzrə dərc edilmiş 6 aylıq LİBOR faiz dərəcəsi əsas götürülür.

2. Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin avroda  ifadə  olunan  aktivlərinin  idarə  edilməsində  hədəf  gəlirliliyi (bençmark) kimi 6 aylıq EURİBOR faiz dərəcəsi əsas götürülür.

3. LİBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri əsas götürülə bilər.

4. Səhm (pay) portfelinin hədəf gəlirliliyi (bençmark) kimi MSCİ Stock Market İndexes əsas götürülür.

2.3. Risklərin idarə olunması üzrə tələblər

2.3.1. Faiz dərəcəsi riski

Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin faktiki ortaçəkili investisiya müddəti (durasiyası) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq Fond tərəfindən müəyyən edilir və 48 aydan artıq olmamalıdır.

2.3.2. Kredit riski

1. Neft Fondunun valyuta vəsaitinin yerləşdirildiyi investisiya aktivlərinin kredit reytinqi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın 3.3-cü bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və təsisatlardakı depozitlər üzrə 5 faizlik xüsusi çəkinin yuxarı həddi üzrə tələblər Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə həyata keçirilən investisiya qoyuluşları nəticəsində Neft Fondunun investisiya portfelinə daxil olan aktivlərə  tətbiq edilmir.

2. Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən edilir.

2.3.3. Likvidlik üzrə tələblər

Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.

2.3.4. Xarici menecerlər üzrə tələblər

1. Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (Standart ənd Purz, Fiç və ya Mudiz) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 (bir) milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.

2.Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır. Neft Fondunun RAMP proqramı çərçivəsində Dünya Bankının xəzinədarlığına idarəetməyə verilən vəsaitinin həcmi 500 milyon ABŞ dollarından artıq olmamalıdır.

3.Neft Fondunun vəsaitinin idarə edilməsinə cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Neft Fondu ilə bu menecerlər arasında bağlanan sazişdə əks etdirilməlidir.

Published in Fərman

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 9, maddə 594; 2003, N 2, maddə 81; 2005, N 3, maddə 160; 2007, N 8, maddə 769; 2010, N 2, maddə 80; 2011, N 7, maddələr 637, 641; 2014, N 2, maddə 112; 2016, N 8, maddə 1384) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bəndə birinci halda “Neft” sözündən əvvəl “Neft Fondunun xarici valyuta ilə maliyyələşdirilən büdcə xərclərinin xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar artması halları istisna olmaqla,” sözləri əlavə edilsin.

2. 1.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Neft Fondunun büdcəsinin müvafiq xərc maddəsinin xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə Neft Fondunun balansında əks etdirilir.”.

3. 3.3.4-cü yarımbəndə “smetası,” sözündən sonra “xarici valyuta məzənnələrinin dəyişkənliyi,” sözləri əlavə edilsin.

4. 6.1-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Neft Fondunun büdcəsinin icrası barədə tərtib edilən hesabatda xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar büdcənin müvafiq xərc maddəsinin artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə əks etdirilir. Hesabatda Fond tərəfindən maliyyələşdirilən layihə, proqram və tədbir üzrə xarici valyuta və manatla ifadədə bütün xərclər müvafiq layihə xərclərinə aid edilir.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 may 2017-ci il.

Published in Fərman

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan “OIC Journal” jurnalında dərc olunan “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsi Misirin nüfuzlu Yaxın Şərq, “Asiaelyoum” xəbərlər agentliklərində, eləcə də geniş oxucu kütləsinə malik “Al-Masr Əl-Yaum”, “Sada Əl-Bələd”, “Əl-Naşir” və “Əl-Livau Əl-İslami” qəzetlərində də dərc edilib.

Məqalədə qədim tarixə, zəngin mədəni irsə, böyük təbii və insan resurslarına malik İslam aləminin müasir dünya nizamının, beynəlxalq münasibətlər sisteminin yaranması və inkişafında əhəmiyyətli rol oynadığı qeyd edilir. İslam dininin həmişə sülh, tolerantlıq, humanizm ideyalarını təlqin etmiş və dünya sivilizasiyasına sanballı töhfələr verdiyi vurğulanır.

1990-cı illərin əvvəllərində dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda din və vicdan azadlığının bərqərar olduğunu vurğulayan Prezident İlham Əliyev dini abidələrin, məscidlərin, ibadətgahların bərpası sahəsində mühüm işlər görüldüyünü, eyni zamanda, 25 illik müstəqilliyimiz dövründə Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza atdığını, son 10 ildə ölkənin bütün infrastrukturunun modernləşdirildiyini, enerji təhlükəsizliyinin tam, ərzaq təhlükəsizliyinin isə əsasən təmin edildiyini, yoxsulluq və işsizliyin səviyyəsinin 10 dəfə azalaraq 5 faizə düşdüyünü qeyd edir.

Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulmasının və inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini bildirən dövlət başçısı Azərbaycanın ilk diplomatik missiyalarının məhz müsəlman ölkələrində fəaliyyətə başladığını, dövlətimizin qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İSESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrildiyini, Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı olduğunu diqqətə çatdırır.

Bu gün İslam aləminin ciddi çağırışlar, öz həllini gözləyən çoxsaylı problemlərlə üz-üzə olduğunu vurğulayan Prezident İlham Əliyev onların sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Fələstin və Kəşmir kimi problemlərini, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmaları, qaçqın böhranını və digər məsələləri qeyd edir, ermənilərin son 200 il ərzində Azərbaycanın tarixi torpaqlarını zəbt etmək və həmin ərazilərdə öz dövlətlərini qurmaq planlarını reallaşdırmaq məqsədilə qanlı aksiyalar həyata keçirdiyini, indiki Ermənistan dövlətinin də məhz Azərbaycanın əzəli torpaqlarında yaradıldığını bildirir.

Prezident İlham Əliyevin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesaj olduğunu, “İslam Həmrəyliyi İli”nin əsas məqsədlərinin müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərmək, habelə cari ilin mayında Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının təkcə idman yarışı deyil, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacağını vurğulaması məqalədə öz əksini tapıb.

 

AZƏRTAC

Published in Dünya bu gün

Kubanın nüfuzlu və Latın Amerikasının ən qədim nəşri olan “Bohemia” jurnalında böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar “Xalqın xilaskarı” adlı geniş məqalə dərc edilib.

Məqalədə bildirilir ki, müasir Azərbaycanın bütün sahələrdə, siyasi, iqtisadi və mədəni həyatda nail olduğu inkişaf Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Yazıda Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı bəhs edilir. Bildirilir ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etməsəydi, bu ölkənin bugünkü taleyini təsəvvür etmək belə çətin olardı. 

Müəllif 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən Azərbaycan xalqının dinc nümayişçilərinə qarşı faciəvi hadisələrin törədildiyini xatırladır. Vurğulanır ki, görkəmli dövlət xadimi Heydər Əliyev o dövrdə baş verənlərlə bağlı öz etiraz səsini qəti şəkildə ucaldıb.

1990-cı illərin əvvəllərində Azərbaycanın dərin siyasi və iqtisadi böhran içində olması barədə məlumat verən müəllif ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycanın Prezidenti seçilməsindən bəhs edir. Bildirilir ki, məhz Heydər Əliyevin rəhbərliyə gəlməsi ilə ölkənin dərin xaosdan xilas edilməsi, Azərbaycan ordusunun möhkəmləndirilməsi, iqtisadiyyatın bərpa olunması, bütün sahələrdə islahatların həyata keçirilməsi, enerji sektorunun inkişaf etdirilməsi mümkün olub. Məqalədə 1994-cü ildə dünyanın ən böyük neft şirkətləri ilə Azərbaycan arasında imzalanmış “Əsrin müqaviləsi” haqda məlumat verilir, ulu öndər Heydər Əliyevin enerji strategiyasının ölkədə iqtisadi islahatlara və siyasi sabitliyə nail olunmasında əhəmiyyəti qeyd edilir.

Məqalədə Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinə xüsusi diqqət yetirilir. Bildirilir ki, ermənilər tarixin müxtəlif dövrlərində Azərbaycanın digər ərazilərini də kənar qüvvələrin dəstəyi ilə vaxtaşırı öz ərazilərinə birləşdirməyə nail olublar. Bu xüsusda diqqətə çatdırılır ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın kiçik hissələrə bölünməsini və suverenliyinin məhv olmasına çalışan Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və bu həqiqətlər dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən pislənilib.

Məqalədə müəllif, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin tarixi haqda məlumat verir, 2016-cı ilin aprel ayında dörd gün ərzində münaqişənin yenidən gərginləşdiyini qeyd edir. 

Eyni zamanda, bir daha xatırladılır ki, ərazilərinin 20 faizi işğal altında olan Azərbaycan siyasi iradə nümayiş etdirərək münaqişənin tezliklə beynəlxalq hüquq çərçivəsində həll edilməsini istəyir. Vurğulanır ki, bu siyasət də Azərbaycanın tarixi şəxsiyyəti, xalqın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi yoldan xəbər verir.  

Məqalədə, həmçinin Böyük Vətən müharibəsində Qələbə gününün Azərbaycan xalqı tərəfindən ehtiramla yad edildiyi bildirilir. Qeyd edilir ki, İkinci Dünya müharibəsində qələbənin əldə edilməsi yolunda 600 mindən çox azərbaycanlı öz canından keçib, habelə SSRİ-nin bütün hərbi texnologiyaları və ərzaq sənayesinin çalışması üçün zəruri olan neftin 80 faizi məhz Azərbaycan tərəfindən təmin edilib. Bu tarixi irsin yaşadılması yolunda misilsiz xidmətlər göstərmiş bir insan var - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.     

AZƏRTAC

Published in Diaspora

Amerikada çıxan “The Jewish Journal” nəşrində Xocalı qırğınının sanki möcüzə sayəsində sağ qalmış şahidi Dürdanə Ağayevanın məqaləsi dərc edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edilən “Hərbi cinayətlərin inkar edilməsi: salamat qalmış şahidin rəyi” sərlövhəli materialda Xocalıda erməni hərbçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsini inkar edən iki erməni müəllifin “Huffington Post” qəzetində dərc olunmuş məqaləsinə etiraz bildirilir.  Dürdanə Ağayeva yazır ki, Xocalı qırğınının inkar edilməsi bu şəhərdə törədilmiş hərbi cinayətin salamat qalmış iki şahidinin - Dürdanə Ağayevanın və Anar Usubovun kəskin emosional reaksiyasına səbəb olub. Müəllif qeyd edir ki, ermənilər Xocalı şəhərini işğal edəndə onun 20, Anarın isə 8 yaşı var idi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə etnik təmizləmə nəticəsində onlar doğmalarının çoxunu itiriblər.

D.Ağayeva o gecə baş vermiş  dəhşətli hadisələri təsvir edərək yazır ki, ermənilər “bütün istiqamətlərə güllə yağdırdıqları” bir vaxtda onlar hər ikisi gecə qaranlıqda meşədən keçərək açıq bir sahəyə qaçırdılar. Anar bir sığınacaqdan digərinə, bir şəhərdən digərinə keçir, Dürdanə özü isə əsir götürülərək Ermənistana göndərilib, orada işğalçılar onu təsvirəgəlməz işgəncələrə məruz qoyublar. Dürdanə və Anar o gecə sağ qalıb, lakin 613 nəfər silahsız azərbaycanlı kişi, qadın, uşaqlar və qocalar erməni silahlıları tərəfindən öldürülüb.

D.Ağayeva vurğulayır ki, erməni müəlliflərin fikri “insanlığa, bizim məruz qaldığımız zədələrə və xatirələrimizə meydan oxumaqdır”. Bu, insanlığa qarşı törədilmiş cinayətin həyasızcasına inkar edilməsidir. Hətta Ermənistanın indiki prezidenti Serj Sarkisyan da Xocalıda dinc sakinlərin qırılmasında erməni qoşunlarının rolunu etiraf edib. “Human Rights Watch” hüquq-müdafiə təşkilatı Xocalı sakinlərinin kütləvi şəkildə qətlə yetirilməsini “Ermənistan ilə Azərbaycan arasında münaqişənin gedişində ən böyük qırğın” adlandırıb və dinc sakinlərin qətlə yetirilməsinə görə məsuliyyəti birbaşa erməni qoşunlarının üzərinə qoyub. Avropa İnsan Haqları Məhkəməsi özünün 2010-cu il tarixli qətnaməsində Xocalı qırğını ilə bağlı faktları təsdiq edib və 10-dan çox ölkə bu qırğını rəsmən tanıyıb.

BMT Təhlükəsizlik Şurası Azərbaycanın bütün Qarabağ regionunun qanunsuz işğal edilməsini və orada etnik təmizləmə aparılmasını pisləyən dörd qətnamə qəbul edib.

 

AZƏRTAC

Published in Digər xəbərlər

“Moskva-Baku” portalı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Şəxsiyyətin cazibəsi” adlı film hazırlayıb.

AZƏRTAC “moskow-baku.ru”ya istinadla xəbər verir ki, filmdə Heydər Əliyevin mənalı ömür yolundan və çoxşaxəli fəaliyyətindən, böyük idarəçilik istedadından, onu millətin lideri səviyyəsinə ucaldan qeyri-adi işgüzar və insani keyfiyyətlərindən söz açılır.

Filmdə deyilir: “O doğulanda adını Heydər qoydular. Bu ad rus dilində Öndər, Uzaqgörən və Başçı deməkdir.  Amma Heydər Əlirza oğlu Əliyevin karyerasında başlıca məsələ onun vəzifə və adlarının uzun siyahısı deyildir. Heydər Əliyevlə görüşən hər bir insan onun inanılmaz xarizmasından, insani keyfiyyətlərindən və qeyri-adi güclü şəxsi cazibəsindən danışırlar”.

Filmin müəllifləri Heydər Əliyevin insani və siyasi fenomeninin, onun dühasının sirrinin və əzəmətinin nədən ibarət olması barədə suallara cavab tapmağa çalışıblar. Onlara Heydər Əliyevi uzun illər yaxşı tanıyan və ya sadəcə onunla görüşən insanların xatirələri kömək edib.

Filmə müxtəlif illərdə Ümummilli Liderlə müsahibələrdən parçalar, onun böyük fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən kadrlar daxil edilib. Tanınmış siyasətçilər, ictimai xadimlər, ədəbiyyat və incəsənət xadimləri, sıravi insanlar Ulu Öndər barədə xatirələrini bölüşüblər.

 

AZƏRTAC

Published in Digər xəbərlər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarışı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında müəyyən edilmiş vəzifələrin icrası məqsədilə itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirilmə işi yekunlaşmaq üzrədir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş yaxınlarının qeydiyyatı ilə bağlı Dövlət Komissiyasına müraciət etməmiş vətəndaşlardan qısa müddətdə İşçi qrupuna məlumat vermələri xahiş olunur.

Ünvan: Bakı şəhəri, Parlament prospekti, 14

Telefonlar:    (012) 405-83-82

(012) 405-84-43

(012) 405-91-53

(012) 405-80-43

e-mail:  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

AZƏRTAC

Published in Məlumat

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıda olan İslam ölkələrinin nümayəndələrinin şərəfinə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin iqamətgahında rəsmi ziyafət təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların himayədarı kimi çıxış edir. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir. İslam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar bu ölkələrin həmrəyliyini aktual məsələyə çevirir. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi də bu məramın təzahürüdür.

Allahşükür Paşazadə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. İslam həmrəyliyinin güclü faktora çevrilməsinin vacibliyini qeyd edən QMİ sədri deyib ki, bu kimi tədbirlər bir tərəfdən İslam ölkələrinin üzləşdiyi problemlərin həlli, digər tərəfdən həmin problemlərin dərinləşməsinin qarşısının alınması baxımından xüsusi önəmə malikdir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi çox mühüm hadisədir. Bunun böyük siyasi, iqtisadi, mənəvi və ideoloji əhəmiyyəti var. Bu gün bəşəriyyətin qarşısında duran ən mühüm məsələlərdən biri planetimizi, sülhü qorumaq, dünyadakı mövcud dinlərin və xalqların inkişafına hərtərəfli dəstək verməkdir. Bu gün İslam həmrəyliyi İslam dünyası üçün çox vacibdir. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar, söylədiyi fikirlər, verdiyi qərarlar bütün İslam dünyasında geniş əks-səda doğurur. Bu gün Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişləndirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı mövqeyini ortaya qoyub.

Rəsmi ziyafətdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravneh Azərbaycandakı multikultural mühitdən məmnun olduqlarını bildiriblər. Onlar Prezident İlham Əliyevin İslam dəyərlərinin qorunması, inkişaf etdirilməsi yolunda səylərini yüksək dəyərləndiriblər. Qonaqlar IV İslam Həmrəyliyi Oyunlarının İslam dünyasının birlik və həmrəyliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacağına əminliklərini ifadə ediblər.

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 2