XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə axşamı, 11 May 2017

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü günüdür. Artıq 14-cü ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.

AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Azərbaycanın hər yerində olduğu kimi, dünya ölkələrində də geniş qeyd edilir. Ölkəmizin bütün bölgələrində bu əlamətdar gün - Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi, respublikamızı sarsılmaz, dönməz yüksəliş yoluna çıxarmış əbədi inkişaf strategiyasının müəllifi ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir, dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanır. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, eləcə də diasporumuzun təmsilçiləri ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbirlər keçirərək görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fəaliyyətini, Vətən və xalq qarşısındakı xidmətlərini geniş təbliğ edirlər.

Xalqımızın xilaskar oğlunun hər doğum günündə olduğu kimi, bu il mayın 10-da da səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tuturlar. Ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyulur, əziz xatirəsi dərin ehtiramla yad edilir, ruhuna dualar oxunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları xalqımızın xilaskar oğlunun doğum günündə onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.

 

 

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoydular.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüldü.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər.

AZƏRTAC 

Published in Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

 

Prezident İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar.
Əziz dostlar.
Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdür. Bu gün Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsinə bir daha dərin ehtiramını ifadə edir. Heydər Əliyev dahi şəxsiyyətdir, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir. 1969-cu ildə ilk dəfə sovet Azərbaycanına rəhbərliyə başlayanda ovaxtkı Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri demək olar ki, sovet məkanında ən aşağı səviyyədə idi. Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində Azərbaycan Respublikası ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir və əgər Sovet İttifaqında Rusiya Federasiyasından başqa iki özünü təmin edən və donor respublika var idisə, onlardan biri Azərbaycan idi.
Məhz onun rəhbərliyi və təşəbbüsü ilə bir çox önəmli layihələr icra olunmuşdur, kənd təsərrüfatı sürətlə inkişaf etmişdir. Kənddə yaşayanlar öz həyat səviyyələrini yaxşılaşdıra bilmişlər. O vaxt Azərbaycanda sənayenin inkişafı çox sürətlə gedirdi. Neft sənayesi inkişaf edirdi. Bir çox önəmli infrastruktur layihələri icra edilmişdir ki, bu gün də müstəqil Azərbaycan üçün onların böyük əhəmiyyəti vardır. Heydər Əliyevin rəhbərliyi ilə o vaxt Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı çox ciddi mübarizə aparılırdı və bu göstəriciyə görə də Azərbaycan sovet məkanında fərqlənirdi.
Bir sözlə, 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə respublika çox böyük uğurlu yol keçmişdir. Heydər Əliyevin fəaliyyəti sovet rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilirdi. Təsadüfi deyil ki, 1982-ci ildə hakimiyyətə gəlmiş Yuri Andropov ilk təyinatını Heydər Əliyevi Moskvaya dəvət etməklə etdi. Yuri Andropov hakimiyyətə geniş islahatlar gündəliyi ilə gəlmişdi. Nizam-intizamın möhkəmləndirilməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin aparılması, iqtisadi islahatlar o proqramın tərkib hissələri idi. Əlbəttə ki, Heydər Əliyev kimi böyük şəxsiyyət, lider bütün bu yeni meyarlara tam cavab verirdi.
Bakıdan Moskvaya gedəndən sonra Heydər Əliyev üçün yeni dövr başladı. Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində ən yüksək vəzifələrdən birini tuturdu, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü idi. Onun kurasiyasında bir çox sahələr var idi ki, o sahələr Heydər Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etməyə başlamışdı. Əlbəttə ki, Azərbaycanda mövcud vəziyyət, Azərbaycanın problemləri onu daim maraqlandırırdı və o, çalışırdı ki, yeni imkanlardan istifadə edərək Azərbaycan Respublikasına kömək etsin. O vaxt Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı önəmli qərarlar qəbul edilmişdir.

 


Ancaq əfsuslar olsun ki, Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanda işlər yavaş-yavaş tənəzzülə uğramağa başladı. Bu tənəzzül özünü müxtəlif sahələrdə büruzə verirdi. Artıq o dinamika hiss olunmurdu. Ancaq Heydər Əliyevin müəyyənləşdirdiyi yol bu dövrdə də Azərbaycanın inkişafına xidmət edirdi və yeganə təkanverici qüvvə idi.
Bildiyiniz kimi, 1987-ci ildə Heydər Əliyev tamamilə əsassız ittihamlarla bütün vəzifələrdən kənarlaşdırıldı. Bunun səbəbləri haqqında geniş ictimaiyyətdə kifayət qədər məlumat var. Sovet rəhbərliyində ən fəal, işgüzar və nəticə verən şəxs heç bir əsas olmadan bütün vəzifələrdən kənarlaşdırıldı. Burada əlbəttə ki, şəxsiqərəzlik məsələləri öz rolunu oynamışdır. Heydər Əliyev böyük şəxsiyyət idi, həmişə bütün məsələlərlə bağlı öz mövqeyini müdafiə edirdi, o vaxt yenidənqurma adı altında aparılan bir çox işlərə tənqidi yanaşırdı, onları qəbul etmirdi. Bilirdi ki, onların heç bir səmərəsi olmayacaq, əksinə, bunlar çox böyük zərər gətirə bilər. Əlbəttə ki, belə bir müstəqil şəxsiyyətin, özü də sovet məkanında böyük nüfuza malik olan şəxsiyyətin mövcudluğu o vaxt öz imkanlarına inanmayan, təsadüf nəticəsində hakimiyyətin zirvəsinə qalxan şəxsin xoşuna gələ bilməzdi. Bir də əlbəttə ki, Heydər Əliyevin istefasını ona qarşı olan paxıllıq, qısqanclıq və digər mənfi xüsusiyyətlər şərtləndirdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevə qarşı o vaxt sovet məkanında formalaşan erməni qruplaşmaları da rol oynamışdır. Əfsuslar olsun ki, burada, Azərbaycanda donos, anonim məktub yazanlar, vaxtilə rüşvətxorluğa, digər pozuntulara görə onun tərəfindən cəzalandırılan ünsürlər də öz məkrli məktubları ilə Heydər Əliyevə zərbə vurmaq, ondan qisas almaq üçün çirkin əməllər törədirdilər.
Heydər Əliyevin istefasından sonra Azərbaycanın problemləri başladı. İki həftə keçmədən erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu, birinci addım atıldı. Əfsuslar olsun ki, ovaxtkı sovet rəhbərliyi həmin separatçıların fəaliyyətinə heç bir məhdudiyyət qoymadı, heç bir reaksiya vermədi və nəticə etibarilə bu meyillər Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Əlbəttə, Sovet İttifaqının dağılmasının səbəbləri kifayət qədər çoxdur. Ancaq onun əsas səbəbləri əlbəttə ki, yanlış milli siyasət olmuşdur. Sovet İttifaqını böyük dövlət kimi saxlayan məhz düzgün milli siyasət olub. Ancaq 1985-ci ildən sonra bu siyasətə cavabdehlik daşıyan şəxslər ya öz məsuliyyətini dərk edə bilmirdilər, ya da ki, qəsdən çox ziyanlı addımlar atmışlar. Onların arasında Dağlıq Qarabağdakı erməni millətçilərinin, separatçılarının vaxtında cəzalandırılmaması məsələsi xüsusi yer tutur. Dağlıq Qarabağ münaqişəsindən sonra digər yerlərdə də toqquşmalar baş verdi və nəticə etibarilə Sovet İttifaqı dağıldı.
Heydər Əliyev 1990-cı ilə qədər pensiyaçı həyatını yaşayırdı. 1990-cı ildə xalqımıza qarşı qanlı 20 Yanvar cinayəti törədildi. Bu cinayətin də başında dayanan məhz ovaxtkı sovet rəhbəri olmuşdur. Əfsuslar olsun ki, bu günə qədər o, bu və digər cinayətlərə görə məsuliyyət daşımır və bu məsuliyyətdən yayına bilmişdir.
Heydər Əliyev xalqımız üçün ağır anda yenə də göstərdi ki, o, xalqla bir yerdədir. Yaxşı yadımdadır, 1990-cı il yanvarın 21-də o, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmişdi, - mən fəxr edirəm ki, onun yanında idim, - və orada böyük bir izdiham yaranmışdı. Oraya yığışan azərbaycanlılar öz etirazlarını hansısa formada ifadə etməyə çalışırdılar. Biz oraya yaxınlaşanda sakitlik idi. Yəni, insanlar sadəcə olaraq nümayəndəliyin önündə dayanmışdılar, sanki nəyisə gözləyirdilər və Heydər Əliyev gəldi, onlar onun simasında yenə də lideri gördülər. Baxmayaraq ki, o, heç bir vəzifə daşımırdı, 3 il idi pensiyaçı həyatı yaşayırdı. Eyni zamanda, ona qarşı həm sovet, həm də Azərbaycan mətbuatında təşkil edilmiş çirkin, böhtan xarakterli yazılar da gedirdi. Ona qarşı çox ədalətsiz və çirkin kampaniya aparılırdı. Ancaq insanların qəlbində Heydər Əliyev milli lider və güclü şəxsiyyət kimi yaşayırdı. İnsanlar onu görəndə kənara çəkildilər və biz açılan o canlı dəhlizlə binaya daxil olduq. Mətbuat konfransı təşkil edildi və Heydər Əliyev sovet rəhbərliyini, onun siyasətini qətiyyətlə pislədi, Azərbaycan xalqına başsağlığı verdi və sovet hakimiyyətinin hərəkətlərinə öz kəskin münasibətini bildirdi.
Deyə bilərəm, Sovet İttifaqında bəlkə də ilk hadisə idi ki, sovet rəhbərliyi, onun başında dayanan şəxs açıq mətbuat konfransında belə pislənildi. Onu da qeyd etməliyəm ki, Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq.
Yəni, bu addımı atmaqla Heydər Əliyev, ilk növbədə, xalqla bir yerdə olduğunu, cəsarətini, milli ruhunu göstərdi. Göstərdi ki, onun üçün Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Göstərdi ki, ən ağır faciəvi günlərdə o, xalqla bir yerdədir. Təbii ki, ondan sonra ona qarşı aparılan kampaniya daha da eybəcər formalar almışdır. Ona qarşı yenə də mətbuat kampaniyaları aparılırdı, təzyiq göstərilirdi. Bizdə olan məlumata görə, sovet rəhbərliyi onun həbsi ilə bağlı qərar da qəbul etmişdi.
Ondan sonrakı tarixi Azərbaycan ictimaiyyəti yaxşı bilir. Heydər Əliyev Kommunist Partiyasının sıralarından çıxıb Azərbaycana gəldi. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi də sovet rəhbərliyinin göstərişi ilə oturub-dururdu və Heydər Əliyevə qarşı Bakıda da ədalətsizlik göstərilmişdir. Təşkil edilmiş insanlar aeroportda mitinq keçirirdilər, onun gəlişinə maneçilik törətməyə çalışırdılar və digər xoşagəlməz, insana yaraşmayan addımlar da atılmışdır.
Heydər Əliyev Naxçıvana üz tutdu və bu da hesab edirəm ki, tarixi zərurət idi. Çünki o vaxt Naxçıvan da təhlükə altında idi. Erməni qəsbkarları Naxçıvana da öz çirkin əllərini uzatmışdılar. Tam əminliklə deyə bilərəm ki, əgər o vaxt Heydər Əliyev Naxçıvanda olmasaydı, bəlkə Naxçıvan da işğal oluna bilərdi. O, Naxçıvanı qorudu, naxçıvanlılar da onu qorudular. O vaxt Naxçıvanda da qanlı döyüşlər gedirdi və özünümüdafiə qüvvələri erməni qəsbkarlarını yerinə oturtdular.
Heydər Əliyev Naxçıvanda yaşayırdı, işləyirdi. Xalq onu dəstəkləyirdi və o da xalq üçün yaşayırdı. O vaxt Naxçıvanda önəmli qərarlar qəbul edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı rəsmi bayraq kimi qəbul edildi. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Naxçıvan Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Yəni, bu, müstəqilliyə aparan ilk addımlar idi. Naxçıvanda Yeni Azərbaycan Partiyası öz birinci təsis konfransını keçirdi və beləliklə, Azərbaycanda siyasi sistem formalaşdı. Əlbəttə ki, xalq da bunu bilirdi, görürdü, həm Naxçıvanda, həm Bakıda. Xalq Heydər Əliyevin Bakıya gəlməsini səbirsizliklə gözləyirdi.
Sonra AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz çox ağır problemlərlə üzləşdi. Şuşa, Laçın, Kəlbəcər rayonları işğal altına düşdü. Beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. AXC-Müsavat cütlüyü ölkənin ərazi bütövlüyünü müdafiə etmək əvəzinə, Azərbaycanda vətəndaş müharibəsinə start verdi. Gəncəni bombalayırdılar. Orada torpaqlar əldən gedirdi, bunlar da burada öz laxlayan hakimiyyətini saxlamaq üçün Gəncə şəhərini bombalayırdılar. Əlbəttə ki, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilməzdi, cəmi bir il dözə bildi və 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
O da bir dönüş nöqtəsi idi. Çünki Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. Həm siyasi böhran, hərbi böhran, iqtisadi tənəzzül yaşanırdı və əlbəttə ki, ölkəmizin gələcək taleyi çox qaranlıq idi. Xalq o ağır günlərdə yeganə nicat yolunu Heydər Əliyevdə görürdü və o da xalqın etimadını həmişə olduğu kimi doğrultdu. Onun rəhbərliyi ilə aparılan siyasət qısa müddət ərzində Azərbaycanda sabitliyə, inkişafa gətirib çıxarmışdır. Baxmayaraq ki, hələ 1994-cü və 1995-ci illərdə iki dəfə dövlət çevrilişinə cəhd göstərilmişdir və o cəhdin də qarşısını Azərbaycan xalqı aldı. Heydər Əliyev o vaxt da liderlik keyfiyyətlərini nümayiş etdirib, xalqa televiziya vasitəsilə müraciət edib, onu dövləti müdafiə etməyə dəvət edib və onun müraciətinə cavab olaraq on minlərlə insan meydanlara, küçələrə, Prezident Administrasiyasının önünə toplaşdı və beləliklə, həm 1994-cü ildə, həm 1995-ci ildə dövlət çevrilişinə cəhd alınmadı.
1996-cı ildən isə artıq sabitlik, inkişaf dövrü başlayır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev bir çox önəmli təşəbbüslər irəli sürdü. O vaxt dövlətçiliyin əsasları qoyuldu. O vaxt azərbaycançılıq ideologiyasının təqdimatı oldu və xalq da buna çox müsbət yanaşdı və bu gün də azərbaycançılıq fəlsəfəsi bizim mühüm ideoloji əsasımızdır. O vaxt ciddi iqtisadi islahatlar aparılmışdır. Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. 1994-cü ildə “Əsrin kontraktı” imzalanmışdır. Bu gün də “Əsrin kontraktı”nın əhəmiyyətini hər bir Azərbaycan vətəndaşı gündəlik həyatda görür. Abadlaşan şəhərlər, gözəlləşən ölkəmiz, yaradılan infrastruktur və inkişafda olan Vətənimiz, bunun əsas səbəbi o vaxt Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi idi.
1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da düşünülmüş siyasətdir, cəsarətdir, müstəqil siyasət və addımlardır.
Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına son müraciətində gördüyü işlər haqqında danışmışdır və eyni zamanda, demişdir ki, hələ onun bir çox planları var. O, öz ümidini ifadə etmişdir ki, onun görə bilmədiyi işləri onun davamçıları görəcək və belə də oldu.
2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti yaşayır, yeni formalarla zənginləşir, Azərbaycan inkişaf edir. Heydər Əliyev Azərbaycana sabitlik gətirdi. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və bizdə olan sabitlik xalqın iradəsinə əsaslanır. Sabitliyin mənbəyi də Azərbaycan xalqının iradəsidir. 2003-cü, 2008-ci, 2013-cü illərdə keçirilmiş prezident seçkiləri bir daha Azərbaycan xalqının iradəsini ifadə etdi. Keçən il keçirilmiş referendum da Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən dəstəkləndi. Bu gün xalq-iqtidar birliyi ən yüksək səviyyədədir və sabitliyin əsasını qoyan, bax, bu amillərdir.
Heydər Əliyev 1993-cü ildə Azərbaycanda dərin siyasi islahatlara start verdi. O, başqa yol da seçə bilərdi. Ancaq o, həmişə deyirdi ki, bizim yolumuz demokratik inkişaf yoludur. Siyasi islahatların aparılması ilə Azərbaycanda demokratiyanın inkişafına çox böyük təkan verilmişdir. Bu gün Azərbaycanda bütün azadlıqlar var. Azərbaycan cəmiyyəti azadlıq şəraitində yaşayır, siyasi islahatlar davam etdirilir. Biz demokratik yolumuza dəfələrlə öz sadiqliyimizi göstərmişik.
Heydər Əliyev 1993-cü ildə uğurlu xarici siyasət aparmağa başlamışdır. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. O vaxta qədər Azərbaycan haqqında dünyada, ümumiyyətlə, məlumat yox idi, ya da ki, erməni lobbiçiləri dünya ictimaiyyətinə ölkəmiz haqqında yanlış, təhrif edilmiş məlumat çatdırırdılar. Heydər Əliyev o informasiya blokadasını dağıda bildi. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bir çox önəmli beynəlxalq tədbirlər, forumlar keçirilir. Azərbaycan 155 ölkənin dəstəyi ilə dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. Biz bu istiqamətdə də Heydər Əliyevin siyasətinə sadiqliyimizi göstərdik, onun siyasətini davam etdirdik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda da biz Heydər Əliyev kimi prinsipial mövqeyimizi müdafiə edirik və bu mövqe gündən-günə güclənir. 2003-cü ildən bu günə qədər aparıcı beynəlxalq təşkilatların qərarları, qətnamələri də bunu təsdiqləyir. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı. Bütün bu təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi əks etdirən ədalətli qərarlar, qətnamələr qəbul etmişlər və Ermənistanın işğalçı siyasətini pisləmişlər. Artıq bu illər ərzində Xocalı soyqırımını dünyanın bir çox ölkələri rəsmən soyqırımı kimi tanıyıb və bu yaxınlarda Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u heç kim tanımayıb. Minsk qrupuna həmsədrlik edən ölkələr bunu bəyan etdilər ki, bu “referendum”u tanımırlar. Qonşu ölkələr eyni bəyanatlar verdilər, beynəlxalq təşkilatlar bu bəyanatlarla bir daha göstərdilər ki, onlar ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşırlar və Dağlıq Qarabağı, bu qondarma qurumu tanımırlar və əminəm ki, tanımayacaqlar.
Ordu quruculuğu Heydər Əliyev üçün prioritet məsələ idi. Çünki o, hakimiyyətə gələndə bizdə nizami ordu yox idi. Bizim əsas problemimiz də bundan qaynaqlanırdı. Ordu quruculuğu prosesi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ordu quruculuğu prosesi uğurla gedir. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bunu bütün beynəlxalq reytinqlər də təsdiqləyir. Həm maddi-texniki təminat, təchizat, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu baxımından bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bunu keçən ilin aprel ayında baş vermiş toqquşma da göstərdi. Qəhrəman Azərbaycan əsgər və zabitləri işğal edilmiş torpaqların bir hissəsini - Ağdərə - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi, - Füzuli, Cəbrayıl rayonlarının torpaqlarını işğalçılardan azad etdilər, orada Azərbaycan bayrağı qaldırıldı. Budur, bugünkü Azərbaycan Ordusu. Biz Ordumuzla fəxr edirik və heç kimə imkan verə bilmərik ki, Ordumuzun uğurlarına kölgə salsın.
Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan xalqı o antimilli ünsürləri 1993-cü ildə hakimiyyətdən qovub və bu günə qədər onların əlindən bir şey gəlmir. Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni, tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür, əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz. Ancaq çalışırlar ki, bizim inkişafımızı, dövlətimizin uğurlarını, Ordumuzu ləkələsinlər. Bizim Ordumuz keçən il göstərdi ki, nəyə qadirdir və Azərbaycan Ordusu işğal edilmiş torpaqları hər an azad etməyə qadirdir. Ordu quruculuğunun təməlini Heydər Əliyev qoymuşdur. Biz isə onun davamçılarıyıq, bu yolla gedirik və Ordumuz üçün nə lazımdırsa onu da edəcəyik.
Heydər Əliyev dərin iqtisadi islahatların başlanmasına təkan verdi. Bu gün Azərbaycan iqtisadiyyatı bütün parametrlərə görə bütün ölkələr üçün nümunə ola bilər. Son illər ərzində - 2004-cü ildən bu yana ümumi daxili məhsul 3 dəfə artıb, 1 milyon 700 min yeni iş yeri yaradılıb, bütün infrastruktur demək olar ki, yeniləşib. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcdan beş dəfə çoxdur. Valyuta ehtiyatlarımız təxminən ümumi daxili məhsula bərabərdir. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə iqtisadiyyatımızı 37-ci yerə layiq görüb. İnkişafda olan ölkələrin reytinqinə gəldikdə isə Davos Forumu bizi 1-ci, 2-ci yerə layiq görür. Budur, bu gün Azərbaycan iqtisadiyyatı və bizim uğurlu iqtisadi siyasətimiz.
Bunu sosial siyasətə də aid etmək olar. Məktəblər, xəstəxanalar. Hər il beş milyondan çox insan pulsuz tibbi müayinədən keçir. Məncə, heç bir başqa ölkədə belə bir praktika yoxdur. Bizim dövlətimizin sosial siyasəti çox uğurludur. Həmişə demişəm ki, biz bütün işləri xalq üçün edirik və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Heydər Əliyevin rəhbərliyi ilə uğurlu neft siyasəti aparılır. Heydər Əliyevin neft strategiyası bu gün də davam etdirilir. Onun öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi. Ondan sonra Bakı-Tbilisi-Ərzurum, daha sonra demək olar ki, həmin xətlə gedən Bakı-Tbilisi-Qars dəmir yolu, bu gün Cənub Qaz Dəhlizi. Azərbaycanın qaz yataqları dünya ilə birləşir. Biz dənizləri birləşdirdik. Xəzər dənizini Aralıq dənizi ilə, Qara dənizlə, Adriatik dənizi ilə birləşdirdik. Heydər Əliyevin neft strategiyası bu gün davam etdirilir.
Bakı şəhəri bu gün dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bakının müasir rəmzləri yaradıldı. Onlardan biri də Ulu Öndərin adını daşıyan bu möhtəşəm Heydər Əliyev Mərkəzidir. Bu gün Heydər Əliyev Mərkəzinin açılışının beşinci ildönümüdür. Beş il bundan əvvəl biz Heydər Əliyev Mərkəzində ilk görüşü keçirmişdik. Bu, bir müstəqillik, inkişaf rəmzidir. Mənim fikrimcə, müasir memarlıq əsərləri arasında Heydər Əliyev Mərkəzi birinci yerdədir.
Yəni, dediyim sözlər bir daha onu göstərir ki, Ulu Öndər həmişə olduğu kimi, xalqa son müraciətində də düzgün proqnoz verdi. O, inanırdı və bildirdi ki, onun davamçıları onun görə bilmədiyi işləri görəcəklər, belə də oldu. Biz - onun davamçıları bununla fəxr edirik. Fəxr edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik. Sağ olun.
***
Ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirildi.
Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi oldu.
Əvvəlcə Azərbaycanın Xalq Şairi Nəriman Həsənzadənin Heydər Əliyev Mükafatı ilə təltif olunması haqqında dövlətimizin başçısının Sərəncamı oxundu.
Prezident İlham Əliyev mükafatı Nəriman Həsənzadəyə təqdim etdi.
Heydər Əliyev Mükafatına görə minnətdarlığını bildirən Xalq Şairi Nəriman HƏSƏNZADƏ dedi:
-Cənab Prezident, biz Sizin ədəbiyyatımıza, yaradıcı ziyalılarımıza göstərdiyiniz qayğını, diqqəti həmişə görmüşük, hiss etmişik. Cənab Prezident, biz Sizinlə fəxr edirik. Biz Sizin daxili, xarici siyasətinizi müdafiə edirik. Ulu Öndərimiz çıxışlarının birində deyib ki, Azərbaycan dünyaya günəş kimi doğacaq. Cənab Prezident, Siz bizim günəşimizsiniz. Ulu Öndərimizi görüşlərin birində qarşılayanda mən bir şeir söyləmişəm. Həmin şeiri Ulu Öndər özü alqışlayıb. İcazə verin, o şeiri burada oxuyum:
Ey eşqim, vüqarım, sənətim, canım,
Ana çağırdığım, Azərbaycanım.
Açıb qollarımı mehri-ülfətlə,
Bağrıma basıram səni hörmətlə.
Sən de, ey adı ilə fərəhləndiyim,
Şanlı sədasıyla ürəkləndiyim.
Xalqımın istəkli, əziz övladı,
Şeirimin, sözümün qolu, qanadı.
Sənin hər istəyin, sənin hər arzun
Həyatda qoy şöhrət çələngi olsun.
Qaldırdın adını bu məmləkətin,
Andın müqəddəsdir, südün təmizdir.
Mənim taleyimdir sənin şöhrətin,
Tarixdə tarixi mərhələmizdir.
Gəlin, addımlayaq sülh cərgələrlə,
Gəlin, qabaqlayaq dövrü zamanı.
Daim alqışlayaq yalnız zəfərlə,
Ana dediyimiz Azərbaycanı!
Sizə, cansağlığı arzu edirəm, cənab Prezident. Sizə minnətdarlığımı bildirirəm.
***
Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2017-ci il üzrə qalibi elan olundu.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun yeni nəslin kamil insan kimi formalaşmasında əhəmiyyət kəsb edən layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində bəşəri dəyərlərin təbliğində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli şərqşünas alim Vasim Məmmədəliyevə “Qızıl çinar” beynəlxalq mükafatını təqdim etdi.
Mükafata görə təşəkkürünü bildirən akademik Vasim MƏMMƏDƏLİYEV dedi:
-Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım.
Sözün doğrusu, bu qəfil məlumatdan özümü bir qədər itirdim. Çünki heç ağlıma gəlməzdi ki, mənim o kiçik əməyim, özüm üçün normal bir fəaliyyət dairəsi hesab etdiyim o kiçik əmək bu gün bizim dövlətimiz, bizim möhtərəm Prezidentimiz, bizim Birinci vitse-prezidentimiz tərəfindən belə yüksək mükafatla qiymətləndiriləcək. Mən buna görə Sizlərə çox minnətdaram.
Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, bu yüksək mükafatı mənə verdiyiniz üçün Sizə dərin hörmət və ehtiramımı bildirirəm.
Bir şeyi də qeyd etmək istəyirəm ki, Azərbaycanda bu gün çox gözəl siyasi, mənəvi iqlim var. Azərbaycanda insanlar arasında çox gözəl ünsiyyət var. Xalqla iqtidar arasında böyük birlik var. Bunların hamısının səbəbkarı bizim hörmətli Prezidentimiz və hörmətli birinci xanımımızdır. Mən həmişə bir şeyə fikir vermişəm ki, Mehriban xanım çox səmimidir, - təbii ki, bu məziyyət doğulduğu, tərbiyə aldığı ailədən gəlir, - mədəniyyətin, elmin hamilərindən biridir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyatı, yaradıcılığı, fəaliyyəti bu gün Mehriban xanımın təşəbbüsü ilə araşdırılır və cəmiyyətə təqdim olunur. Cəmiyyət bilir ki, hər hansı bir şəxs müəyyən bir iş görürsə o, Mehriban xanımın nəzərindən qaçmayacaq. Necə ki, mənim kiçik fəaliyyətim də bu gün onun nəzərindən qaçmayıb və mən belə bir mükafata layiq görülmüşəm.
Onu da deyim ki, xalq bizim möhtərəm Prezidentimiz İlham Əliyevi və Mehriban xanım, Sizi çox sevir. Xalqın gözü tərəzidir. Xalq Sizin böyük xidmətlərinizi, fəaliyyətinizi çox yüksək qiymətləndirir. Bu da təbiidir. Mehriban xanım Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın, dilimizin, musiqimizin, rəngkarlığımızın, bütün incəsənətimizin nümayəndələrinin xidmətlərini sözün həqiqi mənasında görür, bilir və onları nə cür lazımdırsa mükafatlandırır.
Mən hesab edirəm ki, Siz xalqımızın maarifpərvər xanımlarının ənənələrini bu gün uğurla davam etdirirsiniz. Bu, müasir dövrdə incəsənətimizə, elmimizə, ədəbiyyatımıza, musiqimizə Sizin tərəfinizdən verilən böyük qiymətdir. Xalqımız Sizi həmişə çox sevəcək, çünki Siz buna layiqsiniz. Mən inanıram ki, Siz bizim hörmətli Prezidentimizlə qoşa qanad olaraq Azərbaycanı bundan sonra da yeni-yeni yüksəkliklərə qaldıracaqsınız.
Diqqətinizə görə təşəkkür edirəm.
***
Təntənəli mərasim bədii hissə ilə davam etdi.

AZƏRTAC

Published in Siyasət

Hörmətli cənab Prezident,

Koreya Respublikasının Prezidenti vəzifəsini tutmaq üçün keçirilən seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən Koreya Respublikası ilə ikitərəfli və çoxtərəfli əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verirəm. Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlər ötən illər ərzində çoxşaxəli və dinamik xarakter almışdır. Dost ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığımızın müxtəlif sahələrdə, xüsusilə də siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə uğurlu inkişafı diplomatik münasibətlərimizin 25 illik dövrünü səciyyələndirir.

İnanıram ki, birgə səylərimizlə ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrini xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra daha da möhkəmləndirəcək və genişləndirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya xalqına daim sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 10 may 2017-ci il.

Published in Məktublar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadəyə Heydər Əliyev Mükafatı verilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 10 may 2017-ci il.

Published in Sərəncam

Zati-aliləri.

2017-ci il iyunun 5-də qeyd olunacaq Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu müddət ərzində dövlətlərimiz və xalqlarımız arasında sabit dostluq münasibətlərinin bərqərar olmasını məmnuniyyətlə qeyd edə bilərik. Bolqarıstan ilə Azərbaycan arasında çox fəal siyasi dialoq, həmçinin müxtəlif sahələrdə qarşılıqlı maraq kəsb edən ikitərəfli əməkdaşlıq yüksək qiymətləndirilməlidir.

Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında 2015-ci ildə imzalanmış Birgə Bəyannamə ikitərəfli əlaqələrin fəallaşdırılması ilə bağlı qarşılıqlı istəyi əks etdirir. Qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün geniş perspektivləri nəzərə alaraq Bolqarıstan Azərbaycan ilə münasibətlərə mühüm önəm verir. Bu perspektivlər iyirmi beş illik dialoqumuzun cari il ərzində ən yüksək səviyyədə davam etdirilməsi üçün gözəl imkanlar yaradır.

Ölkələrimiz arasında iqtisadi əlaqələrdə enerji sahəsinin aparıcı rolunu qeyd etmək istərdim. Eyni zamanda, əminəm ki, ticari-iqtisadi münasibətlərin gələcək illərdə inkişafı üçün ciddi potensial mövcuddur.

Ölkələrimizin geostrateji üstünlüklərindən, Avropa ilə Asiya arasında nəqliyyat və enerji dəhlizlərinin yaradılmasında iştirak imkanlarından maksimum istifadə vacib əhəmiyyət kəsb edir.

Münasibətlərimizin potensialına dair xüsusi müsbət nümunə mədəniyyət sahəsində əməkdaşlıqdır. Bu xüsusda, Veliko Tırnovo şəhərinin yaxınlığında yerləşən “Trapezitsa” qalasının mədəniyyət və tarixi irs üzrə ictimailəşmə, bərpa və konservasiyası layihəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilməsinə görə Azərbaycan tərəfinə minnətdarlığımı ifadə etmək istərdim.

Bolqarıstan Respublikası Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında dialoqun dərinləşdirilməsi prosesinin dinamikasını müsbət qiymətləndirir və əmindir ki, müzakirəsi bu yaxınlarda başlamış tərəfdaşlıq sazişi Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişlənməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün yeni üfüqlər açacaq.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Respublikasına və onun xalqına inkişaf və firavanlıq, Sizə isə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olun.

Hörmətlə,

 

Rumen Radev

Bolqarıstan Respublikasının Prezidenti

Published in Məktublar

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış oldular.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident İlham Əliyevə 2008-2017-ci illərdə salınan yaşıllıqlar barədə məlumat verdi. Bildirildi ki, dövlətimizin başçısının tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq, bu illərdə ölkədə ümumilikdə 5 milyon 200 minə yaxın ağac əkilib. Həmin ağacların əkildiyi sahələr damcılı suvarma sistemi ilə təchiz edilib. Əsasən zeytun, badam, nar, innab, püstə, qoz və fındıq ağaclarının əkilməsinə daha çox üstünlük verilib. Təkcə bu ilin ötən dövründə ölkədə aqrobağların yaradılması məqsədilə 1 milyondan çox aqrar əhəmiyyətli ağaclar əkilib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkdilər.

Mayın 10-da Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq massivində 9 minə yaxın aqrar əhəmiyyətli və digər növ ağaclar əkildi.

Dövlətimizin başçısı və birinci xanım ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər.

 

 

Bütün bunlar bir daha təsdiqləyir ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, ölkəmizdə reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsini və insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Bunun bariz nümunəsi Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya İli” elan etməsi olub. Dövlətimizin başçısı neftlə və digər istehsalat tullantıları ilə çirklənmiş torpaqların, lay suları altında qalan ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşıb. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı əməli işlər görülüb, ölkədə milyonlarla ağac əkilib, yeni park və xiyabanlar salınıb. Bir vaxtlar neft tullantıları ilə çirklənən indiki “Ağ şəhər” və digər ərazilərdə görülən işlərin nəticəsində neft çöküntüləri təmizlənib. Bu ərazilər paytaxtın müasir yaşayış və mədəniyyət komplekslərinə, Prezident İlham Əliyevin dediyi kimi, müasir ekoloji layihələrə çevrilib. Bütün bunlar ətraf mühitin qorunmasına, xüsusilə də vətəndaşların sağlam mühitdə yaşamasına xidmət edir. Ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, həmçinin qanunsuz ağac kəsilməsinə qarşı dövlətimizin başçısının nümayiş etdirdiyi qətiyyətli mövqenin təməlində isə yalnız bir amal dayanıb: insanların sağlamlığının qorunması.

Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yaşıllıqların artırılmasına, mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə Fondun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.

Qeyd edək ki, müxtəlif vaxtlarda həyata keçirilən ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə edib. Bu gün vətəndaşların ağacəkmə aksiyalarında, yaşıllıqlar salınmasında, şəhər və rayonlarımızda təmizlik işlərində fəal iştirakı bunun əyani göstəricisidir. Ekspertlərin fikrincə, bu gün Azərbaycanda ekologiyanın qorunması, əhalinin sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər bir çox ölkələrə nümunə ola bilər.

AZƏRTAC

Published in Sosial həyat

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin veteranları ilə görüşdülər, onları Böyük Qələbə münasibətilə təbrik etdilər.

Müharibə veteranları Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qələbə Günü münasibətilə təbrik etdilər, onlara göstərdikləri yüksək diqqətə və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Vurğuladılar ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan və onun paytaxtı Bakı şəhəri gündən-günə inkişaf edir, gözəlləşir, abadlaşır.

Xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edən Böyük Vətən müharibəsi veteranları bildirdilər ki, dövlətimiz onlara yüksək qayğı göstərir. Onlar bu qayğıya cavab olaraq gənclərimizin vətənpərvərlik ruhunda böyümələri, Vətəninə və xalqına layiqli övlad kimi yetişmələri üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini dedilər.

Dövlətimizin başçısı və birinci xanım müharibə veteranlarını bir daha təbrik etdilər, onlara uzun ömür və möhkəm cansağlığı arzuladılar.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı şanlı Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü.

 

 

Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşublar. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, Polşanın, Çexoslovakiyanın və Yuqoslaviyanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak ediblər.

İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları “Xalqımızın qızıl fondu” adlandırırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May - Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərilir. Bu isə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir.

Böyük Vətən müharibəsi veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 72 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşdülər, Qələbə Günü münasibətilə onları təbrik etdilər, xatirə şəkli çəkdirdilər.

Dövlətimizin başçısı və birinci xanım iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsi önünə əklil qoydular, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad etdilər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdilər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin qarşısından keçdi.    

***

Mərasimdə Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanla İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri əhatə etdiyini və yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin həm siyasi, həm də iqtisadi sahədə çox yaxşı əməkdaşlıq etməsinin önəmini qeyd etdi. Özünün İordaniyaya və İordaniya Kralının Azərbaycana səfərlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı İordaniya Kralı ilə də çox yaxşı əlaqələrinin mövcud olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanla İordaniyanın bir-birini beynəlxalq təşkilatlarda daim dəstəkləmələrinin əhəmiyyətini vurğuladı.

Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün çox böyük səylər göstərdiyini qeyd edən dövlətimizin başçısı bildirdi ki, bunun növbəti nümunəsi iki gün sonra Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarıdır. Prezident İlham Əliyev İordaniya idmançılarının da bu oyunlarda çox geniş heyətlə iştirak edəcəklərindən məmnun olduğunu dedi. Azərbaycan-İordaniya parlamentlərarası əlaqələrinin də inkişafının razılıq doğurduğunu deyən Prezident İlham Əliyev Atef Yusif Saleh əl-Taravnehin parlament üzvlərindən ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin uğurlu olacağına, azərbaycanlı həmkarları ilə səmərəli danışıqlar aparacaqlarına və bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravneh İordaniya Kralı II Abdullahın salamlarını dövlətimizin başçısına çatdırdı. Atef Yusif Saleh əl-Taravneh dedi: “Biz ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri ilə fəxr edirik. Hesab edirik ki, biz bu münasibətlərdən istifadə edərək regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərə öz müsbət töhfəmizi verə bilərik”.

Ölkəmizdə görülən genişmiqyaslı tədbirlərə toxunan iordaniyalı qonaq dedi ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən böyük işlər İordaniyada maraqla izlənilir.  

Görüşdə ölkələrimiz arasında turizm, sərmayə qoyuluşu, idxal-ixrac, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı İordaniya Kralı II Abdullahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş etdi.

 

 

AZƏRTAC

Published in Siyasət

İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan “OİC Journal” jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

***

Qədim tarixə, zəngin mədəni irsə, böyük təbii və insan resurslarına malik İslam aləmi müasir dünya nizamının, beynəlxalq münasibətlər sisteminin yaranması və inkişafında əhəmiyyətli rol oynamışdır. İslam dini həmişə sülh, tolerantlıq, humanizm ideyalarını təlqin etmiş və dünya sivilizasiyasına sanballı töhfələr vermişdir.

Müsəlman dünyasının mühüm tərkib hissəsi olan Azərbaycan İslam mədəni irsinin yaranması və qorunub saxlanmasında önəmli məkanlardan biri kimi tanınır. VII-VIII əsrlərdən etibarən Azərbaycan ərazisində geniş yayılmış İslam dini xalqımızın mənəvi həyatını daha da zənginləşdirmiş, tarixin sonrakı mərhələlərində onun həyat tərzini və birgəyaşayış normalarını müəyyən edən əsas amillərdən birinə çevrilmişdir. Ölkə ərazisində Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Xalqımız həmişə öz tarixi keçmişinə, mənəvi sərvətlərinə hörmətlə yanaşmış, hətta 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlət simvolu olan bayrağında İslama mənsubluğunu əks etdirmişdir. SSRİ-nin tərkibində olduğu dövrdə basqılara məruz qalmasına baxmayaraq, xalqımız dini ibadətgahların və məscidlərin bir hissəsini qoruyub saxlamış, dini dəyərlərinə sadiq qalmışdır. 

1990-cı illərin əvvəllərində dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda din və vicdan azadlığı bərqərar olmuş, dini abidələrin, məscidlərin, ibadətgahların bərpası sahəsində mühüm işlər görülmüşdür. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatmışdır. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilmişdir.

Qeyd edim ki, 25 illik müstəqilliyimiz dövründə Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atmışdır. XX əsrin 90-cı illərindən başlayaraq transmilli enerji layihələrinin həyata keçirilməsi bizə milli iqtisadiyyatımızı inkişaf etdirmək, qeyri-neft sahəsini iqtisadiyyatın aparıcı seqmentinə çevirmək üçün geniş imkanlar yaratdı. Son 10 ildə ölkənin bütün infrastrukturu modernləşdirilmiş, enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin edilmiş, yoxsulluq və işsizliyin səviyyəsi 10 dəfə azalaraq 5 faizə düşmüşdür. Müasir nəqliyyat-tranzit infrastrukturuna malik Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir və artıq qlobal nəqliyyat qovşağına çevrilir. XXI əsrin layihəsi kimi xarakterizə edilən və hazırda uğurla reallaşdırılan “Cənub Qaz Dəhlizi” böyük Azərbaycan qazının dünya bazarına çıxarılmasına şərait yaradacaqdır.

Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İSESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı olmuşdur. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurmuş, bu çərçivədə həyata keçirilən bir çox layihələr qarşılıqlı münasibətlərin möhkəmlənməsinə yönəlmişdir. 

Qarşıdakı dövrdə İslam ölkələri ilə iqtisadi sahədə əməkdaşlığın siyasi əlaqələrimizin səviyyəsinə çatdırılması bizim əsas hədəflərimizdən biridir. Biz bütün sahələrdə İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm veririk.

Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı dəstək bizim mövqelərimizi gücləndirir. Qeyd edim ki, 2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində İslam ölkələrinin böyük rolu olmuşdur. Biz bunu İslam ölkələri ilə siyasi əlaqələrimizin yüksək səviyyəsinin, qarşılıqlı dəstək və həmrəyliyin təzahürü kimi qəbul edirik. Azərbaycan da BMT Təhlükəsizlik Şurasının üzvü olduğu dövrdə İslam dünyasının maraqlarına xidmət edən bir sıra təkliflər irəli sürmüş və həyata keçirmişdir. Məsələn, ölkəmiz terrorçuluğa qarşı mübarizə üzrə yüksək səviyyəli beynəlxalq konfransın keçirilməsi təşəbbüsü ilə yanaşı, həm də BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi mövzusunda yüksək səviyyəli görüşün təşkilinə nail olmuşdur.

Etiraf etməliyik ki, bu gün İslam aləmi ciddi çağırışlar, öz həllini gözləyən çoxsaylı problemlərlə üz-üzədir. Onların sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Fələstin və Kəşmir kimi problemləri, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmaları, qaçqın böhranını və digər məsələləri qeyd etmək olar. Məlumdur ki, ermənilər son 200 il ərzində Azərbaycanın tarixi torpaqlarını zəbt etmək və həmin ərazilərdə öz dövlətlərini qurmaq planlarını reallaşdırmaq məqsədilə qanlı aksiyalar həyata keçiriblər. İndiki Ermənistan dövləti də məhz Azərbaycanın əzəli torpaqlarında yaradılmışdır. Bu təcavüzkar siyasəti davam etdirən Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş, bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, soydaşlarımıza qarşı etnik təmizləmə və soyqırımı həyata keçirilmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını qınayan, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən dörd qətnamə qəbul etmişdir. Bu kimi sənədlər ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də qəbul olunmuşdur. İƏT Azərbaycanın ərazi bütövlüyü və haqlı mövqeyini dəstəkləyən, Xocalı soyqırımını tanımağa, Ermənistanın işğalçılıq siyasətinə qarşı praktiki addımlar atmağa səsləyən çoxsaylı qətnamələr qəbul etmiş, məsələ təşkilatın Xarici İşlər Nazirləri Şurasında dəfələrlə müzakirə olunmuş, həmçinin 2016-cı ilin sentyabrında İƏT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupu təsis edilmiş və onun ilk iclası keçirilmişdir. Hesab edirəm ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT və İƏT-in qətnamələri işğalçı dövlətlə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur. Ermənistanın işğal etdiyi ərazilərdə İslam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq və s. dağıdılmış, bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyaları tərəfindən təsdiq olunmuşdur. Onu da bildirmək istərdim ki, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə rəsmən tanımaqdan imtina etmiş, Türkiyə isə bu ölkə ilə heç bir əlaqə qurmamışdır. Hazırda 5 müsəlman dövləti Xocalı soyqırımını rəsmən tanımışdır. Biz bütün bunları qardaş münasibəti və real dəstəyin nümunəsi hesab edirik.

Azərbaycan İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini əsirgəmir, problemlərin ədalətli həlli ilə bağlı müzakirələrdə birmənalı olaraq beynəlxalq hüququ müdafiə edir və öz prinsipial mövqeyini həmişə qoruyub saxlayır. Ölkəmiz 2013-cü ildə “Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı”na, eləcə də “Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” adlı konfransa ev sahibliyi etmiş və bu məqsədlər üçün ciddi məbləğdə ianə ayırmışdır. 

İslam dini-mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycan həm də dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Biz Azərbaycanda mədəni müxtəlifliyin, etnik və dini tolerantlıq mühitinin təmin olunmasını böyük nailiyyət hesab edirik. Ölkəmizdə heç vaxt dini və milli ayrı-seçkilik olmamış, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu, bizim həyat tərzimizdir, irəliyə doğru inamla getməyin ən optimal yoludur.

Biz islamofobiyaya qarşı açıq şəkildə çıxış edirik və dünyada İslam dəyərlərinin təbliği üçün ardıcıl iş aparırıq. Azərbaycan məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal iştirak etmiş, həmçinin Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsi olmuşdur. Bakı şəhəri 2009-cu ildə İSESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilmiş, 2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz olan Naxçıvan layiq görülmüşdür.

Azərbaycan mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün praktiki addımlar atır. Hər il Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı şəhəri artıq “Humanitar Davos” adını qazanmışdır. 2016-cı ildə biz Yaxın Şərq və Afrika ölkələrindən Avropaya pənah aparan miqrantların necə aqressiv qarşılandığının, islamofob meyillərin açıq şəkildə özünü büruzə verdiyinin şahidi olduq. Belə vəziyyətdə Azərbaycan 2016-cı ili “Multikulturalizm ili” elan edərək bir daha dünyaya göstərdi ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, eyni səma altında rahat, ləyaqətlə yaşaya bilərlər. Biz nəinki ölkə daxilində etnoslararası, dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həm də dünyaya tolerantlıq və multikulturalizmin mütərəqqi modelini təqdim edirik.

Həm Avropa Şurasına, həm də İƏT-ə üzv olan nadir ölkələrdən biri kimi Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə əməli töhfə verir. Məlum olduğu kimi, 2008-ci ildə Bakıda Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilmiş və həmin tədbirə həm də İƏT nümayəndələri dəvət olunmuşlar. 2009-cu ildə isə İƏT-ə üzv ölkələrin nazirlərinin Bakıda keçirilən toplantısına Avropa Şurası ölkələrinin nazirləri də dəvət edilmişdir. Hesab edirəm ki, bu, dünya miqyasında çox mühüm hadisə olmuş və layiqli şəkildə sivilizasiyalararası dialoqun “Bakı prosesi” kimi tarixə düşmüşdür.

2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etmiş və bu mühüm idman bayramını Yay Olimpiya Oyunları səviyyəsində keçirmişdir. Bu il isə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Qısa müddət ərzində Avropa və İslam Həmrəyliyi Oyunlarının bir-birini əvəzləməsi rəmzi məna daşıyır və Azərbaycanın sivilizasiyaların, dinlərin dialoq məkanına, iqtisadi və mədəni körpüyə çevrildiyini göstərir. Biz bu nadir mövqeyimizi dünyada sülhün, multikulturalizmin, dözümlülüyün bərqərar olması naminə istifadə edirik. 

Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır.

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının (FİG) yüksək mükafatı ilə təltif olunub.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki,  bu qərar FİG Şurasının Bakıda keçirilən iclasında qəbul edilib.

FİG-nin ikinci rəhbər orqanı olan bu Şuranın tərkibi Federasiya Konqresi tərəfindən seçilir. İldə bir dəfə Şuranın iclasları təşkil olunur.

2020-ci ildə Tokioda baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına hazırlıq dövründə FİG-nin ali orqanlarının ilk dəfə Bakıda keçirilən bu iclasında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe və vitse-prezidentlər, Şuranın Konqres tərəfindən seçilmiş üzvləri, qitələrin gimnastika federasiyalarının, FİG-nin texniki komitələrinin prezidentləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən M.Vatanabe Azərbaycan Gimnastika Federasiyasının gördüyü işlərdən ətraflı söhbət açıb, gimnastikanın təbliği və inkişafı, ən müasir beynəlxalq standartlara uyğun gimnastika arenalarının tikintisi və təchizatı, idmançı və məşqçilərə göstərilən qayğı və onlar üçün yaradılan şərait, yarışların yüksək səviyyədə təşkili baxımından federasiyanın fəaliyyətini xüsusi qiymətləndirib.

M.Vatanabe Azərbaycan Gimnastika Federasiyanın prezidenti, ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FİG-nin yüksək mükafatı ilə təltif olunduğunu bildirib.

AZƏRTAC

Published in İdman
1 -dən səhifə 3