XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə axşamı, 09 Fevral 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario Davidi və Mərkəzçi Demokratlar İnternasionalının Avrasiya, Asiya və Sakit okean regionu üzrə baş koordinatoru Sezar Rosellonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, vitse-prezident Mario David Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın və qurumun icraçı katibi Antonio Lopez-İsturizin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın və icraçı katib Antonio Lopez-İsturizin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını qurumun prezidentinə və icraçı katibinə çatdırmağı xahiş etdi.

 

AZƏRTAC

 

 

 

Published in Siyasət

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Jean-Vincent Plasenin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanışlıq üçün yaxşı fürsət yaradacağına və keçiriləcək görüşlərin əlaqələrimizin inkişafı baxımından maraqlı olacağına əminliyini ifadə etdi.

Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plase Azərbaycan hökumətinin üzvləri və eləcə də ölkəmizin müxtəlif iqtisadi qurumlarının rəhbərləri ilə keçirəcəyi görüşlərdən danışdı. Bakıda Fransız liseyi, Fransa-Azərbaycan Universiteti və “Ağ şəhər”lə tanış olacağını deyən qonaq ətraf mühitin mühafizəsi ilə bağlı Fransa-Azərbaycan əməkdaşlığından məmnunluğunu ifadə etdi. O, Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlərlə də yaxından tanış olmaq arzusunu bildirdi. 

Görüşdə “Asan xidmət”in uğurlu fəaliyyətindən və bu sahədə əməkdaşlıq imkanlarından danışıldı, Fransanın bir neçə departamentində artıq bu xidmətin səyyar avtobuslarının tətbiq olunduğu vurğulandı, Azərbaycan ilə birlikdə Fransanın bu xidmətin Afrika ölkələrində tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AZƏRTAC

 

 

 

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Əl-Cəzirə televiziyasının müxbiri Omar Kaşrama müsahibə verib.

AZƏRTAC xəbər verir ki, müsahibədə dövlətimizin başçısı Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra ötən 25 il ərzində qazandığı uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu qlobal enerji və nəqliyyat layihələri, Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfə və digər məsələlərlə bağlı sualları cavablandırıb.

 

AZƏRTAC

 

 

 

Published in Siyasət
Cümə axşamı, 09 Fevral 2017 10:24

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.

Telefon söhbəti zamanı Belarus-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafından danışılıb, Prezident Lukaşenkonun ötən ilin sonunda Azərbaycana həyata keçirilmiş rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı əldə edilən razılaşmaların uğurla icra olunduğu qeyd edilib. Siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıb, prezidentlər səviyyəsində gələcək görüşlər barədə danışıblar.

Dövlətimizin başçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barəsində cinayət işi açılmış Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı ədalətli mövqe və qətiyyətli addım nümayiş etdirildiyinə görə Belarus tərəfinə və şəxsən Prezident Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib, bu addımı qanunun aliliyi və beynəlxalq konvensiyalara əməl olunması, Azərbaycan-Belarus dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Aleksandr Lukaşenko minnətdarlığa görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

 

 

 

Published in Məlumat

“Azərbaycan qədim tarixi və zəngin mədəniyyəti olan ölkədir. Lakin müstəqil ölkə kimi, tariximiz nisbətən qısadır. Əsrlər boyu biz digər imperiyaların və ölkələrin tərkibində yaşamışıq. Lakin biz milli mənsubiyyətimizi qoruyub saxlaya bilmişik. Bu bizim milli köklərimizə bağlılığımız sayəsində mümkün olmuşdur. Biz bu haqda daim düşünməliyik. Qloballaşan dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycana gətirmək üçün biz ümumbəşəri dəyərləri bölüşürük, lakin bizim öz dəyərlərimiz, Azərbaycan və islam dəyərlərimiz, ənənəvi dəyərlərimiz də var. Bütün bunlar inkişafımızın əsaslarını təşkil edir”.

AZƏRTAC xəbər verir ki, yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 33-cü cildində yer alan bu fikirləri dövlətimizin başçısı İslam Ölkələrinin Ali Təhsil və Elm Nazirlərinin Bakıda keçirilən IV Konfransının iştirakçıları ilə görüşündə söyləyib.

Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2008-ci ilin sentyabrından noyabrınadək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti cildində dövlətimizin başçısının Azərbaycana səfər etmiş Gürcüstan Prezidenti ilə görüşünə, Rusiya Federasiyası, Türkiyə, ABŞ və digər ölkələrin, Avropa İttifaqı, MDB, ATƏT və NATO-nun yüksək vəzifəli şəxslərini qəbul etməsinə, habelə Prezident İlham Əliyevin Moskvaya və Türkiyəyə səfərləri zamanı keçirdiyi görüş və danışıqlara aid materiallar yer alıb.

Nəşrin bu cildində 2008-ci ilin oktyabrında Azərbaycanın tarixində əlamətdar hadisə - prezident seçkilərində xalqın böyük dəstəyini qazanmış İlham Əliyevin andiçmə mərasimindəki nitqi, növbəti illərdə qarşıda duran məsələlərə dair çıxışları yer alıb. Kitaba, həmçinin dövlətimizin başçısının bölgələrə səfərləri, regionların sosial-iqtisadi inkişaf proqramının icrası ilə əlaqədar ölkənin sosial, iqtisadi, kənd təsərrüfatı və mədəni cəhətdən inkişafına həsr olunmuş nitqləri, ictimaiyyət nümayəndələri ilə görüşlərinə, səfər etdiyi bölgələrdə bir sıra mühüm obyektlərin açılışında iştirakına, eləcə də paytaxtımızda həyata keçirilən tikinti-quruculuq işləri ilə şəxsən tanış olmasına dair materiallar daxil edilib. Bu cilddə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasda nitqləri də dərc olunub.  

Nəşrdə, həmçinin Prezident İlham Əliyevin Azərbaycan Qadınlarının III Qurultayının, İslam Ölkələrinin Ali Təhsil və Elm Nazirlərinin IV Konfransının iştirakçılarına müraciətləri, Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illik yubileyi münasibətilə prokurorluq orqanlarının əməkdaşlarına təbriki, müxtəlif bəyanatları, məktubları yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 33-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fevralın 7-də Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

İslam dünyasının problemləri haqqında söhbət açan Yusif bin Əhməd əl-Useymin dünyada islamofob meyillərin artmasının İslam ölkələrini qayğılandırdığını qeyd edib.  Avropada hazırda 60 milyonluq İslam diasporu var. Bu insanların bir-biri ilə əlaqələndirilməsi, vahid istiqamətdə, komanda kimi fəaliyyət göstərməsi İslam dünyası üçün çox vacibdir və bunun böyük səmərəsi ola bilər.

Əli Həsənov İƏT-in baş katibinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və lV İslam Həmrəyliyi Oyunlarına dəvətini çatdırıb.

İƏT-in baş katibi Azərbaycana səfərə hazırlaşdığını, amma böyük məmnuniyyətlə İslam Həmrəyliyi Oyunlarına da gələcəyini qeyd edib və dəvətə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv olduqdan sonra öz təşəbbüskar mövqeyi ilə seçilib, üzərinə düşən vəzifələri həmişə yerinə yetirib, təşkilatın prinsiplərinə uyğun davranmağa çalışıb. Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda həm özünün dövlət maraqlarını, həm də İslam mədəniyyətini, İslam dünyasının ortaq mənafelərini müdafiə edib. Prezident İlham Əliyev hər fürsətdə İslam dünyasının yaşadığı problemləri  dilə gətirib və onların həllində yardımçı olmağa çalışıb.

Azərbaycandakı multikultural mühit haqqında məlumat verən Əli Həsənov ölkəmizdə bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Şərq ilə Qərb arasında təbii körpüdür və Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Bu mənada  Azərbaycan Avropa ilə İslam ölkələri arasında əlaqələndirici rol oynaya, dialoqun, tərəfdaşlığın dərinləşməsinə öz töhfəsini verə bilər.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu qeyd edən Əli Həsənov bu çərçivədə Azərbaycanda və ölkəmizin beynəlxalq miqyasda keçirəcəyi çoxsaylı  tədbirlər barədə məlumat verib və İƏT ilə əməkdaşlıq çərçivəsində bu tədbirlərin daha səmərəli və təsirli ola biləcəyini diqqətə çatdırıb. Azərbaycanın həm də IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi və bu idman bayramının dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə stimul verəcəyini vurğulayıb.

Prezidentin köməkçisi Əli Həsənov qeyd edib ki, 2014-cü ildə İƏT-in İnformasiya Nazirlərinin Tehran Konfransında quruma üzv ölkələrin jurnalistlərinin birliyinin yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb və Azərbaycan həmin təşəbbüsə uyğun olaraq artıq bu istiqamətdə fəaliyyətə başlayıb. 2016-cı ilin oktyabrında Bakıda İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib və qurumun fəaliyyətinin təşkili məsələlərinə baxılması üçün İƏT baş katibliyinə müraciət ünvanlanıb. Bu assosiasiyanın fəaliyyəti İslam ölkələri arasında məlumat, informasiya mübadiləsinin yaradılması, genişləndirilməsi, İslan dünyası haqqında qlobal miqyasda düzgün təsəvvürün formalaşdırılması və digər məqsədlər güdür. Əli Həsənov İƏT-in bu təşəbbüsə hərtərəfli dəstəyinə böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Sonda İƏT baş katibi rəhbərlik etdiyi qurumun İslam dünyasının maraqlarının müdafiəsi və problemlərinin həlli sahəsində fəaliyyətinə hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasına və Prezidentinə təşəkkürünü bildirib. Yusif bin Əhməd əl-Useymin qeyd edib ki, Azərbaycan Prezidentinin fəaliyyəti, onun daxili və xarici siyasəti, İslam dünyasının problemlərinə göstərdiyi diqqət də təqdirəlayiqdir.

Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev iştirak edib.

AZƏRTAC

 

 

 

 

Published in Siyasət

“Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Fevralın 8-də İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru Şəmşir Vayalilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın investisiya və biznes mühiti, əczaçılıq sənayesinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.

“VPS Healthcare” şirkətinin fəaliyyəti barədə məlumat verən Şəmşir Vayalil ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu və Azərbaycanda əczaçılıq sənayesinin inkişafı üçün böyük imkanları qeyd edib.

Sonra “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəddə Azərbaycanda beynəlxalq standartlara uyğun birgə dərman istehsalının təşkili üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd: Səhiyyə sahəsində dünyada tanınmış şirkətlərdən olan “VPS Healthcare” şirkətinin 20 ixtisaslaşmış klinikası, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Hindistanda 13 brenddə xəstəxana və sağlamlıq mərkəzləri, Dubayda “LİFEPharma” əczaçılıq zavodu, Hindistanda stomatologiya kolleci və s. fəaliyyət göstərir. “LİFEPharma” dərman zavodunun məhsulları Asiya, Avropa, Şimali və Cənubi Amerikaya ixrac olunur. Şirkətin daha bir əczaçılıq zavodu Əbu Dabidə tikilir.

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

İki yüzdən çox ailə

öz doğma kəndlərinə

qayıtmaq üçün müraciət edib

Prezident İlham Əliyevin Sərəncamına əsasən Cocuq Mərcanlının bərpasına 4 milyon manat vəsait ayrılıb. Kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə isə 150-200 evin tikintisi və bərpası nəzərdə tutulur. Hazırda kənddəki bütün evlərin bərpası üçün sənədləşdirilmə işləri aparılır. 200-dən çox ailə öz doğma kəndlərinə qayıtmaq üçün müraciət edib.

İlkin olaraq 100 min kvadratmetr ərazi mina və partlamamış hərbi

sursatlardan təmizlənir

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cocuq Mərcanlı kəndi mina və partlamamış hərbi sursatlardan təmizlənir. ANAMA-nın Füzuli regionu üzrə əməliyyat menecerinin müavini Fehruz Mahmudov bildirib ki, kənddə ilkin kəşfiyyat işləri aparılıb, əsas gediş-gəliş yerləri yoxlanılıb. İlkin olaraq 100 min kvadratmetr ərazidə 50 evin tikintisi üçün təmizləmə işləri görülür. Yaxın bir ay ərzində bu torpaqlar yeni yaşayış məkanlarının salınması üçün hazır vəziyyətə gətiriləcək. Eyni zamanda 240 hektar ərazi əkin-biçin işləri üçün təmizlənəcək.

Cocuq Mərcanlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər

Prezident İlham Əliyevin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamı kənd sakinlərinin böyük sevincinə səbəb olub. Onlar dövlətimizin başçısının bu qərarını işğal altındakı torpaqlarımıza qayıdışın başlanğıcı kimi dəyərləndirir və doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirirlər.

Kənd sakini Atakişiyev Atakişi deyib: “Doğma yurdumuzdan məkanca ayrı düşsək də, qəlbən heç vaxt ayrılmamışıq. Dövlətimizin başçısı tərəfindən imzalanan Sərəncam bütün kənd sakinlərinə böyük sevinc bəxş edib. Bu, həm də işğal altında olan digər torpaqlarımızın azad olunacağına inamı artırır”.

Kəndin digər sakini Mətləb Həziyev Qarabağ müharibəsi veteranıdır. O, 1994-cü ilin yanvarında Cocuq Mərcanlı kəndinin də işğaldan azad edildiyi uğurlu Horadiz əməliyyatının iştirakçısı olub. Deyir ki, doğma torpağın yerini heç nə verə bilməz. Biz çox sevinirik ki, kəndimiz bərpa olunur. Yenidən doğma kəndimizdə yaşayacağıq.

Xarici KİV nümayəndələri

Cocuq Mərcanlı kəndinin

ermənilər tərəfindən tamamilə dağıdılmasının şahidi olublar

Cocuq Mərcanlıya səfər edən xarici KİV nümayəndələri kəndin ermənilər tərəfindən tamamilə dağıdıldığının və viran edildiyinin şahidi olublar. Media nümayəndələri, həmçinin bərpa işləri nəticəsində Cocuq Mərcanlı kəndinə geri dönəcək ailələrlə də görüşərək söhbət ediblər.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlı kəndi haqqında ətraflı məlumat verib. Bildirib ki, işğala qədər kənddə 283 ev, orta məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi, poçt, un dəyirmanı, qaramal və qoyunçuluq fermaları var idi. Kəndin əhalisi əsasən üzümçülük, baramaçılıq, taxılçılıq və heyvandarlıqla məşğul olub. İşğal zamanı erməni vandalları tərəfindən kənddəki bütün infrastruktur məhv edilib. Hazırda kəndin 1428 sakini respublikanın 17 şəhər və rayonunda məskunlaşıb.

TRT telekanalının Bakı təmsilçiliyinin müxbiri Səlim Toprak Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını gördüyünə görə çox sevindiyini deyib. Qeyd edib ki, ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Həmin döyüşlərdə işğal altındakı torpaqların bir hissəsi geri alındı. “Bu, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ilə bağlı arzularının gerçəkləşməyə başlaması deməkdir. İndi onların sevincini təsəvvür etmək çətin deyil. İnşallah, Lələtəpə ilə başlayan qələbə işğal altındakı digər torpaqları da əhatə edəcək və bir milyondan çox məcburi köçkün öz doğma yurduna qayıdacaq”, - deyə S.Toprak vurğulayıb.

Cocuq Mərcanlıdan ayrılmayan Minarə nənənin arzusu

Cocuq Mərcanlı kəndi 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilsə də, burada yaşamaq təhlükəli idi. Buna baxmayaraq, Həziyevlər ailəsi doğma kəndlərinə qayıdıb. Düşmənin gözünə dik baxaraq öz ev-eşiyində yaşamağı hər şeydən uca tutan bu ailənin həyat hekayəsi bir vətənpərvərlik örnəyidir, yurda, torpağa bağlılığın göstəricisidir.

KİV nümayəndələri 23 ildir Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə baş çəkib və çay süfrəsi arxasında söhbət ediblər. Ailənin başçısı Oqtay Həziyev deyib: “Kəndimiz işğaldan azad olunan vaxtdan ordumuza güvənərək burada yaşayırıq. İlk vaxtlar çətinliklərimiz çox olub. Lakin heç zaman kənddən çıxmaq barədə düşünməmişik. Çünki bura bizim doğma torpağımızdır. Mal-qara, toyuq-cücə saxlayırıq, təsərrüfatımızı böyüdürük. Taxıl, yonca, arpa və bostan bitkiləri əkirik”.

Dövlətimizin başçısının Sərəncamı hamı kimi, 80 yaşlı Minarə Hakiyevanı da sevindirib. Qonum-qonşularının yolunu səbirsizliklə gözləyən Minarə nənənin ən böyük istəyi kəndlərini çal-çağırlı, gözəl günlərin yenidən başlanmasını görməkdir.

Minarə nənənin bu arzusunun gerçəkləşəcəyi gün uzaqda deyil.

 

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

Fevralın 8-də Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılmış iqtisadi inkişaf və layiqli məşğulluq, sosial, ekoloji məsələlər, monitorinq və qiymətləndirmə üzrə İşçi Qruplarının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Şuranın yaradılmasının Azərbaycan üçün əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərin 2015-ci il sentyabrın 25-27-də keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş və 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. DİM-dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın əsas vəzifələri qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin edilməsidir. Ötən müddət ərzində Milli Əlaqələndirmə Şurasının Katibliyi, iqtisadi inkişaf və layiqli məşğulluq, sosial, ekoloji məsələlər, monitorinq və qiymətləndirmə sahələri üzrə 4 işçi qrupu yaradılıb və digər tədbirlər görülüb.

Əli Əhmədov qeyd edib ki, Azərbaycanın DİM-in reallaşdırılması üçün gördüyü işlər BMT tərəfindən yüksək qiymətləndirilib və qurum bu sahədə ölkəmizlə əməkdaşlıqda maraqlıdır. Bildirib ki, proqram çərçivəsində 2030-cu ilə qədər DİM-in həyata keçirilməsi üçün hesabatlar hazırlanacaq və BMT-yə təqdim olunacaq. Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanın ilk hesabatı Yüksək Səviyyəli Siyasi Foruma bu ilin ortalarında təqdim ediləcək və hazırda bu istiqamətdə işlər aparılır.

Dövlət Statistika Komitəsinin sədri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Tahir Budaqov DİM çərçivəsində statistik göstəricilərin BMT-nin tələblərinə uyğunlaşdırılması sahəsində görülən işlərdən danışıb. Tahir Budaqov Dayanıqlı İnkişaf Məqsədlərinə müvafiq olaraq müəyyən edilmiş göstəricilər üzrə statistik məlumatların ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən Şuraya təqdim edilməsi barədə qərarın qəbul edildiyini xatırladıb.

Komitə sədri qeyd edib ki, BMT 230 statistik göstərici üzrə hesabat hazırlayacaq. Bu göstəricilərin 70-ə yaxını Azərbaycanda var. Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə uyğun milli prioritetlərin və göstəricilərin müəyyən edilməsi üzrə Statistika Komitəsi tərəfindən müxtəlif qurumlarda müvafiq şəxslər müəyyən olunub. Həmin qurumların məlumat bazasının Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyası üzrə işlər görülür. Komitədə isə 3 işçi qrupu yaradılıb.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycanın BMT-nin bir çox təşəbbüs və proqramlarına, o cümlədən Minilliyin İnkişaf Məqsədlərinə və Davamlı İnkişaf Məqsədlərinə qoşulduğunu vurğulayıb. Ölkəmizin DİM-ə və bu təşəbbüsdə əks olunan hədəflərin reallaşdırılmasına böyük önəm verdiyini qeyd edən Sevinc Həsənova vurğulayıb ki, DİM-ə qoşulan digər ölkələrlə müqayisədə yalnız Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və bu, BMT tərəfindən yüksək qiymətləndirilib.

O bildirib ki, artıq DİM-lər üzrə qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsinə, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasına dair ilkin layihə hazırlanıb. Bununla belə sənəd üzərində iş davam etdirilir və bu sahədə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılmış işçi qruplarının üzərinə böyük iş düşür.

Sonra Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərə uyğunlaşdırılması sahəsində görülən işlər və 2017-ci ildə BMT-nin Baş Qərargahında keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın hesabatının hazırlanması, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə DİM-də ailə və qadın siyasəti, gender məsələləri barədə məlumat veriblər.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisadi inkişaf və layiqli məşğulluq üzrə İşçi Qrupunun rəhbəri Vilayət Vəliyev işçi qrupunun fəaliyyəti, Dayanıqlı İnkişaf Məqsədlərinin strategiyalara, konsepsiyalara və dövlət proqramlarına uyğunlaşdırılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, sosial məsələlər üzrə İşçi Qrupunun rəhbəri Fuad Hüseynov sosial sahələr üzrə Dayanıqlı İnkişaf Məqsədlərinin və hədəflərinin seçilməsinin cari vəziyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, ekoloji məsələlər üzrə İşçi Qrupunun rəhbəri Rasim Səttarzadə ekoloji sahələr üzrə Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərə uyğunlaşdırılması, Dövlət Statistika Komitəsinin nümayəndəsi Rasim Səfərov Dayanıqlı İnkişaf Məqsədlərinin statistik göstəricilərinin seçilməsi barədə danışıb.

Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov hesabatın hazırlanmasına dair Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinə və İşçi Qruplarına müvafiq tapşırıqlar verib.

 

AZƏRTAC

 

 

 

 

Published in Digər xəbərlər

Hökumətin əsas məqsədi Azərbaycanda qiymət artımının qarşısını mümkün qədər almaqdır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

“Qiymətlərin artmaması üçün hökumət tərəfindən vacib tədbirlər həyata keçirilir. Hökumət çalışır ki, qiymət artımının qarşısını mümkün qədər alsın və bu artım insanların həyat və yaşayış səviyyəsinə ciddi şəkildə təsir etməsin. Qarşımızda duran məqsəd bundan ibarətdir və bu istiqamətdə də geniş proqram hazırlanır”, - deyə Əli Əhmədov qeyd edib. 

AZƏRTAC

Published in Müsahibələr
1 -dən səhifə 2