XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə, 08 Fevral 2017

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra).

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

2017-ci ildə Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 110 illiyi tamam olur.

Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirmişdir.

Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınmış ictimai xadim Həsən Əliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, xalq artisti, professor Cövdət Hacıyevin  (Əhməd Cövdət İsmayıl oğlu Hacıyevin)  anadan olmasının 100 illiyi tamam olur.

Milli simfonizmin banilərindən biri Cövdət Hacıyev Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdəndir. Onun milli və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnmişdir. Ustad sənətkar ölkəmizdə professional bəstəkarlıq məktəbi üçün yeni musiqiçilər nəslinin hazırlanması sahəsində də təqdirəlayiq fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan milli bəstəkarlıq sənətinin inkişafı naminə mühüm xidmətlər göstərmiş xalq artisti Cövdət Hacıyevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycan estrada musiqisinin yaradıcılarından biri Tofiq Quliyev özünəməxsus orijinal üsluba malik sənətkar kimi çoxəsrlik milli mədəniyyət salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Onun xalqımızın mədəni sərvətlər xəzinəsini zənginləşdirən və müxtəlif nəsillərə mənsub ifaçıların repertuarında bu gün də geniş yer tutan ayrı-ayrı janrlardakı rəngarəng əsərləri insanlarda milli-mənəvi dəyərlərə bağlılıq və yüksək estetik-bədii zövq aşılayır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və nailiyyətlərinin təbliği sahəsində mühüm xidmətlər göstərmiş görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Tofiq Quliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 3, maddə 114; 2003, N 6, maddə 277; 2004, N 8, maddə 598, N 11, maddə 901, N 12, maddə 973; 2007, N 1, maddə 3, N 6, maddə 562, N 11, maddə 1053; 2008, N 6, maddə 462, N 7, maddə 602; 2009, N 12, maddə 952; 2010, N 2, maddə 75, N 7, maddə 591; 2011, N 7, maddə 618; 2012, N 11, maddə 1052; 2013, N 6, maddə 613, N 7, maddə 787, N 12, maddə 1494, 2015, N 12, maddə 1434; Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 458-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 13.2.1-ci maddədə “başa çatdığı vaxtdan” sözlərindən sonra “, məhkəmə qərarı dərhal icra edilməli olduqda - onun qəbul edildiyi günün ertəsi günündən” sözləri əlavə edilsin.

2. 19.2-ci maddədə “müvafiq məhkəmə” sözləri “bu Qanunun 21.1-ci və 21.2-ci maddələrinə uyğun olaraq icraatı dayandırmış müvafiq icra məmuru və ya məhkəmə, yaxud icra xidmətinin rəhbəri” sözləri ilə əvəz edilsin.

3. 19.3-cü, 22-ci və 23.6-cı maddələr ləğv edilsin.

4. 20-ci maddə üzrə:

4.1. adında “əsasları” sözündən sonra “və qaydası” sözləri əlavə edilsin;

4.2. aşağıdakı redaksiyada 20.2-20.8-ci maddələr əlavə edilsin:

“20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir.

20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir.

20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir.

20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.

20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır.

20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana geri qaytarılır.

20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir.”.

5. 21-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 21. İcraatın dayandırılması haqqında məsələyə baxılması

21.1. Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır.

21.2. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir.

21.3. Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır.

21.4. İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər.

21.5. İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir.

21.6. Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər.

21.7. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.

21.8. Dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 30 dekabr 2016-cı il.

 

 

 

Published in Qanun

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 497-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Dövlət başçısı bəyan edib ki, biz IV İslam Həmrəyliyi Oyunlarını keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək 

Published in Digər xəbərlər

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Ər-Riyadda Səudiyyə Jurnalistləri Assosiasiyasının idarə heyətinin sədri, Körfəz Ölkələri Jurnalistlər Birliyinin sədri, “Əl-Cəzirə” qəzetinin baş redaktoru Xalid əl-Maliki ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında media sahəsində əməkdaşlığın, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Daha sonra Əli Həsənov “Əl-Cəzirə” qəzetinin redaksiyasında onun üçün təşkil olunmuş mətbuat konfransında iştirak edib və jurnalistlərin suallarını cavablandırıb.
Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsində rolu ilə bağlı suala cavabında Prezidentin köməkçisi bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İslam ölkələri ilə qarşılıqlı faydalı əlaqələrin qurulması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biri olub. Azərbaycan İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurub, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən birinə çevrilib.
Bu gün Prezident İlham Əliyev Azərbaycanın İslam ölkələri ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, islamofob dairələr tərəfindən İslam dininə qarşı təşkil edilən kampaniyanın qarşısının alınması, İslam dünyasına qarşı təhdidlərin aradan qaldırılması məsələlərinə böyük önəm verir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub və ölkəmiz bu çərçivədə həm yerli, həm də beynəlxalq səviyyədə bir çox təşəbbüslərlə çıxış edir. Bu çərçivədə İslam dəyərlərinin, mədəniyyətinin təbliği məqsədilə ölkə daxilində və onun hüdudlarından kənarda konfransların, forumların, simpoziumların və digər tədbirlərin təşkilinə xüsusi diqqət yetiriləcək. İslam ölkələrinin rəsmi şəxsləri, qeyri-hökumət, ictimaiyyət nümayəndələri arasında təmaslar intensivləşdiriləcək, qarşılıqlı səfərlər təşkil olunacaq. Azərbaycan dünyada islamofobiya meyillərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə vahid mərkəzin yaradılmasını təklif edir və bu təşəbbüsün reallaşdırılması üçün digər ölkələrlə birlikdə müvafiq tədbirlər görəcək. Eyni zamanda, Azərbaycan problemlərlə üzləşmiş İslam ölkələrinə həm siyasi, həm də digər formalarda dəstəyin gücləndirilməsi üçün birgə məqsədyönlü addımlar atılmasını zəruri hesab edir. Onu da qeyd edim ki, Azərbaycan hər il beynəlxalq miqyasda keçirdiyi mədəniyyətlərarası dialoq, humanitar forumlar çərçivəsində İslam dünyasının üzləşdiyi problemləri müzakirəyə çıxarmaq, onları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və həlli yollarını tapmaq üçün səylərini artıracaq. Bütün bunlar və həyata keçirilməsi nəzərdə tutulan digər tədbirlər göstərir ki, Azərbaycan İslam həmrəyliyini dəstəkləyən siyasətini var gücü ilə və peşəkarcasına davam etdirəcək. Müsəlmanlar arasında birliyin və həmrəyliyin formalaşdırılması, eləcə də islamofobiya hallarına qarşı birgə mübarizə bu siyasətin əsasını təşkil edir. Azərbaycanın İslam həmrəyliyi mövzusunda təklif etdiyi platforma bu problemlərin həllinə kömək edə bilər.
Əli Həsənov deyib ki, bu il Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. İslam ölkələrinin idmançıları, jurnalistlər, çoxsaylı qonaqlar Bakıya gələrək 10 gün ərzində bir arada olacaq, həm ölkəmizi yaxından tanıyacaq, həm də qarşılıqlı əlaqələr quracaqlar. Bu da İslam həmrəyliyinin gücləndirilməsinə ciddi dəstək, onun dünyada təşviqi üçün böyük fürsətdir. Hesab edirik ki, bu idman yarışması dünyada İslam həmrəyliyinin bir nümunəsi olacaq, İslam dünyasında əməkdaşlığı, mehriban münasibətləri stimullaşdıracaq.

Azərbaycan həm də müsəlman ölkələrinin media ictimaiyyəti arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü addımlar atır və səmərəli təkliflərlə çıxış edir. 2016-cı ilin oktyabrında Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib. Ümid edirik ki, bu təşəbbüs reallığa çevrilərək müsəlman ölkələrinin jurnalistləri arasında əlaqələrin möhkəmlənməsinə, onların İslam dünyasının ortaq maraqlarının müdafiəsi üçün səfərbər olunmasına böyük töhfə verəcək. İslam həmrəyliyinin möhkəmləndirilməsi məqsədilə irəli sürülən səmərəli təklif və təşəbbüslər, atılan praktiki addımlar sayəsində 2017-ci ildə Azərbaycan İslam dünyasının diqqət mərkəzində olacaq.
İslam ölkələrinin qarşılaşdığı problemlərin həlli ilə bağlı Azərbaycanın hansı səylər göstərdiyi barədə sualı cavablandıran Əli Həsənov deyib ki, Azərbaycan bu problemlərin həlli yollarının tapılmasına, dialoq yaradılmasına çalışır. O, bu problemlər sırasında Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini, Fələstin problemini, Yaxın Şərq dövlətlərinin daxili işlərinə xarici müdaxilə nəticəsində yaranmış münaqişələri və qaçqın böhranını, İslam xalqları arasında milli və ya dini əsasda təfriqə salınmasını qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi, bu məsələdə ATƏT-in Minsk qrupunun və regionun böyük ölkələrinin səyləri barədə suala cavabında Əli Həsənov deyib: Ermənistan 25 ilə yaxındır ki, Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyondan artıq dinc sakini öz yurdundan didərgin salıb, həmin ərazidə bütün yaşayış məntəqələrini, sosial, iqtisadi və mədəni infrastrukturu, o cümlədən dini məbədləri, məscidləri dağıdıb. Bu dövr ərzində Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasını, qaçqın və məcburi köçkünlərin maneəsiz şəkildə öz torpaqlarına qaytarılmasını tələb edən 4 qətnaməsini, həmçinin ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrini qulaqardına vurub. İşğalçı ölkə, həmçinin ABŞ, Rusiya və Fransanın həmsədr olduqları ATƏT-in Minsk qrupunun səmərəli təkliflərini icra etməkdən boyun qaçırır, bütün səylərini mövcud status-kvonun, yəni, işğal faktının saxlanmasına yönəldib. Təəssüflə qeyd etməliyik ki, Azərbaycan bu məsələdə ciddi haqsızlıqla üzləşir. Çünki beynəlxalq təşkilatların dünyada digər oxşar münaqişələrin həlli ilə bağlı qəbul etdiyi qərarlar dərhal icra olunur, işğalçı ölkələrə qarşı sərt tədbirlər, sanksiyalar tətbiq edilir, hətta hərbi müdaxilə halları da mövcuddur. Azərbaycana gəldikdə isə, məsələnin bütün məsuliyyətini münaqişə tərəflərinin üzərinə atmağa çalışırlar. Buna görə də 25 ildir ki, bu münaqişənin həll olunmamasının bir səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlıdırsa, digər səbəb də beynəlxalq ictimaiyyətin, münaqişənin həlli ilə məşğul olan vasitəçilərin seyrçi mövqeyi, işğalçıya qarşı sərt tədbirlər tətbiq olunmamasıdır. Bununla yanaşı, qeyd etmək istərdim ki, biz erməni xalqını düşmən hesab etmirik. Bizim düşmənimiz yalnız Ermənistandakı rejimdir. Hər bir regionda olduğu kimi, Azərbaycanın yerləşdiyi bölgə dövlətlərinin də istər ortaq, istərsə də bir-birinə zidd maraqları var. Biz Ermənistan istisna olmaqla, bu dövlətlərlə ortaq maraqları tapmağa, əlaqələrimizi bu istiqamətdə inkişaf etdirməyə çalışırıq. Biz Rusiya, Türkiyə, İran və Gürcüstanla ortaq mənafelər əsasında, xalqımızın istəklərinə və mənafelərinə cavab verən əsasda əlaqələr qururuq.
Əli Həsənov Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin gələcəyi, qarşılıqlı investisiya sahəsində əməkdaşlıq imkanları barədə sualı cavablandıraraq deyib: “Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına sonuncu səfəri və İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səudla apardığı danışıqlar Səudiyyə Ərəbistanı şirkətləri və suveren fondlarının Azərbaycanda müxtəlif sahələrə - yerli, regional və ya transmilli layihələrə investisiya yatırmasına tam imkan yaradır. Azərbaycanın liderliyi ilə çox mühüm transmilli layihələr həyata keçirilir. Buna misal kimi Xəzər regionundan təbii qazı Avropa bazarına çıxaracaq “Cənub Qaz Dəhlizi” layihəsini, həmçinin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri layihələrini göstərmək olar. Səudiyyə Ərəbistanının şirkətləri bu layihələrdə iştirak edə bilərlər. Ölkəmizin neft şirkəti olan SOCAR-ın Türkiyədə neft-kimya sahəsində layihələri var. Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının neft-kimya şirkətləri də bu sahəyə investisiya yatırmaq istəyirlər. Göründüyü kimi, qeyd edilən və digər istiqamətlərdə birgə işləmək olar.
Eyni zamanda, Azərbaycan gözəl iqlimi, əlverişli coğrafi şəraiti, müasir turizm infrastrukturu olan ölkədir. Bütün bunlar, həmçinin xalqımızın zəngin mədəni irsi, qonaqpərvərliyi ölkəmizi beynəlxalq turizm üçün cəlbedici məkana çevirib. Düşünürəm ki, Azərbaycanın turizm sektorunda Səudiyyə Ərəbistanı şirkətləri üçün çoxlu investisiya imkanları mövcuddur. Ötən il Azərbaycana Səudiyyə Ərəbistanından təqribən 10 min turist gəlib, bu il isə onların sayının 30 minə çatacağı gözlənilir. Səudiyyə Ərəbistanı vətəndaşları Azərbaycanda özlərini rahat hiss edəcəklər. Ölkəmizdə onlara olan münasibət, zəngin mətbəx, ibadət evlərinin mövcudluğu - bütün bu amillər Səudiyyə Ərəbistanından gələn turistləri razı salacaq. Ən əhəmiyyətlisi budur ki, Səudiyyə Ərəbistanı vətəndaşları Azərbaycanda xoş qarşılanacaqlar, Qərbdə mövcud olan bütün xidmətləri ölkəmizdə görəcək, dostların əhatəsində olacaq, səfərlərindən məmnun qalacaqlar”.
Sonda Azərbaycan Respublikası Prezidentinin köməkçisinə təşəkkürünü bildirən “Əl-Cəzirə” qəzetinin baş redaktoru deyib ki, mediadan göründüyü kimi, siz ölkədaxili məsələlərə dair olduqca fəal mövqe nümayiş etdirirsiniz və bu nümunə “Əl-Cəzirə”nin çoxsaylı əməkdaşlarına da fəallıq ruhu aşılayır.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, “Əl-Cəzirə” qəzeti İslam dünyasında böyük nüfuza malikdir, regionda və dünyada sülh, tərəfdaşlıq və inkişafa öz töhfəsini verir.
Tədbirdə Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya nazirinin müavini Abdullah əl-Əhməri və Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayev iştirak ediblər.
Qeyd edək ki, mətbuat konfransı Səudiyyə Ərəbistanının aparıcı KİV-ləri, o cümlədən “Əl-Cəzirə”, “Əl-Riyad”, “Okaz”, “Əl-Həyat”, “Əl-Mədinə” qəzetləri, “Sauress” informasiya portalı tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC

Published in Siyasət

Fevralın 7-də Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı (BMT İP) arasında aqro-biomüxtəliflik sahəsində birgə layihənin həyata keçirilməsi üzrə imzalanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, layihə Qlobal Ekologiya Fondu (GEF) və BMT İP tərəfindən Azərbaycanın Şəki, Goranboy və Göyçay rayonlarında beş il ərzində həyata keçiriləcək.

İmzalanma mərasimində çıxış edən nazir Heydər Əsədov bildirib ki, layihənin əsas məqsədi yerli aqrar məhsulların biomüxtəlifliyinin qorunması üzrə milli səyləri dəstəkləməkdir. Layihə çərçivəsində yerli məhsulların qorunması, aqro-biomüxtəlifliyin konservasiyasına dəstək, məhsuldarlığın artırılması, eləcə də yerli aqrar məhsulların kommersiyası və kiçik aqrar bizneslərdə istifadəsinə yol açan tədbirlər reallaşdırılacaq.

Layihə, həmçinin aqro-biomüxtəliflik sahəsində biliyin artırılması, müvafiq institutlar və fermerlər arasında milli bacarıqların inkişafı, eləcə də yerli fermerlərin bazara çıxışının gücləndirilməsi istiqamətində önəmli addımlardan biri olacaq.

Nazir qeyd edib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, dayanıqlı və inklüziv iqtisadi inkişafın təbliği, institusional bacarıqların, səmərəli ictimai və sosial xidmətlərin gücləndirilməsi, həmçinin ətraf mühitin idarəedilməsi və təbii fəlakətlərə qarşı dayanıqlığın artırılması kimi tədbirlərin dəstəklənməsində BMT İP layihələri öz töhfəsini verəcək.

BMT İP-in rezident nümayəndəsi Qulam İshaqzai bu sahədə əməkdaşlığın perspektivlərindən danışıb. “Aqro-biomüxtəlifliyin qorunması dayanıqlı inkişaf üçün olduqca əhəmiyyətlidir və bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vacib rol oynayacaq. Aqrar biomüxtəlifliyin istifadəsi aqrar ekosistemlərin daha davamlı və məhsuldar olmasına yardım edəcək, eləcə də iqlim dəyişmələrinin idarəetməsinə və daha zəngin qidalanmaya, məhsuldarlıq və rifaha müsbət təsir göstərəcək”, - deyə Q.İshaqzai bildirib.

Sonra imzalanma mərasimi olub.

Nazir Heydər Əsədov və BMT İP-in rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycanda kənd təsərrüfatı sahəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb, bu layihənin kənd təsərrüfatına dair Strateji Yol Xəritəsinin həyata keçirilməsinə dəstək olacağına əminliklərini ifadə ediblər.

 

AZƏRTAC

 

 

 

 

Published in Digər xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşlər, səslənən fikirlər onu göstərir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə yeni bir səhifə açılıb, bu münasibətlər yeni mərhələyə qədəm qoyub.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Bahar Muradova qeyd edib ki, artıq Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması üçün danışıqlara başlanılıb. Hər iki tərəfin danışıqlardan gözləntiləri böyükdür. Bu danışıqların nəticəsi kimi, yeni dövrün tələblərinə uyğun olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında humanitar, mədəni, siyasi və iqtisadi əlaqələr inkişaf edəcək.

Vitse-spiker qeyd edib ki, Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müxtəlif aspektləri ilə bağlı mövqeyini ifadə etdi. Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, enerji sahələrində əlaqələrin inkişafı həm Avropanın, həm regionun, həm də Azərbaycanın maraqlarına xidmət edir.

Bahar Muradova bildirib ki, Brüsseldə keçirilən görüşlərdən sonra səslənən bəyanatlarda diqqəti çəkən məqamlardan biri də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycanın ərazi bütövlüyünü, suverenliyi və müstəqilliyini dəstəkləməsi oldu. Bu, onun göstəricisidir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər enerji, ticarət əlaqələrini aşaraq, yüksək siyasi əməkdaşlığı da əhatə edir.

Milli Məclis sədrinin müavini hesab edir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkcə bəyanatlarla kifayətlənməməlidir, həmçinin öz təsir rıçaqlarından istifadə etməlidir.

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər
1 -dən səhifə 3