XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Bazar, 05 Fevral 2017

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 oktyabr tarixli 1070 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 10, maddə 613; 2010, N 2, maddə 80; 2014, N 2, maddə 113; 2016, N 5, maddə 928) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1.  3.7-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nda və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 6.1-ci və 6.2-ci bəndlərində müəyyən edilən rəsmi qəzetlərdə dərc olunur.”.

2.  4.14-cü bəndin birinci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nda və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 6-cı hissəsində müəyyən edilən rəsmi qəzetlərdə dərc olunur.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8, I kitab, maddə 583; 2001, N 7, maddə 454, N 9, maddə 576, N 12, maddə 734; 2002, N 5, maddə 249, N 12, maddə 707; 2003, N 8, maddə 425, N 12, I kitab, maddə 671; 2004, N 1, maddə 1, N 11, maddə 887, N 12, maddə 980; 2005, N 2, maddə 61, N 8, maddə 688, N 12, maddə 1081; 2006, N 12, maddələr 1005, 1026; 2007, N 1, maddə 4, N 6, maddə 597, N 8, maddə 745, N 11, maddə 1053, N 12, maddə 1192; 2008, N 7, maddə 602, N 11, maddə 960; 2009,  N 7, maddə 506; 2011, N 1, maddə 14, N 7, maddələr 588, 603, N 12, maddə 1115; 2012, N 6, maddələr 500, 513, N 7, maddə 652, N 9, maddə 841, N 12, maddə 1226; 2013, N 2, maddə 91, N 4, maddə 366, N 11, maddə 1278, N 12, maddələr 1483, 1486, 1495; 2014, N 2, maddələr 94, 98, N 6, maddə 608, N 7, maddə 770, N 8, maddə 957, N 10, maddə 1158, N 12, maddə 1525; 2015, N 1, maddə 11, N 12, maddə 1433; 2016, N 2, I kitab, maddə 207, N 3, maddələr 396, 402, N 5, maddə 848, N 6, maddələr 973, 974, 1015, N 7, maddə 1245, Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 314-VQD və 318-VQD nömrəli qanunları) 221.4.3-cü maddəsində hər iki halda “icarə müqaviləsi” sözləri “icarə və ya digər əşya hüquqlarına dair müqavilə” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 dekabr 2016-cı il.

 

 

 

Published in Qanun

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 1, maddə 10, N 6, maddə 414; 2001, N 5, maddə 293, N 11, maddə 687, N 12, maddə 740; 2002, N 5, maddə 241, N 6, maddə 328, N 12, maddə 706; 2004, N 5, maddə 318; 2005, N 4, maddə 281, N 8, maddə 699, N 10, maddə 903, N 11, maddə 993; 2007, N 1, maddə 4, N 2, maddə 69, N 8, maddə 745, N 11, maddələr 1053, 1075; 2008, N 6, maddə 462, N 7, maddə 602; 2009, N 1, maddə 5, N 7, maddə 517, N 11, maddə 878; 2010, N 7, maddə 597, N 11, maddə 938; 2011, N 4, maddə 258, N 12, maddə 1098; 2012, N 10, maddə 946; 2013, N 11, maddə 1271; 2014, N 11, maddə 1353; 2015, N 5, maddə 487; 2016, N 1, maddə 11, N 7, maddə 1243; Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 430-VQD nömrəli Qanunu) 32-ci maddəsinin doqquzuncu abzasında “icarəyə verilməsinə” sözləri “icarə və ya digər əşya hüquqlarına” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 dekabr 2016-cı il.

 

 

 

Published in Qanun

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 487-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 489-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

“Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 7, maddə 626) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.4-cü bəndə “orqanlar” sözündən sonra “(qurumlar)” sözü əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə” üzrə:

2.1. 1.7-ci bəndin ikinci cümləsinə, 3.2-ci, 3.9-cu və 4.3-cü bəndlərə “orqan” sözündən sonra “(qurum)” sözü əlavə edilsin;

2.2. 3.1-ci bəndə və 5.1-ci bəndin birinci cümləsinə “orqanlar” sözündən sonra “(qurumlar)” sözü əlavə edilsin;

2.3. 3.4-cü bəndə, 4.2-ci bəndin ikinci cümləsinə və 4.4-cü bəndə “orqanın” sözündən sonra “(qurumun)” sözü əlavə edilsin;

2.4. 3.6-cı bəndə hər iki halda “orqanla” sözündən sonra “(qurumla)” sözü əlavə edilsin;

2.5. 4.1.2-ci yarımbəndə və 4.2-ci bəndin birinci cümləsinə “orqana” sözündən sonra “(quruma)” sözü əlavə edilsin;

2.6. 4.1.3-cü yarımbəndə “orqanlarla” sözündən sonra “(qurumlarla)” sözü əlavə edilsin;

2.7. 5.1-ci bəndin birinci cümləsinə “orqanlara” sözündən sonra “(qurumlara)” sözü əlavə edilsin;

2.8. 5.2-ci bənddə “Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri “maliyyə bazarları tənzimləyicisinin (Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının)” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2017-ci il.

 

 

 

Published in Fərman
Bazar, 05 Fevral 2017 08:57

Qeyri-neft sənayesinin önəmi

Bu sahənin istehsal və ixrac potensialının artırılmasında səmərəli təşviq mexanizmlərindən olan sənaye parklarının və zonalarının təşkili 2016-cı ildə də davam etdirilib

Published in Digər xəbərlər

Azərbaycan Prezidentinin köməkçisi bu sözləri “Əl-İxbariyyə” televiziyasına müsahibəsində deyib

Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əl-İxbariyyə” televiziyasına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

–Səudiyyə Ərəbistanı Krallığı təxminən 26 il bundan əvvəl Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Krallıqla Azərbaycan arasındakı əlaqələri necə səciyyələndirirsiniz və perspektivləri necə görürsünüz?

–Dost və tərəfdaş ölkələr kimi Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında bir çox sahələri əhatə edən səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Qeyd etdiyiniz kimi, 1991-ci il dekabrın 30-da Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olub, 1992-ci ilin fevralında isə dövlətlərimiz arasında diplomatik əlaqələr qurulub. Ötən dövr ərzində Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı münasibətləri tənzimləyən müqavilə-hüquq bazası formalaşdırılıb, hökumətlər səviyyəsində müştərək komissiya yaradılıb, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verib, bu siyasət sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edim ki, 2015-ci ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun dəvəti ilə Krallığa rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm impuls verib.

Münasibətlərimizin perspektivlərinə gəldikdə, düşünürəm ki, burada böyük potensial var. Biz müxtəlif sahələri əhatə edən imkanlardan hələ də tam istifadə etməmişik. Əminəm ki, qarşıdan gələn dövrdə əlaqələrimizin daha da genişləndirilməsi və ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün lazımi tədbirlər görüləcək.

–Azərbaycan Respublikası ilə münasibətlər məsələsi İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud ilə görüşün əsas mövzularından oldu. Görüş necə keçdi və Səudiyyə Ərəbistanının beynəlxalq və regional səviyyədə rolunu necə qiymətləndirirsiniz?

–İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud ilə görüşmək və Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Krala çatdırmaq şərəfinə nail oldum. Həmçinin bildirdim ki, Azərbaycan Prezidenti və xalqı IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində onu ölkəmizdə görmək istəyirlər.

Səudiyyə Ərəbistanı Krallığı Körfəz regionunun ən böyük dövləti, ərəb dünyasının liderlərindən və İslam dünyasının ən nüfuzlu ölkələrindən biridir. Krallığın zəngin iqtisadi, maliyyə, humanitar resursları, dini mərkəz statusu ona regionun lider dövlətlərindən biri olmaq imkanı verir. Burada Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında paralel aparmaq olar. Çünki müstəqillik illərində həyata keçirilmiş məqsədyönlü, praqmatik və milli maraqlara əsaslanan siyasi kurs nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzi, bölgənin lider dövləti statusuna yüksəlib. Bu baxımdan ölkələrimizin əlaqələrini daha da dərinləşdirmək üçün böyük imkanlar var. Hesab edirəm ki, biz bu strateji vəzifəni reallaşdırmaq üçün çox iş görməliyik.

–Bu il əl-Cənadəriyyə festivalında iştirak etmək dəvətini almağınızı necə qiymətləndirirsiniz və Krallığın mədəni irsinin bir məkanda təcəssüm olunan rəngarəngliyini necə gördünüz?

–Ölkənizə səfərim və keçirdiyim görüşlərin, habelə iştirak etdiyim mədəni tədbirlərin əhəmiyyətini vurğulamaqla, Səudiyyə Ərəbistanı haqqında təəssüratlarımın çox yüksək olduğunu qeyd etmək istərdim. Dəvətə görə başda İki Müqəddəs Ocağın Xadimi olmaqla, Səudiyyə Ərəbistanının Hökumətinə, mədəniyyət və informasiya nazirinə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Azərbaycan nümayəndə heyətinin də əl-Cənadəriyyə festivalında iştirakı sevindirici haldır. Bu festivalda Krallığın zəngin mədəni irsinin, habelə Ərəb Səhrasında mədəni rəngarəngliyin şahidi oldum. Təəssüratlarım onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanı İslam dünyasında təkcə dini mərkəz deyil, həm də mədəni mərkəzlərdən biridir. 

–Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında iqtisadiyyat, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün bir sıra sazişlər bağlanıb. Bu əməkdaşlığı necə görürsünüz və gələcəkdə bu, necə inkişaf etdirilə bilər?

–Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dərin, çoxşaxəli və güclü əlaqələr var. 1994-cü ilin iyulunda iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq haqqında Baş Sazişin imzalanması, sonrakı dövrdə ikitərəfli əlaqələrin inkişafını şərtləndirən hüquqi bazanın genişləndirilməsi, qarşılıqlı səfərlərin, təmasların intensivləşdirilməsi, dini, mədəni, tarixi dəyərlər arasında sıx bağlılıq, habelə liderlərimiz arasında xoş və səmimi münasibətlər Səudiyyə Ərəbistanı ilə Azərbaycan Respublikası arasında əlaqələrin bugünkü səviyyəsini və inkişaf perspektivini şərtləndirən başlıca amillərdir. Hesab edirəm ki, formalaşmış baza siyasi, iqtisadi və mədəni əlaqələrimizi daha da möhkəmləndirmək üçün etibarlı zəmin yaradır.

Qeyd edim ki, son illər Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli və xarici iş adamları üçün əlverişli biznes mühitinin inkişaf etdirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib. Həmçinin Azərbaycanın iqlimi, coğrafi göstəriciləri, yaradılmış müasir turizm infrastrukturu, xalqımızın zəngin mədəni irsi, qonaqpərvərliyi və s. ölkəmizi beynəlxalq turizm üçün cəlbedici məkana çevirib. Düşünürəm ki, bu və digər sahələrdə qarşılıqlı əlaqələrimizi inkişaf etdirmək üçün çox yaxşı potensial var.

Həmçinin bildirmək istərdim ki, 2015-ci ildə tarixdə ilk dəfə I Avropa Oyunlarını uğurla keçirən Azərbaycan bu il də IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Əminəm ki, həm də siyasi əhəmiyyət kəsb edən bu böyük idman bayramı dünyada İslam həmrəyliyinin təntənəsi olacaq, müsəlman ölkələri arasında mehriban münasibətlərin inkişafına xidmət edəcək.

–Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında neft sahəsində ortaq bir bəyanat var. Neft bazarının hazırkı durumunu necə qiymətləndirirsiniz və ölkəniz neft bazarının sabitləşməsi üçün hansı cəhdləri göstərir?

–Qeyd edim ki, Səudiyyə Ərəbistanı Krallığı 1994-cü ildə Bakıda imzalanmış “Əsrin müqaviləsi”ndə iştirak edib və Krallığın Delta-Hess şirkəti müqavilədə 2,72 faiz paya sahib olub. 2012-ci ildə isə Azərbaycanın neft şirkəti olan SOCAR ilə Səudiyyə Ərəbistanının “Soroof İnternational” şirkəti arasında neft-qaz sahəsində Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda, qarşılıqlı səfərlər və enerji məsələləri ilə bağlı təmaslar bu sahədə ölkələrimiz arasında əməkdaşlığın inkişafına xidmət edib.

Bildiyiniz kimi, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi neft hasil edən ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Bu sahədə vəziyyətin tənzimlənməsində neft istehsal edən ölkələrin, xüsusilə OPEC üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan OPEC-in üzvü deyil. Bu təşkilata üzv və qeyri-üzv ölkələr arasında neftin qiyməti ilə bağlı razılaşma var. Ölkəmiz hesab edir ki, neft öz layiqli qiymətinə çatanadək OPEC-ə üzv və qeyri-üzv ölkələr arasında konstruktiv dialoq davam etməlidir.

–Prezident Trampın hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrini necə qiymətləndirirsiniz?

–Biz Amerika xalqının iradəsinə ehtiram göstəririk və cənab Donald Trampın prezident seçilməsini ABŞ xalqının iradəsinin təcəssümü hesab edirik. Azərbaycan ilə ABŞ arasında dərin strateji əlaqələr var. Bu əlaqələr beynəlxalq təhlükəsizlik, enerji təhlükəsizliyi, eləcə də terrorla mübarizə sahələrini əhatə edir. Azərbaycan sülhməramlıları ABŞ qüvvələri ilə birlikdə dünyanın müxtəlif regionlarında xidmət edirlər. Biz ABŞ ilə qarşılıqlı faydalı əlaqələrimizin və səmərəli əməkdaşlığımızın davam etməsini istəyirik.

–Avropa ilə əlaqələriniz, Avropa İttifaqına qoşulmaq üçün səyləriniz barədə nə deyə bilərsiniz?

–Azərbaycan Avropa Şurasının üzvüdür və Avropa Şurası ailəsinə töhfə verməkdə davam edir. Azərbaycan Respublikası ilə Avropa İttifaqı və onun təsisatları arasında davamlı və sıx əlaqələr var. Təkcə onu qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalayıb. Avropa İttifaqı Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu artır.

Azərbaycanın Avropa İttifaqının üzvü olmaq barədə sualınıza gəlincə, qeyd edim ki, ölkəmiz Avropa İttifaqı ilə ikitərəfli çərçivədə qarşılıqlı maraqlara söykənən əlaqələrin inkişafında maraqlıdır.

AZƏRTAC

Published in Müsahibələr

Yevlaxda yun istehsalı və tədarükünün artırılması müzakirə edilib.

Yanvarın 30-da keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yun istehsalının, tədarükünün və ixracının artırılmasını vəzifə olaraq müəyyənləşdirib, bu il ən azı 10 tədarük məntəqəsinin yaradılmasını tapşırıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət başçısının tapşırıqlarının icrası məqsədilə bu gün Yevlaxda iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə yun sahəsi üzrə mütəxəssislərlə işgüzar müzakirə keçirilib. Tədbirdə yun istehsalının genişləndirilməsi, tədarük sisteminin qurulması, yunun ilkin emalı fabrikinin yaradılması, yunun daxili və xarici bazarlarda satışının təşkili və s. kimi məsələlər müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq, xammal bazasının araşdırılması, tədarük sisteminin modelinin seçilməsi, bu sahəyə özəl sektorun cəlb edilməsi və təşviq mexanizmlərinin tətbiqi, yun istehsalı və emalı sahəsində Çin, Avstraliya, Qazaxıstan və digər ölkələrin təcrübəsinin, texniki spesifikasiya və sertifikatlaşdırma sisteminin öyrənilməsi qərara alınıb.

İşgüzar müzakirələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov iştirak ediblər.

Sonra Yevlax İlkin Yun Emalı Fabrikinin ərazisinə baxış keçirilib.

AZƏRTAC

 

 

 

Published in İqtisadiyyat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsi dünyada tərəqqi və inkişaf naminə yeni “yol xəritəsi” çağırışlarına tarixi şans yaradıb. Bu təşəbbüs bütün dünya üçün önəmli olan birliyə çağırışdır.

Bu fikri İstanbul Universitetinin doktoru, saxta “Böyük Ermənistan” ideologiyası üzrə tanınmış tədqiqatçı Mehmet Perinçek AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı Azərbaycanın və Türkiyənin bütün əsaslı təşəbbüslər ətrafında birgə fəaliyyətini tələb edir. İslam həmrəyliyi hazırda bütün dünya üçün böyük əhəmiyyət daşıyır. İslama qarşı məqsədli şəkildə formalaşdırılan yanlış rəyi kökündən dəyişmək üçün ilk növbədə müsəlman aləminin həmrəyliyinə nail olaraq mövcud çətinlikləri dəf etmək lazımdır. Azərbaycan və Türkiyə bu istiqamətdə böyük imkanlara malikdir. Hər iki ölkənin zəngin İslam mədəniyyəti və ənənələri birgə fəaliyyət üçün əsas yaradır.

“Əlbəttə, bu təşəbbüs ilk növbədə haqq və ədalət üçün tarixi əhəmiyyət daşıyır. “İslam Həmrəyliyi İli”ndə keçirilən bütün tədbirlər istər-istəməz dünya ictimaiyyətinin diqqətini özünə çəkəcək, edilən bütün çağırışlara qarşılıq veriləcək. Azərbaycan hərbi təcavüzdən əziyyət çəkən bir ölkədir. Bir milyondan çox azərbaycanlı təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz yurd-yuvasından didərgin düşüb. Nə üçün İslamda terror elementləri axtaran qüvvələr Ermənistanın işğalçılıq siyasətinə göz yumurlar?! Bir sözlə, heç şübhəsiz ki, “İslam Həmrəyliyi İli” çərçivəsində dövlətlərin ərazi bütövlüyünün qorunması, sərhədlərin güc vasitəsilə dəyişdirilməsinin yolverilməzliyi, qaçqın və məcburi köçkünlər problemi, terrora son qoymaq kimi vacib məqamlara dair çağırışlar bütün bəşəriyyəti düşünməyə vadar edəcək”, - deyə Mehmet Perinçek qeyd edib.

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər
1 -dən səhifə 3