XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Şənbə, 04 Fevral 2017

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 1 fevral 2017-ci il.

 

 

 

Published in Məktublar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Südabə Cəmşid qızı Həsənovaya “Əməkdar hüquqşünas” fəxri adı verilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” 2016-cı il oktyabrın 10-da Bern şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 dekabr 2016-cı il.

 

 

 

Published in Qanun

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  94-cü  maddəsinin  I hissəsinin  10-cu və 24-cü bəndlərini rəhbər  tutaraq qərara alır:

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 9, maddə 838; 2016, N 2, II kitab, maddə 215) 2.2-ci maddəsində “4 il” sözləri “5 il” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 dekabr 2016-cı il.

 

 

 

Published in Qanun

Azərbaycan Respublikası Hökuməti ilə Lixtenşteyn Knyazlığı Hökuməti arasında 2013-cü il 29 noyabr tarixli “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişdə nəzərdə tutulan qaydaların qarşılıqlı olaraq tətbiq edilməsi barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Lixtenşteyn Knyazlığı Xarici İşlər, Təhsil və Mədəniyyət Nazirliyinin notalar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Hökuməti ilə Lixtenşteyn Knyazlığı Hökuməti arasında 2013-cü il 29 noyabr tarixli “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişdə nəzərdə tutulan qaydaların qarşılıqlı olaraq tətbiq edilməsi barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Lixtenşteyn Knyazlığı Xarici İşlər, Təhsil və Mədəniyyət Nazirliyinin 2016-cı il 11 və 14 oktyabr tarixli notalar mübadiləsi formasında bağlanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 dekabr 2016-cı il.

 

 

 

Published in Qanun

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 495-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 495-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Dövlət başçısı deyib: “Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz dinamikasını sürətləndirəcək”

Published in Digər xəbərlər

Məlum olduğu kimi, ölkəmizdə davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların hüquq və azadlıqlarının təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası” təsdiq edilib. Konsepsiyaya əsasən ölkədə əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən, aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlçatanlığı əsas strateji xətt olaraq ön plana çəkilir. Bu baxımdan BMT və Azərbaycan hökuməti tərəfindən imzalanmış 2016-2020-ci illər üzrə Birləşmiş Millətlər Təşkilatı - Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədi (UNAPF) İnkişaf Konsepsiyasında qeyd olunmuş milli prioritetlərə, eyni zamanda,  2015-ci ildən sonrakı inkişaf məsələlərinə uyğun hazırlanıb.

BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədləri barədə qəbul etdiyi sənəddən irəli gələn öhdəliklərlə əlaqədar dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə  Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ölkəmizin BMT ilə əlaqələrində yeni bir səhifə açıb. Şuranın fəaliyyətinın yüksək səviyyədə təmin edilməsi üçün Katiblik, habelə müvafiq qurumların nümayəndələrindən ibarət iqtisadi inkişaf, layiqli məşğulluq, sosial və ekoloji sahələr üzrə işçi qrupları yaradılıb, əsas prioritetlər müəyyənləşdirilərək milli göstəricilərə dair statistik məlumatların toplanması istiqamətində zəruri tədbirlər həyata keçirilib. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə BMT-nin yeni seçilmiş baş katibi Antonio Quterreş Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədova məktubla müraciət edərək, ölkəmizdə gedən bütün bu işlər barədə ətraflı məlumatlandırıldığını və Azərbaycan Respublikasının dayanıqlı inkişaf, o cümlədən yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişaf sahələrində əldə etdiyi nailiyyətlərin xoş təsir bağışladığını qeyd edib. Azərbaycanın uğurlu fəaliyyətində BMT-nin də iştirakının  onda qürur hissi doğurduğunu nəzərə çatdıran BMT-nin baş katibi, Azərbaycan hökumətinin Dayanıqlı İnkişaf Məqsədlərinin “Azərbaycan-2020” Proqramı çərçivəsində həyata keçirəcəyi işləri daim dəstəkləyəcəyini vurğulayıb. Müasir dünyada münaqişələrin qarşısının alınması və həlli, insan haqlarına və beynəlxalq humanitar hüquqa hörmətin təşviq olunması, qeyri-bərabərliyin və təcrid olunmanın aradan qaldırılması istiqamətində BMT-nin potensialının artırılması üçün var qüvvəsi ilə çalışacağını vəd edən Antonio Quterreş hazırda beynəlxalq müstəvidə baş verən yeni çağırışları səmərəli şəkildə  cavablandırmaq üçün birgə tədbirlərin görülməsi istiqamətində BMT ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da dərinləşəcəyinə ümidvar olduğunu  bildirib. 

AZƏRTAC

 

 

 

Published in Siyasət

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov fevralın 3-də Binəqədi rayonunun Sarıqaya massivində yerləşən Şəfəq sanatoriyasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.

AZƏRTAC xəbər verir ki, sanatoriyada Laçın rayonundan 62, Şuşa rayonundan 18, Zəngilan rayonundan 3, Ağdam rayonundan 3, Füzuli rayonundan isə 2 ailə məskunlaşıb. Ümumilikdə, sanatoriyada 297 məcburi köçkün məskunlaşıb.

Baş nazirin müavini Əli Həsənov burada məskunlaşan ailələrin yaşadıqları mənzillərdə olub, məcburi köçkünlərin problemləri ilə maraqlanıb, bu problemlərin həlli ilə bağlı müvafiq strukturların nümayəndələrinə göstərişlərini verib.

Məcburi köçkünlər öz yurd-yuvalarını tərk etdikdən sonra daim dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunduqlarını söyləyiblər. Onlar məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Fərmanı yüksək qiymətləndirib, məcburi köçkünlərin hər zaman dövlətimizin başçısını dəstəklədiklərini ifadə ediblər. Məcburi köçkünlər işğal altındakı torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi altında ən qısa müddətdə azad olunacağına inandıqlarını vurğulayıblar. Onlar işıq, su və qazla bağlı olan bəzi problemlərinin də qısa müddətdə həll olunacağına əminliklərini ifadə ediblər. 

Baş nazirin müavini Əli Həsənov “Azərişıq” ASC, “Azərsu” ASC-nin və “Azəriqaz” İstehsalat Birliyinin görüşdə iştirak edən sədr müavinlərinə məcburi köçkünlərin səsləndirdikləri problemlərin həlli ilə bağlı bəzi tapşırıqlar verib. Əli Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti hər zaman məcburi köçkünlərin problemlərinin həllini diqqət mərkəzində saxlayır, onların həyat şəraitinin yaxşılaşdırılması üçün müvafiq göstərişlər verir. Məmurlar xalqın xidmətçiləridir və bu istiqamətdə Prezidentin göstərişlərini yerinə yetirirlər. Məcburi köçkünlər də hər zaman dövlətimizə, dövlətçiliyimizə xidmət göstərirlər, Prezidentimizin yürütdüyü siyasəti dəstəkləyirlər.

Görüşdən sonra jurnalistlərə müsahibə verən komitə sədri Əli Həsənov deyib ki, Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bildirdiyi kimi, qəzalı vəziyyətdə olan binalardan məcburi köçkünlərin köçürülməsi ilə bağlı qərar verilib. Artıq müəyyən vəsait də ayrılıb, layihə işlərinə başlanılıb. İlkin mərhələdə ən ağır vəziyyətdə olan Bakının Xəzər rayonu ərazisindəki “Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan 260 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

Tikinti üçün də yerlərin artıq seçildiyini bildirən komitə sədri deyib ki, Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi yaxınlığında salınmış 450 ailəlik qəsəbənin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli, Abşeron rayonunun Masazır qəsəbəsində tikilmiş 760 ailəlik yaşayış məhəlləsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli bir, beşmərtəbəli 80 mənzilli iki yaşayış binasının tikilməsi nəzərdə tutulub. Bu dörd bina ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Qısa müddətdə layihələr icra olunacaq və binaların tikintisinə başlanılacaq.

Şəfəq sanatoriyasından çoxsaylı müraciətlərin daxil olduğunu bildirən Əli Həsənov deyib: “Buraya gəlib vəziyyətlə yerində tanış oldum, sizin də gördüyünüz kimi, vəziyyət çox acınacaqlıdır. İstəyirdik müvəqqəti olaraq müəyyən təmir işləri görək. Ancaq burada təmir işləri görmək mümkün deyil. Sanatoriya ətrafındakı ayrı-ayrı evlərdə təmir işləri aparıb vəziyyəti mümkün qədər yaxşılaşdırmaq mümkündürsə, onu edəcəyik. Ancaq bütövlükdə bu sanatoriyanın vəziyyəti ilə bağlı rəhbərliyə məruzə edəcəyəm. Qərar veriləcək və biz də o qərarı təcili icra edəcəyik”.

 

AZƏRTAC

 

 

 

Published in Sosial həyat

“Biz münaqişələrin tənzimlənməsində xalq diplomatiyasının rolunu yüksək qiymətləndiririk. Bu diplomatiyanın ən vacib missiyası münaqişə tərəflərinin ictimai dairələrində belə bir fikir yaratmaqdan ibarətdir ki, qarşılıqlı məqbul, kompromis həllərin dinc yolla axtarışının alternativi yoxdur”.

Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi növbəti brifinqdə Azərbaycan ilə Ermənistan arasında sülh platforması barədə sualı cavablandırarkən söyləyib.

O qeyd edib ki, RF XİN münaqişələrin dinc yolla həlli məqsədilə hər hansı ictimai təşəbbüsləri alqışlayır.

M.Zaxarova Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Rusiya və ABŞ-ın qarşılıqlı fəaliyyət perspektivləri barədə suala cavab olaraq bildirib ki, tərəflər arasında əlaqələr hələ yenicə başlayır. RF XİN nümayəndəsi  deyib: “Amerikalılarla əlaqələr məsələsinə gəldikdə, bu əlaqələr hələ qarşıdadır və indi onları şərh etməyin mənası yoxdur. Gəlin bu əlaqələr baş tutana qədər gözləyək”.

AZƏRTAC

 

 

 

Published in Siyasət
1 -dən səhifə 2