XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə, 03 Fevral 2017

Fevralın 2-də Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, SSRİ Xalq Artisti, maestro Niyazinin abidəsinin açılış mərasimi olub. 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı maestro Niyazinin abidəsinin açılışını etdi.

Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoydu.

Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü isə 1 metrə yaxındır. Heykəlin üst plitəsi royalın qapağı formasındadır. Abidənin pyedestalı isə qara qranitdən hazırlanıb. Bürüncdən hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Ömər Eldarov, memarı isə Əməkdar Memar Elbay Qasımzadədir.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

-Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Azərbaycan xalqının böyük oğlu Niyazinin abidəsi açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Niyazi böyük Üzeyir Hacıbəylinin layiqli davamçısı idi. Niyazi Azərbaycan dirijorluq məktəbinin əsasını qoymuşdur və bu gün onun davamçıları öz sənəti ilə bizi sevindirirlər. Niyazi Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə vermişdir. O, Sovet İttifaqında ən tanınmış və ən istedadlı dirijorlardan biri idi. Niyazi Azərbaycanı, Azərbaycan xalqını həm sovet məkanında, həm dünyada layiqincə təmsil edirdi, xalqımızın istedadını nümayiş etdirirdi. Onun dirijorluq sənəti xalqımızın böyük dəyəridir və demək olar ki, Azərbaycan bəstəkarlarının bütün simfonik əsərlərinin birinci dirijoru Niyazi olmuşdur.

Dünyada və sovet məkanında dirijor kimi tanınan Niyazi, eyni zamanda, gözəl bəstəkar idi, onun əsərləri bu gün də yaşayır. Onun əsərlərində Azərbaycan musiqi mədəniyyəti özünü büruzə vermişdir.

Niyazinin çox böyük ictimai fəaliyyəti də olmuşdur. O, bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Onun fəaliyyəti xalq, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Sovet İttifaqının Xalq Artisti adına layiq görülmüşdür. Sovet İttifaqının ən böyük mükafatı - Sosialist Əməyi Qəhrəmanının qızıl ulduzu ilə təltif edilmişdir. Bu təltiflər və eyni zamanda, ona verilmiş beynəlxalq mükafatlar doğrudan da onu göstərir ki, Niyazi böyük şəxsiyyət, böyük sənətkar və Azərbaycan xalqının layiqli nümayəndəsi idi. Biz haqlı olaraq onun sağlığında da onunla fəxr edirdik, bu gün də fəxr edirik.

Mənim Niyazi ilə bağlı öz xatirələrim var. Atam, ulu öndər Heydər Əliyevlə onu dostluq əlaqələri bağlayırdı. Heydər Əliyev həmişə Niyaziyə çox böyük diqqətlə, qayğı ilə yanaşırdı. Dəfələrlə Niyazi müəllim və Həcər xanım bizim evimizdə olmuşlar. O məclislərdə mən də iştirak etmişdim və görürdüm ki, doğrudan da Niyazi çox gözəl insandır. Onu tanıyanlar bilirlər ki, onun çox gözəl xatirələri olmuşdur, gözəl əhvalatlar bilirdi, çox zarafatcıl idi, onda çox böyük yumor hissi var idi. Doğrudan da o xatirələr bu gün də mənim yaddaşımda yaşayır, bu, unudulmaz günlər idi. İndi vaxt keçdikcə, əlbəttə, biz daha aydın şəkildə görürük ki, Niyazi dahi şəxsiyyət idi və yenə də deyirəm, o, xalqımızı ləyaqətlə təmsil edirdi.

Azərbaycan dövləti öz mədəni irsinə həmişə böyük diqqətlə yanaşır. Biz görkəmli şəxsiyyətlərimizin xatirəsini yaşadırıq, əbədiləşdiririk. Son bir neçə il ərzində şəhərimizin mərkəzində ardıcıllıqla görkəmli mədəniyyət xadimlərinin - Fikrət Əmirovun, Qara Qarayevin, Bülbülün, Rəşid Behbudovun abidələri açılmışdır. Bu gün bu gözəl parkda, Niyazinin adını daşıyan bu gözəl küçədə Niyazinin abidəsi də açılır.

Niyazinin adı Azərbaycanda əbədiləşdirilib. Azərbaycan teleradio şirkətinin simfonik orkestri, uşaq musiqi məktəbi, gəmi, küçə onun adını daşıyır, bu gün də Niyazinin möhtəşəm, çox gözəl və əzəmətli, eyni zamanda, bu əraziyə uyğun abidəsi açılır.

Onu da qeyd etməliyəm ki, bu il bir neçə görkəmli şəxsiyyətlərimizin yubiley tədbirləri dövlət səviyyəsində qeyd ediləcək. Bülbülün 120 illik, Tofiq Quliyevin, Cövdət Hacıyevin 100 illik, Mstislav Rostropoviçin 90 illik yubileyləri bu il, Qara Qarayevin 100 illik yubileyi isə gələn il keçiriləcək. Bütün bu əlamətdar tarixlər dövlətin tam dəstəyi ilə yüksək səviyyədə keçiriləcək.

Ümumiyyətlə, demək istəyirəm ki, biz öz mədəni irsimizə çox sadiqik və müstəqil Azərbaycan dövləti çox güclü milli-mənəvi köklər, əsaslar üzərində qurulubdur. Biz müstəqil, müasir ölkəyik. Ancaq bizim gücümüzün mənbəyi milli tariximizdir, keçmişimizdir, mədəniyyətimizdir. Biz xalq olaraq öz mənliyimizi ona görə qoruya bilmişik ki, öz mədəniyyətimizi, dilimizi, ədəbiyyatımızı qoruya bilmişik və bu gün də qoruyuruq.

Azərbaycan xalqı öz görkəmli nümayəndələri ilə fəxr edir. Fəxr edirik ki, bizim görkəmli mədəniyyət, incəsənət nümayəndələrimiz dünya miqyasında özlərinə yer tapa biliblər. Bu, əlbəttə, xalqımızın istedadını göstərir və onu göstərir ki, biz dünya mədəniyyət xəzinəsinə çox böyük və dəyərli töhfələr vermişik.

Bu gün Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biri də humanitar sahə - mədəniyyət, incəsənət və ədəbiyyat ilə bağlıdır. Son illər ərzində bu istiqamətlərdə böyük işlər görülmüşdür. Bizim 20-dən çox teatrımız, muzeyimiz əsaslı şəkildə təmir olunub. Azərbaycan o ölkələrdəndir ki, hətta iqtisadi çətinliklərə baxmayaraq, mədəniyyətin inkişafına maliyyə və maddi dəstəyini əsirgəmir. Çünki bu, həm bu gün üçün, həm də gələcək üçün lazımdır. Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda, daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir. Biz mədəniyyətimizi qoruyuruq və çox şadam ki, çox gözəl gənc nəsil yetişir. Bizim gənc nəsil artıq həm müasir musiqini öyrənir, eyni zamanda, öz milli köklərinə çox sadiqdir. Azərbaycanda keçirilən, həm yerli, həm də beynəlxalq iştirakçıların qatıldığı muğam festivalları, muğam müsabiqələri çox böyük maraq doğurur və bütün bölgələrdən olan gənclər, uşaqlar, yeniyetmələr çalışırlar ki, o müsabiqələrdə iştirak etsinlər, özlərini göstərsinlər. Bu, çox əlamətdar hadisədir. Bu, sadəcə olaraq bir musiqi müsabiqəsi deyil. Muğam müsabiqələri bizim milli musiqimizi yaşadan tədbirlərdir. Bu tədbirlərin çox böyük əhəmiyyəti var. Müxtəlif bölgələrdə muğam evlərinin yaradılması, musiqi məktəblərinin tikilməsi bu istiqamətdə atılan düzgün addımlardır. Mən son illər ərzində bölgələrdə dəfələrlə musiqi məktəblərinin, uşaq yaradıcılıq mərkəzlərinin, muğam mərkəzlərinin açılışlarında olmuşam və bütün bu binalar, orada yaradılmış şərait əlbəttə ki, bizi sevindirir və bir daha bizim niyyətimizi göstərir. Bugünkü mərasim, yəni, böyük sənətkar Niyaziyə ucaldılmış bu abidənin açılışı bax, bu sıradan olan addımlardır.

Mən sizi və bütün Azərbaycan xalqın

ı bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Sağ olun.

***

Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad BƏDƏLBƏYLİ çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, çox sağ olun. Siz Niyazi haqqında əsl musiqişünas kimi çıxış etdiniz. Mənə deməyə heç bir şey qalmır. Onu sadəcə insan kimi xarakterizə etmək istərdim.

Niyazi bizim üçün, əlbəttə, nəinki böyük maestro, böyük bəstəkar, həm də çox əziz bir insan idi. Həcər xanımı yada saldınız, çox sağ olun. Onların evində biz ikinci konservatoriyanı qurtarmışıq. Mən, Polad, Müslüm, Xuraman, Fidan konsertlərdən sonra saat 4-ə, 5-ə qədər o evdə əyləşir və musiqi haqqında danışırdıq. O evdə çox görkəmli musiqi xadimləri olub - Şostakoviç, Rixter, Koqan, Rostropoviç, Oystrax və başqaları. Maestro həmişə konsertdən sonra evində süfrə açırdı. Bu baxımdan da o, yeganə bəstəkar idi. Hətta bəzi bəstəkarların əsərlərinin premyerası olurdu, amma bəstəkar yox, maestro qonaqlıq verirdi. O, belə qonaqpərvər idi. Onun evində həqiqətən xüsusi bir ab-hava var idi.

Şostakoviç gözəl deyib ki, Azərbaycan bəstəkarları xoşbəxtdirlər, çünki bu ölkədə Niyazi var. Maestro Niyazi onun bütün əsərlərini həqiqətən də hər yerdə - Praqada, Londonda, Parisdə ifa edirdi. Vaxtilə Leninqradda məşhur Marinski Opera Teatrının baş dirijoru idi. Arif Məlikovun “Məhəbbət əfsanəsi”ni Leninqradda məhz maestro Niyazi səhnəyə qoydu. Həmin premyeradan sonra bu balet bütün dünyaya yayıldı. Bu əsər artıq 60 ölkədə ifa olunub.  

Maestro Niyazi, əlbəttə, Qara Qarayevlə, Fikrət Əmirovla işləyirdi və onların yeni əsərlərinə birinci dirijorluğu da o, edirdi. Maestro Niyazi əsl xalq adamı idi. Məsələn, biz yayın isti günlərinin birində rayondan qayıdarkən gördük ki, qızlar pambıq yığırlar. Günün qızmar çağı idi, isti hamımızı əldən salmışdı. Maestro dedi ki, dayanın, hamınız avtobusdan düşün, qızlar üçün konsert verəcəyik. Həqiqətən pambıqçı qızlar mat qalmışdılar. Böyük maestronun rəhbərliyi ilə musiqiçilər onlar üçün Üzeyir bəyin uvertürasını ifa edirdilər. Bax, o, belə insan idi, millətini ürəkdən sevirdi, hamı ilə görüşür, salamlaşırdı. Əlbəttə, biz hamımız ona borcluyuq. Bu gözəl heykəldə hər şey əksini tapıb. Bu abidədə onun uğurları da, dərdləri də ifadə olunub. Bu, çox gözəl sənət nümunəsidir. Ömər müəllim, çox sağ olun. Bu, doğrudan da böyük bir sənət əsəridir. Çox gözəl məkanda qoyulub. Məncə burada kiçik konsertlər də vermək olar ki, saat 1-dən 2-yədək məmurlar gəlib konserti dinləsinlər.

Çox sağ olun, cənab Prezident. Heç bir ölkədə sənət adamlarına belə diqqət yoxdur. Bunu açıq demək lazımdır. Biz hər yerdə olurduq. Nə yubiley keçirilirdi, nə başqa bir tədbir. Deyirdilər ki, yubiley var get özün keçir. Ancaq indi Sizin sərəncamlarınızla nə qədər yubiley tədbirləri keçirilir. Allah qoysa, bu yaxınlarda Qara Qarayevin 100 illik yubileyi, Cövdət Hacıyevin, Tofiq Quliyevin yubileyləri keçiriləcək. Bunlar da böyük hadisələrdir. Cənab Prezident, işinizin həddən çox olmasına baxmayaraq, hər şey Sizin yadınızdadır.

Bu gün qarlı və günəşli bir gündür. Mən xatırlayıram, Qara Qarayevin heykəlinin açılışında da qarlı və günəşli gün idi. Yenə qayıdıram bizim cavanlıq illərimizə. 1982-ci ildə biz Şuşada qarlı bir gündə Ulu Öndərimizlə bir yerdə Vaqifin məqbərəsini açırdıq. Mən əminəm ki, Siz Prezident kimi və ətrafınızda olan biz ziyalılar yaxın gələcəkdə azad Şuşada Üzeyir bəyin, Xan qızının, Bülbülün heykəllərini bərpa edəcəyik. Çox sağ olun. 

***

Bəstəkar, Xalq Artisti Faiq SÜCƏDDİNOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Bu gün doğrudan da çox gözəl bir gündür. Biz bu gözəl heykəlin yanında dayanmışıq. Bu, Bakı şəhərində beşinci heykəldir. Doğrudan da bu, bizim musiqimizə, mədəniyyətimizə böyük bir qiymətdir. Yadımdadır, böyük müğənni Rəşid Behbudov ilə maestro Niyazinin yanına gəldik. Mən bir mahnı yazmışdım “Zəfərlər bayrağı”, Ulu Öndərin də xoşuna gəlmişdi. Maestro çox böyük diqqətlə dinlədi, partituraya baxdı. Hətta mənə pultun arxasına keçməyə icazə verdi. Rejissor Kərim Kərimov da burada idi. Mən pultun arxasına keçdim. Onlar mat qaldılar ki, nə əcəb maestro mənə icazə verdi. Əlbəttə, bu, onun sadəliyindən, səmimiliyindən, insanlığından irəli gəlirdi.

Mən Sizə təşəkkür edirəm, cənab Prezident. Bu, beşinci abidədir ki, bu gün Bakı şəhərində açılır. Bu, Azərbaycanın böyük mədəniyyətinə böyük qiymətdir. Sağ olun, cənab Prezident, nə yaxşı ki, Siz varsınız, bizə belə yüksək qiymət verirsiniz. Çox sağ olun.

***

Beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub QULİYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

Bu gün doğrudan Azərbaycan musiqiçiləri üçün və xüsusən də gənc musiqiçilər, gənc dirijorlar üçün çox əlamətdar bir gündür. Hətta mənə elə gəlir ki, təbiət də bu hadisəyə sevinir, günəşli gündür. Çünki maestro Niyazi Azərbaycan mədəniyyətinin günəşi idi. Həmişə də günəş kimi parlayır, xüsusilə də Azərbaycan musiqiçiləri və Azərbaycanı dünyanın müxtəlif ölkələrində, şəhərlərində təbliğ edən dirijorlar üçün bir simvol rolunu oynayır.

Cənab Prezident, bu gün maestro Niyazinin abidəsinin açılışının çox böyük rəmzi mənası var. Çünki biz bu gün - fevralın 2-də ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu Gənclər Gününü qeyd edirik. Bu gün gənclərin bayramıdır, eyni zamanda, mənim timsalımda Azərbaycanın bütün gənc dirijorlarının bayramıdır. Çünki Siz bizə bu gün belə bir hədiyyə təqdim etdiniz. Bu, Azərbaycanın bütün musiqiçilərinə, gənc musiqiçilərinə olan böyük bir diqqətdir. Maestro Niyazinin adı bizim ürəyimizdədir, qəlbimizdə həmişə yaşayır. Çünki biz xarici ölkələrdə maestro Niyazinin əsərlərini ifa edirik. Misal üçün bu yaxınlarda Moskva filarmonik orkestrinin müşayiəti ilə maestro Niyazinin və dahi Qara Qarayevin əsərlərini ifa etdik. Konsertdən sonra musiqiçilər bizə yaxınlaşıb həmin əsərlərin notlarını istəyirdilər. Nyu-Yorkda “Carnegie hall”da, Fransada Yelisey Teatrında Lamurö orkestrı ilə maestro Niyazinin əsərlərini ifa etdik. Əcnəbi ölkələrin musiqiçiləri böyük sevgi və ehtiramla yaxınlaşıb həmin əsərlərin notlarını bizdən istəyirdilər. Hər bir konsertdən, festivaldan, mərasimdən öncə biz maestro Niyazini yada salırıq. Çünki o, bizim müəllimimizdir, mənəvi dayağımızdır. Çünki maestro Niyazi Opera və Balet Teatrında, Dövlət Simfonik Orkestrində baş dirijor işləyən zamanlarda da çox böyük bir məktəb, böyük musiqiçilər ordusu yaratmışdı. İndi də gənc dirijorlar onun sənətini davam etdirirlər. Dörd gün sonra biz Frankfurt radio orkestrı ilə onun, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini ifa edəcəyik. Bundan böyük xoşbəxtlik ola bilməz. Artıq maestro Niyazi Azərbaycanın brendinə çevrilib. Elə bir ölkə yoxdur ki, orada maestro Niyazini tanımasınlar və sevməsinlər.

Möhtərəm cənab Prezident, Azərbaycanın bütün gənc musiqiçiləri adından bu gözəl, işıqlı gündə, bu bayramda bizə etdiyiniz bu ərməğana görə, bu sənət stimuluna görə minnətdarlığımızı bildiririk. Çünki bu, dirijorlarımız, musiqiçilərimiz üçün doğrudan da stimuldur. Artıq qeyd olunduğu kimi, dahi musiqiçilərimiz Qara Qarayevin, Fikrət Əmirovun, Rəşid Behbudovun abidələri ucaldılıb. Bu gün isə maestro Niyazinin abidəsi ucaldı. Bu, Azərbaycan gəncliyinə bir mesajdır ki, Vətənimizin görkəmli insanlarını həmişə xatırlamalıdır və onları yad etməlidir. Bu, bizim borcumuzdur.

Bir daha Sizə təşəkkürümüzü bildiririk, cənab Prezident. Bu mərasimdə iştirakınızla bizi qürurlandırdınız. Var olun ki, Azərbaycan mədəniyyətini qoruyursunuz. Görürük ki, dünyada müəyyən proseslər baş verir. Amma Azərbaycan, mədəniyyətimiz çiçəklənir. Nə qədər maraqlı layihələr həyata keçirilir. Bu gün də böyük bir layihənin iştırakçısıyıq, bu gözəl abidə açıldı. Sizə təşəkkür edirik, çox sağ olun.      

***

Sonra abidənin müəllifi, Xalq Rəssamı, heykəltəraş Ömər ELDAROV çıxış edərək dedi:

- Möhtərəm Prezident, hörmətli xanımlar və cənablar.

Mən çox danışmayacam, ona görə ki, cənab Prezident və çıxış edənlər çox qiymətli fikirlər söylədilər. Mən yalnız bir epizodu xatırlamaq istəyirəm. 1947-ci, ya da 1948-ci il idi. Leninqradda Dirijorların Ümumittifaq Müsabiqəsi keçirildi. Niyazi həmin müsabiqənin qaliblərindən biri oldu. O vaxt Niyazi Filarmoniyadakı dinləyicilərə ən mahir və gözəl dirijorlardan biri kimi təsir bağışladı.

Mən Niyazini son illərdə onun abidəsi üzərində işləyərkən daha yaxından tanıdım. Sərgi üçün Niyazinin portretini hazırlayırdım. Niyazi artıq dünyasını dəyişəndən sonra bu kompozisiya abidənin əsasını təşkil etdi. Mənə belə gəlir ki, onun bütün başqa keyfiyyətlərindən əlavə, mən ömrümdə Niyazidən daha qəşəng, daha mahir dirijor görməmişəm, axı mən heykəltəraşam, hər şeyi vizual qəbul edirəm. Onun necə hərəkət etməsini, musiqiyə necə qaynayıb-qarışmasını mən bu abidədə müəyyən dərəcədə çatdırmağa çalışmışam. Diqqətinizə görə sağ olun.

***

Qeyd edək ki, Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. Niyazi dirijorluq fəaliyyətinə ötən əsrin 30-cu illərində başlayıb. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini - “Rast” və “Şur”u nota köçürən Niyazi 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanıb, 1949-cu ildə ən məşhur əsərini - “Rast” simfonik muğamını yazıb. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in Xalq Artisti, SSRİ Xalq Artisti adlarına, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət mükafatına, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına, Nehru adına beynəlxalq mükafata layiq görülüb. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olub.

Dövlətimizin başçısı mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC

 

 

 

Published in Mədəniyyət

Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2017-ci il Gənclər üçün Prezident mükafatları verilsin:

Bağırov Emil Oqtay oğlu

İsrayılova Aygün Əlimərdan qızı

Məcidova Məryəm Teymur qızı

Seyidov Mirhəsən Mirheydər oğlu

Suxostat Lyudmila Valentinovna

Vəkilov Vurğun Mehman oğlu.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 27 yanvar 2017-ci il.

 

 

 

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında mülki aviasiyada uçuşların təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin yaradılmasını bir ay müddətində təmin etsin;

1.2. “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin; 

1.3. “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin ilkin dövrdə fəaliyyətini təmin etmək üçün nizamnamə fondunun formalaşmasını təmin etsin;

1.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1.  bu Fərmanın 1.1-ci bəndinə əsasən yaradılacaq publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci və 8.2.2-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, 8.2.3-8.2.6-cı maddələrində nəzərdə tutulan səlahiyyətlərini isə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası həyata keçirir;

2.2. bu Fərmanın 1.1-ci bəndinə əsasən yaradılacaq publik hüquqi şəxsin saxlanması və fəaliyyətinin təmin edilməsi xərcləri onun fəaliyyətindən əldə edilən gəlirlər (o cümlədən aldığı kreditlər, qrantlar, habelə işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına maliyyələşdirilir.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 fevral 2017-ci il.

 

 

 

Published in Fərman

Fevralın 1-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ər-Riyadda İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda çatdırıb. Prezidentin köməkçisi dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu söyləyib. 

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Prezidentin köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanına səfərə dəvətə görə Kral Salman bin Əbdüləziz Al Səuda və mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tureyfiyə təşəkkürünü bildirib.

AZƏRTAC

 

 

 

Published in Siyasət

Xülasə: Birləşmiş Millətlər Təşkilatının (BMT) dünya siyasətindəki rolu danılmazdır. İkinci Dünya müharibəsindən sonra bu təşkilat beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində ciddi rol oynayıb. Lakin keçən əsrin 90-cı illərindən başlayaraq, qlobal səviyyədə geosiyasi aspektdə köklü dəyişikliklər baş verdi. Bunun fonunda BMT-nin təhlükəsizlik problemlərinin öhdəsindən gələ bilmədiyi açıq surətdə özünü göstərməyə başladı. Bir sıra alimlər bu beynəlxalq təşkilatda islahatların aparılması zərurəti barədə yazmağa başladılar. Məqalədə həmin çərçivədə BMT-nin qarşılaşdığı ziddiyyətli məqamlar, böyük dövlətlərin təşkilatın işinə təsiri, islahatların keçirilməsi zərurəti ilə bağlı təhlillər yer alıb. Göstərilir ki, BMT-nin hazırkı tarixi mərhələdə öz rolunu tam yerinə yetirməsi üçün ciddi yeniləşmələr gərəkdir. Onları həyata keçirmədən beynəlxalq təhlükəsizliyi təmin etmək olduqca çətin olacaq. İndi müxtəlif regionlarda müşahidə edilən ziddiyyətli proseslər bu qənaəti bir daha təsdiq edir. Dünya xaosa sürüklənir. Bu səbəbdən BMT kimi nüfuzlu və universal funksiyalı bir beynəlxalq təşkilatın XXI əsrin çağırışlarına uyğun yeniləşməsi vacibdir. Müəllif hesab edir ki, bunun üçün böyük dövlətlərin birlikdə çalışması qaçılmazdır.

Birləşmiş Millətlər Təşkilatı (BMT) müasir dünyanın geosiyasi, siyasi, iqtisadi, mədəni və hərbi həyatında ciddi yer tutur. Keçən əsrin ortalarında yaradılmış bu təşkilat bir müddət qlobal miqyasda beynəlxalq təhlükəsizliyin təmin edilməsində söz sahibi olub. Beynəlxalq təhlükəsizlik konsepsiyaları yeniləşdikcə, BMT də müvafiq təşkilati, struktur və funksional dəyişikliklər aparmalı olub, ötən müddət ərzində bir sıra yeniliklər həyata keçirilib. Məsələn, 1965-ci ildə Təhlükəsizlik Şurasının (TŞ) üzvlərinin sayı dəyişib. Lakin müasir mərhələdə meydana çıxan çoxsaylı amillər üzündən BMT öz funksiyalarını yerinə yetirməkdə ciddi çətinliklərlə üzləşir. Məntiqi olaraq, bu mühüm beynəlxalq təşkilatın dünya siyasətindəki yeri və roluna yenidən baxılması məsələsi aktuallaşır. Bu istiqamətdə hazırkı vəziyyət necədir? BMT real islahatlara hazırdırmı? Bu kimi suallara mütəxəssislər, analitiklər və siyasətçilər cavab axtarırlar.

Müharibədən sonra sülh məsələsi

İkinci Dünya müharibəsi təhlükəsizlik probleminin həllinin nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi. 1945-ci ildən sonra böyük dövlətlər ciddi surətdə həmin məsələnin həlli yollarını axtarmağa başladılar. Beynəlxalq təhlükəsizlik konsepsiyası vasitəsilə hərbi-siyasi qüvvələrin balansını yaratmaq və onu saxlamaq lazım idi. Bunun üçün prinsiplər, qaydalar, yanaşmalar və üsullar işlənməli, onların da əsasında qlobal, regional və dövlətlərarası strukturlar yaradılmalı idi. Eyni zamanda, sülh şəraitində birgə yanaşıyaşamanın təminatçısı qismində “əməkdaşlıq mexanizmləri”ni də yaratmaq lazım gəlirdi.

Onu vurğulayaq ki, bütün bunlar İkinci Dünya müharibəsindən sonra beynəlxalq təhlükəsizlik konsepsiyasının başlıca elementləri olan aşağıdakı faktorları nəzərə almaqla həyata keçirilməli idi: ABŞ və SSRİ başda olmaqla kapitalist və sosialist sistemlərinin qarşıdurmasının yaratdığı gərginliyin azaldılması, nüvə silahının yayılmasının, “soyuq müharibə”nin “real müharibə”yə çevrilməsinin qarşısının alınması.

XX əsrin 70-ci illərindən etibarən bu müddəalar daha konkret prinsiplərə transformasiya etdi. Belə ki, yeni beynəlxalq təhlükəsizlik konsepsiyasının əsasını hərbi-strateji paritet uğrunda mübarizə, bərabərgüclü nüvə-raket qüvvələrinin yaradılması, onların məhdudlaşdırılması vasitəsilə ixtisarına nail olunması təşkil etdi.

Bu tədbirlər nüvə müharibəsinin qarşısını aldı, lakin lokal hərbi toqquşmaların yaranmasına əngəl ola bilmədi. Bütün dünya üçün ciddi təhlükələr qalmaqda davam etdi. Digər tərəfdən, XX əsrin 90-cı illərində SSRİ və Varşava Müqaviləsi Təşkilatının dağılması ilə hərbi təhlükələrin də xarakteri kökündən dəyişdi. Lakin ortaya çıxan yeni ziddiyyətlər əvvəllər görünməyən təhdidlərin mənbəyinə çevrildi.

Belə şəraitdə yeni təhlükəsizlik konsepsiyasına ehtiyac yarandı. Həmin konsepsiyanın tərkib elementləri sırasında silahlanma yarışının aradan qaldırılması, adi və nüvə silahlarının ixtisarı və məhdudlaşdırılması, hərbi münaqişə ocaqlarının ləğv edilməsi, hərbi qarşıdurmanın gərginliyinin azaldılması, beynəlxalq terrorizmin kökünün kəsilməsi və s. kimi vacib müddəalar yer aldı. Lakin bu prosesə mütəxəssislərin münasibəti fərqlidir. Bir sıra tədqiqatçı hesab edir ki, yeni təhlükəsizlik konsepsiyaları, əslində, əvvəlkilərə qayıdış prosesi ilə müşayiət olunur. Məsələn, A.Svain hesab edir ki, həmin tendensiya o dərəcədə güclüdür ki, bütövlükdə “dəbdə olan konsepsiyalardan geriyə dönüş”dən danışmaq olar.

Nəhayət, son illərdə dövlətlərarası əlaqələrin daha da dərinləşməsi nəticəsində milli təhlükəsizlik məsələləri ilə regional və qlobal təhlükəsizliyin əlaqələndirilməsi ön plana çıxdı. Bütövlükdə bu məqam yeni dünya nizamının sistem olaraq formalaşmasında mühüm rollardan birini oynamalıdır.

Proseslər artıq İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sistemində dəyişikliklərin getdiyini təsdiqləyir. Uyğun olaraq, beynəlxalq təhlükəsizlik konsepsiyası da məzmun və funksiya baxımından yeni çalarlar kəsb edib. Qlobal miqyasda təhdidlər törədən faktorlar zaman-zaman transformasiyaya uğrayıb, super geosiyasi güclər arasında tarazlıq yaratmaq mexanizmləri təkmilləşib.

Bütün bunlar sonda beynəlxalq təhlükəsizlik sistemi və onun təmini məsələsini aktuallaşdırıb. Keçən müddət ərzində dünya nüvə müharibəsinin qarşısı alınsa da, lokal müharibələr, regional münaqişələr, maliyyə-iqtisadi böhranlar, enerji təhlükəsizliyi problemi və s. kimi yeni təhdidlərin meydana gəlməsi beynəlxalq aləmin reallığıdır. Konkret desək, beynəlxalq təhlükəsizlik sistemi dəyişdikcə, onun daha çevik tənzimləmə mexanizmlərinə malik olmasının əhəmiyyəti də artır.

Bu proseslərin fonunda beynəlxalq təhlükəsizlik sisteminin həm struktur, həm də funksional aspektlərinin aktuallığını vurğulamaq lazımdır. Həmin şərtlər daxilində vacib tənzimləmə mexanizmləri kimi Birləşmiş Millətlər Təşkilatını (BMT) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) qeyd etmək gərəkdir.

BMT beynəlxalq təhlükəsizlik sisteminin mühüm elementidir. Onun qərarlarının yerinə yetirilməsinin əsas vasitələri isə sülhyaratma qüvvələrindən, siyasi, iqtisadi və hərbi sanksiyalar sistemindən, çəkindirmə güclərindən, silahlı birləşmələrin tətbiqinin məhdudlaşdırılmasından ibarətdir. Bu təşkilat beynəlxalq gərginliyin azaldılmasında, dünyada sülhün saxlanmasında, dövlətlərin və xalqların təhlükəsizliyinin təminində ciddi rol oynamalıdır. BMT-nin struktur-funksional özəlliklərinə və tarixi təkamülünə nəzər salmaqla onun bu vəzifənin öhdəsindən necə gəldiyi haqqında təsəvvürlər əldə etmək olar.

BMT-nin yaranması və təkamülü:

ziddiyyətli yollarla...

1945-ci il oktyabrın 24-də 51 ölkənin nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının əsasını qoydular. Onların məqsədi bütün dünyada sülh və təhlükəsizliyə dəstək vermək, ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirmək, sosial tərəqqiyə yardım etmək, həyat səviyyəsini və insan haqları sahəsindəki vəziyyəti yaxşılaşdırmaqdan ibarət idi.

BMT-nin Nizamnaməsində beynəlxalq səviyyədə sülh və təhlükəsizliyin təmini üçün effektiv kollektiv tədbirlərin həyata keçirilməsi xüsusi qeyd edilib (3). Bu zaman millətlər arasındakı dostluq münasibətlərinin bərabərhüquqlu əsaslarla inkişaf etdirilməsi ayrıca vurğulanır. Bunlar BMT-nin yaradılmasının vacib tərəflərini anlamağa yardım edir.

Qeyd edək ki, təşkilatın yaradılmasının təşəbbüskarları İkinci Dünya müharibəsinin qalibləri olduğundan, bütövlükdə onun strukturlaşmasında və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində də Vaşinqton, London və Moskva ciddi rol oynayıb. Təcrübə göstərir ki, bu məqamın müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var.

BMT-nin Baş Məclis, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Beynəlxalq Məhkəmə və Katiblik kimi 5 əsas orqanı var. Onlarda 44 min əməkdaş çalışır. Baş Məclisdə BMT-yə daxil olan bütün dövlətlərin nümayəndələri iştirak edir (hazırda BMT-nin 192 üzvü var). Onun köməkçi komitələri mövcuddur. Baş Məclis məşvərət xarakterli müzakirələr aparır. Son illər qlobal əhəmiyyətli problemlər (məsələn, beynəlxalq terrorizmlə mübarizə, ətraf mühitin qorunması və s.) bu orqanda müzakirə edilir.

Təşkilatın daimi fəaliyyət göstərən ali orqanı Təhlükəsizlik Şurasıdır. BMT Nizamnaməsinə görə, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində başlıca məsuliyyəti Təhlükəsizlik Şurası daşıyır. Onun tərkibinə veto hüququ olan 5 daimi (Böyük Britaniya, ABŞ, Çin, Fransa və Rusiya) və 10 müvəqqəti üzv daxildir. Sonuncuları Baş Məclis ikiillik müddətə seçir. Təhlükəsizlik Şurası beynəlxalq sülhü və təhlükəsizliyi pozan dövlətlərə qarşı məcburi xarakterli tədbirlər görə bilər. Məsələn, qaydaları pozan ölkələrə qarşı iqtisadi embarqo qoyula və ya münaqişə zonalarına sülhməramlı qüvvələr yeridilə bilər. Son dövrlərdə BMT TŞ-nin qlobal miqyasda təhlükəsizlik məsələlərini həll edə bilmədiyi barədə tez-tez fikirlər səsləndirilir. Hətta onun qəbul etdiyi qərarların reallığa uyğun olmadığını iddia edən tədqiqatçılar vardır. A.Hammerstad yazır ki, bir sıra hallarda bu beynəlxalq təşkilatın aldığı qərarlar “ritorik örtüyə malikdir” və onların dövlətlərin həqiqi maraqları ilə əlaqəsi olmur.

Bu əsasda TŞ-də ciddi islahatların aparılması zərurəti vurğulanır. O cümlədən beş dövlətin veto hüququnun normal olmadığı haqqında danışılır. Bununla bağlı hətta bir sıra təkliflər də verilib. Maraqlıdır ki, veto hüququnun məhdudlaşdırılması haqqında təklif verənlər sırasında TŞ-nin daimi üzvlərindən olan Fransa da vardır. Hələlik bu istiqamətdə real addımlar atılmayıb. Buna baxmayaraq, Təhlükəsizlik Şurası BMT-nin çox vacib orqanıdır və onun fəaliyyətinin əhəmiyyəti çoxdur.

Hazırda BMT qlobal məsələlərə aid 30 kompleks xarakterli mövzu müəyyənləşdirib. Onlardan 8 prioritet istiqamət seçilib. Bunlara davamlı iqtisadi inkişafa yardım, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, Afrikanın inkişafı, silahsızlaşdırma, beynəlxalq terrora qarşı mübarizə və s. aiddir. Onu deyək ki, BMT insan haqlarının qorunması, narkotik maddələrin qanunsuz dövriyyəsi, beynəlxalq cinayətkarlıqla mübarizə məsələlərinə də xüsusi diqqət yetirir.

BMT-də baş verən dəyişikliklərin istiqamətini aydın təsəvvür etmək üçün onun üç nisbətən müstəqil münasibətlər səviyyəsinə nəzər salmaq lazımdır. Birinci səviyyə siyasi-hüquqi münasibətləri əhatə edir. İkinci struktur-təşkilati və ya institusional səviyyədir. Üçüncü isə sosial səviyyədir.

Bu üç səviyyə kompleks şəkildə hazırda təşkilatın fəaliyyətinin məzmununu təşkil edir. BMT qarşısında duran qlobal, regional və lokal problemlərin həlli fəlsəfəsi və onun sosial-hüquqi mexanizmləri həmin əsasda konkret forma alır. Təşkilatın fəaliyyət tarixində rast gəlinən məqamlar bu müddəanın əhəmiyyətini anlamağa imkan verir.

Hazırda BMT-də islahatların zəruriliyindən çox bəhs edilir. Analitiklər, alimlər, siyasətçilər, diplomatlar, ekspertlər və ümumilikdə mütəxəssislər BMT-nin yeniləşmə zamanının çatdığını əsaslandırmağa çalışırlar. Eyni zamanda, müxtəlif təkliflər də irəli sürülür ki, bunların da əksəriyyəti beynəlxalq təhlükəsizlik məsələləri ilə əlaqəlidir. Bu səbəbdən də həmin təkliflər daha çox TŞ-də aparılmalı olan islahatlara bağlanır.

İslahatlar: ehtiyacdan yaranan zərurət

Təhlükəsizlik Şurası məsələsinin aktuallaşması və islahatların mərkəzi elementi kimi götürülməsi müasir dünyada gedən geosiyasi proseslərin məntiqi və real mənzərəsi ilə bağlıdır. Məsələ burasındadır ki, XXI əsrin əvvəllərindən dünya miqyasında bir sıra mürəkkəb və ziddiyyətli hadisələr baş verir. Lakin onların həllində BMT acizlik göstərir. Bir halda bütün ciddiyyəti ilə tətbiq olunan qayda, başqa bir analoji situasiyada həyata keçirilmir. Burada bir növ ölkələr arasında ayrı-seçkilik yaradılır. BMT-də dəyişikliklər haqqında hələ keçən əsrin 60-cı illərindən danışılmağa başlanıb. 1965-ci ildə TŞ-nin üzvlərinin sayının artırılması məsələsi qaldırılmışdı. O zaman üzvlərin sayı 11-dən 15-ə yüksəldildi. Lakin TŞ-nin daimi üzvləri və onların hüquqları dəyişmədi.

XXI əsrin başlanğıcında Minilliyin Bəyannaməsinin qəbul edilməsindən sonra BMT-də islahatların aparılması daha kəskinliklə gündəmə gəldi. Təşkilatın 59-cu və 60-cı sessiyalarında bu məsələ geniş müzakirə edildi. 2004-cü ildə keçirilmiş 59-cu sessiyada 120 nümayəndə rəhbəri BMT-də islahatların aparılması tələbi ilə çıxış etdilər.

2005-ci ildə keçirilmiş 60-cı sessiyada isə BMT-nin baş katibi Kofi Annanın TŞ üzvlərinin sayını 24-ə çatdırmaq haqqında verdiyi təklif geniş və gərgin müzakirə edildi. Belə ki, K.Annan Braziliya, Almaniya, Hindistan və Yaponiyanın Təhlükəsizlik Şurasına daim üzv seçilməsi məsələsini qaldırmışdı.

Ayrıca vurğulayaq ki, BMT-də (xüsusilə də onun Təhlükəsizlik Şurasında) islahatların aparılması zərurəti barədə bir çox siyasətçi, dövlət rəhbərləri və ekspertlər danışıblar. Bu mənada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur “dünya 5-lərdən böyükdür” fikrini xatırlatmaq olar. Hindistanın keçmiş Baş naziri Manmohan Sinqh də bu bağlılıqda deyib: “...İkinci Dünya müharibəsində qalib gəlmiş 5 dövlətin daimi üzv kimi veto hüququna sahib olması açıqca anormallıqdır”.

Rusiyanın keçmiş xarici işlər naziri Yevgeni Primakov da həmin kontekstdə maraqlı fikir ifadə etmişdi. O söyləmişdi: “Bu və ya digər ölkənin BMT TŞ-nin daimi üzvlüyünə qəbul olunması meyarı, onun İkinci Dünya müharibəsində iştirakından ibarət ola bilməz”.

Rusiyalı analitiklər S.Roqov, A.Konovalov və başqaları da analoji fikir bildiriblər. Bir vaxtlar BMT Baş katibinin köməkçisi olmuş Rameş Takur Təhlükəsizlik Şurasının vacib bir tənzimləmə orqanı olduğunu qeyd etməklə yanaşı, BMT-də islahatların çox dərin köklərdən qaynaqlandığını da xüsusi vurğulayır.

Nəhayət, BMT-nin 70-ci yubiley sessiyasında Ukrayna və Suriyada baş verən hadisələr kontekstində islahatlar haqqında daha qabarıq surətdə danışılıb. Dünya təhlükəsizliyi ilə məşğul olan bir təşkilatın mütləq islahatlara getməli olduğu qətiyyətlə vurğulanıb. O cümlədən daha çox sayda ölkə BMT TŞ-nin genişlənməsini vacib sayır. Özü də TŞ-nin həm daimi, həm də müvəqqəti üzvlərinin yeniləşməsi gündəmə gətirilir. Burada həm coğrafi baxımdan düzgün təmsilçilikdən, həm də sülhyaratma missiyasını effektiv yerinə yetirmə ehtiyacından bəhs edirlər.

İkili standartlar və böyük güclərin

maraqları: dərinləşən ziddiyyətlər

Artıq qeyd edildiyi kimi, BMT-də yeniləşmələrin aparılması haqqında mütəxəssislərlə yanaşı, dövlət rəhbərləri də fikir bildirirlər. Almaniyanın federal kansleri Angela Merkel BMT-nin 70-ci sessiyasında açıq bəyan etdi ki, təşkilat XXI əsrin tələblərinə uyğun strukturlaşmalıdır. Təqribən eyni mövqeni Avropa, Asiya, Afrika və Latın Amerikası ölkələrinin bir çox başçıları bildirdilər. Deməli, məsələ yalnız BMT-nin təşkilat kimi fəaliyyətinin gücləndirilməsindən ibarət deyil. Reallıqda qlobal geosiyasətdə müşahidə edilən əhəmiyyətli nəzəri və praktiki proseslərin yaratdığı mənzərə yuxarıda vurğulanan dəyişiklikləri aktuallaşdırıb.

Burada mövcud vəziyyətə bir neçə aspektdən yanaşmaq olar. Hər şeydən əvvəl, dünya miqyasında geosiyasi proseslər daha mürəkkəb və ziddiyyətli xarakter alıb. Açıq görünür ki, həmin səviyyədə ortaya çıxan problemləri indiki beynəlxalq təşkilatlar çərçivəsində həll etmək mümkün deyil və ya çox çətindir. Məsələn, regionlarda münaqişələrin həlli və yaxud dövlətlər arasında ixtilafların aradan qaldırılması istiqamətlərində səmərəli nəticələr əldə edilmir.

Yaxın Şərq hələ də qan içindədir. BMT-nin mandatı ilə Əfqanıstana, İraqa, Liviyaya, Suriyaya müdaxilə edən böyük dövlətlər bu ölkələri tamamilə fərqli nəticələrlə tərk etməli oldular. Sadalanan ölkələrin heç birində nə davamlı sülh yaranıb, nə də sabit inkişaf kursu müəyyənləşib. Əlavə olaraq, başqa dövlətləri də sabitsizlik və terror dalğaları bürüyür. İndi dünyanın elə bir ölkəsi yoxdur ki, terrordan sığortalansın. Bu barədə böyük dövlətlərin başçıları açıq danışırlar. Məsələn, Fransa Prezidenti Fransua Olland cəmiyyətə müraciət edərək, terror təhlükəsinin qaldığını bildirib və ehtiyatlı olmağı tövsiyə edib. Avropanın paytaxtı Brüsseldə törədilən terror aktları bunu bir daha təsdiq edir.

BMT üçün ciddi problem müxtəlif regionlarda müşahidə edilən münaqişələrin ədalətli həllinə nail olma çətinliyidir. Buna misal olaraq, Cənubi Qafqazda, Şərqi Avropada, Afrikanın bir sıra bölgələrində, Uzaq Şərqdə mövcud olan münaqişələri göstərə bilərik. Onlardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, həll edilməmiş qalır. Baxmayaraq ki, BMT TŞ bununla bağlı 4 qətnamə qəbul edib, onlar hələ də reallaşmayıb. Həmin sənədlərdə birmənalı göstərilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir. Lakin bu, baş vermir. Niyə?

Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrində kənar dövlətin hərbi qüvvələri yerləşdirilib. Bu bölgələr faktiki olaraq işğal altındadır. Beynəlxalq təşkilatların həmin ərazilərdə Gürcüstanın suverenliyinin təmin edilməsi barədə dəfələrlə qərar qəbul etməsinə baxmayaraq, heç bir dəyişiklik yoxdur.

Ukraynanın Krım bölgəsi zəbt edilib, ölkənin şərqində silahlı qarşıdurma davam edir. Məsələnin həlli isə hələ ki, görünmür. Suriyada vəziyyət olduqca mürəkkəb olaraq qalır. BMT isə acizliklə nə isə etməyə çalışır, real nəticə yoxdur. Əvəzində, böyük dövlətlər istədikləri zaman oraya ordu göndərə bilir. Əgər BMT bu prosesin qarşısını ala bilmirsə, o necə effektiv təşkilat sayıla bilər?

Afrika qitəsində də terrorun insanları qətlə yetirməkdə davam etməsi faktdır. Humanitar fəlakət orada yüksək səviyyəyə çatıb. Milyonlarla insan dünyanın müxtəlif regionlarına səpələniblər. Onların hüquqları addımbaşı tapdalanır. Qida ehtiyacları ödənilmir. Bir çox hallarda isə günahsız adamlar terror qurbanı olurlar.

Başqa faktları da göstərmək olar. Ancaq BMT-də islahatları zəruri edən bu obyektiv faktorlarla yanaşı, mütəxəssislər başqa məqamlara da diqqət çəkirlər. Burada əsas olaraq böyük dövlətlərin dünya liderliyi iddiası irəli sürülür.

R.Takur həmin kontekstdə ABŞ-ın Təhlükəsizlik Şurasının qərarlarına etdiyi ciddi təsirlərdən yazır. O göstərir ki, BMT-nin indiki Baş katibi Pan Gi Mun birbaşa Vaşinqtonun təzyiqi ilə hazırkı vəzifəsinə gətirilib.

Müəllif yazır ki, bütövlükdə BMT Amerikanın maraqlarına, dəyərlərinə və qayğılarına “hörmət və diqqətlə” yanaşıb. Üstəlik, “BMT-nin çox vacib icraçı orqanı olan, əsas qərarları qəbul edən Təhlükəsizlik Şurası tez-tez ABŞ-ın iradəsinə tabe olur və veto hüququ sayəsində onun həyati maraqları əleyhinə hərəkət edə bilməz”.

Bu halda BMT-nin obyektiv qərarlar qəbul etməsi və onların reallaşmasında israrlı olması necə mümkündür? Təcrübə göstərir ki, həqiqətən də burada ziddiyyətli məqamlar kifayət qədərdir. Məsələn, İraq və Liviya ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələr dərhal yerinə yetirildi, çünki onlara ABŞ başçılıq edirdi. Dağlıq Qarabağla bağlı qəbul edilən qətnamələr isə neçə illərdir ki, həyata keçməmiş qalıb. Hətta təcavüzkar Ermənistana qarşı heç bir səmərəli addım atılmayıb. Hansı səbəblərdən?

Deməli, ortada ikili standartlar var və təəssüf ki, bu fakt hətta BMT-nin rəsmi otaqlarında qəbul edilən qərarlara və onların reallaşması mexanizmlərinə təsir göstərməkdədir. Buradan mütəxəssislərin vurğuladığı bir mühüm nəzəri problem meydana çıxır. BMT real olmayan beynəlxalq konsensusu süni üsullarla təmin edə bilməz. Bu təşkilat milli maraqları uyğunlaşdırma mərkəzi rolunu oynaya bilməz, fikir ayrılıqlarının çox dərin olduğu məsələlərdə BMT müxtəlif ölkələr arasında vasitəçi ola bilməz.

Ədalətli yanaşma: real çıxış yolu

Onda belə çıxır ki, BMT-də islahatların aparılması o zaman səmərəli ola bilər ki, bütövlükdə geosiyasi mühit sağlamlaşmış olsun. Bunun baş verməsi üçün isə ikili standartları ədalətli yanaşma əvəz etməlidir. Böyük dövlətlərin buna hazır olduğuna inanmaq çətindir. Əksinə, Suriya hadisələri göstərir ki, onlar yeni səviyyədə ikili standartlar siyasətini davam etdirməkdədirlər. Görünür, məhz həmin kursdan imtina etmədiklərinə görə nə BMT-də ümumi səviyyədə islahatlar aparılır, nə də vacib icraçı orqan olan Təhlükəsizlik Şurasında dəyişiklik edilir.

Bunların mənfi nəticəsi isə göz qabağındadır. Birincisi, qlobal təhlükəsizlik sistemini formalaşdırmaq mümkün olmur. Müxtəlif yerlərdə baş qaldıran ixtilaflar bir-birini əvəz edir. İkincisi, ABŞ, Rusiya, Aİ və Çinin geosiyasi nüfuz uğrunda savaşı yeni məzmun çalarları alır. Yaxın Şərq, Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya, Asiya-Sakit okean hövzəsi kimi regionlarda münaqişə ocaqları sönmür. Əvəzində, nüfuz dairələrinin yeni geosiyasi bölgüsü uğrunda mübarizənin daha sərt elementlərinə rast gəlinir. Bir növ BMT-də islahatlar haqqında yalnız nəzəri səviyyədə diskussiyalar gedir, lakin konkret addımlar atılmır.

Belə vəziyyətin anlaşılmazlıqları artırdığının nümunəsi kimi Suriya məsələsində Rusiya və Çinin veto hüququndan istifadə etməsi faktını göstərmək olar. Digər daimi üzvlərin hazırladığı sənədi Moskva və Pekin qəbul etmədi. Eyni qaydada Rusiya və Çinin meydana çıxardığı istənilən sənədə Qərb öz maraqlarına uyğun reaksiya verir. Şübhəsiz ki, belə gərgin və tərəfkeş psixoloji mühitdə BMT-nin səmərəli işləməsi imkan xaricindədir.

Bəs yaranmış bu ziddiyyətli vəziyyətdən çıxış yolu nədən ibarət ola bilər? Görünür, burada qlobal miqyasda geosiyasi proseslərin məzmunu yeniləşməlidir. Müasir elmi tələblərə və prinsiplərə dayanan beynəlxalq təhlükəsizliyi təmin etmək, münaqişələri aradan qaldırmaq haqqında konsepsiyalar hazırlanmalıdır. Orada hər hansı dövlətin üstünlüyü məsələsi qoyulmamalıdır. Hazırkı yanaşmaya görə, BMT-də bütün ölkələr bərabərhüquqludur, lakin “5 dövlət daha çox bərabərhüquqludur” prinsipi işləkdir. Məhz bu səbəbdəndir ki, mütəxəssislər yazırlar: “ABŞ əvvəlki kimi trans-atlantik, trans-sakitokean və trans-amerika təhlükəsizliyinin qarantıdır”.

Dəqiq ifadə etsək, dünyanın istənilən guşəsində təhlükəsizlik planı Vaşinqtonun diktəsi ilə hazırlana bilər. Belə yanaşmanın obyektiv və ədaləti sayılması mümkün deyildir. O, bəri başdan ayrı-seçkilik yaradır. Əsas çətinlik isə supergüclərin öz maraqlarından bəşəriyyətin xeyrinə imtina etmək istəməməsi ilə bağlıdır. Bu barədə çox az-az danışırlar, lakin bütün ziddiyyətli məqamların kökündə həmin faktor dayanır. Diplomatik ibarələrlə obyektivlikdən, ədalətdən, sülhdən, demokratiyadan, insan haqlarından geniş danışılsa da, onların konkret reallaşması istiqamətində addımlar atılmır.

Yuxarıda ifadə etdiyimiz ziddiyyət davam edərsə, BMT-də real islahatları gözləmək əbəsdir. Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılması da mürəkkəb məsələlərdəndir. Belə ki, irəli sürülən təkliflərdə müsəlman dövləti yoxdur. O zaman son illər daha çox təzyiqlərə məruz qalan müsəlman ölkələrin hüquqlarını TŞ-də kimlər müdafiə edəcək?

Yaxın Şərqdəki müsəlman ölkələri ixtilaflar içində boğulur, Türkiyəni terrorla çalxalayır, İranı sıxışdırmaqda davam edirlər, Pakistanda terror yenidən ayaq açır, Əfqanıstanın vəziyyəti məlumdur, Mərkəzi Asiya ölkələri müstəqil siyasət yetirməkdə çətinlik çəkirlər və s. Bunların qarşısını Braziliyamı, Almaniyamı, Hindistanmı, yoxsa Yaponiya alacaq? Heç biri. Afrikadan ola biləcək daim üzv də bu məsələdə səmərəli addım ata bilməz. Bəs onda BMT TŞ-də müsəlman dövlətlərin təmsil olunması hansı səbəblərdən gündəmə gətirilmir?

İslahatlardan danışarkən, məsələnin bu aspektinə xüsusi diqqət yetirmək gərəkdir. Çünki real olaraq yeniləşmədən BMT üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilməz. O, müxtəlif bölgələrə maddi yardım daşıyan adi qeyri-hökumət təşkilatı səviyyəsinə enə bilər. Təsadüfi deyil ki, mütəxəssislər bu təşkilatın humanitar siyasətini də son zamanlar ciddi tənqid atəşinə tuturlar.

Azərbaycana münasibət:

BMT oyundan kənardır

Bu kontekstdə bizim regionla sıx bağlı olan bir məqamın üzərində dayanmaq istərdik. Biz, hər şeydən əvvəl, Azərbaycana olan münasibəti nəzərdə tuturuq. Azərbaycan BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında bu təşkilata üzv qəbul edilib. Bizim ölkə BMT-nin 181-ci üzvüdür.

Azərbaycan BMT-də kifayət qədər fəallıq göstərir. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində bu təşkilatın aparıcı rol oynamasına çalışıb. Təsadüfi deyil ki, “Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilmişdir. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilmişdir”.

Rəsmi Bakı BMT-də yalnız özünə aid olan və regional xarakterli problemlərin həllini qaldırmayıb, həmçinin BMT-nin qlobal məsələlərin də həllində səmərəli fəaliyyəti üçün təşkilatda daim islahatların aparılmasının zəruriliyi barədə dəfələrlə fikir bildirib.

Bundan başqa, Azərbaycan BMT-nin müxtəlif qurum və orqanları ilə aktiv əməkdaşlıq edir. Bu sıraya BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. daxildir.

Bakı BMT-nin təhsil, elm və mədəniyyətlə bağlı olan qurumları ilə geniş əlaqələr saxlayır. UNESCO çərçivəsində bu əməkdaşlıq daha çox nəzərə çarpır və hətta Azərbaycanın UNESCO nəzdində Milli Komissiyası da təsis edilib. Əlavə olaraq, onu deyək ki, Azərbaycan BMT-nin müvafiq orqan və xüsusi qurumlarına öz namizədlərini irəli sürür. “Azərbaycan Respublikası 1995-1997, 1998-2000-ci illər ərzində UNİCEF-in İcra Heyətinin, 2000-2002-ci illər ərzində Qadınların vəziyyəti haqqında Komissiyanın və 2002-2004-cü illər ərzində BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilmişdir”.

Bütün bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyevin qlobal təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı aktiv münasibət bildirməsi ölkənin BMT kimi təşkilata nə dərəcədə önəm verdiyini göstərir. Məsələn, 2003-cü ilin sentyabr ayında BMT Baş Məclisinin 58-ci sessiyasında o dövrdə Baş nazir vəzifəsini tutan İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyini vurğulayıb, təşkilata daxil olan üzvlər arasında anlaşılmazlıqların yarana biləcəyini diqqətə çatdırıb.

İlham Əliyev Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat reaksiya verməli olduğunu əsaslandırıb, eyni zamanda, BMT-nin mövcud mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini də ifadə edib. Çıxış yolu kimi İlham Əliyev təşkilat daxilində islahatların aparılması zəruriliyini xüsusi qeyd edib. Bunun üçün əsas prinsiplərdən birinin Təhlükəsizlik Şurasında müasir reallıqlarla yanaşı, son 50 ildə dünyada özünü göstərən proseslərin də nəzərə alınmasından ibarət olduğunu göstərib.

BMT Baş Məclisinin 59-cu sessiyasında isə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə geniş aspektdə yanaşaraq maraqlı təklif irəli sürüb. Azərbaycan Prezidenti həmin iclasda vurğulayıb ki, Təhlükəsizlik Şurası təkmilləşdirilməli, onun tərkibi genişləndirilməli, iş metodları şəffaf olmalı, ən əsası isə XXI əsrin yeni təhdidlərinə, risklərinə, təhlükələrinə çevik şəkildə reaksiya verməlidir. TŞ bu funksiyaları yerinə yetirə bilmək üçün daha çox məsuliyyətli və demokratik olmalıdır.

Dövlət başçısı bununla ifadə edib ki, islahatlar aparılarsa BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni yerinə yetirə bilər və onların həyata keçirilməsinin işlək mexanizmini hazırlamaq imkanı yaranar. Kifayət qədər rasional olan bu mövqe qlobal reallığı ciddi surətdə nəzərə alır.

Azərbaycanın BMT orqanlarında aktiv iştirakı 2011-ci il oktyabrın 24-də öz bəhrəsini verdi. Həmin tarixdə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Prezident İlham Əliyev bu münasibətlə bəyan etmişdi: “Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.

Azərbaycan iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyət göstərib. TŞ-yə sədrlik etdiyi müddətdə isə Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün böyük zəhmət sərf edib. Bütövlükdə Azərbaycan TŞ-də keçirilən müzakirələrdə həmişə öz qətiyyətli mövqeyini ortaya qoyub.

Ən əsası odur ki, Azərbaycan TŞ-yə sədrliyi dövründə beynəlxalq terrora qarşı mübarizədən tutmuş, Afrika ölkələrinin hüquqlarının qorunmasına qədər geniş spektrli məsələlərin müzakirəsini gündəmə çıxarıb. Bununla da rəsmi Bakı sübut edib ki, BMT-nin sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə uğurla xidmət edir.

Bəs bütün bunların əvəzində Azərbaycana münasibət necə olub? Təəssüf ki, Bakının nümayiş etdirdiyi ədalətli və qətiyyətli mövqeyi, prinsiplərə sədaqətliliyi adekvat qarşılığını görməyib. BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində lazımi qətiyyət ortaya qoymayıb. İraqın dərhal bombalanmasına rəvac verən Təhlükəsizlik Şurası Ermənistanla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsində kifayət qədər prinsipial mövqe tutmayıb. Nəticədə, uzun illərdir ki, bu haqsızlıq özünü göstərir və regionda sülhə təminat yoxdur. Əslində isə, BMT Azərbaycana olan münasibətinə yenidən baxmalı, özünün aktiv bir üzvünün hüquqlarının təmin edilməsində həlledici addım atmalıdır.

Azərbaycanla bağlı misallar da göstərir ki, BMT-də ciddi islahatlar aparılmalıdır. Qlobal səviyyədə təhlükəsizlik təmin edilməlidir. Bunu yeni dünya nizamının formalaşması məntiqinə uyğun həyata keçirmək gərəkdir. Çünki təcrübə göstərir ki, təşəbbüs məhdud sayda dövlətlərin əlinə keçdikdə, gec və ya tez tərəfkeşlik yaranır, çoxlu sayda ölkənin hüquqları pozulur.

O cümlədən BMT TŞ-də daim üzvlərin sayının dəyişməməsi ciddi çətinliklər yaradır. Sözün həqiqi mənasında dünyanın taleyi beş ölkənin əlindədir. Artıq bu format ədaləti təmin etmək üçün yetərli deyil. Bunu Suriya prosesləri də tam təsdiq etməkdədir. Yaxın Şərqin müsəlman dövlətləri bir kənarda qalıb, ABŞ, Avropa və Rusiya həmin regionda problemləri həll etməyə çalışırlar.

İndi nəzərə alınmalıdır ki, dünya geosiyasi proseslərə çox həssas olub. Ən kiçik silkələnmə belə böyük miqyasda qarşıdurma yarada bilər. Bu o deməkdir ki, müasir mərhələdə bəşəriyyətin taleyi ilə oynamaq olduqca risklidir. Əvvəllər müşahidə edilməyən təhdidlərin ortaya çıxması, radikal qrupların sayının və imkanlarının artması BMT-ni düşündürməlidir. Xüsusilə gənclər arasında ekstremist dünyagörüşünün, müxtəlif növ təhlükəli ideologiyaların getdikcə geniş yayılması qəti tədbirlər görülməsini gündəmə gətirir.

Bütün bunların nəticələrindən biri müxtəlif regionlarda ixtilafların daha da dərinləşməsi, insanların məzhəb mənsubluğuna görə düşmənçilik etməsidir. Bu vəziyyətdən çıxış yolu Yaxın Şərq ölkələri də daxil olmaqla çoxlu sayda dövlətin münaqişələrin həllində, beynəlxalq terrorçuluğa qarşı mübarizədə real söz sahibi olmasından ibarətdir. Sadəcə kağız üzərində iştirak yetərli deyil.

BMT bu kimi problemlərin həllində həlledici rol oynaya bilər. Bu məqsədə çatmaq üçün isə təşkilatın özündə ciddi islahatlar aparılması qaçılmazdır. Dünya, obrazlı desək, yenidən “geosiyasi formatlaşırsa”, qlobal təhlükəsizliyi təmin etməli olan qurum da struktur və funksional cəhətdən yenidən “formatlaşmalıdır”. Hələlik isə bunun real əlamətlərini görmürük.

Leyla MƏmmƏdƏliyeva,

Azərbaycan Milli Elmlər Akademiyası

Fəlsəfə İnstitutunun doktorantı.

 

 

 

Published in Digər xəbərlər

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın, istedadlı həkim-alim, professor Tamerlan Əliyevin də xatirəsi anılıb, məzarları üzərinə tər güllər düzülüb.

Azərbaycanın tibb ictimaiyyəti nümayəndələri və xarici qonaqların iştirak etdiyi konfransda səhiyyə naziri, professor Oqtay Şirəliyev Əziz Əliyevin milli tibb kadrlarının  hazırlanmasında çoxşaxəli fəaliyyəti və müstəsna xidmətlərindən danışıb.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov Əziz Əliyevin  həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirilib ki, xalqımız öz şərəfli tarixinə nəzər yetirərkən Vətəninə, xalqına sadiq olan şəxsləri çox incəliklə və qayğı ilə yada salır. Onların arasında dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Əliyevin xüsusi rolu var. Respublikanın Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən Əziz Əliyev nail olduğu təcrübəsini, istedadını, sönməz enerjisini respublikanın səhiyyəsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə, elmin inkişafına yönəldib. Əziz Əliyev 1959-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru olub. Məhz institut tarixinin bir çox şərəfli səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. O dövrdə institut öz fəaliyyətini genişləndirib, tək Azərbaycanın yox, bütün Sovet respublikalarının, Monqolustanın, Bolqarıstanın həkimlərinin hazırlanmasında iştirak edib. Yeni kafedralar yaradılıb, elmi-pedaqoji kadrların hazırlığı maksimum dərəcədə yaxşılaşdırılıb, onun redaktor kimi rəhbərliyi altında institut əməkdaşlarının elmi əsərlərinin bir neçə məcmuəsi nəşr olunub, həkim-dinləyicilərin qabiliyyəti, bacarığı dərinləşdirilib və ixtisas dərəcələri möhkəmləndirilib.

 

 

İnstitutun kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanıb, tibb sahəsində yüksək kateqoriyalı elm adamları yetişdirilib. Milli kadrların, alim-həkimlərimizin yetişdirilməsi məhz institut rəhbərliyinin məqsədyönlü xidmətinin təsdiqidir. Azərbaycan həkimləri kütləvi şəkildə ixtisasartırmaya cəlb olundular. İnstitutda həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktoranturada hazırlanması təmin edilib. İnstitutun əsas kafedralarının Bakının iri xəstəxanalarında və müalicə ocaqlarında yerləşdirilməsi ilə elmlə praktikanın vəhdəti təmin edilib. İnstitut respublikamızda əhəmiyyətli bir elmi-tibbi mərkəzə çevrilib.

Əziz Əliyevin elmi fəaliyyəti də geniş olub. Belə ki, o, 1929-cu ildə aspiranturanı bitirərək müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edib və sonradan Azərbaycan Tibb İnstitutunun terapiya kafedrasında həm assistent, həm də dosent vəzifəsində çalışarkən ölkəmiz üçün vacib problemlər üzərində həvəslə və məharətlə işləyib. Həmin dövrdə Azərbaycan dilində həkimlərin və tələbələrin kliniki hazırlığı üçün zəruri olan ilk “Klinik analizlər” dərsliyini Əziz Əliyev nəşr etdirib. 1937-ci ildə Əziz Əliyev “Eksperimental nefrit” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Bu iş Azərbaycan təbibləri tərəfindən müdafiə olunmuş ilk doktorluq dissertasiyalarından biri idi. Elmi əsər SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülüb. Əziz Əliyev 87 elmi əsərin müəllifidir, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi problemlərə aiddir.

N.Qasımov Əziz Əliyevin siyasi xadim kimi fəaliyyətini də xüsusi qeyd etdi. Ə.Əliyev istər Azərbaycanda, istər Dağıstanda və istərsə də Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən, səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bilib.

1960-cı ildə Əziz Əliyevə “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı verilib. O, I-II çağırış SSRİ Ali Sovetinin deputatı, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olub. Əziz Əliyevin iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən müharibəsi ordeni və bir çox medallarla təltif edilib.

1962-ci ilin sentyabrın 27-də institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin 773 saylı qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna professor Əziz Əliyevin adı verilib. Bu hadisə institutun əməkdaşları tərəfindən Əziz Əliyevin böyük xidmətlərinin qiymətləndirilməsi kimi dərin minnətdarlıq hissi ilə qarşılanıb.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli böyük alim Əziz Əliyevi xalqımızın tarixində, tibb elmində böyük rolu olan nadir şəxsiyyət adlandırıb. Bildirilib ki, dünyada elə insanlar var ki, onlar təmsil etdikləri millətin, dövlətin həyatında böyük iz qoyurlar. Əziz Əliyev məhz belə insanlardan idi. Əziz Əliyevin həyat və fəaliyyəti barədə danışmaq həm asan və eyni zamanda, çətindir. Tarixin heç də asan olmayan dövründə çalışan bu ləyaqətli insan hər işi şərəflə, peşəkarlıqla, vətənpərvərliklə yerinə yetirib.

Rektor Tibb Universitetinin fəaliyyətində danılmaz rolu olan görkəmli alimin Azərbaycan səhiyyəsi üçün peşəkar kadrlar yetişdirdiyini bildirib. Qeyd edilib ki, bu universitetə rəhbərlik etdiyi illərdə Əziz Əliyev ali təhsil müəssisəsinin işini daha da təkmilləşdirib. Həmin illərdə Tibb Universiteti üçün Azərbaycan dilində çoxlu sayda kitab yazılıb. Əziz Əliyev səhiyyənin maddi-texniki bazasının təkmilləşdirilməsinə, peşəkar kadrların hazırlanmasına böyük önəm verib. Həmçinin ATU-nun kitabxanası da  professor Əziz Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılıb. Hazırda bu kitabxana bir milyona qədər adda tibbi ədəbiyyata malikdir.

G.Gəraybəyli qeyd edib ki, o, bu günlərdə Dağıstanda olub və orada elmin və təhsil sisteminin inkişafının banisi sayılan Əziz Əliyevin yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini bildirdi.

Əziz Əliyevlə bağlı xatirələrini bölüşən M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev alimin həm dövlət işində, həm də elmdə qazandığı uğurlardan danışıb. Akademik bu böyük şəxsiyyətin onun yaddaşında sadəliyi və qayğıkeşliyi ilə qaldığını vurğulayıb. Bildirilib ki, onun Azərbaycan xalqı qarşısındakı xidmətləri xalqın yaddaşında daim yaşayacaq və yad olunacaq. İnsanın varlığının sirri onun mənalı yaşamasındadır deyən akademik Əziz Əliyevin dünya gözəlliklərini və xoşbəxtliyini xalqa olan sevgisində və xidmətində gördüyünü qeyd edib. İllərin insan yaddaşına hakim olmadığını deyən B.Ağayev Əziz Əliyevin dünyasını dəyişdiyi vaxtdan uzun illərin ötməsinə baxmayaraq, onun əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını vurğulayıb.

Əziz Əliyevin Dağıstan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışan Dağıstan Dövlət Tibb Universitetinin prorektoru Ruslan Şahbanov təmsil etdiyi universitetin rektoru professor Süleyman Mammayevin konfrans iştirakçılarına məktubunu səsləndirib.

Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev ailə üzvləri adından atasına göstərilən diqqətə görə dövlət başçısına və tibb ictimaiyyətinə öz minnətdarlığını bildirib. 

Sonra konfrans iştirakçılarına Əziz Əliyevin həyat, ictimai və elmi fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Konfrans öz işini institut alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən çıxışları ilə davam etdirdi. Təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələr dinlənildi.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyev “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən keçirilib.

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ordunun döyüş hazırlığının yüksəldilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Silahlı Qüvvələrin Ali Baş Komandanının Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ordunun keçən ilin aprel ayında keçirdiyi əks-həmlə əməliyyatına və ümumilikdə fəaliyyətinə yüksək qiymət verməsi şəxsi heyəti yeni uğurlara sövq edir.

Dövlət başçısının Ordumuzun nailiyyətləri haqqında söylədiyi xoş sözlər və göstərdiyi yüksək diqqətin nəticəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlər hərbi qulluqçular tərəfindən rəğbətlə qarşılanır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada inşa edilmiş daha bir yeni hərbi şəhərciyin açılışında iştirak edərək qərargah, əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, klub, hamam-camaşırxana, qazanxana kompleksi, sıra meydanı və digər obyektlər ilə tanış olublar.

Bildirilib ki, tikintisi 2014-cü ilin iyun ayında başlanan hərbi şəhərcik 35 hektar ərazidə yerləşir. Hərbi hissənin qərargah binası müasir səviyyədə inşa edilib. Burada hərbi hissə növbətçisi, istirahət, qonaq və digər xidməti otaqlar var.

Şəxsi heyətin uzunmüddətli yerləşməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət 9 əsgər yataqxanası tikilib. Burada ideoloji otaq, dəftərxana və digər inzibati otaqlar yaradılıb.

Ailəli və subay hərbi qulluqçular üçün təmirli və kommunikasiya xətləri çəkilmiş iki və üçotaqlı mənzillərdən ibarət 5 yaşayış binası inşa edilib. Mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub.

Hərbi qulluqçulara ixtisaslı tibbi yardımın göstərilməsi üçün müasir avadanlıqla təchiz edilmiş 30 çarpayılıq tibb məntəqəsi də tikilib.

Şəxsi heyətin dolğun qidalanması üçün mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları olan geniş yeməkxana da istismara verilib. Yeməkxana kompleksində çörək və şirniyyat məmulatlarının bişirilməsi sexi də fəaliyyət göstərir.

Hərbi hissədə qarovul xidmətinin təşkili və aparılması məqsədilə qarovul evi də inşa edilib.

Şəhərcikdə müasir avadanlığın quraşdırıldığı hamam-camaşırxana və qazanxana kompleksi fəaliyyət göstərir. Burada bir buxar qazanxanası, iki transformator yarımstansiyası da istifadəyə verilib. Ərazidə hər birinin həcmi 500 kubmetr olan 2 su anbarı da yaradılıb.

Bundan başqa, hərbi hissənin ərazisində 600 yerlik klub və idman şəhərciyi də istifadəyə verilib.

Hərbi şəhərcikdəki şəraitlə tanışlıqdan sonra Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

Fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Gənclər və İdman Nazirliyinin kollektivi və gənclər təşkilatlarının nümayəndələri Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər və əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn gənclər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Gənclər və idman naziri Azad Rəhimov Fəxri xiyabanda jurnalistlərə müsahibəsində deyib ki, fevralın 2-si bütün gənclərin bayramıdır. Ən sevimli məqam odur ki, bu gün Gənclər Gününün 20 ili tamam olur. Bu müddət ərzində çoxlu işlər görülüb. Hər il bir çox tədbirlər həyata keçirilib. Ötən il gənclər siyasəti və proqramı ilə bağlı 150-dən çox tədbir keçirilib ki, onların 30-u beynəlxalq tədbirdir. Biz dünyaya gənclər siyasəti ilə bağlı yeni model təqdim etmişik. Ötən gün Birləşmiş Millətlər Təşkilatının Gənclər Forumunda bu istiqamətdə hansı işlərin görülməsi barədə ətraflı məlumat verdik.

A.Rəhimov bildirib: “Biz daim çalışırıq ki, ətrafımızda daha çox gənclər birləşsin. Hazırda 300-dən çox qeyri-hökumət gənclər təşkilatı fəaliyyət göstərir, çoxlu layihələr dəstəklənir. Ən böyük mükafatımız isə odur ki, Prezident İlham Əliyev tərəfindən 2014-cü ildən etibarən gənclər mükafatı təsis olunub. Həmin ildən bu mükafat hər bir fəal dörd gəncə təqdim olunur və bu gün də təqdim olunacaq. Bunlar bizim gəncləri ruhlandırır, onları böyük işlərə cəlb edir. Biz çalışırıq ki, həmişə bu işlərə dəstək verək, gənclərlə bir yerdə olaq, onların bütün ideya və layihələrini həyata keçirməyə kömək edək”.

 

AZƏRTAC

Published in Digər xəbərlər

Fevralın 2-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) birgə təşkilatçılığı ilə, Gənclər Gününə həsr edilmiş “Gəncliyin səsi” incəsənət festivalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar gün münasibətilə gəncləri təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən başlayaraq fevralın 2-si Gənclər Günü kimi qeyd edilir.

Nazir diqqətə çatdırıb ki, gənclər günü ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Hər ilin sonunda il ərzində görülən işlərə nəzər salınır, gənclərin həyata keçirdiyi layihələr təhlil olunur, dəyərli layihələrə gənclər cəlb edilirlər. Ölkəmizdə dövlət siyasətinin ən böyük prioritetlərindən birinin gənclərin inkişafı olduğunu vurğulayan nazir bildirib ki, Ulu Öndər tərəfindən təsis olunan bu gün ildən-ilə daha geniş qeyd edilir.

Mədəniyyət və incəsənətin inkişafını gəncliyin baxışından kənarda təsəvvür etməyin mümkünsüzlüyünü söyləyən Ə.Qarayev “Gəncliyin səsi” incəsənət festivalının keçən il ilk dəfə təşəbbüs kimi irəli sürüldüyünü və böyük marağa səbəb olduğunu söyləyib. Bildirilib ki, bir neçə gün davam edəcək festival çərçivəsində paytaxtla yanaşı, bir sıra bölgələrdə də mədəniyyətin müxtəlif sahələrini əhatə edəcək tədbirlər keçiriləcək. Festivala Prezident təqaüdçülərinin konserti ilə start veriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov gəncləri təbrik edib, bu günün qeyd olunması ilə gənclərin cəmiyyətdə xüsusi rolunun vurğulandığını söyləyib. Könüllülük fəaliyyəti barədə danışan İ.Kərimov bu fəaliyyətin inkişafın simvollarından biri olduğunu deyib. Bildirilib ki, ASAN könüllülərin sayəsində ölkədəki könüllülük fəaliyyətinə yeni təravət gəlib. On min gəncdən ibarət ASAN könüllülər hərəkatı bir çox layihələr həyata keçirib. Bunlardan ən yaddaqalanları mədəniyyət sahəsində olan layihələrdir. İ.Kərimov rəhbərlik etdiyi qurumun “Gəncliyin səsi” incəsənət festivalına öz töhfələrini verməyə hazır olduğunu deyib.

Daha sonra Prezident təqaüdçüləri konsert proqramı ilə çıxış ediblər. Muğam Mərkəzinin foyesində gənc istedadların əsərlərindən ibarət rəsm sərgisi təşkil edilib. Əsərləri nümayiş olunan gənc rəssamlara diplomlar verilib.

Qeyd edək ki, festival çərçivəsində gənc Prezident təqaüdçülərinin konserti, gənc rəssamların sərgisi, gənc yazarlarla görüş, gənc rejissorların filmlərinin nümayişi, Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin təqdimatında Əli Əmirlinin “7 məhbusə” tamaşasının premyerası, Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllülərinin həvəskar tamaşasının premyerası, Sabirabad və ətraf rayon gənclərinin və ASAN könüllülərinin iştirakı ilə konsert və Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin konsertinin keçirilməsi nəzərdə tutulur.

Fevralın 6-dək davam edəcək festivalın tədbirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Kitabxana, Sumqayıt Dövlət Dram Teatrı, Masallı rayon “ASAN həyat” kompleksi və Sabirabad rayon mədəniyyət mərkəzində təşkil olunacaq.

 

AZƏRTAC

 

 

 

Published in Mədəniyyət

Prezident İlham Əliyevin 2017-ci il 27 yanvar tarixli Sərəncamı ilə mükafatlandırılan gənclərə gənclər üçün Prezident mükafatları təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov əlamətdar gün münasibətilə gəncləri təbrik edib. Bildirib ki, bu gün gənclər üçün böyük bir bayramdır. Bu il Azərbaycanda Gənclər Gününün qeyd olunmasının iyirminci ildönümüdür. Bu, böyük yoldur. Biz bu müddət ərzində çox işlər görmüşük. Azərbaycan gənclər siyasəti sahəsində dünyəvi bir model yaradıb və bu model dünya ölkələrində, beynəlxalq təşkilatlarda qəbul olunur. Gənclər Prezidentin ətrafında birləşiblər və parlaq Azərbaycan naminə çalışırlar. Bizim gəncliyimiz həmişə öndə olacaq, ulu öndər Heydər Əliyevin ideyaları həyata keçəcək.

Nazir qeyd edib ki, iyirmi bir il əvvəl məhz bu tarixdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanda gənclərin birinci forumu keçirilib. Bununla da Ulu Öndər gəncləri ölkənin həyatında, dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında fəal iştiraka çağırıb, onların rolunu xüsusi vurğulayıb. Azərbaycan gəncliyi ötən illər ərzində Ulu Öndərin bu çağırışına layiq olmağa çalışıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə inkişaf edir. Azərbaycanda gənclər siyasəti dünyada nümunəvi forma yaradıb.

Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının 2016-cı ildə də yüksək səviyyədə davam etdirildiyini, gənclərimizin beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayan nazir ötən il ümumilikdə gənclərlə iş sahəsində 150 tədbirin keçirildiyini bildirib. Əlavə edib ki, onlardan 120-si yerli, 30-u isə beynəlxalq səviyyəli olub.

 

 

Tədbirdə, həmçinin uğur qazanan istedadlı və yaradıcı gənclər mükafatlandırılıb. Bu il dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə fərqlənmiş, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə yüksək nəticə göstərmiş 28 yaradıcı və istedadlı gənc Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb. Bundan əlavə, keçənilki uğurlu fəaliyyətlərinə görə Gənclər Günü münasibətilə bir sıra gənclər təşkilatları və tələbə gənclər təşkilatı da təltif olunub.

Tədbirdə Balakən rayonunun 2017-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi elan olunub. Bildirilib ki, www.genclerpaytaxti.az saytında keçirilmiş onlayn səsvermədə 57 mindən çox şəxs iştirak edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev şəhərin rəmzi açarını Balakən rayon gənclər və idman idarəsinin rəisinə təqdim edib.

Tədbir bədii hissə ilə davam edib.

 

AZƏRTAC

Published in Sosial həyat
1 -dən səhifə 2