XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə axşamı, 02 Fevral 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) idarə heyətinin sədri Frederik Reynfeldti qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədri Frederik Reynfeldtin Azərbaycana səfərinin ölkəmiz ilə bu qurum arasında əməkdaşlıq məsələlərinin geniş müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi, Azərbaycanın bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Londonda keçirilən ilk iclasında iştirak etdiyini məmnunluqla xatırladı. Dövlətimizin başçısı belə bir məqamı vurğuladı ki, ölkəmiz bu prosesə qoşulmağa neft sektorundan əhəmiyyətli maliyyə vəsaiti daxil olmazdan hələ illər öncə qərar vermişdi. Prezident İlham Əliyev o dövrdə təcrübənin öyrənilməsi məqsədilə Azərbaycandan  suveren fondları olan ölkələrə nümayəndə heyətlərinin göndərildiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan Dövlət Neft Fondunun “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə 2007-ci il üçün “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görüldüyünü məmnunluqla qeyd etdi.

Frederik Reynfeldt  Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə ilk qoşulan ölkələrdən biri olduğunu, bu qurumla uzun illər əməkdaşlıq etdiyini və həmin sahədə böyük nailiyyətlər qazandığını vurğuladı. Qonaq ölkəmiz tərəfindən açıqlanan hesabatların bu qurumun tələblərinə uyğun olduğunu qeyd etdi.   

Görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü ilə əməkdaşlığın davam etdirilməsinə sadiq olması bir daha vurğulandı, ölkəmizin gələcəkdə bu qurumda tam hüquqlu üzv statusunun bərpa olunması üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

 

AZƏRTAC

 

 

 

Published in Siyasət

“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 3, maddə 195; 2005, N 11, maddə 1049; 2009, N 9, maddə 713; 2013,  N 7, maddə 822; 2015, N 2, maddə 146; 2016, N 4, maddə 711, N 10, maddə 1653) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının vergilər naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının vergilər naziri

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 7, maddə 476; 2005, N 2, maddə 71; 2007, N 4, maddə 323; 2008, N 5, maddə 372; 2014, N 7, maddə 806, N 10, maddə 1174) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatı” hissəsinin beşinci bəndində “aparatının Baş idarə rəisi” sözləri “aparatında departamentin baş direktoru” sözləri ilə əvəz edilsin;

1.2. “Vergilər Nazirliyinin sisteminə daxil olan vergi orqanları və təşkilatları” hissəsinin ikinci bəndində “Departament rəisi” sözləri “Departamentin baş direktoru” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 fevral 2017-ci il.

 

 

 

Published in Fərman

“Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1052 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Kommersiya (vergi) sirri hesab olu

nan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1052 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 10, maddə 1611) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissədə “Kommersiya (vergi)” sözləri “Kommersiya və (və ya) vergi” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 fevral 2017-ci il.

 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 1 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

Kommersiya və (və ya) vergi sirri hesab olunan

məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı

1. Azərbaycan Respublikasının vergilər naziri

2. Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

3. Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru

6. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru

7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru

8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru

9. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru

10. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru

11. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru

12. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru

13. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında departamentlərin və ərazi vergilər departamentlərinin baş direktorları

14. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin baş direktorları

15. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi.

 

 

 

Published in Fərman

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 956 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 10, maddə 561; 2014, N 7, maddə 792) ilə təsdiq edilmiş “Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2.1-ci yarımbənddə “rəisi və rəis müavinləri” sözləri “baş direktoru və onun müavinləri” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 1.2.4-1-ci yarımbənd əlavə edilsin:

“1.2.4-1. kriminalistika və uçot bölməsinin rəisi;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 fevral 2017-ci il.

 

 

 

Published in Fərman

Fevralın 1-də Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov sessiyanı açıq elan edib.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Milli Məclisin sədri bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi islahatları dəstəkləmək üçün parlament ötən sessiyada da öz öhdəsinə düşən vəzifələri uğurla həyata keçirib. “Ötən sessiyada Vergi və Gömrük məcəllələrinə, Mülki Məcəlləyə, “Büdcə sistemi haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Elektron ticarət haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və digər qanunlara çoxsaylı dəyişikliklər edilib, “Kredit büroları haqqında” və başqa qanunlar qəbul olunub. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər nəticəsində genişmiqyaslı islahatlar ən yaxın zamanda müsbət nəticələrini verəcək”, - deyə Oqtay Əsədov vurğulayıb.
Sədr bildirib ki, yaz sessiyasının qanunvericilik işləri planı hazırlanıb və iclasda müzakirə ediləcək. Bu sessiyada digər qanun layihələrinin müzakirəsi ilə yanaşı, Konstitusiyada nəzərdə tutulduğu kimi, Hökumətin hesabatı da dinləniləcək. Bundan əlavə, 2016-cı ilin dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin müzakirəsinə çıxarılacaq. Yaz sessiyasının iclaslarında Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik məruzələri də Milli Məclisdə dinləniləcək.
Sədr parlamentin yaz sessiyasının da uğurlu keçəcəyinə əminliyini ifadə edib.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.
Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında məsələlər səsə qoyularaq təsdiqlənib. Milli Məclisin deputatı Ağacan Abıyev İntizam komissiyasının, deputat Fəttah Heydərov isə Hesablayıcı komissiyanın sədri seçiliblər.
Sonra Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunub. Deputatların işlər planı barədə qeyd və təklifləri dinlənildikdən sonra sənəd səsə qoyularaq qəbul olunub.
Deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” və “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında” sazişləri təsdiq ediblər.
Sonra Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, gündəlikdə olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”nə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə təklif olunan dəyişikliklərə görə, qanun layihələrinin müvafiq maddələrində yer alan “müdafiə nazirinin”, “Müdafiə Nazirliyi”, “milli təhlükəsizlik naziri və daxili işlər nazirləri” və “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “müvafiq icra hakimiyyəti orqanı rəhbərinin”, “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəzlənir. Dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanına müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması ilə əlaqədar mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır.
Diqqətə çatdırılıb ki, eyni məqsədlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə də müvafiq dəyişikliklər təklif edilir. Dəyişikliyə görə, zabit heyəti vəzifələrini tutmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxsləri həqiqi hərbi xidmətə qəbul edərkən onlara yenidən attestasiya edilmə qaydasında, lakin tutduğu vəzifə və rütbəsi nəzərə alınmaqla təyin olunacaqları vəzifə üzrə nəzərdə tutulmuş hərbi rütbədən yuxarı olmayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti rütbəsi veriləcək.
Hər üç qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edilib.
“İnformasiya əldə etmək haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib. Bildirib ki, bu dəyişikliklərin məqsədi publik hüquqi şəxslərin informasiya əldə edilməsi sahəsində fəaliyyətinin tənzimlənməsindən ibarətdir.
Sonra təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiqlənib.
Fasilədən sonra deputatlar Cinayət, İnzibati Xətalar və Gömrük məcəllələrinə, “Müflisləşmə və iflas haqqında”, “Mühasibat uçotu haqqında”, “Reklam haqqında”, “Qrant haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Aviasiya haqqında”, “Gömrük tarifi haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunlara, o cümlədən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na təklif olunan dəyişiklikləri müzakirə ediblər. Dəyişikliklərin mahiyyəti barədə məlumat verən iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev diqqətə çatdırıblar ki, qanunlara edilən bu dəyişikliklər qanunvericiliyin daha da təkmilləşdirilməsinə xidmət edir.
Müzakirələrdən sonra təklif olunan bütün dəyişikliklər səsə qoyularaq qəbul olunub.
Bununla da Milli Məclisin yaz sessiyasında ilk plenar iclası başa çatıb.
AZƏRTAC

 

 

 

Published in Siyasət

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığında səfərdədir. 

AZƏRTAC SPA agentliyinə istinadla xəbər verir ki, Ər-Riyadın Kral Xalid Beynəlxalq Aeroportunda Prezidentin köməkçisi Əli Həsənovu Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Adel bin Zaid Altoraifi qarşılayıb.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında media sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılacaq.

AZƏRTAC

 

 

 

Published in Siyasət

Azərbaycan Dünya İqtisadi Forumunun 2017-ci il üzrə inklüziv artım və inkişaf hesabatında inkişaf edən ölkələr arasında ikinci yerə yüksəlib.

AZƏRTAC xəbər verir ki, Dünya İqtisadi Forumunun saytında yerləşdirilmiş hesabatda 79 ölkənin reytinqi əks olunub. Litva və Azərbaycan 4,73 balla inklüziv inkişaf indeksi üzrə birinci və ikinci yerlərdə qərarlaşıb.

Azərbaycan bu göstəriciyə görə Şərqi Avropanın və Cənubi Amerikanın bir sıra ölkələrini, həmçinin Rusiya, Çin, Türkiyə, Qazaxıstan, İran və digər ölkələri qabaqlayır.

Hesabatda inklüziv inkişaf indeksinə görə ölkələr beş kateqoriya üzrə bölünüb. Azərbaycan stabil ölkələr siyahısında yer alıb. 

İnkişaf etmiş ölkələr üzrə reytinqə isə Norveç başçılıq edir. İlk beşliyə Lüksemburq, İsveçrə, İslandiya və Danimarka daxildir.

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyinin və Tolerantlıq Mərkəzinin banisi, Rusiya Federasiyası İctimai Palatasının üzvü Aleksandr Boroda AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafı barədə söhbət açıb, dünyada multikultural dəyərlərin təbliğinə Azərbaycanın verdiyi töhfələri yüksək qiymətləndirib.

 

–Aleksandr Moiseyeviç, siz Azərbaycan ilə İsrail arasında indiki münasibətləri və onların gələcək inkişafını necə təsəvvür edirsiniz?

–Azərbaycan İsrail ilə diplomatik münasibətləri inkişaf etdirən az sayda müsəlman dövlətlərindən biridir. Hazırda ölkələrimiz arasında münasibətlər çox səmərəli və qarşılıqlı faydalı şəkildə inkişaf edir. Bu, ən müxtəlif sahələrə - siyasət, sənaye, mədəniyyət və bir sıra başqa sahələrə aiddir.

Məlumdur ki, İsrailin neftə tələbatının 40 faizdən çox hissəsini Azərbaycan ödəyir. İsrail də öz növbəsində Azərbaycana hərbi texnika göndərir.

İsrailin və Azərbaycanın rəsmi şəxsləri qarşılıqlı səfərlər edirlər. İsraildə “Azİz” beynəlxalq İsrail-Azərbaycan Assosiasiyası, İsrail Azərbaycanlılar Konqresi və İsraildə Azərbaycan diasporunun Əlaqələndirmə Şurası fəaliyyət göstərir, Knessetdə isə hazırda müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi “İsrail-Azərbaycan” deputat qrupu mövcuddur.

–2016-cı il Azərbaycanda multikulturalizm devizi altında keçib. 2017-ci il isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilib. Siz dünyada multikultural münasibətlərin inkişafına Azərbaycanın töhfəsini necə qiymətləndirirsiniz?

–Şübhəsiz, Azərbaycan bütün dünyada, o cümlədən Rusiyada da multikultural münasibətlərin inkişafına böyük töhfə verir. Azərbaycan müsəlman ölkəsinin gözəl nümunəsidir. O, İslam dininin xeyirxah, sülhsevər din olmasını bütün dünyaya göstərır və İslamın guya radikal inam olması barədə yayılmış stereotipləri alt-üst edir. Bu ölkədə milli azlıqların dəstəklənməsi siyasəti, o cümlədən dini icmaların maliyyələşdirilməsi proqramı həyata keçirilir.

Azərbaycanda müxtəlif millətlərin və konfessiyaların nümayəndələri yaşayır, bu ölkədə çoxsaylı Yəhudi İcması mövcuddur. Azərbaycan Yəhudi İcmasının fəaliyyəti “icma həyatı” hüdudlarını çoxdan aşıb. Bu gün o, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edir, məsələn yerli hakimiyyət orqanları və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil edilən dinlərarası tədbirləri dəstəkləyir. Deputat Yevda Abramov bu icmanı ölkə parlamentində təmsil edir.

 

AZƏRTAC

 

 

 

Published in Müsahibələr

Azərbaycan Prezidenti İlham Əliyevin “İslam Həmrəyliyi İli” təşəbbüsü zərurətdən irəli gəlib və qarşıya qoyulmuş hədəfə çatmaq üçün bu, hamının, o cümlədən hökumətin, vətəndaş cəmiyyəti təşkilatlarının, KİV-lərin diqqət mərkəzində saxlanmalıdır. Hamı əmin olmalıdır ki, bu şüar istər daxili, istərsə də beynəlxalq səviyyədə əhəmiyyətlidir və faydalıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Misirin Azərbaycandakı səfiri Suzan Cəmil Nuh söyləyib.

Səfir qeyd edib ki, Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etmişdi. Bu təşəbbüs olduqca uğurlu idi.

Ərazisində mövcud olan milli, etnik və dini azlıqların birgəyaşayışı üzərində qurulan cəmiyyətlər bütün elmi, iqtisadi, mədəni və sosial səviyyələrdə inkişaf və tərəqqiyə uğurla nail olurlar. Multikulturalizmə çağırış həm də cəmiyyətlərin və xalqların inkişafına çağırışdır.

Diplomat diqqətə çatdırıb ki, Prezident Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi ötənilki şüarla sıx şəkildə bağlıdır. Multikulturalizm də öz məsuliyyətini dərk edən və onu daşımağa qadir olan cəmiyyətlərin yaranmasına və mövcud olmasına yaxından töhfə verir. Səbəb isə budur ki, burada da hamı həmrəylik ideyasını, istər milli, istərsə də ideoloji müstəvidə mənimsəyir. Bunu İslam həmrəyliyi ideyası haqqında da demək olar.

Həqiqət budur ki, beynəlxalq çağırışlar, zorakılıq və terror hadisələrinin yayılması, bu terrorun bəzi beyinlərdə İslamla əlaqələndirilməsi, bu dinə zorakılıq mənbəyi, ekstremizmə sövq edən din kimi baxılması kimi halların fonunda İslam dünyası, doğrudan da bu həmrəyliyə möhtacdır. Elə bu çağırışlara sinə gərmək üçün həmrəylikdən zərurət kimi danışmaq lazımdır. İslam ölkələri bu çağırışların qarşısında birgə durmaq üçün bütün lazımı tədbirləri görməlidir.

İslam ölkələri İslam dininin mötədilliyinə və tolerantlığına diqqətlərini daha çox yönəltməlidir. İslam zorakılığı və fikri zorla başqasına qəbul etdirməyi, məcburiyyəti rədd edir, cəmiyyətin fərqli etiqadlı bütün üzvləri arasında birgəyaşayışı təmin edir. Bu ölkələrin nümayəndələri elmi forumlar, konfranslar vasitəsilə, müxtəlif KİV-lərdə Quran ayələrindən, Məhəmməd (s) peyğəmbərin həyat yolundan misallar gətirməlidirlər. Belə ki, məhz bu misallarda “dində zor yoxdur”, “birini haqsız öldürən kəs bütün insanları öldürmüş kimidir” fikirləri öz əksini tapır. Bütün bu ayələr, hikmətlər əxlaqın gözəlliyinə dəvət edir. Dinin əsası elə xoş davranışdır. İbadətlər isə insanla Rəbbi arasında şəxsi məsələdir, üçüncü tərəfə aid deyil.

 

AZƏRTAC

 

 

 

Published in Müsahibələr
1 -dən səhifə 2