XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə, 15 Fevral 2017

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” sözlərindən sonra “(fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla)” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 1-1-ci, 1-2-ci və 1-3-cü hissələr əlavə edilsin:

“1-1. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.

1-2. Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilsin.

1-3. Bu Fərmanın 1-1-ci və 1-2-ci hissələrində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20,0 (iyirmi) manat məbləğində müəyyən edilsin”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limiti üç gün müddətində müəyyən etsin;

2.2. bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulan yerlərin qazlaşdırılması ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi:

3.1. fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sayını, məskunlaşma yerlərini və adlı siyahılarını aidiyyəti şəhər (rayon) icra hakimiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə müəyyən etsin;

3.2. bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların mərkəzləşmiş qaydada birbaşa “Azəriqaz” İstehsalat Birliyinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə və məişət tullantılarının daşınmasını həyata keçirən müvafiq xidmət təşkilatlarına ödənilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 14 fevral 2017-ci il.

 

 

 

Published in Fərman

Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 13 fevral 2017-ci il.

 

 

 

Published in Məktublar

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 7, maddə 599; 2010, N 4, maddə 276, N 10, maddə 841; 2013, N 11, maddə 1302; 2014, N 4, maddə 342; 2015, N 8, maddə 903, N 12, maddə 1439; 2016, N 2, II kitab, maddə 221)  27.3-cü maddənin birinci cümləsində “sərnişin avtonəqliyyat vasitələrinin sürücüləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına” sözləri “avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə” sözləri ilə, “sərnişin daşımalarını” sözləri “yük və sərnişin daşımalarını” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 dekabr 2016-cı il.

 

 

 

Published in Qanun

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli   469-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2017-ci il.

 

 

 

Published in Fərman

Daşkənddəki kultura.uz portalı Azərbaycana turist axını ilə bağlı rus dilində material verib.

Məqalədə vurğulanır ki, turizm üzrə Trip Advisor beynəlxalq axtariş portalı Azərbaycan paytaxtını 2017-ci ildə turistlər üçün 10 cəlbedici məkan sırasına daxil edib. Deyilir ki, 2016-cı ildə Azərbaycana 2,5 milyon turist gəlib, bu isə 2015-ci illə müqayisədə təxminən 12 faiz çoxdur.

Gələn turistlər əsasən Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları olub. 

Bir sıra ölkələr üçün viza rejiminin asanlaşdırılması, yəni aeroportda verilməsi Yaponiya, Malayziya, Sinqapur, Səudiyyə Ərəbistanı, Oman, Çin, Koreya Respublikası, Küveyt, Bəhreyn və digər ölkələrdən Azərbaycana gələn turistlərin sayını nəzərəçarpacaq dərəcədə artırıb. 

Yazıda bildirilir ki, ötən il Azərbaycana Rusiyadan 740 min turist gəlib.

Materialda Heydər Əliyev Beynəlxalq Aeroportunun iş qrafiki haqqında məlumat verilir, ötən il hava limanının 3,26 milyon sərnişinə xidmət etdiyi qeyd olunur və bu, Azərbaycanın mülki aviasiya tarixində ən böyük göstərici kimi dəyərləndirilir. 

AZƏRTAC

 

 

 

Published in Dünya bu gün

Fevralın 14-də Milli Məclisin spikeri Oqtay Əsədovun sədrliyi ilə yaz sessiyasının növbəti plenar iclası keçirildi.

AZƏRTAC xəbər verir ki, 6 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra deputatlar beynəlxalq aləmdə cərəyan edən siyasi hadisələrə, günün aktual məsələlərinə dair rəy və təkliflərini bildirdilər.

Plenar iclasda öncə “Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında” məsələyə baxıldı. Parlamentin Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq deputat Jalə Əliyeva əmək və sosial siyasət komitəsinin üzvü seçildi.

Sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. 2016-cı il üzrə hesabatı təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov qeyd etdi ki, ötən il digər qurumlar kimi, bələdiyyələr də ölkəmizdə geniş vüsət alan quruculuq işlərində, sosial, iqtisadi və ekoloji layihələrin reallaşmasında, regional inkişaf proqramlarının həyata keçirilməsində yaxından iştirak ediblər. Dövlət başçısının fərman və sərəncamları ilə təsdiq edilmiş bir sıra sənədlər, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanunun qəbulu bələdiyyələrin iqtisadi potensialından səmərəli istifadə olunmasına şərait yaradıb, Bakı şəhərində ərazi planlaşdırılması və torpaqlardan istifadənin səmərəli təşkili işində bələdiyyələrin təkmilləşməsinə təkan verib, bələdiyyələrdə etik davranışın yaxşılaşdırılmasında, bələdiyyə üzvləri və qulluqçularının peşəkarlığının yüksəldilməsində əhəmiyyətli rol oynayıb. Ölkə həyatının ən önəmli siyasi hadisəsi olan 26 sentyabr tarixli referendumda Konstitusiyanın 146-cı maddəsinə edilmiş əlavə yerli özünüidarəetmədə qanunçuluğun təmin olunmasına xidmət edib.

Deputatlara məlumat verildi ki, 2016-cı ildə Azərbaycan Ədliyyə Nazirliyində 62 min 228 bələdiyyə aktı, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində isə 2 min 257 bələdiyyə aktı ekspertizadan keçirilib.

Ötən il bələdiyyə mülkiyyətinə qaytarılan torpaqların həcmi 2015-ci illə müqayisədə 6 dəfə artıb. Belə ki, il ərzində bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 8 min 359  hektara yaxın torpaq sahəsi geri qaytarılıb ki, bunun da 7 min 816 hektarı qanunsuz icarəyə, 205 hektarı isə qanunsuz xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqlar olub.

İnzibati nəzarət icraatı qaydasında fəaliyyəti araşdırılan 27 bələdiyyədən 18-də ciddi qanun pozuntuları aşkar edilib, hüquqi qiymət verilməsi üçün materiallar prokurorluq orqanlarına göndərilib. İstintaq orqanları tərəfindən 12 fakt üzrə cinayət işi başlanılıb, 1 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb. İnzibati araşdırma materialları əsasən torpaq qanunvericiliyinin pozulması və maliyyə vəsaitinin qanunsuz xərclənməsi ilə bağlı olub.

Ədliyyə Nazirliyi maarifləndirmə işini diqqət mərkəzində saxlayıb. İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu, yerli özünüidarəetmədə şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, bələdiyyə qulluqçularının etik davranış qaydalarına dair qanundan irəli gələn vəzifələr, vətəndaşların müraciətləri üzrə kargüzarlığın təşkili və digər mövzular üzrə  maarifləndirici tədbirlər keçirilib. Bütövlükdə, ölkə üzrə 190 seminar, 19 təlim və 25 kurs təşkil edilib. Həmin tədbirlərə 12 minədək bələdiyyə üzvü və qulluqçusu cəlb olunub. Maarifçilik tədbirlərində bələdiyyələrin milli assosiasiyaları da fəal iştirak ediblər.

Bildirildi ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılıb, Ədliyyə Nazirliyinin yerlərdə keçirdiyi səyyar qəbullar və virtual videoqəbullar müsbət nəticələr verib.

Çıxışının yekununda Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılmasında Milli Məclisin qəbul etdiyi qanunların əhəmiyyətini xüsusi vurğulayaraq qanunvericiliklə bağlı bəzi təkliflərini də parlamentin diqqətinə çatdırdı.

Sonra iclasda regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə illik məruzəyə dair fikirlərini açıqladı. Müzakirə zamanı deputatlar Fazil Mustafa, Elmira Axundova, Əli Məsimli, Siyavuş Novruzov, Fərəc Quliyev, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Çingiz Qənizadə, Kamran Bayramov, Fəzail İbrahimli və Adil Əliyev illik məruzəni və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2016-cı ildə gördüyü işləri müsbət dəyərləndirdilər. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflərini nəzərə çatdırdılar.

Sonra ədliyyə nazirinin müavini səslənmiş fikirlərə münasibət bildirdi, deputatların təkliflərinin gələcək fəaliyyətdə nəzərə alınacağını qeyd etdi, sualları cavablandırdı.

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi qəbul edildi.

Fasilədən sonra aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov parlamentə məlumat verdi ki, ölkədə sahibkarlığın inkişafı ilə əlaqədar meşə  fondu torpaqlarından daha səmərəli istifadə edilməsi məqsədilə Meşə Məcəlləsinin 22-ci maddəsinə dəyişiklik edilir, həmin torpaqların icarəçiyə verilmə müddəti bir ildən 49 ilədək artırılır.

Deputatlar bu dəyişikliyi məqsədəuyğun saydılar.

Növbəti qanun layihəsini təqdim edən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirdi ki, səlahiyyətli vəzifəli şəxslərin inzibati xətalar üzrə icraat apararkən yol verdikləri müddət pozuntularının qarşısının alınmasında tətbiq olunan hazırkı cərimələr kifayət etmir. Bunu nəzərə alaraq qanunvericilikdə dəyişiklik aparılması və həmin pozuntuya yol vermiş şəxslərin daxili nəzarət qaydasında, habelə prokurorluq orqanlarının məlumatı əsasında intizam məsuliyyətinə cəlb edilməsi məqsədəuyğun sayılıb.

Milli Məclis İnzibati Xətalar Məcəlləsinin 596-cı maddəsinə təklif olunan bu dəyişikliyə razılıq verdi.

İclasda Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ikinci oxunuşda müzakirəyə çıxarılmış “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsini təqdim etdi. Birinci oxunuşdan sonra layihənin təkmilləşdirilmiş variantı barədə ətraflı məlumat verdi.

Qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edildi və müzakirəyə başlandı. Deputatlar Fazil Mustafa, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Əflatun Amaşov, Elmira Axundova, Xanhüseyn Kazımlı, Azay Quliyev, Siyavuş Novruzov rəy və təkliflərini bildirdilər. Sənədin mükəmməl hazırlandığı qeyd olundu. Birinci vitse-spiker deputatları narahat edən məqamlara aydınlıq gətirdikdən sonra 5 fəsil, 27 maddədən ibarət qanun layihəsi öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edildi. “Hərbi vəziyyət haqqında” qanun layihəsi üçüncü oxunuşda da səsə qoyularaq qəbul edildi.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ikinci oxunuşda plenar iclasın müzakirəsinə təqdim olunmuş “Məktəbəqədər təhsil haqqında” qanun layihəsini ətraflı şərh etdi. Bildirdi ki, 5 fəsil, 25 maddədən ibarət olan bu qanun layihəsi birinci oxunuşdan sonra deputatların rəy və təklifləri nəzərə alınaraq əsaslı surətdə təkmilləşdirilib.

Məlumat dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edildi və müzakirələr başlandı. Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, deputatlar Məlahət İbrahimqızı, Fazil Mustafa, İlham Əliyev, Azay Quliyev, Fəzail Ağamalı, Hikmət Məmmədov sənədə münasibət bildirdilər, təkliflər irəli sürüldü.

İş günü başa çatdığından qərara alındı ki, “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi növbəti iclasda davam etdirilsin.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

AZƏRTAC

 

 

 

Published in Siyasət

Azərbaycan Respublikasında əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə olunub. Görülmüş tədbirlərin davamı olaraq, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün də əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. Nəzərdə tutulan hədəf ölkədə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini, milli standartların beynəlxalq tələblərə tam uyğunlaşdırılmasını və beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsini zəruri edir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanı bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Fərmana əsasən, ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq Agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək.

Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb.

AZƏRTAC xəbər verir ki, fevralın 14-də Nazirlər Kabinetində Qida Təhlükəsizliyi Komissiyasının ilk iclası keçirilib. İclasda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlər müzakirə olunub.

İclası açan Baş nazirin müavini Əli Əhmədov dövlətimizin başçısının Fərmanında komissiyanın qarşısında mühüm vəzifələr qoyulduğunu bildirib.

Qida təhlükəsizliyinin müasir dünyanın aktual problemlərindən birinə çevrildiyini deyən Əli Əhmədov qeyd edib ki, bəşəriyyətin, insanların sağlamlığı bilavasitə bu problemin uğurlu həllindən asılıdır. Buna görə də bütün dünya, beynəlxalq təşkilatlar, mötəbər beynəlxalq qurumlar, ayrı-ayrı dövlətlər qida təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar böyük proqramlar reallaşdırırlar. Azərbaycanda bu istiqamətdə Prezidentin ayrı-ayrı sərəncamları və göstərişləri əsasında bir sıra mühüm işlər həyata keçirilib. Fevralın 10-da imzalanan Fərman isə Azərbaycanda qida təhlükəsizliyi problemini müasir tələblər səviyyəsində həll etmək üçün ciddi hüquqi baza yaradır və bu əsasda bir çox vacib işlər görülməlidir.

Qida təhlükəsizliyi probleminin çoxaspektli məsələ olduğunu vurğulayan Baş nazirin müavini diqqətə çatdırıb ki, bu, hər şeydən əvvəl sosial problemdir, insan sağlamlığı və bütövlükdə, əhalinin sağlamlığı ilə əlaqədardır. Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasətin təməlində məhz insan amili dayanır. Belə bir Fərmanın imzalanması bütövlükdə, ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas hədəflərinə dair təsəvvürlərimizi daha da genişləndirir. Qida təhlükəsizliyi ilə əlaqədar mexanizmin səmərəli fəaliyyət göstərməsi, norma və normativlərin beynəlxalq standartlara uyğunlaşdırılması dövlətimizin başçısının rəhbərliyi ilə sürətlə inkişaf edən kənd təsərrüfatının ixrac potensialının yüksəlməsinə, artırılmasına bilavasitə müsbət təsir göstərir. Bu, eyni zamanda, iqtisadi aspektli problemdir, insan hüquq və azadlıqları ilə əlaqədar məsələdir. Xüsusilə də istehlakçıların hüquqlarının qorunması ilə bağlıdır. Bütün dünyada aktuallığı getdikcə artan bu problem Azərbaycandan da yan keçmir. Respublikamızın iqtisadi və ticarət əlaqələrinin genişlənməsi, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizin istehlak bazarına ayrı-ayrı ölkələrdən çoxlu qida məhsullarının gətirilməsi ilə müşayiət olunur və belə olan halda daxili bazarın keyfiyyətli ərzaqla təmin olunması, yəni qida təhlükəsizliyi xüsusi əhəmiyyət və aktuallıq kəsb edir. “Dövlətimizin başçısının Fərmanı bu aspektlər baxımından qarşımıza çox mühüm vəzifələr qoyur və əminəm ki, biz bu günə qədər görülən işlərin bazasında həmin vəzifələrin yerinə yetirilməsi istiqamətində ciddi işlər aparacağıq”, - deyə Baş nazirin müavini vurğulayıb.

Sonra iclas işini Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlərin müzakirəsi ilə davam etdirib.

İclasda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, o cümlədən Agentliyin əsasnaməsinin hazırlanması, strukturu və işçilərinin ümumi say həddinin müəyyənləşdirilməsi, maliyyə və əmlak məsələlərinin həlli ilə bağlı təkliflər səsləndirilib, müvafiq qərar qəbul olunub.

 

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Jalə Fazil qızı Əliyeva Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü seçilsin.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O.Əsədov

Bakı şəhəri, 14 fevral 2017-ci il.

 

 

 

Published in Hüquqi aktlar

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 3-cü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev digər sahələrlə yanaşı, müasir standartlara cavab verən qablaşdırmanın təşkili və bu sahədə idxaldan asılılığın azaldılması barədə tapşırıqlar verib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri fevralın 14-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, ölkəmizdə qablaşdırma sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı ilə “İstehsal və emal sahələrinin inkişafında qablaşdırmanın rolu” mövzusunda keçirilən tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Tədbir iştirakçıları əvvəlcə ölkədə qablaşdırma məhsulları istehsal edən 20-yə yaxın şirkətin məhsullarından ibarət sərgi ilə tanış olublar.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, aparılan islahatlar barədə məlumat verib.

Qeyd edilib ki, dövlət başçısı tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayının azaldılması, sahibkarlara investisiya təşviqi sənədinin verilməsi, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi sahəsində mühüm qərarlar qəbul edilib.

Respublikada qablaşdırmanın təşkili, bu sahədə istehsalın artırılması və dövlət dəstəyi tədbirləri barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, qablaşdırma sahəsində müəyyən uğurlarımız olsa da, bu sahənin genişləndirilməsi vacibdir. Qablaşdırma iqtisadiyyatın digər sahələri ilə sıx əlaqədə fəaliyyət göstərir və qablaşdırma sənayesinin məhsullarından digər sektorlarda geniş istifadə olunur.

Hazırda plastik kütlədən tara materialları üzrə özünü təminat səviyyəsi 63 faiz, kağız və kartondan tara materialları üzrə 57 faiz, butulka və digər şüşə taralar üzrə 33 faizdir. Azərbaycanda sənaye və kənd təsərrüfatının inkişafı, istehsal və emal sahələrinin genişlənməsi, ixrac imkanlarının artması qablaşdırma sənayesinin genişləndirilməsini zəruri edir.

Nazir diqqətə  çatdırıb ki, qablaşdırma sahəsində fəaliyyət göstərən və ya yeni fəaliyyətə başlamaq istəyən sahibkarlar Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən, həmçinin investisiya təşviqi və digər dəstək mexanizmlərindən yararlana bilərlər. Bugünkü tədbirin əsas məqsədi də qablaşdırma sahəsinin inkişafına dəstək vermək, yerli məhsulların tanıdılması və qablaşdırma sahəsində fəaliyyət göstərən sahibkarlarla istehsalçıların əlaqələrinin genişləndirilməsidir. Tədbir çərçivəsində təşkil edilən sərgidə nümayiş olunan müasir qablaşdırma məhsulları sahibkarlar arasında əməkdaşlığı gücləndirməklə yanaşı, istehsal olunmuş məhsulların ixrac imkanlarının genişlənməsinə öz töhfəsini verəcək.

Nazir Şahin Mustafayev, həmçinin ixracın inkişafına digər dəstək mexanizmləri barədə məlumat verib, Belarusda yaradılmaqda olan Azərbaycan Ticarət Evinin layihə görüntüləri nümayiş olunub.

Qeyd olunub ki, Belarusdakı Ticarət Evi yaxın 2 ay müddətində fəaliyyətə başlayacaq. Belə ticarət evlərinin Rusiya və Ukraynada da yaradılması nəzərdə tutulur. Bununla yanaşı, artıq Azərbaycanın Rusiyada ticarət nümayəndəsi təyin olunub.

Bildirilib ki, xarici ölkələrə ticarət missiyalarının təşkili də davam etdirilir. Artıq Çin, Birləşmiş Ərəb Əmirliyi, Almaniya, Pakistan və Əfqanıstana Azərbaycanın ticarət missiyaları təşkil olunub. Növbəti belə missiya Qətərə təşkil ediləcək. Bundan başqa, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara 600 min manata yaxın vəsait geri ödənilib.

Tədbirdə qablaşdırma sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri tərəfindən təqdimatlar keçirilib. Sahibkarlar istehsal etdikləri qablaşdırma məhsulları barədə məlumat verib, müasir qablaşdırma istehsalının genişləndirilməsi tədbirlərinin davam etdiriləcəyini, yerli istehsalçıların tələbatına uyğun sifarişlərin həyata keçiriləcəyini və bu istiqamətdə sahibkarlar arasında əməkdaşlığın gücləndiriləcəyini bildiriblər, bu sahənin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.

Şərab istehsalçıları və ixracatçıları, tikinti materialları istehsalçıları və arıçılar assosiasiyalarının rəhbərləri isə çıxışlarında ölkədə istehsal olunan məhsulların bazara çıxarılmasında, tanıdılmasında və ixracında keyfiyyət ilə yanaşı, müasir qablaşdırmanın önəmini vurğulayıblar.

Sonda müasir qablaşdırmanın təşkili və bu sahədə tələbatın ödənilməsinə dair sahibkarlarla müzakirələr aparılıb.

 

AZƏRTAC

 

 

 

Published in İqtisadiyyat

İslam ölkələri hər zaman bir-birini dəstəkləməlidir. Bu ölkələr arasında həmrəylik, qarşılıqlı anlaşma indiki vaxtda çox önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi bu baxımdan zamanında verilmiş bir qərardır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fransada fəaliyyət göstərən Lion Böyük Məscidinin rəhbəri Kamel Kabtan söyləyib. O bildirib ki, bu gün müsəlman dünyasında həmrəylik məsələsində çatışmazlıqlar var. Dünyada, xüsusilə də müsəlman ölkələrində baş verənlər bir daha göstərir ki, həmrəylik sözdə qalmamalıdır, həyata keçirilməlidir. Azərbaycan Prezidentinin bu Sərəncamı İslam həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir. Dövlət başçısının bu təşəbbüsü göstərir ki, Azərbaycan təkcə tolerantlığın, multikulturalizmin deyil, həm də İslam həmrəyliyinin möhkəmlənməsinin modelidir. Bu təşəbbüs müsəlman ölkələrini daha inamla irəliləmək üçün sıx birləşməyə səsləyir.

Kamel Kabtan deyib ki, XXI əsrdə Prezident İlham Əliyev kimi beynəlxalq aləmə açıq şəxsiyyətlərə ehtiyac var. Azərbaycan Prezidentini bu yolda dəstəkləmək və onun bu təşəbbüsünü təşviq etmək lazımdır. Bu gün müsəlman dünyasının daha da inkişaf etməsi üçün həmrəyliyə ehtiyacı var. Bu baxımdan Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü vaxtında atılmış addımdır.

Kamel Kabtan Azərbaycandakı multikulturalizm dəyərlərinə də toxunub. O, ölkəmizdə multikulturalizmlə bağlı konfransda iştirak etdiyini bildirib, xalqımızın qonaqpərvərliyinə heyran qaldığını qeyd edib. Vurğulayıb ki, konfrans iştirakçıları ölkəmizdə hökm sürən tolerant, multikultural mühitinin şahidi olublar. Multikulturalizm Azərbaycanın zəngin irsidir. Azərbaycan dünyaya açıq, tolerant bir ölkə olduğunu artıq sübut edib. Qardaşlıq və tolerantlıq azərbaycanlıların həyat tərzidir.  

“Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”nin açılışında  iştirak etmişəm. Bu şəhərcikdə ölkənin bütün sahələri aydın şəkildə təqdim olunurdu. Şəhərciyin stendləri ölkənin bütün sahələrini əhatə edir və geniş məlumat verirdi. Burada Azərbaycanın dünyaya verə biləcəyi hər şey əks olunurdu. İştirakçılarla söhbətimiz əsnasında hər kəs bu ölkənin dostluq, qardaşlıq, tolerantlıq ölkəsi olduğunu bildirirdilər. Azərbaycanda tolerantlığın mənbəyi bu ölkənin mədəniyyətidir, onun Avropa ilə Asiya arasında körpü rolu oynamasıdır. Müxtəlif mədəniyyətlərin nümayəndələri tarixən məhz bu ölkədə qərarlaşıblar”, - deyə Kamel Kabtan qeyd edib. O, Azərbaycanın Fransadakı səfiri ilə görüşdüyünü və gələcəkdə Lion şəhərində də belə mədəniyyət təbirlərinin təşkili barədə müzakirələr aparıldığını diqqətə çatdırıb.

 

AZƏRTAC

 

 

 

Published in Müsahibələr
1 -dən səhifə 3