XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə axşamı, 14 Fevral 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin yaxşı tarixə və möhkəm əlaqələrə malik olduğunu vurğuladı. Prezident İlham Əliyev dünyada və regionda vəziyyətin dəyişdiyi bir şəraitdə qarşılıqlı fikir mübadiləsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı mütəmadi olaraq məsləhətləşmələrin, fikir mübadiləsinin aparılmasının və ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə möhkəmləndirilməsinin əhəmiyyətini bildirdi. Azərbaycan ilə Latviya arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə isə qarşıda mühüm vəzifələrin dayandığını vurğulayaraq, ticarət dövriyyəsinin, gələcəkdə investisiyaların artırılmasının və biznes strukturlarını cəlb etməklə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Dövlətimizin başçısı Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin ölkəmizə səfəri zamanı bu və digər məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu dedi.

 

 

Xarici işlər naziri Edqars Rinkeviçs Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan ilə Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Edqars Rinkeviçs dedi: “Prezident Raymonds Veyonis yaxın vaxtlarda Azərbaycana səfər edəcəyinə və Sizinlə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyinə ümidvardır”. Azərbaycana bundan əvvəlki səfərlərini xatırlayan Latviyanın xarici işlər naziri ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Latviyanın Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin çox uğurlu və dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı gündəlikdə duran məsələlərin çox geniş və əhatəli olduğunu dedi. Əməkdaşlığımızın yaxşı nəticələr verdiyini vurğulayan Prezident İlham Əliyev bu nəticələrin daha da möhkəmləndirilməsinin və bundan sonra da ölkələrimizin bir-birinə yaxınlaşması, dinamik inkişafı üçün birgə səylərin artırılmasının vacibliyini qeyd etdi. Dövlətimizin başçısı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin Azərbaycana bu səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin gündəliyinin müzakirəsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaradacağına əminliyini bildirdi.

 

 

Bakıya hər dəfə səfər etməsindən məmnunluğunu vurğulayan Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze paytaxtımızın böyük sürətlə inkişaf etməsinin dost Gürcüstan üçün çox sevindirici hal olduğunu bildirdi. Mixeil Canelidze qeyd etdi ki, xalqlarımız nəinki qonşudur, eyni zamanda, bizim dostluğumuz bir nümunədir. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd edildiyini vurğulayan qonaq ötən dövr ərzində əldə olunan nəticələrin əhəmiyyətini diqqətə çatdırdı, münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün yaxşı əsasların olduğunu dedi. Azərbaycan ilə Gürcüstan arasında həllini tapmayan məsələlərin olmadığını bildirən Mixeil Canelidze ölkələrimizin gələcək inkişafına istiqamətlənən birgə layihələrin önəmini də qeyd etdi.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət, turizm və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi, Cənub Qaz Dəhlizinin icrası, hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AZƏRTAC

 

 

 

Published in Siyasət

Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə ən xoş arzularımı yetirirəm.

Seçkilərdə qazandığınız qələbə xalqınızın Sizə olan böyük inam və etimadının, həyata keçirdiyiniz siyasi xəttə real dəstəyinin bariz ifadəsidir.

İnanıram ki, Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətlərinin daim möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkmənistan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 13 fevral 2017-ci il.

 

 

 

Published in Məktublar

Hörmətli cənab Ştaynmayer,

Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, ölkələrimiz arasındakı ikitərəfli və çoxtərəfli qaydada sıx əməkdaşlıq bu gün dinamik şəkildə inkişaf etməkdədir.

Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 13 fevral 2017-ci il.

 

 

 

Published in Məktublar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 3, maddə 162; 2005, N 9, maddə 797; 2006, N 5, maddə 400; 2007, N 4, maddə 323, N 12, maddə 1246; 2008, N 11, maddə 972; 2009, N 10, maddə 780, N 12, maddə 983; 2011, N 2, maddə 85; 2013, N 2, maddə 111, N 7, maddə 806; 2016, N 6, maddə 1038) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.9-1-ci yarımbəndə “şəxslərin,” sözündən sonra “publik hüquqi şəxslərin,” sözləri əlavə edilsin.

2. 11.21-ci yarımbənddə “qurumlarının” sözündən sonra “və publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 fevral 2017-ci il.

 

 

 

Published in Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar:

2.2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 13 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 4, maddə 323, N 12, maddə 1034; 2007, N 11, maddə 1105, N 12, maddə 1246; 2009, N 7, maddə 533, N 8, maddə 627, N 10, maddə 773, N 12, maddələr 983, 988; 2010, N 2, maddə 83, N 4, maddə 292, N 11, maddə 966; 2011, N 1, maddə 18, N 2, maddə 85, N 4, maddə 281, N 6, maddə 497, N 10, maddə 894, N 11, maddə 993; 2012, N 10, maddə 950; 2014, N 6, maddə 627, N 7, maddə 820, N 9, maddə 1029; 2016, N 1, maddə 77) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 8.7-ci (hər iki halda) və 9.11-ci yarımbəndlərdən “, habelə təhsil müəssisələrinin” sözləri çıxarılsın.

2. 9.9-cu yarımbənddə “və qeyri-kommersiya hüquqi şəxslərin, habelə xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının,” sözləri çıxarılsın, “sahələrdə” sözündən (birinci halda) sonra “və bu Əsasnamənin 9.11-ci yarımbəndində nəzərdə tutulmuş sahədə” sözləri əlavə edilsin.

3. 9.12-ci yarımbənddə “, habelə təhsil müəssisələrinin” sözləri “və xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 fevral 2017-ci il.

 

 

 

Published in Fərman

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 4, maddə 258, N 12, maddə 1058; 2009, N 2, maddə 75, N 7, maddə 532, N 8, maddə 618, N 10, maddə 776; 2010, N 2, maddə 88, N 7, maddə 610, N 8, maddə 717, N 9, maddə 770; 2011, N 4, maddə 282, N 10, maddə 891; 2012, N 8, maddə 787; 2013, N 9, maddə 1046, N 11, maddələr 1321, 1339; 2014, N 2, maddə 122, N 9, maddələr 1027, 1062; 2015, N 2, maddə 121, N 5, maddələr 521, 543, N 9, maddə 989; 2016, N 2 (II kitab), maddə 228, N 3, maddə 470, N 5, maddələr 869, 879, N 9, maddə 1464, N 10, maddə 1643, N 11, maddə 1816) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulanın ikinci abzasında və 3.2-ci bənddə “orqanlarının” sözü “orqanları və qurumlarının” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə” üzrə:

2.1. 1-ci bəndə “orqanları” sözündən sonra “və qurumları (bundan sonra - dövlət orqanları)” sözləri əlavə edilsin;

2.2. 11.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“11.2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi - abituriyentlərin və imtahan verən digər şəxslərin, habelə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən müsabiqələrdə iştirak etmək istəyən şəxslərin şəxsiyyət vəsiqələri üzrə məlumatlar;”;

2.3. 11.5-ci yarımbənd ləğv edilsin;

2.4. 11.6-cı yarımbənddən “və mərkəzləşdirilmiş kredit reyestrində” sözləri çıxarılsın;

2.5. 11.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“11.7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası - “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mərkəzləşdirilmiş kredit reyestrində qeydiyyata alınan şəxslər, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növlərinə dair bağlanmış icbari sığorta müqavilələri üzrə sığortalılar və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması ilə bağlı həmin mülkiyyətçilər Azərbaycan Respublikası vətəndaşları olduqda şəxsiyyət vəsiqələri üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər üzrə, hüquqi şəxs olduqda isə hüquqi şəxs haqqında məlumatlar;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 13 fevral 2017-ci il.

 

 

 

Published in Fərman

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, tarix və mədəniyyət qoruqlarının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə tarix və mədəniyyət qoruqlarının sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması, qoruqların ərazisində yerləşən abidələrin siyahıya alınması, pasportlaşdırılması, tarix və mədəniyyət qoruqlarının maddi-texniki bazasının inkişafı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 195 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın vəzifələrindəndir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mədəni irsin qorunması istiqamətində fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, N 12, maddə 1563; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1148 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.3-cü bənddə “bir” sözü “iki” sözü ilə əvəz edilsin.

1.2. 5.4-cü bənddə “müavini” sözü “müavinləri” sözü ilə, “ona” sözü “onlara” sözü ilə, “daşıyır” sözü “daşıyırlar” sözü ilə əvəz edilsin.

1.3. 5.5.3-cü yarımbənddə “müavininin” sözü “müavinlərinin” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 fevral 2017-ci il.

 

 

 

Published in Fərman
1 -dən səhifə 4