XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Bazar, 12 Fevral 2017

“Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 30 noyabr tarixli 2577 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 30 noyabr tarixli 2577 nömrəli Sərəncamını Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 30 noyabr tarixli 2577 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 11, maddə 1188) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü bənddən “elektron” sözü çıxarılsın.

2. 3-cü hissə ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”ni Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 9, maddə 858; 2013, N 2, maddə 109, N 3, maddə 254, N 4, maddə 377; 2014, N 2, maddə 117, N 5, maddə 486, N 9, maddələr 1027, 1044, 1048; 2015, N 6, maddə 708, N 8, maddə 917, N 10, maddə 1122; 2016, N 2 (II kitab), maddə 251, N 5, maddə 852, N 8, maddə 1384, N 9, maddə 1464) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.12-2-ci yarımbənd əlavə edilsin:

“3.1.12-2. operatoru olduğu informasiya sistemlərinin təşkilini, idarə olunmasını və inkişafını təmin etmək;”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 fevral 2017-ci il.

 

 

 

Published in Fərman

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”ni Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 4, maddə 258, N 12, maddə 1058; 2009, N 2, maddə 75, N 7, maddə 532, N 8, maddə 618, N 10, maddə 776; 2010, N 2, maddə 88, N 7, maddə 610, N 8, maddə 717, N 9, maddə 770; 2011, N 4, maddə 282, N 10, maddə 891; 2012, N 8, maddə 787; 2013, N 9, maddə 1046, N 11, maddələr 1321, 1339; 2014, N 2, maddə 122, N 9, maddələr 1027, 1062; 2015, N 2, maddə 121, N 5, maddələr 521, 543, N 9, maddə 989; 2016, N 2 (II kitab), maddə 228, N 3, maddə 470, N 5, maddələr 869, 879, N 9, maddə 1464, N 10, maddə 1643, N 11, maddə 1816) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 8.2.6-cı yarımbənddən “, o cümlədən elektron viza” sözləri çıxarılsın.

2. 10-cu hissənin birinci abzasına “sistemi ilə” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu “ASAN Viza” sistemi ilə” sözləri əlavə edilsin.

3. 10.2.2.19-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 10.3-cü bənd əlavə edilsin:

“10.3. “ASAN Viza” sistemi ilə inteqrasiya prosesində mübadilə edilən məlumatlar aşağıdakılardır:

10.3.1. sistemə təqdim olunan məlumatlar:

10.3.1.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə-anket məlumatları və sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti;

10.3.1.2. elektron viza verilməsi və ya verilməsindən imtina edilməsi haqqında;

10.3.2. sistem tərəfindən təmin olunan məlumatlar:

10.3.2.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər haqqında;

10.3.2.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi haqqında.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 fevral 2017-ci il.

 

 

 

Published in Fərman

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 9, maddə 788; 2013, N 7, maddə 776; 2014, N 7, maddə 778, N 12, maddə 1523; 2016, N 2, maddə 185, N 3, maddə 414) aşağıdakı dəyişikliklər edilsin:

1. 53.1-ci maddədə “icarəyə götürmüş” sözləri “icarə və ya digər əşya hüquqlarına dair müqavilə” sözləri ilə əvəz edilsin.

2. 65.1-ci maddədə “icarəyə götürmüş” sözləri “icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 dekabr 2016-cı il.

 

 

 

Published in Qanun

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 490-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Reallaşdırılan bu infrastruktur layihələri pozitiv dövlətlərarası əlaqələrə, qeyri-neft sektorunun inkişafına, ixrac potensialınıın artmasına güclü zəmin yaradır

Published in Digər xəbərlər

Bu gün ölkəmizin energetika sektorunda müsbət dəyişikliklər müşahidə olunur, abonentlərə enerji təchizatı dünya standartları səviyyəsində həyata keçirilir.

Əməkdaşımız bu məqsədlə “Azərişıq” ASC-nin sədri Baba RzayevƏ müraciət etmiş, müsahibimiz bir sıra məsələlərə aydınlıq gətirmişdir.

 

–Baba müəllim, Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” imzaladığı fərman “Azərişıq” ASC-nin qarşısında hansı vəzifələri qoymuşdur?

–Fərmanda qeyd olunduğu kimi, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə imzalanan bu sənəd digər sahələr kimi, “Azərişıq” ASC-nin qarşısında da konkret vəzifələr qoyur. 12 istiqaməti əhatə edən Yol Xəritələrindən biri “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsidir. Təbii ki, hər bir qurum üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirsə, hədəflərin gerçəkləşməsinə öz töhfəsini vermiş olar.

–Son 10 ildə elektrik paylayıcı şəbəkələrdə müasir tələblərə uyğun olaraq geniş islahatlar həyata keçirilmişdir. Bu islahatlar nə kimi nəticələr vermişdir?

–Prezident İlham Əliyevin 10 avqust 2006-cı il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa edilməklə elektrik paylayıcı şəbəkələrdə islahatlara start verilmişdir. Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən Sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri elektrik təsərrüfatında ölkənin sürətli sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq yenidənqurma işləri həyata keçirilmişdir. Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3 048 MVA-dan 2016-cı ilə 6 200 MVA-ya qaldırılıb. Texniki itkilər 16,9 faizdən 7,8 faizə endirilib. Güc defisiti və ifrat yüklənmələr aradan qaldırılıb.

Bakı şəhərində, ümumilikdə respublikamızda ilk dəfə 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb. İstehlakçıların fasiləsiz, dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatı təmin edilib. Ötən müddətdə Bakı şəhəri beynəlxalq səviyyəli ən mötəbər tədbirlərə ev sahibliyi edib ki, digər xidmət sahələri kimi Bakı şəhəri elektrik şəbəkəsi də istehlakçılara beynəlxalq standartlara uyğun səviyyədə xidmət etməyə qadir olduğunu göstərmişdir.

–Struktur islahatlarının nəticəsi olaraq “Azərişıq” ASC-nin yaranmasını əhalinin, bütövlükdə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatında yeni bir dövr kimi qiymətləndirmək olarmı?

–On ildən artıq müddətdə regionların sosial-iqtisadi inkişafına yönələn proqramların, həmçinin elektrik paylayıcı şəbəkələrdə islahatların növbəti mərhələsi kimi Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılmaqla Azərbaycan ərazisində istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi “Azərişıq” ASC-yə həvalə edilmişdir.

“Azərişıq” ASC-nin nəzdində 57 rayon və şəhəri əhatə etməklə, 7 Regional Enerji Təchizatı Satış İdarəsi yaradılmışdır. Bunlar Bakı, Şimal, Cənub, Şimal-Qərb, Aran, Mərkəzi Aran və Qərb Regional Enerji Təchizatı və Satışı İdarələridir. “Azərişıq” ASC-nin əsas missiyası istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz etmək, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə etmək, elektrik enerjisi istehsalçıları ilə əməkdaşlıqda diversifikasiyanı təmin etmək, ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaq, istehlakçılara göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə təmin etmək və daim təkmilləşdirmək, elektrik enerjisinin texnoloji sərfiyyatını minimum səviyyəyə endirmək və s.-dir.

Hazırda respublikanın bütün RETSİ-lərdəki elektrik şəbəkələrində yeni güc mərkəzlərinin yaradılması, bütün qəsəbə və kəndlərin, bütövlükdə yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işləri geniş şəkildə və böyük sürətlə davam etdirilir.

“Azərişıq” yaradılarkən üzərinə çox böyük vəzifələr qoyulmuşdur. Bu vəzifələr şərəfli olmaqla, çox böyük məsuliyyət tələb edir. Bu missiyanın yerinə yetirilməsinin çətin olduğunu dövlətimizin başçısı İlham Əliyev belə qeyd etmişdir: “Cəmiyyətin qarşısında vəzifə qoyulubdur ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o qədər də sadə məsələ deyil. Həm vəsait lazımdır, həm texniki məsələlər həllini tapmalıdır. Bölgələrdə köhnəlmiş infrastruktur əfsuslar olsun ki, kifayət qədər çoxdur. Yeni infrastruktur, ötürücü xətlər, transformatorlar, yəni, bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır. Bakıda da işlər davam edir. Baxmayaraq, bir neçə ildir ki, biz Bakıda təminatı artıq maksimum dərəcədə həll etmişik. Ancaq əlbəttə ki, şəhər böyüyür, əhali artır, yeni sənaye obyektləri, ictimai obyektlər, idman qurğuları yaradılır, “Ağ şəhər” kimi şəhər içində şəhər tikilir. Bütün bunlar əlavə enerji resursu almalıdır. Ona görə, yeni yarımstansiyalar inşa edilir, yeni elektrik stansiyalarının tikintisi məsələsi müzakirə olunur. Hazırda bizdə generasiya gücü kifayət qədərdir, ancaq biz gələcəyə baxmalıyıq. Generasiya gücü həmişə tələbatdan 10-15, bəlkə də 20 faiz artıq olmalıdır. Həm ehtiyat kimi saxlamalıyıq, həm də bizim ixrac potensialımız da var. Biz elektrik enerjisinin ixracı ilə məşğuluq. Bunu gələcəkdə daha da böyük həcmdə edə bilərik. Ancaq əlbəttə ki, ilk növbədə, ölkə daxilində, xüsusilə bölgələrdə, uzaq kəndlərdə bütün enerji infrastrukturu ən yüksək səviyyədə olmalıdır”.

“Azərişıq” ASC fəaliyyətə başladıqdan qısa müddət ərzində “Azərenerji” ASC-nın xidmət göstərdiyi bir milyon altı yüz min abunə bazası təhvil alınaraq, “Azərişıq” ASC-nin mövcud serverlərinə köçürülmüş, sistemdə fasilələr yaranmadan işləməsi təmin edilmişdir. Ən müasir məlumat mərkəzi (Oracle 11g məlumat bazası) qurularaq məlumatların təhlükəsizliyi və bütünlüyü təmin edilib. Bütün regionların vahid mərkəzdən idarə olunmasını təmin etmək məqsədi ilə məlumat saxlama mərkəzi yaradılmışdır. Qısa müddətdə 57 rayon enerji satışı və istismar idarələrinə ümumilikdə uzunluğu 160 km-dən çox optik kabelin çəkilməsi təmin olunmuşdur.

2 milyon 500 min abonentin bütün məlumatları vahid bir mərkəzdən idarə olunur. Abonetlər üzrə olan hərəkətlər vahid sistem tərəfindən idarə olunur. Bu gün respublikamızın hər hansı bir rayon və qəsəbəsindən daxil edilən göstərici və ya ödənişlər dərhal online qaydada mərkəzi sistemdə öz əksini tapir. İdarəetmədə şəffaflığın təmin edilməsi abonentlərin “Azərişıq” ASC-yə olan inamını daim artırır.

–Baba müəllim, 2006-2016-cı illər ərzində həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində paylayıcı elektrik şəbəkələrinin bir çox sahələrində texnoloji yeniliklər baş vermişdir. Bu yeniliklərin abonentlərə keyfiyyətli və operativ xidmət göstərilməsi, bu sahədə şəffaflığın artırılması baxımından əhəmiyyəti nədən ibarətdir?

–Paylayıcı Elektrik Şəbəkələrində islahatlara başlanmasının 10 illiyi münasibəti ilə 2016-cı ildə “Azərişıq” ASC-nin həyata keçirdiyi tikinti, yenidənqurma işlərinin həcmi əvvəlki illərlə müqayisədə bir neçə dəfə artırılmışdır. Xüsusi ilə nəzərə almaq lazımdır ki, bu işlər əlavə investisiya vəsaitləri cəlb etmədən - “Azərişıq” ASC-nin tam daxili resursları hesabına həyata keçirilir. 110 kV-luq şəbəkələr üzrə 16 ədəd - 110 kV-luq yarımstansiya tikilib, 101 km - 110 kV-luq hava xətti, 63 km - 110 kV-luq kabel xətti çəkilib. 35 kV-luq şəbəkələr üzrə 53 ədəd - 35 kV-luq yarımstansiya tikilib, 862 km - 35 kV-luq hava xətti, 528 km - 35 kV-luq kabel xətti çəkilib. 10 və 6 kV-luq şəbəkələr üzrə 2 300 ədəd KTM quraşdırılır, 10 600 km EVX yenidən qurulub, 1449 km kabel xətti çəkilir, 27 000 ədəd dayaq quraşdırılıb, 500-dən çox 6 və 10 kV-luq transformatorlar yenisi ilə əvəz edilir, 12 500 ədəd KTM və TM-də cari təmir işləri aparılır. 0,4 kV-luq şəbəkələr üzrə 0,4 kV-luq şəbəkələrin yenidən qurulması məqsədi ilə 5018 km ÖİN xətləri çəkilir, 90 000 ədəd dayaq quraşdırılır, 4 000 km hava xətləri təmir olunur, 100 km kabel xətləri çəkilir.

Yeni tikilən yarımstansiyalar xüsusi layihə əsasında iki transformatorlu olmaqla qapalı tipli tikilir. Yüksək və alçaq gərginlikli xətlərin yarımstansiyaya girişi və çıxışı xüsusi kabel kanalları vasitəsi ilə izolyasiyalı kabellərlə həyata keçirilir. Bu tip yarımstansiyalar daha uzunmüddətli və təhlükəsiz olmaqla dayanıqlıdır.

Ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış köhnə transformatorlar yeni tip, qapalı komplekt transformator məntəqələri ilə əvəz olunur. “Azərişıq” ASC Bakı kimi respublikamızın bütün şəhər və rayonları, kənd və qəsəbələrində, hətta ən keçilməz dağ silsilələrində, ən ucqar yaşayış məskənlərində belə, genişmiqyaslı işlər görməkdədir. Uzun illər ərzində istismar olunan ağac dayaqlar yeni metal dayaqlarla əvəz olunub. İstismar müddətini keçmiş alüminium naqillər özünüdaşıyan izolyasiyalı kabellərlə dəyişdirilir.

–2006-2016-cı illəri Uçota Nəzarətin təşkili və inkişaf mərhələləri kimi də xaraterizə etmək olarmı?

–2006-cı ildə Elektrik Təchizatının Dövlət nəzarətinə qaytarılması ilə bu sektorun inkişafı və dirçəlişində mühüm dönüş yarandı. Belə ki, həmin dövrə qədər, paylayıcı şəbəkələrin, istismar olunan avadanlıqların, inzibati və texniki binaların, köməkçi tikililərin, uçot və sınaq avadanlıqlarının texniki və mənəvi göstəriciləri müasir tələblərlə ziddiyət təşkil edirdi. Bununla yanaşı, strateji xidmət sektoru hesab edilən Elektrik Enerjisinin Təchizatı və İstismarı sahəsi, keyfiyyətli enerji daşınması və çatdırılması, abonent məmnunluğunu təmin eməkdə çətinliklərlə qarşılaşırdı. Təbii ki, uçot avadanlıqları və bu qəbildən olan test sınaq cihaz və vasitələri də XXI əsrin intellektual texnoloji nailiyyətləri ilə uzlaşmırdı, uçota nəzarətin vahid mərkəzdən, şəffaf idarə olunmasının təşkilinə çoxmərhələli maneələr yaradırdı.

Multimərhələli islahatlar çərçivəsində Uçota Nəzarət Sisteminin yenidən işlənməsi, təkmilləşdirilməsi, rəqəmsal və smart cihaz və avadanlıqların təyin edilməsi, müvafiq şəbəkə sistemlərində tətbiqi, Mərkəzi İdarəetmə və Vahid Nəzarət Sisteminin perspektiv inkişaf strukturunun yenidən qurulması, abonent bazasının, elektrik enerji haqlarının ödəniş imkanlarının genişləndirilməsi və s. nəzərdə tutulurdu. Bütün bu işləri həyata keçirmək məqsədilə ilkin mərhələdə, paytaxtda yerləşən 203 saylı yarımstansiya ərazisində yeni Sayğac Test/Təmir laboratoriyası binası və sayğac anbarı inşa edildi, uçot avadanlıqları əsaslı olaraq yenidən quruldu, mənəvi və fiziki köhnəlmiş sınaq stendləri daha müasir, rəqəmsal və yüksək dəqiqlikli etalon avadanlıqlarla əvəz edildi. Elektrik enerjisi sərfiyyatının qeydiyyatını aparan sayğacların əsas göstəriciləri həssaslıq, dayanıqlıq və dəqiqlik sinfidir. Bu baxımdan, 2006-cı ilə qədər quraşdırılmış induksion sayğacların həssaslığı aşağı, dayanıqlığı kafi olduğundan, şəbəkədaxili itkilərin və kiçikhəcmli yüklərin qeydiyyatının aparılmasında problemlər yaranırdı. Təsadüfi deyildir ki, o dövrün texnoloji itkilərin 30-40 faiz olması əsas etibarı ilə uçot sistemində olan qüsurların nəticəsi idi. Məhz bu səbəbdən, induksion sayğacların daha müasir, yüksək həssaslıq və dəqiqliyə malik, elektron rəqəmsal baza əsaslı və sinxron informasiya mübadilə imkanlı sayğaclarla əvəz edilməsi zərurəti meydana çıxdı. Hazırda 950 mindən çox elektron-rəqəmsal sayğaclar istismara verilmiş və uçot komplekti ilə təchiz edilmişlər. Paytaxtın bütün qovşaq, ötürücü və paylayıcı yarımstansiyaları, həmçinin iritutumlu istehsal obyektlərinin transformator məntəqələri bu növ sayğaclarla təchiz edilib. Digər qeyri-elektron sayğaclardan fərqli olaraq, bu növ sayğaclar xüsusi müdaxilə əleyhinə yaddaş proqram təminatı ilə təchiz edildiyindən, enerji satış işinin təşkilində və aparılmasında mühüm rol oynayır. 2011-2016-cı illər ərzində 70 mindən artıq SMS Smart sayğac paytaxt rayonlarında və ölkəmizin müxtəlif regionlarında quraşdırılıb və uğurla istismar edilir. SMS Smart sayğacların tətbiqi, mobil rabitə operatorlarının, GSM xidmət sektorunun və Enerji təchizat müəssisəsinin fəaliyyətində bir yenilik, müasirlik yaratmaqla yanaşı, Uçot Sisteminin Müasir GSM Texnologiyalar bazası üzərində qurulması MDB ölkələri arasında ilk olaraq ölkəmizdə həyata keçirilmiş iri layihələrdəndir.

–Azərbaycanda elektron hökumətin yaradılması prosesi uğurla davam etməkdədir. Bu sahədə “Azərişıq” ASC-nin fəaliyətini necə qiymətləndirmək olar? “Azərişıq” ASC əhali üçün nə kimi elektron xidmətlər göstərməkdədir? Həmçinin respublikamızda ilk dəfə olaraq elektroenergetika sahəsində müasir tələblərə cavab verən Tədris Mərkəzi yaradılıb. Bu mərkəzin əhəmiyyəti, qarşısında duran vəzifələr haqqında nə deyə bilərsiniz?

–İki ildən artıqdır ki, “Azərişıq” ASC “ASAN xidmət” və yeni yaradılan “ASAN” Kommunal mərkəzləri ilə birgə fəaliyyət göstərir. Hazırda Bakı, Sumqayıt, Bərdə, Masallı, Qəbələ, Sabirabad və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində “Azərişıq” ASC öz fəaliyyətini davam etdirir. Daha dəqiqi “ASAN xidmət” mərkəzlərində abunəçilərə texniki şərtlərə dair müraciətlərin qəbulu, elektrik şəbəkəsinə qoşulması, borclara yenidən baxılması, borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının adının dəyişdirilməsi kimi xidmətlər də daxil olmaqla 11 növ xidmət göstərilir.

“Azərişıq” ASC-nin reallaşdırdığı uğurlu layihələrdən biri də müasir tələblərə cavab verən Tədris Mərkəzinin yaradılmasıdır ki, bunu xüsusi qeyd etmək istərdim. Ən son elmi-texniki yeniliklərə əsaslanan texnologiya və avadanlıqlardan istifadə, eləcə də şəbəkənin inkişaf tempinin ildən-ilə sürətlənməsi və işin həcminin durmadan artması müasir tələblərə cavab verən yüksək ixtisaslı işçilərin sayının artırılmasını və fəaliyyətdə olan kadrların ixtisasının daha da təkmilləşdirilməsini zəruri edir. Bu gün şəbəkənin yenidənqurma işlərinin layiqincə reallaşdırılmasında mühüm rol oynayan və üzərinə düşən işin öhdəsindən bacarıqla gələn əməkdaşları ötən müddət ərzində Almaniya, Fransa, İngiltərə, Türkiyə, Avstriya, Rusiya, Ukrayna, Çin, Koreya, Slovakiya və digər ölkələrdə müxtəlif kurs və treninqlərdə zəngin təcrübə toplamışlar. Təbii ki, bu tədbirlərə şəbəkənin büdcəsindən xeyli vəsait ayrılmalı olurdu və yüksək ixtisaslı kadr çatışmazlığı həllini gözləyən başlıca problemlərdən biri olaraq qalırdı. Bütün bu reallıqları nəzərə alaraq respublikamızda ilk dəfə elektroenergetika sahəsində müasir tələblərə cavab verən Tədris Mərkəzi yaradıldı.

Təhsil Nazirliyi tərəfindən “Azərişıq” ASC-nin Tədris Mərkəzinə ixtisasartırma, təcrübə keçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə fəaliyyət göstərmək üçün lisenziya verilmişdir. Ölkənin müxtəlif universitetlərində və orta ixtisas məktəblərində elektroenergetika sahəsi üzrə hazırlanan kadrların keyfiyyətli istehsalat təcrübəsi keçməsi vacib amildir. “Azərişıq” ASC-nin müasir avadanlıqlarla təchiz olunmuş Tədris Mərkəzinin fəaliyyəti dövlət standartlarına uyğun olaraq Təhsil Nazirliyinin kadrlara olan tələbatlarını və peşəkar xüsusiyyətləri əks etdirən tədris proqramalarına olan tələblərini ödəyir və tədrisdə qabaqcıl tədris texnologiyalarının tətbiqi Təhsil Nazirliyi tərəfindən müsbət qiymətləndirilir.

“Azərişıq” ASC-nin Tədris Mərkəzi ölkənin, eləcə də xarici ölkələrin bir sıra qabaqcıl təhsil müəssisələri - Moskva Energetika İnstitutu (Rusiyanın Milli Tədqiqat Universiteti), “ADA” Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi ilə tədris, texniki işlər və yüksək ixtisaslı kadrların hazırlığı yönündə əməkdaşlıq edir.

–Baba müəllim, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların yeni mərhələsi başlayıb. Bu baxımdan, “Azərişıq” ASC-nın qarşısında hansı vəzifələr dayanır?

–Ölkəmizin davamlı inkişafı təbii ki, təkmil islahatlara əsaslanır. “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda da dövlətimizin başçısı İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıqlarını verdi. Diqqəti əsasən infrastuktur layihələrinə yönəldən cənab İlham Əliyev “Azərişıq” ASC-nin qarşısında dayanan vəzifələri də qeyd etdi. Bildirildi ki, “Azərişıq” bütün bölgələrdə elektrik təsərrüfatının təkmilləşdirilməsi, yeni xətlərin çəkilməsi, bütün regionların dayanıqlı enerji ilə təmin edilməsi üçün əlavə tədbirlər görməlidir. Yeni yarımstansiyalar, transformatorlar quraşdırılmalıdır. Bu proses gedir, daha da sürətlə getməlidir. Çünki indi bizim generasiya gücümüz kifayət qədər böyükdür. Biz elektrik enerjisini bu gün artıq ixrac edirik. Belə olan halda, bütün elektrik təsərrüfatımız da yüksək səviyyədə olmalıdır ki, heç bir fasilə və başqa problem olmasın.

Dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına, eyni zamanda “Azərişıq” ASC-nin 2017-ci il üçün müəyyənləşdirdiyi Tədbirlər Planına uyğun olaraq qarşımızda dayanan vəzifələri uğurla yerinə yetirməyə, islahatların davamlılığına töhfə verməyə səy göstərəcəyik. Yenə də əsas hədəf istehlakçıların fasiləsiz, dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatını təmin etməkdir.

Müsahibəni qələmə aldı:

Qədir ASLAN,

Əməkdar jurnalist.

 

 

 

Published in Müsahibələr

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki  kun.uz portalı Azərbaycanın sənaye parkları haqqında rus dilində geniş məqalə verib.

Materialda deyilir ki, sənaye parkları artıq Sumqayıt, Mingəçevir şəhərlərində, Bakının Balaxanı və Qaradağ qəsəbələrində yaradılıb. Gəncədə planlaşdırılan sənaye parkı isə metallurgiya üzrə ixtisaslaşacaq.

Məqalədə fəaliyyət göstərən parklar haqqında ətraflı məlumat verilir.

Yazıda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə Pirallahı Sənaye Parkı yaradılıb. Ötən il noyabrın 2-də isə Pirallahı Sənaye Parkında Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm”, bu il yanvarın 16-da isə İranın “Caspian Pharmed” əczaçılıq zavodlarının təməli qoyulub.

Bildirilir ki, burada, ümumilikdə 300 adda dərman istehsal ediləcək, İran şirkəti isə 85 növ dərman hazırlayacaq.

Qeyd edilir ki, bir sıra Avropa ölkələri, Türkiyə və Yaponiyanın dərman istehsalı şirkətləri ilə bu istiqamətdə danışıqlar aparılır. Onlar da Azərbaycanda dərman istehsalına maraq göstərirlər.

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı ilə əməkdaşlıq müstəvisində bu yaxınlarda Brüsselə etdiyi səfər çox böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Brüsselə Avropa İttifaqı rəhbərliyinin rəsmi dəvəti ilə səfər etmişdi. Məlumdur ki, başqa dövlətlərin rəhbərləri də tez-tez Brüsseldə səfərdə olurlar. Prezident İlham Əliyevin səfəri isə həmin səfərlərdən fərqlidir. 

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov fevralın 11-də jurnalistlərə müsahibəsində deyib.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra başlayıb. Bu uğurlu əməkdaşlığın zəngin tarixi var. Ötən illər ərzində Azərbaycan Avropa İttifaqının müxtəlif strukturları, quruma daxil olan ölkələr ilə çox sıx əməkdaşlıq edib. Bu gün Azərbaycan Avropa İttifaqına üzv ölkələrin 9-u ilə strateji tərəfdaşlıqla bağlı müxtəlif sənədlər imzalayıb və ya qəbul edib. Bunun özü Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın nə qədər yüksək səviyyədə olduğunu göstərir.
“Bizim Avropa İttifaqı ilə əməkdaşlığımız demək olar ki, bütün sahələri əhatə edir. Siyasi, iqtisadi, təhlükəsizlik, enerji sahələrində əməkdaşlığımız xüsusi yer tutur. Ötən illər ərzində bu sahələrdə çox böyük əhəmiyyətə malik bir çox layihələr həyata keçirilib. Son illərdə xüsusilə nəqliyyat sahəsində əməkdaşlığın inkişafını qeyd etmək olar”, - deyə Prezident Administrasiyası rəhbərinin müavini bildirib.
Novruz Məmmədov vurğulayıb ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığı nümunəvi əməkdaşlıq adlandırmaq olar. Bəzən müəyyən məsələlərdə razılaşmadığımız məqamlar da olub. Bu da onunla əlaqədardır ki, dövlətimizin başçısı İlham Əliyev bütün proseslərdə, əməkdaşlıq məsələlərində Azərbaycanın milli və dövlətçilik maraqlarını əsas götürür, bu maraqları nəzərə alaraq addımlar atır. Elə bu səbəbdən də bir vaxtlar Avropa İttifaqının Azərbaycana təqdim etdiyi Assosiasiya Sazişi ölkəmiz tərəfindən qəbul olunmadı. Həmin saziş Azərbaycanın milli və dövlətçilik maraqlarına cavab vermədiyinə görə onunla razılaşmadıq. Əvəzində isə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın başqa formatını təklif etdik. Avropa İttifaqına “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında Saziş” layihəsi təqdim olundu. Bu təklif də Avropa İttifaqında təhlil edildi və müsbət qiymətləndirildi. Avropa İttifaqı Şurası artıq Azərbaycan ilə Avropa İttifaqı arasında sözügedən saziş layihəsinə dair rəsmi danışıqlara başlamaq üçün mandat verib və hazırda bunun üzərində iş gedir. Azərbaycan Prezidentinin Brüsselə səfəri də məhz bu məsələ ilə bağlı idi.
Prezident Administrasiyası rəhbərinin müavini diqqətə çatdırıb ki, səfər zamanı dövlətimizin başçısı Avropa İttifaqının rəhbərləri ilə əməkdaşlığın inkişafı məsələlərinin müzakirə edildiyi çox faydalı görüşlər keçirdi. Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın bundan sonra da davam etdirilməsi və genişləndirilməsi vacibdir. Keçirilən görüşlərin qayəsini bu təşkil edirdi. Eyni zamanda, ən vacib məsələlərdən biri ondan ibarətdir ki, Avropa İttifaqının bütün rəhbərləri ilə keçirilən görüşlərdə siyasi məsələ də xüsusi qeyd olundu - bu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsi idi. Bütün bunları nəzərə alsaq deməliyik ki, səfər çox uğurlu oldu. Bu səfər əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcək, strateji tərəfdaşlıqla bağlı sənədin üzərində işin uğurla getməsinə böyük töhfə verəcək.
Novruz Məmmədov Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində ayrı-ayrı ölkələrin prezidentləri, baş nazirləri və digər yüksək səviyyəli rəsmiləri, eləcə də dünyanın böyük şirkətlərinin rəhbərləri ilə keçirdiyi 30-a yaxın görüşün əhəmiyyəti barədə də danışıb. Bildirib ki, bu görüşlər həm dünya dövlətlərinin, həm də böyük şirkətlərin, korporasiyaların Azərbaycanla əməkdaşlığa geniş marağının olduğunu göstərdi.
Son vaxtlar Davos İqtisadi Forumu demək olar ki, bütün məsələlərlə məşğul olur - təhlükəsizlik, enerji, miqrasiya, münaqişələr və s. Bu baxımdan Azərbaycanın Forumda fəal iştirakı çox yüksək qiymətləndirilir. Davosda olmaq əslində dünyada gedən bütün proseslərin istiqamətini, xarakterini, əlaqələrin mahiyyətini öyrənmək deməkdir. Bu, həm də ölkənin yerini, statusunu müəyyənləşdirir.
Azərbaycan-ABŞ əlaqələri ilə bağlı suala cavabında Novruz Məmmədov deyib: “Biz ABŞ ilə həmişə çox yaxşı münasibətlər qurmağa çalışmışıq, əməkdaşlıq etmişik. Ancaq bütün bu proseslərdə Prezident İlham Əliyev Azərbaycanın dövlətçilik maraqlarının qorunmasına xüsusi diqqət yetirib. Müəyyən məsələlərlə bağlı mövqeyimizdə fərq olanda da bunu açıq şəkildə demişik, öz mövqeyimizi bildirmişik”.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Azərbaycan ilə ABŞ arasında münasibətlər həmişə çox yaxşı olub. Ötən il Azərbaycan Prezidentinin ABŞ-a çox uğurlu səfəri oldu, məhsuldar görüşlər keçirildi, əlaqələrimizin əhəmiyyəti bir daha vurğulandı və bu münasibətlərin davam etdirilməsi arzusu bildirildi. Ölkələrimiz arasında əməkdaşlıq bundan sonra da davam etdiriləcək, genişləndiriləcək. Dünyada sülhün, sabitliyin, təhlükəsizliyin, inkişafın davam etdirilməsi üçün bu, lazımdır. Çünki Azərbaycan elə regionda yerləşir ki, kiçik ölkə olsa da, onun mühüm dövlət olması faktdır. Bu illər ərzində beynəlxalq layihələrin həyata keçirilməsində təşəbbüskar olmuşuq, aparıcı rol oynamışıq. Bu baxımdan enerji və nəqliyyat layihələrini xüsusi qeyd etmək lazımdır. Azərbaycan ilə əməkdaşlıq hər bir böyük dövlətin marağı çərçivəsindədir. İndi qısa müddət gözləmək lazımdır. ABŞ-ın yeni Prezidenti Donald Tramp öz prezidentlik konsepsiyasını açıqlayıb. O, əvvəlcə daxili proseslərə, sonra xarici siyasət məsələlərinə diqqət yetirəcəyini deyib. Düşünürəm ki, ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə, möhkəmlənməsinə heç bir maneə yoxdur.
Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məsələsinə münasibət bildirən Prezident Administrasiyası rəhbərinin müavini deyib ki, bu məsələni siyasiləşdirmək lazım deyil. Bu, beynəlxalq, dövlətlərarası münasibətlərdə sırf hüquqi bir məsələdir.
“Hüquqa xidmət etmək bu gün beynəlxalq münasibətlər üçün çox vacibdir”, - deyən Novruz Məmmədov əlavə edib ki, bu zaman dövlətlər arasında qarşılıqlı anlaşma, səmimiyyət, əməkdaşlıq da uğurlu olur və bir-birinə inam möhkəmlənir. Bu hadisənin baş verməsi həm də bütün dünya dövlətləri üçün yaxşı bir nümunə oldu ki, bir-birinə kömək etmək, bu cür addımlar atmaq lazımdır.
Prezident Administrasiyası rəhbərinin müavini vurğulayıb ki, Lapşinin ekstradisiyası hüquqi prosesdir, qayda-qanun, ədalət çərçivəsində həll olunub. Bu, beynəlxalq hüquqda öz əksini tapıb. Təəssüf ki, bu məsələdən sui-istifadə edib ölkələr arasında münasibətlərə xələl gətirmək istəyən qüvvələr var idi. Ancaq bunun heç bir nəticəsi olmadı və olmayacaq. Azərbaycan ilə Rusiya arasında əlaqələrin böyük tarixi var. Ölkələrimiz arasındakı mehriban qonşuluq, dostluq, strateji tərəfdaşlıq əlaqələri möhkəm təməl üzərində qurulub. Bizim əlaqələrimizə xələl gətirmək mümkün deyil.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxs yalnız Azərbaycanın razılığı ilə bunu etməlidir. Əgər biz həmin ərazilərimizə səfər edilməsinə razılıq vermiriksə, onda bu səfər qeyri-qanuni olacaq. Biz, əlbəttə ki, öz hüququmuzun təmin olunmasını hər zaman tələb edəcəyik.
AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

Fevralın 11-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq xətti ölkəmizdə davamlı inkişafı təmin etmişdir. Sahibkarlığın inkişafı bu istiqamətdə nəzərdə tutulmuş mühüm faktordur. İqtisadiyyatın canlandırılmasının əsas yolunun islahatlardan və sahibkarlığın inkişafından keçdiyini bildirən Ulu Öndərimiz deyirdi ki, “Bizim yolumuz islahatlar yoludur. Yolumuz bazar iqtisadiyyatının inkişaf etdirilməsi yoludur. Yolumuz sahibkarlığın inkişaf etdirilməsi yoludur”. Hazırda bu yol uğurla davam və inkişaf etdirilir. Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramları ölkəmizin, eləcə də muxtar respublikamızın davamlı inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə gətirib çıxarmışdır. Cari il yanvar ayının 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Prezidenti cənab İlham Əliyev sahibkarlara dövlət dəstəyinin bundan sonra da davam etdiriləcəyini bildirərək demişdir: “Sahibkarlığın inkişafı ilə bağlı bütün lazımi tədbirlər görülür... Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun”.
Ali Məclisin Sədri deyib: Milli iqtisadiyyatı formalaşdırmaq, daxili bazarı xarici amillərin təsirindən qorumaq üçün sağlam sahibkarlıq mühitinin yaradılması zəruridir. Bu amil nəzərə alınaraq ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında xüsusi mülkiyyətin, kiçik və orta sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Sahibkarlara göstərilən dövlət maliyyə dəstəyinin həcminin ildən-ilə artırılması, bu sahədə fəaliyyətə süni müdaxilələrin aradan qaldırılması, bir sıra vergi və gömrük güzəştlərinin tətbiqi sahibkarlıq fəaliyyətinin inkişafına öz təsirini göstərmişdir. 2016-cı ildə Sahibkarlığa Kömək Fondu tərəfindən özəl bölmənin inkişafına 15 milyon manatdan artıq kredit verilmişdir. Fəaliyyətin bu növü ilə məşğul olmaq istəyən 33 hüquqi və 2173 fiziki şəxs qeydiyyata alınmış, 49 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır. Muxtar respublikada sahibkarlığın inkişafı sahəsində yaradılan şəraitin nəticəsidir ki, ötən il ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 87 faizi ötmüşdür. Hazırda sənaye sahəsində məhsul istehsalının 96 faizi, tikintidə görülən işlərin 85 faizi, nəqliyyat xidmətinin 82 faizi, rabitə xidmətinin 81 faizi, kənd təsərrüfatında işlərin 98 faizi, ticarət və mehmanxana xidmətlərinin isə 100 faizi özəl bölmənin payına düşür ki, bunlar da çox yüksək göstəricilərdir.
“Bu gün dünyada gedən böhrandan qorunmağın ən yaxşı yolu sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsindən və yerli istehsalın inkişaf etdirilməsindən keçir”, - deyən Ali Məclisin Sədri bildirib ki, bu, bir tərəfdən idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən əhali məşğulluğuna əhəmiyyətli təsir göstərir. Bu istiqamətdə həyata keçirilən tədbirlər öz nəticəsini göstərib, yeni istehsal müəssisələri fəaliyyətə başlayıb və yerli istehsalın həcmi artıb. 1996-cı ildə muxtar respublikada 10 adda məhsul istehsal olunurdusa, hazırda 366 adda məhsul istehsal olunur. Yeni yaradılan sahibkarlıq müəssisələri hesabına əhalinin 344 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Əhalinin ərzaqla təminatında kənd təsərrüfatının mühüm rolu vardır. Ona görə bu sahədə sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Aqrar sektorda fəaliyyət göstərən sahibkarlar torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azaddırlar. Onlara güzəştli şərtlərlə texnika, yanacaq, kredit, subsidiyalar, gübrə verilir, suvarma sistemlərinin təkmilləşdirilməsi üçün yeni infrastruktur yaradılır. Bütün bunları həyata keçirməkdə məqsəd məhsul bolluğuna nail olmaqdan, əksər kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməkdən ibarətdir.
Qeyd olunub ki, sənaye sahəsində də sahibkarlıq fəaliyyəti genişlənib. Muxtar respublikada həyata keçirilən tədbirlər və mövcud şərait iri sənaye komplekslərinin və istehsal sahələrinin yaradılmasına səbəb olub. Vaxtilə ümumi daxili məhsul istehsalında aqrar sahənin ağırlıq təşkil etdiyi muxtar respublikada bu gün aqrar-sənaye kompleksi böyük üstünlüyə malikdir. Hazırda Naxçıvan Muxtar Respublikasında avtomobil və tikinti materialları, ərzaq və məişət əşyaları istehsalı ilə məşğul olan çoxsaylı müəssisələr fəaliyyət göstərir. 1996-cı ildə muxtar respublikada ümumilikdə 40 sənaye müəssisəsi vardısa, bu gün onların sayı 11 dəfə artırılaraq 442-ə çatdırılıb. Yeni fəaliyyətə başlayan müəssisələr əsasən yerli xammaldan istifadə əsasında öz fəaliyyətlərini qurublar ki, bu da hazır məhsulun daha ucuz qiymətə istehlakçılara çatdırılmasına imkan yaradır. Hal-hazırda muxtar respublikada mövcud olan 442 istehsal müəssisəsindən 311-i və ya 70 faizi tamamilə yerli xammaldan istifadə edərək fəaliyyət göstərir. Bu hesaba bir tərəfdən digər sahələr də inkişaf edir, ikinci tərəfdən isə daxili bazar etibarlı şəkildə qorunur.

 


Ali Məclisin Sədri deyib: Naxçıvan bu gün dünyaya açılır. Qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı və ekoloji təmiz məhsulları hesabına muxtar respublikaya hər il yüz minlərlə turist gəlir. Bu isə öz növbəsində xidmət sektorunun inkişafına da öz təsirini göstərir. Sahibkarlıq müəssisələrinin bu sahədə fəaliyyəti təqdirəlayiqdir və qarşıdakı dövrdə bu sahədə fəaliyyət daha da genişləndiriləcəkdir. Sahibkarlıq o yerdə inkişaf edir ki, orada maneələr aradan qaldırılır, istehsal olunan məhsulların bazarda satışı rahat həyata keçirilir. Bu gün muxtar respublikada təşkil olunan yarmarkalar da daxili bazarı xarici təsirlərdən qoruyur. Yerli məhsulların satışına üstünlük verilir. Kənd təsərrüfatı və yerli istehsal məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə də dövlət tərəfindən dəstək verilir, müəssisələrin ixrac potensialının artırılması diqqətdə saxlanılır. Görülən işlərin nəticəsidir ki, xarici ticarət dövriyyəsində də özəl bölmənin xüsusi çəkisi artmışdır.
Əldə olunmuş nəticələrə əsaslanaraq demək mümkündür ki, muxtar respublikada sahibkarlığın inkişafı üçün nəzərdə tutulmuş tədbirlər vaxtında həyata keçirilir. Qalır təşəbbüs göstərmək və mövcud şəraitdən səmərəli istifadə etmək. Bu gün dövlət orqanlarının sahibkarlığın inkişafına baxışı aydındır. Biz nə istəyirik? İstəyirik ki, sahibkarlar sinfi formalaşsın, sahibkarlığın inkişafı hesabına yeni iş yerlərinin açılması, keyfiyyətli məhsul istehsalı davam etdirilsin. Hər bir sahibkar da istəyər ki, sabitliyin təmin olunduğu yerdə fəaliyyət göstərsin. Bir sözlə, hər bir sahibkar məqsədyönlü fəaliyyəti ilə öz biznesinin və ölkə iqtisadiyyatının inkişafına töhfəsini verməlidir.
Ali Məclisin Sədri bu yolda hamıya uğurlar arzulayıb, səmərəli fəaliyyət göstərən sahibkarlara təşəkkürünü bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək deyib ki, muxtar respublikada 2016-cı ildə sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi artaraq 2 milyard 582 milyon 361 min manat təşkil edib. Yeni normativ hüquqi aktların qəbulu, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər əlverişli biznes mühitinin inkişafına şərait yaradıb. Ötən il sahibkarlara verilmiş kreditlərin 79 faizi sənaye və kənd təsərrüfatı olmaqla real sektorun, 21 faizi isə xidmət sektorunun payına düşüb, 6 heyvandarlıq, bir quşçuluq, bir balıqçılıq, 6 soyuducu anbar və 3 istixana təsərrüfatı fəaliyyətə başlayıb. Sahibkarların sayının artması məşğulluq problemlərinin həllinə də əhəmiyyətli təsir göstərib. Bu fəaliyyətin nəticəsində 2016-cı ildə 3 mindən artıq yeni iş yeri açılıb. Müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılması ixracın genişlənməsinə yeni imkanlar yaradıb, elektrik enerjisi, ərzaq, tikinti, mebel, yüngül sənaye məhsulları xarici ölkələrə ixrac edilib.
Naxçıvan Muxtar Respublikası “Arıçılar İctimai Birliyi”nin sədri Vaqif Məmmədov deyib ki, muxtar respublikada qədim və çox əhəmiyyətli təsərrüfat sahəsi olan arıçılığa göstərilən dövlət qayğısı nəticəsində bu sahə yüksək inkişaf mərhələsinə qədəm qoyub, arıçılıqla məşğul olmaq istəyən sahibkarlıq subyektlərinin sayı ildən-ilə artıb. Son illər ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən arıçılıqla məşğul olan 102 sahibkarlıq subyektinə 727 min manat həcmində kreditlər verilib, balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılıb. Son illər Naxçıvanda arıçılığın inkişafı sahəsində görülmüş tədbirlər nəticəsində, arı ailələrinin sayı 2000-ci ildə 12 min 620 arı ailəsindən 71 min arı ailəsinədək artıb. Bu gün muxtar respublikada 4800-dən çox sahibkar arıçılıqla məşğul olur. 2016-cı ildə muxtar respublikada 1403 ton bal istehsal edilib, “Arıçılıq məhsulları - bal festivalı” keçirilib. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, xəstəliklərə qarşı vaxtında mübarizə aparılmasına, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracına şərait yaradacaqdır.
Ali Məclisin Sədri muxtar respublikada arıçılıq üçün hərtərəfli şəraitin olduğunu nəzərə çatdıraraq İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri tərəfindən arıçılığın inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdirilməsi, bu sahədə mütərəqqi üsulların tətbiqi, maarifçilik işinin aparılması, arıçıların xarici ölkələrdə keçirilən konfranslarda iştirakının təmin olunması ilə bağlı tapşırıqlar verib.
Kəngərli rayonunun Çalxanqala kəndində yaradılan heyvandarlıq təsərrüfatının sahibkarı Pərviz Məmmədov çıxış edərək deyib: Torpaq mülkiyyətçilərinə subsidiya və kreditlər verilməsi, texnika ilə təminatın ilbəil yaxşılaşması, məhsul istehsalçılarına hər cür dəstək göstərilməsi və aqrar sektorun inkişafına yaradılan münbit şəraitdən bəhrələnərək 2010-cu ildə fermer təsərrüfatımızın yaradılmasına başlamışıq. Təsərrüfatın ümumi sahəsi 15 hektardır. İlk illərdə Sahibkarlığa Kömək Fondundan götürdüyümüz güzəştli kredit və şəxsi vəsait hesabına badam, ərik və üzüm bağı saldıq. İlk illərdən başlayaraq yüksək məhsuldarlığa və keyfiyyətli məhsul istehsalına nail olduq. Daha sonra məhsullarımızın satışından əldə etdiyimiz 10 min manat vəsait hesabına 70 baş xırdabuynuzlu və 6 baş iribuynuzlu olmaqla heyvandarlıq təsərrüfatı yaratdıq. Təsərrüfatımızın fəaliyyətə başlaması əhalinin məşğulluğunun artırılmasında da mühüm rol oynayıb, ailəmizin işçi qüvvəsindən əlavə 5 yeni iş yeri açılıb. Təsərrüfatda yaradılan hər cür şərait məhsuldarlığın intensiv yolla artırılmasına, mövsümi ekoloji təmiz məhsulların istehsalına imkan verir. Sahibkarlara göstərilən qayğıdan bəhrələnərək bu ildən heyvandarlıq təsərrüfatının genişləndirilməsinə başlamışıq. Yaradılan şəraitə görə minnətdarlıq edən sahibkar fəaliyyətlərini daha da səmərəli quraraq göstərilən etimadı doğruldacaqlarını bildirib.
Ali Məclisin Sədri sahibkarlığın çoxşaxəli inkişafının əhəmiyyətini qeyd edib, muxtar respublikada bu sahədə görüləcək işləri diqqətə çatdırıb.
Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 6 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib. Bu kreditlər kənd təsərrüfatı texnikalarının alınması, heyvandarlıq, plastik tara istehsalı və bağçılıq təsərrüfatlarının yaradılmasına sərf olunacaqdır.
Tədbirdə 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş olunub.
Sonda Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb.
Qeyd olunub ki, sərgi salonunda 88 müəssisənin 189 növdə və 988 çeşiddə məhsulu, 15 sənətkar tərəfindən hazırlanan 137 əl iş, rəsm əsərləri, xalçalar, Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur. Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlər muxtar respublikada istehsal olunan məhsulların çeşidinin və keyfiyyətinin artmasına səbəb olub. Bu da daxili tələbatı ödəməklə yanaşı, həm də sahibkarlıq müəssisələrinin ixrac imkanlarını artırır. Hazırda Naxçıvan Avtomobil Zavodunda tələbata uyğun, eləcə də sifariş əsasında 14 modeldə avtomobil istehsal olunur. Keyfiyyət və sərfəli qiymət təklifi bu avtomobillərə marağı artırıb.
Ali Məclisin Sədri muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanlarının artırılması, istehsal prosesində qənaətcil texnologiyaların tətbiq olunması, sahibkarlar arasında əlaqələrin qurulması və birgə fəaliyyətin təşkili barədə aid təşkilatlara tapşırıqlar verib.

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 3