XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Şənbə, 11 Fevral 2017

Fevralın 10-da Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsaslı şəkildə yenidən qurulan 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına yeni xidmət mərkəzi barədə məlumat verdi. Bildirildi ki, nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər poçt və telekommunikasiya binalarında yaradılan yeni xidmət mərkəzlərində təqdim ediləcək. “Şəbəkə” adlanan ilk xidmət mərkəzi Üzeyir Hacıbəyli 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə verilib. Sahəsi 500 kvadratmetrdən çox olan mərkəz müasir standartlara uyğun əsaslı təmir olunub.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, “Şəbəkə” mərkəzlərində istifadə olunan bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb və müasir standartlara uyğundur. Mərkəzdə müştərilər  xüsusi özünəxidmət terminalından da istifadə edə bilərlər.

Burada son texnoloji tələblərə uyğun avadanlıq - müasir lazer printerlər, monoblok kompüterlər, özünəxidmət köşkləri, valyuta mübadiləsi və ödəmə terminalları, bankomatlar, bank sistemində tətbiq olunan ən müasir növbə aparatı, tam yenilənmiş abunə qutuları quraşdırılıb, müasir tələblərə cavab verən çeşidləmə otağı yaradılıb. “Şəbəkə” xidmət mərkəzlərində bütün növ telekommunikasiya və poçt, bank və maliyyə xidmətlərinin təşkili də nəzərdə tutulub. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların İMEİ qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzə müraciət edə bilərlər. Xidmətlərin vahid məkanda cəmlənməsi vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişlərə imkan yaradıb.

Dövlətimizin başçısına və xanımına mərkəzdəki e-GovPay ödəmə sistemi barədə də məlumat verildi. Qeyd olundu ki, bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Yaxın gələcəkdə isə həmin sistem vasitəsilə dövlət rüsumları da ödəniləcək. “Şəbəkə” xidmət mərkəzlərinin yaradılmasında əsas məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir. Burada işçi heyəti üçün treninqlər də keçirilir. İşə 60 nəfərdən çox əməkdaş cəlb olunub. Bildirildi ki, Bakı şəhərində ilkin mərhələdə 10 belə xidmət mərkəzinin açılması nəzərdə tutulur. Hazırda Xəzər, Yasamal və Binəqədi rayonlarında “Şəbəkə” xidmət mərkəzlərinin açılması üçün təmir-tikinti işləri aparılır və yaxın zamanlarda onların istifadəyə verilməsi gözlənilir. Gələcəkdə respublikamızın regionlarında da “Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.

Mərkəzdəki “elektron imza” və “elektron hökumət” portalı ilə bağlı həyata keçirilən yeniliklər barədə də ətraflı məlumat verildi. Qeyd olundu ki, müxtəlif ölkələrə səyahətə və istirahətə gedənlər də buradan sərfəli qiymətə aviabiletlər əldə edə bilərlər. Bu mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftənin bütün günlərində səhər saat 9-dan axşam saat 8-dək xidmət göstəriləcək.

Yeni xidmət mərkəzi ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

 

 

 

 

AZƏRTAC

Published in Siyasət

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) inzibati binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlətimizin başçısına və xanımına burada aparılan işlər barədə məlumat verdi.

Bildirildi ki, 1956-cı ildə inşa edilən bu binanın ümumi sahəsi 30 min kvadratmetrdir. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətləri, həmçinin ölkəmizdə dəmir yolunun inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb, Ümummilli Liderin büstü qoyulub.

Ümumilikdə Azərbaycanda dəmir yolunun inkişafı ulu öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zamanı əhatə edir. Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanda dəmir yolları müasir dövrün tələblərinə uyğunlaşdırılıb, onun maddi-texniki bazası möhkəmləndirilib. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində dəmir yolu nəqliyyatında əsaslı dəyişikliklərə, köklü islahatlara və davamlı inkişafa nail olunub.

Binada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait var, otaqlar ən müasir mebel və avadanlıqla təchiz olunub. Burada qatarların hərəkətinin onlayn və GPS izlənmə sistemləri tətbiq edilib. Binanın 280 nəfərlik müasir akt zalında bütün imkanlar yaradılıb. İnzibati otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Binada, həmçinin şəhid dəmiryolçuların fotolarından ibarət guşələr də yaradılıb. Burada müasir yeməkxana da işçilərin ixtiyarına verilib.

Qeyd edildi ki, binada ən müasir işıqlandırma sistemi qurulub. Dəmir yolunun fasiləsiz iş rejimini nəzərə alaraq, binanın həyətyanı ərazisində iki transformator və generator quraşdırılıb, su anbarları inşa edilib. Bina mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub. Burada, eyni zamanda, beynəlxalq standartlara cavab verən yanğın təhlükəsizliyi və mühəndis kommunikasiya sistemləri tam şəkildə yenilənib. Ətraf ərazilərdə əsaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb.

 

 

 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib

Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra fevralın 10-da istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Bakı Dəmir Yolu Vağzalının binası 1884-cü ildə Mavritaniya üslubunda inşa olunub, 1926-cı ildə isə rekonstruksiya edilib. Elə həmin ilin iyununda keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda Bakı-Sabunçu dəmir yolu sahəsində elektrik qatarı hərəkətə buraxılıb. 1977-ci ildə dəmir yolunun Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal binası Cənubi Qafqazda eyni tipdən olan obyektlərin ən böyüyü idi.

Vağzal binasının üslubu və fasadı Bakı üçün ənənəvi tikililərdən fərqlənir. Belə ki, vağzalın eksteryeri qədim Şərq üslubuna xasdır. O dövrdə Şərq üslubunda tikilən bina dəbdəbə və əzəmətin təzahürü sayılırdı. Bu binanın fasadında Şirvanşahlar sarayının bir çox elementlərindən də istifadə olunub. Uzun illər istismar və baxımsızlıq üzündən bina görkəmini itirdiyi üçün 2015-ci ilin əvvəlində burada əsaslı yenidənqurma işlərinə start verilib. Vağzal binasında milli ornamentlərə uyğun olaraq yenidənqurma həyata keçirilib.

Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yük, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə verilib. Binada sərnişinlər pulsuz Wi-Fi sistemindən də istifadə edəcəklər. Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradılıb.

 

 

Dövlətimizin başçısına və xanımına vağzal binasında yaradılan situasiya mərkəzi barədə də məlumat verildi. Mərkəzdən müşahidə kameraları vasitəsilə vağzal ərazisinə nəzarət olunur.

Vağzal binasının ikinci mərtəbəsində 2 saylı “ASAN kommunal” fəaliyyət göstərir. Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına və xanımına mərkəz barədə məlumat verdilər.

“ASAN kommunal” mərkəzlərinin yaradılması Azərbaycan Prezidentinin ötən il imzaladığı Fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Bu mərkəz qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən bütün sərnişinlərə xidmət göstərəcək. Burada 3 qurum - “Azərişıq” və “Azərsu” ASC-lər, həmçinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 45 növ xidmətin göstərilməsi nəzərdə tutulur. Mərkəzdə “Azərişıq” və “Azərsu” ASC-lərin hər biri üçün 10, “Azəriqaz” İstehsalat Birliyi üçün isə 9 xidmət pəncərəsi yaradılıb. Bank və notariat xidmətlərinin də təşkil edildiyi mərkəzdə 51 əməkdaş, 20 könüllü, ümumilikdə, 71 nəfər işlə təmin olunub. Mərkəzdə könüllülər otağı, konfrans zalı, uşaq əyləncə sahəsi yaradılıb. Onu da deyək ki, bu il yanvarın 15-dən fəaliyyətə başlayan 1 saylı “ASAN kommunal” mərkəzində bu günədək 3200-dən artıq müraciət qeydə alınıb.

Bakı Dəmir Yolu Vağzalının belə yüksək səviyyədə yenidən qurulması, ümumilikdə, ölkəmizdə həyata keçirilən sosial layihələrin uğurla davam etməsini aydın göstərir. Bu layihənin icra olunması həm də Azərbaycan dəmir yollarının inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Dövlətimizin başçısı və xanımı dəmir yolu platformasında müxtəlif istiqamətlərdə hərəkət edən qatarların dayanacaqları və sərnişinlər üçün yaradılan şəraitlə tanış oldular. Vağzalın 7 platforması və 8 yolu da görülən işlər çərçivəsində təmir olunub, platformalarda ikitərəfli oturacaqlar quraşdırılıb. Burada aparılan əsaslı yenidənqurma işləri zamanı rəsmi nümayəndələr zalı da müasir səviyyədə təmir olunub.

Bakı Dəmir Yolu Vağzalında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

AZƏRTAC

 

 

 

Published in Siyasət

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ölkələrimiz arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən və ortaq mənəvi dəyərlərimizdən qaynaqlanır. İnanıram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 8 fevral 2017-ci il.

 

 

 

Published in Məktublar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisi məqsədi ilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə “Respublikanın kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması” üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon (dörd milyon üç yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın. 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 10 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Vaqif Deryuş oğlu Bayramov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 10 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq  qərara alıram:

Aşağıdakı şəxslər 6 il müddətinə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvləri təyin edilsin:

Cəfərov Məmməd Hüseyn oğlu

Elyazov Mübariz Elyaz oğlu

Xəlilov Aslan Xası oğlu.          

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 10 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir.

Cəzaların icrası sahəsində həyata keçirilən islahatlara baxmayaraq, son zamanlar aparılmış təhlillər göstərir ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının icrası prosesində çətinliklər yaranır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir.

İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə qərara alıram:

1. Penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirləri davam etdirilsin. Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılsın.

2. Cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələri tətbiq olunsun.

3. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada çəkilməsi və məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması təmin edilsin, bu sahədə korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması üçün tədbirlər görülsün.

4. İctimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısı alınsın, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarət təmin edilsin.

5. Azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması imkanları araşdırılsın, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması üçün tədbirlər görülsün.

6. Penitensiar xidmətin yüksək peşəkar kadr korpusunun formalaşdırılması, vəzifələrə təyinatın daha çevik və qısa müddətdə aparılması, əməkdaşların bilik, bacarıq və praktiki vərdişlərinin inkişaf etdirilməsi, işçilərin fəaliyyətinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, habelə onların sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər görülsün.

7. Penitensiar müəssisələrin etibarlı mühafizəsinin təşkil edilməsi məqsədilə penitensiar xidmətin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə tam komplektləşdirilməsi təmin olunsun.

8. İbtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin.

9. Cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilsin, cinayət təqibi və cəzaların icrası zamanı qeyri-prosessual münasibətlərə yol verilməsin, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlər görülsün.

10. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər:

10.1. cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması;

10.2. cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi;

10.3. törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması;

10.4. azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi;

10.5. həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

11.1. probasiya xidmətinin təşkili ilə əlaqədar təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

11.2. elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə normativ hüquqi aktlara dəyişikliklərin edilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birlikdə hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

11.3. “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sistemini təşkil etsin, həmin sistem vasitəsilə cəzaları icra edən orqan və müəssisələr arasında real vaxt rejimində qarşılıqlı məlumat mübadiləsini təmin etsin, informasiya sisteminə məlumatlar toplanarkən bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların müəyyən etdiyi meyarları nəzərə alsın;

11.4. ictimai işlər növündə cəza çəkən məhkumların iş yerlərində dəqiq qeydiyyatının təşkil edilməsi, həmin işlərdən yayınmanın qarşısının alınması və işlənmiş vaxtın dəqiq uçotunun aparılması üçün tədbirlər görsün;

11.5. məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

11.6. azadlıqdan məhrum edilmiş məhkumların və həbs edilmiş şəxslərin saxlanma şəraitinə, yemək, tibbi-sanitariya, maddi-məişət təminatına nəzarəti gücləndirsin;

11.7. bu Sərəncamın 3-6-cı hissələrində nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etsin və nəticəsi barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

12. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki:

12.1. həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılsın;

12.2. böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatlar müstəsna hallarda həbsin tətbiq edilməsinə dair cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda verilsin.

13. Məhkəmələrə tövsiyə edilsin ki:

13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar;

13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar;

13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar;

13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər.

14. Azərbaycan Respublikasının Ali Məh

kəməsinə tövsiyə edilsin ki, həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsini mütəmadi ümumiləşdirsin və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etsin.

15. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təklifləri əsasında penitensiar xidmətin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə tam komplektləşdirilməsini təmin etsin.

16. Yerli icra hakimiyyəti orqanları tərəfindən ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahıları təxirəsalınmadan müəyyən olunsun və həmin siyahıların mütəmadi olaraq icra məmurları ilə razılaşdırılması təmin edilsin.

17. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

17.1. elektron nəzarət vasitələrinin tət

biqi ilə əlaqədar maliyyələşmə məsələlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğunun təklifləri əsasında həll etsin;

17.2. məhkumların məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanması və təminatına dair Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin müddəalarına riayət olunmasının təmin edilməsi məqsədilə tikinti və təchizat işlərinin yerinə yetirilməsi üçün vəsaitin ayrılması mümkünlüyünə baxsın;

17.3. ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydasını təsdiq etsin;

17.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 10 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 3, maddə 175; 2000, N 8 (III kitab), maddə 615; 2001, N 10, maddə 640, N 12, maddələr 754, 755; 2003, N 10, maddələr 546, 568, 571, 585; 2004, N 12, maddə 1005; 2005,   N 2, maddə 69, N 3, maddə 170, N 7, maddə 592, N 8, maddə 720, N 12, maddələr 1104, 1112; 2006, N 9, maddə 743; 2007, N 3, maddə 234, N 8, maddə 766; 2008,      N 6, maddə 498, N 9, maddə 798, N 11, maddə 969; 2009, N 2, maddə 70, N 4, maddə 226, N 10, maddələr 776, 779; 2010, N 4, maddə 296, N 5, maddə 389; 2013, N 9, maddə 1056; 2014, N 4, maddə 364, N 5, maddə 477, N 7, maddə 805, N 9, maddə 1027; 2016, N 11, maddə 1817) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 12.1-ci və 12.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“12.1. Hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur.

12.2. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.”;

1.2. aşağıdakı məzmunda 12.3-12.6-cı bəndlər əlavə edilsin:

“12.3. İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra - Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir.

12.4. Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Palata tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Palataya ötürürlər.

12.5. Palata müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir.

12.6. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Palata idxal-ixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər.”;

1.3. 15.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“15.2. Xarici ticarət əməliyyatları üzrə malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasına və gətirilməsinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, bu əməliyyatların hesablaşmalar hissəsinə isə Palata və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzarət edirlər.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 10 fevral 2017-ci il.

 

 

 

Published in Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadi islahatların dayanıqlılığını təmin etmək, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini və ixrac potensialını yüksəltmək, xarici ticarəti daha da liberallaşdırmaq, standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrini müasir tələblərə uyğunlaşdırmaq, nəzarət mexanizminin şəffaflığının və çevikliyinin artırılmasına nail olmaq, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. beynəlxalq təcrübəni nəzərə almaqla, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası qanununun yeni layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. beynəlxalq təcrübəni nəzərə almaqla, istehlak bazarında qeyri-qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsinə, o cümlədən onların istehsalı zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət səlahiyyətlərinin qanunla müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi qurumlarına ötürülməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üçün dövlət proqramının layihəsini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. bu Fərmanın 3.2-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra onun milli standartlaşdırma qurumu kimi, bu Fərmanın 3.3-cü bəndində nəzərdə tutulan publik hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra isə onun milli akkreditasiya qurumu kimi beynəlxalq təşkilatlara üzvlüyünün və akkreditasiya nəticələrinin qarşılıqlı tanınması ilə bağlı beynəlxalq müqavilələr bağlanmasının təmin edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə həyata keçirsin;

1.5. bu Fərmanın 3.1-3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləğinin inzibati təsnifata uyğun olaraq bölgüsündə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Metrologiya Xidməti və Dövlət Akkreditasiya Xidməti üçün nəzərdə tutulmuş vəsaitin həmin publik hüquqi şəxslərə ayrılmasını təmin etsin;

1.6. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təklifləri əsasında və bu Fərmanın 1.5-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 3.1-3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamə fondunun formalaşdırılmasını təmin etsin;

1.7. bu Fərmanın 5-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təklifləri əsasında həmin Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin, Dövlət Metrologiya Xidmətinin və Dövlət Akkreditasiya Xidmətinin istifadəsində olan dövlət əmlakının bu Fərmanın 3.1-3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərə və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verilməsini  üç ay müddətində təmin etsin;

1.8. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.11. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan qanun layihəsi hazırlanarkən aşağıdakı meyarlar nəzərə alınsın:

2.1. məhsulların təhlükəsizlik göstəricilərinə, o cümlədən məhsullarla əlaqəli proseslərə, saxlanmaya, qablaşdırmaya, etiketləməyə və terminologiyaya dair tələblərin texniki reqlamentlərlə, məhsulların keyfiyyət göstəricilərinə dair tələblərin isə standartlarla müəyyən olunması;

2.2. texniki reqlamentlərin icrasının sahibkarlar üçün məcburi, məhsulların keyfiyyətinə dair tələbləri ehtiva edən standartların icrasının isə könüllü xarakter daşıması;

2.3. məhsulların texniki reqlamentlərə uyğunluğunun qiymətləndirilməsinin (təsdiqinin) onların risk qrupları (aşağı, orta və yüksək risk) üzrə təsnifatından asılı olaraq həyata keçirilməsi;

2.4.  yalnız yüksək risk qrupuna aid məhsulların sertifikatlaşdırılmasının məcburi olması.

3. Azərbaycan Respublikasının Standa

rtlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi:

3.1. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən bir ay müddətində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi yaratsın;

3.2. standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi bir ay müddətində yaratsın;

3.3. akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi bir ay müddətində yaratsın;

3.4. qanunvericiliklə müəyyən edilmiş qaydada ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə qanunvericiliyə uyğun müqavilələrin qeydiyyatını aparan, müvafiq mühafizə sənədləri və şəhadətnamələr verən, qanunvericiliyə uyğun müvafiq məlumatların dərcini həyata keçirən, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparan, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirən  “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi bir ay müddətində yaratsın;

3.5. bu Fərmanın 3.1-3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin;

3.6. bu Fərmanın 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulan publik  hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən həmin publik hüquqi şəxslərin fəaliyyət istiqamətlərinə uyğun sahələr üzrə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən hüquqi şəxslərin ləğv edilməsi və onların əmlakının yeni yaradılan publik hüquqi şəxslərin balansına verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görsün;

3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 3.1-3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin saxlanması və fəaliyyətinin təmin edilməsi həmin fəaliyyətdən əldə etdikləri gəlirlər (o cümlədən aldıqları kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına həyata keçirilir.

5. Bu Fərmanın 3.1-3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Metrologiya Xidməti və Dövlət Akkreditasiya Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı həmin publik hüquqi şəxslərə və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verilsin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu  Fərmanın 3.1-3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirlər görsün.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 10 fevral 2017-ci il.

 

 

 

Published in Fərman
1 -dən səhifə 4