XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə, 01 Fevral 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə etdi. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycana səfərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını bildirdi, eyni zamanda, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını vurğuladı. Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyətinə toxunan dövlətimizin başçısı bu komissiyanın iqtisadi əməkdaşlığımızın praktik məsələlərinin müzakirəsinə diqqət yetirəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev dedi ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir, tərəfdaşlıq münasibətlərinə söykənir və iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlığımızın da genişləndirilməsi üçün yaxşı imkanlar var. Dövlətimizin başçısı bu baxımdan investisiya imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd etdi.

Qətərin xarici işlər naziri Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin ən səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı və onu ölkəsində görməyi səbirsizliklə gözlədiyini dedi. Nazir Azərbaycanda gedən inkişaf proseslərinin Qətərdə böyük maraqla izlənildiyini bildirdi. İqtisadi əməkdaşlığımıza toxunan qonaq Azərbaycan-Qətər Hökumətlərarası Birgə İqtisadi, Ticarət və Texniki Komissiyasının konstruktiv şəkildə fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan ilə Qətər arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani əlaqələrimizin bundan sonra da daim inkişaf edəcəyinə əminliyini ifadə etdi. İqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinin önəmini vurğulayan qonaq bu baxımdan müştərək fondun yaradılmasının məqsədəuyğun olduğunu dedi.

 

 

Dövlətimizin başçısı öz növbəsində Qətərə səfərini səbirsizliklə gözlədiyini dedi və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Tani ilə şəxsi dostluq münasibətlərinin xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi.

Görüşdə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olundu və bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmi vurğulandı.

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.

 

AZƏRTAC

Published in Siyasət

“İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 4, maddə 683) ilə təsdiq edilmiş “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri” cədvəlinin “Alternativ enerji istehsalı” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilsin:

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 31 yanvar 2017-ci il.

Published in Fərman

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 302-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə qərara alır:

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, N 2, maddə 88; 2001, N 11, maddələr 669, 676; 2002, N 1, maddə 2; N 5, maddələr 237, 243; 2006, N 6, maddə 478; 2007, N 8, maddə 756, N 12, maddə 1197; 2008, N 7, maddə 602, N 8, maddə 701; 2009, N 7, maddə 519; 2010, N 3, maddə 171; 2013, N 3, maddə 229, N 5, maddə 470; 2014, N 11, maddə 1336; 2015, N 5, maddə 497; 2016, N 1, maddə 37) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin  birinci hissəsinin 4-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:

“5) Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi.”.

2. 7-ci maddə üzrə:

2.1. adına “yaşayan” sözündən sonra “, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış” sözləri əlavə edilsin;

2.2. birinci cümləyə “icazə” sözündən sonra “və ya qaçqın statusu” sözləri, “verilərkən” sözündən sonra isə “, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən” sözləri əlavə edilsin;

2.3. ikinci cümləyə “vəsiqəsində”  sözündən sonra “, qaçqın vəsiqəsində, habelə müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 dekabr 2016-cı il.

 

 

 

Published in Qanun

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 1, maddə 67) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

“5-1. “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanına uyğun olaraq “Turizm və rekreasiya zonalarının hüdudları daxilində Baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin tikintisi” iqtisadi fəaliyyət sahəsi üzrə ərizələrə bu Qaydanın 5-ci bəndində nəzərdə tutulan sənədlərlə yanaşı, investisiya layihəsinin turizmin inkişafı üzrə strateji planlara, turizm və rekreasiya zonalarının Baş inkişaf planlarına, turizm xidmətlərinin təsnifatına, regional səviyyədə turizm xidmətlərinin (məhsulun müxtəlifliyi) proporsional bölgüsünə uyğunluğu barədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəyi əlavə olunur.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 31 yanvar 2017-ci il.

 

 

 

Published in Fərman

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 483-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 483-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 yanvar 2017-ci il.

 

 

 

Published in Sərəncam

Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın birinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın həmsədrləri, Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin təkbətək görüşü olub.

Sonra Kəmaləddin Heydərov və Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin həmsədrliyi ilə Azərbaycan Hökuməti və Qətər Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan üzvlərinin iştirakı ilə birinci iclas keçirilib.

Komissiyanın həmsədri Kəmaləddin Heydərov Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani və onun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayıb. K.Heydərov qeyd edib ki, Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hazırladığı sənədlər əsasında əməli işlərə başlanacaq. Həm Qətər, həm də Azərbaycan iş adamlarının iqtisadiyyat sahəsində quracaqları müştərək şirkətlərin yatıracaqları investisiyalardan həm Azərbaycan, həm Qətər xeyir götürəcək. İmzalanacaq protokol çərçivəsində gələcəkdə müştərək fondun yaradılması birgə işimizə faydalı ola bilər.

Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani səmimi qarşılanmaya görə Kəmaləddin Heydərova təşəkkürünü bildirib. O deyib ki, Hökumətlərarası Birgə Komissiya gələcəkdə iki dövlət arasında əlaqələrin inkişafına töhfəsini verəcək: “Birgə Komissiya 2016-cı ilin əvvəllərində Qətər Dövlətinin Əmirinin Azərbaycana səfəri nəticəsində yaranıb. Ümidvarıq ki, iki ölkə arasında əməkdaşlıq bütün sahələri əhatə edəcək. İki qardaş ölkənin əlaqələrinin genişlənməsində bu komissiya müsbət rolunu oynayacaq. Biz ölkələrimiz arasında əlaqələri yaxşılaşdırmalıyıq. Qətərlə Azərbaycan arasında əlaqələr daha da inkişaf edəcək. İki ölkə arasında strateji əməkdaşlıq genişlənəcək və biz ölkələrimizin ehtiyaclarına uyğun tələbləri ödəyəcəyik”.

İclasda Azərbaycanla Qətər arasında əlaqələrin yüksək templərlə inkişaf etdiyi vurğulanıb, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanan sənədlər, əldə olunan razılaşmalar sayəsində əlaqələrin son illər dinamik şəkildə genişləndiyi xüsusi qeyd edilib.

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin 2016-cı ildə ölkəmizə səfərinin uğurla keçdiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Qətər Dövlətinə nəzərdə tutulan səfərinin iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafına təkan verəcəyinə əminlik ifadə edilib.

Qeyd olunub ki, Azərbaycanın ixracyönümlü məhsullarının Körfəz bazarına çıxarılmasının, Körfəz ölkələri ilə sərmayə əməkdaşlığının təşviq edilməsinin hazırda prioritet istiqamətlərdən olduğu və bu xüsusda dövlət və özəl şirkətlərin səylərinin artırılmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qarşılıqlı prinsip əsasında Azərbaycan vətəndaşlarına Qətər Dövlətinə daxil olduqda viza verilməsi təklifinə müsbət cavabın verilməsi yüksək qiymətləndirilib.

İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və müzakirələrin yekununa dair protokol Komissiyanın həmsədrləri, Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani tərəfindən imzalanıb.

 

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dünən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki Baş Qərargahında Avropa Bürosunun direktoru Vinsent  Koçetelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb.

Baş nazirin müavini Əli Həsənov BMT QAK-ın rəhbərliyinin Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə həmişə diqqətlə yanaşdığını, sabiq ali komissarlar xanım Sadako Oqata və Antonio Quterreşin Azərbaycana səfərlərinə, çadır düşərgələrindəki və digər ərazilərdə məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmalarına toxunaraq, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələrin daha da inkişaf etdiyini və bunun məcburi köçkünlər öz doğma yurdlarına qayıdandan sonra da davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olub.

Görüşdə bildirilib ki, bu gün ölkəmizin həll olunmamış yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemidir. Ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün bütün lazımi şərait yaradılıb, ancaq bu insanların yeganə istəkləri öz doğma torpaqlarına qayıtmaqdır.

Əli Həsənov deyib ki, münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk qrupu heç bir irəliləyişə nail ola bilmir.  BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir və bu işğalçı ölkəyə qarşı da heç bir təzyiq edilmir. Bu, ən böyük ədalətsizlik və beynəlxalq hüquq normalarının pozulmasıdır.

Əli Həsənov deyib: “Bu gün dünyada bir çox problemlər var. Ancaq bunların içərisində ən həssası qaçqın və məcburi köçkün problemidir. Güclü dövlətlər yeni ərazilər əldə etmək, təbii resurslar qazanmaq və dünyanın coğrafiyasını bölüşdürmək üçün müharibələr aparırlar. Ortada isə kiçik xalqlar əziyyət çəkirlər. Bir tərəfdən insan hüquqlarının qorunmasından danışırlar, digər tərəfdən isə gündə minlərlə insan həlak olur”.

Baş nazirin müavini bildirib ki, bu gün bizə insan hüquqlarının qorunmasında irad tutan ölkələr  bilməlidir ki, 90-cı illərin əvvəllərində ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkün oldu. Ulu öndər Heydər Əliyev tərəfindən uğurlu idarəçilik mexanizmi yaradıldı, bu problemin vahid mərkəzdən idarə edilməsinin əsası qoyuldu, bu sahədə heç bir konflikt ortaya çıxmadı və bu gün də bu problemin həlli istiqamətində  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən mühüm işlər görülür.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki Baş Qərargahında Avropa Bürosu direktoru Vinsent Koçetel ətraflı məlumata  görə minnətdarlığını bildirmiş və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin ölkəmizə səfər etmək istədiyini diqqətə çatdırıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin son günlər məcburi köçkünlərlə bağlı imzaladığı fərman və sərəncamlar haqqında məlumatlı olduğunu və bunu dəstəklədiyini deyən qonaq işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərinin geriyə qayıdışı prosesində BMT QAK-ın yaxından iştirak etmək istədiyini və bu sahədə öz təcrübələrini bölüşmək istədiklərini bildirdi. Onlar eyni zamanda 2019-cu ildə əhalinin siyahıyaalınmasında da yaxından iştirak etmək istəyirlər.

Əli Həsənov cənab Prezidentin imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərman və işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı Sərəncam haqqında qonaqlara ətraflı məlumat verib.

Görüşdə BMT QAK-ın Cənubi Qafqaz (Azərbaycan, Ermənistan və Gürcüstan) üzrə yeni təyin olunmuş Regional Nümayəndəsi Yohannes van der Klauv ölkəmizin zəngin tarixə və mədəniyyətə malik olduğunu  bildirib. O, həmçinin hər iki tərəfin əldə etdiyi təcrübənin qarşılıqlı əməkdaşlıq şəraitində paylaşmasının vacibliyini deyib.

Baş nazirin müavini BMT QAK-ın Baş Qərargahının Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi ilə əməkdaşlıq etməsinin vacibliyini bildirib və bunun hər iki tərəf  üçün faydalı ola biləcəyinə əminliyini ifadə edib.

Qonaqlar Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məskunlaşmış məcburi köçkünlərlə də görüşərək onlar üçün yaradılan şəraitlə yaxından tanış olublar.

Ülvi QARAYEV,

“Respublika”.

 

 

 

Published in Digər xəbərlər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini müzakirə ediblər. Nazirlər iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ilin noyabr ayında Qətər Dövlətinə rəsmi səfəri ikitərəfli münasibətlərin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub. Eyni zamanda, 2016-cı ilin martında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərə xüsusi töhfə verib.

Nazirlər məmnunluqla qeyd ediblər ki, Azərbaycan və Qətər arasında qarşılıqlı anlaşma və dialoqa əsaslanan ənənəvi dostluq münasibətləri mövcuddur. Ölkələrimiz arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq qurulub.

Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri haqqında danışan Elmar Məmmədyarov bu layihələrin Körfəz ölkələri üçün faydalı ola biləcəyini söyləyib. O, həmçinin Azərbaycanla Qətərin üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi və sərmayə qoymaq imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani sözügedən təklifin ölkəsi tərəfindən məqbul sayıldığını, eyni zamanda, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Nazirlər Azərbaycanla Qətər arasında hökumətlərarası birgə komissiyanın fəaliyyətə başlamasının iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyinə əminik ifadə ediblər. Elmar Məmmədyarov bildirib ki, Qətər investorlarının Azərbaycana sərmayə qoyması üçün hər cür şərait yaradılıb və əczaçılıq, neft-qaz, kimya sənayesi, kənd təsərrüfatı məhsullarının emalı və aqroparkların yaradılması, informasiya texnologiyaları, tekstil, tikinti materiallarının istehsalı, turizm və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq üçün əlverişli imkanlar var.

Qətər Dövlətinin xarici işlər naziri iki ölkə arasında birbaşa uçuşların sayının artırılmasının vacibliyini qeyd edib və bu faktın Azərbaycana səfər edən qətərli turistlərin sayına müsbət təsir edəcəyini bildirib.

Elmar Məmmədyarov Qətərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə dəstəyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini yüksək qiymətləndirib və buna görə həmkarına təşəkkür edib. O, həmçinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini xatırladaraq, sözügedən qətnamələrin tələblərinin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncam imzaladığını deyən Elmar Məmmədyarov bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini vurğulayıb və Qətər idmançılarının bu yarışlarda fəal iştirak edəcəyinə ümid etdiyini bildirib.

Görüşdə iki ölkə arasında mədəniyyət əlaqələrinin gücləndirilməsi, insanlararası təmasların artırılmasının vacibliyi qeyd olunub və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Görüşdən sonra nazirlər müzakirə olunan məsələlərlə bağlı mətbuat konfransı keçiriblər.        

AZƏRTAC

 

 

 

Published in Siyasət

Azərbaycan ilə Qətər arasında qarşılıqlı etimad mövcuddur. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Bizim siyasi mövqelərimiz beynəlxalq təşkilatlarda üst-üstə düşür. Əməkdaşlığımız gündən-günə inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə qətərli həmkarına ətraflı məlumat verdiyini deyən E.Məmmədyarov münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Qətər Dövlətinə minnətdarlığını bildirib. “Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurası bu münaqişənin həlli üçün qətnamələr qəbul edib. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması konkret olaraq tələb edilib. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra olunur. Lakin təəssüflər olsun ki, bu münaqişə ilə bağlı həmin qətnamələr hələ də yerinə yetirilmir. Biz beynəlxalq ictimaiyyətdən bu sahədə Qətər kimi qəti mövqe tutmasını istəyirik”, - deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.

Nazir E.Məmmədyarov qeyd edib ki, Qətər ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş perspektivlər var. Biz xarici işlər nazirləri olaraq bu münasibətləri inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Bundan əlavə, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, tikinti sahələrində də əlaqələrin qurulması mümkündür.

“Azərbaycanın Xarici İşlər Nazirliyi Körfəz Əməkdaşlıq Şurası ilə əlaqələr qurur. Biz bu il Körfəz Əməkdaşlıq Şurası ilə Azərbaycan arasında nazirlər səviyyəsində görüşün keçirilməsi təklifini irəli sürdük. Hazırda o görüşün vaxtı müəyyənləşir. Həmçinin kənd təsərrüfatı və turizm sahələrində də əməkdaşlıq müzakirə olunub. Qətər Dövləti Azərbaycan ilə kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıqda çox maraqlıdır. Turizm imkanları çox böyükdür. Bildiyiniz kimi, Qətər vətəndaşlarının Azərbaycana axını gündən-günə artır. Biz bunu alqışlayırıq. Artıq razılığa gəlmişik ki, “Qatar Airways” Azərbaycana reyslərinin sayını artırsın”, - deyə E.Məmmədyarov bildirib.

Azərbaycan ilə Qətər arasında ikitərəfli iqtisadi əməkdaşlıq komissiyasının iclası ilə əlaqədar ölkəmizə səfər etdiyini deyən Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani azərbaycanlı həmkarı ilə görüşdə bir çox sahələr üzrə münasibətlərin genişləndirilməsi yollarının müzakirə edildiyini deyib. “Biz, siyasi əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Azərbaycana öz dəstəyimizi bəyan etdik. Biz ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsində maraqlıyıq. Azərbaycanda olduğum müddətdə keçirdiyim görüşlər, müzakirə edilən məsələlər çox faydalı oldu. Düşünürəm ki, Azərbaycan ilə Qətər arasında imkanlar çox genişdir”, - deyə Qətər Dövlətinin xarici işlər naziri bildirib.

Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani görüşdə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın da müzakirə olunduğunu söyləyib. O, Azərbaycana səfər edən Qətər vətəndaşlarının sayının gündən-günə artmasından məmnunluğunu ifadə edib. “Biz, həmçinin vətəndaşlarımız üçün viza prosedurunun asanlaşdırılmasını, iqtisadiyyat, mədəniyyət sahələrində əməkdaşlığı müzakirə etdik, tələbələrin mübadiləsi proqramına dair fikir mübadiləsi apardıq”, - deyə o əlavə edib.

AZƏRTAC

 

 

 

Published in Siyasət

Yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin struktur qurumlarının, regional və yerli ədliyyə orqanlarının rəhbər şəxslərinin, QHT və KİV nümayəndələrinin iştirak etdiyi kollegiyada Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına və regionların sosial-iqtisadi inkişafına dair iclaslarda verdiyi tapşırıqlarla bağlı ədliyyə orqanlarının qarşısında duran vəzifələr müzakirə olunub.

Nazir F.Məmmədov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini, dünyada təhlükələrin, iqtisadi böhranın hökm sürdüyü şəraitdə Azərbaycanın 2016-cı ildə öz inamlı inkişafını, sabitliyini təmin etdiyini, qarşıya qoyulan bütün strateji inkişaf hədəflərinə nail olunduğunu vurğulayıb.

İclasda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər, ötən il ədliyyə orqanları tərəfindən görülmüş işlər ətraflı təhlil edilib.

Məlumat verilib ki, nazirlik tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əvvəlki illə müqayisədə 40 faiz çox - 1100-dən artıq qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən üç minə yaxın belə akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan milli qanunvericiliyin elektron bazasına 2615 sənəd daxil edilib və il ərzində həmin bazaya başçəkmələrin sayı 2,7 dəfə artaraq 500 minə çatıb.

 

 

Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq, 50 mindən çox vətəndaş müraciətinə baxılıb, 15700 vətəndaş nazirlikdə, bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,6 milyonu ötüb, 350 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu əməliyyatlarla bağlı 40,3 milyon manatdan çox dövlət rüsumu və haqq ödənilib. Vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması və onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ədliyyə infrastrukturunun müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülüb, o cümlədən ötən il ölkə başçısının iştirakı ilə Xaçmaz nikah evi, habelə yeni inşa olunmuş Mingəçevir şəhər qeydiyyat şöbəsi üçün inzibati binalar istifadəyə verilib.

Dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4300-ü, KİV-lərin sayı isə 5100-ü ötüb. Həmçinin vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılması, qrantların verilməsi prosedurunun sadələşdirilməsi və şəffaflığın təmin olunması üçün dövlətimizin başçısının tapşırığına əsasən xarici donorlar tərəfindən ölkə ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb, bununla bağlı qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə əlaqələndirici qurum kimi müəyyənləşdirilmiş Ədliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər görülüb.

Diqqətə çatdırılıb ki, ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər təkmilləşdirilib, ötən il nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə üç dəfə artaraq 1,8 milyondan çox olub. Hazırda yeni xidmətlərin tətbiqi üzrə işlər görülür. Eyni zamanda, dövlət başçısının Sərəncamı ilə yaradılmış “Elektron məhkəmə” informasiya sistemi çərçivəsində elektron sənəd dövriyyəsinin, məhkəmə işlərinin elektron idarə edilməsinin, proseslərin elektron qeydiyyatının sınaq rejimdə məhkəmələrdə tətbiqi davam etdirilib, sistemin yeni komponentlərinin - “vətəndaşın şəxsi kabineti”nin və “elektron icra”nın yaradılması üzrə və digər tədbirlər görülüb. Artıq bir sıra icra qurumlarında “elektron icra” sistemi pilot qaydada tətbiq edilir. Həmçinin cari ilin əvvəlindən iqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audioyazısının aparılması təmin olunur.

Nazirliyin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində iş yükü kəskin artıb və icra qurumlarına 2015-ci illə müqayisədə 60 faiz çox - 712 min icra işi daxil olub. Onlardan 300 mindən çoxunun icrası təmin edilib, digərlərinin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 548 milyon manata yaxın vəsait ödətdirilib.

İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6548 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 3519 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 316 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 8435 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1857 şəxsdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb.

Məhkəmə ekspertizası mərkəzinə il ərzində 41 ekspert ixtisası üzrə 31 minə yaxın iş daxil olub, bu zaman ekspertlər 578 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7 faizini həll ediblər.

Bildirilib ki, dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması üzrə tədbirlər davam etdirilib, açıq müsabiqələr nəticəsində əksəriyyətini gənclər təşkil edən 204 nəfər ədliyyə orqanlarına qulluğa qəbul olunub, bütövlükdə ötən il ərzində 555 vakant ştat vahidi komplektləşdirilib. Eyni zamanda, dövlət başçısının təşəbbüsü ilə yaradılmış könüllülər institutunun təşviqinə xüsusi diqqət yetirilib, gənc könüllülərin 50-ə yaxını ədliyyə orqanlarında işlə təmin olunub.

Ötən il penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi, cəza çəkən şəxslərin hüquqlarının qorunması, saxlanma şəraitinin tibbi təminatın yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilib. Dövlətimizin başçısının humanizm siyasəti uğurla həyata keçirilərək Prezidentimizin ötən ildə imzaladığı Sərəncamla 148 nəfər əfv olunub, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May Respublika Günü münasibətilə qəbul olunmuş amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib.

Həmçinin cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı nazirlik tərəfindən geniş maarifləndirmə işi aparılıb, yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq 1261 məhkum barədə məhkəmələrə təqdimat göndərilib, artıq onlardan 1027-nə baxılaraq hamısı təmin edilib.

Ədliyyə fəaliyyətində ictimai iştirakçılığa böyük önəm verilir, vətəndaş cəmiyyətinin nümayəndələri nazirliyin ayrı-ayrı istiqamətləri üzrə, o cümlədən penitensiar sahədə tədbirlərə cəlb olunurlar. Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri dövlətimizin humanizm siyasəti nəticəsində qəbul edilmiş əfv və amnistiya aktlarının icrasında, habelə məhkumların islah olunması prosesində yaxından iştirak ediblər.

İctimai Komitə üzvlərinin də iclaslarına fəal qatıldığı məhkumların cəzadan vaxtından əvvəl şərti azad edilməsi üzrə Xüsusi Komissiya səmərəli fəaliyyət göstərib, ötən dövrdə 6500-ə yaxın məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və artıq məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97 faizi müsbət həll edilib.

Kollegiyada, həmçinin bildirilib ki, 2016-cı il nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər görülüb, Çin, Qətər, Türkiyə və Vyetnam ilə ədliyyə sahəsində mühüm sənədlər imzalanıb, Rusiyanın ədliyyə naziri ölkəmizə, habelə nümayəndə heyətimiz Vyetnama səfər etməklə əməkdaşlıq məsələləri müzakirə olunub.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində mövcud nöqsan və çatışmazlıqlar müzakirə edilib, bununla bağlı tabe qurumların rəhbərləri dinlənilib, işin səmərəliliyinin artırılmasına dair aidiyyəti tapşırıqlar verilib.

Azərbaycan Prezidentinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri xüsusilə diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssaslıq və qayğı ilə yanaşılması vurğulanıb.

Eyni zamanda, ədliyyə orqanlarında əmək və icra intizamının möhkəmləndirilməsi, insanlarla daha çox təmasda olan ədliyyə qurumlarında vətəndaş məmnunluğunun yüksəldilməsi, məhkəmə qərarlarının icrası ilə bağlı əlavə təsirli tədbirlərin görülməsi, regional ədliyyə idarələri tərəfindən prinsipiallığın artırılması, müasir informasiya texnologiyalarının geniş tətbiqi, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı və digər konkret göstərişlər verilib.

Tədbirdə iştirak edən QHT nümayəndələri çıxış edərək ölkə rəhbərliyinin hər zaman xüsusi önəm verdiyi ictimai iştirakçılığın ədliyyə fəaliyyətində geniş tətbiq olunmasını, nazirliklə səmərəli qarşılıqlı fəaliyyəti qeyd edərək həyata keçirilən tədbirlərdə yaxından iştirak etdiklərini bildiriblər.

Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

 

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər
1 -dən səhifə 3