XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə, 06 Yanvar 2017
Cümə, 06 Yanvar 2017 06:18

Peşəkar kadrlar hazırlanır

Müstəqil ölkəmizin təhsil sistemində aparılan əsaslı islahatlar və Təhsil Qanununun tələbləri kadr hazırlığı ilə məşğul olan peşə-ixtisas təhsili işçiləri qarşısında keyfiyyətli kadr hazırlamağı məqsəd qoyur.

Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı “Fəaliyyət Planı”nın icrası ilə Təhsil Nazirliyinin 29 mart 2015-ci il tarixli, 314 saylı əmri ilə təsdiq edilmiş tədbirlər planının yerinə yetirilməsi ilə əlaqədar ölkəmizin texniki peşə məktəblərində mühüm işlər həyata keçirilir.

Ölkəmizin böyük sənaye şəhərlərindən olan Mingəçevirdə fəaliyyət göstərən qabaqcıl və nümunəvi işi ilə bölgədə kifayət qədər tanınan peşə məktəbində həyata keçirilən məqsədyönlü işlər şagirdlərin sabahın əmək bazarı üçün hazırlanmasına, yüksək ixtisasa yiyələnməsinə xidmət edir.

Həmsöhbətimiz Mingəçevir peşə məktəbinin direktor əvəzi, təcrübəli pedaqoq İradə Rəhimovadır. İ.Rəhimova təhsil ocağında həyata keçirilən işlərdən bəhs edərək bildirdi ki, bu gün məktəbdə 253 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 28 müəllim və yüksək ixtisaslı istehsalat təlimi ustaları məşğul olur.

Peşə məktəbində əmək bazarının bugünkü tələbləri nəzərə alınmaqla, səkkiz ixtisas üzrə tədris-təlim işləri həyata keçirilir.

Avtomobil təmiri üzrə çilingər, elektrik qaz qaynaqçısı, dülgər, kimyəvi analiz laborantı, tornaçı və sair ixtisaslar öz işinin əsl biliciləri tərəfindən şagirdlərə mənimsədilir. Şagirdlərin qazandıqları nəzəri biliklərin təcrübədə sınaqdan keçirilməsi üçün şəhərin sənaye müəssisələri ilə bağlanmış müqaviləyə əsasən baza təşkilatlarında təcrübələri təşkil olunur. Azərbaycan İstilik Elektrik Stansiyası MMC, Mingəçevir “Kür” Elektron Avadanlıqları İstehsalı MMC, Dəmir-beton məmulatları Zavodu MMC, digər təmir-tikinti müəssisələri ilə uzun illərdən bəri yaradılmış işgüzar münasibətlər öz faydasını verir.

Ümummilli liderimizin tövsiyələri, zəngin siyasi irsi məktəbimizin kollektivi tərəfindən daim öyrənilir. Gənclərimizin siyasi dünyagörüşünün formalaşmasında da dahi şəxsiyyətin həyat və fəaliyyəti başlıca meyar hesab edilmişdir.

Heydər Əliyev xalqımızın mənəviyyatına həmişə yüksək dəyər verirdi. O deyirdi: “Azərbaycan xalqının mənəviyyatı hər şeydən ucadır”. Məktəbimizdə vaxtaşırı təşkil edilən, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət göstərən dəyirmi masalar, disput və əbədi-bədii gecələr şagirdlərimizin hərtərəfli inkişafına xidmət göstərir.

Mingəçevir peşə məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi də diqqətdən kənarda qalmamışdır.

Məktəbimizin kitabxana fondunun zənginləşdirilməsi, müxtəlif fənn kabinetlərinin, laboratoriyaların müasir təlim vasitələri ilə təchiz olunması yönümündə də xeyli işlər görülmüşdür.

Respublika Təhsil Nazirliyi tərəfindən verilmiş kimyəvi analiz laborantı peşəsi üzrə Elektron tərəzi, Kipp aparatı, Distillə aparatı, Aerometr, Piknometr, Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru peşəsi üçün Asinxron mühərrik, Meqometrlər, gərginlik düzləyicisi, Elektrik qaz qaynaqçısı peşəsi üzrə əl-qövs qaynaq aparatı, qoruyucular, çilingər üçün geyimlər və sair dəyərli vəsaitlər işimizi daha mükəmməl qurmağa kömək edir.

Mingəçevir peşə məktəbinin pedaqoji kollektivi bundan sonra da təməli əvvəllər qoyulmuş yaxşı ənənələri qoruyub saxlamaqla, gənclərimizi sabahın kamil ustaları kimi formalaşdırmaq, milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət ruhunda tərbiyələndirmək üçün əllərindən gələni əsirgəməyəcəklər.

 

İlham PƏNAHOV,

“Respublika”.

 

 

 

Published in Digər xəbərlər
Cümə, 06 Yanvar 2017 06:17

2017.01.06

Published in PDF_Archive
2 -dən səhifə 2