XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə axşamı, 10 Yanvar 2017
Çərşənbə axşamı, 10 Yanvar 2017 05:48

Balakəndə qışa hazırlıq qənaətbəxşdir

Ölkəmizin şimal-qərb qapısı sayılan Balakən özünün relyefi, coğrafi şəraiti, iqlimi ilə digər bölgələrimizdən seçilir. Rayonda son vaxtlarda dövlət qayğısı nəticəsində qazlaşma tədbirlərinin həyata keçirilməsi əhalinin qış qayğılarını xeyli azaltmışdır. Lakin buna baxmayaraq, hələ ötən ilin sentyabr ayında Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında şurada qış mövsümünə hazırlıqla əlaqədar məsələlər geniş müzakirə edilmiş, bir sıra qərarlar qəbul edilmişdir. Həmin vəzifələrin icrası istiqamətində görülmüş işlərə bu gün ciddi nəzarət olunur və qışlamanın mütəşəkkil keçməsi üçün bütün qurumlar səfərbər edilmişdir. Balakən Rayon İcra Hakimiyyəti başçısının şəhər icra nümayəndəsi Telman Bayramov şəhərdə görülən işlərlə bağlı bizimlə söhbətində bildirdi ki, rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində cari ilin qış mövsümünü uğurla başa vurmaq üçün bütün aiddiyyəti qurumların qüvvəsi bu vacib məsələyə yönəldilmişdir.

Daha sonra öyrəndik ki, rayon təhsil şöbəsinin tədbirlər planına əsasən, qış mövsümündə istilik sistemi duru yanacaq və odunla qızdırılacaq müəssisələr müəyyənləşdirilmişdir. Rayonun məktəblərindən 14-ü istilik sistemi qazla, 12 məktəbin dizel yanacağı ilə, digər məktəblərin odun yanacağı ilə qızdırılması nəzərdə tutulmuşdur. İstilik sistemi qazla işləyən məktəblərdən 4-nün qaz sayğaclarının təmiri üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmışdır. 5 məktəbdənkənar uşaq müəssisələrinin qızdırılması üçün duru yanacaq növü təyin edilmişdir. Rayonun 5 məktəbində büdcə vəsaiti hesabına, digər məktəblərdə daxili imkanlar hesabına cari təmir işləri aparılmışdır.

1 saylı Texniki Peşə məktəbində isitmə sistemi tamamilə yeniləri ilə əvəz edilmiş, Kombi tipli qızdırıcı cihaz quraşdırılmışdır.

Mərkəzi rayon xəstəxanası mərkəzləşmiş isitmə sistemi ilə qızdırılır. Qış mövsümü ilə əlaqədar mərkəzi xəstəxanada tibb müəssisələrinin rəhbərləri ilə müşavirələr keçirilmiş, şöbələrin, kabinetlərin yanğın təhlükəsizliyi yoxlanılmış, cavabdeh şəxslər təyin edilmiş və müvafiq tapşırıqlar verilmişdir. Şöbələr 20 ədəd yeni yanğınsöndürmə balonları ilə təmin edilmiş, tez alışan, partlayış təhlükəsi olan dərman vasitələrinin saxlanılma şəraitinə nəzarət artırılmışdır. 14 həkim tibb məntəqəsində və 15 tibb müəssisəsində qışlama ilə əlaqədar duru və odun yanacağı nəzərdə tutulmuşdur. 2016-cı ildə baş vermiş qasırğa zamanı MRX-ya dəymiş zərər rayon icra hakimiyyəti və Səhiyyə Nazirliyinin köməkliyi ilə aradan qaldırılmışdır.

Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan Mədəniyyət Mərkəzi, H.Əliyev Mərkəzi və Tarix-diyarşünaslıq muzeyi, istilik sistemi ilə, şəhər və kənd kitabxanaları, Qabaqçöl qəsəbə musiqi məktəbi dizel yanacağı ilə Mərkəzi kitabxana isə kondisionerlə qızdırılır. Cari ildə MKS-nin dam örtüyü təzələnmiş, binanın daxilində cari təmir işləri aparılmışdır. Binanın isidilməsi üçün kombi quraşdırılmışdır.

Balakən Rayon Qaz İstismar Sahəsi tərəfindən də qış mövsümü ilə əlaqədar müəyyən işlər görülmüşdür. Belə ki, Katex, Cederovtala kəndlərində və 28 May küçəsində qaz paylayıcı məntəqələrdə mövcud olan RUDUK -200 markalı qaz tənzimləyicilər mexaniki qarışıqlardan təmizlənmiş, uyğun rejimdə təzyiqi vermək üçün saz vəziyyətə gətirilmişdir. Xidmət sahəsinin balansında olan 559 ədəd siyirtmə, 101 ədəd TT, 33 ədəd ŞQTM tipli qaz tənzimləyicilər üzrə tərtib olunmuş qrafik əsasında təmir və texniki qulluq işləri aparılmışdır. Şəhərin S.Gözəlov, A.Məmmədov  küçələrində həyətdən keçən təmir-texniki qulluq işlərinin aparılması mümkün olmayan diametri-32, diametri-40 millimetrlik qaz xətləri küçəyə çıxarılmaqla, antipas boya ilə rənglənmişdir. Şəhərin Xanlar küçəsində 35 abonentin təbii qazdan təhlükəsiz istifadəsini təmin etmək üçün köhnə, istismara yararsız  tənzimləyicilərin yerinə yeni fərdi tənzimləyiciləri quraşdırılmışdır. Poştbinə kəndinin meşə ərazisindən keçən d-160 mm-lik orta təzyiqli qaz xəttinin çay hövzəsindən keçən hissəsi 2,5 metr dərinliyə salınaraq qaz təchizatının etibarlılığı təmin edilmişdir. Şəhərin Füzuli küçəsində 207 metr yeni diametri-57 millimetrlik qaz xətti çəkilmişdir. T.Musayev küçəsində 300, İstiqlal küçəsində 200 metr, Niyazi küçəsində 350 metr, R.Behbudov küçəsində 200 metr və R.Cirinqov küçəsində 350 metr qaz xətləri dayaqlar üzərinə qaldırılıb səliqəyə salınmışdır.

Rayon ərazisində mövcud olan 773854 metr yeraltı polietilen, 333881  poqonmetr yerüstü qaz xətlərinə baxış keçirilmiş, mövcud qaz sızmaları aradan qaldırılmışdır. 146 mənzil qazlaşdırılaraq istismara verilmişdir.

Əhali abonentləri üzrə istismar müddəti bitmiş 93 sayğac yenisi ilə əvəz edilmişdir.

Rayon İstilik Sistemləri İstismarı Sahəsi tərəfindən balansında və xidmətində olan 6 qazanxanada işləyən 8 ədəd odluq və 4 ədəd su qızdırıcı kombilər yoxlanılmışdır ki, bu da qazanxanaların mövsüm ərzində fasiləsiz işləməsini təmin edir. Qazanxanalarda olan 600 metr qaz xətləri və 350 metr yüksək və aşağı gərginlikli işıq xətləri yoxlamadan keçirilmişdir. 210 metr müxtəlif ölçülü istilik xətləri təmir edilmişdir. Qazanxanalarda 10 ədəd siyirtmə əsaslı təmir edilmiş və 3 ədəd siyirtmə dəyişdirilərək köhnəsi yenisi ilə əvəz olunmuşdur. Qazanxanalarda olan su yumşaldıcı qurğulara katanit tozu dəyişdirilmiş, 2 konturlu sistemdə 2 ədəd esenjorların yoxlanması təmin olunmuşdur.

Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə, Meşələrın İnkişafı Departamenti tərəfindən bu mövsümdə 1038 kubmetr odun ayrılmış, ondan 200 kubmetr odun hərbi hissələrə, qalan odun isə odun yanacağı ilə qızdırılan idarə, müəssisə və təşkilatları, eyni zamanda məktəblərin tələbatının ödənilməsi məqsədilə bölgü əsasında buraxılmışdır.

15 N-li Yol İstismarı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin xidmət etdiyi avtomobil yollarının və yol qurğularının qış mövsümü ilə əlaqədar texnika saz vəziyyətə gətirilmiş, yol fəhlələri, sürücülər xüsusi geyimlərlə təchiz edilmiş, yollarda sürüşmənin qarşısının alınması üçün 1800 litr yanacaq, 150 kubmetr qum və 15 ton texniki duz ehtiyatı yaradılmışdır.

Balakən Sukanal İdarəsi tərəfindən qış mövsümünə hazırlıqla əlaqədar su anbarları lildən təmizlənmiş, yuyulmuşdur. Su mənbəyi və mənbəyə gedən yollar təmir edilmişdir. Sarıbulaq, Gərəkli, Xalatala, Qullar kəndlərində su xətlərində təmir işləri aparılmış və baş verən qəzalar aradan qaldırılmışdır.

Bundan əlavə, kanalizasiya xətlərində də təmir işləri həyata keçirilmişdir.

Balakən Rayon Mənzil İstismar Müəssisəsi qışa hazırlıqla əlaqədar şəhərin Ə.Ansuxski küçəsi 1 saylı kommunal yaşayış binasına və H.Əliyev küçəsi 41 saylı binanın həyətində mənzilləri qızdırmaq məqsədilə qazanxanalar tikilmiş, mənzillərə istilik sistemləri çəkilmişdir.

Nəzərdə tutulmuş işləri uğurla başa vurmaqdan ötrü rayon icra hakimiyyətində xüsusi qərargah yaradılmışdır.

Bir sözlə, Balakəndə qışa hazırlıqla bağlı həyata keçirilmiş tədbirlər rayonda qış mövsümünü mütəşəkkil başa vurmağa şərait yaratmışdır.

İlham PƏNAHOV,

“Respublika”.

 

 

 

Published in Digər xəbərlər
Çərşənbə axşamı, 10 Yanvar 2017 05:47

Uğurlu nəticələr

Bakının Yasamal rayonunda 2016-cı ildə ayrı-ayrı sahələrdə mühüm irəliləyişə nail olunmuş, Prezident İlham Əliyevin tövsiyə və göstərişlərinə uyğun olaraq bir sıra layihələr uğurla icra edilmişdir. Bu sahədə rayon icra hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati-Ərazi Dairəsi üzrə Nümayəndəliyinin fəaliyyəti təqdirəlayiqdir.

Bu günlərdə nümayəndəliyin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati-Ərazi Dairəsi üzrə nümayəndəsi Mehman Muxtarov hesabat məruzəsi ilə çıxış etdi. O vurğuladı ki, ötən il nümayəndəliyin ərazisində tədbirlər planına uyğun olaraq mühüm işlər həyata keçirilmiş, yeni istehsal müəssisələri yaradılmış, geniş abadlıq və quruculuq işləri aparılmış, yeni yollar salınmış, su, qaz, elektrik və rabitə xətləri çəkilmiş və bərpa olunmuşdur.

Mütəmadi aparılan araşdırma nəticəsində ərazi nümayəndəliyində 20.212 ailə təsərrüfatının və 64.327 ailə təsərrüfat üzvlərinin olması qeydə alınmışdır. 2016-cı il Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati-Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ərazisində 123 nəfər vətəndaş ölüm qeydiyyatından keçmiş, 248 nəfər vətəndaş qeydiyyata alınmış, 334 nəfər vətəndaş isə qeydiyyatdan çıxmışdır. 2016-cı il ərzində Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati-Ərazi Dairəsi üzrə Nümayəndəliyinə 17 şikayət ərizəsi daxil olmuş və bu ərizələrin 17-si də müsbət həll edilmişdir. Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati-Ərazi Dairəsi üzrə Nümayəndəliyin qəbul günləri zamanı 2016-cı il ərzində 66 vətəndaş qəbulu olmuş və onlardan 64 vətəndaşın müraciətləri müsbət həll olunmuşdur. 2 vətəndaş müraciətinin üzərində isə araşdırmalarımız davam edir. Ümumilikdə 192 ədəd ev təsərrüfatının uçotu kitabı, il ərzində işlənib hazırlanmış və dəyişikliklər haqqında müvafiq qeydlər edilmişdir.

Hesabat dövründə həyata keçirilmiş ən başlıca tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən 2016-cı il sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi - referendum olmuşdur. Rayon üzrə 123806 nəfər seçicinin 75943 nəfəri - 61,34 faizi referendumda iştirak etmişdir. Seçici fəallığı, 16 saylı Yasamal II seçki dairəsi üzrə 60,6 faiz təşkil etmişdir. Referendumun nəticələri iqtidar-xalq vəhdətinin mövcudluğunu bir daha sübut etdi. Seçkiqabağı dövrdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati-Ərazi Dairəsi üzrə Nümayəndəliyi vətəndaşların seçkilərə çağırışını özündə əks etdirən seçki plakatlarının və təşviqat materiallarının yerləşdirilməsi üçün yerlərin müəyyənləşdirilməsinə dair rayon İcra Hakimiyyəti başçısına təkliflər vermiş və seçki plakatların müəyyən edilmiş yerlərə yerləşdirilməsini təmin etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasının təmin edilməsi üçün Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati-Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşları tərəfindən 2016-cı il ərzində bu sahədə müvafiq işlər görülmüşdür.

Ötən dövr ərzində Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati-Ərazi Dairəsi üzrə Nümayəndəliyi əhali arasında sorğu xarakterli söhbətlər keçirmiş, sakinlərin sosial əhəmiyyətli sifarişlərini öyrənərək onların həllinə çalışmışdır. Daxil olan şifahi müraciətlər əsasında məlum olmuşdur ki, qış mövsümünün daxil olması ilə əlaqədar istilik təsərrüfatında çatışmazlıqlarla bağlı müraciətlər çox olmuşdur.

Hazırda nümayəndəliyin təşəbbüsü ilə Z.Xəlilov küçəsində rayon Azəristiliktəchizat İdarəsi tərəfindən istilik xətlərində cari təmir işləri aparılır. Bu işdə nümayəndəliyə 24 saylı MKİS-in rəhbərliyi yaxından köməklik edir. Yuxarıda qeyd olunan görülən və ya icraatda olan məsələlərin vaxtında daha sürətli aradan qaldırılması üçün nümayəndəliyin nəqliyyat vasitəsinə (yəni avtomobilə) və bir neçə dəst kompüterə ehtiyacı vardır.

Azərbaycanın ümummilli lideri, ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar olaraq dekabr ayının 12-də Ümumrespublika üzrə anım mərasimi keçirilmiş və həmin gün kollektivimiz tərəfindən ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda yerləşən məzarı ziyarət edilmişdir.

Məruzəçi Mehman Muxtarov son olaraq vurğuladı ki, nümayəndəliyin kollektivi 2017-ci ildə inkişaf tempini uğurla davam etdirəcək, bütün sahələrdə uğurlu nəticələrə imza atılacaqdır.

Yığıncaqda 53 nömrəli məktəbin tarix müəllimi Şaiq Orucov, Z.Xəlilov küçəsi 553-cü məhəllə Ağsaqqallar Şurasının sədr müavini İmran Əhmədov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi Yasamal Rayon Şöbəsinin rəisi Bəhram Şeydayev çıxış etdilər.

Tədbiri Rayon İcra Hakimiyyəti İctimai-Siyasi Humanitar Məsələlər Şöbəsinin müdiri Zöhrab Cəfərov yekunlaşdıraraq əminliklə bildirdi ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati-Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2017-ci ildə bütün sahələrdə uğurlu nəticələrə nail olacaqdır.

Qədir ASLAN,

“Respublika”.

 

 

 

Published in Digər xəbərlər
Çərşənbə axşamı, 10 Yanvar 2017 05:47

GÖRKƏMLİ GEOLOQ ALİM

Hətəm Hidayət oğlu Quliyev 1947-ci il yanvar ayının 6-da Füzuli rayonunda anadan olmuşdur. 1969-cu ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini “Mexanika” ixtisası üzrə bitirmişdir.

H.Quliyev 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru və 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

H.Quliyev 1969-1973-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda (AMEA RMİ) kiçik elmi işçi, 1973-1979-cu illərdə Kiyev şəhərində Ukrayna Kənd Təsərrüfatı Elmləri Akademiyasında baş elmi işçi, 1979-1990-cı illərdə AMEA RMİ-də baş elmi işçi, sonradan “Dağılma mexanikası” şöbəsinin müdiri, 1990-2003-cü illərdə AEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda (AE DNQYPİ) “Geodinamika və Dağ mexanikası” şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2003-cü ildən AMEA Geologiya və Geofizika İnstitutunun “Tektonofizika və geomexanika” şöbəsinin rəhbəri vəzifəsində işləyir. 2001-2013-cü illərdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini və AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini olmuşdur.

H.Quliyev geomexanika, geofizika, geologiya, tektonofizika, geodinamika, dağ-mədən mexanikası, deformasiyaya uğrayan bərk cism mexanikası, tətbiqi riyaziyyat və kosmologiyanın müxtəlif sahələri üzrə görkəmli alimdir.

Onun əsas elmi nəticələrinə Yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələ gəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi, Yer təkində mühitin sıxlığının dərinlik üzrə paylanmasının tam qeyri-xətti məsələsinin dəqiq həlli, bu həllin müxtəlif süxurlar üçün dayanıqsız olduğunun isbatı, sıxlıqdan asılı olaraq deformasiya proseslərinin və faza keçidlərinin başvermə ardıcıllıqları probleminin həlli, Yerin daxili strukturaları üzrə süxurların elastiki və fiziki parametrlərinin dərinlik üzrə paylanmasının geomexaniki differensial meyarlarının verilməsi, Yerin bərk nüvəsi üzrə bu meyarların tələblərinin ödənilməməsinin isbatı daxildir. Bura həmçinin Yerin daxili strukturaları üzrə süxurların elastiki və fiziki parametrlərinin dərinlik üzrə paylanmasının inteqral kriteriyalarından olan Yerin məxsusi rəqslər məlumatlarının interpretasiya olunması üçün, fiziki-mexaniki xüsusiyyətləri dərinlik üzrə qeyri-bircins olan üçlaylı kompozit kürənin məxsusi rəqslər məsələsinin həlli, çoxkomponentli və üçölçülü seysmik dalğaların qeyri-xətti nəzəriyyəsi, seysmikanın qeyri-klassik nəzəri baza modelinin yaradılmasını da aid etmək olar. Üstəlik, Yer təkini təşkil edən süxurların dağılmasının dayanıqsızlıq konsepsiyası, quyu ətrafında, geoloji kəsilişin üst qatlarında və daxili strukturasında dayanıqlıq vəziyyətinin itirilməsinin üçölçülü riyazi nəzəriyyəsi, deformasiyaya uğrayan bərk cismlərin dayanıqlığı, möhkəmliyi, dinamikası və dağılması mexanikası üzrə qeyri-xətti məsələlərin həlli, kosmologiyada aləmin əbədi dövranı paradiqmasının irəli sürülməsi, aləm, fəza və vaxt məhfumlarının yeni təyini, aləmin azad, informasiya formalarının elmə daxil edilməsi, zamanın bir istiqamətli olmasının mexanizmi müəyyən edilməsi və bir sıra digər elmi istiqamətlər üzrə mühüm işlər də bu qəbildəndir.

H.Quliyev 5 monoqrafiya, 267 elmi əsər, 2 ixtiranın müəllifidir. Əsərlərinin 139-u xaricdə çap olunmuşdur. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur. Onun rəhbərliyi ilə 5 elmlər doktoru və 21 fəlsəfə doktoru yetişdirilmişdir.

H.Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə dünyanın aparıcı neft şirkətlərinin (AMOKO, BP, SHEVRON) və bir sıra respublika təşkilatlarının (SOCAR, Respublika Seysmoloji Xidmət Mərkəzi, SHİRVAN OİL, ANSHAD PETROL) sifarişi ilə mühüm elmi-texniki layihələr həyata keçirilmişdir. O, Ukrayna Elmi Texniki Mərkəzinin (Avropa İttifaqının maliyyə himayəsi ilə) və SOCAR-ın Elm Fondunun qrantlarının rəhbəri olmuşdur.

H.Quliyev AMEA-nın RMİ, DNQYP institutlarında, Azərbaycan İnşaat Mühəndisləri Universitetində və Bakı Dövlət Unversitetində ixtisaslaşdırılmış Elmi Şuraların üzvü olmuşdur. Hazırda AMEA-nın Geologiya və Geofizika İnstitutunun ixtisaslaşdırılmış şurasının üzvüdür. Ali Attestasiya Komissiyasının Riyaziyyat və mexanika ixtisasları üzrə Ekspert Şurasının üzvü olmuşdur. SOCAR-ın “Neft-qaz və kondensat ehtiyatları üzrə”, həmçinin “Neft-qaz və qaz kondensat yataqlarının işlənilməsi üzrə” mərkəzi komissiyalarının üzvüdür.

H.Quliyev AMEA-nın daimi fəaliyyət göstərən Elmi Nailiyyətlər Sərgisinin təşkili üçün Sərgi Komissiyanın sədri, Amerika Neftçi Mühəndislər Cəmiyyətinin, Amerika Neftçi Geoloqlar Cəmiyyətinin Azərbaycan bölməsinin, Avropa Mühəndis-Geoloqlar və Geofiziklər Assosiasiyasının, Azərbaycan Geoloqlarının Milli Komitəsinin büro üzvü, Azərbaycan Geofiziklərinin Milli Komitəsinin, Beynəlxalq “Qeofiziçeskiy jurnal” və “Vestnik Kievskoqo Naüionalğnoqo Universiteta”, AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası), “Geofizika yenilikləri” və “Mexanika” jurnallarının redaksiya heyətlərinin, Oksford Akademiyasının üzvüdür.

H.Quliyev quyuların dayanıqlığının üçölçülü riyazi nəzəriyyəsinə həsr etdiyi monoqrafiyası 1988-ci ildə keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində gümüş medala layiq görülmüşdür. O, 2007-ci ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

70 yaşlı akademiki ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və elmi yaradıcılığında yeni uğurlar arzulayırıq.

Fəxrəddin QƏdirov,

AMEA-nın Yer Elmləri Bölməsinin

akademik-katibi, akademik.

 

 

 

Published in Digər xəbərlər
Çərşənbə axşamı, 10 Yanvar 2017 05:46

Rəmzi Yüzbaşovun “Bir kitab haqqında söz” məktubu

Arxiv hər bir xalqın tarix kitabıdır. Bu kitabı vərəqlədikcə bir anlığa keçmişin burulğanında qalan hadisələrin “düyünləri” açılır, illərlə, əsrlərlə qalan qaranlıqların üzərinə işıq salınır.

Bu baxımdan Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan “Bir kitab haqqında söz” adlı məktubu həmin həqiqətlərdəndir.

Yazıda vaxtı ilə daşnakların buyruq qulu olmuş, 26 Bakı komissarlarının həbsi zamanı arvad paltarı geyib, aradan çıxmış, uzun müddət sovet-partiya sıralarında yüksək vəzifə tutmuş, Azərbaycan xalqına qarşı əks-siyasət apararaq on minlərlə insanın məhvinə səbəb olmuş Anastas İvanoviç Mikoyanın “Doroqoy borbı” (Mübarizənin yolu) kitabının işıq üzü görməsi ilə əlaqədar Azərbaycan ziyalısı, pedaqoji elmlər namizədi Rəmzi Yüzbaşovun etirazı qələmə alınmışdır.

Vaxtilə bu yazıya qadağa qoyulmuş, onun işıq üzü görməsinə “Çin səddi” çəkilmişdir. Eyni zamanda həmin yazının ünvanına çatmasına da ciddi-cəhdlə uzun müddət mane olunmuşdur. Bu kitabda hadisələrə birtərəfli yanaşıldığından Azərbaycanda 1918-ci il hadisələrinin o dövrdə şahidi olmuş 70 yaşlı Rəmzi Yüzbaşov tərəfindən etirazla qarşılanmış və o, 1973-cü il 12 iyul tarixdə Sovet İttifaqı Kommunist Partiyasının ideologiya üzrə katibi M.A.Suslova öz etiraz məktubunu ünvanlamışdır.

Kitabda 1918-ci ilin mart soyqırımı barədə A.Mikoyan nəinki təhriflərə yol vermiş, hətta utanmadan öz millətinin vəhşiliklərini Azərbaycan xalqının adına yazmaqdan belə həya etməmişdir.

Qeyd edək ki, R.Yüzbaşovun “Doroqoy borbı” “memuar”nın müəllifindən, onun sayıqlamağına etirazını yazıb mərkəzin rəhbər orqanlarına göndərməsi o dövr üçün böyük cürət sayılırdı...

Hadisələrin canlı şahidi olmuş on dörd-on beş yaşlı gənci yarım əsrdən çox bir vaxtdan sonra ağır da olsa, həmin illərə qayıtmağa məcbur edən daşnak S.Şaumyan kimi xalqımıza qarşı terror təşkilatçısı və soyqırımı müəllifi “bolşevik” libaslıdan “memuar”da yazılan mədhnamələrin baş alıb getməsidir. “Memuar”da 1918-ci ildə Bakı, Şamaxı, Qubaya qoşun yeridilməsinin səbəbi əmin-amanlığın bərpası, ermənilərin hüququnun müdafiə edilməsi kimi əsas götürülmüşdur. Lakin tarixi həqiqətlərə nəzər yetirdikdə aydın olur ki, bu heç də A.Mikoyanın qeyd etdiyi kimi deyil...

1918-ci ildə S.Şaumyanın imzası ilə Sovet Rusiyasına göndərilən məktub nəticəsində Şamaxıya yüksək şəkildə silahlanmış dəstələrin göndərilməsində məqsədin Azərbaycan xalqına qarşı bir “Səlib yürüşü” olduğu gizlədilmiş, orada yalnız “əmin-amanlıq” yaradılması qeyd edilmişdi. Sual olunur: belə olduğu tərzdə nə üçün məhz Şamaxı qırğınına rəhbərlik etmək erməni millətindən olan, Azərbaycan xalqının ən qatı düşməni S.Lalayevə həvalə edilmişdir?

Ermənilərin 1918-ci ildə Şamaxıda törətdiyi cinayətlər barədə 10 cildə yaxın, 1000 vərəqədən ibarət arxiv sənədləri var. Həmin saralmış vərəqələrdə ermənilərin Azərbaycan xalqına qarşı etdikləri ağlasığmaz vəhşiliklər öz əksini tapıb. Ümumiyyətlə, Azərbaycanda 1918-ci il hadisələrinin ən mükəmməl tədqiqatçısı və arxiv bilicisi, tarix elmləri doktoru Ataxan Paşayev tərəfindən sənədlərin dili ilə qələmə alınıb və “Açılmamış səhifələrin izi ilə” adlı dəyərli kitabda həmin hadisələr haqqında geniş və müfəssəl məlumat verilib.

Tədqiqatçı-alim A.Paşayev yazır: “Şamaxının - /A.K./ 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşlar. Hesablamamıza görə, bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manat olmuşdur” (Bax: Ataxan Paşayev “Açılmamış səhifələrin izi ilə” “Azərbaycan nəşriyyatı”, Bakı, 2001, səh.238.). Ermənilərin Qubada da törətdiyi ağlasığmaz faciələr uzun zaman yaddaşlarda yaşamış və vərəqələrə köçürülmüşdür. Təsadüfi deyil ki, 1918-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrində ermənilər tərəfindən soyqırıma məruz qalmış, Azərbaycan xalqının bu ağır vəziyyətini tədqiq edilmiş yuxarıda adını çəkdiyimiz əsərdə göstərilən bir fakt da ürək ağrıdıcıdır: “Ölüləri dəfn edən mollanın dediyinə görə, 2800 nəfərin cənazəsinin torpağa tapşırıldığını saymışdı”(Bax: yenə orada, səh. 265). Bəs torpağa tapşırılmayanların sayı nə qədərdir?...

Tədqiqatçı-alim A.Paşayevin həmin kitabında yalnız 31 martda ermənilərin vəhşiliyi nəticəsində on beş min türkün başının kəsildiyi və müxtəlif işgəncələrə məruz qaldığı, erməniləri ifşa edəcək və dünya ictimaiyyətinə çatdırıla biləcək sübutlar öz əksini tapıb.

R.Yüzbaşov tərəfindən qələmə alınan, məlum səbəblərdən işıq üzü görməyən sizə təqdim etdiyimiz “Xatirə xatirələr oyadır” məktubu şaumyanların, mikoyanların və bir çox “yanların” rəhbərliyi ilə azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırıma qarşı bir cavab nümunəsidir.

ASLAN KƏNAN.

 

XATİRƏ XATİRƏLƏR OYADIR

(Bir kitab haqqında söz)

A.İ.Mikoyanın “Mübarizə yolu” kitabında çoxsaylı sənədlər, müxtəlif xadimlərin fikirləri yer almışdır. Bu onu göstərir ki, A.Mikoyan öz iddialarına hansısa obyektivlik donu geydirməyə çalışırdı. Buna görə də “Mübarizə yolu” kitabına xoşagələn mütaliə əsəri kimi deyil, Azərbaycanın və Qafqazın gələcək tarixçiləri üçün ciddi mənbə kimi baxmaq lazımdır.

Memuarın baş qəhrəmanı, əlbəttə ki, ilk öncə müəllifin özü Anastas İvanoviç Mikoyandır. O, öz uşaqlıq və gənclik illərini çox ətraflı təsvir edir.

Şəxsən mənə bir oxucu kimi A.Mikoyanın siyasi cəhətdən formalaşdığı 1914-1918-ci illəri əhatə edən dövr xüsusilə maraqlı gəldi.

Bu dövr, mənim fikrimcə, A.Mikoyanın 1915-ci ildə daşnaklar tərəfindən təşkil olunmuş drujinaya könüllü yazıldığı və Andranikin sərəncamına keçdiyi vaxtdan başlayır. O vaxt daşnaklar inanırdılar ki, Antantanın Almaniya üzərindəki qələbəsindən sonra Antanta gümüşü məcməyidə erməni burjuaziyasına (onun müharibədə iştirakına görə) “böyük Ermənistan” dövlətini yaratmaq üçün ərazi bağışlayacaq. Bu yalançı ideyaya görə 1915-ci ildə gənc Anastas Mikoyan da vuruşmuşdur.

Amma oxucu sonra sevinclə öyrənir ki, onun bu hərəkəti bizim hörmətli Anastas Mikoyanın həyatında yalnız bir anı təşkil edir. O, tezliklə daşnakların niyyətinin mənasızlığını başa düşür və bolşeviklər partiyasına daxil olur.

Mən tarixi həqiqət naminə bu məktubda Azərbaycandakı 1918-ci il hadisələrinə dair Anastas Mikoyanın bir sıra qeyri-obyektiv iddialarını göstərməyi özümə rəva bilirəm.

Biz canlı şahidlərə yaxşı məlumdur ki, 1918-ci ilin martında, yəni alman-türk işğalçılarının Zaqafqaziya sərhədlərinə soxulmasından çox əvvəl (iki ay öncə) daşnak dəstələri Şamaxıda, Bakıda, Qubada azərbaycanlıları nədənsə türk hesab edərək, onlara qarşı soyqırım törətmişlər.

Daha sonra müəllif tamamilə haqsız olaraq təsdiq edir ki, guya “Erməni milli hissələrinin əsgərlərinin böyük əksəriyyəti türklərə qarşı yaxşı və vicdanla vuruşmuşlar”. Bu sadəcə olaraq gülüncdür. Biz canlı şahidlər daşnaklar tərəfindən yandırılmış Şamaxı şəhərindən yaxşı xatırlayırıq ki, erməni milli dəstələri 1918-ci ilin martında Azərbaycanlı əhaliyə qarşı vəhşicəsinə “vuruşmuşdur”. Onlar yüzlərlə qocanı, uşağı və qadını məscidlərə doldurur, kerosin tökür və yandırırdılar. A.Mikoyan bunumu “vicdanlı” hesab edir?

Həmin erməni dəstələri, məlum olduğu kimi, iki ay sonra türklərlə cəbhələrdə qarşılaşarkən çox pis döyüşmüş, cəbhəni müdafiəsiz qoyaraq vahimə içində geri çəkilmişlər. A.Mikoyan bunumu “yaxşı” hesab edir?

A.Mikoyanın kitabında onun general Andranikə son dərəcə liberal münasibəti məni çox təəccübləndirdi.

Məgər geniş bilik sahibi olan müəllifə məlum deyilmi ki, general Andranik 1918-ci ilin ortalarında keçmiş Erivan, Naxçıvan qəzalarında və Azərbaycanın bəzi rayonlarında qarətlə, Azərbaycan kəndlərinin talan edilməsi və soyqırımla məşğul idi? Bu haqda mənbələr baxın nələr yazır: “Daşnaklar Ermənistanın müsəlman vilayətlərində 200-dən artıq müsəlman kəndini yandırmışlar”.

Məgər Anastas Mikoyana general Andranikin general Denikinlə əlaqəsi məlum deyilmi?

İ.Şaxdin bu haqda görün nə məlumat verir:

“Daşnaklar, hökumət üzvlərindən tutmuş çar hökuməti tərəfindən səylə xidmətə görə general rütbəsi ilə mükafatlandırılmış məşhur Andranikə qədər bütün bağlarla rus ağqvardiyaçıları və ingilis komandanlığı ilə əlaqəli idilər. İ.Y.Saqatelyan məlumat verir ki, “Andranik tərəfindən göndərilmiş yasovul Bort xəstələndi ...və general Denikindən general Andranikə paketin aparılması yubandı”.

Məgər A.Mikoyana məlum deyilmi xaricdəki erməni dairələri general Andraniki öz rəhbərləri hesab edir və buna görə də ona Parisdə abidə qoyublar?

Mən heç cür o fikirləri qəbul etmirəm ki, A.Mikoyan mənim yuxarıda göstərdiyim faktları bilmir və ya bu faktlar ona məlum deyil. Yox, Azərbaycandakı 1918-ci il hadisələrinin bilavasitə iştirakçısı kimi ona daha çox şeylər məlumdur. Lakin o, tam sükutla bunlardan yan keçir.

Yüzbaşov R.

12.07.1973.

 

 

 

Published in Digər xəbərlər
Çərşənbə axşamı, 10 Yanvar 2017 05:43

DÜNYA BU GÜN

TÜRKIYƏNIN TALEYINI DƏYIŞDIRƏCƏK TARIXI SƏSVERMƏ

Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılıb. “APA”nın məlumatına görə, müzakirələr təxminən 15 gün davam edəcək.

Xəbər verilir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) məqsədi müzakirələri yanvarın 23-dək bitirməkdir. Bu vaxt ərzində hər maddə tək-tək müzakirə olunaraq səsə qoyulacaq. Səsvermə gizli keçiriləcək.

Qanun layihəsi parlamentə dəyişikliklərin təşəbbüskarı olan hakim Ədalət və İnkişaf Partiyası fraksiyası tərəfindən təqdim edilib. Konstitusiyaya əsas dəyişikliklər Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçməsi və baş nazir postunun ləğvi ilə əlaqədardır.

Layihədə həmçinin prezidentə partiya üzvlüyündə qalmaq, qanunverici və icra səlahiyyətlərini genişləndirmək, habelə Nazirlər Kabinetini formalaşdırmaq hüquqları vermək nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, namizədlər üçün minimal yaş həddi 18 yaşa endiriləcək. Həmçinin layihə parlament tərəfindən qəbul edildiyi təqdirdə referenduma çıxarılacaq. Dəyişikliklər paketinin dəstəklənəcəyi halda referendumun 2017-ci ilin yazında keçirilməsi mümkün olacaq.  

Hazırda AKP-ni parlamentdə 316 millət vəkili təmsil edir. Referenduma gedilməsi üçün isə əlavə 14 səsə ehtiyac var. Qanun layihəsinə dəstək verən Milliyyətçi Hərəkat Partiyasının (MHP) məclisdə vəkil sayı 39-dur. Ancaq MHP-dən bir neçə millət vəkili qanun layihəsinin əksinə səs verəcəyini bildirib.

Eyni zamanda, bildirilir ki, ilk səsvermədə 330-dan az səslə dəstəklənən maddələr qüvvədən düşmüş hesab edilməyəcək. Buna səbəb ikinci turun keçirilməsidir. İlk və ikinci tur arasında 48 saatlıq müddət olacaq. Məclisdən müsbət cavab çıxdığı halda, sənəd təsdiqlənmək üçün prezidentə göndəriləcək. Dövlət başçısı isə layihəni 15 gün müddətində referenduma göndərə bilər.

Bununla yanaşı, referendum tarixinin isə aprelin 2-si və 23-ü arasında baş tuta biləcəyi qeyd edilir. Referendumda vətəndaşların ən azı 51 faizi dəyişikliklərin əleyhinə səs verərsə, Konstitusiya dəyişməyəcək.

 

BƏŞƏR ƏSƏD ASTANA GÖRÜŞÜNƏ HAZIR OLDUĞUNU BILDIRIB

Suriya prezidenti Bəşər Əsəd yanvarın 23-də Astanada Suriya böhranının həlli ilə bağlı sülh danışıqlarında bütün mövzuları müzakirə etməyə hazır olduğunu bəyan edib. “APA”nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dəməşqdə fransalı jurnalistlərə müsahibə verən Bəşər Əsəd bildirib ki, qarşıdurmanın başa çatdırılması, yaxud Suriyanın gələcəyindən söhbət gedirsə, hər mövzu müzakirə edilə bilər.

Eyni zamanda, xəbər verilir ki, Bəşər Əsəd prezident postunu tərk etməsi ilə bağlı məsələnin müzakirəsinin də mümkün olduğunu, ancaq prezidentin hansı yollarla dəyişməsinin mezanizminin Suriya Konstitusiyasında əksini tapdığını vurğulayıb.

Qeyd edək ki, Rusiya və Türkiyənin zaminliyi ilə imzalanan atəşkəsdən sonra Astanada keçiriləcək sülh danışıqları bu istiqamətdə ikinci addım sayılır.

Xatırladaq ki, Suriyada atəşkəs rejimi dekabrın 30-da qüvvəyə minib, bəzi pozuntu halları olsa da, silahlar hazırda əsasən susub.

İndiyə qədər ən böyük döyüşlər Dəməşqin su mənbəyi olan Barada vadisində baş verib. Bəşər Əsəd son müsahibəsində müxaliflərin paytaxtın ən önəmli su qaynağını işğal etdiyini bildirib və ordunun həmin vadini geri alacağını vurğulayıb.

 

HILLARI KLINTON SEÇKILƏRDƏ IŞTIRAK ETMƏYƏCƏK

ABŞ prezidentliyinə namizəd Hilları Klinton bir daha seçkilərdə iştirak etməyəcək. “APA”nın xəbərinə görə, bunu sabiq dövlət katibinin nümayəndəsi Nira Tanden “CNN” telekanalına açıqlamasında bildirib.

“Düşünürəm ki o, insanlara, uşaqlara və sadə ailələrə yardım göstərməyə üstünlük verəcək. Hillari Klinton ömrü boyu məhz bununla məşğul olub. Güman etmirəm ki, o bundan sonra hər hansı seçkilərdə iştirak etsin”, - deyə Nira Tanden qeyd edib.

Bundan əvvəl “New York Daily News” qəzeti Hilları Klintonun Nyu-Yorkun meri postuna namizədliyini irəli sürəcəyi barədə məlumat yayıb.

Eyni zamanda, məlumatlı mənbəyə istinad edən qəzetin yazdığına görə, şəxsi söhbət zamanı sabiq dövlət katibi Nyu-Yorkun meri postu uğrunda mübarizəyə qoşulacağını istisna etməyib.

Məlumat üçün qeyd edək ki, Nyu-York merinin seçkiləri noyabrın 7-də baş tutacaq.

 

VENESUELA IQTISADI BÖHRANDAN ÇIXIŞ YOLLARI AXTARIR

Venesuela hökuməti sürətlə artan inflyasiya ilə mübarizə etmək üçün minimum əmək haqqını və pensiyaları 50 faiz artıracağını bəyan edib. Bu barədə “BBC” agentliyi məlumat yayıb.

Xəbər verilir ki, Venesuela prezidenti Nikolas Maduro bu layihənin iş yerlərini və insanların gəlirlərini qoruyacağı qənaətindədir. Tənqidçilər isə bu artımların vəziyyəti daha da pisləşdirə biləcəyini qeyd edirlər.

Eyni zamanda, müxalifət nümayəndələri N.Maduronu neftlə zəngin ölkənin iqtisadiyyatını pis idarə etməkdə günahlandırırlar. Lakin o, siyasi rəqiblərinin və bəzi biznesmenlərin ona qarşı yönəltdiyi iqtisadi müharibə ilə üzləşdiyini vurğulayır.

Beynəlxalq Valyuta Fondu bu il Venesuelada inflyasiyanın 1600 faiz təşkil edəcəyini bəyan edib.

“BBC” agentliyinin məlumatına görə, Nikolas Maduro minimum aylıq əmək haqqını 40 min bolivara qaldırdığını bəyan edib. 40 min bolivarın dəyəri isə rəsmi məzənnə ilə təxminən 60 ABŞ dolları, “qara bazar”da isə 12 dollardır.

Dünyanın ən yüksək inflyasiya dərəcəsinə malik olan Venesuelada bolivarın dəyəri kəskin şəkildə düşüb. Belə ki, ölkənin əsas ixrac malı olan neftin aşağı qiyməti buna böyük təsir göstərib. Venesuela həmçinin qida, dərman və əsas malların çatışmazlığı ilə üzləşib.

 

ANKARA D.TRAMPI F.GÜLƏNI TÜRKIYƏYƏ VERMƏYƏ ÇAĞIRIB

Türkiyə rəhbərliyi yeni seçilmiş ABŞ prezidenti Donald Tramp administrasiyasının  Fəthullah Güləni rəsmi Ankaraya təhvil verəcəyinə ümid edir. “BBC” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

“Mən Tramp administrasiyasının əvvəlki prezident administrasiyasının səhvlərini təkrarlayacağını düşünmürəm. Biz ABŞ-ın Fəthullah Güləni Türkiyəyə təslim edəcəyini gözləyirik”, - deyə M.Çavuşoğlu bildirib.

Türkiyənin xarici işlər naziri həmçinin əlavə edib ki, rəsmi Ankara Vaşinqtondan Suriyada fəaliyyət göstərən Kürdlərin Xalq Özünümüdafiə Dəstəsini (YPG) dəstəkləməyəcəyini gözləyir. Türkiyə hökuməti bu dəstəni terroçu təşkilat hesab edir.

M.Çavuşoğlu həmçinin bildirib ki, Rusiya Türkiyənin əsas iqtisadi müttəfiqi olaraq qalır. Bununla yanaşı nazir rəsmi Ankaranın Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünü tanımaqdan imtina etmək niyyətində olmadığını da qeyd edib.

Türkiyə rəhbərliyi Fətullah Güləni ölkədə sabitliyi pozmağa cəhddə ittiham edir. F.Gülən xüsusilə ötən ilin iyun ayında ölkədə baş verən dövlət çevrilişinə cəhdə təşkilatçılıq etməkdə günahlandırılır. Türkiyə dəfələrlə ABŞ-dan F.Gülənin onlara təhvil verilməsini tələb edib.

 

YUNAN-TÜRK ICMALARI ARASINDA DANIŞIQLAR BƏRPA OLUNUR

Kiprin yunan və türk icmaları liderləri Nikos Anastasiadis və Mustafa Akıncı Cenevrədə ərazi məsələlərinə dair danışıqları bərpa edirlər. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, iki gün davam edəcək danışıqlarda BMT-nin xüsusi elçisi Espen Bart Eydenin də iştirakı gözlənilir.

Bununla yanaşı, xəbər verilir ki, yanvarın 12-də isə Yunanıstan, Türkiyə, Böyük Britaniya və Avropa Birliyi rəsmilərinin iştirakı ilə beynəlxalq konfransın keçiriləcəyi planlaşdırılır.

Avropa Birliyinin nümayəndə heyətinə Avropa Komissiyasının sədri Jan-Klod Yunker başçılıq edəcək.

Məlumat üçün qeyd edək ki, Kiprin birləşməsinə dair danışıqlar iki illik fasilədən sonra 2014-cü ilin fevralında bərpa edilib.

Xatırladaq ki, 2016-ci ilin noyabrında İsveçərədə keçirilən danışıqlar Nikos Anastasiadisin xahişi ilə dayandırılmışdı.

 

 

 

Published in Dünya bu gün
Çərşənbə axşamı, 10 Yanvar 2017 05:43

Şuşa Uşaq Musiqi Məktəbi

Məktəb 1990-cı ildə Şuşa şəhərində fəaliyyətə başlamışdır. 1993-cü ildə məlum hadisələrlə əlaqədar öz fəaliyyətini Bakı şəhəri, Mərdəkan qəsəbəsində davam etdirməyə başlamışdır. Məktəbin direktoru, ali ixtisas təhsilli musiqiçi və təcrübəli mütəxəssis Raquf Məhərrəmovla söhbət edərkən o, dedi ki, onların məskunlaşdığı 123 saylı Mərdəkan tam orta məktəbin kollektivi çox böyük qonaqpərvərliklə qəbul etmiş və onların bütün problemlərinin həllində dəstək olmuşlar. Elə bu cür qayğının və məktəb direktoru Raquf müəllimin işə münasibətinin nəticəsidir ki, məktəb günü-gündən inkişaf edir, xoş sorağı yayılır.

Təsadüfi deyildir ki, əvvəllər kiçik bir kollektivlə fəaliyyətə başlayan məktəbdə indi 246 uşağa 48 nəfər müəllim musiqinin sirlərini öyrədir.

İndi məktəbdə 7 ixtisas üzrə dərslər tədris edilir. Tədris planına və proqramların yerinə yetirilməsi nümunəvi əsasnaməyə uyğun olaraq həyata keçirilir. Raquf müəllim qeyd etdi ki, istedadların üzə çıxarılması üçün məktəbdə müxtəlif tədbirlər həyata keçirilir.

Mütəmadi olaraq Xəzər rayonunun ümumtəhsil məktəblərində müxtəlif proqramlarla konsertlər təşkil edilir. Müəllimlərin ixtisaslarını təkmilləşdirmək üçün açıq dərslər, akademik dinləyişlər məktəblər arasında mübadilələr təşkil olunur. İstedadların üzə çıxması üçün müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir. Onu da demək lazımdır ki, məktəbdə müəllimlərdən ibarət “Şuşa”, şagirdlərdən ibarət isə “Bülbülcan” adlı ansamblları da fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, Xəzər, Pirallahı və Şuşa rayonlarının tədbirlərində bu kollektivlər yüksək səviyyədə çıxış edirlər. Elə bunun nəticəsidir ki, hər iki kollektiv bu rayonların müxtəlif mükafatları ilə təltif olunmuşlar. Təkcə onu qeyd etmək olar ki, Şuşa Rayon İcra Hakimiyyəti və Şuşa Rayon Mədəniyyət və Turizm idarəsinin birgə təşkil etdiyi “Bölgələrdən paytaxta” adlı tədbirdə fəal iştirakına görə məktəbin müəllimlərindən Siyavuş Mehdiyev, Xəyalə Əliyeva və məktəbin şagirdləri Qələm Qocamanova, Fərid Ağazadə ATV kanalında “Bizimləsən” verilişində iştirak etmiş və münsiflər heyətinin mükafatına layiq görülmüşlər. Bundan başqa, şagirdlər Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tərəfindən də müxtəlif mükafatlara layiq görülmüşlər. Fortepiano sinfinin şagirdi Tofiqə Axundzadə yüksək ifaçılığına görə diploma layiq görülmüşdür. Onu da qeyd etmək lazımdır ki, şagirdlərlə keçirilən ustad dərslərin yüksək səviyyədə keçirilməsinə təminat yaradır. Məsələn, məşhur kamança ustası Arif Əsədullayevin apardığı ustad dərsi bu qəbildəndir. Fərəhlə qeyd etmək lazımdır ki, son illər məktəbin şagirdləri musiqi təmayüllü ali və orta ixtisaslı məktəblərə qəbul olurlar ki, bu faktın özü də nailiyyətlərdən xəbər verir. Məktəb bir çox respublika tədbirlərində də yaxından iştirak edir. Belə ki, böyük xanəndə Xan Şuşinskinin 110 illiyinə həsr olunmuş tədbirdə iştirakçıların əksəriyyətini bu məktəbin şagirdləri təşkil etmişlər. Bülbülcanın 175, Sadıxcanın isə 170 illiyinə həsr olunmuş tədbirdə də məktəbin müəllim və şagird kollektivi fəallığı ilə seçilmişdir. Tədbirdə məktəbin şagirdlərindən Qələm Qocamanova, Günel Allahverdiyeva xüsusilə fərqlənmişlər.

Məktəbdə fəaliyyət göstərən fortepiano, xalq çalğı alətləri ansamblı (tar, kamança, qarmon, balaban, nağara, xanəndəlik), nəzəriyyə (solfecio, musiqi, ədəbiyyatı, xor) siniflərində oxuyan şagirdlər bu gün də məktəbin respublikamızın adlı-sanlı musiqi məktəblərindən olması üçün əllərindən gələni edirlər.

Məktəb kollektivinin “N” saylı hərbi hissələrdəki çıxışları da daim əsgərlərimiz tərəfindən maraqla qarşılanmış, məktəbin ünvanına xoş sözlər deyilmişdir.

Bəli, bu gün Bülbülcan adına Şuşa uşaq musiqi məktəbi respublikamızın ən fəal uşaq musiqi ocaqlarından biridir desək, heç də yanılmarıq.

 

Zabit CAVADOV,

“Respublika”.

 

 

 

Published in Mədəniyyət
Çərşənbə axşamı, 10 Yanvar 2017 05:41

2017.01.10

Published in PDF_Archive
2 -dən səhifə 2