XƏBƏR LENTİ

Şənbə, 20 Mart 2021 09:04

Şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə Novruz sovqatlarının paylanılmasına başlanılıb

“YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və  tibb müəssisələrində  yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə Novruz sovqatlarının paylanılmasına başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, sosial təşəbbüs “Gilan Tekstil Park” MMC,  “Bakcell”, “Nar”,  “Sinteks” MMC, “World Telecom”, “Slavyanka”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Rabitəbank”, “Bank of Baku”, “Turanbank”, “Fairmont Bakı” Oteli, “OVEN” və “Özsüt”  şirkətlərinin dəstəyi ilə reallaşdırılır.

Layihə çərçivəsində tərəfdaş təşkilatların dəstəyi ilə hazırlanmış və bayram sovqatlarından ibarət  qutuların şəhid ailələri və yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə çatdırılması nəzərdə tutulur.

Məqsəd müvafiq kateqoriyadan olan şəxslərin daim, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması,  onların sosial qayğı ilə əhatə olunmasıdır.

“YAŞAT” Fondu şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin müraciətlərini diqqət mərkəzində saxlayır, onların müxtəlif ehtiyaclarının qarşılanması üzrə işləri davam etdirir.

 

 

AZƏRTAC

Read 94 times