XƏBƏR LENTİ

Çərşənbə axşamı, 16 Mart 2021 09:25

Şəhid ailələri və müharibə əlillərinə 50 mənzil təqdim edildi

Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, keçmiş xüsusi təyinatlı, polkovnik-leytenant İlham Rüstəmov, Vətən müharibəsi qazisi Vidadi Ağagülov iştirak ediblər.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, V.Behbudov bildirib ki, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə geniş miqyas alır. Nazirlik tərəfindən bu kateqoriyalardan olan  vətəndaşlara 2018-ci ildə 626 ədəd, 2019-cu ildə 934 ədəd, 2020-ci ildə 1572 ədəd mənzil və fərdi ev verilib. 2021-ci ildə isə 3 minədək mənzil və fərdi ev veriləcək. Bu da mənzil və fərdi evlə təminat proqramının 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndiyini göstərir. 2021-ci ilə dair plan üzrə artıq 100 mənzil təqdim edilib, ümumilikdə ötən dövrdə isə onlara 9250 mənzil və fərdi ev verilib.

S.Orucova, İ.Rüstəmov, V.Ağagülov 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı tarixi Zəfərimizlə xalqımızın sonsuz iftixar hissi keçirdiyini vurğulayıb, düşməndən şəhidlərimizin qisasının alındığını qeyd ediblər. Onlar şəhid ailələrinin və müharibə əlillərinin qayğı ilə, dəstəklə əhatə olunması sahəsində dövlət tərəfindən aparılan işlərdən razılıqla bəhs ediblər.

Şəhid ailələri və müharibə əlilləri onların sosial müdafiəsinə göstərilən diqqət və qayğıya, bu gün yeni, mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Mustafa Kamal,

“Respublika”.

Read 64 times