XƏBƏR LENTİ

Cümə, 19 Fevral 2021 08:52

Sosial həyat

Qazimiz yüksək texnologiyalı protezlə təmin olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tarixi Zəfərimizin qəhrəmanlarından daha birinin - Əsgərzadə Bəkir Zakir oğlunun ailəsini ziyarət ediblər.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumatda qeyd olunur ki, B.Əsgərzadə Vətən müharibəsində şərəfli döyüş yolu keçib, döyüşlərin birində ağır yaralanıb. Onun 5 nəfərdən ibarət ailəsinin (qazinin anası, atası, qardaşı, bacısı) sosial vəziyyəti öyrənilib. Ailənin əmək qabiliyyətli olan, lakin işləməyən üzvlərinin məşğulluq məsələlərinin həlli üçün işlər aparılır.

B.Əsgərzadənin yüksək texnologiyalı protezlə təmin edilməsi qərara alınıb. Bununla əlaqədar o, nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Mərkəzdə ölçülər götürülüb, protezləşməyə hazırlıq üçün evə buraxılıb. Qısa müddət ərzində qazimiz yüksək texnologiyalı protez ilə də təmin olunacaq.

 

60 şəxs üçün kiçik bizneslər yaradıldı

Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 60-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlar Bakı şəhərinin, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Samux, Şamaxı rayonlarının sakinləridir. Proqrama cəlb olunduqdan sonra həmin şəxslər istehsal-xidmət sahələri üzrə kiçik bizneslərini qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.

Hazırda proqram iştirakçılarına seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərin verilməsi davam edir. Agentlik ötən il 12600 şəxsi özünüməşğulluq proqramına cəlb edib. 2021-ci ildə isə 16 min şəxsin bu proqramla əhatə olunması nəzərdə tutulub.

Mustafa KAMAL,

“Respublika”.

Read 135 times