XƏBƏR LENTİ

Bazar, 03 Noyabr 2013 23:03

Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir

Azərbaycan dünyanın humanitar kataklizmlər baş verməyən nadir ölkələrindəndir. Humanitar məsələ bu gün özündə mədəniyyətlərin, sivilizasiyaların, konfessiyaların qarşılıqlı münasibətlərini ehtiva etməkdədir. Ölkəmizdə tarixən bu sahəyə ən pozitiv mövqe sərgiləndiyi üçün bu gün Azərbaycan dünyanın humanitar əməkdaşlıq mərkəzinə çevrilib. İlk Forum 2010-cu ilin yanvarında Bakıda keçirildi. Bu tədbir geniş rezonansa səbəb oldu və effektiv nəticələr verən ənənəyə çevrildi. Bu il Heydər Əliyev Mərkəzində keçirilən növbəti Üçüncü Beynəlxalq Forum öz işində humanitar əməkdaşlığın aktual məsələlərini müzakirə edib. Tədbirdə 70 ölkədən 800-ə yaxın qonaq iştirak edib. Onların arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və başqaları iştirak ediblər. İki günlük Forumda olduqca mühüm, dövrün çağırışlarına cavab verən mövzular səkkiz dəyirmi masada müzakirə obyekti olub: “Texnologiyaların konvergensiyası və gələcəyin konturları:”XXI əsrin çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövründə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri”. Azərbaycan Prezidenti açılış mərasimindəki nitqində Azərbaycanda son illərdə müxtəlif mövzularla bağlı mötəbər beynəlxalq tədbirlər, konfranslar, sammitlər keçirildiyini, Bakının bir növ beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildiyini, Humanitar Forumun da bu sırada öz yeri olduğunu vurğulamışdır: “Bu il Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı keçirilmişdir. Artıq iki dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bakı Humanitar Forumunun da bu sırada öz yeri vardır. Əminəm ki, Forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi beynəlxalq humanitar əməkdaşlığa öz töhfəsini verəcəkdir. Belə tədbirin Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir. Çünki bütün dövrlərdə Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışlar. Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu təməl üzərində qurur”. Yaşadığımız XXI əsrin xarakterik xüsusiyyəti bütün dövlətlərin istər iqtisadi, istər siyasi arenasına, istərsə də sosial həyatına qloballaşma prosesinin təsirlərini gətirməsidir. Yer kürəsində əhalinin sayı 6 milyardı ötür və daim artır . Bir çox ölkələrdə iqtisadiyyat zəifdir, əhalinin tələbini ödəmir. Nəticədə milyonlarla insan aclıq çəkir, ehtiyac içindədir. Buna görə də digər ölkələrə kütləvi axın başlayır. Bundan başqa, hər bir ölkənin sosial tələbi vardır. Bu tələbat iqtisadiyyatın da qarşısına daim yeniləşmək, müasirləşmək və verilən sosial sifarişi ödəmək tələbi qoyur. Bu tələb ilk növbədə öz əhlisinin sosial ehtiyaclarını ödəməklə bağlıdır. Bu tələbin öhdəsindən gələn dövlətlər digər kasıb ölkələr üçün cəlbedici olurlar. Həmin dövlətlər miqrantlar üçün də iş və dolanışıq yeri kimi maraqlı görünürlər. Nəticədə qanuni və qeyri-qanuni miqrasiya başlayır. Həmin ölkələrə miqrasiya nə qədər güclü olarsa o qədər də iqtsadi, sosial və nəhayət, siyasi balansda tarazlıq pozula bilər. Buna görə də hazırda qloballaşma prosesinin qarşısında duran ən mühüm vəzifələrdən biri və önəmlisi beynəlxalq iqtisadi inteqrasiyanı sürətlə və səmərəli həyata keçirməkdən ibarətdir. Bu inteqrasiya nəticəsində bəzi ölkələr tranzit dövlətlərə çevrilir, bəziləri müxtəlif iqtisadi birliklər yaradır, bəziləri də ərazilərində azad iqtisadi zonalar təşkil edir. İnteqrasiya prosesində də təbii və qeyri-təbii miqrasiya baş verir. Bu zaman da humanitar məsələ aktual problem kimi öz həllini tələb edir. Buna görə də humanitar məsələ beynəlxalq problem və dövlətlərarası sazişlərlə, beynəlxalq normalarla öz həllini tələb edir.

Dövlət başçısı humanitar problemlərin mühüm əhəmiyyət daşıdığını, bu forumun artıq beynəlxalq əməkdaşlıqda öz müsbət rolunu oynadığını qeyd etmişdir. Bu gün humanitar problemlərin həlli dünya miqyasında mühüm əhəmiyyət daşıyır. Dünyanın müxtəlif regionlarında baş verən siyasi, ictimai kataklizmlər, üstəgəl ekoloji dəyişikliklərin yaratdığı fəlakətlər nəticəsində insanlar çox böyük faciə və məhrumiyyətlərlə qarşılaşırlar. Bundan başqa diqqət etdikdə bu kataklizmlərin əsasında milli-dini anlaşılmazlıqların da böyük rol oynadığını aydın görmək olar. Azərbaycan isə bu gün dünyanın ən sabit, multikulturalizmi yaşadan, qoruyan ölkələrindəndir. Azərbaycanda tarixən bütün etnoslar qardaş kimi yaşayıb, milli-dini zəmində qarşıdurma heç bir vaxt baş verməyib və bir vətən üçün çalışıb yaşayıblar. Bu keyfiyyət xalqımızın qədimdən-qədim özünəməxsus dövlətçilik ənənəsini yaşatması və inkişaf etdirməsi ilə bağlıdır və hazırkı qlobalizm prosesində çox pozitiv və nümunəvi bir yaşam təcrübəsidir. Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin sağlam zəmində qurulması və dövlətin siyasi, iqtisadi və sosial həyatında müsbət nəticələrlə müşayiət olunması bu gün çox xarakterik və artıq dünyada da təsdiq və təqdir olunan bir göstəricidir. Belə ki, hər bir azərbaycanlı ölkəmizdə tarixən yaşayan bu adi insani birgəyaşayış normasını xalqımızın milli-mənəvi dəyərinin ayrılmaz hissəsi sayır, dövlətçilik ənənəmizdə multikulturalizmi təqdir edir. Digər tərəfdən bu xarakterik keyfiyyət təbii ki, xalqımızın qədimdən milli eqoizmdən uzaq, bəşəri dəyərlərin daşıyıcısı olduğunun təsdiqidir. Təsadüfi deyil ki, Qarabağ uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı digər xalqların da övladları erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşmüşlər. Aydındır ki. onlar Azərbaycanı Vətən seçdikləri üçün onun uğrunda da vuruşmuş, şəhid olmuşlar. Təbii ki, xalqımızın digər millətləri özündən ayırmaması, tolerantlığı, dözümlülüyü, onlara Azərbaycana həqiqi vətən məhəbbəti bəxş etmişdir. Bu birlik hazırkı gərgin beynəlxalq şəraitdə dünyaya sivilizasiyalararası dialoq sahəsində münasibətlərə nümunə olacaq bir mesajdır. Azərbaycan dövlətinin bu gün də öz vətəndaşlarına təlqin etdiyi humanizm və multikulturalizm yüksək, müasir dünyamız üçün çox vacib olan bəşəri keyfiyyət olmaqla yanaşı həm də dünyada və ölkədə sosial-siyasi sabitliyin və iqtisadi inkişafın da ən mühüm amillərindəndir. Bu bəşəri dəyərin mövcudluğu və möhkəmliyi, Azərbaycan xalqının birliyi ölkənin bügünkü sürətli və davamlı hərtərəfli inkişafında özünü əyani surətdə göstərir. Dövlət başçısı öz nitqində iqtisadiyyatla humanitar məsələnin qarşılıqlı təsiri barədə deyib: “Forumun mövzularından biri iqtisadi inkişafın humanitar aspektləridir... Yenə də Azərbaycanın təcrübəsi maraqlı ola bilər. Çünki baxmayaraq ki biz etnik təmizləməyə məruz qalmışıq və torpaqlarımız işğal algtındadır, bir milyondan artıq qaçqın, köçkün vardır və dövlət onlara maliyyə yardımı, qayğı göstərir. Bizim iqtisadi inkişafımız son 10 il ərzində dünya miqyasında ən sürətli olmuşdur. Son 10 il ərzində aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, əgər belə demək mümkündürsə dünya rekordudur... On il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Aparılmış islahatlar nəticəsində bu gün cəmi 5,5 faizdir. Aparılan islahatlar nəticəsində 10 ildə Azərbaycanda bir milyon 200 min iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizlik 4,8 faizdir. Bütün bu məsələlər əlbəttə ki iqtisadi islahatların nəticəsidir. Eyni zamanda bütün bu məsələlərin bilavasitə humanitar sahəyə dəxli vardır. Çünki Azərbaycan siyasətinin təməlində və mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi və rifahı dayanır”.

Bilirik ki, tarixən hər bir dövlətin qüdrətinin əsasında iqtisadi güc, siyasi nüfuz dayanır. Lakin ölkədə milli birlik, bunun əsasını təşkil edən humanitar problemlərin xalqın da qəbul etdiyi kimi həlli olmadan qüdrətli səviyyə mümkün deyildir. Sosial-siyasi sabitlik iqtisadi gücün ən əsas lokomotivlərindəndir, onun da kökündə təbii ki, humanitar məsələlərin vaxtında, operativ həlli durur. Əgər humanitar məsələ və problemlər vaxtında və həm də beynəlxalq normalara uyğun həll olunmasa gec-tez ölkədə bu zəmində çox ciddi böhran yaşana bilər. Bu da öz növbəsində iqtisadi və siyasi proseslərə çox mənfi təsir göstərər. Bundan başqa hər bir insan müəyyən intellekt sahibidir. Ölkədə müxəlif dini, milli dəyərlərə məxsus insanların siyasi və hüquqi bərabərliyinin təmin olunması, etnik azlıqların milli-mədəni inkişafına qanunla əsas yaradılması, cəmiyyətin də bu prosesə adi normal yaşayış qaydası kimi baxması ölkədə birliyin sarsılmazlığını təmin edir. Bu gün ölkəmizdə sağlam tarixi köklərə malik multikulturalizm dövlət rəhbərliyinin düşünülmüş siyasəti ilə daha da inkişaf edir, yeni pozitiv çalarlarla zənginləşir. Dövlət başçısı Azərbaycanda multikulturalizmə münasibət barədə deyib: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir”.

Ataş CƏBRAYILOV,

“Respublika”. 

Read 29802 times