XƏBƏR LENTİ

Cümə axşamı, 16 Fevral 2017 08:51

Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü ilə bağlı tədbir keçirilib

Fevralın 15-də paytaxtın “28 Mall” ticarət mərkəzində Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə bu tibb müəssisəsinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ötən ilin statistik məlumatlarına əsasən, ölkədə bu xəstəlikdən əziyyət çəkən uşaqların əksəriyyəti sağalıb, yalnız bir ölüm hadisəsi qeydə alınıb.

Uşaqlarda mövcud onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1.5 faizini təşkil edir. Böyüklərə nisbətən uşaqlarda bu xəstəlik çox fərqlidir və onların əsas hissəsini embrional şişlər təşkil edir.

R.İsmayılzadə onu da qeyd edib ki, klinika 2012-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevin təşəbbüsü ilə yaradılıb.

Tədbir çərçivəsində klinikanın əməkdaşları və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ticarət mərkəzinə gələn vətəndaşlara maarifləndirici bukletlər paylayıblar.

AZƏRTAC

 

 

 

Read 23 times