XƏBƏR LENTİ

Bazar, 05 Fevral 2017 08:47

Gənclər Günü təntənə ilə keçirildi

Gəncədə 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev gəncləri 2 fevral – Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, gənclər dövlətimizin gələcəyi, cəmiyyətimizin aparıcı qüvvəsidir. Dövlətimizin onlara sonsuz diqqət və qayğısı, uğurlu gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi dünyaya inteqrasiya edir, mötəbər məclislərdə ölkəmizi şərəflə təmsil edir, qlobal məsələlərin həllində müzakirələrə qoşulur, elm, təhsil, mədəniyyət, incəsənət və idman sahəsində möhtəşəm qələbələrə imza atırlar. Məhz ulu öndər Heydər Əliyev 1 fevral 1997-ci ildə 2 fevralın “Azərbaycan Gəncləri Günü” elan edilməsi haqqında Sərəncam imzaladı. Bu əlamətdar gün hər il yüksək təntənə ilə qeyd olunaraq, ölkə gənclərinin bilavasitə əldə etdikləri nailiyyətlərə, qələbələrə və gələcək perspektivlərə baxış xarakteri daşıyır. Gənclərin həyata keçirdiyi işlər yüksək qiymətləndirilir. Ötən il Gəncə gəncləri üçün ən uğurlu il sayılır. Çıxışının sonunda Elnur Rzayev gənclərə həyatlarında və gələcək işlərində daha böyük uğurlar arzuladı.

Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov çıxışında qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyev gənclərə geniş imkanların yaradılması, onların bu imkanlardan hərtərəfli bəhrələnməsi üçün bir sıra sərəncamlar imzalamışdır. Təkcə 2016-cı il üçün Avropanın Gənclər Paytaxtında bu layihə ilə bağlı 250 yerli və beynəlxalq tədbir həyata keçirilmişdir. Gəncədə gənclərin sayı 95 min nəfərdir. Burada 6 Tələbə-Gənclər Təşkilatı, 5 gənclər klubu, 10-dan şox Gənclər İctimai Birliyi, 17 idman təşkilatı var. 2016-cı il ərzində gənclərin iştirakı ilə həyata keçirilən layihələrdə 90 minə yaxın gənc iştirak etmişdir.

Çıxış edənlərdən Gəncə ASAN xidmət Mərkəzinin əməkdaşı Vaqif Əjdərli, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin üzvü Tehranə Qasımova, GDU Tələbə-Gənclər Təşkilatının sədri Orxan Məmmədov, “Odlar Yurdu” İB-nın sədr müavini Təhminə Cəfərova, Gəncə AGP-2016 İB-nin könüllülər üzrə koordinatoru Mobil Qarayev ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərə göstərilən qayğıdan danışdılar.

Sonda ictimai işlərdə xüsusi fəallıqları ilə seçilən bir qrup gəncə şəhər icra hakimiyyəti tərəfindən “Fəxri Fərman” və qiymətli hədiyyələr təqdim olundu.

 

Zabit XƏLİLOV,

“Respublika”. 

 

 

 

Read 179 times