XƏBƏR LENTİ

Şənbə, 31 Dekabr 2016 05:36

İsmayıllı: əlillərə, ahıllara, tənhalara qayğı ön plandadır

Yaxın günlərdə keçirilən rayon əhəmiyyətli bir tədbirdə bunu bir daha aydın gördüm. Qala sarayda beynəlxalq əlillər gününə həsr edilən tədbirdə əlillərlə yanaşı illəri verib yaş qazanan ağsaqqalların, Böyük Vətən müharibəsinin, Qarabağ uğrunda döyüşlərin veteranlarının nümayəndələri də iştirak edirdilər. Sarayın foyesində əlillərin əl işlərindən ibarət təşkil olunan sərgiyə böyük maraqla tamaşa edənlər onların fiziki cəhətdən bu və ya digər dərəcədə əlil olmalarından nə qədər təəssüflənirdilərsə, mənən hamıdan güclü olmalarından, ürəklərinin doğma vətən üçün hələ də hərarətlə döyünməsindən, ayrı-ayrı istiqamətlərdəki istedadlarından qürurlanır, bu əməyin yüksək dəyərləndirilməsindən sevinclərini gizlədə bilmirdilər. Qürur və sevincin ən əsas səbəbi bu gün ölkəmizdə bu cür insanlara olan diqqət və qayğının unudulmamasıydı. 

Tədbir başlananda ilk olaraq rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış etdi: Siz bu günə kimi Vətən üçün çox şey etmisiniz, fiziki cəhətdən əlil olsanız da ürəkləriniz, mənəviyyatınız büllur kimi saf, təmiz, vətənə məhəbbətlə döyünür. Bu gün Vətən bu ürəklərin pıçıltılarını, hərarətli döyüntülərini layiqincə dəyərləndirməyi, onlar üçün nə lazımdırsa etməyi özünün müqəddəs borcu sayır və bu gün hamınız bunun canlı şahidisiniz. Burda sizin şərəfinizə açılmış üstü hər cür naz-nemətlə dolu süfrələrdən, müxtəlif yarış və müsabiqələrin qalibləri olanların mükafatlandırılmasından da aydın gördük. Millət vəkili Novruzəli Aslanovun, veteranlar şurasının sədri Əlialəm Babayevin, uşaq və ailələrə dəstək mərkəzinin direktoru Lətifə Əliyevanın, Qarabağ müharibəsi veteranı Raviq Pənahovun, əlil sahibkarlar təşkilatının sədri Rahib Səmədovun və başqalarının çıxışlarında dönə-dönə vurğulandı ki, ölkəmizin hər yerində olduğu kimi İsmayıllı rayonunda da əlillər daim qayğılarla əhatə olunurlar. Belə bir fikir vurğulandı ki, yeni açılan iş yerlərində fiziki sağlamlığı nisbətən də olsa imkan verən əlillərin işlə təminatına diqqət yetirilməlidir. Qeyd olundu ki, artıq bu istiqamətdə son illərdə İsmayıllıda xeyli işlər görülmüşdür. Yeni yaradılan tikiş fabrikində və digər bir neçə münasib müəssisədə bu gün əlillər, veteranlar can-başla çalışırlar.
Qeyd etdiyimiz kimi, rayonun ahılları da, tənha və kimsəsizləri də heç vaxt diqqət və qayğıdan kənarda qalmırlar. Tədbir iştirakçısı olan iki ağsaqqalın söhbəti bu baxımdan maraqlı oldu. Təvazökarlıq edib adlarının çəkilməsini istəməyən bu ixtiyar qocalar son illər rayonlarında gedən sosial abadlıq işlərindən, neçə-neçə illər öncə olan İsmayıllı ilə onun bu günkü mənzərəsinin yaxşılığa doğru nə qədər dəyişməsindən, son illər rayonlarında ağsaqqala daha çox ehtiram, etimad, hörmət ab-havası olmasından danışdılar. Dedilər ki, rayonun rəhbəri elə bir gün yoxdur onların həyatları, sosial qayğıları ilə özü maraqlanmasın. Tədbirin özündə icra başçısının iştirakçısı olan bütün ağsaqqal, veteran və əlillərlə üzbəüz sirdaş olmasını, digər vaxtlarda da bu cür ünsiyyətdə olduqlarını da söylədilər.
Diqqət və qayğını təsdiqləyən bəzi statistik rəqəmləri öyrənmək üçün ağsaqqalların da, əlil və kimsəsizlərin də özləri üçün ümid və inam qapısı saydıqları və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Rayon Şöbəsinin müdiri Kamran Muradovla həmsöhbət olduq. Öncə qeyd edək ki, onun bu sahədə kifayət qədər təcrübəsi də, idarəetmə və təşkilatçılıq bacarığı da var. Sözügedən tədbirin yüksək səviyyəli təşkilindən, onun iştirakçıları ilə olan səmimi ünsiyyətindən də bu aydın görünürdü. Kamran Muradov söhbətimizin məqsədinə aydınlıq gətirərək aşağıdakıları dedi:
—Söhbətimizin mövzusu o qədər əhəmiyyətlidir ki, bilmirsən hansı faktı söyləyəsən, hansı qalsın. Rayonumuz üzrə 13 min 245 nəfər pensiyaçı var. Onların da 7662-si qocalığa, 4226 nəfəri əlilliyə, 1357-si isə ailə başçısını itirməyə görə bu imtiyazdan istifadə edir. Rayonumuzda olan əlillərin sayı isə 7122 nəfərdir. Son illərdə əlillərin 115 nəfəri evlə, 60 nəfəri maşınla, 150 nəfəri torpaqla təmin olunub, 12 nəfərə fərdi mənzil tikilib. Təkcə bu ilin ötən dövründə 18 əlilə əlil arabası verilib. Biz onları heç vaxt unutmuruq. Bütün bayramlarda, əziz günlərdə sovqatlarımızla evlərində olur, qulaqları səsdə, gözləri yolda olan insanların kövrək ürəklərinə təskinlik gətiririk.
Kamran müəllim ömrünün ahıllıq çağını yaşayan, tənha və kimsəsiz ömür sürənlərin də heç zaman unudulmadığını vurğuladı, onlara göstərilən sosial xidmətdən bəzi misallar çəkdi.
—Rayonumuz üzrə 211 nəfərə sosial xidmət göstərilir. Onların 173 nəfəri qadın, 38 nəfəri kişidir. 23 nəfər işçimiz tərəfindən onlara sosial xidmət göstərilir. İsmayıllı şəhərində yaşayan Sirmayı Mirəliyeva, Durna İmamalıyeva bir neçə ildən sonra 100 yaşlarını qeyd edəcəklər. Hər gün xidmət işçimiz Dilarə Əliyevanın yolunu səbirsizliklə gözləyirlər. Digər xidmət işçilərimizdən Marina Karpovanın xidmətindən İvanovka sakinləri İvan Fatıyev, Anna Sergeyeva, Qalaçıq kəndində yaşayan Gülpəri və Hökumə isə onlara xidmət edən Nəcibə Bədirovanın qayğıkeşliyindən razılıqla danışırlar. Ümumilikdə isə xidmət işçilərimizin hamısı öz işlərinin öhdəsindən layiqincə gəlirlər.
Gördüklərimiz, eşitdiklərimiz və bir də iştirakçısı olduğumuz tədbir bizdə bir daha əminlik yaratdı ki, gündən-günə inkişaf edib gözəlləşən İsmayıllıda ahıllara, əlillərə, kimsəsizlərə diqqət və qayğı dövlətimizin irəli sürdüyü tələblər səviyyəsində qurulub.
Rasim AMANOV,
“Respublika”.

 

 

 

Read 48 times