XƏBƏR LENTİ

Cümə, 30 Dekabr 2016 10:02

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 165 mindən çox aztəminatlı ailəyə bayram sovqatları verilib

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edib.

Heydər Əliyev Fondunun müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 23-dən etibarən respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə çatdırılıb. Layihə çərçivəsində respublika üzrə 165 mindən çox aztəminatlı ailəyə Fondun bayram sovqatları paylanılıb, sakinlərin bayramları təbrik edilib.
Heydər Əliyev Fondu və Fondun təsis etdiyi Regional İnkişaf İctimai Birliyinin bu birgə layihəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə həyata keçirilib.
Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının 12 rayonunda, eləcə də respublikanın bir sıra rayon və şəhərlərində sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil olunub, tədbirlərin hər bir iştirakçısına bayram hədiyyələri verilib.
İlk belə tədbir Qaradağ rayonunda keçirilib. Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Heydər Əliyev Fondu tərəfindən təşkil olunan belə xeyriyyə aksiyalarının əhalinin sosial müdafiəsi baxımından əhəmiyyətini vurğulayıb.
Eyni zamanda Heydər Əliyev Fondunun ölkəmizin sosial-iqtisadi inkişafına yönəlik dövlət proqramlarına dəstək verərək həyata keçirdiyi müxtəlif layihələr, xeyriyyə tədbirləri barədə məlumat verilib. Bildirilib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində keçirilən növbəti genişmiqyaslı layihə Heydər Əliyev Fondu tərəfindən vətəndaşlarımıza bir bayram hədiyyəsi olmaqla yanaşı, həm də ailələri bayram süfrəsi arxasında həmrəy olmağa səsləyən rəmzi məna daşıyır.
Rayon ağsaqqalı Allahverdi Məmmədov və Qaradağdakı rus icması adından çıxış edən Lyubov Ryabtskova aztəminatlı ailələrə sevinc bəxş etdiyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Daha bir xeyriyyə tədbiri Bakının Sabunçu rayonunda təşkil olunub.


Bayram süfrəsi arxasında keçirilən tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Heydər Əliyev Fondunun istər ölkəmizdə, istərsə də dünyanın bir sıra ölkələrində həyata keçirdiyi xeyriyyə tədbirlərindən danışıb, bu tədbirlərin hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi layihələr barədə danışan Adil Əliyev bildirib ki, budəfəki xeyriyyə tədbiri, eyni zamanda, Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin tərkib hissəsidir.
Şəhid anası Şahzadə Ayvazova, “Sodrujestva” İctimai Birliyinin Sabunçu rayon şöbəsinin sədri Vladimir Arqutkin və Qarabağ müharibəsi iştirakçısı Elxan Mirzəyev çıxış edərək əlillərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya, eləcə də respublikamızda mövcud olan multikultural mühitə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırıblar.
Bildirilib ki, Heydər Əliyev Fondu hər il uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün Yeni il və Novruz şənlikləri keçirir, Qurban və Ramazan bayramlarında, eləcə də digər əlamətdar günlərdə uşaq və qocalar evlərinə, internat məktəblərinə, aztəminatlı ailələrə bayram hədiyyələri göndərir, konsert proqramları təşkil edir. Həyata keçirilən bütün bu layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır.
Nərimanov rayonunda keçirilən tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov deyib ki, ölkəmizdəki aztəminatlı ailələr, kimsəsiz uşaqlar, ahıllar hər zaman Heydər Əliyev Fondunun diqqət və qayğısını hiss edirlər. O, Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublika üzrə bir sıra uşaq evlərinin və məktəblərin tikilməsinin, tarixi-mədəni abidələrin bərpasının, xalqlar arasında qarşılıqlı anlaşmanın və qarşılıqlı etimadın möhkəmlənməsinə, bəşəriyyətin mədəni irsinin qorunub saxlanmasına və zənginləşməsinə xidmət edən mühüm layihələrin həyata keçirilməsinin həm ölkə daxilində, həm də xaricdə təqdirlə qarşılandığını söyləyib, bu xidmətlərə görə birinci xanım Mehriban Əliyevanın bir çox ölkələrin yüksək fəxri adlarına layiq görüldüyünü vurğulayıb.
Fondun təşəbbüsü ilə daha bir bayram süfrəsi Xətai rayonunda təşkil edilib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Heydər Əliyev Fondu tərəfindən keçirilən belə tədbirlərin əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsi baxımından əhəmiyyətini qeyd edib.
Rayon ictimaiyyəti adından çıxış edən Seyfulla Məmmədov bu cür tədbirlərin təşkilinin ölkəmizdə aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyib, Fondun rəhbərliyinə minnətdarlıq ifadə edib.
Xəzər rayonunda da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə rayonun müxtəlif qəsəbələrindən olan aztəminatlı ailələr üçün bayram süfrəsi təşkil edilib. Rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Fondu tərəfindən elm, təhsil, sosial sahələrdə respublika üzrə, o cümlədən Xəzər rayonunda həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə rayonda mədəniyyət və dini abidələrin bərpası və tikintisi, təhsil və səhiyyə sahəsində, o cümlədən valideyn himayəsindən məhrum uşaqlarla bağlı bir sıra layihələr həyata keçirilib. Tədbirin sonunda Xəzər rayonundan olan 400-dək aztəminatlı ailəyə bayram sovqatları verilib.
Bayram süfrələri Bakının Binəqədi, Nəsimi, Nizami, Pirallahı, Səbail, Yasamal rayonlarında, eləcə də respublikanın bir sıra şəhər və rayonlarında da təşkil olunub. İncəsənət ustalarının konsert proqramları tədbir iştirakçılarında xoş ovqat yaradıb. Hər bir rayonda bayram süfrələrinin iştirakçılarına Heydər Əliyev Fondunun müxtəlif ərzaq məhsullarından ibarət hədiyyələri verilib.
Tədbirlərdə çıxış edənlər valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlik layihələrin Heydər Əliyev Fondunun daim diqqət mərkəzində olduğunu bildiriblər. Fondun xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası baxımından, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirdiyi diqqətə çatdırılıb.
Eyni zamanda, qeyd olunub ki, Heydər Əliyev Fondunun 2016-cı ildən yaradılan “Regional İnkişaf” İctimai Birliyi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərmək məqsədilə fəaliyyət göstərir.
Beləliklə, qarşıdan gələn bayramlar ərəfəsində daha bir xeyirxah aksiya baş tutub və layihənin əhatə etdiyi hər bir şəxsə sovqatlarla yanaşı, bayram əhval-ruhiyyəsi də bəxş edilib.

AZƏRTAC

Read 35 times