XƏBƏR LENTİ

Bazar, 25 Dekabr 2016 19:19

Yasamal Yaşayış Kompleksində ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi olub

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikanın Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev Prezident İlham Əliyevə layihə barədə məlumat verdi.
Agentliyin ilk layihəsi olan bu Kompleks xarici dairəvi avtomobil yolunun kənarında yerləşir. Kompleksin ümumi sahəsi 11,6 hektar olacaq. Bu ərazinin seçilməsində rahat yaşayış üçün bir neçə mühüm məqam nəzərə alınıb. Belə ki, ərazi şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində yerləşir. Ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonasının olması isə onun ekoloji durumunu daha da yaxşılaşdırır.
Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın təməlini qoydu.
Yaradılacaq bu ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin ikibloklu doqquzmərtəbəli, 12-sinin isə birbloklu 12 mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31 kvadratmetrdən 33 kvadratmetrədək, ikiotaqlı mənzillərin sahəsi təqribən 50 kvadratmetrdən 58 kvadratmetrədək, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq.
Kompleksin tikintisi üçün seçilmiş məkanın üstünlüklərindən biri də onun paytaxtın əsas iş yeri mərkəzlərinə yaxın yerləşməsidir. Bununla yanaşı, ərazidə yaradılacaq yeni nəqliyyat infrastrukturunun Bakının mövcud yol və ictimai nəqliyyat şəbəkəsi ilə inteqrasiyası nəzərdə tutulur. Bu isə sakinlərin çox vaxt itirmədən istədikləri yerə çatmalarına imkan verəcək.
İnşa olunacaq mənzillərin vətəndaşlar tərəfindən alınması prosesində səffaflığın təmin edilməsinə xüsusi diqqət göstəriləcək. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” elektron sistemi yaradılacaq. Bu sistem vətəndaşlara virtual “şəxsi kabinet” yaratmaq yolu ilə qeydiyyatdan keçmək və gələcəkdə növbəlilik prinsipinə əsasən müvafiq xidmətlərdən faydalanaraq mənzil əldə etməyə əlverişli şərait yaradacaq. Sistem 2017-ci il mayın 1-dən etibarən fəaliyyətə başlayacaq.
Sonra dövlətimizin başçısı burada inşa ediləcək məktəb binasının təməlini qoydu.
Kompleksdə mənzillərlə yanaşı, bir sıra sosial obyektlər də tikiləcək. Onların arasında 240 yerlik uşaq bağçası və 960 şagird yerlik orta təhsil məktəbi də var. Ərazidə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

 


Prezident İlham Əliyevin çıxışı
- Əziz dostlar, bu gün şəhərimizin həyatında çox əlamətdar bir gündür. Bu gün Bakıda yeni yaşayış kompleksinin təməl daşı qoyulub. Bu münasibətlə Bakı sakinlərini ürəkdən təbrik etmək istəyirəm.
Bu, yeni bir sosial layihədir. Bu layihənin icra edilməsi bir daha onu göstərir ki, sosial məsələlərin həlli bizim üçün həmişə prioritet olmuşdur. Bu il aprel ayının 11-də mənim Sərəncamımla Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Bu agentliyin əsas vəzifəsi vətəndaşların mənzil-məişət problemlərini həll etməkdən ibarətdir. Eyni zamanda, Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti nəticəsində inşaat sektorunun inkişafına yeni təkan veriləcək və bu da, öz növbəsində, minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq.
Bu, yeni sosial təşəbbüsdür, yeni sosial layihədir. Sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaqdır. Ümumiyyətlə, son illər ərzində biz ciddi iqtisadi islahatlarla yanaşı, həmişə sosial məsələlərin həllinə də böyük diqqət vermişik. Son 10 il ərzində pensiyalar 7 dəfə, maaşlar 5 dəfə artmışdır. Ölkəmizdə bir çox sosial infrastruktur obyektləri tikilmişdir. Üç mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib təmir edilmişdir. Doxsandan çox məcburi köçkün qəsəbəsi salınmışdır və bu proses davam edir. Ünvanlı sosial yardımın məbləği artırılır və bu proqram üzrə yardım alanların sayı da lazım gələndə artırılır. Bir sözlə, sosial siyasət bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə ki, bu siyasəti daha da uğurla aparmaq üçün bizim güclü iqtisadi imkanlarımız olmalıdır. Bu imkanları biz yaradırıq, hətta böhranlı vaxtlarda da ciddi islahatlar aparılır və bu islahatlar öz nəticələrini verməkdədir.
Burada, Yasamal rayonunda icra edilən layihə birinci layihədir. Bundan sonra da layihələr icra ediləcəkdir. Burada 29 yaşayış binasının, uşaq bağçasının, məktəbin tikintisi nəzərdə tutulur. Bu yaşayış kompleksində 1800-dən çox mənzil inşa ediləcək. Ümid edirəm ki, biz bu birinci layihənin açılışını 2018-ci ildə qeyd edəcəyik.
Müəyyən səbəblər üzündən mənzil ala bilməyən vətəndaşlar da Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti nəticəsində mənzil ala biləcəklər. Çünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, imkanlı təbəqə, yoxsul təbəqə, aztəminatlı vətəndaşlar var və onların problemlərinin həllini dövlət öz üzərinə götürür. Artıq qeyd etdiyim kimi, müxtəlif sosial proqramlar icra olunur və mənzil təminatı da əlbəttə ki, hər bir ailənin həyatında xüsusi yer tutan amildir. İmkanlı vətəndaşlar özlərini mənzillərlə, evlərlə təmin edirlər, ancaq buna imkanı olmayanlar üçün dövlət öz yardımını əsirgəməməlidir. Bu gün bu layihənin başlanması bunun əyani sübutudur. İlk növbədə, şəhid ailələrinə, müharibə veteranlarına, gənc mütəxəssislərə, müəllimlərə, alimlərə, hərbçilərə, bu kateqoriyadan olan vətəndaşlara bu yaşayış kompleksində güzəştli şərtlərlə mənzillər veriləcək. Şərtlər doğrudan da çox güzəştlidir, uzunmüddətli ödəmə şərti ilə insanlar yeni mənzillərə köçəcəklər.
Bu layihənin icra edilməsi nəticəsində inşaat sektoru da canlanacaq. Bu il inşaat sektorunda tənəzzül yaşanır. Əgər biz ümumi daxili məhsulumuzun inkişafının və tənəzzülünün dinamikasına nəzər salsaq görərik ki, bu gün ümumi daxili məhsulu aşağı aparan amil inşaat sektorundakı tənəzzüldür. Bunun da iki səbəbi var. Dövlət investisiyaları azalıb, bu da təbiidir. Çünki bizim gəlirlərimiz azalmışdır və biz, ilk növbədə, öz gəlirlərimizi sosial məsələlərin həllinə yönəltmişdik. Onu da qeyd etməliyəm ki, bu il, bir dənə də olsun, sosial proqram ixtisara düşmədi. Bu, birinci məsələdir. Digər səbəb isə əlbəttə ki, sahibkarlar da mənzil inşaatına az fikir verməyə başlamışlar. Ona görə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti və icra ediləcək digər layihələr nəticəsində biz inşaat sektorunu canlandıracağıq. Bu, özlüyündə böyük bir hərəkətə, canlanmaya gətirib çıxaracaq, inşaat sektorunda minlərlə iş yeri yaradılacaq. Eyni zamanda, inşaat materialları ilə məşğul olan, onları istehsal edən şirkətlər də öz fəaliyyətini bərpa edəcək, genişləndirəcəklər. Beləliklə, bu layihənin ölkə iqtisadiyyatına da çox müsbət təsiri olacaqdır.
Nəzərə alsaq ki, son illərdə ölkəmizdə aparılan islahatlar və şaxələndirmə siyasəti nəticəsində biz demək olar ki, əsas tikinti materialları ilə özümüzü təmin edirik, bu layihələrin icrasında biz idxal komponentindən asılı olmayacağıq. Mənə verilən məlumata görə, bu binaların tikintisində istifadə ediləcək materialların 80-90 faizi Azərbaycan istehsalı olacaqdır və ilk növbədə, biz idxala tələbatımızı azaldacağıq. Digər tərəfdən yerli şirkətlər də inşaat materiallarını istehsal edərək öz maddi imkanlarını yaxşılaşdıracaqlar. Mən özəl sektora da müraciət edirəm. Biz 2017-ci ildə inşaat sektorunda çox böyük bir inkişaf görəcəyik. Bax, bu gün Azərbaycanda sosial binaların tikintisi, icra edilən digər layihələr çox böyük canlanmaya gətirib çıxaracaqdır.
Qeyd etdiyim kimi, bu layihə çərçivəsində 29 bina tikiləcək. Hazırda Bakı şəhərində köhnə, yararsız vəziyyətdə olan binaların yerində 60-dan çox yeni, hündürmərtəbəli yaşayış binasının tikintisi aparılır və yaxın zamanlarda aparılacaq. Bu da bu il müəyyən etdiyimiz siyasət nəticəsində mümkündür. Sahibkarlara şərait yaradılıb. Yerli icra orqanları bu məsələ ilə bağlı öz dəstəklərini göstərirlər. Artıq birinci belə layihə bu yaxınlarda Ramana qəsəbəsində icra edildi. Mən də o binanın açılışında iştirak etmişəm ki, bu prosesə öz dəstəyimi verim.
Hazırda Bakıda 60-dan çox hündürmərtəbəli binanın tikintisi ya başlayıb, ya da ki, indi son hazırlıq işləri aparılır. Əvvəlki binalarda yaşayan insanlara kirayə pulu verilir. Onlar bir il, il yarım kirayədə qalırlar. Ondan sonra isə həmin o ərazidə tikiləcək binalarda onlara mənzillər verilir. Artıq Ramana qəsəbəsində sakinlər bunu görüblər. Onlara təmirli mənzillər verilir və eyni zamanda, o mənzillərin sahəsi onların əvvəlki mənzillərindən təqribən 30, 40, 50 faiz, bəzi hallarda iki dəfə böyükdür. Onlar o yararsız binalardan yeni binalara, yeni mənzillərə köçürlər. Eyni zamanda, onların yaşayış sahəsi də artır.
Bax, bütün 60-dan çox layihənin prinsipi bundan ibarətdir ki, orada əvvəllər yaşayan vətəndaşlar da görəcəklər ki, bunun nə qədər böyük faydası var. Yerli icra orqanları və sahibkarlar burada birgə fəaliyyət göstərməlidirlər. Bakıda köhnəlmiş, yararsız və qəzalı vəziyyətdə binaların sayı əfsuslar olsun ki, kifayət qədərdir. Vaxtilə bəzi binalar qanunsuz yollarla tikilib. Heç sənədi də yoxdur o binaların. Ancaq indi insanlar orada yaşayırlar. Həmin insanların yaşayış şəraiti nə onları, nə də dövləti qane edə bilməz.
Ona görə gələn il Bakıda bu istiqamət üzrə ən azı 60 bina inşa ediləcək. Əgər biz “Ağ Şəhər” layihəsini, - orada da yaşayış binalarının tikintisi sürətlə gedir, - “MİDA” layihəsini əlavə etsək, görərik ki, gələn il Bakı şəhərində ən azı 100-dən çox yaşayış binasının tikintisi nəzərdə tutulur. Bu da minlərlə, on minlərlə iş yerinin yaradılması, inşaat sektorunun canlanması və Bakımızın daha da gözəlləşməsi deməkdir. Çünki indi Bakıya gələn hər bir xarici qonaq, - əgər o qərəzsizdirsə, - qeyd edir ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Mən istəyirəm ki, Bakının bütün rayonları ən yüksək zövqə layiq olsun, təkcə şəhərin mərkəzi yox. Bunun üçün bu layihələrin icrası xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, bu Yasamal Yaşayış Kompleksinin yaradılması nəticəsində, bax, bu ərazidə müasir infrastruktur yaradılır - qaz, işıq, su xətləri, kommunikasiyalar, yollar, yaşıllıq zonaları, idman meydançaları. Yəni, bu, şəhər infrastrukturuna da böyük dəstəkdir. Görün, bu bir layihənin və bir təşəbbüsün nəticəsində biz özümüz üçün nə qədər böyük, yeni imkanlar aşkar edirik. Yəni, bu layihənin multiplikativ effekti çox böyük olacaq.
Bir daha sözümün əvvəlinə qayıtmaq istəyirəm ki, bu layihəni başlayarkən biz, ilk növbədə, vətəndaşlar haqqında düşünürdük. İstəyirdik ki, bu gün mənzil ala bilməyən ailə mənzil ala bilsin. Bu hərəkat, bu təşəbbüs kütləvi xarakter almalıdır. İndi Bakı şəhərində ikinci layihənin icrası üçün hazırlıq işləri gedir. İkinci layihə bundan da böyük olacaq. Əgər burada tikinti meydançası 11 hektardırsa, ikinci layihədə 20 hektar olacaq. İkinci layihə Hövsan qəsəbəsində icra ediləcək. Orada da onlarla yeni yaşayış binasının tikintisi nəzərdə tutulur.
Biz bunu bu gün dövlət xətti ilə icra edirik və burada tikiləcək binaların maliyyə resursları da dövlət büdcəsində nəzərdə tutulur. Ancaq mən bu gün sahibkarlara da müraciət edirəm. Onlar da bu təşəbbüsə qoşulsunlar və bu proses kütləvi xarakter alsın. Onsuz da dövlət öz üzərinə düşən vəzifəni icra edəcək. Həm Bakı şəhərində, həm digər böyük şəhərlərimizdə və gələcəkdə hər bir yerdə sosial binaların tikintisi aparılmalıdır və aparılacaq. Ancaq bu prosesə daha da geniş xarakter vermək üçün özəl sektor da buna qoşulmalıdır. Özəl sektorun inkişafı üçün biz bütün lazımi tədbirləri görürük, güzəştli şərtlərlə kreditlər verilir. Mən mütəmadi qaydada sahibkarlarla görüşürəm. Bugünkü təşəbbüs, bax, bugünkü təməlqoyma mərasimi sahibkarlara da bir siqnaldır ki, onlar həm özləri, həm də dövlət üçün daha da böyük işlər görə bilsinlər. Qeyd etdiyim kimi, biz bu layihənin həyata keçirilməsi nəticəsində bir neçə mühüm vəzifəni icra edəcəyik.
Mən bu gün sizi bir daha ürəkdən salamlayıram, Bakı sakinlərini salamlayıram. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm. Sağ olun.
***
Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir NURİYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Çox hörmətli Mehriban xanım.
Hörmətli tədbir iştirakçıları.
Müasir Azərbaycan öz müstəqilliyini bərpa etdiyi 25 il müddətində mürəkkəb və eyni zamanda, çox uğurlu bir yol keçib. Ulu öndərimiz Heydər Əliyevin və Sizin, möhtərəm Prezident, rəhbərliyiniz altında aparılmış genişmiqyaslı islahatlar ölkəmizdə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına, əhalinin maddi rifahının artmasına xidmət edib. Həyata keçirdiyiniz uzaqgörən siyasət sayəsində bir çox sosial məsələlər öz həllini tapıb, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və həyat şəraitinin daha da yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Möhtərəm cənab Prezident, Sizin qarşıya qoyduğunuz məqsədlərdən biri də ölkə əhalisinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Xüsusilə də aztəminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həll edilməsi prioritet vəzifə kimi müəyyən edilib. Son illər ərzində, əhalinin müxtəlif kateqoriyalarının mənzil ehtiyaclarının dövlət tərəfindən ödənilməsi sahəsində bir çox layihələr uğurla həyata keçirilib, 2003-2015-ci illərdə dövlət vəsaiti hesabına tikilmiş mənzillərin ümumi sahəsi 3 milyon 200 min kvadratmetr olub.
Bununla yanaşı, vətəndaşların yaşayış sahələrinə olan tələbatının təmin olunması məqsədi ilə 2005-ci ildə ölkədə uzunmüddətli ipoteka kreditləşməsini həyata keçirmək üçün Azərbaycan İpoteka Fondu yaradıldı. Həmin ildən başlayaraq bu günə qədər Fond vasitəsilə 18 mindən çox ailəyə 730 milyon manatdan çox ipoteka krediti verilib.
Bu sahədə ardıcıl siyasəti davam etdirərək, ölkədə yaşayış binalarının tikilməsini təşkil etmək və aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillər əldə etməsi üçün şərait yaratmaq məqsədilə Zati-aliləriniz bu il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqqında Fərman imzaladı. Yeni yaradılmış quruma göstərdiyiniz dəstək Agentliyin uğurlu fəaliyyətinə zəmin yaratmaqla yanaşı, qarşımızda mühüm və məsuliyyətli vəzifələr qoyur. Bu vəzifələri layiqincə yerinə yetirmək məqsədi ilə, ilk növbədə, Agentliyin yüksəkixtisaslı, müasir düşüncəli, Azərbaycanda və xaricdə təhsil almış təcrübəli mütəxəssislərdən ibarət işçi heyəti formalaşdırıldı.
Növbəti addım kimi, tərəfimizdən şəhərsalma nöqteyi-nəzərdən əlverişli yerləşmə prinsipi əsas götürülərək torpaq sahələrinin seçilməsinə başlanıldı. Ötən müddət ərzində Agentliyin mütəxəssisləri Bakıda və ölkənin digər şəhərlərində bir çox torpaq sahələrinə baxış keçirib, müvafiq meyarlar üzrə qiymətləndirmələr aparıblar. Torpaq sahələrinin dəyərləndirilməsi zamanı, ilk növbədə, şəhərlərin inkişaf perspektivləri nəzərə alınaraq, həmin ərazilərin iş yeri mərkəzlərinə yaxınlığı, ekoloji cəhətdən əlverişliliyi, nəqliyyat və mühəndis-kommunikasiya şəbəkəsinin mövcudluğu əsas meyar kimi götürülür.
Bununla yanaşı, Agentlik tərəfindən qabaqcıl beynəlxalq təcrübə öyrənilib, bu sahədə uzun müddət uğurla fəaliyyət göstərən analoji xarici təşkilatlarla əlaqələr yaradılıb. Bu təşkilatların təcrübəsinə əsaslanaraq qeyd etmək olar ki, ölkəmizdə güzəştli mənzillərin tikilməsi yerli iqtisadiyyatın inkişafına təkan verməklə yanaşı, bu mənzilləri əldə edən insanlara, əsasən də gənc ailələrə, öz gələcək həyat planlarını daha əminliklə qurmağa və ailə büdcələrini səmərəli planlaşdırmağa kömək edəcək. Bu da, öz növbəsində, onların maliyyə savadını artıracaq.
Onu da qeyd etmək istərdim ki, sosial mənzillərin tikintisi vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həmçinin inşaat sektorunun inkişafına da müsbət təsir göstərəcək, tikinti materialları istehsalını stimullaşdıracaq, yeni iş yerlərinin yaradılmasına xidmət edəcək. Son illər ərzində Azərbaycanda tikinti materialları istehsal edən bir çox müəssisələr yaradılıb, zavodlar inşa edilib. Apardığımız təhlillər göstərir ki, çoxmənzilli binaların tikintisində istifadə olunacaq inşaat materiallarının 80-90 faizinin məhz yerli istehsal hesabına təmin edilməsi mümkündür. Həyata keçirdiyimiz layihələr bu sahədə çalışan sahibkarlara öz istehsal həcmlərini bərpa etməyə, bazarda mövqelərini daha da möhkəmləndirməyə kömək edəcək.
Möhtərəm cənab Prezident.
Cari il noyabrın 16-da, “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Fərman imzaladınız. Agentliyin sifarişi ilə inşa olunacaq mənzillərin ölkə vətəndaşları tərəfindən güzəştli şərtlərlə əldə edilməsi qaydasını təsdiqlədiniz. Bu qaydaya əsasən müəyyən edilmiş sosial kateqoriyalara aid olan aztəminatlı ailələr mənzilləri orta bazar qiymətindən aşağı qiymətə və “Azərbaycan İpoteka Fondu”nun güzəştli ipoteka krediti vasitəsilə 30 ilədək uzunmüddətli ödəniş şərtləri ilə əldə edə biləcəklər.
Bununla yanaşı, dekabrın 6-da “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” də təsdiqləndi. Qeyd etməliyəm ki, bu iki mühüm sənəd Agentliyin fəaliyyətində istiqamətverici rol oynayır və işin səmərəliliyinin artırılmasına böyük və əvəzolunmaz bir töhfədir. Zati-aliləri, təşkilatımıza növbəti dəfə verdiyiniz bu dəstəyə və göstərdiyiniz yüksək etimada görə, bütün kollektivimiz adından Sizə öz dərin minnətdarlığımızı bildiririk. Məhz bu dəstəyin və Azərbaycanda sosial mənzillərin tikintisi layihəsinə ayırdığınız xüsusi diqqətin nəticəsidir ki, bu gün, Agentliyin yaradılmasından çox qısa bir müddət keçməsinə baxmayaraq, artıq ilk yaşayış massivinin təməli qoyulur. Cənab Prezident, təməlqoyma mərasimində Sizin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı bizim üçün böyük şərəf olmaqla yanaşı, eyni zamanda, aztəminatlı ailələrə göstərdiyiniz böyük qayğının təzahürüdür.
Bu gün təməli qoyulan Yasamal Yaşayış Kompleksi şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində yerləşir. Bu kompleksin layihələndirilməsi ölkəmizdə mövcud şəhərsalma qanunvericiliyinə və dövlət tikinti normalarına uyğun həyata keçirilib. Burada çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının və sosial infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur.
Ümumi ərazisi 11,6 hektar olan bu şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin 9 mərtəbəli, 12-sinin isə 12 mərtəbəli olması planlaşdırılır. Bu binalarda, ümumilikdə, 1854 mənzil olacaq ki, onların təqribən 16 faizinin birotaqlı, 60 faizinin ikiotaqlı, 24 faizinin isə üçotaqlı olması nəzərdə tutulur. Mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək.
Kompleksin ərazisində vətəndaşların rahat yaşayışını təmin etmək məqsədilə 240 nəfərlik uşaq bağçası, 960 şagird yerlik tam orta məktəbi də əhatə edən müvafiq sosial infrastrukturun yaradılması, habelə ictimai iaşə, məişət və xidmət obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu gün kompleksin ilk yaşayış binasının təməli ilə yanaşı, məktəbin də təməlinin qoyulması çox böyük rəmzi məna daşıyır. Yasamal Yaşayış Kompleksində təhsil müəssisələrinin yaradılması gənc sakinlərimizin müasir tədris şəraiti olan binalarda keyfiyyətli təhsil almaq imkanlarını artıracaq.
Onu da qeyd etmək istəyirəm ki, bu kompleksin tikintisində iştirak etmək üçün investorlar da kifayət qədər yüksək maraq göstərir və bununla bağlı artıq bir neçə təşkilatla danışıqlara başlanılıb. Planlaşdırılan dövlət-özəl tərəfdaşlığı formatında investisiyaların cəlb edilməsi, bu sahədə dayanıqlı və davamlı inkişafın təmin edilməsinə zəmin yaradacaq.
Möhtərəm cənab Prezident.
Sizi əmin etmək istərdik ki, bizə göstərdiyiniz yüksək etimadı doğrultmaq məqsədi ilə vətəndaşlarımızın layiqli yaşayış şəraitinin təmin olunması işində var gücümüzlə çalışaraq, öz səylərimizi əsirgəməyəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
***
Güzəştli mənzil əldə etmək hüququna malik şəxslərdən biri, gənc ailənin üzvü, müəllimə Xanım ŞAMİLOVA çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli Mehriban xanım və tədbir iştirakçıları.
Mənzilə ehtiyacı olan ailələr adından Sizi ürəkdən salamlayıram. Bu evlərin təməlqoyma mərasimində iştirakınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk.
Verdiyiniz bu qərar mənzilə ehtiyacı olan bir çox ailəni, xüsusilə gəncləri nikbin gələcəyə kökləyir. İllərdir ki, kirayədə yaşayan gənc ailələr bu gün təməli qoyulan evlərin kirayəçisi deyil, sahibi olacaqlar. Mən və mənim kimi bütün ailələr bu proqramın reallaşmasını daha çox arzulayırıq. Bu gün bizim üçün böyük bayramdır. Sizin bu istiqamətdəki siyasətiniz həm mənzilə ehtiyac duyanlara, həm də gənclərə göstərdiyiniz böyük qayğının göstəricisidir.
Mənzilə ehtiyacı olan insanların probleminin həlli ilə bağlı Sizin təşəbbüsünüzlə gənc ailələrə mənzillərin bazar qiymətindən aşağı və güzəştli kreditlə əldə edilməsi üçün şərait yaradılıb. Buna görə Sizə xüsusi təşəkkürümüzü bildiririk.
Cənab Prezident.
Mən müəlliməm. Biz müəllimlər gələcəyimiz olan uşaqlarla işləyirik və onların yüksək biliyə malik əsl vətəndaşlar kimi yetişməsi üçün əlimizdən gələni əsirgəmirik. Bu yolda Sizin qayğınızdan güc alırıq. İqtisadi cəhətdən əlverişsiz şəraitə baxmayaraq, qəbul etdiyiniz qərar əsasında bizim əməkhaqqımız iki dəfə artırılıb.
Son 12 ildə ölkəmizdə 3 mindən çox məktəb tikilib və əsaslı təmir olunub. Görülən işlər nəticəsində bu gün daha keyfiyyətli tədris mühiti formalaşıb. Müəllimlərin səmərəli fəaliyyəti, şagirdlərin bilik və bacarıq əldə etmələri üçün hər cür şərait yaradılıb. Bunun üçün Sizə xüsusi təşəkkür edirik.
Ulu Öndərimiz də müəllimlərə həmişə yüksək qiymət verib. Onun müəllim haqqında dediyi “Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini - uşaqların tərbiyəsini yalnız ona etibar edir” fikri müəllimə verilmiş ən gözəl qiymətdir. Doğrudan da fəhləni, alimi, həkimi müəllim tərbiyə edir.
Sizin müəllimlərin sosial müdafiəsinin gücləndirilməsinə yetirdiyiniz diqqət bizi daha həvəslə və əzmlə çalışmağa ruhlandırır, işimizə daha məsuliyyətli və yaradıcı yanaşmağımıza stimul verir.
Azərbaycanın birinci xanımı, dəyərli Mehriban xanım, Sizin fəaliyyətinizi də xüsusi qeyd etmək istəyirəm. Mehriban xanım, Siz bütün sosial məsələlərə xüsusi və həssas münasibətinizlə cəmiyyətimizə bir nümunəsiniz. Sizin uşaqlara olan xüsusi qayğınız, analıq qayğınız danılmaz faktdır.
Möhtərəm cənab Prezident.
Bu gün Sizin ad gününüzdür. Hətta bu əlamətdar gündə Siz bizim yanımızdasınız və sosial qayğıya ehtiyacı olan insanlarla bir yerdəsiniz. Buna görə Sizə minnətdarıq. Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirik. Sizə doğma Azərbaycanımızın inkişafı naminə gördüyünüz bütün işlərdə uğurlar və möhkəm cansağlığı arzulayırıq.
Cənab Prezident, mən Sizin ailənin soyadının nəfəsini həmişə üzərimdə hiss etmişəm. Çünki daimi iş yerim akademik Zərifə Əliyeva adına liseydir. Buna görə Sizə xüsusi təşəkkür edirəm.

AZƏRTAC

 

 

 

Read 79 times