XƏBƏR LENTİ

Çərşənbə axşamı, 22 Oktyabr 2013 12:24

Gənclər ordu sıralarına yollanır

 

 

 

...Səhər tezdən olsa da, Bakının Xətai rayonunun geniş və yaraşıqlı küçələri ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin binasına doğru axışan insanların ardı-arası kəsilmirdi. Rayonun müharibə və əmək veteranları, valideynlər ənənələrinə sadiq qalaraq gənclərin hərbi xidmətə yola salınma mərasimində yüksək əhval-ruhiyyə ilə iştirak edir, Vətənə sipər oğullara hərbi xidmət dövründə mətin və ayıq-sayıq olmaq üçün dəyərli tövsiyələr verirdilər.

Vurğulamaq lazımdır ki, idarənin həyətində və eləcə də yaradıcılıq foyesində gəncləri hərbi-vətənpərvərlik tərbiyəsinə səsləyən “Azərbaycanın Milli Qəhrəmanları”, “Ordum varsa, yurdum var”, “Vətən intiqama çağırır” və digər plakat və yazılar diqqəti cəlb edir.

Gənclərin hərbi xidmətə yola salınması ilə bağlı keçirilən tədbirdə ilk söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xətai Rayon İdarəsinin rəisi polkovnik Eldar Tağıyevə verilmişdi. O, sevincini təntənəli mərasimə qatılan insanlarla bölüşərək dedi:

-Gənclər həyatımızın bəzəyidirlər. Vətənimizin ləyaqətli, şərəfli övladlarıdırlar. Ən yüksək iradi və əxlaqi keyfiyyətlər onlardadır. Qeyd etmək lazımdır ki, Xətai rayonunun ümumtəhsil məktəblərində gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə maksimum səy göstərilir. Məhz buna görə də onlar Vətəni, torpağı dərin məhəbbətlə sevir, bu gün yüksək əhval-ruhiyyə ilə əsgəri xidmətə yola düşürlər. Onların hər birinin qəlbi iftixar hissi ilə döyünür, fəxr edirlər ki, qüdrətli Azərbaycan ordusunda xidmət edəcək, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaq, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnəcək, andlarına sadiq qalmaqla ataların keçdiyi şərəfli yolu inamla davam etdirəcəklər.

Hər biriniz bilirsiniz ki, neçə illərdən bəridir ki, ərazimizin 20 faizindən çoxu erməni daşnaklarının işğalı altındadır, bir milyon qaçqın və məcburi köçkünümüz var. Məhz buna görə də ordu sıralarında mətinləşməli, yeri gələrsə düşməndən intiqam almağı bacarmalısınız.

Gənclərin əsgəri xidmətə yola salınma mərasimində ilk mühasibimiz Samir Eminov oldu. Hiss olunurdu ki, o, bu gün həyatının ən gözəl anını yaşayır, fəxr edir ki, Azərbaycan əsgəri kimi şərəfli bir ad daşıyacaqdır. Samir çoxsaylı insanlar arasında ürək sözlərini ifadə edərək dedi:

-Azərbaycan ordusu Cənubi Qafqazda qüdrətli bir orduya çevrilmişdir. Xüsusilə hərbi texnikamız çox güclüdür. Bu gün əsgəri xidmətə yola düşən gənclərin sırasında olduğum üçün iftixar hissi keçirirəm. Hərbi xidmət borcunu ləyaqətlə yerinə yetirəcək, sevimli müəllimlərimin və valideynlərimin verdiyi tövsiyələrə şərəflə əməl edəcəyəm.

Hərbi xədmətə yola düşən gənclərdən Qoşqar Məmmədov, Elbar Nəbiyev, Ramil Allahverdiyev və başqaları ilə olan söhbətimiz çox maraqlı keçdi. Onlar vurğuladılar ki, xidmət dövründə daha da mətinləşəcək, müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunmasında hünər və bacarıqlarını əsirgəməyəcəklər.

Gənclərin əsgəri xidmətə yola salınması

 mərasimində Sevda Musayeva valideynlər adından danışaraq dedi:

-Bu gün sevincim köksümə sığmır. Azərbaycan televiziyasında hərbi vətənpərvərliyə həsr olunmuş verilişlərə baxanda həmişə qəlbimdə bir arzu baş qaldırırdı ki, gün o gün olaydı ki, mən də əsgər anası olaydım, hərbi paltar geyinmiş sevimli balamın duruşuna, boy-buxununa baxaydım. Artıq indi arzum çin olur. İsti nəfəsimlə böyüdüb ərsəyə çatdırdığım oğlum Kamran ordu sıralarına yollanır. Əminəm ki, Kamran və digər əsgəri xidmətə yola düşən gənclər valideynlərinin başını uca edəcək, hər qarış Vətən torpağını göz bəbəyi kimi qoruyacaqlar!

Budur, vaxt gəlib çatır. Valideynlərdən Hafis Zeynalov, Rəfael Allahverdiyev və başqaları Vətənə sipər oğulları milli musiqimizin sədaları altında bir payız günündə hərbi xidmətə yola salırlar...

Qədir Aslan,

“Respublika”.

 

 

 

Read 19305 times