XƏBƏR LENTİ

Cümə, 05 Mart 2021 09:58

İdmançılarımızın uğurları yeni qələbələrə stimul verir

1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində başqa sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də ciddi dönüş yaradıldı. Bu sahədə müvafiq tədbirlər həyata keçirən Heydər Əliyev gənclərlə və idmançılarla işi daha səmərəli şəkildə təşkil etmək, onların problemləri ilə yaxından tanış olmaq, gənclərin ictimai-siyasi həyatda fəal iştirakını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinin yaradılması barədə sərəncam imzaladı. Bununla da gənclərin qarşısında geniş üfüqlər açıldı.

Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarixi gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə təsis edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti işləyərkən - 1997-ci il iyul ayının 31-də Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra ölkəmizdə bədən tərbiyəsi və idman, o cümlədən olimpiya hərəkatı yeni bir mərhələyə qədəm qoydu. Son 17 il ərzində dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğısı, şəxsi dəstəyi sayəsində ölkəmizdə idmanın inkişafı geniş vüsət almışdır.

Bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. Bunu Bakıda və bölgələrdə idman sahəsində yaradılan maddi-texniki baza ilə yaxından tanış olan və mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsini izləyən beynəlxalq qurumların rəhbərləri də təsdiqləyirlər. Azərbaycanda son illər güclü idman infrastrukturu yaradılmışdır. Təkcə Bakının 2015-ci il ilk Avropa Oyunlarına və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi buna əyani sübutdur. Həm də bu yarışların yüksək səviyyədə başa çatması Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gərgin əməyinin bəhrəsidir.

Bu bayram günündə qürur hissi ilə vurğulamaq lazımdır ki, 2020-ci il ərzində gənc nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, yüksək dərəcəli idmançıların hazırlanması, olimpiya hərəkatının gücləndirilməsi, Olimpiya oyunlarına yüksək səviyyədə hazırlığın təmin edilməsi, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində təqdirəlayiq işlər görülmüşdür.

2020-ci il ərzində idmançılarımız müxtəlif idman növləri üzrə Avropa, dünya çempionatı və birinciliklərində, kubok yarışlarında, eləcə də müxtəlif beynəlxalq turnirlərdə, respublika çempionatı, kubok və birinciliklərində iştirak edərək medallar qazandılar.

Ötən il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 64 respublika yarışı təşkil edilmiş, 12 beynəlxalq yarış keçirilmiş, 68 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunmuşdur.

İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplantılarında iştirak ediblər.

2020-ci illə bağlı olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 60 qızıl, 46 gümüş və 86 bürünc olmaqla, ümumilikdə 192 medal əldə edilmişdir.

Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün indiyədək 17 nəfər idmançımız 13 lisenziya əldə edib. Bundan başqa, Tokio Paralimpiya Oyunlarına indiyədək 9 lisenziya qazanılıb.

İdman növləri üzrə məşqçi-müəllimlərə ali, I və II ixtisas kateqoriyasının verilməsi ilə əlaqədar təqdim olunmuş sənədlərdə Azərbaycan Respublikasının vahid idman təsnifatına uyğun olaraq baxılıb. 2020-ci ilin ötən dövrü ərzində ayrı-ayrı idman növləri üzrə məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. O cümlədən 3 nəfər ali, 54 nəfər birinci kateqoriya alıb.

Bundan başqa, 2020-ci ildə idman növləri üzrə 33 nəfər fəxri bədən tərbiyəsi və idman işçisi, 54 nəfər əməkdar məşqçi, 12 nəfər əməkdar idman ustası, 10 nəfər Respublika dərəcəli hakim fəxri adlarına layiq görülüb.

İl ərzində 109 nəfər idman ustası normasını yerinə yetirib.

2020-ci il ölkəmiz və xalqımız üçün Zəfər ili kimi tarixə düşdü. 2021-ci ilin başlanğıcından Azərbaycan idmanı uğurlu start götürmüşdür. Şahmat turnirində qrossmeystr Teymur Rəcəbov peşəkarlıq, iradə və əzmkarlıq göstərərək inamlı qələbə qazanmışdır.

Tam əminliklə deyə bilərəm ki, ölkəmizdə idman daha da inkişaf etdiriləcək, Vətənimizi yarışlarda təmsil edən gənclərimiz uğurlu nəticələrə imza atacaqlar.

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları, bu sahədə çalışan mütəxəssisləri və bütün idman ictimaiyyətini təbrik edir, Azərbaycan idmanının inkişafında onlara yeni-yeni uğurlar arzulayıram.

Ağacan ABİYEV,

Əməkdar elm xadimi,

professor, Milli Olimpiya

Komitəsinin baş katibi.

Read 137 times