XƏBƏR LENTİ

Cümə axşamı, 10 Aprel 2014 14:03

MƏKTƏBLƏR ARASINDA ŞAHMAT YARIŞLARI

Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikada idmanın bütün növlərinin inkişafına şərait yaradılır, diqqət və qayğı göstərilirdi. Onun qayğısı nəticəsində ölkədə idmanın müxtəlif sahələrində uğurlu inkişaf aydın müşahidə olunurdu. Bu inkişaf şahmat yarışlarında da nəzərə çarpır, idmançılarımız geniş miqyasli uğurlara imza atmışlar. Şahmat oyunu həmçinin asudə vaxtı səmərəli keçirməyə, intellektual səviyyəni yüksəltməyə və artırmağa stimul verən idman növlərindəndir.

Şahmatı geniş təbliğ etmək və yaymaq, asudə vaxtı mənalı və səmərəli keçirmək məqsədi ilə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü geniş qeyd etmək üçün ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışının keçirilməsi haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi birgə sərəncam imzalayıblar.  Sərəncamda I - mərhələ mart ayının 10-dək ümumtəhsil məktəblərində, II - mərhələ aprel ayının10-dək şəhər və rayonlarda, III - mərhələ aprel ayının son ongünlüyündə Bakı şəhərində keçirilməsi nəzərdə tutulubdur.

Aprel ayının 8-də Yasamal Rayon Təhsil İşçiləri Azad Həmkarlar şöbəsi 53 №-li məktəbin şahmat sinfində rayon məktəblərinin müəllimləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə şahmat yarışı keçirmişdir. Yarışın başlanmasını açıq elan edən Təhsil İşçiləri Azad Həmkarlar Komitəsinin Yasamal rayon şöbəsinin sədri Elçin Həmidov Heydər Əliyev tərəfindən təhsil işçilərinə həmişə göstərilən qayğıdan, təhsilin inkişafında onun böyük rolundan danışdı. Yarış iştirakçılarına uğurlar arzulayaraq, məktəbin müdiriyyətinə yaratdığı şərait üçün təşəkkür etdi.

Maraqla keçən yarış 150 №-li məktəbin müəllimi Rafiq Qurbanovun qələbəsilə yekunlaşdı. II - yerə 53 №-li məktəbin nümayəndəsi Bəxtiyar Mirmövsümov, III - yerə 53 №-li məktəbin müəllimi Xudayat Əliyev layiq görüldü. Sonda qaliblərə qiymətli hədiyyələr verildi və xatirə şəkli çəkdirdilər.

Məmməd Muxtaroğlu.

 

 

 

Read 5940 times