XƏBƏR LENTİ

Cümə, 19 May 2017 10:35

Çingiz Hüseynzadə: IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının beşinci günündə medal qazanan idmançılarımızla “Zəfər günləri” çərçivəsində növbəti görüş mayın 18-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təşkil olunub.

AZƏRTAC xəbər verir ki, görüşdə MOK-un və müxtəlif idman federasiyalarının rəsmiləri, Milli Məclisin deputatları, qalib idmançılar və onların ailə üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarındakı qələbələrini əks etdirən filmin nümayişi ilə başlayıb. 

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək mayın 17-də Azərbaycan idmançılarının 9 qızıl medal qazandıqlarını və bununla qızıl medalların sayının 50-yə çatdığını bildirib. Atletlərimizin mübarizə ruhunun yüksək olduğunu vurğulayan Ç.Hüseynzadə deyib: “İdmançılarımızın bu uğuru Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılacaq. Yarışlarda əhalisinin sayı bizdən çox olan ölkələr təmsil edilirlər. Ancaq Azərbaycan bu ölkələr sırasında öndədir. Bu amil, eləcə də IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir”.

Azərbaycanın bir çox beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini diqqətə çatdıran Milli Məclisin deputatı Hadi Rəcəbli deyib ki, IV İslam Həmrəyliyi Oyunları da bunlardan biridir. Bu beynəlxalq idman yarışı Azərbaycanın dünyaya göndərdiyi sülh və həmrəylik mesajıdır. Bu, təsdiq edir ki, Azərbaycan əhalisi idmanı çox sevir.

MOK-un baş katibi Ağacan Abıyev isə Azərbaycanda mükəmməl idman infrastrukturunun yaradılmasından danışıb. O, Azərbaycanın Olimpiya hərəkatının inkişafına ən böyük töhfə verən ölkələrdən biri olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycana qələbə sevinci yaşadan idmançılarımıza MOK-un xüsusi hədiyyələri təqdim olunub. Medal qazanan idmançılar səhnədə quraşdırılmış xüsusi lövhəni imzalayıblar.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib.

Qeyd edək ki, MOK “Zəfər günləri” adlı xüsusi tədbirə mayın 14-də start verib. Mayın 23-dək hər gün MOK-da IV İslam Həmrəyliyi Oyunlarının azərbaycanlı qalibləri ilə görüşlər keçiriləcək.

 

 

 

AZƏRTAC

Read 11 times