XƏBƏR LENTİ

Cümə, 19 May 2017 10:25

IV İslam Həmrəyliyi Oyunlarında tarixə çevriləcək parlaq səhifələr yazılır

Azərbaycanda daha bir möhtəşəm idman tədbiri keçirilir. Müsəlman aləminin qəlbi bu gün odlar diyarı Azərbaycanla döyünür, IV İslam Həmrəyliyi Oyunları möhtəşəm bir bayram təntənəsinə çevrilmişdir.

Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Ölkəmiz dünyada artıq idman ölkəsi kimi tanınır. “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən digər amil məhz bu sahədə qazanılan zəngin təcrübədir.

Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir.

Mayın 12-də Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi oldu. 70 minə yaxın tamaşaçının qatıldığı oyunların açılış mərasimində Azərbaycan İslam aləminin, sülh və anlaşma ruhu ilə bir araya gələn 50-dən çox dövlətin nümayəndələrini qürurla və ürəkaçıqlığı ilə salamladı. Demək olar ki, bütün dünya mavi ekranlardan açılış mərasimində nəğməli, mavi Xəzər dənizindən başlayan maraqlı səhayəti izləməklə yanaşı, Azərbaycanın təbii gözəlliyi və böyük potensiala malik olduğunu, Cənubi Qafqazda lider ölkəyə çevrildiyini bir daha müşahidə etdi.

Mayın 12-də keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi yaratdığı ümumi atmosferə görə böyük alqış və hərarətlə qarşılandı. Belə ki, Bakı Olimpiya Stadionu öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkdi. Azərbaycanın əsrlər boyu formalaşmış mədəniyyətindən qaynaqlanan hekayətdə maraqlı bilik və ixtira səyahətinə çıxmış Mina adlı kiçik qız və onun hünərindən bəhs edilən videoçarx böyük maraq doğurdu. Muğam ustadı Alim Qasımovun minarənin zirvəsində azan oxuması və videoçarxın qəhrəmanı kiçik qız Minanın Heydər Məscidinə yollanması, əllərində fənər tutan yüzlərlə insanın da ona qovuşması unudulmaz mənzərələrin ortaya çıxmasına səbəb oldu.

Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, birinci xanım və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif əl-Osaymini və digər qonaqları sürəkli alqışlarla qarşıladılar.

Azərbaycan bayrağı dövlət himninin sədaları altında stadiona gətirildi. Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının hərbçiləri tərəfindən dirəyə qaldırıldı.

Bununla eyni vaxtda stadionda Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başladı.

Monitorlarda İslam Həmrəyliyi Oyunları münasibətilə Xəzərdən başlanan su səyahətini və Azərbaycanın romantik təbiətə malik müxtəlif yerlərindən suyun toplanması mərasimlərini əks etdirən kadrların göstərilməsi hamıda xoş ovqat yaratdı.

Azərbaycan belə möhtəşəm idman bayramına ev sahibliyi etməklə, İslamın sülh və ümid yeri olduğunu bir daha dünyaya nümayiş etdiridi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılış mərasimində çıxış edərək dedi: “Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur. Biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq”.

Mərasimdə Mehriban xanım Əliyeva həmçinin vurğuladı ki, ölkəmizin multikultural tarixi açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev oyunların əhəmiyyətinə toxunaraq bildirdi ki, bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyi və həmrəyliyi var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır.

Bir neçə gündür ki, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları davam edir.

Ölkəmiz üçün isə nəticələr uğurludur. Azərbaycan idmançılarının oyunlardakı möhtəşəm qələbəsi, xüsusilə qızıl medalların sayının çoxluğu bütün dünyadakı həmvətənlərimizi qat-qat sevindirir. Azərbaycan idman ölkəsinə çevrildiyini bir daha nümayiş etdirir. Fərəhlə qeyd etmək lazımdır ki, Azərbaycan islamiadanın üç günündə 33 qızıl, 23 gümüş və 12 bürünc medal qazanmışdır.

Azərbaycan idmançılarının IV İslam Həmrəyliyi Oyunlarındakı qələbə əzmi müqəddəs duyğulardan qaynaqlanmışdır. İnanırıq ki, ölkəmizin idmançıları uğurlu nəticələrə imza atacaq, Azərbaycanın idman tarixinə parlaq səhifələr yazılacaqdır.

Xudu RZAYEV,

“Minera” şirkətinin təsisçisi.  

Read 13 times