XƏBƏR LENTİ

Cümə axşamı, 18 May 2017 06:56

Milli Olimpiya Komitəsində qalib idmançılarla növbəti görüş

Mayın 17-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “Zəfər günləri” layihəsi çərçivəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının dördüncü yarış günündə medal qazanan idmançılarımızla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un İcraiyyə Komitəsinin üzvü Natiq Əliyev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, idmançılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə idmançılarımızın parlaq qələbələrini əks etdirən görüntülər nümayiş olunub.

Ç.Hüseynzadə çıxış edərək bildirib ki, dünən Azərbaycan idmançıları möhtəşəm çıxışları ilə parlaq qələbələr qazanıblar. İdmanın taekvando, üzgüçülük, güllə atıcılığı növlərində 13 medal qazanıldığını vurğulayan Ç.Hüseynzadə qalibləri təbrik edərək deyib: “Fərəhləndirici haldır ki, idmanın hər yeni növü üzrə yarışlarda atletlərimiz yüksək nəticələr göstərə bilirlər. Hələ yarışlar davam edir. İdmançılarımızın daha çox uğur qazanacağına əminik”.

Tədbirdə şərəf lövhəsinə imza atan idmançılara MOK-un hədiyyələri təqdim olunub.

MOK-un mayın 14-dən start verdiyi “Zəfər günləri” layihəsi mayın 23-dək davam edəcək.

 

 

 

 

AZƏRTAC

Read 15 times