XƏBƏR LENTİ

Çərşənbə, 17 May 2017 08:55

Milli Olimpiya Komitəsi “Bakı-2017”də medal qazanan idmançılarımızı mükafatlandırıb

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) mayın 16-da “Bakı-2017” İslam Həmrəyliyi Oyunları yarışlarının üçüncü günündə medal qazanan idmançılarımızla görüş təşkil edib.

AZƏRTAC xəbər verir ki, görüşdə idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarında qələbələri ilə bağlı MOK-un hazırladığı videoçarx nümayiş olunub.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Azərbaycan idmançılarının yarışlarda parlaq qələbələr qazandıqlarını və onların mübarizə ruhunun yüksək olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan idmançıları mayın 15-də bizim üçün ənənəvi olmayan idman növlərində 18 medal qazanıblar. Atletlərimiz xüsusilə üzgüçülük, bədii və idman gimnastikası üzrə yüksək nəticələr göstəriblər. Yarışların yüksək templə davam etdiyini söyləyən Ç.Hüseynzadə bundan sonra da idmançılarımızın medallar qazanacaqlarına əminliyini bildirib.

Sonra Azərbaycana qələbə sevinci yaşadan idmançılarımıza MOK-un xüsusi hədiyyələri təqdim olunub. Medalçılar səhnədə quraşdırılmış lövhəyə imza atıblar. “Zəfər günləri” incəsənət ustalarının konsert proqramı ilə davam edib.

Qeyd edək ki, MOK “Zəfər günləri” adlı xüsusi tədbirə mayın 14-də start verib. Mayın 23-dək hər gün komitənin yerləşdiyi binanın qapıları IV İslam Həmrəyliyi Oyunlarının azərbaycanlı qalibləri ilə görüşmək istəyən və “Bakı-2017” kimi tarixi hadisəni daha yaxından izləməyə can atan insanların üzünə açıq olacaq.

 

 

 

AZƏRTAC

Read 22 times