XƏBƏR LENTİ

Çərşənbə, 17 May 2017 08:54

IV İslam Həmrəyliyi Oyunları dünyanı sülhə, humanizmə, ədalətə səsləyir

Paytaxtımız Bakıda növbəti böyük idman tədbiri uğurla davam edir. Bu günlərdə Bakı arenalarında İslam dünyasını təmsil edən idmançılar müxtəlif idman növləri üzrə mübarizə  aparırlar. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Bu onu göstərir ki,  müstəqil Azərbaycan müxtəlif beynəlxalq tədbirləri, o cümlədən idman turnirlərini yüksək səviyyədə təşkil edir və bu sahədə zəngin təcrübə toplaya bilib.

Siyasi elmlər doktoru, professor Fikrət Sadıqov öz fikirlərini açıqlayaraq bildirdi ki, müasir demokratik bir ölkə olan, beynəlxalq münasibətlər sistemində fəal rol oynayan Azərbaycan İslam ölkələri ilə  beynəlxalq münasibətlər sistemində fəal rol oynamaqla  İslam ölkələri ilə qarşılıqlı və faydalı əlaqələri son illər daha da genişləndirib. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İSESCO-nun, müsəlman ölkələrini birləşdirən digər təşkilatların üzvü olan Azərbaycan həmişə İslam həmrəyliyinə mühüm töhfələrini verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması da İslam Həmrəyliyinin bərqərar olmasında Azərbaycanın mövqeyinin güclənməsinə yönəlib. Eyni zamanda Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi İslam ölkələri arasında birliyin və həmrəyliyin möhkəmlənməsi kimi vacib bir məqsədə xidmət edir.

IV islam Həmrəyliyi oyunlarına təkcə idman yarışması kimi baxmaq olmaz, burada iqtisadi, sosial, siyasi münasibətlərimiz möhkəmlənir. Azərbaycan bu addımı atmaqla İslam ölkələrini birliyə, həmrəyliyə yaxınlaşdırmağa çalışır və sülh, humanizm, ədalət, həmrəylik prinsiplərini əsas götürür və bu istiqamətdə işlərin qurulmasının tərəfdaşı kimi çıxış edir.

Yenə də I Avropa Oyunlarında olduğu kimi, bu dəfə də tədbirin yüksək səviyyədə keçirilməsinə əminlik yaranır. IV İslam Həmrəyliyi oyunları idmançıların bir araya gəlməsi Avropada və digər məkanlarda süni  yaradılan antiislam əhval-ruhiyyəsini dəyişmək missiyasını daşıyır.

Beynəlxalq idman tədbirindən öncə Azərbaycan Prezidentinin sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli”  elan olunub. Bu da, öz  növbəsində, keçiriləcək oyunların əhəmiyyətini daha da gücləndirir. Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın aprelin 21-də hazırlıqlarla bağlı yekun iclasında  bildirdiyi fikirlər də göstərir ki, bu oyunlar adi bir idman oyunu deyil, idman yarışması deyil. Bu oyunlar həm böyük idman bayramına çevriləcək, həm də müsəlman aləmində dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək. Əminliklə demək olar ki, IV İslam Həmrəyliyi Oyunları  Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva bu etimadı da şərəflə doğruldacaq.

Məhəmməd VƏLİYEV,

“Respublika”.

Read 19 times