XƏBƏR LENTİ

Çərşənbə, 17 May 2017 08:54

Oyunlar “Gücümüz həmrəylikdədir” devizi altında keçirilir

Mayın 12-dən Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə start verilmişdir. Bu gün bütün İslam ölkələrinin nəbzi Azərbaycanla döyünür.

IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva demişdir: “Oyunların ölkəmizdə uğurla keçməsinə tam şəkildə hazırıq. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin şanlı tarixində növbəti mühüm nailiyyət əldə edə biləcəyik”.

Oyunlara ev sahibliyi etmək ölkəmiz üçün böyük şərəfdir. IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan bütün İslam aləmini qəbul edir. Oyunlarda dörd qitədən gəlmiş minlərlə idmançı və çoxsaylı qonaqlar iştirak edir.

Vurğulamaq lazımdır ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir. İdmana yatırılan böyük sərmayə dünya səviyyəsində bacarıqları mənimsəməklə, qurğuları və infrastrukturları yaratmaqla gələcək üçün böyük irsi təmin etdi.

Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi İslam aləmini bir araya gətirdi. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur. Ölkəmiz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik bir diyardır. Ötən il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd etdi. Ölkəmizin multikultural tarixi açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsidir. Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini bölüşməkdən fərəhlənirik.

2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. İdmanın qüdrəti xalqımızı İslamın dostluq, sülh, tolerantlıq və mərhəmət ruhu altında bir araya gətirib.

Mayın 12-də keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılışı mərasimi yaratdığı ümumi atmosferə görə böyük alqış və diqqətlə qarşılandı.

Mayın 12-də Bakı Olimpiya stadionu mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrildi. Yüksək ustalıqla hazırlanmış dekorasiyalar və səhnə kompozisiyalarının quruluşu və təqdimatı tamaşaçı rəğbətinə səbəb oldu.

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində demişdir: “İslam aləminin idmançıları, sizi burada qonağımız kimi görmək olduqca sevindiricidir. Bütün Azərbaycan sizinlədir və sizə böyük uğurlar arzulayırıq. Bu, sizin oyunlarınızdır. Gələn on gün ərzində ölkəmiz sizin eviniz olacaq. Azərbaycan iki il öncə birinci Avropa oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazdı. İndi isə biz dörd qitənin İslam dünyasının insanlarını Bakıda—IV İslam Həmrəyliyi Oyunlarında birləşdiririk”.

Azərbaycan idmançıları IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlamışdır. İdmanın bütün növlərində təmsilçilərimiz uğurlu nəticələrə imza atırlar. Qürurla vurğulamaq olar ki, üç gün ərzində Azərbaycanın peşəkar idmançıları 68 medal qazanmağa müvəffəq olmuşlar. Medallardan 33-ü qızıldır.

 

İradə HÜSEYNOVA,

Nərimanov rayonundakı

304 nömrəli məktəbin

direktoru.

Read 9 times