XƏBƏR LENTİ

Çərşənbə, 17 May 2017 08:53

IV İslam Həmrəyliyi Oyunları böyük beynəlxalq siyasi, mədəni və ictimai hadisədir

 

 

 

Dövlət başçısı deyib: “Biz İslam dininə qarşı aparılan kampaniyanı və əsassız ittihamları rədd edirik. İslam dini dostluq dinidir”

Əsrlərdir İslam dünyasına, mənəviyyatına, varlığına düşmənçilik səngimir və hər bir dövrdə müxtəlif qanlı-qadalı hadisələr dözülməz insan faciələri ilə tarixdə iz qoyur. Dünyaya, insanlığa elm, mədəniyyət, intibah gətirmiş bu bəşəri dinə qarşı atılmamış böhtan və iradlar qalmadı. XX əsrin sonları və XXI əsrin əvvəllərindən başlayaraq bu prosesə yeni, daha dəhşətli impuls verildi. Orta əsrlərdə zəngin Şərqə göz dikmiş Qərb dünyasının böyük siyasi gücləri o zaman din adı ilə başladıqları “səlib yürüşü”nə yeni - “demokratiya”, “ərəb baharı”, “narıncı inqilab” donları geyindirərərək hərəkətə keçdilər. Bu gün artıq İslam adı ilə yaradılan terror təşkilatlarının əsl mahiyyəti, məqsədi və idarəetmə mexanizmi də aşkardır. Hazırkı total terror hücumu demək olar ki, bütün müsəlman dünyasına qarşı yönəlib. Bu geniş cəbhəli hücuma qarşı ilk növbədə İslam aləmində həmrəylik, birlik və qardaşlıq münasibətləri bərqərar olmalıdır. Azərbaycan rəhbərliyinin bu yöndə siyasəti müsəlman ictimaiyyəti və İslam Əməkdaşlıq Təşkilatında da çox yüksək dəyərləndirilir. Beləliklə, dünya siyasi arenasında Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması Qərb dünyasında “Stop İslam” deyənlərə, irqçiliyi yayanlara, islamofobiya müəlliflərinə, tərəfdarlarına çox kəskin bir cavabdır.

Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin multukulturalizmə töhfə olduğu və bəşər övladının dinindən, irqindən asılı olmayaraq qardaş və bərabər olduğunu nümayiş etdirən bir ictimai-siyasi mesajdır desək səhv etmərik. Göründüyü kimi, bu Oyunlar müasir dünyamızda dünya qitələrindəki müxtəlif dövlətlərdə çox gərgin, narahatdoğurucu güclü sosial-siyasi kataklizmlər, son dövrlərdə müsəlmanların yaşadıqları ölkə və bölgələrdə bu prosesin daha da genişlənməsi və hətta kütləvi faciəvi aksiya, hətta soyqırımlarla müşayiət olunması fonunda nəinki sosial, həm də son dərəcə mühüm siyasi mahiyyətli tədbirdir.
Hazırda dünyanın inkişaf etmiş, demokratiyanın yüksək səviyyəsindən bəhs edən ölkələrində belə, milli-dini dözümsüzlüyün, irqçilik, millətçilik hallarına yol verilməsinin və güclənməsinin şahidi oluruq. Bu günlərdə özünü demokrariyanınn beşiyi adlandıran Fransada keçirilən prezident seçkiləri Avropada sağçılığın yüksəlişinin aşkar aynası idi desək səhv etmərik, belə ki, ifrat sağçı, irqçi Milli Cəbhə Partiyasının lideri, 48 yaşlı Marin Le Penə 7 milyon səs verilmiş və o ikinci tura keçmişdi. Avropada demokratik dəyərlərdən çox danışan ölkələrdən biri də Niderlanddır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu və Ailə və Sosial siyasət naziri Fatma Bətül Sayan Kayanın diplomatik normalara uyğun olmayan qaydada Niderlandda arzuedilməz şəxs elan edilməsi həmin yanaşımlardan qaynaqlanır. Türkiyədə Konstitusiyada dəyişikliklər aparılması üçün referendum keçirilməsi ərəfəsində Avropada bu prosesi əngəlləmə üçün baş vurulan hərəkətlər olduqca diqqətçəkicidir. Bu proses ölkənin öz daxili işi olduğu halda Avropada yaşayan və işləyən türklərin mitinqinə Türkiyədən rəsmilərin qatılmasına dövlət səviyyəsində beynəlxalq hüquq normalarına zidd olaraq mane törədilməsi anlaşılmazdır. Bundan başqa, türk icmasının sərbəst toplaşma və öz fikirlərini azad ifadə etmələrinə qərəzkarlıqla yanaşılma və gücdən istifadə edilməklə dağıdılma daim demokratiyadan və insan hüquqlarından danışan, başqa dövlətlərə irad tutan Niderland kimi ölkələrdə islamafobiyanın və Qərbin “nümunəvi demokratiyası”nın əsl simasının və pərdəarxası məqsədinin göstəricisidir. Qeyd etmək lazımdır ki, Avropanın sağ qüvvələri, həmçinin Fransada ikinci tura vəsiqə almış ifrat sağçı Le Pen Niderlandın bu diplomatik anomaliyasına tərəfdar çıxmışlar. Vurğulamaq lazımdır ki, Azərbaycan Xarici İşlər Nazirliyi Niderlandın diplomatik etik normalara sığmayan bu davranışlara görə sərt bəyanat vermişdir. Sənəddə qeyd edilmişdir ki, “Bütün bunlar hazırda Avropada yayılmaqda olan islamafobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyillərin aradan qaldırılmasına, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq ediməsinə xüsusi ehtiyac olduğunu bir daha təsdiq edir”.
Qərbdə və dünyanın hər hansı bir ölkəsində baş verən bu bəşəri fəlakətə zəmin olan müxtəlif fobiyaların, milli-dini ayrı-seçkiliyin mövcudluğu və bir çox hallarda rəsmi səviyyədə belə təqdir olunması, qarşısının alınmaması, bu prosesə dair məlumatların, hadisələrin və proseslərin informasiya texnologiyalarının, internetin, rabitə texnikasının sürətli inkişafı şəraitində saniyələr ərzində dünyaya yayılması bu gün müsəlmanların və digərlərinin kütləvi faciələrinə, soyqırıma uğramalarına güclü katalizator olduğunu deyə bilərik. Bundan başqa, xüsusən Qərb istehsalı olan filmlərdə və digər təbliğati xarakterli vasitələrdə terrorçuların “radikal islamçılara” aid edilməsi, rəsmi çıxışlarda belə bu təzahürlərin getdikcə artması və dəstəklənməsi də reallıqdır. İslamafobiyadan başqa, hazırda müsəlman ölkələrində baş verən siyasi-sosial proseslərdə İslam adı altında İslam yolundan və əxlaqından uzaq, Qurani-Kərimdə göstərilən normalara və əxlaqa uyğun gəlməyən təbliğ, əməl və geniş ərazilərdə terrorla rastlaşırıq və bu qüvvələrin Qərbdən dəstək aldıqlarını da KİV-dən oxuyuruq, görürük. Beləliklə, Azərbaycan rəhbərliyinin İslamın dostluq və birgəyaşayış dini olmasını daim bəyan etməsi, bu istiqamətdə səylərini davamlı surətdə gücləndirməsinin planetar əhəmiyyətini dərk edə bilərik. Bu yaxınlarda dövlət başçısının “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 37-ci cildi çapdan çıxıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu cilddə dərc olunmuş Təzəpir məscid kompleksinin əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra istifadəyə verilməsi mərasimindəki nitqində antiislam təbliğatının qəsdən aparıldığı barədə deyilir: “Əfsuslar olsun ki, bəzi hallarda İslam dini haqqında qəsdən yalan məlumatlar yayılır, islamofobiya siyasəti aparılır. Bu gün dünyada dinlərarası dialoqdan çox danışılır və buna böyük ehtiyac vardır. Ancaq bəzi hallarda dini ayrı-seçkilik meyilləri də görünür. Biz İslam dininə qarşı aparılan kampaniyanı və əsassız ittihamları rədd edirik. İslam dini dostluq dinidir. İslam dövlətləri arasında çox geniş mənada əməkdaşlığa və dostluğa ehtiyac var”.
Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını qeyd edən Prezident vurğulayıb ki, ölkəmizdə heç vaxt milli və dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq, İslam dini dostluq dinidir. Beləliklə dünyaya daha bir tolerantlığın təşviqi nümunəsi olan IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi sülhə və əməkdaşlığa mühüm bir təşəbbüsdür. Oyunlarıda indiyədək görünməmiş - maksimal sayda üzv dövlətlər iştirak edir. 54 dövlətdən 3 mindən çox idmançı 23 idman növündə yarışırlar. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmamışdır. İdmançılar və qonaqlar üçün yüksək səviyyəli, hər cür şərait yaradılıb. 165 idman yarışmasına 500 min bilet satışa çıxarılıb. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçı izləyəcək. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar, Oyunların sonunda 1600 medalın təqdim edilməsi nəzərdə tutulub. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılır.
Bu il aprelin 21-də yarışərəfəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu Oyunların dünyada və İslam aləmində mühüm əhəmiyyət kəsb etdiyi barədə deyib: “Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Azərbaycan bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur və bu sahədə böyük uğurlara nail olub. Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Din özü-üzlüyündə terroru rədd edən amildir və İslam dini sülh, mərhəmət dinidir. Hesab edirəm ki, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir”.
Bu gün Əfqanıstandan Yaxın Şərqədək axan günahsız insan qanları, əqidə yanlışlığı əsasında insanların burada döyüşü kimi müharibəyə, terrora cəlb olunması Azərbaycan rəhbərliyinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının bəşəri əhəmiyyətini, vəhdətləşərək birgə mübarizənin mühümlüyünü təcili çağırış kimi əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş nitqində İslam əleyhinə olan çağırış, təhdid, təhlükə, ayrı-seçkiliyə, nifrət və fəaliyyətə qarşı qətiyyətlə çıxış etmiş, formalaşdırılan bu ictimai rəyin və hərəkətin bəşəriyyət üçün böyük təhlükə olduğunu, IV İslam Həmrəyliyi Oyunlarının bu hallara qarşı cavab xarakteri daşıdığını vurğulamışdır: “Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb”.
Beləliklə, bu Oyunlar müstəqilliyimizin, öz milli, İslam dəyərlərinə sadiqliyimizin və həmçinin müasir ölkə olduğumuzun, dövlətimizin dünyaya birlik və bərabərliyin, dostluğun və əməkdaşlığın təşviqinin göstəricisidir.
Ataş CƏBRAYILOV,
“Respublika”.

 

 

 

Read 18 times