XƏBƏR LENTİ

Çərşənbə axşamı, 16 May 2017 13:34

BAKU-2017

İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən Bakıda ziyafət təşkil olunub

Mayın 14-də Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ziyafət təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmana göstərilən dövlət qayğısından və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb.

Azərbaycanın irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən vitse-prezident deyib: “İki gün əvvəl hamımız IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasiminin şahidi olduq. Möhtəşəm açılış mərasimi peşəkar komanda işinin nəticəsi idi. Yüksək təşkilatçılığa görə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”.

Azərbaycanın zəngin tarixi və mədəniyyəti barədə məlumat verən Çingiz Hüseynzadə ölkəmizin iki il əvvəl ilk Avropa Oyunlarına ev sahibliyi etməsindən danışıb və bu mötəbər yarışın standartlarının respublikamızda müəyyənləşdiyini diqqətə çatdırıb.

Dəvəti qəbul edib ziyafətə qatıldığı üçün hamıya minnətdarlığını bildirən İHİF-in baş katibi Faisal Abdulaziz Al-Nassar Azərbaycanın növbəti uğura imza atdığını bildirib və federasiya prezidentinin salamlarını tədbir iştirakçılarına çatdırıb.

Qeyd edib ki, gözoxşayan açılış mərasimi ilə Azərbaycan İslam Həmrəyliyi Oyunları tarixində silinməz iz qoydu. Açılış mərasimi dünya mətbuatının diqqətində oldu və hamı tərəfindən yüksək qiymətləndirildi. “Bu, bizi çox sevindirir. Əldə olunan bu uğura görə, Azərbaycan Prezidenti İlham Əliyev və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlığımı bildirirəm”, - deyə baş katib vurğulayıb.

İslam Həmrəyliyi Oyunlarının özündə dostluğu və sülhü birləşdirdiyini vurğulayan İHİF-in baş katibi ölkəmizin zəngin adət-ənənəyə, yüksək qonaqpərvərliyə malik olduğunu və qonaqların Azərbaycandan xoş təəssüratlarla ayrılacağını diqqətə çatdırıb.

Sonra İHİF-in fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Ziyafət İslam Həmrəyliyi İdman Federasiyasının, Azərbaycan Milli Olimpiya Komitəsinin və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.

 

 

 

Azərbaycanın “Zəfər günləri” davam edir

“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının qalibləri və mükafatçıları olan idmançılarımızın şərəfinə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən təşkil olunan “Zəfər günləri” adlı xüsusi tədbir davam edir.

AZƏRTAC xəbər verir ki, mayın 15-də də MOK-un binasının qapıları IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlara sevinən, qaliblərlə görüşmək istəyən və “Bakı-2017” kimi tarixi hadisənin şahidi olmağa can atan insanların üzünə açılıb.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, idmançılarımız mayın 14-də komanda idman növlərində də uğurlar qazanıblar. Azərbaycanın qızlardan ibarət həndbol komandası yarışların ikinci günündə öz parlaq qələbəsi ilə tarix yazıb.

Qalibləri təbrik edən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, idmançılarımız hər bir idman növündə uğurlar qazanıblar. Olimpiadaçılarımızın, paralimpiyaçılarımızın yarışlarda komanda şəklində çıxış etmələri isə sevindirici haldır. O, sonrakı günlərdə də atletlərimizin qələbə qazanacaqlarına, Azərbaycan bayrağını yüksəklərə qaldıracaqlarına inamını ifadə edib.

Azərbaycana qələbə sevinci yaşadan idmançılarımıza MOK-un xüsusi hədiyyələri təqdim olunub.

Proqrama uyğun olaraq, medalçılar xüsusi quraşdırılmış stendə öz ürək sözlərini yazıblar.

“Zəfər günləri” incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, “Zəfər günləri” Oyunların keçiriləcəyi hər gün təşkil olunacaq.

 

 

“ASAN Viza” sistemi qrup vizası xidmətini təklif edir

Mayın 15-dən etibarən “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edəcək. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanından istifadə etməklə və bir ödəniş əməliyyatı həyata keçirməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

AZƏRTAC xəbər verir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində elektron vizanı əldə etmək mümkündür.

Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən ölkənin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün rəsmiləşdirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu “ASAN Viza” sistemi 2017-ci il yanvarın 10-dan etibarən fəaliyyətə başlayıb.

 

 

İran idmançısı: Bakıda İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçirilir

İlk dəfədir ki, beynəlxalq dərəcəli yarışda iştirak edirəm və gümüş medal qazandığım üçün çox xoşbəxtəm.

Bu sözləri yerli mətbuata müsahibəsində İranı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən Haniyə Rüsəmian deyib.

H.Rüsəmian 25 metr məsafədən pnevmatik tapançadan atıcılıq növündə gümüş medal mükafatçısı olub. O bildirib ki, yarışlar yüksək səviyyədə keçirilir. Bakıda idmançılara qayğı ilə yanaşırlar.

Bakının çox gözəl şəhər olduğunu vurğulayan iranlı atlet burada idmanın inkişafı üçün yaxşı şərait yaradıldığını diqqətə çatdırıb.

 

 

Fələstin yığmasının məşqçisi: İslamiada müxtəlif voleybol komandalarının təcrübə mübadiləsi üçün yaxşı şansdır

Türkmənistanın kişilərdən ibarət voleybol yığması Fələstin komandasını 3:0 hesabı ilə məğlub edərək, İslamiadada ikinci qələbəsini qazanıb.

Oyundan sonra Fələstin komandasının məşqçisi Al-Talahmeh Muneyer AZƏRTAC-a müsahibəsində bildirib ki, komanda cəmi bir neçə saat əvvəl təyyarədən edib. O deyib: “Yığmamız İordaniyadan uzun sürən uçuşdan sonra yeni şəraitə uyğunlaşmağa macal tapmayıb. Bu da Türkmənistan yığması ilə matça təsir göstərib. Fələstin komandası özünü yaxşı tərəfdən göstərməyə çalışıb. Ümidvarıq ki, növbəti matçlarda yaxşı oyun nümayiş etdirəcək və azarkeşlərimizi qələbə ilə sevindirəcəyik”.

Al-Talahmeh Muneyer qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil edilib. İslamiada komandaların təcrübə toplaması və öz gücünü sınaması üçün yaxşı şansdır. O deyib: “İslam Həmrəyliyi Oyunlarında iştirak etmək və indiyə qədər turnirlərdə qarşılaşmadığımız komandalarla oynamaq Fələstin yığması üçün də yaxşı şansdır. Azərbaycan, Türkiyə və Türkmənistan komandaları ilə oynamaq gələcəkdə bizim üçün faydalı təcrübə olacaq”.

 

 

Azərbaycanın bədii gimnastları İslamiadada yeddi medal qazanıblar

Mayın 14-də Milli Gimnastika Arenasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika üzrə fərdi yarışları başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışlar dörd hərəkət üzrə (lent, gürzlər, top, halqa) keçirilib.

Azərbaycan gimnastları ümumi hesabda yeddi medal qazanıblar. Belə ki, Marina Durundanın aktivində iki qızıl, bir gümüş və bir bürünc medal var. Jalə Piriyeva isə bir qızıl, bir gümüş və bir bürünc medala sahib olub.

Halqa ilə hərəkətlər üzrə fərdi yarışlarda 17.600 xal toplayan M.Durunda çempion olub. Digər idmançımız Jalə Piriyeva isə 16.050 xalla üçüncü yeri tutub. Gümüş medalı isə 16.450 xalla özbəkistanlı Anastasiya Serdyukova qazanıb.

Jalə Piriyeva topla hərəkətlər üzrə fərdi yarışlarda bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub. O, 17.550 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər gimnastımız Marina Durunda isə 15.800 xalla bürünc medalla kifayətlənib. İkinci yeri isə Özbəkistan gimnastı Anastasiya Serdyukova (16.950 xal) tutub.

Gimnastımız Marina Durunda gürzlərlə yarışda 16.550 xalla gümüş medal əldə edib. Yarışda fəxri kürsünün ən yüksək pilləsinə Özbəkistan gimnastı Anastasiya Serdyukova qalxıb. O, 16.900 xal toplayıb. Üçüncü yeri isə onun həmyerlisi Sabina Taşkenbayeva (16.300 xal) tutub.

Marina Durunda lentlə yarışda 15.450 xalla qızıl medala layiq görülüb. İkinci yeri də Azərbaycan gimnastı tutub. Jalə Piriyeva eyni xalla gümüş medala sahib olub. Bürünc medalı isə Özbəkistan gimnastı Sabina Taşkenbayeva (14.950 xal) qazanıb.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi olub. Medalları qaliblərə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinatri Vatanabe təqdim ediblər.

Xatırladaq ki, Azərbaycan gimnastları ötən gün keçirilən komanda yarışlarında da qızıl medala layiq görülüblər.

Qeyd edək ki, həm dünya, həm İslam aləmi üçün önəmli olan bu Oyunların proqramına ilk dəfə olaraq gimnastika idman növü də daxil edilib.

 

 

İslam dünyasının birlik, həmrəylik bayramı

Artıq bir neçə gündür ki, paytaxt Bakıda müsəlman aləminin həmrəyliyi, birliyi istiqamətində atılan mühüm addımlardan biri olan, bütün İslam dünyasını özündə birləşdirən möhtəşəm IV İslam Həmrəyliyi Oyunları keçirilir.

Multikulturalizmi, milliliyi, müasirliyi, bütövlükdə İslam dəyərlərini hər zaman yüksək tutan, onu xalqın mədəniyyətində, adət-ənənələrində yaşadan Bakı yenə dünyaya səs salıb. Birlik, sülh, hörmət, mükəmməllik dəyərləri üzərində qurulan, “Gücümüz həmrəylikdədir” devizi altında keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyanın hər yerində böyük maraqla qarşılanır. Bu gün dünyanın 54 ölkəsini qürurla, açıq ürəklə qarşılayan Azərbaycan özünü tolerantlığın həyat normasına çevrildiyi, milli-mənəvi dəyərlərə böyük önəm verildiyi unikal ölkə kimi tanıdır, bütün dünyaya sülhsevərliyini nümayiş etdirir.

2013-cü il iyulun 27-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinə 57 İslam ölkəsinin yekdilliklə səs verməsi bir daha Odlar Yurdu Azərbaycanın sülhməramlı, xoşniyyətli ölkə kimi tanınmasının sübutudur.

54 müsəlman dövlətinin 3 mindən çox atletinin 22 idman növü üzrə apardığı mübarizədə qazanılan nailiyyət, uğur hər bir idmançının, onun təmsil etdiyi dövlətin, ən başlıcası isə İslam dünyasının birlik, həmrəylik bayramıdır. Bu mötəbər yarışların bütün növlərində iştirak edən idmançılarımız dünyada idman ölkəsi kimi tanınan ölkəmizin tarixinə yeni nailiyyətlər, qələbələr yazırlar.

İlk yarış günündə 9 medal qazanan cüdoçularımız ölkəmizin şöhrətini yüksəklərə qaldıraraq zirvələrə doğru inamla irəliləyirlər. Azərbaycan, Banqladeş, Kamerun, Misir, İndoneziya, İran, İraq, Səudiyyə Ərəbistanı, Mərakeş, Malayziya, Pakistan, Fələstin, Suriya, Tacikistan, Türkmənistan, Tunis, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda və Özbəkistandan 130 atletin qatıldığı ağır atletika yarışları böyük ruh yuksəkliyi ilə davam edir, idmançılarımız mübarizə əzmi ilə yarışırlar. Belə ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının üçüncü günündə ölkəmiz daha bir qələbəyə imza atdı. 69 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində azərbaycanlı atlet Anastasiya İbrahimli 5 rekord yeniləyərək qızıl medal qazandı. O, birdən qaldırma hərəkətində 100 kiloqramı ram edib. Təkanla qaldırmada isə 119 kiloqramı başı üzərinə qaldıran atletimiz toplamda 219 kiloqramlıq nəticə göstərərək bu çəki dərəcəsində qizil medalı millimizin aktivinə yazıb. Anastasiya İbrahimli İslam Həmrəyliyi Oyunları tarixində bu çəki dərəcəsində birdən qaldırma üzrə 1, təkanla qaldırmada 2, toplamda isə 2 olmaqla ümumilikdə 5 rekordu yeniləyib. Yarışda 63 kiloqram çəki dərəcəsində çıxış edən Elnarə Abbasova isə bürünc medala layiq görülüb.

Hər zaman böyük maraqla izlənən idman növlərindən olan karate üzrə idmançılarımız da oyunların ilk günündə 2 qızıl, 1 gümüş, 2 bürünc medal sahibi olmuşlar.

Paracüdoçularımız da beynəlxalq yarışlarda uğurlarını artırır, qələbəyə doğru inamla irəliləyirlər.

Dünyanın ən böyük arenalarından biri olan Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda “Bakı-2017”nin, eyni zamanda Azərbaycan Milli Komandasının ilk qızıl medalçısı müəyyənləşdi.

Özbəkistan, Kamerun və Türkiyə yığmalarına qalib gələrək yarımfinala yüksələn qadın həndbolçularımız da şanlı idman tariximizə öz qələbələrini yazırlar.

İslam dünyasını birləşdirən maraqlı və çoxnövlü idman tədbiri olan “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında müsəlman ölkələrini təmsil edən idmançılar 10 yarış günü ərzində atletika və para-atletika, su idmanı növləri, basketbol 3x3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando, ağır atletika üzrə 16 müasir idman qurğusunda keçiriləcək yarışlarda mübarizə aparırlar.

Əminliklə demək olar ki, qazanılan qələbələrin sayından, dərəcəsindən asılı olmayaraq idman yarışından daha çox idman bayramına çevrilən IV İslam Həmrəyliyi Oyunları bütün müsəlman ölkələri arasında münasibətləri, xüsusilə də mədəni əlaqələrini daha da möhkəmləndirəcək.

 

 

Sərhədçi idmançılar Azərbaycan yığma komandasına qızıl medallar qazandırdılar

IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun, inkişaf səviyyəsinin, xüsusilə iqtisadi imkanlarının göstəricisidir. Bu mötəbər oyunların keçirilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı, Azərbaycanda Olimpiya hərəkatına verdiyi dəstək sayəsində mümkün olmuşdur.

Dövlət Sərhəd Xidməti də ölkəmizin idman həyatında yaxından iştirak edir. 2009-cu ilin avqust ayının 31-də açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi ən yuksək standartlara cavab verən “Sərhədçi” İdman Olimpiya Mərkəzinin istifadəyə verilməsi Respublikamızda, o cümlədən Dövlət Sərhəd Xidmətində idmanın inkişafına yeni bir təkan olmuşdur.

Ölkəmizdə böyük təntənə ilə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qazandıqları qələbələrə bütün xalqımız kimi, Azərbaycan Respublikasının dövlət sərhədlərini mühafizə edən qəhrəman sərhədçilər də ürəkdən sevinirlər. Bu günlərdə sərhəd təhlükəsizliyinin təmin olunmasının nə qədər əhəmiyyətli olduğunu dərk edən sərhədçilərimiz ikiqat məsuliyyətlə xidmət aparır, sərhədlərimizdə sabitliyin və əmin-amanlığın keşiyində ayıq-sayıq dayanırlar. Xüsusilə sərhədçi idmançıların uğurlu çıxışı bütün sərhədçiləri ruhlandırır, onların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərir.

Ölkə idmanına daima öz layiqli töhfələrini verən sərhədçi idmançılar IV İslam Həmrəyliyi Oyunlarına da qələbələrlə başlamışlar. Azərbaycan yığma komandasının tərkibində oyunlara qatılan “Sərhədçi” idman klubunun üzvləri artıq 3 qızıl medal qazanmışlar. Belə ki, mayın 13-də cüdo yarışlarında 66 kiloqramda çıxış edən baş leytenant Nicat Şıxəlizadə Əlcəzair idmançısı Houd Zourdani üzərində təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdur. Karate yarışlarında 61 kiloqramda mübarizə aparan leytenant Fəridə Abıyeva finalda İran idmançısı Rozita Əlipurkaşkalesadiyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. 70 kiloqramda yarışan paracüdoçumuz gizir Ramilə Kaştayeva digər idmançımız Turanə Ağayeva üzərində qələbə qazanaraq Azərbaycan yığmasına növbəti qızıl medalı qazandırmışdır.

“Sərhədçi” idman klubunun oyunlarda iştirak edən digər üzvlərindən də parlaq qələbə xəbərləri gözləyirik. 

 

 

 

Read 44 times