XƏBƏR LENTİ

Cümə, 30 Dekabr 2016 10:01

Ölkəmizdə idmanın bütün növlərinə diqqət və qayğı göstərilir

XIX Açıq Respublika Çempionatı gərgin idman mübarizəsi şəraitində keçdi

 

Dekabrın 25-də Azərbaycan Qocyuru Okinava Karatedo və Kabudo Növləri Federasiyası (AQOKKNF) Hövsan qəsəbəsindəki Olimpiya Kompleksinin böyük idman zalında 19-cu Açıq Respublika Çempionatı keçirdi. Yarışlarda respublikamızın 21 bölgəsindən və Bakı şəhərinin rayonlarından müxtəlif yaş qruplarından olan 250 idmançı iştirak edirdi. Çempionatı giriş sözü ilə açan federasiyanın prezidenti, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış idman ustası Tarverdi Allahverdiyev bildirdi ki, dövlətimiz tərəfindən idmanın bu növünə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu sahəyə həvəs göstərən gənclərin sayı ildən-ilə artır. Artıq respublikamızın bölgələrinin əksəriyyətində federasiyanın şöbələri yaradılıb və təcrübəli məşqçilər, idmançılarla mütəmadi məşqlər keçirilir. Daha sonra Tarverdi Allahverdiyev çempionatı açıq elan etdi və yarışlarda iştirak edən komandaların idmançılarına uğurlar arzuladı.

Müxtəlif növlər üzrə keçirilən yarışda 7-20 yaş qruplarından olan idmançılardan Hüseyn Abbasov, Rəvan Ənvərli, Fərid Abbasov, Ömər Hüseynov, Ülvi Osmanov, Yusif Əhmədov, Həsən Davudzadə, Yusif Dadaşov, Məhəmməd Allahverdiyev, Pərviz Hüseynov gərgin mübarizədə 1-ci və 2-ci yerləri paylaşdılar.

Federasiyanın mətbuat xidmətinin rəhbəri Fərid Əzizov söhbət zamanı bildirdi ki, çempionatda respublikamızın Şəki, Qəbələ, Füzuli, İsmayıllı, Şirvan, Hacıqabul, Qobustan, Saatlı və digər rayonlardan olan idmançılar mübarizəyə qatılıblar. Həmin komandalarda xeyli təcrübəli idmançılar yetişir. Açıq çempionatda iştirak edən idmançıların ən balacasının 7, ən böyüyünün isə 63 yaşı var.

Yeri gəlmişkən, onu da qeyd edək ki, çempionatın təşkilat komitəsi, məşqçilər korpusu, yarışları idarə edən hakimlər idmançıların hər bir çıxışını obyektiv və düzgün qiymətləndirirdilər. Zala toplaşan yüzlərlə azarkeş, çempionatın lazımi səviyyədə keçirilməsinə və yaxşı təşkilinə görə təşkilatçılara razılıqlarını bildirdilər. Yarışların sonunda çempionatın qaliblərinə medallar, diplomlar və qiymətli hədiyyələr verildi.

Bildirildi ki, 35 nəfərdən ibarət Azərbaycan komanda dekabrın 2-6 tarixlərində Rusiyanın Pyatiqorsk şəhərində keçirilən dünya çempionatında iştirak edib və 7 qızıl, 5 gümüş, 5 bürünc medalla ölkəmizə qayıdıb. İdmançıların bu nailiyyətləri qazanmasında federasiyanın rəhbərliyinin və məşqçilərin də zəhməti az olmayıb.

Sonda federasiyanın prezidenti, Əməkdar məşqçi Tarverdi Allahverdiyev qalibləri ürəkdən təbrik edərək, onlara gələcək yarışlarda yeni uğurlar arzuladı.

Yeri gəlmişkən, qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə dekabrın 24-də Tarverdi Allahverdiyev “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adına layiq görülüb. Biz də Tarverdi müəllimi fəxri ad alması münasibətilə təbrik edirik.

 

R.YUSİFLİ,

“Respublika”.

 

 

 

Read 85 times