XƏBƏR LENTİ

Çərşənbə, 21 Dekabr 2016 10:42

Azərbaycanda kapoeyra idmanının inkişafına böyük diqqət və qayğı göstərilir

Azərbaycanda idmanın digər növləri kimi, kapoeyranın da inkişafına diqqət və qayğı göstərilir. Bakıda 10-dan çox, regionlarda isə 20-dən artıq klub və nümayəndəliklər fəaliyyət göstərir. Bundan başqa, iyirmidən çox məktəbdə, ondan artıq uşaq bağçasında kapoeyra dərsləri keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Taleh Orucovun Ümumdünya Kapoeyra Federasiyasının (ÜKF) prezidenti seçilməsi ilə əlaqədar dekabrın 20-də keçirilən mətbuat konfransında məlumat verib.

Mətbuat konfransında Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Füzuli Musayev və Niyaməddin Paşayev, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Fərid Mansurov qeyd edib ki, Taleh Orucovun ÜKF-nin prezidenti seçilməsi böyük uğurdur. Bu, həmçinin Azərbaycanda idmanın inkişafının göstəricisidir.

Azərbaycan Kapoeyra Federasiyasının 2007-ci ildə yaradıldığını deyən T.Orucov ötən müddətdə xeyli sayda dünya və Avropa çempionlarımızın olduğunu bildirib. Diqqətə çatdırıb ki, 2013-cü ildə Bakıda dünya çempionatı təşkil olundu. Bu çempionat kapoeyranın beş əsrlik tarixində ən mötəbər yarış hesab edilir. Həmin çempionatda Azərbaycan milli komandası medalların sayına görə birinci oldu. Braziliya ikinci, Türkiyə isə üçüncü yerə çıxdı.

T.Orucov beynəlxalq federasiyanın prezidenti vəzifəsinə keçirilən seçkilərdə qələbəsindən danışaraq deyib: “ÜKF-in prezidenti vəzifəsinə keçirilən seçkilərdə 20-dək ölkənin nümayəndəsi namizədliyini irəli sürmüşdü. Azərbaycandan gənclər və idman naziri Azad Rəhimovun tövsiyəsi ilə namizəd kimi mənim adım təqdim olunmuşdu. Səsvermədə qalib gələrək ÜKF-nin prezidenti seçildim”.

Federasiya prezidenti növbəti illərdə də Azərbaycanda kapoeyra üzrə beynəlxalq yarışların keçiriləcəyini vurğulayıb.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev və BŞGİBİ-nin rəisi Raqif Abbasov T.Orucovun ÜKF-in prezidenti seçilməsinin ölkə idmanın, xüsusilə kapoeyranın inkişafına mühüm töhfə verəcəyini qeyd ediblər.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

 

AZƏRTAC

 

 

 

Read 50 times