XƏBƏR LENTİ

Çərşənbə, 07 Dekabr 2016 04:02

Bakıda IV İslam Həmrəylik Oyunlarının şef-de-missionları üçün seminar təşkil olunacaq

Bakıda IV İslam Həmrəylik Oyunlarına hazırlıq məqsədilə dekabrın 8-də şef-de-missionlar üçün seminar təşkil olunacaq. Seminara 50 ölkədən 70-dən artıq nümayəndə qatılacaq. İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) baş katibi Faisal Abdulaziz Al-Nassarın rəhbərliyi ilə nümayəndə heyəti də seminarda iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova dekabrın 6-da təşkil olunan brifinqdə deyib.

S.Məmmədova bildirib ki, seminarın birinci günündə akkreditasiya, nəqliyyat, idmançıların təhlükəsizliyi məsələləri, həmçinin onların qalacağı Atletlər Kəndindəki vəziyyət müzakirə olunacaq, iştirakçı ölkələrin təklifləri dinləniləcək.

Tədbirin ikinci günündə şef-de-missionların Bakı Su İdman Sarayına, Bakı Atıcılıq Mərkəzinə, Milli Gimnastika Arenasına, Bakı Olimpiya Stadionuna, “Baku Crystal Hall”a və Atletlər Kəndinə baxış keçirəcəyini vurğulayan S.Məmmədova deyib: “Arenalarda hər hansı dəyişikliyin aparılması nəzərdə tutulmur. İdman qurğuları haqqında əvvəlcədən qonaqlara məlumat verilib. Onlar Atletlər Kəndində idmançılar üçün yaradılan şəraitlə əyani tanış olacaqlar. Azərbaycan tərəfdən şef-de-mission hələ müəyyənləşməyib. Ancaq yaxın günlərdə həmin insanın adı açıqlanacaq. Sef-de-missionların fəaliyyəti haqqında biz birinci Avropa Oyunları, həmçinin Olimpiya Oyunları zamanı çox eşitmişik. Onlar iştirakçı ölkələrin nümayəndə heyətlərinə və idmançılara rəhbərlik edən şəxslərdir. Hər bir Oyunlarda olduğu kimi, IV İslam Həmrəylik Oyunlarının da talismanı olacaq. Ancaq hələ ki, texniki məsələlər müzakirə olunur. Bu istiqamətdə müzakirələr başa çatdıqdan sonra kreativ məsələlərin həlli gündəmə gələcək”.

“Bakı-2015” birinci Avropa Oyunları ilə müqayisədə IV İslam Həmrəylik Oyunlarının akkreditasiya prosesində və məşəlin ötürülməsində müəyyən dəyişikliklərin ediləcəyini vurğulayan S.Məmmədova deyib ki, seminarda məhz bu cür yeniliklər müzakirə olunacaq. 

AZƏRTAC

 

 

 

Read 39 times