XƏBƏR LENTİ

Çərşənbə, 30 Noyabr 2016 10:18

Karate üzrə Ümumrespublika çempionatının nəticələri uğurludur

Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası Assosiasiyası (AKFA) və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü Ümumrespublika çempionatının qalib və mükafatçıları məlum olub. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda paytaxt və müxtəlif regionlardan 430 idmançıdan ibarət 41 klub təmsil olunub.

Kişi və qadınlar arasında qızıl medalları Firdovsi Fərzəliyev (“Çempion” klubu), Tural Ağalarzadə (-67 kq, MKM), Məcid Əmirov (-75 kq, MKM), Ayxan Mamayev (-84 kq, “Qara Qaplan” klubu), Əli Cəfərov (+84 kq, MKM), həmçinin Nuranə Əliyeva (-50 kq, “Qara Qaplan” klubu), İlahə Qasımova (-55 kq, “Qara Qaplan” klubu), Fəridə Abiyeva (-61 kq, “Sərhədçi” OİM), Fəridə Əliyeva (+68 kq, MKM), kata çıxışlarında Roman Heydərov (“Çempion” klubu) qazanıb.

Ümumi komanda hesabının nəticələrinə əsasən “Qara Qaplan” klubu, Mərkəzi Karate Məktəbi və “Çempion” İdman klubu ilk pillələri tutublar.

Kişi və qadınlar arasında 24-cü Ümumrespublika çempionatının -75 kq çəki dərəcəsində Qızıl medal qazanan Məcid Əmirov yarış barədə təəssüratlarını bölüşüb: “Prezident İlham Əliyevin idmana göstərdiyi qayğı nəticəsində son illər nailiyyətlərimizin sayı daha da artıb. Karate-do Federasiyası Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun dəstəyi ilə biz gənclər ölkəmizin milli karate sahəsində uğurla təmsil olunmasına çalışırıq. Bu yarışa isə artıq bir neçə aydır ki, intensiv şəkildə hazırlaşırdıq. Sevindirici haldır ki, klubumuzun keçirdiyi gərgin məşq təlimləri uğurla başa çatdı. Belə ki, əksər çəki dərcələrinin final mərhələsində MKM klubunun üzvləri yüksək nəticələr əldə etdilər. Bütün bu uğurlarımızda birbaşa əməyi olan müəllimlərim Qurban Tağıyev, Anar Allahverdiyev və Arif Məmmədova təşəkkür edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, adıçəkilən yarışda qızıl medalın mənə beşqat dünya, on üçqat Avropa çempionu Rafael Ağayev tərəfindən təqdim edilməsi qürurverici hissdir”.

Qeyd edək ki, yarışın mükafatçıları milli komandanın heyətinə cəlb olunaraq təlim-məşqlərə qatılacaqlar. Bundan sonra 2017-ci ildə yeniyetmə və gənclər arasında Avropa çempionatı Bolqarıstanın paytaxtı Sofiyada, böyüklər arasında isə Fransanın paytaxtı Parisdə Premyer liqa turniri keçiriləcək.

 

Ülvi QARAYEV,

“Respublika”.

 

 

 

Read 22 times