XƏBƏR LENTİ

Çərşənbə, 07 Aprel 2021 06:20

DÜNYA BU GÜN

UKRAYNA VƏ RUSIYA MÜHARIBƏ ASTANASINDA

Rusiya ilə Ukrayna sərhədlərinə, habelə Ukraynanın işğal edilən ərazilərinə hərbçilərin cəmləşdirilməsi davam edir. İlkin məlumata görə, artıq 200 mindən çox əsgər cəbhə xəttində son qərarı gözləyir. “Teleqraf.com”un verdiyi xəbərə görə, Ukrayna Donbas istiqamətinə 95 min, Rusiya isə 80 min əsgər yerləşdirib. Separatçıların isə 30 minə yaxın qüvvəsinin olduğu açıqlanıb.

Dünyanın diqqətinin cəmləşdiyi Donbasdakı gərginliklə əlaqədar Moskva, Kiyev və NATO-dan açıqlamalar verilməklə paralel olaraq bölgənin yeddi nöqtəsində silahlı qarşıdurmalar baş verib.

ABŞ-ın “The National Interest” nəşri müharibə başlayacağı təqdirdə nəticəni 5 silahın müəyyən edəcəyini bildirib. Rusiyanın bölgəyə gətirdiyi “S-400” hava hücumundan müdafiə sistemlərinə diqqət çəkən qəzet analitikləri qeyd ediblər ki, Krımda yerləşdirilən hava müdafiə sistemləri Ukraynanın dərinliklərindəki hərbi bazaları vura bilər. Həmçinin bu sistemlərin dronlara qarşı aktiv istifadəsi ehtimal edilir.

Mark Episkopos məqaləsində qeyd edib ki, “BMP-3M” tipli rus zirehli texnikası ilə “SU” model qırıcılar, “2C19 Msta-S” haubitsaları və “T-90” tankları müharibənin taleyini müəyyən edə bilər. Ehtimal olunur ki, son sutkalar ərzində silahlı qarşıdurma səbəbindən hər iki tərəfdə ölənlərin sayı 20-dən çoxdur.

Eyni zamanda, bildirilir ki, Rusiya Krımdan başlayaraq həssas xətlərə “SU” model təyyarələr, hava hücumu sistemləri və ağır silahlar toplayıb. Moskvanın digər strategiyası Donbas bölgəsinə orta və uzaq mənzilli raketlərdən ibarət hava hücumundan müdafiə sistemləri yerləşdirmək addımı olub.

 

DÖVLƏT ÇEVRILIŞINƏ CƏHDDƏ ITTIHAM OLUNAN ŞAHZADƏ KRAAL SƏDAQƏT ANDI IÇIB

İordaniyanın keçmiş vəliəhdi, şahzadə Həmzə bin Hüseyn kral II Abdullaha sədaqət andı içib. “Report” agentliyinin İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, bu, kralın əmisi, şahzadə Həsənin vasitəçilyindən sonra reallaşıb.

“Mən onun əzəmətinə sığınıram. Haşimilər Krallığının Konstitusiyasına hörmət olaraq əlahəzrət krala və əlahəzrət vəliəhdə sadiq qalacağam. Vətənin maraqları hər şeydən üstündür. Biz milli maraqları qorumaq üçün kralın ətrafında sıx birləşməliyik”, - deyə şahzadə bildirib.

Qeyd edək ki, şənbə günü ölkə ordusu kral II Abdullahın ögey qardaşı, keçmiş şahzadə Həmzə bin Hüseyni İordaniyanın təhlükəsizliyi və sabitliyinə xələl gətirən addımlardan çəkinməsinə dair xəbərdarlıq edib və bundan sonra şahzadə Həmzə ev dustaqlığına alındığını bildirib. Bazar günü isə hökumət ölkəni anarxiyaya sürükləmək istəyən xaricdəki qruplarla təmasa girən şahzadə Həmzənin bir müddətdir təhqiqat altında olduğunu açıqlayıb.

Eyni zamanda, verilən xəbərə görə, ümumilikdə 16 nəfər yüksək vəzifəli şəxs həbs edilib. Həbs edilənlər arasında yüksək rütbəli hərbçilər, bədəvi qəbilələrinin başçıları, adı çəkilməyən kəşfiyyat qurumunun əməkdaşları da var.

 

AVRONUN “ATASI” DÜNYASINI DƏYIŞIB

Kanadalı alim, 1999-cu ilin Nobel İqtisadiyyat Mükafatının sahibi Robert A.Mandel 88 yaşında İtaliyanın Siena şəhəri yaxınlığındakı evində vəfat edib. “Report” agentliyinin verdiyi xəbərə görə, uzun müddətdir xərçəng xəstəsi olmuş alim avronun “atası” kimi də tanınırdı.

Bildirilir ki, hələ ötən əsrin 60-cı illərin əvvəllərində müəlliflərindən biri olduğu optimal valyuta əraziləri, yaxud optimal valyuta regionları nəzəriyyəsində dövlət sərhədlərilə əhatə olunmayan müəyyən coğrafi regionunda maksimum iqtisadi fayda əldə etmək üçün vahid monetarist siyasəti yeridilərək eyni pul vahidinin tətbiqini nəzərdə tutur.

Eyni zamanda, Robert A.Mandel ötən əsrin 70-ci illərində vergi dərəcələrini kəskin şəkildə azaldan və sonradan, 80-ci illərdə prezident Ronald Reyqan tərəfindən geniş tətbiq edildiyi üçün “Reyqanomik” adı ilə tanınan iqtisadi siyasətin banisi hesab olunurdu.

Bir neçə universitetdə dərs deyən Robert A.Mandel həyatının əksər hissəsini Nyu-Yorkdakı Kolumbiya Universitetinə həsr edib. O, 70-ci illərdə Avropa İttifaqının sələfi İqtisadi Valyuta Birliyinin maliyyə komitəsində çalışıb. 1999-cu ildə “müxtəlif məzənnə rejimləri altında pul və maliyyə siyasətini, eləcə də optimal valyuta sahələrini təhlil etdiyinə” görə Nobel İqtisadiyyat Mükafatına layiq görülüb.

 

SƏUDIYYƏ ƏRƏBISTANI ÜMRƏ ZIYARƏTININ ŞƏRTLƏRINI AÇIQLAYIB

Səudiyyə Ərəbistanı Ramazan ayında ümrə ibadəti üçün tələb olunan şərtləri açıqlayıb. “Sputnik” informasiya agentliyi Türkiyənin “NTV” telekanalının məlumatına istinadən bildirir ki, bu şərtlərə əsasən, yalnız aşağıdakı üç kateqoriyaya daxil olan şəxslərin ümrə ibadətinə icazə veriləcək: bir doza koronavirus peyvəndi vurulmuş, iki doza koronavirus peyvəndi vurulmuş və “COVID-19”a yoluxub sağalmış.

Bununla yanaşı, açıqlamada bildirilir ki, yalnız yuxarıda qeyd olunan şəxslərin Məkkə şəhərindəki məsciddə namaz qılmasına icazə veriləcək. Bu tələblərin Mədinədəki “Məscidi-Nəbəvi”də də keçərli olduğu qeyd edilib.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən qərarın Ramazan ayından etibarən qüvvəyə minəcəyi bildirilsə də, nə vaxta qədər tətbiq olunacağı açıqlanmayıb.

Nazirlikdən, həmçinin yuxarıda qeyd olunan tələblərin Ramazan ayında gerçəkləşən Həcc ziyarəti üçün də keçərli olub-olmadığı barədə hər hansı bir açıqlama verilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2020-ci ildə Həcc ziyarətinə 10 min müsəlmanın qatılmasına icazə vermişdi. Müqayisə üçün bildirək ki, 2019-cu ildə 2,5 milyon müsəlman müqəddəs məkanı ziyarət etmək imkanı əldə etmişdi.

 

RUSIYA VƏ TÜRKIYƏ  KOSMOSLA BAĞLI SAZIŞ IMZALAYA BILƏR

Rusiyanın “Roskosmos” dövlət korporasiyasının törəmə müəssisəsi olan “Qlavkosmos” Səhmdar Cəmiyyəti və Türkiyə tərəfi sonuncunun peyklərinin orbitə Rusiya raketlərində çıxarılmasına dair danışıqlar aparır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya KİV-nə açıqlamasında “Qlavkosmos”un rəhbəri Dmitri Loskutov bildirib.

Bununla yanaşı, Dmitri Loskutov söhbətin hansı peyklərdən getdiyini və bunun nə vaxt baş verəcəyini açıqlamayıb.

Dmitri Loskutovun sözlərinə görə, hazırda “Roskosmos” dövlət korporasiyası Türkiyə ilə əməkdaşlığa dair ikitərəfli sazişin imzalanmasına dair danışıqlar aparır.

“Qlavkosmos” rəhbəri qeyd edib ki, idarə edilən uçuşlar da daxil olmaqla daha ciddi layihələr yalnız ölkələr arasında razılaşma imzalandıqdan sonra mümkündür.

Xatırladaq ki, 2014 və 2015-ci illərdə “Baykonur” kosmodromundan buraxılan “Proton-M” raketləri Türkiyənin “Turksat 4A” telekommunikasiya peyklərini orbitə çıxarıb.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Kosmik Agentliyinin rəhbəri Hüseyn Yıldırım bəyan edib ki, Türkiyə rəhbərliyi yaxın vaxtlarda Rusiya ilə kosmosda əməkdaşlığa dair sazişin imzalanmasını planlaşdırır.

 

KIM ÇEN IN IDMANÇILARINI TOKIO OLIMPIADASINA GÖNDƏRMƏKDƏN IMTINA EDIB

Şimali Koreya bu il Tokioda keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunlarında iştirakdan gözlənilmədən imtina edib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata əsasən, bu qərar martın 25-də Pxenyanda keçirilən Şimali Koreya Olimpiya Komitəsinin Baş Assambleyasının iclasında qəbul edilib. KXDR-in Olimpiadada iştirakdan imtina etməsi idmançılarını qlobal koronavirus pandemiyasından qorumaq istəyi ilə bağlıdır.

“Koreya Xalq Demokratik Respublikası idmançılarımızı koronavirusla əlaqəli qlobal sağlamlıq böhranından qorumaq üçün onların 32-ci Beynəlxalq Olimpiada Oyunlarına qatılmamasına dair qərar verib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In bundan əvvəl olimpiadaya komanda göndərəcəklərini bəyan etmişdi. Onun sonuncu qərarı dünyanın idman ictimaiyyətini növbəti dəfə təəccübləndirib.

Xatırladaq ki, Olimpiya və Paralimpiya oyunları Tokioda 2020-ci ilin yayında baş tutmalı idi, lakin pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Olimpiaya oyunlarının 23 iyul - 8 avqust, paralimpiya oyunlarının isə 24 avqust - 5 sentyabr arasında keçiriləcəyi nəzərdə tutulur.

Read 57 times