XƏBƏR LENTİ

Bazar, 21 Fevral 2021 11:02

DÜNYA BU GÜN

ABŞ İRANLA NÜVƏ RAZILAŞMASI ÜÇÜN MÜZAKIRƏLƏRƏ HAZIRDIR
ABŞ-ın dövlət katibi Entoni Blinken rəsmi Tehranla nüvə razılaşması üçün müzakirələrə hazır olduqlarını elan edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, dövlət katibi E.Blinken Hərtərəfli Birgə Fəaliyyət Planı olan anlaşmaya Tehranın tam olaraq riayət edəcəyi təqdirdə ABŞ-ın da anlaşmaya tabe olacağını bildirib. İran isə ilk olaraq ABŞ-ın addım atmasını istəyir.
Entoni Blinken İranla bağlı bəyanatını Parisdə bir araya gələn İngiltərə, Fransa və Almaniyanın qurduğu E3 qrupu ilə keçirdiyi video-konfrans zamanı verib.
Birgə açıqlama mətnində deyilir: “Əgər İran Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öhdəliklərinə məsuliyyətlə bir yanaşma ortaya qoyarsa, ABŞ eynisini həyata keçirəcək və bu məqsədlə İranla müzakirələrə başlamağa hazırdır”.
Eyni zamanda, “Röyters” agentliyinə açıqlama verən ABŞ rəsmisi orijinal razılaşmanı İranla müzakirə edən İngiltərə, Çin, Fransa, Almaniya və Rusiyanın iştirak edəcəyi bir görüşə hər hansı bir Avropa Birliyi ölkəsi tərəfindən dəvət ediləcəyi təqdirdə Vaşinqtonun buna müsbət yanaşacağını bildirib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dörd ölkənin birgə açıqlamasına reaksiya verərkən qeyd edib ki, ilk addımın Vaşinqton tərəfindən atılması vacibdir.


ALMAN ALIM: “COVID-19” LABORATORIYADA YARADILIB
Almaniyalı fizik Rolan Vizendanger koronavirus infeksiyasının mümkün yaranma versiyası haqda fikir irəli sürüb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb. Alim qeyd edib ki, “şəxsi araşdırmalar” aparıb və belə nəticəyə gəlib ki, “COVID-19” laboratoriyada yaradılıb.
Alimin sözlərinə görə, 2020-ci ilin yanvarından dekabrınadək elmi materialları və KİV-dəki məqalələri araşdırıb. Həmçinin bu faktları həmkarları ilə də müzakirə edib.
“Mən 99,9 faiz əminəm ki, koronavirus laboratoriyada peyda olub”, - deyə Rolan Vizendanger vurğulayıb.
Eyni zamanda, Hamburq Universitetindən olan fizikin işini şərh edərkən bildiriblər ki, hipotez üçün sanballı arqumentlər olmasına rəğmən, bu işi elmi adlandırmaq düzgün deyil.
2019-cu il dekabrın 31-də Çin Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində pnevmoniya yayılması barədə məlumat verib. Xəstəliyin törədicisinin yeni tip koronavirus olduğu təsbit edilib və ona “COVID-19” adı verilib. 2020-ci il martın 11-də ÜST koronavirus epidemiyasını pandemiya elan edib.
Qeyd edək ki, koronavirusun laboratoriyada yaranması barədə başqaları da, xüsusilə ABŞ-ın sabiq prezidenti Donald Tramp və köməkçiləri, eləcə də sabiq dövlət katibi Mayk Pompeo da fikir irəli sürmüşdülər.


İRAN İRAQLA SƏRHƏDLƏRINI BAĞLAYIB
Koronavirusun İranda, əsasən də cənub-qərbində yerləşən Xuzistan vilayətində yayıldığını nəzərə alaraq İranın İraqla sərhədlərinin bağlanmasına qərar verilib.
Bunu İranın Koronavirusla Milli Mübarizə Komitəsinin icra qərargahının rəhbəri və İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli jurnalistlərə açıqlamasında bəyan edib. Bu barədə “Trend” agentliyi “İRNA”ya istinadən məlumat yayıb.
Əbdülrza Rəhmani Fəzlinin sözlərinə görə, İranın Xuzistan vilayətinə giriş-çıxış və bu vilayətin şəhərləri arasında hərəkətlərə məhdudiyyət tətbiq edilib.
İranlı nazir əlavə edib ki, Novruz bayramının yaxınlaşması ilə əlaqədar kütləvi toplantılar, sərgilərin keçirilməsi qadağan edilib. Həmçinin, şəhərlərarası yollarda hərəkətlərə ciddi şəkildə nəzarət olunacaq.
Əbdülrza Rəhmani Fəzli müxtəlif ölkələrdən satın alınan vaksinlərin tez bir zamanda İrana gətirilməsi ilə əlaqədar müvafiq qərarların qəbul edildiyini vurğulayıb.
Qeyd edək ki, bugünədək İranda 1,5 milyon nəfər koronavirusa yoluxub, 59 min nəfər bu virus nəticəsində vəfat edib, 1,3 milyon insan isə bu xəstəlikdən sağalıb.


LIVIYANIN QANUNI HÖKUMƏTINI DEVIRMƏK ÜÇÜN ƏMƏLIYYAT
2019-cu ilin iyununda Liviyanın qanuni hökumətini devirmək üçün hərbi və kəşfiyyat yardımı etməklə yaxşı təşkil edilmiş əməliyyat hazırlanıb. “Sputnik”in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumat BMT Təhlükəsizlik Şurasının hələ yayımlanmayan gizli sənədində qeyd edilib.
Məlumata görə, sənəddə ABŞ-ın “Blackwater” şirkətinin təsisçisi Erik Den Prinsin Liviya hökumətini iki dəfə devirməyə cəhd planları qeyd edilib.
Keçmiş dəniz qüvvələri xüsusi təyinatlısı olan və digər qərbli xüsusi təhlükəsizlik mütəxəssisləri ilə əməkdaşlıq edən Erik Den Prins Liviyanın şərqindəki qanuni hökuməti devirmək üçün Xəlifə Həftara hərbi və kəşfiyyat dəstəyi göstərib.
Hələlik açıqlanmayan gizli sənəddə göstərilib ki, 2019-cu ilin iyununda çevrilişin baş tutması üçün yaxşı maliyyələşdirilmiş plan qurulub.
“Opus” adı verilən əməliyyatda önəmli yüksək çinli məmurların qaçırılıb öldürülməsi planlaşdırılıb. Əməliyyatın planlama mərhələsində mərkəzi Birləşmiş Ərəb Əmirlikliklərində yerləşən üç şirkətdən istifadə edilib. BMT bu şirkətləri Liviyaya tətbiq edilən silah embarqosunu pozmaqda ittiham edir.
Qeyd edək ki, “Blackwater” şirkəti İraqda mülki vətəndaşların öldürülməsi qalmaqalı ilə yadda qalıb.


QORXUNC XƏBƏRDARLIQ: CƏMI 9 ILIMIZ QALDI
ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri iqlim dəyişikliyinin ən pis nəticələrindən yaxa qurtarmaq üçün cəmi 9 il qaldığını bəyan edib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.
Con Kerri Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib: “Alimlər 3 il əvvəl bizə iqlim böhranının ən pis nəticələrindən qurtulmaq üçün 12 il olduğumuzu söylədilər. Üç il keçdi və indi cəmi 9 ilimiz qalıb”.
ABŞ-ın yenidən rəsmən Paris İqlim Sazişinə qoşulmasından sonra BMT baş katibi Antonio Quterreş ilə ortaq bir açıqlama verən Con Kerri, iqlim böhranı ilə mübarizədə “aqressiv” tədbirlərə ehtiyac olduğunu söyləyib.
Eyni zamanda, Con Kerri meşələrin salınmasının 5 dəfə, bərpa olunan enerjiyə keçidin 6 dəfə və elektrikli nəqliyyat vasitələrinə keçidin 22 dəfə sürətləndirilməli olduğunu dilə gətirib.
Con Kerri həmçinin dünyanı ən çox çirkləndirən 17 ölkədə karbon emissiyalarının azalmasını sürətləndirməyə çağırıb.


QALMAQALLI MISIR FIRONUNUN ÖLÜM SƏBƏBI MƏLUM OLDU
Misirli alimlər firon Sekenenra Taa II mumiyasında kompüter tomoqrafiyası vasitəsi ilə tədqiqatlar aparıblar. “Report” agentliyinin məlumatına görə, nəticələr “Frontiers in Medicine” jurnalında dərc edilib.
Eramızdan əvvəl 1569-1554-cü illərdə Yuxarı Misiri idarə edən fironun mumiyası 1880-ci illərdə aşkar edilib. 1886-cı ildə aparılan ilk araşdırma zamanı məlum olub ki, firon baş nahiyəsinə vurulan ağır zərbələr nəticəsində dünyasını dəyişib.
Bütövlükdə elm adamları fironun ölüm səbəbi ilə bağlı fərqli nəzəriyyələr irəli sürüblər. Bəziləri onun döyüş meydanında öldüyünü, digərləri əsir götürülərək edam edildiyini, bəziləri isə saray çevrilişi nəticəsində öldürüldüyünü hesab edirdi.
Fironun ölümünün əsl səbəbi müəyyən tarixi maraq doğurur, çünki onun vəfatı dolayı yolla Misirin birləşməsinə səbəb olub.
Sonuncu versiyaya əsasən bütün çoxsaylı yaralar kəllə sümüyünün sağ tərəfində aşkarlanıb. Eyni zamanda, mumiyanın pis vəziyyətdə olması mumiyalanmanın kral sarayından kənarda tələsik aparılması ilə izah edilir.
Kompüter tomoqrafiyası vasitəsi ilə aparılan araşdırma zamanı məlum olub ki, firona beş fərqli silahdan ölümcül zərbələr endirilib və öldüyü zamanı əlləri arxadan bağlı olub. “Sekenenranın ölümü böyük ehtimalla təntənəli edam olub. Cəlladın qolu bağlı məhbusu fərqli istiqamətlərdən ayrı-ayrı silahlara zərbə vurma ehtimalı azdır”, - deyə məqalədə qeyd olunub.

Read 54 times

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər885723

Currently are 54 guests and no members online