XƏBƏR LENTİ

Bazar, 01 Dekabr 2019 10:37

DÜNYA BU GÜN

A.MERKEL: SURIYADA SIYASI DƏYIŞIKLIYƏ EHTIYAC VAR
Almaniya kansleri Angela Merkel Suriyada siyasi dəyişikliyə ehtiyac olduğunu bəyan edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb. Merkel BMT-nin baş katibi Antonio Quterreş ilə keçirdiyi görüşdən əvvəl təşkil edilən mətbuat konfransında Suriya Konstitusiya Komitəsinin yığıncaqlarına işarə edərək, Almaniyanın buna dəstək olmasını bildirib.
Eyni zamanda, Angela Merkel İordaniyadan, Livandan, Türkiyədən və hətta Almaniyadan qaçqınların bir gün geri qayıtmasına imkan yaradacaq şərtlərin Suriyada yarana biləcəyini vurğulayıb.
Liviyada sülh prosesinin də əhəmiyyətli olduğunu qeyd edən Merkel bu barədə Berlində keçirilən danışıqların Liviyada siyasi sabitliyin yaranmasına töhfə verəcəyinə ümid etdiyini dilə gətirib.
BMT-nin baş katibi Antonio Quterreş də Suriyadakı böhranın uzun müddətdir davam etdiyini bildirərək, “Suriyada xalqın çəkdiyi iztirab insanı sarsıdır” ifadəsini işlədib. O həmçinin Suriya Konstitusiya Komitəsinin yaradılmasının əhmiyyətli olduğunu da qeyd edib.
Bununla yanaşı, Antonio Quterreş Liviya mövzusunda keçirilməsi planlaşdırılan zirvə yığıncağının münaqişənin həll yolu tapılmasına dəstək verəcəyini bildirib.


YEREVANIN KEÇMIŞ POLIS RƏISI MÜƏMMALI ŞƏKILDƏ ÖLÜB
Yerevanın keçmiş polis rəisi, general-mayor Aşot Karapetyan naməlum şəraitdə qaz partlayışı və dağıntı nəticəsində Rusiyada ölüb. Bu barədə “Report” agentliyi məlumat yayıb.
Bildirilir ki, yanğın hadisəsindən sonra baş verən partlayış nəticəsində iki nəfər həlak olub. Hazırda keçmiş polis rəisinin ölüm şəraiti və səbəbləri araşdırılır. Onun Rusiyanın Pyatiqorsk şəhərində pivə zavodunda baş verən yanğın nəticəsində öldüyü ehtimal edilir.
Qeyd edək ki, Aşot Karapetyan 2016-cı ildə etiraz aksiyalarının dağıdılması zamanı yol verdiyi qanun pozuntusuna görə tutduğu vəzifədən azad edilib.
Xatırladaq ki, cari ilin sentyabrında Ermənistan Polisinin keçmiş rəisi (keçmiş daxili işlər naziri) Hayk Arutyunyanın yaşadığı evdə meyiti tapılıb.


YAXIN GƏLƏCƏKDƏ EOSEN DÖVRÜNƏ DÖNƏ BILƏRIK
Ümumdünya Meteorologiya Təşkilatının mütəxəssisləri 2018-ci ildə Yer atmosferində karbon qazının konsentrasiyasının 0,57 faiz artaraq milyonda 407,8 hissəciyə çatdığı barədə məlumat verib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, son yüz il ərzində istixana qazının səviyyəsi sürətlə və durmadan artmaqda davam edir.
XVIII əsrin ortalarında inkişaf etmiş ölkələrdə sənaye inqilabının başladığı bir dönüş nöqtəsi meydana gəldi. Alimlərin hesablamalarına görə, 1750-ci ildən bu yana karbon qazının miqdarı 147, metan qazı 259, azot oksidi 123 faiz artıb.
Alimlərin sözlərinə görə, karbon qazı atmosferdə əsrlər boyu, okeanlarda isə daha uzun müddət qala bilər. Tədqiqatlar göstərir ki, 1990-cı ildən bəri planetin sakinlərinin ümumi radiasiyaya məruz qalması 43 faiz artıb və buna səbəb istixana effektinin aparıcı rol oynamasıdır.
Mütəxəssislərin fikrincə, son dəfə Yer kürəsində belə karbon qazı konsentrasiyası 3-5 milyon il əvvəl yaşanıb. O zaman orta temperatur indikindən 2-3 dərəcə isti, okeanın səviyyəsi isə 10-20 metr yüksək olub.
Meteoroloqlar isə yaxın gələcəkdə Eosen dövrünə dönə biləcəyimizdən narahatdırlar. O dövrün qlobal istiləşməsi planetin simasını dəyişmişdi. Həmin vaxt bir çox növlər yoxa çıxıb və bütün ekosistemlər məhv olub.


MƏRKƏZI BANK: RUSIYA SANKSIYALARA QALIB GƏLIB
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bəyan edib ki, ölkəsi öz maliyyə sistemini sabitləşdirə bilib və nəticədə banklar Qərb tərəfindən qəbul olunan sanksiyaların nəticələrini hiss etmirlər. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bunu Rusiya Mərkəzi Bankının sədri Almaniyanın “Handelsblatt” nəşrinə müsahibəsində bildirib.
Mərkəzi Bankın sədrinin sözlərinə görə, Rusiya vəziyyəti sabitləşdirmək üçün rublu məzənnə kursu dəhlizində saxlamaq əvəzinə, onun məzənnəsinin aşağı salınmasına çalışıb.
Eyni zamanda, Elvira Nabiullina vurğulayıb ki, hazırda sanksiyalar onların birbaşa aid edildiyi tənzimləyicilərə təsir edir: “Lakin bu tənzimləyicilərin də vəziyyəti ölkənin daxili maliyyə sistemi hesabına yaxşılaşdırılıb”, - deyə Mərkəzi Bankın rəhbəri qeyd edib.
Bununla yanaşı, Elvira Nabiullina xatırladıb ki, Qərb ölkələrindən asılılığı azaltmaq üçün 2014-cü ildən etibarən Rusiyada dedollarlaşdırma siyasəti yürüdülür.


ƏN ZƏRƏRLI SƏHƏR YEMƏYI AÇIQLANDI
Avstraliyalı dietoloq Syuzi Barrel səhər yeməyi zamanı yeyilməməsi gərək olan ərzaq məhsullarının adlarını açıqlayıb. “Sputnik” informasiya agentliyinin xarici mətbuata istinadən verdiyi xəbərə görə, dietoloq ən zərərli səhər yeməyi kimi pita adlanan kökənin adını çəkib. Bildirilir ki, bu kökələrin tərkibində həddən artıq karbohidrat var və bu da qanda şəkərin artmasına gətirib çıxarır. Beləliklə, 100 qram məhsula 60-80 qram karbohidrat düşür.
Səhər yeməyi üçün daha bir ziyanlı məhsul yulafdır. S.Barrel izah edir ki, onların tərkibində çox az miqdarda qida lifi var və onlar insanı uzun müddətlik doydura bilmir. Bu, xüsusilə uşaqlar üçün ziyanlıdır. Çünki səhər tezdən belə qidaya öyrəşən uşaqlar həmçinin şirin qidaya da vərdiş edirlər.
Alternativ kimi dietoloq qoz, fındıq, tum, xırda doğranmış meyvə qurusu, dənli bitkilər qarışığından hazırlanmış qidanı və ya şəkərsiz yulafı məsləhət görür. Onlara bir az bal və ya giləmeyvə şirəsi əlavə etmək olar.
Səhər yeməyi üçün qayğanaq, tərəvəz və ya bekonu çörəklə qəbul etmək daha faydalı ola bilər. Əgər ət donuz ətidirsə, onu çovdar unundan hazırlanan çörəklə yemək yaxşıdır. Çünki belə ətdə piy həddən artıq çox olur.


ALIMLƏR PLANETIN ƏN BÖYÜK HEYVANININ NƏBZINI ÖLÇDÜLƏR
Amerikalı bioloqlar sensor cihazdan istifadə edərək ilk dəfə yer üzündəki ən böyük heyvan olan mavi balinanın ürək döyüntülərinin tezliyini ölçməyə müvəffəq olublar. “Trend” agentliyinin məlumatına görə, araşdırmanın nəticələri “Proceedings of the National Science” jurnalında dərc olunub.
Verilən xəbərə görə, mavi balina - indiyə qədər mövcud olan yer üzündəki ən böyük heyvandır və ürəyi - təxminən bir ton çəkisindədir. Belə bir nəhəng qan pompasının, kiçik heyvanlarda ürəyin pulsasiya etdiyi eyni tezliklə vurmaması aydındır. Adətən mavi balinanın ürək döyüntülərinin tezliyi dəqiqədə 5-dən 20-ə qədər güman edilirdi, lakin son vaxtlara qədər bu tezliyin həqiqi ölçüsü bilinmirdi. Nəhayət, Stenford Universitetinin alimləri buna nail oldular.
Bildirilir ki, əldə olunan məlumatlar balinanın ürəyinin müxtəlif rejimlərdə işləyə biləcəyini göstərdi. Bu heyvan daha dərinə üzərkən, onun ürək döyüntüsünün sürəti dəqiqədə dörd-səkkizə qədər yavaşlayır, bəzən dəqiqədə minimum iki vuruşa çatır. Yalnız balina nəfəs aldığı səthə qalxdıqda, bədəndəki oksigen səviyyəsini bərpa edərkən tezlik sürətlənir. Bu vəziyyətdə onun nəbz tezliyinin dəqiqədə 25-37-yə çatdığı bəlli olub.

Read 37 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər498004

Currently are 86 guests and no members online